12px14px16px18px

Suzen Dark və ya məhəbbət piri

Fikrət QOCA
02:21 / 26.06.2010


Əvvəli ötən saylarımızda


Əşrəfə qapını Gülzar xanımın nəvəsi açdı. Qız on beş yaşında olardı. Əşrəf Gülzar xanıma bir şokolad qutusu almışdı, bir dəstə çiçək. Qutunu qıza verdi. Qız həvəslə qutunu aldı.
– Xoş gəlmisiz.
– Sağ ol. Adın nədi?
– Gülzar.
– Deməli, balaca Gülzarsan.
– Balaca niyə oluram? Nənə, yazıçı gəldi.
– Qapıda saxlama, xoş gəlib.
– Gəlin.
– Ayaqqabımı çıxardım.
– Nənəm dedi ki, siz ayaqqabılı gələ bilərsiz.
Əşrəf ayaqqabısını çıxartdı.
– Şapşap verim, geyin.
– Yox, belə yaxşıdı. İçəri keçdi –Gülzar xanım çarpayıda oturmuşdu – Xəstə olduğunuzu bilmirdim – gülləri Gülzar xanıma verdi – Sizə zəhmət verdim.
– Yox, yox, xəstə deyiləm. Bu xəstəliyin adı qocalıqdı. Xoş gəlmisən. Adamı qocaltmaq istəyirsən, təqaüdə göndər. Ordan əyləş, stulu çək. Hə, bax belə. Deyirəm durum ayağa, durub neyləyəcəyəm? Qırx ildi bu binada yaşayıram. Səhər gedib axşam yatmağa gəlmişəm. Heç kəsi tanımıram. A bala, çay gətir. Bu nəvəm olmasa, lap bağrım partlayardı. Saldım səni çənəmin altına, aman vermədim sən də bir söz deyəsən. Hansı qəzetdənsən dedin?
– “İrəli” qəzetidi.
– Hə, o iqtidar qəzetidi da...
– Bəli, iqtidar yönlüdü.
– Nə yazmaq istəyirsən? Gözümüz qorxub ey. Şirin dillə danışdırır, sonra gedib ağzına gələni döşüyür.
– Yox, Gülzar xanım mən, ümumiyyətlə, yetimxana...
Gülzar xanım ciddi görkəm alıb onun sözünü kəsdi.
– Yetimxana yox, uşaq evi. Biz sağıqsa, onlar niyə yetim olur?
– Bağışlayın, haqlısız. Mən məqalə yox, bu mövzuda kitab yazmaq istəyirəm. İstəyirəm deyəndə, yazmışam. Sizin də haqqınızda orda xeyli xoş gözlər var. Bu evdə böyüyənlərdən bəziləri sonradan ad-san sahibi olub.
– Bəli, bəli. Qırx üç il bu vəzifədə çalışdım. Əvvəl deyərdim mənə bir Sosialist əməyi qəhrəmanı verərlər. Gördüm yox, dedim yəqin bir orden verərlər, onu da vermədilər. Dedim medal da olsa verərlər. Axırda məni öz evimə istirahətə göndərdilər. Acı-acı güldü – bu da mənim sağ olum.
– Sizin sağ olunuz o uşaqların sizə Gülzar ana deməsidir.
– Hə, o var. Bir dəfə bir məclisdə təsadüfən mənim böyüklü-balacalı on üç uşağım üstümə qaçdı, qucaqladılar, öpdulər. Yanımda oturan arvad dedi evin tikilsin arvad, sənin doğmaqdan başqa peşən yox idi? Hə, Azərbaycanın hər yerində mənim uşaqlarım var. Amma mənə qalan bu balaca Gülzardı.
– Vay, çay qaynadı –Gülzar mətbəxə qaçdı.
– Bu da, hə, qaçan yeri yoxdur, qaçmır.
– Gülzar xanım, mən bir-iki şeyi dəqiqləşdirmək istəyirəm. O şeyləri ki, sizdən başqa mənə onu heç kəs deməyəcək. Çünki heç kəs bilmir.
– Soruş bala. Bilirəmsə, deyərəm.
– Sizdən peşə məktəbinə gəlmiş qəşəng, qeyrətli bir qız milisi bıçaqlamışdı, yadınızda olar.
– Yadımdadı. Hə, yadıma gəlir. O vaxt mən də məhkəməyə o qız haqqında yaxşı xasiyyətnamə vermişdim.
– Adı Süsən idi.
– Bəli, yoldan tapmışdılar. Familini də Yolçuyeva yazdıq.
– Onları bilirəm. O qızın atasının, anasının adını bilmək istəyirəm.
– Mən də bilmirəm, adını bilmirəm.
– O zaman çətin illər idi. Hər yerdə düşmən axtarırdılar. İndi hər şey keçib gedib. Tutulanlar, ölənlər bəraət qazanıb. Axı mən yoldan tapıblar yaza bilmərəm. Özüm də billə-bilə, siz bilirsiz –yoldan tapılan uşaq o qeyrətin sahibi ola bilməz. Onun qanında kiminsə sağlam qanı var.
– Nə deyim, yaman yerdə yaxalamısan məni. İndi mən deyənlər dəftər-kitabda yazılmayıb. Bizim bir qohum vardı, papaqçı. Sonsuz idilər. Bir ziyalı ailə ilə qonşu idilər. Onlar kinoya, teatra gedəndə, uşağı Xanım həvəslə saxlayırdı, oynadırdı. İkisi də xaricdə oxuyub gəlmişdilər. Adını bilmirəm, arvadın familii Şahsuvarova olub, kişi də Əbilov imiş.
– Qonşu olasan adını bilməyəsən, eşitməyəsən.
– Soruşdum, dedilər ər-arvad bir-birinə famili ilə müraciət edirmiş. Əbilov, Şahsuvarova deyirlərmiş.
– Qəribədi.
– Bəlkə elə bu qəribəliklərinə görə onlardan şübhələniblər. Axı fəhləyə, kəndliyə oxşamayanlar hamısı “kontura” sayılırdı. Tanış olanda hamı adın deyirdi, bunlar familiyasını. Üstəlik də, arvad ağ tor əlcək geyirdi. Şlyapa qoyurdu.
– Onları niyə tutublar?
– Nə biləsən. Ağ qarğaya oxşayırdılar, yəqin onları da Fransanın şipiyonu kimi tutublar. Teatrdan gələndə qapının ağzında götürüb gediblər. Uşaq qalıb Xanımda. Amma qəşəng, istiqanlı uşaq idi. Necə oldu? Sağdı?
– Nə bilim, görək, araşdırıram. Sizə də zəhmət verdim. Mən gedim.
– Nə tez . yemək hazırlamışıq. Bilirsən məndə nə maraqlı materiallar var, hazır romandı.
– Gülzar xanım, mən mütləq sizə gələcəm. Söhbətləşərik.
Bir müddət Əşrəfin axtarışları arzu etdiyindən də uğurlu oldu. Süsənin məcburi əmək işi bitən yerdə isə, qız da yoxa çıxdı. Elə bil belə adam heç olmayıb. Nə ölüsü, nə də dirisi haqqında Əşrəf heç bir məlumat tapa bilmədi. Bakı şəhər milis idarəsində, onun arxivində Süsən haqqında bilən olmadı. Əşrəf arxiv idarəsində qoca bir milis polkovniki ilə görüşdü. Söhbətləri tutdu. Məlum oldu ki, polkovnik Əzim Həsənov da cavanlığında yazı-pozu ilə məşğul olub. Yaxşı vəzifələrdə çalışıb. Yeganə oğluna kiçik toy elədiyinə görə rəhbərlik onu cəzalandırıb. Əvvəl bir müddət sərəncamda saxlayıblar, hay-küy sovuşandan sonra onu arxivə rəis müavini qoyublar. O, Əşrəfin əhvalatını maraqla dinlədi. Sonra məsləhət bildi ki, Bakı şəhər milis rəisi olmuş şair Azad Quliyevi tapsın. O, şair idi, mütləq bu hadisədən xəbərdar olmuş olardı. Əlavə elədi ki, mənim milis sistemində qalmağıma da səbəb o oldu. Çox humanist adam idi. Məni arxivə işə göndərən də o idi. Mənə dedi, get otur arxiv qovluqlarının arasında, səsin də çıxmasın, görən də olmasın səni. İndi təqaüddədi. Çox vaxt bağda olur. Şeirlərindən bir-ikisini əzbərlə, yeri gələndə əzbər de... O bir çarə qılar.
Əşrəf əvvəl bağ evinə zəng etdi. Dəstəyi Azad müəllim özü qaldırdı.
– Azad müəlllim, sizi “İrəli” qəzetindən Əşrəf Sarıqayalı narahat edir.
– Eşidirəm sizi – Azad müəllim çox soyuq qarşıladı Əşrəfi – Nə münasibət ilə zəng etmisiz?
– Azad müəllim, milis polkovniki kimi siz təqaüdə çıxa bilərsiniz. Amma şairlikdən təqaüdə çıxmırlar. Bilmək istəyirəm yaradıcılıq sahəsində nələr var?
– Bu telefon söhbəti deyil axı.
– Yox, əlbət ki, telefon söhbəti deyil. Mən istədim siz mənə vaxt təyin edəsiz, harda görüşə biləcəyimizi deyəsiz. Əlbət ki, münasib bilsəniz.
– Olar, olar! Gəlin elə bağda görüşək.
– Nə vaxt gələ bilərəm?
– Günü sabah. 24 nömrəli avtobusa min. Bazarın yanında düş. Dəniz tərəfə, bazarın arxasına keç! Orda kimdən soruşsan, bağı göstərəcək.
– Sağ olun. Sabaha kimi.
Elə telefonda danışa-danışa Azad haqqında kiçik bir portret oçerk yazmağı qərara aldı, adını da elə həmin an düşündü “ Polkonik Azad Quliyevin bağında şair Azadla söhbət”. Yaşlı insandı, istifadə edib heç nə yazmasam özünü təhqir olunmuş sayar. O məndən inciməsə də, özüm-özümdən inciyərəm.
lll
Səhəri gün Azad müəllimin bağ evində oturmuşdular. Haylı-küylü şəhərdən cəmi otuz kilometr kənarda yerləşən bağda elə sakitlik vardı, adam danışıb sükutu oyatmaq, səksəndirmək istəmirdi. Əşrəf bir müddət bağa göz gəzdirdi. Yerə tökülmüş sarı yarpaqların arasından, şehdən, çiskin yağışdan islanmış qumdan, köməc-köməc yamyaşıl cincilim cücərib qalxmışdı. Albalı ağacı yarpağını tökmüşdü, eyni zamanda yeni xırda yarpaqlar da açmışdı. Əşrəf sinə dolusu nəfəs aldı. “İlk baharla son baharın görüşən anında, görüşən yerindəyəm” düşünürdü.
– Payız isti keçir, ağaclar aldanıb yarpaqlayır, biri çiçək də açmışdı. Ağaclar belə aldananda bəzən gələn bahar quruyur.
– Bəzən insanlar da belə olur.
– Olur, amma inanmayıb yaşamaq, adam olmaq çətindi.
– Şair dostlarınızdan gəlib-gedən olurmu?
– Bağda ərik var idi, salamməleyk var idi. Eh, bu bağda, bağ nədi, şəhərdə sərxoş şairləri milis ayıltmaya aparanda deyirdilər Azadın dostuyuq. Gətirirdilər, üst-başını təmizlədib, bəzilərini kabinetimin arxasında yatızdırırdım. Ayılanını maşınımla evinə yollayırdım. Öpüb yalayırdılar məni, atamsan, qardaşımsan, bəzi də dədəmizsən deyirdilər. İndi üz-üzə gələndə özlərini görməməzliyə vururlar.
– Hər halda, hamsı belə olmaz.
– Əlbət ki, yox! İndi mənə hərdən sənin kimi eləsi hörmət eləyir, vəzifədə olanda məndən nə xahiş eləyib, nə də mənim ona hörmətim dəyib.
– Burda darıxmırsız? Belə tək.
– Yox, neçə illərin haylı-küylü iş günlərinin ağrısını canımdan çıxarıram. Yazdıqlarıma bir də baxıram.
Bir Leylisiz Məcnun vardı
Bu dünya başına dardı.
Yel gətirdi, sel apardı.
Nə gördü dünyada yazıq,
Yazan niyə belə yazıb?!
Yazan burda, bu sakit yerin qərib axşamlarında sualınıza cavab vermədi ki?
– Lap cavanlıqda yazmışdım bu şeiri – Kövrəldiyini gizlətmək üçün üzünü yana çevirdi. Dərin nəfəs aldı. Gözünü sildi – qocaldıqca adam sentimental olur. Heç nədən tez-tez kövrəlir.
– Siz Allah yaxşı, Azad müəlllim. Bu kövrək hisslər “heç nə” deyil axı. Siz yəqin bunu yazanda da kövrəlmisiz.
– O zaman yox, amma indii bəzi şeirlərimi oxuyanda kövrəlirəm. Kitabımı hazırlayıram. Bir şey yazsan, üzünü mənə ver. Kitabın əvvəlinə ön söz kimi qoyum. Kitab hazırdı. Tez yazsan...
– Bir-iki günə gətirərəm – düşündü, indi Süsən haqqında soruşa bilmərəm. O saat başa düşəcək ki, elə ona görə gəlmişəm. Qəlbinə toxunar, bu böyük səhv olar. Məqalə yazım. Gətirəndə deyərəm bir dostum bildi ki, sizinlə görüşəcəm, xahiş elədi ki, Süsən haqqında sizdən soruşum. Görək necə öyrənmək olar. Əşrəf bu kəşfinə görə özü də sevindi.
– Çox yaxşı olar.
– Onda siz yeni kitabdan bir neçə şeir verin məqalədə misal gətirim. Yaradıcılığınıza yaxşı bələdəm. Yeni nümunələr olsa yaxşıdı.
Bir neçə gündən sonra yenə Azad müəllimin bağında üz-üzə oturmuşdular. Kitabı nəzərdən keçirdilər. Azad müəllim Əşrəfin yazdığı giriş sözünü oxuyub çox bəyəndi. Əməlli-başlı kefi kökəlmişdi.
– Bu dəfə çörək yeməmiş getmək yoxdu.
– Baş üstə.
– Hələ bir yüz-yüz də kitabın hazır olması şərəfinə vurmalıyıq.
– Qonaq ev sahibinin dəvəsidi, harda “xıx” deyər, orda da durar.
– Çox gözəl, xoşum gəldi səndən.
Əşrəf başa düşdü ki, mətləbə keçməyin vaxtıdı.
Ardı var...
Fikrət QOCA




Bu yazı ( 554 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar