12px14px16px18px

Suzen Dark və ya məhəbbət piri

Fikrət QOCA
01:38 / 03.07.2010


Əvvəli ötən saylarımızda


Suzen heç vaxt, heç kəsə qiptə, xüsusilə paxıllıq etməmişdi. İndi eşidəndə Fatma oğlunun ad gününə gedir, elə bil içindən bir sızıltı keçdi. Xoş günündə, bəd günündə hər kəsin bir kəsi var. Hər kəsin bir sığınacaq yeri var. Doğma kimi yada saldığı, yadına düşdüyü bir adam var. Mən bu dünyada, bu cəmiyyətdə gördüyüm, tanıdığım insanlar arasında yad, kənar, uyuşmayan bir qisiməm. Mən heç kəsə, heç yerə bağlanmamışam. Heç kəs, heç bir yer məni özününkü saymır. Hər kəs məni bədxassəli şiş kimi kəsib atmaq istəyir. Mən yoldan doğulmamışam. Yəqin məni bir ata əkib, bir ana doğub. Onlar kim idi? Boyları-buxunları necə idi? Hansı dildə danışırdılar? Hansı dinə mənsub idilər? Ağasəfin öldüyünü biləndən sonra yuxumda hər gün onu görürdüm. Hər gecə gəlib qarşımda dururdu. Gülə-gülə “mən gəldim” deyirdi. Gülürdü, amma gözündən yaş əvəzinə qan axırdı. Barmağımla qanı silirdim, barmağımın arxasınca yenə qan süzülürdü. Nəhayət, eşidəndə ki, onun baş ağacı pöhrələyib ağac olub, pir olub- məhəbbət piri, gedib budağına niyyət eləyib, arzu tutub ip bağlayırlar, işləri düzəlir. Sevənlər qovuşur. Bir axşam mən də bir dəstəyə qoşulub getdim. İp bağladım. Ağasəfə ürəyimdə yalvardım. Dedim mənə kömək elə, sən əsl mənada safsan, mələksən. İndi dünyada səndən başqa məni sevən, düşünən insan yoxdu. Mənə kömək ol. Duaçım, yardımçım ol, mənim hardan gəldiyim, kimliyim bilinsin. Mənim ölümün, dirimin sahibi olan insanlar cəmiyyət olsun. İnsan meteroit deyil, başqa səyyarədən gələ düşə. Lap hardan olsam da, Allahın cazibəsindən kənar deyiləm. Yəni Allah da məni qəbul eləmir? Ağasəf, kömək elə mənə, bir yerdən yapışıb dayana bilim. Qarşıdan vahiməli ahıllıq, qocalıq gəlir. Qorxuram Əzrayıl da məni unuda, əzrayılım da özüm olam. İntihar etməyə məcbur olam. Ağasəf, ey başdan-ayağa nur olan insan, mənə kömək ol. – Ağacın budağına örpəyimdən bir parça cırıb bağladım. Sən hər gecə yuxuma gəlirsən. Bax, gəlmişəm. Yerində rahat yat. Rahatlıq tap, sən nur kimi təmizsən, bunu Allah da bilir, sən də, mən də bilirəm. Mənə kömək ol, Ağasəf. Dedim, qayıtdım. Doğrudu, yuxuma daha az-az gəlirsən. İllər kiçir, amma yenə insanlar mənə yaddılar. Keçmişimdən bir xəbər yoxdu. Keçmişi, kimliyi məlum olmayan insandan bədbəxt canlı yoxdu. O düyada da, bu dünyada da inandığım, güvəndiyim bir insan sən idin, sənin də mənə köməyin dəymədi. O gün mən ziyarətçilərin gözündən xəlvət o ağacın bir yarpağını öpəndə hardansa üzümə bir şeh damlası düşdü. Bütün bədənim ürpəşdi. Kənara çəkildim. Elə bildim göz yaşındı. Qorxdum bu da qan olar. Əllərimi üzümə tutub bir xeyli eləcə dayandım.
İndi daha sən də yoxsan, daha sən də yuxuma gəlmirsən. Fatmanın da mənimlə rəfiqəliyi oğlunun, qızının, nəvəsinin çağırdığı ana kimidi. Haqlıdı, nə demək olar. Təbii idi, evi var, ailəsi var, yer üzündə öz yeri var. Doğulduğu kənd, şəhər, ölkə var. Yoxsa mənim kimi? Yoldan tapılıb. Yetim evində böyüyüb. O ev, oxuduğum peşə məktəbi də mənə sahib çıxmayıb. Qəribə olsa da, bir türmədə münasibət görmüşəm. İndi bu yaşımda ora qayıdım? Yox. Əlac intihara qalıb. İndi bunu eləməsə m, sonra intihara da gücüm çatmayacaq. Daha rəzil vəziyyətə düşəcəyəm.
– Suzen, nə fikrə getdin? Qanın qaraldı. Tez qayıdacağam, bəlkə elə bu gecə, gec olmasa. Amerikada gündüz olanda burda çox gec olur. Aslanımla danışım. Səsini eşidim.
– Yox, yox, get, oğlunun ad günüdü. Təbrik elə. Yaxşı yol.
– Suzen. Mən soruşanlara köhnə rəfiqələrik deyirəm. Sən mənim bacımsan, bacım. Mən səni tək qoymaram, gələcəm. Mənim bacım, qardaşım, heç kəsim yoxdu.
Suzen kövrəlib üzünü yana çevirdi, Fatmanı qucaqladı, əli ilə Fatmanın kürəyinə vurdu.
– Get, get, Fatma, burdan nigaran qalma.
Fatma qapıdan çıxanda dönüb əl elədi:
– Uzaqbaşı sabah səhər gələcəm. Sabah tədbir var axı, şairlə görüş var.
– Yaxşı yol. Bilirəm. Qoca bülbüllər şeirlər əzbərləyib cəh-cəh vuracaqlar.
– Nə olar, biz də qulaq asarıq, hələlik. Fatma getdi. Suzen onun arxasınca örtülü qapıya bir zaman eləcə dayanıb baxdı “yorulmuşam yaşamaqdan. Vaxtı keçmiş ərzaq kimiyəm. Hamı məndən kənar keçir. Sanki mənimlə ünsiyyətdən zəhərlənə bilərlər. Zəhərlənə...zəhər...”-düşündü. Öləndə də elə ölmək lazımdır ki, səni görənlər meyidindən iyrənməsinlər. Bu həyatda gördüyüm sonuncu iş olacaq, səliqəli olmalıdı. Qadına yaraşan olmalıdı. Qadın ərdən də, dünyadan da boşananda yaddaşlarda gözəl qalmalıdı”.
lll
Əşrəf şair Azadla görüşün sonunda Suzen DaArk haqqında kitabı da təqdim etməyi fikirləşmişdi. Şair Azad ərki çatan ən yaxın adamları bu görüş üçün səfərbər etmişdi. Bir nəfər ayrıca öz maşını ilə Gülzar xanımın qulluğunda olmalı idi. Azad elə belə də demişdi.
– Müslüm, yetimlər evinin köhnə müdiri var, ünvanı da bu kağızdı. Əşrəf müəlllim onunla danışıb. Bu gün saat onikiyə Gülzar xanımı gətirərsən Qocalar Evinə. Sonra da gətirdiyin kimi, hörmətlə ha...apararsan evinə.
– Baş üstə, rəis!
Qəfər kişi bir gün əvvəl gəlmişdi. Gecəni Əşrəf onu özü qaldığı evdə saxladı. O da Əşrəfin kitabını oxudu, sonra səhərə kimi yata bilmədi.
Fatma xanıma darıxmaq gəlmişdi. Lap səhər tezdən oyanmışdı. Pəncərədən həyətə baxırdı. Ələsgər gələn kimi həyətə endi. Gəlib maşina oturdu.
– Hə! Gedək.
Ələsgər az qala pıçıltı ilə ona dedi:
– Fatma xanım, bosu işə qoyaq, ordan naxoy səni aparıram Bilgəyə.
– Mən on ikidə orda olmalıyam.
– Olacaq. Lələşin ölməyib, olacaq.
Fatma xanım əlini atdı ki, qapını açsın, maşının qapısı özü açıldı. Müdirin əli Fatma xanımın əlindən tutdu.
– Xoş gəldiz, Fatma xanım. Ehtiyatdı, yavaş, hə, bax belə. Sizi gözləyirik. Suzen xanım hələ otağından çıxmayıb. Sən demə o elə belə adam deyilmiş. Bugünkü görüş də ona sürprizdi. Amma özünə bir söz demə. Gətir tədbirə. Qoy sürpriz olsun.
– Bəyəm şair gəlməyib?
– Gəlib, şair də gəlib, başqaları da, hamısı heç demə Suzen xanıma görə gəlib ey...
– Heç nə başa düşmədim.
Valla mən də əvvəl heç nə başa düşməmişdim. Dünən Əşrəf müəllim mənə Suzen xanım haqqında yazdığı kitabı verdi, bütün gecəni oxudum. Oxudum, başa düşdüm, sən get onu gətir – kitabı oxuyub özümə söymüşəm.
Fatma xanım otağa getdi. Ələsgər müdirə yanaşdı. Müdir ona tələsdiyini əl cesti ilə işarə etdi. Sonra başını yuxarı elədi.
– Qonağım var!
– Başa düşdüm. Qatıq məsələsi qalsın sonraya.
Belələri bir-birini tez başa düşür. Tələm-tələsik maşına əyləşib həyətdən çıxdı.
Fatma xanımın ürəyinə darıxma gəldi. Az qala otağa qaça-qaça getdi. “Səhər yeməyinə gəlməyib, dünən dalımca baxanda gözləri xoşuma gəlmədi. Başqa söz tapa bilmədim, sən mənim bacımsan dedim. Allah təvdirini çaşdırmasın”. Otağa girdi. Süsən yorğanı başına çəkmişdi. Əli yorğanın altından çıxıb çarpayının yanından yerə sallanırdı. Yanında stulun üstündə bir xeyli dərman vardı. Sinəsində yığılıb tıxanıb qalmış səs boğazını cırıb partladı.
– Suzen!!! bacım vay!!! –qışqırıb iki əllləri ilə dizinə vurdu.
Suzen sakitilklə yorğanı üzündən qaldırdı. Dumduru gözləriylə Fatmaya baxdı. Pıçıltı ilə soruşdu:
– Nə bağırırsan?
– Zəhrimar nə bağırırsan, çor nə bağırırsan. Ödüm ağzıma gəldi. Bu nədi belə –dərmanları göstərdi.
Suzen durub çarpayıda oturdu.
– Hə, helə bir fikrim vardı. Elə indi də özümü haqlı sayıram. Amma sənin dünən gedəndə dönüb “sən mənim bacımsan” deməyin ixtiyarımı əlimdən aldı. Başa düşdüm, mən təkcə özümün deyiləm, həm də səninəm. İndi gördüm haqlıyammış.
İllərlə ayrılıqdan sonra görüşən doğma bacılar kimi qucaqlaşıb kövrəldilər. Tez özlərini ələ aldılar.
– Yaman qorxuzdun məni. Dur gedək.
– Hara!
– Necə yəni hara? Yeməkxanaya səhər də yeməyə getməmisən.
– Fiquramı qoruyuram.
– Eh, sənin fiqurana nə deyim, dur, tədbir var.
– Bircə şairim çatışmır.
– Ay qız dur, məni sənin dalınca göndəriblər.
– Kim?
– Hamı! Qonaqlar da, müdir də, kişili-arvadlı burdakılar hamsı. –
– Allah xeyir eləsin. Bir gecədə dünya dağılıb, təzədən yığılıb deyəsən. Ağasəf də yuxuma girmişdi. Təzə sağılmış süd kimi buğlanırdı, baxıb gülürdü.
– O kimdi?
– Gedək. Bu uzun əhvalatdı.
Yeməkxana bayram paltarı geymişdi. Hamı öz yerində oturmuşdu. Amma Fatma ilə onun oturduğu balaca stolu çəkib irəli açıqlıqda qoymuşdular. Stolun üstündə bir topa qırmızı qərənfil vardı. Onların stolu ilə üz-üzə dörd nəfər qonaq əyləşmişdi. Onlardan biri nisbətən gənc idi. Suzen xanıma tanış gəlirdi. Qalanlar yaşlı insanlar idi. Onların gəlişini alqışladılar. Suzen gecikdiyinə görə bu alqışlarla onu danlayırlar kimi başa düşdü, pərt olmuş halda Fatmaya baxdı. Fatmanın keyfi yaxşı olduğundan o da ruhlandı, keçib yerlərində oturdular. Nisbətən cavan oğlan ayağa qalxdı.
– Sizi qonaqlar adından salamlayıram – dedi. Əl çaldılar – Mən “İrəli” qəzetinin şöbə müdiriyəm. Məqalələr, esselər, hərdən bədii əsərlərlə də çıxış edirəm. Sizin burda tale yoldaşınız Suzen DaArk xanımla da qəzetmiz üçün neçə il əvvəl söhbət aparmışam. Yadınızda olar. Suzen başı ilə təsdiq etdi. Hamı əl çaldı. –Görüşümüzün ana xəttini şeirimizin ağsaqqalı Azad müəllimlə görüş təşkil edir. Həştadı keçmiş bu el ağsaqqalı bir zamanlar Bakı şəhərinin milis rəisi, o zaman milis polkovniki Azad Quliyev kimi tanınırdı. Fransanın xalq qəhrəmanı Canna Darkdan götürdüyü famili Suzen xanıma Azad müəllim verib, demək, Azad müəllimin qızı sayılır Suzen xanım.
Gurultulu alqışlar qopdu. Suzen əllərilə üzünü gizlədib ayağa qalxdı, baş əydi, əyləşdi.
– Qəfər müəllim Ağdaş rayonunun Sarıqayalılar kəndində tarix müəllimi işləyib. Bu görüşün təşkilində – əlindəki kitabı havaya qaldırıb hamıya göstərdi – və Suzen xanım haqqında bu kitabı yazmağımda mühüm rol oynayıb –Yenə gurultulu alqışlar qopdu – Görüşün sonunda Azad müəllimin yeni şeirlər kitabından da, bu kitabdan da sizə paylanacaq. Nəhayət, sizə təqdim edəcəyim bu xanım Azərbaycanda ən çoxuşaqlı anadır. 48 il bir nömrəli uşaq evinin – müdiri deməyə dilim gəlmir, müdir soyuq sözdü – anası olub Gülzar xanım.
Elə bu sözü demişdi ki, Gülzar xanım qollarını açıb istədi ayağa qalxsın, qalxa bilmədi. Xırıltılı səslə Suzenə:
– Qucu, qucu, qucu, cubpılı balam, qucuma gəl-gəl!
Elə bil Suzenin beyninin içində nə isə partladı. Bütün ötüb keçən illər, hadisələrlə bağlı yaddaşı, hətta o illərdən bəri artan yaşı da yoxa çıxdı. Oldu balaca Süsən. Kim isə ağladanda Gülzar ananın üstünə qaçan Süsən. Bu açılmış qucaqdan əziz dünyada heç nə yox idi. Bu, ana qucağı idi. Süsən yaşına, boyuna yaraşmayan uşaq qaçışı ilə Gülzarın üstünə qaçdı. Onu qucaqlayıb başını onun sinəsinə sıxdı. Nəfəsinə qəribə bir isti, isti yox, mehriban xatirələrlə dolu bir hərarət hopdu, ana hərarəti. Döyüldükcə, qovulduqca, təhqir olunduqca ana qucağına sığınmaq, qızınmaq istəmişdi. Bu qucaq olmadığından kini, nifrəti, qəzəbi daşlaşıb sinəsində qalıb. Bu hərarət Süsənin canındakı o daşı-buzu bahar günəşi kimi əridirdi. Süsən uşaq kimi hıçqıra-hıçqıra ağlayırdı. Gülzar xanım da onun başını tumarlaya-tumarlaya nə isə pıçıldayırdı. Xəyalında isə yüzlərlə, minlərlə ağlayan uşağın başını sığallayırdı. Bu sığal altında indi Gülzar xanımın özünün də gəncliyi, həyatı ağlayırdı. Zala elə bil su səpmişdilər. Sükutu pozmamaq üçün hamı nəfsini də içinə çəkmişdi. Kimsə əl çaldı. Bu, bəndi-bərəni aşmış bir selin ilk damlası idi. Sonra elə bil ildırım çaxdı, divarlar titrədi, ağlayanlar da əl çalır, əl çalanlar da ağlayırdılar. Buradakıların hamısının uzaq illərdə qoyub qaçdığı keçmişi qayıdıb gəlmişdi.
Fikrət QOCA




Bu yazı ( 478 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar