12px14px16px18px

Suzen Dark və ya məhəbbət piri

Fikrət QOCA
02:55 / 05.06.2010


Azərbaycanın xalq şairi Fikrət Qocanın yaradıcılığında nəsr nümunələri önəmli yer tutur. Görkəmli şair yaradıcılığının hələ lap ilk dövrlərindən öz ədəbi missiyasını proza və poeziyanın vəhdətində görüb və ədəbiyyatın hər iki qolundan zaman-zaman böyük ustalıqla bəhrələnə bilib. Fikrət Qocanın bu yaxınlarda qələmə aldığı Süzen Dark və ya Məhəbbət piri” povesti də geniş oxucu marağına səbəb olub. Həmin əsəri qəzetimizin oxucularına da təqdim edirik.

Oxucu məktubu
Azərbaycan xalqının sevimli şair və nasiri, hətta ən ucqar nöqtələrdə belə sevilə-sevilə oxunan Fikrət müəllim!
Yardımlıdan tər çiçəklərə bükülmüş öz səmimi salamlarımı sizə yetirirəm. Hələ uşaq yaşlarımda da dəyərli əsərləri oxuduqdan sonra həmin kitabı bir tərəfə qoyaraq, hadisələrdən qəhərlənib, hönkür-hönkür ağlamışam.
Bədii əsərlərdə qələmə alınmış hadisələr mənimçün həmişə həqiqət kimi görünüb. Özüm şair olsam da, hisslərimi cilovlaya bilməmişəm. Bir sıra kitablarım nəşr olunub, yaradıcılığımın əsasını “əruz” vəzni təşkil edir. Dörd yüzdən artıq qəzəllərim nəşr olunub. Bütün bunlar öz yerində. Onsuz da olmayan vaxtınızın beş-on dəqiqəsini almağı məni öz hisslərim məcbur etdi.
Çox hörmətli şair, sizin “Suzen Dark və ya Məhəmməd piri” povestinizi oxudum və əvvəllərdə olduğu kimi yenə də acı göz yaşları axıtdım. Bu qəzəli yazdıqdan sonra nisbətən sakitləşdim.
Fikrət Qocanın “Suzen Dark və ya Məhəbbət piri” povestinin təəssüratları altında
Orda Leylisi ölən qəhrilə Məcnun yaşadı,
Ağasəf oldu bu vaxt zülmü Süsənbər daşıdı.
Çərxi dönmüş fələyin işləri lap möcüzədir,
Səadət, zülmü-sitəmlərlə necə baş-başadı.
Qəfərin fitnə-feli eşqə ziyankarlıq imiş,
Nə qədər dövrü-zaman var məzarı qarğışadı.
Çox nahaq işləri də fəsli-gülüstan bürüyür,
Haqqın axır bir ucu don götürən qar, qışadı.
Niyə bilməm Fikrət, doğru yalanla tən olub,
Cəmiyyət içrə riya, pak ilə bahəm, qoşadı.
Süsənə alqış o, fərsiz milisə damğa vurub,
Tarixən biz bilirik lənət özü əyyaşadı.
Nanəcib harda ki, var Zöhrab, ölüm vaxtı çata,
O ümid Əzrayıl adlı can alan fərraşadı.
Hörmətlə: Zöhrab ZÖVÜNLÜ
Yardımlı rayonu


Gecə yarıdan keçmişdi. Havada qara bir sükut vardı. Deyəsən, sükutun özü də qara pişik kimi qıvrılıb yatmışdı. Fatmanın yuxusu ərşə çəkilmişdi. Burada ilk gecəsi idi. Yorğan-döşək yumşaq olsa da yastığın çəmini tapa bilmirdi. Başı, qulağı yastıqla dil tapmırdı. Yastığı o üzə, bu üzə çevirirdi, əlini yastığın altına qoyurdu, yastığın üstündən əlini qulağının altına qoyurdu, olmurdu ki, olmurdu. Rahatlıq tapa bilmirdi. Pəncərənin pərdəsini azacıq qaldırıb həyətə, dirəklərin başında mürgüləyən işıqlara baxdı. Yuxarıda göy yox idi. Elə bil binanın damına kimi enmişdi. Uzaqdan gələn dalğaların səsi sanki daş kimi yatmış qara buludların mışıltısı idi. Dənizlə evin arası azı dörd yüz metr olardı, dalğaların səsini aydın eşidirdi. Gecə səs nə uzağa gedirmiş. Gündüz deyilən bir sözü eşitmək, başa düşmək üçün iki-üç dəfə “haaay” – deyib soruşuram. Amma indi dörd yüz metr o yanda dəniz pıçıldayır, mən eşidirəm. Sakit yerdir, hava təmizdir, bircə Allah rahatlıq versin yata bilim” – düşündü. O biri böyrü üstə döndü, çarpayı cığıldadı. Üzbəüz çarpayıya, otaq yoldaşına baxdı. Süzen xanıma baxdı, yatmışdı. “Qəribə adı var, Süzen. Görəsən hansı millətdəndir? Eh, nəyimə qalıb. Əsas odur ki, xoruldamır, rahat yatır. Bəxtəvər uzanan kimi küt gedir, quzu kimi yatır. Müdir deyirdi yaxın vaxtda yer boşalan kimi yerini dəyişəcəm. İndi Amerikada – gün günortadı”. – Yadına düşdü ki, mobil telefonunu söndürməyib. Pəncərənin qabağından telefonu götürdü, söndürdü. “Qız Amerikadan zəng eliyər. Qonşumu oyadar, yaxşı düşməz”. Fatmanın qızı Gülnar altı ay idi ki, oğlunu da götürüb ərinin yarına getmişdi. Qız elə sevinirdi, elə xoşbəxt idi ki, Fatma heç ağzını açıb deyə bilmədi ki, ay bala hara gedirsən, dünayanın o başına? Mənim bu yaşımda... Başa düşdü ki, bu sözlər artıqdı. Kürəkəni beş il idi Amerkada idi. İndi dəvət göndərmişdi, indi onlar xoşbəxt idilər, gedirdilər. Fatma baş aça bilmirdi, qızı ərinin yanına getdiyinə sevinirdi, yoxsa Amerikaya getdiyinə görə. Hər halda sevinirdi. Həm də elə sevinirdi bu yerdə ana məsləhəti, sözü artıq idi. Fatmanın canı-ciyəri, ruhu, canının ovqatı, nəvəsi Aslan Amerikaya getdiyinə görə sevinirdi. “Nənə, sən qorxma, darıxma. Mən sənə çoxlu yaxşı şeylər alacam. Nənə, götür cib telefonumu da sənə verirəm”.
Gülnar oğluna acıqlandı:
– Ədə, nənən telefonu neyləyir?”, oyun çıxartma!
Aslan nənəsini bir də öpdü.
– Yox, qoy qalsın nənəmdə. Neynirəm bunu, atam mənə amerkanskisin alacaq.
Aslan gedəndən sonra Fatmanın dünyası bomboş qalmışdı. O xaraba dünyanın içində bir cib telefonundan başqa heç nə yox idi. O da susurdu, yatmışdı. Bu otaq kimi susurdu. Çöldə, evin üstündə uzanmış qara buludlar kimi susurdu. “Nənəsi qurban olmuşun səsini eşitsəydim, ölsəm də dərdim olmazdı. Telefonu yerinə qoyub yenidən dənizin səsini eşitməyə çalışdı. Fatma bu yaşında da o dənizin səsində layla eşitmək istəyirdi. Anasını xatırladan uzaq-uzaq bir layla səsi. Birdən qəfil, xırıltılı səs otaqdakı sükutu daş kimi qırdı, sükut şüşə kimi çiliklənib otağa, Fatmanın üstünə, üzünə, yorğana, döşəməyə səpildi. Fatma qorxub dik atıldı. İşığı yandırdı. Süzen titrəyən əllərini qaldırıb boğuq, xırıltılı bir səslə bağırırdı. “Qan! Qaaan! Qaan!”. Fatma ona yanaşdı, Suzenin gözləri yumulu idi, bütün bədəni titrəyirdi. Baxdı, əlləri tərtəmiz idi. Fatma onu yuxudan ayıltmağa çalışdı:
– Suzen! Suzen xanım, qorxma, yuxudu. Oyan. Oyan, qorxma, qan-zad yoxdu. Oyan.
Suzen gözlərini açdı, əllərinə baxdı, gözləri heyrətdən bərəldi. Əlləri daha çox titrədi.
– Qan! Qaaan? – deyib qalxdı, qapının yanında su kranını açdı. Əlini yuya-yuya – Qaan, qaan, qan! Əlimdən getmir.
Fatma onu qucaqladı, onun üzünə, alnına su vurdu.
– Qorxma, vallah əllərin tər-təmizdi. Qan yoxdu. Bax da, bax! Qan nə gəzir?
Suzen tam ayıldı, onun üzünə baxdı, gözləri aydınlaşmışdı. Diqqətlə Fatmanı süzdü. Sonra öz əllərinə baxdı.
– Hə, yuyuldu. Hə, qan yuyuldu, getdi. Səni də qorxuzdum, bağışla. Məndə olur. Ayılıram, görürəm əllərim qana batıb, yuyuram sonra gedir.
– Sən qışqıranda gözlərin yumulu idi. Yuxuda görmüşdün qanı.
– Hə, düzdü yuxuda görmüşdüm. Amma gözümü açandan sonra da əllərim qanlı idi, yudum, yudum, sonra getdi. Məndə belə olur...
Fatma mübahisə eləmək istəmədi. Suzeni yavaş-yavaş öz yerinə gətirib otuzdurdu. Amma susa da bilmədi:
– Mən hələ yatmamışdım. Süsən bacı...
– Hə... Təzə yerdə yuxuya getmək olmur.
– Sən qışqıranda işığı yandırdım, gözlərin yumulu idi. Düzdü, qorxmuşdun. Əllərin tir-tir əsirdi. Amma tər-təmiz idi. Qan-zad yox idi əlində.
– Sonra gözümü açdım. Əlimi yuyunca əllərim qan içində idi. Yudum, təmizləndi. Bu birinci dəfə deyil.
Fatma vahimələndi. Mübahisə etmək istəmədi. Yorğanı Suzenin üstünə çəkib öz çarpayısına uzandı.
– Nə bilim – dedi – bəlkə yaxşı görməmişəm.
– Çox sağ ol ki, məni oyatdın. Yoxsa tək olanda ölüb-dirilirəm. Həmişə də eyni yuxudu. Nə deyim, sənin kimi yanımda olub məni o vəziyyətdə görənlər də deyir əlində qan görməmişik. Az qala inanıram. Amma qan görürəm axı?! Hələ deməyə utanıram. Hərdən görürəm adamların bəzisinin gözündən yaş kimi qan axır. Görürəm heç kəs fikir vermir, bir söz demir, deməli, görmürlər. Sonra o adamlarla danışıram, görürəm dərdlidirlər. Ürəkləri qan ağlayır. Ağlamağa bəhanə axtarırlar. Hər halda, bunlar səbəbsiz deyil.
Fatma gülümsündü:
– Sən məni qorxuzmaq istəyirsən, ay Suzen? Vallah əməlli-başlı vahimələndim. Mənim bərkdə o qədər də əlim yoxdu. Qorxağın biriyəm – deyib yorğanı başına çəkdi – işığı sən söndür.
Suzen qalxıb işığı söndürdü, dönüb yerində uzandı. Gileyli adam kimi deyindi:
– Axı niyə səni qorxuzmalıyam? Gələnlər hamısı məndən qaçır. Yəqin sənə də müdir deyib ki, hələlik burda qal, yer boşalan kimi səni başqa otağa köçürərəm.
– Hə, dedi. Hardan bilirsən?
– Belədi da hamı məndən qaçır.
– Yer boşalan kimi nə deməkdi? Yəni burdan çıxıb gedən çox olur?
– Yox, qoca adamlarıq da, ölən olur, yerləri boşalır. Sən də məni qoyub qaçacaqsan. Bütün ömrüm boyu tək yaşamışam. Səni niyə qorxuzum ki?
– Yox, mən qaçmaram. Amma yəqin oğlum gəlib məni aparacaq.
– Oğlun var?
– Hə, oğlum da var, qızım da.
– Bəs nə yoz qızın bura gəlməyinə razı olub?
– Amerikadadır, orda yaşayırlar. Ordakı nəvəmdən ötrü burnumun ucu göynəyir.
– Bəs oğlun niyə bura gətirib səni?
– İşi çoxdu, nazir müavinidi. İndi işlərin qızğın vaxtıdı. Həmişə nazirin yanında olur.
– Bəs ondan nəvələrin yoxdu?
– Var, gəlin rusdu, uşaqlar da rusca danışır. Qulluqçu da rus arvadıdı...
– Hə, məlumdu... Oğlun da həmişə nazirin yanındadı. O qədər məşğuldu, nazirin yanından başını çıxardıb anasına baxmağa da vaxtı yoxdu...
– Suzen xanım, xətrimə dəyirsən vallah... Uşağın günün qara eləməli deyiləm ki, uşaqlar bizim dili bilmir, mən də o dili bilmirəm. Belə fəhminən anlayıram ey, amma danışa bilmirəm. Uşaqlar gülür.
– Ay Fatma xanım, yat bacı... Yat. Sakit yerdi, təmiz havadı, gör yata bilərsənmi. Yuxun şirin olsun.
Fatma yorğanı başına çəkmişdi. Yaxşı ki, gecə idi. Yaxşı ki, otaq qaranlıq idi... dinmədi, yatmadı. Elə bil kimsə əlini atıb içəridə Fatmanın ürəyini ovucunda sıxırdı. Elə sıxırdı ki, ürəyinin suyu gözlərindən süzülüb yanağına, boğazına yayılırdı, burnunun ucundan damcılayırdı. Nəvəsi Aslan könlünə düşdü. “Nənən sənə qurban, səndən başqa heç kəsim yox imiş dünyada. Canımın güvənci, ürəyimin istisi balam, hardasan? Nənən sənsiz yetimdi. Bu yazıq qonşumun heç nəvəsi də yoxdu”. Suzenin pıçıltılı səsi onu fikirdən ayırdı.
– Fatma, ay Fatma.
Fatma qəsdən cavab vermədi. Qorxdu onun gözündəki yaşı Suzen qan bilər. Yenidən halı pozular.
– Hə, yatmısan? Nə deyirəm, yat – Suzen bilirdi ki, Fatma yatmayıb, yatmaq istəyir, danışmaq istəmir. – Mənim təvdirim çaşıb. Allah sənə rahatlıq versin .

****
Sovet dönəmində respublikada cəmi dörd qəzet çap olunurdu. İkisi kommunist partiyasının orqanı idi. Biri rus dilində, o biri də öz dilimizdə. Tək bizdə yox, on beş respublikanın hamısında eyni vəziyyət idi. İki qəzet də gənclərin (komsomolun) qəzeti idi. Kommunistlərin qəzeti həm rusca, həm də yerli dildə birinci səhifədə Moskva kommunist rəhbərliyini tərifləyirdi, onların müdrik və humanist rəhbərliyindən söz açırdı, dünyada sülhün və azadlığın ümid yeri olduğunu hər gün bir daha xatırladırdı. İkinci səhifədə yerli partiya rəhbərlərinin müdrikliyi “tutarlı faktlarla” yazılırdı, təriflənirdi. Onların da ilham mənbəyinin kremldə, onun ulduzlarında parladığı göstərilirdi. Yerli partiya rəhbərlərinin Kremlə, oradakı şanlı rəhbərlərə məhəbbəti, sədaqəti əsas mövzu olurdu. Üçüncü səhifəni rayonlarda yaşayan partiya rəhbərlərinin sosializm yarışı, onların kənd təsərrüfatı sahəsində göstərdikləri qəhrəmanlıqlar, partiyaya və şanlı partiya rəhbərlərimizə sədaqətləri mövzusu bəzəyirdi. Dördüncü səhifədə qalan bütün xırda-para xəbərlər verilirdi. Məsələn, filan kolxozçu qadın on dörd uşaq anasıdır. Qəhrəman ana adına layiq görülüb. Filan qabaqcıl sağıcının inəyi iki bala doğub. Filan çoban hər yüz qoyundan iki yüz bala alıb. Hərdən bu səhifədə kəskin felyetonlar da işıq üzü görürdü; şübhəsiz, felyeton dövlət əhəmiyyətli mövzuda yazılmış olurdusa. Məsələn, filan rayonda milis mayoru oğluna sünnət toyu eləyib. Əlbət ki, bu biabırçılığa görə rütbəsi alınıb, sistemdən qovulub, partiyadan çıxarılıb. Komsomol (yəni gənclər) qəzetləri də yuxarıda sadaladığımız məsələləri gənclər səviyyəsində işıqlandırırdı.
Birdən-birə, Fatmanın, Suzenin yuxusu kimi Sovetlər ittifaqı dağıldı. Qəzetlər, jurnallar bəndi-bərəni aşıb sel kimi gəldi. Hətta qəzetlərdən birinin sahibi qəzetinə heç ad da tapmamışdı. Qeydiyyatda soruşanda ki, “qəzetinizin adı nə olacaq?”.
– Qeydiyyat nömrəmiz neçədir?
– “525”-ci qəzetsiz.
– Elə yazın beş yüz iyirmi beşinci qəzet.
Hələ o qəzetdən sonra qeydiyyat üçün, türk demiş, növbədə uzun bir quyruq vardı. Mətbuat jurnalist sarıdan korluq çəkmirdi. Çünkü yetmiş il sovet dönəmində hamı bir-birindən gizli, aşkar, imzalı, imzasız yazıb bu gün üçün məşq edirdi. İndi onların zamanı gəlmişdi, yazırdılar. Bir-birini söyürdülər. Bir-birinin yorğanının altına, cibinə, baxçasına, boxçasına baxıb, qeydiyyat aparıb yazır, qeydiyyatı satır, ya da çap etdirirdi. Həyat qazan kimi qaynayırdı. Amma bu qazanda istedadlılar da bişib yaxşı jurnalist kimi yetişirdi. Əşrəf onlardan idi. Qəfər kişinin yerlisi, kəndçisi, dostunun oğlu Əşrəf.
Sovetlər dağılandan sonra hər şey dəyişmişdi. Bir Qəfər kişidən, onun hər il yayda istirahət elədiyi “Günəşli” istirahət evindən, bir də Qəfər kişinin üç istirahət yoldaşından başqa. Qəfər kişiyə görə yoldaşları da Əşrəfin yazılarını oxuyurdular. Xüsusilə son zamanlar Əşrəfin “ünsiyyət mədəniyyəti”, “hörmət və mərhəmət” mövzusunda yazdığı silsilə məqalələr onların ürəyindən olmuşdu. Qəfərə demişdilər, mütləq Əşrəf Sarıqayalını gətir, bizi tanış elə. Onun böyük gələcəyi var. Qoy o bizi, biz də onu tanıyaq. Özümüzlə gorumuza aparmayaq, bizdən də öyrənməli şeylər çoxdur. Gətir görüşək.
Əşrəfin işlədiyi qəzetin ünvanını da, iş telefonunu da tapmışdılar. Amma Qəfər müəllim müdrik bir el misalını çəkdi, “sifarişlə həcc qəbul olunmaz” – dedi, gərək özüm gedib görüşüm. Hal-əhval tutum, dəvət edim.
*****

– Əşrəf, bala, sən bizim kənddən çıxmış ən böyük adamsan.
Əşrəf düşündü ki, bu sözlərin dalınca xahiş gələcək, kişinin sözünü yarımçıq qoydu.
– Elə demə, Qəfər əmi. Mən hara, böyüklük hara? Jurnalist babayam. Sovet dövrü deyil ha, müxbir görəndə düşələr əl-ayağa. İndi bizi sayan yoxdu. Xahişimizin də pullu adamlar yanında bir qara qəpiklik qiyməti yoxdu.
Qəfər kişi gülüb başını yırğaladı.
– Bilirəm, ay oğul, bilirəm. Xahişə gəlməmişəm.
– Bağışla sən allah. Gözüm üstə yerin var. Atamın dostusan. Xahiş yox, mənə əmr edə bilərsən.
– Yox, ay bala, heç əmr də eləməyə gəlməmişəm. Mən istəyirəm sənin sözün keçərli olsun. Silsilə məqalələrini oxumuşam. Əxlaq, mədəniyyət, mərhəmət, ünsiyyət mədəniyyəti haqqında qiymətli düşüncələrin var. Sən bu fikirləri səpirsən çölə, verirsən küləyə...
– Neyləyim, Qəfər əmi, əlimdən gələn budur. Çörəyim bundan çıxır.
– Sən ondan bir tikə çörək çıxarırsan, amma başqa biri sənin fikirlərini götürüb salır hekayəsinə, povestinə, romanına, ad-san qazanır.
– Neyləyim, taleyim belə imiş.
– Yox, qardaşoğlu, sənin taleyin öz ovcunun içində, beynində, ürəyindədir. Yazıçı olanlar səndən artıqdı? Bir bax, dünyanın ən məşhur yazıçıları əvvəl jurnalistlik edib. Sonra keçib yazıçılığa. Mən gəlmişəm səndən xahiş eləyim ki, ilhamını, ürəyini, beynini ciddi, ölməz işə sərf elə.
Əşrəf günahkar uşaq kimi Qəfər müəllimi dinləyirdi, sıxılırdı, kiçilirdi.
– Məndə o istedad yoxdu – Əşrəf bu sözləri yorulmuş, ümidini itirmiş, təslim olmuş adam kimi dedi.
– Var! Var! – Qəfər kişi bu sözləri elə qətiyyətlə dedi ki, Əşrəf belini düzəldib Qəfər kişinin düz gözlərinə baxdı. – Var deyirəm sənə. Sarıqayalı ləqəbini sənə götüzdürən, yazdırtdıran ürəyinin içindəki o istedaddır. Zəhmət çək, öz ürəyini pərt eləmə, öz ürəyinin zəndini yanıltma. Kimin Sarıqaya kimi kəndi var. Hansı kənddə, hansı şəhərdə məhəbbət piri var. O pir yadındadı?
– Bəli, bəli, bəs necə?
– Yəqin sən də o ağaca ip bağlamısan.
Əşrəf gülüb başı ilə təsdiq etdi.
– Kim bağlamayıb ki?!
– Ağasəflə Süsənin əfsanəsini bilirsən?
– Yaxşı yox, belə də...
– Ağasəflə Süsən həqiqətdi. Əfsanə deyil. Ağasəfin həqiqətinin yanında Leyli Məcnun əfsanəsi heç nədi. O Leylisiz Məcnun idi.
– O ağac durur hələ...
– Durur. Bilirsən ki, o ağacı mən əkmişəm.
– Yox, bilmirdim.
– Əkməmişəm ey... Ağasəfi dəfn eləyəndə daş yox idi üstünə döşəməyə. Heç ağac da kəsib yonmamışdılar. Məndən başqa heç kəsi yox idi. Mən bir ağac budağı kəsib baş daşı yerinə basdırdım. Bir vaxt gördüm ki, ağac elə-helə başı aşağı göyərib. Arada su verdim. Göyərdi qalxdı. Budaqları üstdən aşağı uzanan qəribə bir ağac oldu. Qəbiristanlıq düzləndi. Bir Ağasəfin qəbri qaldı, bir də o pir olmuş ağac. – Əlbət ki, mən qəbrin üstünü götürdüm.
– Qəfər müəllim, harda qalırsan?
– Bilirəm, vaxtın azdı, gedirəm. “Günəşli” istirahət evindəyik. Orda sənin yaxşı oxucuların var. Səni görmək istəyirlər! Mən lovğalandım ki, yerlimdir, deyərəm gələr. Tanış olarsınız.
– Bağışla, Qəfər əmi, qəzetə, nömrəyə təcili material verməliyəm.
– İndi yox, bu həftənin altıncı günü, saat ikidə səni gözləyəcəyik. Gəlsən şad olarıq. Kafedə hazırlıq da görəcəyik.
– Mütləq gələcəyəm, mütləq, sağ ol, Qəfər əmi.
Əşrəfin ağlı, ürəyi elə bil illərin yuxusundan ayılmışdı. Özü öz içinə sığmırdı. Onun içində özündən, boyundan, bədənindən böyük bir Əşrəf oyanmışdı. Onu özü də tanımadığı bir Əşrəf yeridirdi. Başını dik tutmuşdu, qəti, hökmlü addımlarla irəliləyirdi. Sinəsi özündən qabaqda gedirdi. Əslində, ayaqları kənara çəkilib ona yol verirdi.
Qəfər müəllim bir qədər onun arxasınca baxdı. Gülümsünüb “hə, gələcəksən, qardaşoğlu, mütləq gələcəksən” – düşündü. Qəfər kişi ağ xalatlı çay paylayan oğlana əli ilə “gəl” işarəsi etdi.
– Bala, çayının pulunu çıx. Çayın bu gözəl bulvara yaraşan çaydı. Sağ ol! Xırdalar qalsın!

*****
1937-ci ilin yağışlı bir payız axşamı idi. Süsən yuxuya getmişdi. Səlim kişi uşağı oyatmamaq üçün Xanıma yaxınlaşıb pıçıltı ilə dedi:
– Bunlar gəlib çıxmadı. Uşağın üst paltarını bəlkə çıxardasan? Tərliyəcək. Çölə çıxanda soyuq olar.
– İndi gələrlər. Oyansa ağlayar. Qoy yatsın. Tamaşa qurtarmış olar. İndi gəlib çıxarlar. Həvəsə bax da... Körpə uşağı qonşuya verib teatra gedirlər.
– Bunlar üçün uşaq elə bil oyuncaqdı. Allah bunlara gül kimi övlad verib. Gündüz qoyub işə gedirlər, axşam da belə; tamaşaya gediblər. Bu oxumuşlar üçün uşağın bir quruşluq qiyməti yoxdu. Qoyasan boş-boş danışalar, bəzənib gəzələr.
– Ay kişi, cavandılar da...
– Biz cavan olmamışıq?!
– Bizə nə olub. Elə indi də cavanıq da... Sən də sənət tapdın özünə.
– Sənətimə nə olub, ən məşhur papaqçıyam. Papaq tikib qoyuram adamların başına, olurlar kişi.
– Bəlkə özün də o papaqlardan birini başına qoyasan – kişinin yanını çimdikləyir – hıy...öz uşağımıza baxaq, hıy...
– Tövbə, tövbə... Gecənin bu vaxtı məni...qızışmısan? Allah vermiyəndə zornan olmur ki, qismət başqa şeydi. Odu ey... Verib qədrini bilməyənlər. Uşaq ata-ana üzü görür ki...
Həyətdə ayaq səsləri eşitdilər. Xanım pəncərədən baxdı, Səlim qapıya getdi.
– Gəldilər, axır ki...
Xanım onu əlinin işarəsi ilə saxladı. Barmağını dodağının üstünə qoyub susmasına işarə elədi. Kişi onun yanına qayıdıb:
– Nə olub?
– Açma qapını, meşin şapkalılardı. Orda-burda bir söz danışmamısan ki?
– Haşa heyvər... Allah eləməsin, Xaçik köpəyoğlu çoxdandı dükanıma göz dikib. Bəlkə məndən yazıb?
– Vaşş... Evimiz yıxıldı. Özümüzü yatmışlığa vuraq. Elə bu anda qonşunun qapısı döyüldü. Səs çıxmadı. Bir də döyüldü.
– Bəlkə deyim tamaşaya gediblər? – Səlim pıçıldadı.
– Qurbağa kimi ilanın ağzına özün girirsən?
– Bəlkə deyim uşaq bizdədi?
– Dilini qarnına qoy! Onlar bu top-tüfənglə uşaqdan ötəri gəliblər? Sus!
Elə bu zaman onların qapısı döyüldü. Kişini əsmə tutdu.
– Öyümüz yıxıldı, arvad.
– Sırıxlını çıxar, qoy elə bilsinlər ki, yuxudan oyanmısan. Allah kərimdi. Bibiheybətə nəzir deyirəm. Qorxma. Allaha təvəkkül. Aç qapını. Bissmillahir-rəhmanir-rəhim.
Qapı bir də döyüldü. Səlim üst paltarını soyunub qapıya yanaşdı.
– Kimdi?
– Aç!
Səlim kişi qapını açdı. Meşin pencəkli, meşin şapkalı bir oğlan dayanmışdı. Şapkasının alın yerində ulduz vardı.
– Xoş gəlmisiz – dedi – yatmışdıq.
– Qonşunuz hardadı?
– Tamaşaya gediblər, indilərdə gələrlər.
– Çox yaxşı. İndi qapını ört! Get yat!
– Baş üstə – dedi. İstədi desin ki, onların uşağı bizdədi. Oğlan ona danışmağa aman vermədi.
– Get yat! – dedi, qapını çəkib örtdü.
Baş üstə! – Səlim bu sözü örtülmüş qapıya baş əyib dedi. Barmaqlarının ucunda Xanıma yanaşdı. – Arvad, gedək yataq, qoy elə bilsinlər yatmışıq.
– Səlim, səs salma, görək nə məsələdi?
– Bilmirsən nə məsələdi?
– Bilirəm ey, qoy görək da...
– Gəl uşağı elə bu başdan verək onlara.
– Dəlisən? Deyərlər belə yaxınsan olara, uşağı sizə etibar eliyirlər? Bizi də olara qoşsunlar?
– Hə, düz deyirsən, bəs onda neyləyək?
– Görək da... Allaha təvəkkül. Allah bizi bu bəladan qurtarar, inşallah, nəzir demişəm. Yusifi quyudan çıxardan Allahım bizi də qurtarar.
Bu zaman həyətdə səslər eşidildi
– Vətəndaş Əbilovdu?
– Bəli.
– Siz də Şahsuvarovasız?
– Bəli.
– Gözəl familiyanız var. Yığışın gedək.
– Hara?
– Gəzməyə. Siz konturalar bizim idarəyə dəniz qırağı deyirsiniz. Dəniz qırağına gedəcəyik, təmiz havaya.
Əbilovun sakit səsi eşidildi.
– Nə yığışacayıq... dərziyə dedilər yığış, iynəsini sancdı yaxasına.
– Dərzi siz deyilsiniz. Dərzi qonşunuzdur, papaq tikir. Siz konturasız. Siz şeytana papış tikirsiz. Orda-burda hökumətin əleyhinə danışırsınız. Gedək, burcuy qalıqları.
Səslər uzaqlaşdı. Səlim dərin bir nəfəs aldı.
– Bah atonnan. Bunlar mənim papaqçı olduğumu da bilirlərmiş. Gör ey. Gözümüzün qabağında, qulağımızın dibində vraq narod yaşayıb, xəbərimiz olmayıb ey... Bundan sonra kimə inanasan?
– Ay kişi nə biləsən?
– Kəs səsini! Az qala getmişdik əlli-ayaqlı. Sən hambal Həsənin qızısan. Gör sənə bir söz deyirlər? Deməzlər, çünkü sən əsil proletarsan. Bunlar konturadı, burcuydu. Uşağı üstümüzə atıb o tyatır sənin, bu kino... – birdən Səlim susdu – Xanım, uşağı neyləyəcəyik?
– Saxlayaq. Körpədi. Hələ gələn novruzda üç yaşı olacaq. Sakit uşaqdı.
– Tufu... tövbə, tövbə vraq narodun uşağını saxlayacaqsan? Könlünə Sibir düşüb? Adın da əladı – Xanım. Gördün Şahsuvarova familiyasından necə xoşları gəldi? Xanım ha, xanıma bax. Kasıb itinin adını gümüş qoyar. Hambal Həsənin qızı Xanım.
– A kişi həmişəlik demirəm ki, qoy hay-küy yatsın, sonra görək səssiz bir yana ötürək.
– Bax ha – Səlim sevincək – gör heç yadıma düşürmü? Ay qız, mənim dayım qızı Gülzarı tanımırsan?
– Niyə tanımıram!
– Yetimxananın müdiridi. Verək yetimxanaya.
– Amma qəşəng uşaqdı ey, Səlim, hı?..
– Tövbə, tövbə, məni hövsələdən çıxartma.
– Yaxşı hirslənmə... nə deyib verəcəyik?
– Deyək tapmışıq, sahib çıxan yoxdu. Adını biz qoymuşuq Süsən, familiyasını da özü nə yazır-yazsın.
– Bəlkə qayıdıb gəldilər, bir-iki gün gözləyək.
Səlim fikrə getdi. Bir az susdu.
– Nə deyirəm, bir-iki gün gözləyək, uşağı çölə-bayıra çıxarma. İndiyəcən gedənlərin qayıtdığını görmüsən?
– Yox. Amma gənə gözləyək.
Ardı var.
Fikrət QOCA




Bu yazı ( 626 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar