12px14px16px18px

PALTO OĞURLAYAN YA PALTOSU OĞURLANAN

Fikrət Qoca
00:36 / 16.07.2011
Böyük fransız mütəffəkiri Volter tərəf müqabilinə üz tutaraq demişdir: “Mən sizin fikirinizlə razı deyiləm. Amma sizin bu fikri demək imkanınızın olması üçün həyatımı belə fəda etməyə hazıram”. Demokratiyanın özəl prinsipi budur, başqa düşüncəyə, razılaşmadığın fikrə dözümlü münasibət. Təəssüf ki, özlərini demokratik kimi qələmə verənlərin bəziləri bunun tam əksini nümayiş etdirirlər, öz düşüncələriylə üst-üstə düşməyən hər fikrə qarşı dözümsüz və amansız olurlar. “Sən də mütləq mənim kimi fikirləşməlisən, mən deyəni deməlisən” davranışı demokratik yox, totalitar düşüncənin təzahürüdür. Bir müddət bundan qabaq “Azərbaycan” qəzetində mitinqlərlə bağlı bəzi mülahizələrimlə çıxış etdim. Şifahi görüşlərdə də, telefon zəngləriylə də bir çox adam mənim fikirlərimi bölüşdüklərini söylədi. Amma bizdə qəribə bir adət var, razılaşanlar fikirlərini şifahi deyir, yazmırlar, razılaşmayanlar isə dərhal iradlarını qəzet səhifələrinə çıxarırlar. Maraqlananlar məqaləmi tapıb oxuya bilər, mən burda yazımın yalnız bir-iki abzasını təkrarlamaq istəyirəm: “İnkişaf edən bizim kimi ölkələrdə iqtidarın ən yaxın köməkçisi müxalifətdir. Güclü müxalifət. Sıralarında dərin zəkalı, vətənpərvər insanlar olan müxalifət. Güclü müxalifət iqtidarın güzgüsüdür, həm də elə-belə güzgü yox, danışan güzgüdür. Əyrini əyri, düzü düz deyən güzgüdür. Şübhəsiz ki, vətənin inkişafını, xalqın rifahını iqtidardan az düşünməyən müxalifətdən söhbət gedir. Belə müxalifət təkliflərini verir, hətta onların həyata keçirilməsində iqtidara kömək edir. Belə müxalifət iqtidarın uğurunu azaltmır, nöqsanlarını şişirtmir... Ağıllı müxalifət iqtidar olmağa alnı açıq, üzü ağ, sivill yolla gedir... Debatlarda, seçkilərdə səs çoxluğu qazanıb qalib gəlir, iqtidar olur... Deyə bilərsiniz ki, səslərin sayılmasında əliəyrilik ola bilər, insanlar aldana bilər. Dünyanın indiki zamanında insanları kütləvi halda aldatmaq mümkün deyil. Bu vəziyyət ağıllı iqtidara sərf etməz. Çünki sivil ölkələr qarşısında belə iqtidar özünü gözükölgəli hiss edəcək. Bundan ötəri də qara-qışqırıq qoparıb küçələrə tökülmək, zərrə-zərrə topladıqlarımızı töküb, dağıdıb məhv etmək, ölkəni bir neçə il geri atmaq qaş düzəltdiyin yerdə göz çıxarmaqdır”(“Azərbaycan” qəzeti, 23 iyun 2011). Dediyim kimi, mənim bu yazımla razılaşanlar da oldu, razılaşmayanlar da. Bu da təbiidir. Amma razılaşmayanları da iki qismə bölürəm. Mənim fikirlərimlə razılaşmayıb ədəb-ərkan çərçivəsində əks müddəalar söyləyənlər, bir də konkret mülahizələrimə cavab olaraq konkret iradlar yerinə böhtan atanlar, məni şərləyənlər. Məsələn, “Azadlıq” qəzetində dərin hörmət bəslədiyim tarixçi alim Cəmil Həsənlinin, şair dostum Musa Yaqubun iradlarıyla razılaşmasam da onların fikirlərini normal qəbul edirəm. Amma Mehriban Vəzirin mənə qarşı ən kobud şəkildə dediyi sözləri necə normal qəbul etmək olar ki, başdan-başa böhtandır. Mehriban Vəzir yazır: “Fikrət Qoca Xalq şairi yox, YAP şairidir. Başa düşürəm, Fikrət Qocanın oğlu, qızı vəzifədədir. Bəlkə başqa asılacağı var”. Bu tip düşüncə tərzinə malik olan adamlar kiminsə səmimi şəkildə əqidəsi olmasına inanmırlar, onlara elə gəlir ki, hər bir mövqe mütləq təmənnalıdır. Yəqin ki, məhz özləri belə olduqlarına görə hamını eyni gözlə görürlər. Hələ bu qalsın bir qırağa. Hörmətli Mehriban Vəzir, səndə insaf nə gəzir? Onu bil ki, mənim oğlum düz altı ildir işsizdir, bir qızım adicə kitabxanaçı işləyir, o biri iki qızım da xaricdədir, heç yerdə işləmirlər. Heç kəsdən də heç bir asılacağım yoxdur. Böhtan atanda heç olmasa əvvəlcədən məsələni dəqiqləşdirib sonra at. Etika xətrinə mən qadın yazıçıya cavab vermək istəməzdim. Amma Mehriban Vəzirin mənə qarşı kobudluğu ilk dəfə deyil. Anam rəhmətə getmişdi, cümə axşamı Yazıçılar Birliyində keçirilən bir tədbirdə axıra qədər qala bilmədim, tez getdim. Səhərisi gün Mehriban Vəzir qəzetdə (əlbəttə, “Azadlıq” qəzetində) yazmışdı ki, Fikrət Qoca niyə iclasdan yarımçıq çıxıb yasa gedir, “yasın qapısı bağlanmayacaq ki...” Nə yazıçıya, nə də qadına yaraşmayan belə qəddarlıq Allaha da xoş getmir və Allah da bunu cəzasız qoymur. Bir dəfə Anarla söhbətdə mənə qəribə bir şey dedi. Dedi ki, bədxahlarımızın aqibəti ilə bağlı çox nigaranam. Allah gec-tez hamısının cəzasını verir. Bəzən də lap tez verir. Amma mən istərdim ki, hamısı uzun ömür yaşasın, çünki ən böyük cəzaları elə bu cür yaşamalarıdır. Yaxşı, Mehriban Vəzir bir yana dursun, bəs mənim gənclik dostum, xasiyyətimə yaxşı bələd olan Əkrəm Əylisliyə nə deyəsən? Yenə də həmin yazımla bağlı Əkrəm deyir: “Məsələn, Fikrət Qocanın üstünə düşmüşdülər ki, sən bu mitinqlərin əleyhinə məqalə yazmısan. Mən o məqaləni oxumamışam. Amma mən onu bilirəm ki, Fikrət Qoca mitinqlərin əleyhinə yox, öz vəzifəsini qorumaq üçün belə yazı yazıb”. “Oxumamışam, amma bilirəm ki...” sözləri sovet dövrünün “mən Pasternakı oxumamışam, amma ittiham edirəm” qəbilindən ifadələrini yada salır... Əvvəla, mənim vəzifəmi əlimdən kim alır ki, onu qorumağa da ehtiyacım olsun. İkincisi, vəzifə hərisliyinə gəldikdə, əzizim Əkrəm, mən nə deputatlığa can atıb sonra iflas olmuşam, nə də sən alan yüksək ordenləri almışam. Sənin mənə də, dolayısıyla Anara da əsas iradın odur ki, biz niyə uzun zaman eyni vəzifələrdə çalışırıq. Bəli, yüzlərlə yazıçının hər cür şıltaqlığına dözə-dözə, həm müxtəlif məsələlərini həll etməyə çalışaraq, bir-biriylə çəkişən adamları barışdıraraq, yazıçılar üçün imtiyazlar almağa cəhd edərək, yoxsuluna, xəstəsinə, ehtiyacı olanına yardım əlimizi uzadaraq, cavanlara qayğı göstərərək, bütün bunların müqabilində hər növ nankorluqla, satqınlıqla, dönüklüklə rastlaşa-rastlaşa biz illər boyu bu vəzifələrin bütün əzab-əziyyətlərinə dözmüşük və dözürük. Yoxsa hər hansı bir vəzifədə bir-iki il işləyib bir az çətinə düşən kimi bir-iki gurultulu cümlə deyib aradan çıxmağa nə var... Hələ “Yazıçı” nəşriyyatını dağıdıb, bərbad qoyub qaçmağı demirəm. Əkrəm! Bu yazında başqa qəribə fikirlərin də var. Yazırsan: “Qarabağ məsələsində güzəşt olmalıdır, ermənilər o fikirdədirlər ki, onlar Qarabağda çoxdurlar, yaşayıblar, yaşayırlar və bunlar bu torpaqlarda öz qanunları ilə yaşamaq istəyirlər. Azərbaycan isə beynəlxalq hüquqa əsaslanıb ərazi bütövlüyünü təmin etmək istəyir. Siyasi yox, bir az fəlsəfi tərəfdən baxsan bu mövqelərin hər ikisində müəyyən qədər ədalətli məqamlar var. Heç kim haray-həşir salmasın ki, Əkrəm Əylisli deyir, gedin torpaqlarımızı verin. Mən deyirəm ki, bu məsəlinin həlli üçün hökman güzəşt lazım olacaq. Bilirsiniz, siyasət ərazi bütövlüyünün təmin olunmasına yönələ bilər. Amma heç bir siyasət xalqları bir-birinə düşmən eləməyə yönələ bilməz. Bizdə imkan yaradırlar ki, hər yerindən duran erməni xalqı, onun tarixi, mədəniyyəti haqqında ağzına gələni danışır. Xalqları bir-birinə düşmən eləmək bəşəriyyət qarşısında cinayətdir” Mən Əkrəmin bu əcaib müsahibəsindən nəticə çıxarıb onu təslimçilikdə, ermənilərə vəkillikdə suçlamaq istəmirəm. Ancaq onu demək istəyirəm ki, hansı tərəfdən baxırsan bax – istər – siyasi, istər fəlsəfi, istər coğrafi Azərbaycan Ermənistanın torpaqlarını deyil, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Bir milyon insanımızı yurdundan-yuvasından didərgin salıb. Yəqin ki, Sero xanzadyanların, Zori balayanların Azərbaycan xalqını, onun tarixini, ədəbiyyatını təhqir etdiklərini də bilməmiş deyil Əkrəm. Bilir və bu barədə susur, yalnız erməni tərəfin mövqeyini ifadə edirsə, bu onun öz işidir. Amma daha şüşə evdə oturub başqalarına daş atmasın. Kaş Əkrəm ermənilərə bu qayğıkeşliynin yüzdə birini illər boyu üzvü olduğu, hər cürə imtiyazlarından bola-bol faydalandığı Yazıçılar Birliyinə də göstərəydi, bu təşkilata bu qədər kin bəslədiyini hər addımda nümayiş etdirməyəydi. Bu dəfə də öz dediyi kimi əsərini oxumadığı, Milli kitab mükafatı alan gənc yazarı ona görə təqdir edir ki, onu bütün qalan yazıçılara qarşı, ümumən Yazıçılar Birliyinə qarşı qoysun. Ləzzətlə yazır ki, bu mükafatı Yazıçılar Birliyi üzvlərindən heç biri almayıb. Əkrəmin ləzzətini qaçırmalıyıq. Keçən səfər də bu mükafatı Yazıçılar Birliyinin üzvü almışdı. Bu səfər də beş mükafatdan dördünü Yazıçılar Birliyinin üzvləri alıb. Əkrəm Birliyin üzvü olmayan mükafatçının adından məhz Birliyi qaralamaq məqsədiylə istifadə edərək deyir ki, bu gənc Yazıçılar təşkilatının 1500 üzvündən daha maraqlıdır. Yazıçılar Birliyinin 1500 üzvündən biri də Əkrəm Əylislidir. Gənc bir yazarın ondan daha maraqlı olmasını söyləmək doğrudan da böyük təvazökarlıqdı, amma qalan 1499 yazıçını bu cür aşağılamaq Əkrəmə baş ucalığı gətirmir. Qocaman xalq yazıçısının illərlə üzvü olduğu və hər cür bəhrələndiyi təşkilata bu cür münasibəti içkidən başı ayılmayan, varlığı üç qəpiyə dəyməyən köşə yazarını cuşa gətirir, qocalı-cavanlı böyük bir təşkilatın bütün üzvlərini ən rəzil şəkildə təhqir edir. Hansısa narazılığını eyhamlarla ifadə edən Əkrəm deyir ki, iqtidar yalnız ona sadiq olan ziyalıları qiymətləndirir. Bu tamamilə doğrudur, sədaqətsizləri nə iqtidar qiymətləndirir, nə müxalifət. Bir gün iqtidarın himayəsiylə hər şeyi qazanasan, sonra nədənsə məhrum olanda müxalifətin qoltuğuna sığınasan – beləsinin etibarına kim inanar? Əkrəm 37-ci ildə bəzi yazıçıların bir-birini satmasından danışır. Məgər dostlarına dönük çıxanlar, bəzi dairilərdə yerini şirin salmaq üçün qələm yoldaşlarını satanlar yalnız o vaxtlar olub, indi yoxdurlar? Heç də təsadüfi deyil ki, Yazıçılar Birliyi bədxahların qılığına girmək üçün bu təşkilatı və onun bütün üzvlərini aşağılayan Əkrəm Əylislinin özü də bu bədxahların qara siyahısındadır. Anarı hər gün zəhərləyən qəzet “üç gündən bir, beş gündən bir” Əkrəmi də sancır. Əkrəm mənim də, elə Anarın da gənclik dostu olub, o dövrün çox sınaqlarından bərabər keçmişik, yeri gələndə bir-birimizə arxa durmuşuq. Bəs nə oldu ki, Anar və mən Yazıçılar Birliyinə rəhbər seçiləndən (Anarın sədr seçilməsini təklif edənlərdən biri də elə Əkrəmin özü idi) Əylisli hər yazısında, hər müsahibəsində indiki Yazıçılar Birliyinin əleyhinə danışır, yəni Sovet dövrünün Yazıçılar İttifaqı ona daha əzizdir? Ola bilər. Axı nə Anar, nə mən heç Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyyətinin də üzvü olmadığımız zamanda o vaxtlar lap gənc olan Əkrəm Əylislinin Rəsul Rzanı çıxarıb onun yerinə SSRİ Yazıçılar İttifaqının İdarə Heyyətinə üzv keçirmişdilər. Yazıçılar Birliyini addımbaşı qaralayan cızmaqaraçılardan fərqli olaraq, Əkrəm Əylisli yazıçıdır, istedadlı yazıçıdır, görkəmli yazıçıdır. Xalq yazıçısı kimi Ağsaqqallar Şuramızın üzvü, “Azərbaycan” jurnalının redaksiya heyətinin üzvüdür. Yazıçılar Birliyinin rəhbərliyi ona həmişə hörmətlə yanaşıb, müxtəlif təltiflərə təqdim edib. Ancaq Əkrəm də gərək bunu qiymətləndirsin, gədə-güdələrə qoşulub ölkəmizdə yeganə mötəbər ədəbiyyat ocağına belə ögey, yad, qərəzli münasibət bəsləməsin, ona yerli-yersiz atmacalar atmasın. Doğrusu, bu yazı məhz bu mətləblərə görə düşünülmüşdü və adını da “Volterin tövsiyəsi” qoymuşdum. Amma son vaxtlar bəzi sayt və qəzetlərdə qaldırılan haray-həşir bu məsələlərə də münasibət bildirməyimi tələb edir. Yazımın adı da mətnin sonunda aydın olacaq. Yəqin oxucu artıq başa düşüb ki, söhbət Şamo Arifin yaratdığı və bəzi saytların, qəzetlərin şişirtdiyi qalmaqaldan gedir. Mən mətbuatı mütəmadiən izləyirəm və qəzetlərdəki başlıqlara baxıb təəccüb qalıram: “Süleyman Rəhimovun oğlundan Anara sərt ittihamlar” (“Azadlıq”, 25 iyun 2011), “Allah Anara da lənət eləsin, mənə də...”(“Yeni Musavat”, 3iyul), “Yazıçılar arasında qalmaqal böyüyür”(“Azadlıq”, 5 iyul 2011), “İki yazıçının davası təhqir həddinə keçdi”(“Yeni müsavat”, 9 iyul 2011), “Yazıçı Anarın əleyhinə arxiv sənədləri tapıldı”(“Azadlıq”, 8 iyul 2011), “Anar ermənilər qarşısında susub”(“Azadlıq”, 9 iyul 2011). Təəccüb qalmağımın səbəbi odur ki, Anarın bu məsələlərlə bağlı haradasa, nə isə dediyini eşitməmişəm. Bəs belə olan surətdə onun adını niyə hallandırırlar? Düzdür, az satılan qəzetlər bəzən məşhur adamların adlarını manşetə çıxarırlar ki, daha çox satılsınlar, amma hər halda bəlkə mən nəyisə ötürmüşəm. Bəlkə Anarın Heydər Əliyev Mükafatı alması bunları belə qəzəbləndirib, yandırıb. Bəlkə Anar hardasa qalmaqala münasibətini bildirib. Bu məsələ barədə Anarla danışıram. Gizlətmirəm ki, bu yazımı yazarkən bəzi məsələləri Anarla dəqiqləşdirməli oldum. Şamo Arif yazır ki, “Anara dedim, sən mənə qarşı nə edirsən et, mən sənə cavab verməyəcəm, amma atama qarşı nankorluq etsən səni əzib keçəcəm. Hamıya sənin kim olduğunu açıb göstərəcəm”. Anardan soruşdum: – Belə bir söhbət olubmu? Anar güldü: – əlbəttə yox, – dedi, – başdan axıracan yalandır. Əvvəla, mən Süleyman Rəhimova qarşı heç bir pis hərəkət etməmişəm ki, belə söhbət üçün əsas olsun. İkincisi də, Şamo Arifin ağzı nədir ki, cəsarət edib mənim üzümə belə söz desin. Sonuncu dəfə onunla üzbəsurət söhbətim 23-24 il bundan qabaq olub. Yanıma gəlmişdi ki, məni Dövlət mükafatına təqdim et. Dedim ki, keçən səfər gözəl şarimiz Məmməd Araza qarşı haqsızlıq ediblər, bu dəfə yalnız onu təqdim edəcəyik və çalışacağıq ki, mükafatı o alsın. Belə də etdik. Məmməd Araz mükafat aldı, Şamo Arif isə mənimlə ömürlük düşmən oldu. Yadımdadır, vaxtilə mənim də iştirak etdiyim bir məclisdə Şamo Arif Anarın sağlığına elə tərifli, bəlağətli tostlar deyirdi ki, çox adam, o cümlədən elə mən də özümüzü naqolay hiss edirdik. Demə bunlar mükafat məsələsi ərəfəsindəymiş. İndi isə Şamo Arif Anar haqqında, hətta onun valideynləri haqqında ağzına gələni yazmaqdan çəkinmir. Nə mənim Anardan bir umacağım var, nə Anarın məndən. Amma uzun illər yoldaşlıq etdiyim, illər boyu çiyin-çiyinə işlədiyim dostuma, xüsusiylə də onun ailəsinə qarşı belə sözlər deyilərkən necə susa bilərəm? Qoy özlərini Anara dost kimi qələmə verənlər susub bir kənara çəkilsin, hətta bəziləri qıraqdan seyr edib ləzzət alsın, qoy Rəsul Rza haqqında kitablar yazıb elmi adlar alanlar səslərini çıxarmasın, Rəsul Rza mükafatı üçün sino gedənlər özlərini görməməzliyə vursun, amma bu cəmiyyətdə vicdanlı insanlar da var axı... Elə Hüseynbala Mirələmovun sırf konkret faktlara əsaslanan yazısı bunun yaxşı örnəyidir. Şamo Arif deyirdi ki, Süleyman Rəhimovu Mehdi Hüseynin ölümündə günahlandıran tək bircə nəfər var, o da Anardır. Əvvəla, Anar heç bir yerdə bu münasibətlə Süleyman Rəhimovun adını çəkməyib, yalnız hamının bildiyi, çoxlarının, o cümlədən elə mənim yaxşı yadımızda qalan, şahidi olduğumuz faktlardan yazıb. O vaxtlar haqqında xatirələr yazarkən bu hadisələrin üstündən necə keçə bilərdi? Şamo Arif Allaha şükr etsin ki, Anar konkret ad çəkmir, bilməyənləri agah eləmir, yalnız olan faktı xatırlayır. Bunu həm də Süleyman Rəhimovun ruhunu incitməmək üçün edir. O günlərin hadisələri mənim yaxşı yadımdadır. Mehdi Hüseynin ürəyi dayanan saatlarda mən Yazıçılar İttifaqında idim və sonra cərəyan edən hadisələrin də şahidi oldum. Biz bir dəstə gənc – Əkrəm Əylisli, Eyvaz Borçalı, mən, otuza qədər başqa adam Mehdi Hüseynin ölümündə müqəssir olanlar haqqında yazı yazdıq. Anar da bizə qoşuldu, imza atdı. Mehdi Hüseyn haqqında çıxan nekroloqda bu günahkar sayılan yazıçıların adları yox idi. Bizi MK-ya, Komsomol MK-sına çağırırdılar, o məsələ Mərkəzi Komitə Bürosünün iclasında da geniş müzakirə edilmişdi. Yəni bütün bu hadisələrin üstündən olmayıbmış kimi keçmək, onları unutdurmağa çalışmaq mümkündürmü? Əlbəttə, yox. Anardan fərqli olaraq, Zivər Hüseynovanın, Çingiz Hüseynovun xatirə kitablarında bu hadisələr daha müfəssəl təsvir edilir, konkret adlar çəkilərək Mehdi Hüseynin ölümünün səbəbləri aşkarlanır. Hüseynbala Mirələmov da bu epizodları Zivər Hüseynovanın kitabından gətirir, Şamo Arif isə bircə faktı da təkzib edə bilməyib Mirələmovu məhkəməylə hədələyir. Boş hədədir. Şamo Arif heç bir vaxt heç kəsi məhkəməyə verə bilməyəcək. 37-ci il deyil ki, kiminsə üzünə durub, böhtan atıb evini yıxasan. Hansı məhkəməyə çıxır-çıxsın bu və bundan da betər faktlar qarşısında qalıb uduzacaq. Bir neçə gün qabaq qəzetlərdə Şamo Arifin isterik “Allah Anara da lənət eləsin, mənə də”, yaxud “Allah mənə min dəfə lənət etsin” sözlərini oxuyub, “gərək mən Anara cavab verib belə lüzumsuz söhbətlərin açılmasına yol verməyəydim” peşmançılığıyla tanış olanda bir an onun səmimiyyətinə inandım. Əlbəttə, “mən gərək Anara cavab verməyəydim” sözləri dəqiq deyil, ilk olaraq məhz Şamo Arif Anara hücum edib və Anar da ona cavab verməli olub. Amma məsələ bunda deyil. Şamo Arifin peşmanlıq etiraflarını oxuyanda düşündüm ki, başı daşdan daşa dəyəndən sonra, yalnız özünü deyil, rəhmətlik dədəsini də biabır edəndən sonra ağlı başına gəlib. Sən demə bu da riyakarlıq imiş, çünki iki gün sonra yenə köhnə sandığını açıb kiflənmiş pambığını, yəni əvvəllərdə dəfə-dəfə söylədikləri iftiraları üzə çıxarıb. Yəqin yenə yalanlar uydurmağa da daha heyi qalmayıb. Şamo Arifin “Azadlıq” qəzetində yer verdiyi gen-bol iftiraları Rəsul Rzaya, Nigar Rəfibəyliyə və Anara aiddir. “Azadlıq” qəzetinin yazıya ləzzətlə verdiyi “Yazıçı Anarın əleyhinə arxiv sənədləri tapıldı” adlı başlıq əvvəlcə məni təəccübləndirdi. Görəsən, Şamo Arif hansı arxivdə eşələnib Anara qarşı hansı “mıtıryal” tapıb. Ancaq məlum oldu ki, qəzetin yalançı başlığına rəğmən heç bir arxivdən heç bir sənəd tapılmayıb. Demə, Anarın öz kitabından əvvəllərdə gətirdiyi və Şamo Arifin normal adam məntiqinə sığışmayan ağlasığmaz şəkildə şərh etdiyi bir mətni yenidən danos verirmiş. Bu parça Anarın “Mübarizə bu gün də var” kitabındandır. Mən bu əsəri hələ əlyazması şəklində oxumuşdum və bu münasibətlə Anara yazdığım məktub kitabda Son söz kimi dərc olunub. Odur ki, Şamo Arifin dönə-dönə istifadə etdiyi parça yaxşı yadımdadır. Hər halda yaddaşımda təzələmək üçün bir daha kitabın o səhifələrini oxudum. Oxuculara da həmin mətni olduğu kimi çatdırıram. Anar yazır: “Anam danışırdı ki, otuzuncu illərdə Moskvada təhsil alanda tək bir tələbəlik təqaüdüylə dolanmaq çətindi, odur ki, SSRİ Ali Sovetində tərcüməçilik işinə düzəlmişdim. Ali Sovetin sənədlərini ruscadan azərbaycancaya çevirirdim. İşimdən razı idilər, amma bir gün gördüm ki, izahsız-filansız məni işdən azad ediblər. Səbəbini indiyəcən bilmirəm. Əlbəttə, anam ehtimal edirdi ki, məsələ onun nəsliylə bağlıdır, amma ömrünün sonuna qədər bilmədiyi həqiqi səbəb bu gün əldə etdiyim məktubdadır. Məktubun mətni belədir: Tamamilə məxfi. Şəxsən ÜK(b) MK xüsusi sektorunun müdiri Roskrebişevə. Azərbaycan K(b)P üzvləri Əli Həsənovun və Süleyman Rüstəmzadənin Nigar Rəfibəyliyə aid bu ilin 5 oktyabr tarixli məktubunu göndərirəm. Öz tərəfimdən də onun Kremldə işdə saxlanmasını mümkünsüz hesab edirəm. Əlavə: deyilən məktub. Azərbaycan K(b)MK katibi M.C.Bağırov. 19.10.1937.” Şamo Arifin danosunda kompramant kimi verilən və “Azadlıq” qəzetində guya Anara qarşı arxiv materialı kimi oxuculara sırılan mətn bax budur. Bu mətndə ağlı başında olan adam üçün aydın olmayan nə var? O illər Azərbaycan və rus dillərini mükəmməl bilən kadrların Moskvada az olması və Nigar Rəfibəylinin də ehtiyac ucbatından bu qara fəhlə işinə (Ali Sovetin sənədlərini, məlumatların tərcüməsinə) qatlanması tamamilə təbiidir. Bunu da ona çox görənlər Bağırova məktub yollayırlar və Bağırov da N.Rəfibəylinin bu işdən uzaqlaşdırılmasını tələb edir. Şamo Arif yazır ki, Anarın kitabında bu yeri oxuyanda ayağımın altından yer qaçdı. Görünür, ayağının altından yer qaçanda başı da divara dəyib zədələnib, yoxsa bu aydın-aşkar mətndən şeytanın ağlına gəlməyən nəticələri çıxarmazdı. Bu məktubdan nəticə çıxararaq yazır ki, Nigar Rəfibəyli Stalinin otağının yanında işləyirmiş, yazır ki, Beriyanın təşkilatına yaxın imiş (Mirələmov yaxşı xatırladır ki, Beriya o vaxt Gürcüstanda Partiya işində çalışırdı) yazır ki, M.C.Bağırov belə Nigar Rəfibəylidən çəkinirmiş. Görünür, “çəkinə-çəkinə” Moskvaya onun işdən çıxarılması haqqında məktub yazıb və Moskva da onun bu tələbinə dərhal əməl edib. Şamo Arifin mülahizələrində məntiq axtarmayın, bu hikkədən, hiddətdən, həsəddən beyni dumanlanmış bir insanın sayıqlamalarından başqa bir şey deyil. Bu cəfəngiyyatda yer alan bir iddia da odur ki, Rəsul Rzanı Nigar Rəfibəyliyə görə tutmayıblar. Qəribədir ki, NKVD müavini Xoren Qriqoryan Nigar Rəfibəylinin və anasının Sovet quruluşunun düşmənləri kimi sürgün edilməsi haqqında M.C.Bağırova raport verir (bu sənəd də Anarın kitabında var). Amma Nigar Rəfibəyli Rəsul Rzanı həbsdən saxlayır. Vallah, lap ağlı çaşmış adam da belə səfsəfələri uydura bilməz. Nigar xanım yeddi yaşındaykən atası güllələnmişdi, yetimliklə oxuyub, işləyib, namusla çörəyini qazanmışdı, hər an repressiya təhlükəsi altında yaşamışdı, amma hər zaman ləyaqətini qoruyub saxlamışdı. Bütün vicdanlı Azərbaycan türklərinin Analıq, Qadınlıq rəmzi kimi hörmət bəslədikləri Nigar xanım haqqında Şamo Arif yenə də əvvəllər etdiyi qələti edir (Şamo Arifin Mirələmov haqqında “qələt etmək” ifadəsini özünə qaytarırıq), Napaleonun sözlərindən neçənci dəfə istifadə edərək ən çirkin ifadələrə əl atır. Bu rəzaləti qələminə rəva bilən adama şərəfsiz demək azdır, bu çox yumşaq ifadədir. Beləsinin daha dəqiq adı mətbuat səhifələrinə çıxarılmayacaq sözdür. Nigar Rəfibəyli haqqında iftiralardan sonra Şamo Arif sağlığında şıdırğı təriflər yağdırdığı Rəsul Rzanı hədəfə alır. “Yazır: “Anar kitabının 444-cü səhifəsində Əsildar Hüseynovun “Kəşfiyyat generalı ilə müsahibə” kitabından misal gətirərək yazır: “DTK əməliyyat işçilərinin və rəhbərliyinin Azərbaycan KPMK tərəfindən dəstəklənən inadı bu görkəmli insanı (Rəsul Rza nəzərdə tutulur) həqiqi Azərbaycan vətənpərvərini elə öz kolleqalarının təqiblərindən xilas etdi” Şamo Arifi bu yerdə fikir alır. Yazır: “Əgər, həqiqətən, Azərbaycanın vətənpərvər kişiləri o güc-qüvvəyə malik olsaydılar, niyə Hüseyn Cavidi, Mikayıl Müşviqi, Əhməd Cavadı və digər görkəmli simaları qoruyub saxlaya bilmədilər?” Öz ritorik sualına Şamo Arif absurd bir cavab tapır: “Ona görə ki, bu şəxsiyyətlərin arxasında Rəsul Rzanın arxasında dəyanətlə dayanan Nigar Rəfibəyli kimi qüdrətli bir insan dayanmırdı” Nigar Rəfibəylinin dəyanəti heç kəsdə şübhə doğurmur, amma onun bütün sovet sistemindən, onun təhlükəsizlik və partiya orqanlarından daha güclü olması, yalnız psixi cəhətdən problemləri olan adamın ağlına gələ bilər. Ali Sovetdə adicə tərcüməçi işi Şamo Arifin gözlərində nəhəng, böyük imkanları olan vəzifəyə çevrilir. (Ardı 26-cı səh.) (Əvvəli 25-ci səh.) Yəni Şamo Arif doğurdanmı hamını axmaq və savadsız sayır? Saymasaydı belə cığallığa yol verməzdi axı... Guya bilmir ki, Əsildar Hüseynovun kitabında söhbət otuzuncu yox, altmışıncı-yetmişinci illərdən gedir, o vaxtlardan ki, 37-ci ilin danosları əvvəlki gücə malik deyildi, DTK orqanlarının başında duranlar da Xoren qriqoryanlar deyildi və Mərkəzi Komitədə Rəsul Rzanı kolleqalarının (məhz kolleqalarının, yəni həmkarlarının, şair və yazıçıların) təqiblərindən qoruyan da Heydər Əliyev idi. Odur ki, Rəsul Rzanın bu dövrdəki taleyini otuzuncu illərin repressiyaları ilə eyniləşdirmək və Nigar Rəfibəylinin fantastik gücü haqqında əfsanələr uydurmaq şulerlikdən (kartbasanlıqdan) başqa bir şey deyil. Bu əfsanə və nağılların yerinə başqa bir cavabsız sual daha maraqlıdır: Necə oldu ki, otuzuncu illərdə tutulan bütün yazıçılar güllələndi, ya sürgünlərdə çürüdü, bircə Süleyman Rəhimov həbs ediləndən beş ay sonra azadlığa çıxdı, yüksək vəzifələrə təyin olundu. Bax, məhz bu müəmmalı məsələ daima Şamo Arifi müdafiə yox, başqaların hücum mövqeyinə sövq edir. Amma nahaq yerə. Başqalarına böhtan atmasa, yalandan –gerçəkdən ailəsini müdafiə etməsinə də ehtiyac qalmaz. Əlbəttə, Şamo Arifin əsas hədəfi Rəsul Rza deyil, Nigar Rəfibəyli də. Onun başının dərdi Anardır. Öz aləmində Anarı hörmətdən salmaq üçün dəridən qabıqdan çıxır, eyni yalanları, eyni iftiraları, eyni sözləri və ifadələri ildən-ilə, yazıdan-yazıya, qəzetdən-qəzetə təkrar edir. (Yəqin təzələrini uydurmağa fantaziyası çatmır). “Azadlıq” qəzetinin ilk nömrəsində Anar haqqında yazdıqlarının hamısı yalandır. Anarın anası haqqındakı mətni iblisanə şəkildə tərs yozması, Anarın guya Süleyman Rəhimova pis münasibət bəsləməsi, guya ki, Rusiyanın adamı olması və aranı qarışdırması haqqındakı paronik fikirləri, Anarla, guya ki, ötkəm danışması haqqında ağ yalanları artıq yetərincə ifşa olunub. Dəfələrlə ifşa olunmuş yalanlarını indi də “Azadlıq” qəzetinin 9 iyul tarixli nömrəsində “Anar ermənilər qarşısında susub” adlı yazısında – bol-bol səpələyib. Belə görünür ki, Şamo Arif Anarın kitablarını, bütün yazılarını bitdə-bitdə oxuyur. Qoy onda yenicə çapdan çıxmış “Əsrin əsiri” kitabıyla da tanış olsun. Bu kitabda Anarın ermənilərə qarşı Bakıda çayxanalarda deyil, Moskvada, Ali Sovetin iclaslarında və SSRİ Xalq deputatları qurultaylarında, Mərkəzi televiziyada və Moskva qəzetlərində, ABŞ-da, Fransada, İsveçrədə, Türkiyədə keçirilən müxtəlif mötəbər forumlarda çıxışları, Qarboçova etiraz məktubları toplanıb. Qara Yanvar günlərindən sonra Anarın SSRİ Ali Sovetinin iclasında bir gündə dörd dəfə ifşaedici çıxışlarının lent yazıları da durur və TV-yə nümayiş etdirilir. Bakıda olduğu zamanlar dəfələrlə izdihamlı mitinqlərdə çıxışlar edib. Qara Yanvar gecəsinin səhərisi günü Prezident aparatı qarşısındakı mitinqdə çıxış edib, Elmlər Akademiyasında yığıncağa sədrlik edib, SSRİ deputatlarına və respublikaların Yazıçılar təşkilatlarına məktubun mətnin yazıb, göndərib. Elə həmin gecə Azərbaycan Ali Sovetinin fövqəladə vəziyyət şəraitində keçirilən sessiyasında dəfələrlə çıxışlar edib, bəzi başqa deputatlarla bəyanatların, dünya ictimaiyyətinə müraciətlərin mətnlərini hazırlayıb. Türkiyəyə də Şamo Arifin yalandan yazdığı kimi, o ağır günlərdə deyil, üç il sonra, 1993-cü ildə gedib və yenə də həmin ilin ən təhlükəli ayında-iyunda vətənə qayıdıb. Anar Moskvada düşmənlərimizlə üzbəüz qalıb. Öz sözünü onların üzlərinə şax dediyi günlərdə Şamo Arifin öz etirafına görə ən böyük hünəri qızlarıyla birlikdə küçələrə çıxması olub. Şamo Arifin fikrincə şərəf, qeyrət elə budur! Əhsən belə qeyrətə, əhsən belə şərəfə! Başqa bir yalanını da dönə-dönə təkrar etməkdən yorulmur: “Anar deyir ki, Qorbaçov məni tanıdı, mənə elə bu bəsdir”. Anar heç bir vaxt, heç bir yerdə daha çox Şamo Arifə yaraşan belə sözləri deməyib və deməz. Bir dəfə Anarın əvvəlcədən yazılmadığı çıxışına Qarboçov imkan verməyib, səhərisi günü də ondan üzr istəyib. Anar yalnız bunu, – yəni Qorbaçovun ondan üzr istəməsini deyib. Qorbaçovla üzbəsurət görüşdə isə Prezidentin: “Sizin xalqınız məni cəllad, Çauşesku adlandırır” sözlərinə Anar: “bunu ərlərini, oğullarını, qardaşlarını öldürdüyünüz analar, arvadlar, bacılar deyir” –cavabını verib. Bu faktlar da Anarın “Şəhidlər dağı” kitabında öz əksini tapıb. Bu kitabı da alıb oxuyun, Şamo Arif, onda bilərsiz ki, cəsarət də, qeyrət də budur, danosbazlıq, iftira, hamıya çirkab atmaq yox, böyüdüyün, yetişdiyin mühitdə eşitdiyin qeybətləri, şaiyələri, bazar söhbətlərini mətbuata çıxarmaq yox. Şamo Arifin bütün yalanlarını bir-bir ifşa etmək çox vaxt aparır və çox yer tutardı. Zənnimizcə, elə bu ifşa olunmuş yalanları da onun kim olduğunu, nə yuvanın quşu olduğunu hamıya bəlli edəcək. Amma bu mövzuya nöqtə qoymazdan əvvəl bir məsələnin üstündə dayanmaq istəyirəm. Qəribədir ki, bu qalmaqalla bağlı fikir bildirənlər, ya suallara cavab verənlər bəzən hər iki tərəfi günahlandırırlar. Elə Əkrəm Əylisli də müdrik ağsaqqal roluna girərək Anarı da, Şamo Arifi də eyni dərəcədə məzəmmət edir. Guya ki, Rəsul Rzanın ölümündən sonra ona ilk böhtan atanlardan biri elə Əkrəm Əylisli özü deyildi. Elə şamo ariflər də, onun bəzi tayları da bu məsələdə Əkrəmin davamçıları deyilmi? Suçluyla suçsuzun, böhtan atanla böhtana məruz qalanın, iftiralarla konkret faktları, yalanlarla həqiqətləri bir ölçüdə dəyərləndirmək elə böhtanın, yalanın, iftiranın tərəfini saxlamaq deməkdir. Palto əhvalatına gəldikdə isə belə bir lətifə yada düşür: Kimsə bir nəfəri xatırlayarkən: – Onun başına paltoyla bağlı bir hadisə gəlmişdi – deyir. – Ya onun paltosunu oğurlamışdılar, ya o kiminsə paltosunu oğurlamışdı. Palto oğurlayanla paltosu oğurlananları bir cərgədə qoymaq olmaz.
Fikrət Qoca, Xalq şairi


Bu yazı ( 452 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar