12px14px16px18px

Suzen Dark və ya məhəbbət piri

Fikrət QOCA
12:14 / 17.06.2010


( Əvvəli ötən saylarımızda)

Axşam işdən gələndə Elimin darvazasının qabağında Süsən Nazlı ilə qarşılaşdı. Süsənin əlində içi ərzaqla dolu bağlama vardı. Ağasəfin qucağında ayaqları bir-birinə bağlanmış toyuq, çolpa, xoruz. Ağasəfin xoşbəxt gözlərindən qığılcım yağırdı. Nazlı Ağasəfə müraciət elədi:
– Hardan belə, ay Ağasəf. Nə çox toyuq-cücən var?
– Gəlinbacı, uşaqlara qoşulub mal qabağına çıxmışdım. Qayıdanda təsadüfən idarənin yanından gəldim, gördüm Süsən doxdur məni çağırdı. Dedi gəl kömək elə.
– Toyuqları satın aldız?
– Yox, pay veriblər. Süsən doxdura veriblər.
– Axşamın xeyir, Nazlı bacı – Süsən qəsdən növbəti sualın qarşısını aldı.
– Xoş gördük. Qoy görək, ay qız, mən bunu danışdırmaqdan ləzzət alıram.
Ağasəfin utanıb qızardığını havanın alatoranı da gizlədə bilmədi, başını aşağı dikdi. Süsən Ağasəfə diqqətlə baxdı, oğlanın bu halı ürəyini ağrıtdı.
– Uşağı utandırma – dedi. “uşaq” sözü Ağasəfi daha pis vəziyyətə qoydu.
Nazlı ərklə:
– Ədə, nə durub burda arvadların sözünə qulaq asırsan. Maşallah, yekə kişisən. Get həyətə toyuq-cücəni hinə sal. Samovarı qaynat.
– Yaxşı, gəlinbacı, yaxşı. – Təqsirkar uşaq kimi başını qaldırmadan həyətə yollandı.
– Sən də təsadüfən yola çıxmısan? – Süsən Nazlıya dedi.
– Yox, yalan demiyəcəyəm. Bu qarnımdakı oğlan dedi gedək Süsən xalanı qarşılıyaq. Görək iş günü necə keçib. Elim dedi, vallah, kəndin bütün arvadları birdən azarlayıb. Hamısı baxdırmağa, baxmağa gəlmişdi. Mən də mane olmadım.
– Hə, qəribə adamlardı. Yalan da tapmırlar danışmağa, dağdan, bağdan danışırlar.
– Eh, Elim məni qaçırdanda bugünkü kimi yenə hamısı azarladı, amma heç kəs həkim məntəqəsinə getmədi, hamı basıldı həyətə. “Ay doxdur filandı, ay doxtur beşməkandır”. Axırda Elim dözmədi, qışqırdı Nazlı, çıx çölə. Qoy səni görsünlən, yoxsa bunlar sağalan deyil!
– Amma bu gün xəstələrdən biri dedi ki, eşitmişəm yaxşı dərzisən.
Nazlı bir an tutuldu. Özünü o yerə qoymadı.
– Ay qız, sən bu camaatı yaxşı tanımırsan. Mən evdə yorğanı başıma çəkib xorulduyuram. Onlar kəndin o başında eşidir. Havayı yerə demirlər ki, yerin də qulağı var.
– Var, var, bacı – Süsənin təsdiq eləməkdən başqa çarəsi qalmamışdı. – Mən gedim bir az dincəlim.
– Sən arada Ağasəfi göndər gəlib “zingeri” aparsın.
Görüş Nazlının istədiyi, gözlədiyi kimi alınmamışdı. Elə bilirdi Süsən ona qırın-qırtıq, dil-ağız edəcək. Çünki o, Elim doxturun arvadı idi. Yəni Süsənin müdirinin. Həm də dünən ona xeyirxahlıq eləmişdi. “İnsana yaxşılıq yoxdu” düşündü.
– Gedək, oğul, gedək – deyib həyətə girdi.
Süsən gələndə Ağasəf artıq həyətin ortasında ocaq qalamışdı. Ocaqdan düşən közlərdən somavara atırdı. Somavar elə bil hansısa qədim bir mahnını mızıldayırdı. Ocağın başında çömbəltmə oturan Ağasəf elə bil indicə o qədim nağıllardan çıxıb gəlmişdi. Enli kürəkli, uzun güclü qolları köynəyə sığmırdı. Qıvrım qara saçları, çatma qaşları, iri qara gözləri, çiyələk kimi qırmızı dodaqlarının üstündə yeni çıxmış, hələ qaralmamış bığları ona xüsusi yaraşıq verirdi. Hələ uşaqlığını qoruyub saxlamış girdə yanaqları ocağın şöləsi düşdükcə elə bil yanırdı. Süsən bu axşamı, bu həyəti, bu ocağı, bu oğlan oyuncağı ötüb keçən bütün həyatına dəyişməzdi. Samovara baxmaq bəhanəsi ilə Ağasəfə yaxınlaşdı, bu zaman burnuna nəyinsə qıcqırmış iyi, tər iyi, kirli paltar iyi gəldi. Özünün də baş açmadığı bir ərklə:
– Ay Ağasəf, sən heç çimmirsən.
Ağasəf sualı çox təbii qarşıladı.
– Çimirəm ey – istədi müəllim desin özünü saxladı – çimirəm, Süsən doxdur.
– Harda?
– Yayda çayda çimirəm uşaqlarnan.
– Vəssalam?
– Hə də...
– Arvadlar da çayda çimir?
– Yox.
– Bəs harda çimillər?
– Nə bilim, bilmirəm.
– Xəbərin var ki, səndən qıcqırmış iyi gəlir? Yekə oğlansan, özünə fikir ver. Çim, başa düşdün?
– Bəli – Ağasəf sakitcə ayağa qalxdı, həyətdən çıxdı. Süsən onun arxasınca baxdı: “baxanda pəhləvan kimi nəhəng adamdı. Danışdırırsan olur birinci sinif uşağı. Qoy ağlı başına gəlsin!”. Süsən çay dəmlədi, samovarı apardı evə. Ağasəfə də çay süzdü. Çayını içdi, şirin çay eləyib pendirlə çörək yedi, qulağı səsdə, gözü qapıda idi. Amma Ağasəf gəlib çıxmadı. “Yəqin xətrinə dəyib, küsüb. Olsun, daha da yaxşı, ayılar, bəlkə çağırım, yedizdirim, başa salım. Yox, belə yaxşıdı. Səhər könlünü alaram”. İşığı söndürüb çarpayıya uzandı. Səhər xoruzun səsinə oyandı. Ağasəf həyətdə yox idi. Eyvana çıxdı, gərnəşdi.
Mirzə Hüseyn bəy həyətində üzbəüz iki ev tikmişdi. Biri indi Süsənin qaldığı üç otaqlı hündür kürsülü qonaq evi idi. İkinci onunla üzbəüz olan iki otaqlı, yerdən bir daş yuxarı olan özlərinin qaldığı ev idi. Ağasəf o evdə qalırdı. Süsən gəlincə qonaq evinin qapısı cəftəsi keçirikli idi. Nəinki evə girən, heç eyvanına da çıxan yox idi. Ağasəf özü də o evə girmirdi. Ona elə gəlirdi ki, o ev tamam başqa bir insana aiddir. Nə zamansa o insan gəlib qapını açacaq, işığı yandıracaq. Ağasəf elə bilirdi o evin sahibi gəlib, evin işığı yanıb. Ağasəfin özünə də aydın olmayan arzuları, ümidləri cana gəlirdi, reallaşırdı. Süsən “çim” deyəndən sonra həyətdən çıxdı, bir də gördü çayın başındadı. Qayanın üstündə qayadan çaya dar cığır enirdi. Çaya böyürtkən kollarının arasından burula-burula düşən cığır, çay, çayın səsi ona çox vahiməli görünürdü. O qorxunu ayağının altına yıxıb, tapdalaya-tapdalaya cığırla endi. Süsən ona çim demişdi. O da çimməli idi. Çayın qırağında, daşlıqda paltarını soyundu. Ən vahiməlisi çayın səsi idi. Dəli çayın səsi qayalara dəyib qayıdıb çaya tökülürdü. İkiqat güclənirdi. Su soyuq idi. Ağasəf gördü suya yavaş-yavaş girə bilməyəcək. Bir çarə vardı; suya atılmaq. Atıldı. Nəfəsi bir an içində boğuldu. Sonra suya cumdu. Elə bil su isindi. İndi də sudan çıxanda soyuq olurdu. Əli ilə başını, bədənini sürtdü. Birdən ona elə gəldi ki, yad səs eşitdi, hənir duydu. İrtindi, tez sahilə çıxdı. Tələsik geyinməyə başladı. Cığırla qaçıb qayanın üstünə qalxdı. Elə bildi ayaq səsləri gəlir. Arxaya baxmadan evə qaçdı. Ayaq səslərini lap yaxında, sonra boynunun dalında, həyətə girəndə lap boğazında, ağzının içində eşitdi. Dayandı, o yan-bu yana boylandı, sakitlik idi. Birdən başa düşdü ki, bu ayaq səsləri deyil, öz ürəyinin döyüntüsü imiş. O səslər boğazından sinəsinə endi. Əlini sinəsinə qoyub gülümsündü. Bərk üşüdü, evə qaçdı. Elə paltarlı-paltarlı yorğana büründü. Nə vaxt yatdığını özü də bilmədi.
–Ağasəf, ay Ağasəf –Süsən onu çağırdı. Ağasəf Süsənin səsini eşitdi, cavab vermək istədi, ağzını aça bilmədi, dişləri dişlərinə sıxılmışdı. Titrəyib, bir-birinə dəyib şaqqıldayırdı. Qalxmaq istədi. Bacarmadı, bədəni yara kimi idi. Sümükləri göynəyirdi. Qapı aralandı. Süsən içəri boylandı. Ağasəf taxtın üstündə uzanmışdı. Bütün bədəni titrəyirdi. Süsən cəld hərəkətlə ona yanaşdı.
– Nə olub sənə?..
– Bi..bi.bilmirəm, üşüdüm.
–Od içində yanırsan. Harda belə özünü soyuğa verdin?
– Çimdim.
– Harda?
– Çayda.
– Gecə?
– Hə.
– Gecə, soyuqda, çayda?! Niyə!
– Dedin çim! Çimdim da!
– Qorxmadın!?
– Qorxdum, bir az!
– Can...paltarın da sudu...dayan, indi gəlirəm – həyətə düşdü. Özünün yetim ikən qorxduğu gecələr yadına düşdü – can...dilim qurusun mənim, dilim qurusun! Boy-buxununa niyə aldanırsan, görmürsən uşaqdı – Süsənin içindəki illərlə isti görməyən buzlar birdən-birə əridi, gözlərindən axdı. Çalışdı gözlərini silib, özünü toxdayıb Elimgili köməyə çağırsın. Göz yaşları sözünə baxmırdı. Axırı təslim oldu – caaan...- deyib hıçqıra-hıçqıra ağladı. Sonra qəfil səsini kəsdi. Gözlərini sildi, Elimgilə qaçdı.

lll

Əşrəf Qəfər kişidən məktub aldı, açdı.
Çox hörmətli Əşrəf müəllim, salam! Məni təcili kəndə çağırdılar. Qarım şalaxlıyıb. Öyrənmişəm ki, Süsən kəndə gəlincə 14№li sənət məktəbində oxuyub, dərzilikdə. Soyadı Yolçuyeva olub. Səndən xahiş edirəm onu öyrən. Türməyə orda oxuyanda düşüb. Yazası olmasan da, yazsan da, bu öz işindi. Heç olmasa mənim üçün öyrən. Qardaşoğlu, bilirəm işinin çox vaxtında sənə zəhmət verirəm. Bir də xahiş edirəm onu öyrən. Mən məşğul olardım. Amma bu işi mən sənin kimi bacarmaram. Həm də sən qəzet işçisisən, məşhur yazarsan. Mən kiməm? Ərk etdiyimə görə bağışla.
Hörmətlə, Qəfər.
Məktubu oxuyub uzun müddət kağıza baxdı. Bu işsiz qocaların əlində qalmadım. İndi gəl 14 №li peşə məktəbini tap, arxivini açdır. Qəfər kişi mənə qaçmağa da yol qoymayıb. Ağzımı dağa dirəyib. Məktəbi tapsam bəlkə orda köhnə müəllimlərdən qalmış ola. Məlumat bürosundan məktəbin ünvanını, direktorun telefon nömrəsini öyrəndi. Katibə: – məktəbin direktoru Dəmir müəllimdir dedi. Onları calaşdırdı. Dəmir müəllimə: – Mən Əşrəf Sarıqayalıyam, “İrəli” qəzetinin şöbə müdiriyəm. Sizin məktəb çox qədim və şan-şöhrətli məktəbdir. Bir geniş material yazmaq istəyirəm. Məktəbin keçmişi və bugünü məni maraqlandırır.
Dəmir müəllim böyük həvəslə razılaşdı, dedi ki, iki nəfər köhnə müəllimlərdən də var. Yaşları çoxdu, amma yaddaşları saat kimi işləyir. Görüşmək üçün vədələşdilər.
Fikrət QOCA




Bu yazı ( 523 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar