12px14px16px18px

Suzen Dark və ya məhəbbət piri

Fikrət QOCA
00:28 / 22.06.2010


( Əvvəli ötən saylarımızda)
Nazlı əlini qarnının üstünə qoyub gözünü döşəmədə xalçaya zilləmişdi. Elim bilmədi Nazlının fikri qarnındakındadı, yoxsa ona qulaq asır.
– Allah bilir sən gedib kimə aşiq olacaqsan.
– Kimə deyirsən, nə deyirsən aaz, sən?!
– Qarnımdakına deyirəm.
– Arxı hoppan, sonra hoop elə. Mən deyirəm həmdən həmə, sən deyirsən dəmdən dəmə.
– Mən xalxın qızına nə deyim. Elə şey onun heç ağlına gəlmir. “Bu oldu qarğa məndə qoz var”, nə deyim qıza. Mən dedim, o mənə nə deyər axı? Ondansa qızın yerini dəyişin, başqa kəndə göndərsinlər. Nə bilim, bir şey fikirləşin. Qız da yazıqdı axı.
– Yəni deyirsən gədənin hərəkətlərindən qız hələ bir şey hiss eləməyib?
– Nə bilim vallah, qadın ola hiss eləmiyə, yəqin hiss eləyib. Amma ağıllı adamdı. Özünü heç o yerə qoymur. Ona ana kimi, bacı kimi can yandırır. Allah eləməmiş, qoyuram özümü onun yerinə, hiss eləsə də nə desin axı? Yenə sən bir Qəfər kişi ilə danış. Sonra deyər mən niyə bilməmişəm?
– Düz deyirsən. Ən yaxın qohumu odur. Bunu bilmək də, həll eləmək də ona düşər. Onsuz da pıçhapıç başlayıb. Kəndin simsiz telefonları işə düşüb. Dünən Cənnət arvad gəlmişdi, idarənin qabağında idi. Özü də qəsdən elə bərkdən danışır ki, hamı eşitsin. Yaxşıdı Süsən orda yox idi. Deyirdi:
– Dünən yetimçəyə yemək bişirmişdim, ayağım burxulmuşdu. Qıza dedim apar bunu Ağasəfə, xəstədi, yesin. Qız gedib görüb üzü üzlər görmüş qırmızı köynəklə otaqdadılar. Yeməyi verib çıxıb gəlib. Ay doxdur, görməmiş gədə ola, qırmızı tuman ola, bir də görəsən bu gün-sabah bir dəstə cücə ilə çıxdılar həyətə.
Bunu eşidən Alllahverdi kişini od götürmədi.
– Aaaz, ərə gedəsi nəvən var, yenə dilin heydən düşməyib? Dəyirman çaxçaxı kimi çənəni salmısan işə. Pah atonnan, iki yetim uşaq bu kənddə hamının yerini dar eləmiyib!? Ə nə istəyirsiz bu bədbaxlardan?
– Bu xalasına lənət olmuşdan hara qaçasan bilmirəm ki. Hara daş atırsan, Allahverdiyə dəyir.
– İlan özünsən, sənin adından elə bezmişəm Allah kimi elçi göndərsə cənnətə getmərəm.
Gördüm ara qızışdı, dərman çantamı götürüb aradan çıxdım.
– Hə, yox bunun axırı pis olacaq, Elim. Sən Qəfər kişi ilə danış.
lll
Gecə Ay işığı pəncərədən düz evin ortasına düşürdü. Süsənin yuxusu ərşə çəkilmişdi. Yorğanını çiyninə çəkib bir müddət çarpayının içində bardaş qurub oturdu. Çöldə meh də əsmirdi. İstədi çıxıb eyvanda otursun. “Yox, soyuqdu. Sonra Ağasəfin gününə düşərəm. Stulu çəkim, pəncərənin qabağında oturum”. Yorğanı çiyninə köndələn salıb pəncərənin qabağında, dəpdəyirmi Ayla üzbəüz oturdu. Elə bil Aydan hər yerə gümüş yonqarı ələnirdi. “Allahım – dedi, – hardasan sən, Allahım. Mənim günahım nədi? Kimin hayıfını məndən çıxırsan? Kimsə məni doğub yola atıb qaçıb. Soyadımı da Yolçuyeva qoyublar. Dünyaya gələndən hara gedirəm özümə də, ətrafdakılara da bədbəxtlik gətirirəm. Allahım, bunun bir axırı olmayacaq? Deyirsən özünü öldürmək günahdı. Belə də yaşamaq olmur. Bəs neyləyim axı? Gör nə yerə yetmişəm, türmədən çıxdığıma heyfsilənirəm. Ora üzüm öyrəşmişdi. Hamı göz qabağında idi. Yaxşını, pisi tanıyırdım. Burda hamı him-cimlə, göz-qaşla danışır. Bu kənd camaatı özü boyda da yerin altındadı. Sözü bir şey deyir, əməli başqa. Baş açmaq olmur. Mənə yol göstər, yol aç mənə, nə olar, Allahım. Hardasan, Allahım? Bilirəm məni eşidirsən. Mütləq eşidirsən. Bəlkə mən sənin bədənində bir zərrəyəm, bir toxumayam?! Hər halda, mən sənin ruhundan, nəfəsindən, sənin canındanam. Hər halda, mən hiss eləyirəm ki, sən varsan. Niyə bu əzabları mənə verirsən? Məni görmürsən?! Məni görmürsən, çünki milyardlarla hüceyrən var. Amma mənim ağrımı hiss edirsən, eşidirsən. Bəlkə mən ayağının altındakı hüceyrələrdənəm? Bizi əzə-əzə, özün həzz ala-ala, üstündə yeridiyin hüceyrələrdən biri. İntihar etməyi günah sayırsan, çünki sənə zərərdi. Sən bizi özünə bənzər yaratmısan. Mənim də bədənim milyardlarla hüceyrələrdən ibarətdi. Haqq, ədalət özü də, görünür, nisbidi, tale işidi. Oradan o yanı görməyə, düşünməyə beynimin gücü çatmır axı. Onu bilirəm ki, sənin elədiyini, oxşarını mən eləyirəm. Mənim də ayağımın altında hüceyrələr var, onları düşünmək heç ağlıma gəlməyib. Amma ayağım ağrıyanda beynim eşidir, düşür əl-ayağa. Belə etinasızlıqdan, haqsızlıqdan məni yaşadan örüyüb artdıqca məni böyüdən bu hüceyrələr, toxmalar ölür. Nəhayətdə onlar üçün qiyamət qopur. İnsan ölür. Allahım, bu fikri sən bu Ay işığı ilə saldın mənim beynimə. Allahım, deyirsən bunun əlacı yoxdur? Deyirsən yəqin kainat adlı bu nəhəng saatın içində bütün çarxların hərəkətini tənzimləyən qanundu. Yəni mənim yerim, taleyim dəyişsə bütün bu ucsuz-bucaqsız kainatın nizamına zədə düşər? Ona görə dinimizin şüarı səbr və şükürdü? Yaxşı ki, başa saldın məni, Allahım. Xeyli yüngülləşdim. Bu günümə də şükr eləyim, gedim yatım. Görək zamanın seli məni hara aparıb çıxaracaq”.
Süsən yorğun-yorğun öz otağına qayıtdı.

lll
Günlər göz qırpımına gönmüşdü. Elə tez-tez ötüb keçirdi, adam onların sayını da çaşırdı. Pıçhapıçlar öz işini görmüşdü. Qəfər kişi ilə Elim işi səssiz-küysüz həll eləmişdilər. Yüz cür bəhanə gətirib qızı başqa kəndə göndərməyə Milis rəisini razı saldılar. Adamlar yoldan yığışandan sonra Süsənin evini Mustafaya göstərdilər. Elə səssiz çıxın, qıza da başa sal, Ağasəfin xəbəri olmasın. Kənddə heç kəsin xəbəri olmasa daha yaxşıdı. Heç bizim də bildiyimizi bilməsin. Mustafa heç vaxt bir adamdan iki manat almırdı. Ona görə hərəsi öz manatını verdi. Dedilər, Mustafa, sən öz canın orda tapşır, yaxşı baxsınlar qıza, yetim uşaqdı. Elim gülə-gülə soruşdu:
– Ay Mustafa, niyə bircə manat artıq verəndə almırsan?
– Qardaşoğlu, əvvəla, mənim gördüyüm işin dəyəri bir manatdı; salam, əleyküməssalam, bir də əlini sıxıram, vəssalam. Axşam da manatları sayıb bilirəm bir gündə neçə adamla görüşmüşəm.
– Manat verməsə salamını almazsan?
– Yox, mən o qədər də acgöz adam deyiləm. Mən iş başındayam, salamımın da qiyməti var. Vermir, canı sağ olsun. Mən də axşam pulu sayanda onu adam saymıram.
Qəfər kişi gülüb onun kürəyinə vurdu:
– Sağ ol, Mustafa, sənin manatın həmişə olacaq, lap işdən çıxandan sonra da. qızdan muğayat ol.
– Belə çox istəyirdiz niyə yerini dəyişdiz?
– Belə lazımdı, Mustafa – mənalı-mənalı baxıb başı ilə təsdiq elədi – sən məni tanıyırsan. Elə məsləhət bilirəmsə, belə lazımdı. Sağ ol.
Səhər bu xəbər kənddə bomba kimi partladı. Əvvəl dedilər qız qaçıb, sonra hansı ağıllısa dedi:
– Balam, qız özü gəlmişdi ki, özü də gedəydi? Özbaşınadı?
Ağasəf səhər Elimgilə gəldi. Elim işə getmişdi. Onu Nazlı qarşıladı.
– Xeyir ola, Ağasəf, xoş gəldin. Gəl, qaqaş, gəl çay verim. Çörək yemisən?
– Hə, yemişəm – o yana boylandı –yoxdu?
– Kim?
– Süsən doxdur.
– Yox, bəlkə işə gedib.
– Hə, hə, gedim baxım.
– Ayıbdı, qaqaş, hara getsə axşam evinə gələcək. Hərə bir söz danışır, getmə ora, qız utanar.
– Qız utanar? Hə utanar da! getmərəm. Axşam gəlməsə...
Yuxumda gördüm getdi...belə qırmızı donu yana-yana uçdu, getdi. Gedim baxım. Baxım idarəyə.
– Qaqaş, dedim axı, qızı utandırarsan. Otur çay içək, söhbət eliyək.
– Yox, yox, mən gedim. Evdə iki qonağım var.
– Onlar kimdi, ay Ağasəf?
– Dostlarımdı. Qarışqaynan, Mirişka.
Nazlı alındı, vahimələndi. Amma marağını gizlədə bilmədi.
– Onlar kimdi helə?
– Mirişka gülməlidi, ayaqları uzundu, başı balaca. Qarışqa elə qarışqaya oxşayır, amma yekədi. Başı da yekədi. Ayaqları, əlləri balacadı. Qarışqa dedi ki, Süsən doxduru Elim doxdurnan Qəfər əmi aparıb. Dedi gəlməyəcək. Gedim. Tez gedim baxım – öz-özünə danışa-danışa darvazadan çıxdı. Nazlı bərk qorxmuşdu. Qorxusunu götürmək üçün kasaya su tökdü. Evin qapısına yanaşdı. Qapının cəftəsini suya salıb çıxartdı, bismillah deyib suyu içdi.
– Allah, sən özün kömək ol! Gül kimi uşaqdı. Gör nə hala düşüb. Sonrasından Allah saxlasın. Daha sonrası qaldı ki...
Elim nərd oynayanlara azarkeşlik eləyirdi. Uzaqdan Ağasəfin gəldiyini görüb kabinetinə keçdi. Nərd oynayanlar Ağasəfin görkəmindən təəccüblənib oyunu saxladılar. Yaxası açıq, üzünü tük basmış, saçı dağınıq Ağasəfi tanımaq olmurdu. İri qara gözləri hədəqəsindən çıxmışdı. Gözlərinin ağı qan çəkmişdi. Dodağının altında nə isə danışırdı. İdarənin qabağında dayanıb ona heyrətlə baxanlara heç məhəl qoymadı.
– Ay Elim doxdur! – çağırdı. – Elim eyvana çıxdı. Özünü ələ almağa çalışdı, gülümsündü.
– Xoş gəldin, Ağasəf. Maşallah, sağalmısan. Gəl görüm.
– Süsən doxduru hara apardın? Hardadı?
– Ağasəf, Süsəni mən gətirməmişdim ki, kim deyir mən aparmışam? Mən Süsəni görməmişəm. Bəlkə öydədi.
– Öydə yoxdu. Hər yerə baxmışam. Sənnən Qəfər əmi aparıb.
– Bu nə sözdü, ay Ağasəf. Kim deyib bunu sənə?
– Mirişka.
– O kimdi ə...mən mirişqa-zad tanımıram. İstəyirsən get Qəfər əmidən soruş.
– Soruşaram. Tapacam. Tapacam Süsəni.
Elim Ağasəfin özündə olmadığını görüb yumşaq səslə onu sakitləşdirməyə çalışdı.
– Atam, Süsən doxdur uşaq deyil ki, itə-bata, bilirsən ki, onu bura milis gətirmişdi. Eşitdiyimə görə, rayonun lap uzaq kəndi var, Kürün bəndinin qırağında, pir var ey, Veysəl Qara baba, onun yanında, orda ağır xəstə var. Süsən doxdur yaxşı həkimdi axı...
– Yaxşıdı, qəşəngdi, yaxşı həkimdi.
– Ay sağ ol. Onu aparıblar xəstəni sağaltsın. Sabah-biri gün qayıdıb gələr.
– Hansı kənddi?
– Qaxay.
– Hə, bildim.
– Sabah, ya da o biri gün qayıdar. Sən get evdə gözlə. Özü də təzə sağalmısan, özünü soyuğa verərsən. Belə yaxası, başı açıq gəzmə.
– Hə bildim, bildim –Ağasəf gəldiyi kimi də salamsız-kəlamsız getdi.
Elim onun arxasınca suçlu adam kimi baxdı:
– Bu mirika kimdi. Kimi deyir o helə? – oturanlardan səs çıxmadı.

lll

Axşam evə qayıdanda Ağasəfə dəyib onu bir az da dilə tutub sakitləşdirmək qərarına gəldi. O, uşağın əsəblərinin pozulduğunu, ağlının çaşdığını əvvəldən də hiss edirdi. Amma indi, xəstəlikdən sonrakı zəiflik də öz işini görmüşdü. Yaşının da ən həssas dövrü idi. Ağasəfin bu halına ruhi xəstə deməyə dili gəlmirdi. Lakin bu hala başqa bir ad da tapıb qoya bilmirdi. Ağasəfgilə girdi. Qapılar ikisi də açıq idi. Ağasəf nə evlərdə, nə həyətdə vardı. Öz evlərinə gəldi. Nazlı həyətdə onu gözləyirdi.
– Ağasəfi görməmisən?
– İndi yox, səhər gəlmişdi. Həlləm-qəlləm vururdu. Deyirdi Elim doxdurnan Qəfər əmi qızı aparıb.
– O Miriş köpəkoğlu kimdi salıb gədənin beyninə? Deyir Mirişka deyib ki, mənnən Qəfər kişi qızı aparıb. Kimin uşağıdı bunu deyən?
– Bir dayan görək, nə uşaq? Deyir qarışqaynan, mirişka dostumdu. Belə mıs, mıs, mıs deyincə Mustafa deyək da...bu uşağın başına hava gəlib. Daha gözünə şeylər görünür. Gül kimi uşağı dəli elədiz.
– İndi də yoxdu. Gedər özünü qayadan atar, çayda boğular. Mən gedim Qəfər kişini tapım. İşə düşmədik?!
Ardı var...
Fikrət QOCA




Bu yazı ( 492 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar