12px14px16px18px

Suzen Dark və ya məhəbbət piri

Fikrət QOCA
00:03 / 08.06.2010


( Əvvəli ötən sayımızda)
Fikrət QOCA


Fatma xanım səsə oyandı. Gözünü açdı, başının üstündə Suzen xanımı gördü. Gülümsündü, gecəki əhvalatı xatırladı, sifətindəki təbəssümün yerini donuq, soyuq bir ifadə aldı. Suzen xanım gülümsündü:
– Sabahınız xeyir. Deyəcəksiz ki, bu arvad gecə başıma oyun açır, səhər də yatmağa qoymur.
– Yox, ay qız, yox – Fatma qalxıb yerində oturdu – yox, hər vaxtın xeyir. Yaxşı elədin oyatdın.
– Dedim səhər yeməyinə gecikərsən. Ac qalarsan.
– Heləmi? – Fatma cəld qalxıb geyinməyə başladı.
– Darıxma, vaxta bir az var. Dedim geyin, bir az həyətdə gəzək. Yağış kəsib, külək də yoxdu. Külək olmayanda Abşeronda gözəl hava olur; saf, şirin.
– Bu saat əl-üzümə su vurum, qalxaq.
Az sonra onlar həyətdə idilər. Əvvəl həyətin ortasındakı fəvvarənin başına səssiz-səmirsiz dolandılar. Sonra həyətin küncündəki iki nəhəng ləzgi papağına oxşayan əncir ağaclarına yanaşdılar. Suzen ağacların qarşısında dayandı.
– Salam. Bu Fatma xanımdı, təzə gəlib. Tanış olun.
– Allah səni güldürsün, ay Suzen. Çox qəribə insansan.
– Mən hər səhər bunlara dəyirəm. Bunlarla danışıram, hal-əhval tuturam. Onlar görür, eşidir, razılıqlar bildirirlər. – Bu zaman hardansa əsən meh yarpaqları titrətdi. – Bax, görürsən? Tərpəndilər, gördün?
Sonra bir müddət beləcə üz-üzə dayanıb susdular. Fatma çalışdı ki, fikrini cəmləyib dənizin səsini eşitsin. Axı necə eşidəydi, indi dənizin səsi gəlmirdi.
– Gəlmir...
– Nə gəlmir?
– Dənizin səsi. Gecə eşidirdim, indi səsi gəlmir.
– Dəniz uzaqdı. Gündüzdü. Dənizlə buranın arasında o qədər səslər var ki, keçib gələ bilmir. Fatma, mən heç belə danışqan deyildim. Sən xoşuma gəlmisən. Qu kimi yüngül, nazik ipək Şəki kələğayısına oxşuyursan. Ağ yelənli, yumşaq, mehriban kəlağayıya. Mən dünyaya gələndən nə ata görmüşəm, nə ana. Nə də dostum, rəfiqəm var. Özüm də it kimi hamıya çəmkirirəm. Neyləyim, hamı məndən qaçır. Kimi qorxur, kimi iyrənir. Yeməkxanada da yanımda oturan olmur. Qalır bu iki əncir ağacı. Bunların da əlacı yoxdur. Qaça bilmir. Sən də qaçacaqsan.
– Boy...niyə?
– Nə bilim. Biri deyəcək ermənidi, biri deyəcək cuhuddu, biri deyəcək adamyeyəndi. Biri deyəcək babayağadı.
– O süpürgəyə minən babayağa?
– Hə...
– Qadan alım ay Süzən, ver süpürgəni minim gedim Amerikaya dəyim, nəvəm Aslanı görüm, o turşumuş canını iynəyim, öpüm, qıdıqlayım, gəlim.
– Fatış, sənin cındır canında nələr varmış?!
– Fatış yox, Fatma.
– Süzən yox, Suzen – binadan zəng səsi gəldi – yeməyə çağırırlar.
– Mən hələ acmamışam.
Bir azdan zəng çalınanda Pavlovun itləri kimi acacaqsan, qaçacaqsan. Yeməyə gedək. Mənə bu başdan de, orda pərt olmayım. Mənnən oturmaq istəyirsən?
– Hə...necə bəyəm?
– Mən müdiri tanıyıram. O istəyəcək ki, sənə ayrıca qulluq olunsun. Böyüklərin qohumlarını çox sevir. Sən nazir mavininin anasısan axı.
– Ay Suzen, bəsdi mənə sataşdın.
Yeməkxana geniş, işıqlı bir zal idi. Masalar dörd adamlıq idi. Zalın küncündə kiçik bir masa divara söykənmişdi. Suzen o masaya doğru getdi. Masanın arxasında yalnız bir stul vardı. Suzen ağ plasmas stullardan birini götürüb masanın o biri başına qoydu.
– Hə, bu da sənin yerin.
Orta boylu, dolu, daha doğrusu, dəyirmi bir adam görkəminə, boyuna yaraşmayan bir çevikliklə zala girdi. Yeməkxananın tən ortasında dayandı. Əllərini başı üzərinə qaldırıb əl çaldı. Üç yüz altmış dərəcə fırlanıb gur səslə:
– Diqqət! Diqqət! – dedi – bu gün respublikamızın, ölkəmizin çox məşhur bir ailəsinin ağbirçəyi ocağımıza gəlib, ailəmizin üzvü olub. Özü bu sakit məkanda yaşamağı seçib. Bizi şərəfləndirib. Fatma xanım Məmmədlini alqışlayaq hamı əl çaldı. Fatma xanım qalxıb baş əydi. Dəyirmi adam eyni cəld hərəkətlə Fatma xanıma yanaşdı.
– Mənim adım Zöhrab müəllimdi. Buranın müdiriyəm. O başda sizə yer hazırlamışıq. Otağınızı da bu gün dəyişəcəklər.
– Zəhmət çəkməyin, sağ olun. Lazım deyil.
– Başa düşmədim, Fatma xanım.
– Mən elə burda oturacağam. Suzen xanımla da bir otaqda qalacam.
– Bizdən incimisiz?
– Xeyr, xeyr, Allah eləməsin. Biz Suzen xanımla köhnə rəfiqələrik. Görüşmüşük.
– Yox əşi, alqışlar – əl çalır – ağlagəlməz bir dostluq, alqışlar. Sizə nuş olsun!
Yerində burulğan kimi fırlanıb yeməkxanadan çıxdı. Fatma yalan danışdığına qıpqırmızı olmuşdu. Üzü od tutub yanırdı. Yanaqlarını ovuclarının içində tutub yalanının qızartısını gözlərdən gizlədirdi.
Suzen soyuqqanlıqla başını buladı:
– Ay qız fikir vermə, çörəyini ye.
Yeməkxanada boşqablara ehtiyatla toxunan çəngəl-qaşıq çıqqıltısından başqa heç nə eşidilmirdi.
Sarıqayalılar kəndi “Dəli” çayın üstündə yerləşirdi. Çayın yatağı kəndin səviyyəsindən beş-altı metr aşağıda idi. Çay kəndin içindən dolana-dolana keçsə də, ordan su götürən olmurdu. Çay yayda oğlanların, kişilərin hamamı idi, hay-küysüz yerlərində tənhalıq sevən cavanlar balıq tutmaq bəhanəsi ilə suya qarmaq atır, özləri isə xəyalının qanadlarında arzularının yaşadığı yerə uçurdular. Kəndin əsas suyu çayın dağdan endiyi yerdən ana arxla gəlirdi. Arx Sarıqayalılara kimi iki kənddən keçirdi. Bu çox da böyük olmayan arx üç kəndin əkin-biçinini, həyət, bacasını, baxçasını təmin edirdi. Dağın ətəyinə, arxın başlanğıcına kimi kəndlərin arasında arxın sahəsi bölünmüşdü. Kəndlər də öz sahəsini ailələrin arasında bölmüşdü. Arxın yatağı bir yaz qabağı, bir də payızda çöküntüdən, lildən-palçıqdan qazılıb təmizlənirdi. Bu arxın iməciliklə, çay boğazı deyilən yerə kimi qazılması, üç para kəndin su probleminin həlli Mirzə Hüseyn bəyin rəhbərliyi ilə olmuşdu.
Sovet hökuməti Mirzə Hüseyn bəyi, qardaşlarını, bacılarını sürgün elədi. Bəyin kiçik oğlu Ağasəf yaddan çıxıb xalasıgildə qaldı. O gecə xalası oğlu Saleh onu qonaq aparmışdı. Kəndə bəydən iki yadigar qaldı. Biri hər gün bir arpa boyu böyüyən Ağasəf idi, o biri də üç para kəndi keçib gedən ana arx. Sovetin gündə bir qanunu çıxırdı. Bəziləri yerinə yetirilirdi, bəziləri yox. Amma Mirzə Hüseyn bəyin ana arxla bağlı üç kənddə qoyduğu yazılmamış qanun illərdi hər yaz, hər payız səssiz-səmirsiz yerinə yetirilirdi. Hətta sonra artezian quyusu da qazıldı. Kəndin içməli su məsələsi həll olundu. İçməli suyun yükü arxın boynundan götürüldü. Amma arxa, onun qorunmasına münasibət dəyişmədi. Əslində, bu, arxa yox, elə Mirzə Hüseyn bəyin xalq arasında, yaddaşlarda qalan xatirəsinə hörmət idi, ona münasibət idi qorunub indiyə kimi saxlanmışdı. Ağasəfin üzünə də kənddə bütün qapıların açıq idi, hər evin süfrəsində Ağasəfin qarşısına ürəklə qoyulacaq dolu bir boşqab vardı. Doğrudur, Ağasəfin ucaboylu, yaraşıqlı olması bəzi tay-tuşlarını qıcıqlandırırdı. Amma onun açıqürəkliliyi, paklığı, uşaq kimi sadəlövhlüyü, lazım olan hər yerdə canla-başla çalışması, köməyi qığılcımların üstünə su səpirdi.
Kolxozun mədəni mərkəzi idarə idi. Kolxoz idarəsi. Onu da deyim ki, o zaman kəndə kolxoz deyirdilər. Əslində, bu, rusun iki sözünün ixtisarla birləşməsindən əmələ gəlmişdi: “kollektivnoye xozyaystvo”. Kollektivdən “kol” götürmüşdülər, “xozyaystvo”dan “xoz”. Olmuşdu kolxoz. Çox adam heç bunun mənasını bilmirdi. İdarənin ən yaxşı otağında kolxoz sədri otururdu. Bir böyük otaq da vardı, orda iclaslar olurdu. Birində tibb məntəqəsi idi. Orda da Elim doktor otururdu. Elim doktorun nərdi də vardı, dominosu da, daması da. Özü də bicin biri idi, baxırdı vəziyyətə: cavanlar çox olanda radiosunda bir oyun havası tapırdı, qocalar yığışanda bir muğamat tapıb analarını ağladırdı.
Əşrəf boynunda ağrı hiss elədi. Qələmi kağızın üstünə qoydu. Divar saatına baxdı. Gecə saat üçün yarısı idi. Gərnəşib belini düzəltdi. Başını sola, sağa fırlayıb boynunu ovxaladı. “Qəfər kişi də elə bilir əsər yazmaq dım-dım halvasıdı. Oturdun yazdın, oldun yazıçı, ay hay – axı bu yazdıqlarımın Avropa, Amerika, Türkmənistan, lap elə Azərbaycan oxucusuna nə dəxli var? Onların nəyinə gərəkdi ki, Sarıqayalılar kəndi hardadı? Ana arx belə getdi, artezian belə gəldi. Oturmuşam, gecə üçün yarısıdı, başım çattayır. Hələ heç nə deməmişəm. Əslində, əhvalat Süsənin kəndə gəlməsindən başlayır. Adama deyərlər elə ordan da başla da...”.
İndiki kimi gözümün qabağındadı. Köpək qızı elə bil od geymişdi. Yana-yana gəlirdi. İdarənin qabağında qarğa-quzğun kimi qırıldaşan camaatın səsi birdən xırp kəsildi. Elə bil qurbağa gölünə daş atdın. Milisoner Mustafa elə bil lalə ləçəklərindən don geymiş bir gözəli gətirirdi. Qız elə bil neçə illər həsrət olduğu doğma evinə gəlirdi. Gülürdü, bu elə-belə gülüş deyildi. Saçından, gözlərindən, kipriklərindən, yanağındakı batıqdan, yerişindən sevinc yağırdı. Adam elə bilirdi, gəlib hamını bir-bir qucaqlayıb öpəcək. Milisoner Mustafa hamı ilə salamlaşdı. Elim doktorun yanına getdi. Görüşdülər. Qızın haqqında nə isə danışdılar. Elim qıza otağı göstərdi. Qız ora keçdi, özü isə Mustafanın qoluna girib yola salmaq üçün həyətə endi. Mustafa hamı görə-görə baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtüb, pul ver işarəsi elədi. Milisoner Mustafanın ləqəbi manat Mustafa idi. Birinə salam verəndə də manat alırdı, salamını aldığından da bir manat alırdı, artıq versən götürməzdi. Elim güldü, əlini cibinə saldı.
– Sənə bu dəfə üçlük düşür, bu cür hədiyyə...
Mustafa onun sözünü yarımçıq kəsdi.
– Oha...saxla...boğazında qalar. Mənim manatımı ver. Özün də ehtiyatlı ol.
– Nə olub ki.
– Bu sirdi. Amma deyim. Qulağını gətir – Elimin qulağına nə isə pıçıldadıqca, Elimin gözləri bərəlirdi. Ağzı açılı qalmışdı.
– Yox əşi!!
Mustafa öz üzünə bir şapalaq vurdu.
– Bu ölsün! Şəxsi işdən özüm oxumuşam. Amma bax ha...bir daş altda, bir daş üstə, manatımı görüm.
– Burda nə qədər qalacaq?
– Hər şey yaxşı olsa, iki il. Özüm də gəlib dəyəcəyəm. Hər həftə mənə məlumat verəcəksən.
– Oldu. Qızın adı nədi?
– Süsən, Süsən xanım. Sənəti dərzilikdi. Orda şəfqət bacısı işləyib.
– Bilir da?..
– Hə, iki il işləyib, yəqin ki bilir, zirək qızdır, çalış yola ver.
– Bu da sənin manatın, al. Qərib adamdı. Heyvan-zad deyilik ki...yola verərik.
– Dəvə gördün, görmədim. Mən sənə heç nə deməmişəm ha...
– Başa düşürəm ey...nigaran olma, başa düşm əyənləri də başa salaram.
– Ay sağ ol, hələlik.
Gecə keçir, səhər yatıb qalaram. Bütün o olanlar kino lenti kimi gözümün qabağından keçir. Amma roman, povest, əsər, gördüklərimi qələmə almaq deyil. Çernuşevski deyir ki, “istedad həyatla bədii əsər arasındakı “məsafə”dir. Yəni o məsafə ölçünü keçməməlidir. Nə həyata çox yaxın, nə də həyatdan çox uzaq, qərədində olmalıdır – Bu zəhrimarın qədərini necə biləsən axı? Kim bilir axı bunu, necə ölçüm, kim ölçəcək mənim istedadımı? Bizim tənqidçilərin hərəsinin öz metri var. Heç birinin də ölçüsü bir-biri ilə düz gəlmir. Cəhənnəmə gəlsin. Qəfər kişi deyir, bizim kənddən çıxan yeganə böyük adamam. Heç olmasa cəhd eləyim, alınmıyanda alınmasın. Yox, gərək fikrimi cəmləyim. yadıma salım, düşünüm, Qəfər kişi ilə danışım, bildiklərini danışsın. Sonra görüm nə yaza bilirəm. Gecə keçdi, yatım. Gecənin xeyrindən sabahın şəri yaxşıdır – deyiblər, yatım.
Ardı var.




Bu yazı ( 517 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar