12px14px16px18px

Suzen Dark və ya məhəbbət piri

Fikrət QOCA
02:42 / 12.06.2010


Əvvəli ötən saylarımızda

Yeməkxanadan çıxanda Suzen astaca pıçıldadı:
– Yeməkdən sonra hərəkət eləmək yaxşıdı. Bir az həyətdə gəzinsək pis olmaz.
– Nə deyirəm – Fatma hiss eləyirdi ki, hamının diqqət mərkəzindədi. Bilirdi ki, Suzenə görə ona yanaşmırlar. Suzen də yaxşı bilirdi qoca arvadların, elə kişilərin də ürəyini söz deşir. Təkliyə düşən kimi yazıq Fatmanın başına suallar yağacaq. Hərə öz məsləhətini verəcək. Deyəcəkdirlər, axı sən nazir müavininin anasısan. Suzen kimi adamla oturub-durmaq, hətta bir otaqda qalmaq sənə heç yaraşmaz. Yaxşı, müdir səhv eləyib səni Suzenlə bir otağa salıb. İndi səhvini düzəldib. Sənə başqa otaq təklif eləyir, başqa yemək stolu göstərir. “Yox, bura yaxşıdı”. Suzen yaxşı bilirdi bir balaca aralansa, Fatmanı araya alacaqlar. Biri deyəcək sənin ad-sanına yaraşmaz. Müdir özü sənin üstünə qaçır, başına dolanır, qulluq göstərir. Sən yapışmısan Suzenin ətəyindən. Deyəcəklər “Suzen ermənidi”, “Suzen cuhuddu”, “Suzen rusdu”, “Suzen dəlidi”.
– Gör nə hündürlükdə hasar çəkiblər. Adamın ürəyi darıxır. Nə olub axı? Bizi insanlardan qoruyurlar, yoxsa insanları bizdən qoruyurlar?
– Bu qalanın kökü insanların beynindədi bacı, bacı ha...İlk dəfədi kiməsə bacı deyirəm. Bağışla.
– Bağışla nədi. Çox yaxşı. Bacı sözünün nəyi pisdi?
– Bacı sözü yaxşıdı, mən yaxşı deyiləm. Sənə deyəcəklər, Suzen ermənidi, rusdu, cuhuddu, moltanıdı...Yox, təmiz müsəlmanam.
– Lap erməni də olsan fərqi yoxdu. Mənim üçün yaxşı insan var, pis adam var.
– Mən ilk dəfədi hiss eliyirəm, kiminsə xoşuna gəlmək istəyirəm. Bilirəm, mən aralanan kimi nələr deyəcəklər.
– Nə deyirlər-desinlər, qulaq asacam, sonra da deyəcəm: yaxşı tanıyıram, köhnə rəfiqəmdi.
– Ha-ha- ha- Suzen bərkdən güldü. Yeməkxanadan çıxanlar gülüş səsi gələn tərəfə baxdılar. Gülənin Suzen olduğunu görüb məəttəl qaldılar. – Ömrümdə türmədən sonra heç belə gülməmişdim.
– Boooy, bacı, sən türmədə də olmusan? Orda neynirdin?
– Heç, ekskursiyaya aparmışdılar.
– Dolama məni.
– Yox cavanlıqda bir qələt eləmişdim. İndi də peşman döyüləm. Dörd il iş vermişdilər. Gülməli də olsa ömrümün xoşbəxt illəri orda keçib.
– Can bacı, –Fatma onu qucaqladı – ürəyimi Qana dönədərdin.
– Amma onu burda bilən yoxdu, heç müdir də bilmir. Bu söhbət aramızda qalsın.
– Arxayın ol, elə bil quyuya daş atmısan.
Suzen söhbəti dəyişdi.
– Fatma, bu divar, bu qala ki var, əslində, insanların içindəki eqoizmin heykəlidi. “Bu ərazi mənimdi” demək onun hikkəsini soyutmur, onu təsdiq eləyən sənədlər gözünü doyurmur, qala çəkir, ərazini hasara alır. Bura mənimdi hikkəsini Daşa döndərir. Axı bu torpaq təkcə bizim deyil, qarışqaların, atların, böcəklərin, incil ağaclarının, damdakı göyərçinlərin də, bu torpağın üstündə, altında görüb-görmədiyimiz canlıların da bizim qədər hüququ var. Bu qalanı çəkəndə onlardan soruşmuşuq? Bu sərhədləri çəkəndə yer üzünü yaradan Allahdan soruşmuşuq? Başdan-ayağa hikkəyik. Mən gedim bir az otaqda uzanım. Bu ürəyini söz deşənlər girəvə tapsın sənə yaxınlaşmağa. Sənə səbr, dözüm arzusu ilə...
–Suzen, sən mənə türmədən danışacaqdın. Bəs nə oldu?
– Danışaram da... hara tələsirik. Elə bura da türmədi. Ömürlük türmə. Danışmağa vaxtımız olacaq.
Suzen altdan-altdan fikir verirdi, o, uzaqlaşdıqca ətrafdakılar Fatmaya yaxınlaşırdı. “Yazıq Fatma indii o qədər səfeh suallar, çürük öyüd-nəsihətlər eşidəcək ki. Fatma da o qədər yazıq deyil. Hər sözə – booy, – deyib onları ürəyində dolayacaq”.

lll
Axşam Elim evə gələndə Nazlının qaş-qabağı yer süpürürdü. Elim Nazlını qonşu rayondan bir ilə yaxın idi götürüb qaçmışdı. Hələ Nazlının ailəsigilə barışığa getməmişdilər. Əhd eləmişdilər: “qucağımızda bir uşaq gedərik”. Nəhayət, Nazlı üç ay idi hamilə idi. Nazlı arada-bir xəlvət anası ilə telefonla danışırdı. Anasına bu şad xəbəri deyəndən, burda Nazlı, orda da anası günləri, ayları sayırdılar. Vaxt da qurbağa udmuş ilan kimi sürünüb keçib getmək bilmirdi. Nazlı qəsdən dabanını döşəməyə döyə-döyə yeriyirdi ki, Elim onun çox hirsli olduğunu başa düşsün.
– Nazka, xeyir ola. Havan adam yıxır. Nə olub?
– Nə zəhmətdi çəkib evə gəlmisən. Elə yatıb qalaydın o qızın yanında.
– Bu bədbəxtin qızı dörd-beş saatdı kəndə gəlib, bütün kənd adamı dəyib bir-birinə. Neynəyim? Mənə baş həkim işçi göndərib. Ona ev tapmalı idim. Gətirdim Ağasəfin boş qalmış evinə. O iki evin arasında uşaq qalıb tək.
– Hə...Əlbət ki, həm də sənə yaxın olar.
– Nazka, bu helə adam döyül.
– Əlbət ki, elə adam deyil, deyir tumanının qırmızısı göz deşir.
– Tuman deyil, dondu.
– Ay gözüm aydın.
– Nazka, bəsdi. Məni hövsələdən çıxarma, nazlı, nazlı, bu qədər də nazlı yox da... Acam, yemək gətir görüm.
– Yemək vermədi?
– Dedim ki, bu elə adamlardan deyil. Başa düş.
– Nədi? Prinsesadı?
– Ay qız, bu başqa adamdı.
– Bu başqa adamı sənin yanına niyə göndəriblər? Rayonda qırx kənd var, hərəsində də bir həkim məntəqəsi.
– Baş həkim mənim xətrimi çox istəyir. Milis rəisi ilə məsləhətləşiblər. Məni məsləhət biliblər.
– Milisin nə dəxli var?
– Dedim da, bu elə adamlardan deyil – Səsini aşağı salıb az qala pıçıltı ilə, əsəbi dilləndi – Türmədən çıxıb, dörd il iş veriblər, ikisini türmədə çəkib. Özünü yaxşı apardığına görə iki ilini məcburi əməklə əvəz eləyiblər. Amma gərək kənddə işləsin. Şəhərə getməyə ixtiyarı yoxdu.
– Vaxsey, qıza...bu neyleyib helə?
– Bu sirdi ha...danışmaq olmaz.
– Mən lal. Mumladım. Neynəyib axı?
– Nazka, qazın yatdı.
– Hə, Eliş, neyləyib, ürəyim partladı, de görüm neyləyib? De...mənə darıxmaq olmaz – əlini qarnına vurub – buna görə həyəcan keçirə bilmərəm.
– Yaxşı Nazka, bax ha... qulağını bura gətir...
– Evdə kim var ki eşitsin, danış.
– Uşağımız eşidər.
Nazlı gülüb onun boynunu qucaqladı, qulağını Elimin ağzına yaxınlaşdırdı. Elim pıçıldadıqca Nazlı həyəcanla “Yox aaa! Vay! Vay! Vaxsey!...vay...vay”.
– Bəs ona neyləyiblər?
– Heç nə, milisdən qovublar. Partiyadan çıxarıblar. Tısbağanı ya öldürdün, ya da arxası üstə çevirdin, nə fərqi var. Mənə yemək ver. Yazıqdı, o qıza da bir şey apar yesin, yəqin bütün günü acdı.
– Adı nədi?
– Süsən, Süsən xanım de. Qoy şellənsin. Bax ha, türmədən-zaddan söz salma.
– Helə şey olar?
– Qorxmazsan ki?
– Niyə qorxuram, mənim nəyimi kəsəcək...
– Hi-hi-hi. Ay səni Nazka, aləmsən vallah...
Nazlı çörək, qatıq, pendir, soyutma yumurta götürüb qonşu həyətə keçdi. Nazlı son vaxtlar heç hind kinosuna da belə böyük həvəslə getməmişdi. İşıq yalnız Süsənə verilmiş mənzildə yanırdı. Düşündü ki, “Ağasəf yəqin yatıb”, qapını döymək heç ağlına da gəlmədi, içəri keçdi. Ağasəf qapının yanında oturub Süsənə gözünü zilləmişdi. Nazlını görüb ayağa qalxdı.
– Gəlinbacı, xoş gəlmisən.
– Sağ ol. Siz də xoş gəlmisiz Süsən xanım. – Əlindəki sinini stolun üstünə qoydu. Üstündən örtüyü götürdü. Yeməyi görüb Süsənin gözləri parladı. – Ədə, nə ağzını ayırıb qıza tamaşa eliyirsən, get samovara od sal. Quru çay yadımdan çıxıb. Get bizdən çay gətir.
– İndi, bu saat, samovarı çöldə qoyum?
– Əlbət ki, evdə bizi tüstüdə boğarsan. Qaç.
Bu ucaboylu, enlikürək, nəhəng oğlan uşaq hərəkəti ilə çölə qaçdı.
Süsən onun arxasınca baxıb gülümsündü.
– Qəribə oğlandı, bayaqdan gəlib oturub qapının ağzında, gözlərini döyə-döyə mənə baxır.
– Ay qız, oğlan nədi? Ağasəf uşaqdı, boyu çıxdığına baxma, 17 yaşı gələn Novruz bayramında olacaq. Sulu yerin qamışı kimi vızz eləyib çıxıb göyə, Allaha pay aparır. Baxırsan, maşallah yekə kişidi. Amma ağlı uşaqdı hələ.
– 17 yaşı var? Maşallah, deyirəm axı, baxışı dumdurudu. Yaxşı ki, gəldin, yoxsa durub getmək heç ağlına da gəlmirdi. Burda lampa da yox idi., getdi öz evindəkini çıxardıb gətirdi. Lovğalandı “mən qaranlıqda yatıram, qorxmuram” –dedi. Elə bəlkə uşaq qorxurmuş, ona görə durub getmirmiş?
– Səni görüb mən arvadlığımla sənə vurulmuşam. Çörəyə dəvət eləmək yadımdan çıxıb. Yaxın otur. Bu sənin payındı. Mənə baxma ye! Adım Nazlıdı, Elimin arvadıyam, Elimin.
– Hə?... Çox yaxşı. Tanış olmağımıza şadam.
– Mən də. Tibb bacısısız?
– Yox, əslində, dərzilik üzrə peşə məktəbini bitirmişəm. Sonra həkim yanında çalışdım. Yara sarımaq, nə bilim, belə şeylər. İki il işlədim. İndi bəzi şeyləri bilirəm. Göndərdilər burda Elim doktorun yanına.
– Elim yaxşı həkimdir, kənddə hamı onun başına and içir. Hörmətini saxlayır.
– Bəs siz yemirsiz? –Süsən stola yanaşdı, təndir çörəyini götürüb qoxladı – Oxqay, nə gözəl ətri var.
– Sən ye, biz – deyib əlini qarnına çəkdi – bundan bir az əvvəl yemişik.
– Xəbər var?
– Hə. Üç aylıqdı.
– Sağ-sağlam olsun, salamat qurtar, təbrik edirəm. Yaman acmışam. Gözəl pendirdi. Çox sağ ol, Nazlı bacı. Nə gizlədim səhərdən acam.
– Biz lap yaxındayıq. Nə sözün, nə çətinliyin olsa, gəl. Hər şey yaxşı olacaq. Deyirsən dərzisən?
– Hə, amma çoxdandı məşğul olmamışam.
– Boş vaxtında bizə don tikərsən.
– Tikiş maşınım yoxdu.
– Eliş mənə alıb. Zingerdi. Köhnədi, amma deyirlər yaxşı maşındı.
– Hə, o məşhur firmadı. Parça alarsan görək nə çıxır.
– Əla, bəxtimiz gətirdi – Yenə əlini qarnına çəkdi – əsas buna görə deyirəm, çoxlu pal-paltar lazım olacaq. Səni Allah mənim üçün göndərib. Qaldı Ağasəfə, tərbiyəli uşaqdı, avamdı, nə tapşırsan onu da eliyəcək. Yatmaq vaxtında ona de ki, get yat, gedib yatacaq.
– İndi siz deyəndə başa düşdü. Yoxsa baxırsan, maşallah yekə kişidi. Oturub qalıb yanımda. Qatıq da ləzzətlidi. Getmir, get deməyə də adam qıymır.
– Öz camışımızın qatığıdı. Çörəyi də özüm bişirmişəm.
– Əlin-qolun var olsun. Nazlı, çətini bura kimi idi. Qalanını özüm idarə edərəm. Sən də o qarnındakı cavan oğlanı apar yatızdır.
–Allah ağzından eşitsin. Oğlan olsun. Sənə yaxşı bir hədiyyə məndən.
Ağasəf əlində çay, qənd otağa girdi. Tövşüyə-tövşüyə onları stolun üstünə qoydu. Süsənin çörək yediyini görüb təəcüblə baxdı.
– Hə, Ağasəf, nə oldu?
– Heç-heç – Ağasəf elə bil səksəndi – gülümsünü bpıçıltı ilə – çörək yeyir – dedi.
– Yoxsa elə bilirsən qəşəng qızlar çörək yemir?
– Yox, gəlinbacı. Bilirəm yeyir. – Ağasəf çaşdı – bilirəm yeyir. Samavar indi qaynayar. Gətirim?
– Hə, Ağasəf, samavarı gətir, çay dəmlə.
– Özüm dəmləyərəm – Süsən udquna-udquna dedi.
– Ağasəf, stəkanları da gətir, özün də çay iç, çörək ye.
– Yemişəm.
– Lap yaxşı. Çay da iç, sonra get öz otağına yat. Qız yorulub, qoy yeyib-içib dincəlsin. Yaxşı?
– Hə, yaxşı, gəlinbacı. Gedim stəkanları gətirim – otaqdan çıxdı. Süsən Nazlıya baxıb gülümsündü.
– Çox sağ ol, Nazlı bacı, dərs cədvəlini verdin. Lap acından ölürəmmiş.
– Yaxşı, gecən xeyrə qalsın.
– Xeyrə qarşı gəl – Süsən ağzındakı loxmanı çeynəyib udub bu sözləri deyincə Nazlı artıq qapıdan çıxmışdı.
Ertəsi gün kəndin bütün qadınları xəstələnmişdi. Tibb məntəqəsinə gələnlər, biri çolpa, biri toyuq, o biri beş yumurta, biri xoruz, xülasə, kimin nəyə gücü çatırdı, onu gətirib gəlmişdi. Əslində, qızın haqqında hər evdə bir əfsanə danışılmışdı. Amma bir şeyi hamı deyirdi, qız gözəldi, kimsəsizdi, milis nəzarəti altındadı. Payların çoxu ona görə idi. Onsuz da kənddə həkimə əliboş getmək layiqsiz iş sayılırdı. Kəndə milislə gələn sinəsi açıq, qırmızı don geymiş o qızı hər kəs öz gözü ilə görmək, danışdırmaq istəyirdi.
Xəstəlik bir gecədə bütün qadınlara yoluxmuşdu. Elim doktor da onların xəstəliyini yaxşı bilirdi. Elə ona görə otaqdan çıxdı, qapını açıq qoydu.
– Bahoo, nə çox xəstəmiz var. Xoş gəlmisiz.
Güldəstə arvad özünü qabağa verdi.
– Elim doxdur, mənim dərdim sənə deyiləsi deyil, arvad xəstəliyidi. O təzə gələn doxdura demək istəyirəm.
–Güldəstə xala, bu gün nə çox adam xəstələnib.
– Ədə, havaların dəyişən vaxtıdı dayna. Arvad xeylağı havadan nəm çəkən şeydi.
– Bilirəm ey, Güldəstə xala, bilirəm. Onsuz da mənim bu gün işim çoxdu, şəhərə gedirəm. Amma siz də burda qarğa bazarı açmayın. Təzə adamdı. Hürkütməyin.
Güldəstə səsini pıçıltıya döndərdi:
– Deyirlər hürkən bala deyil.
Elim də eyni pıçıltı ilə:
– Yaxşı, yaxşı, qərib adamdı.
Sonra səsini qaldırdı:
– Süsən doktor.
– Bəli, həkim- deyib qız eyvana çıxdı. Hamı susdu. Güldəstənin dalınca gəlmiş toplan it də baxıb əvvəl quyruğunu buladı, bir ağız hürüb gözünü qıza zillədi. Güldəstə elə bil yuxudan ayıldı:
– Sus, quduz dəysin sənə, nədi, doxdur görməmisən?
– Süsən doxdur, mənim bu gün İşim çoxdu. Bunlar sənin xəstələrindi. Bir-bir qəbul elə. Gətirdikləri payları da götür. Xətirlərinə dəymə. O göy dəftərə qey delə.
– Toyuq-cücəni?
– Yox, xəstələrin adlarını. Mən getdim.
(Ardı var)
Fikrət QOCA




Bu yazı ( 534 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar