Məhəmməd Əmin Rəsulzadə
Şirməmməd Hüseynov
02:59 / 14.01.2012
Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
Əsərləri Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
Vaqon məsələsi
Bəzi filosofların iddiasına görə dünyanın bütün qovğaları qarın davasından ibarətdir. Buna görə də davanın böylə şirin vəqtində hər tərəfdən qarın davasından ibarət olan bahalıq və qəhətdən şikayət eşidilərsə, heç də təəccüb etməməlidir.
Bahalıq və qəhət, aclıq, hər bir düşməndən daha qorxunc olan bu düşmənlər təbii bir yolla olarsa, yenə dərd yarıdır, yenə xəlq təhəmmül edər, çünki vətən yolunda ac qalmaq olar.
Fəqət işlər təhqiq olunduqda görülüyor ki, xəlqin aclığı çox da vətən üçün, yainki canını vətənə fəda edən qəhrəman əskərlər üçün olmuyub, bir taqim fürsətdən istifadə edən qansız möhtəkirlər üçündür.
Müharibə zamanı olduğundan məlum işdir ki, vaqonlar müharibə ehtiyaclarına işləyir, buna görə də şəhərlərə lazım olan ərzağı göndərmək üçün vaqon tapılmayır. Vaqon tapılmadığından da Petroqrad, Moskva, Tiflis kimi böyük şəhərlər çörəgə, qəndə, oduna möhtac qalıyorlar. Fəqət böyük şəhərlərə un göndərmək üçün vaqon tapılmadığı halda, nədənsə təzə çıxmış “qovğa” adında bir mədən suyu böyük şəhərlərin restoranlarını dolduruyor, nədənsə Petroqrada gələn qatarlar qənd və ərzaq əvəzinə krım qarpızı ilə, gözəl xanımlara təqdim olunmaq üçün tazə güllər tapıyorlar. Bakı un üçün vaqon istəyib də tapmadığı halda, Rostovdan gələn vaqonlar İran üçün qənd yükliyorlar.
Malü-ticarə üçün mal daşımağa verilən vaqonları Don üzərindəki Rostovda mövcud bir komitə paylayır. Bu işin intizamı onun öhdəsindədir. Fəqət gərək şəhər idarələri və gərək istehlak cəmiyyətləri (Putermitelni obşestvalar) bu komitənin əlindən dad çəkməkdədirlər. Tiflis qəzetələrində görülür ki, şəhər idarəsi Tiflis üçün lazım olan ərzağı gətirtməkdən tamam acizləmiş, Tiflisin şəhər idarəsi üzvü Cabbar Qafqaz paytaxtını kəndisini qorxutmaqda olan aclıqdan qurtarmaq üçün hazırladığı layihəni dumanın iclasına vermiş və bu layihənin müzakirəsi əsnasında qəribə şeylər meydana çıxmışdır. Tiflis bələdiyyə rəisinin dediginə görə Tiflisdə ancaq üç günə yetişəcək qədər – un varmış. Şəhər böylə aclıq qarşısında ikən şəhər idarəsi münasib qiymətlə almış olduğu 300 vaqon unu Tiflisə yeritdirməkdən aciz qalmış. Qubernator şəhər idarəsinin istədigi naryadları (cəvazları) bir an saxlamayıb verdigi münaqilati-əskəriyyə rəisinin köməgi hər anda olduğu, hətta canişin həzrətləri müavininin də müavinəti müsəlləm bulunduğu halda, Tiflis bələdiyyəsi Rostov vaqon komitəsinin mərhəmətini cəlb edə bilməyib aldığı unu şəhərə gətirdə bilməmiş və yenə bu surətlə şəhər üçün alınan kartoflar vağzallarda qalıb çürümüş. Şəhər idarəsi kibi Tiflis istehlak cəmiyyəti dəxi bir vaqon olsun bir şeyi gətirdə bilmiyor. Halbuki, cəmaət müəssisələri vaqon almaqdan acizkən heç bir hökumət dairəsinin müavinətini görməyən bəzi möhtəkir tacirlər istədikləri qədər vaqon alıb və istədikləri şeyləri daşıtdırıyorlar. Görünüyor ki, Rostov komitəsinə dərd andırmaq üçün cəmaət müəssisələri ilə rəsmi idarələr lazım olan vasitəyə malik degildirlər.
Tiflis bələdiyyə rəisinin bu bəyanatına qarşı söz söyləyən bütün Tiflis qlasnıları haman acizlik hissindən hasil olan bir infial ilə irad etdikləri nitqlərində və əlahəzrət Canişin həzrətlərinin şəxsinə müraciətdən başqa bir çarə qalmadığına qənaət hasil etmiş və bir an əvvəl və əlahəzrət Nikolay Nikolayeviçin şəxsinə müraciət edib ondan kömək istəməgə qərar vermişlərdir.
Həqiqətən də acınacaqlı bir hal Rostov komitəsindən bələdiyyə idarəsi, qubernator, münaqiləti-əskəriyyə rəisi, hətta canişinin müavini belə vaqon almaq iqtidarında yox ikən, əllərində cəvazları, naryadları olmayan möhtəkirlərin müvəffəqiyyətinə heyran qalmamaq əldə degildir.
Bir qəzetənin dediyi kibi şeytan fikirli möhtəkirlərin nüfuz və etibarlarına bax ki, məmləkətin bir cümlə rəsmi və ümumi müəssisə idarələri belə onlar qədər bir etibara malik degildirlər.
Ümid olunur ki, böylə təhəmmül olunmaz bir üsulsuzluqdan hasil olan müşkülatı nəzərə alaraq vilayətimizin böyük müdiri bu xüsusda lazım gələn qəti tədbirlər ittixazını əmr buyurub şəhərlərimizi aclıq çəkməyə qoymazlar.
Şübhəsiz ki, arxada qalan vətəndaşların mənafeyi səfi-hərbdəkilərə fəda edilməlidir. Fəqət şəhər idarələrinin təşəbbüsü ilə cəmaət müəssisələrinin xahişləri bir taqim möhtəkirlərin zirəkliginədəmi fəda edilsin?...
M.Ə.Rəsulzadə
“Açıq söz”, 14 oktyabr 1915, №10
cəbaz – icazə
Məkulat məsələsi
(Duma iclası münasibətilə)
Dünyaya çörək verən Rusiya, keçən il yaxşı məhsul götürdüyü halda, çörəksizlik məsələsi kibi mühüm bir məsələnin həlli qarşısında bulunuyor. Bütün böyük şəhərlər həmən un qəhətindən şikayət etməkdə, çörəgi güclə tapmaqdadırlar.
Tapılmayan yalnız buğda ilə un degildir, çörək və taxıl dərəcəsində zəruri olan maddələrin heç birisi bəs edər dərəcədə yoxdur. Paytaxtlar daxil olduğu halda, böyük şəhərlər haman məkulat yoxsulluğu ilə üz-üzə qoyulmuşlardır.
Məkulatın azlığını nəzərə alan Almaniya ta müharibənin əvvəlindən əhvali-vəzn edərək çarəsini düşünmüş məmləkətdə mövcud olan bütün taxıl mövcudunu dövlətin ixtiyarına alaraq işə böyük bir nizam və qayda daxil etmişlərdir. Bu nizam və qaidə sayəsində əslində taxılsız olan Almaniya məmləkəti bizim qədər müşkülat çəkməməkdədir. Halbu ki, Rusiyada taxıl və sair yeməli şeylər bol olduğu halda nizam və qaidə yoxsulluğu bizi bu gün həll olunacaq ən müşkül bir məsələ qarşısında bulundurmuşdur.
Neçə zamandan bəri Petroqrad və Moskva cəmaəti müəssisələri ilə şəhər idarələri bu məsələ ilə məşğuldurlar. Tiflisin dəxi keçəndə bu xüsusa aid bir qərar və təşəbbüsə gəldiyini xəbər vermişdik. Nəhayət qismi məxsusimiz də təfsil verildigi vəchilə Bakı duması da bu məsələ ilə məşğul olub bəzi qərarlar ittixaz elədi.
Biz burada hər şeydən əvvəl dumanın dünki iclasından aldığımız xüsusi təsürlərimizdən də bəhs edəcəgiz.
Məsələ mühüm. Həyat məsələsi. Xəlqin məişət və güzəranına təəllüq edən bir məsələ. Nə idi, bu məsələdə şəhərin əsl sahibləri yerli xəlqinin vəkilləri olan müsəlman qlasnılarının rəyi? Heyhat, əvvəl bu mübarəklər digər “cüzi” məsələlər kibi bu məsələyə də əhəmiyyət verməmiş, cələsəyə gəlməmişlərdi. Gələnlər dəxi sanki bu məsələdə bir əlaqələri yoxmuş. Sanki bu məsələ üstündə heç fikir etməmiş kibi oturub baxıyorlardı. Arada bir söz söyləyənlər də o qədər zəif, o qədər məntiqsiz ki, nə məsələnin əhəmiyyətinə, nə də söylənilən digər sözlərə heç yaraşmıyordu.
Əcəba, bu ruhsuzluq, bu hərəkətsizlik, cəmaət işlərində bu əlaqəsizlik nə vaxta qədər davam edəcək?
Məsələnin əhəmiyyəti və xəlqin ilk mütəəssir bir nöqtəsinə toxunduğundan olmalıdır ki, xəlq müsəlman qlasnılarından daha ziyadə əlaqədarlıq göstərərək duma salonu tamaşaçı ilə dolmuşdu. Məsələnin müzakirəsi əsnasında olduqca mühüm məsələlərdən bəhs olunub heyrəti mövcud şeylər danışılırdı. Natiqlərin əksəri dəmiryol rüsvayçılığından, bilxüsus Vladiqafqaz dəmir yolunun nizamsızlığından şikayət ediyorlardı.
Dünki sayımızda “Vaqon məsələsi” ünvanı ilə yazdığımız məqalədə dəmir yoluna istinad olunan şeylər az da artıqlaması ilə burada zikir olunuyordu. Serebiryakov bu məsələyi Tiflisdə müzakirə edərkən orada imiş. Diyor ki, Tiflis idarəsinin bəyanına görə şəhər idarəsi əlində civazi olduğu halda, vaqon ala bilmədigi halda, xüsusi bir tacir istədigi qədər un gətirtmiş və ağır bir qiymətə şəhər idarəsinə təklif etmişdir. Əcaib burasıdır ki, məzkur tacirin dediginə görə o özü üçün vaqon almaq degil, şəhər idarəsinə vaqon verilməmək üçün “təşəbbüs” etmiş və müvəffəq olmuşdur.
Gərək şəhər idarəsinin bəyanından və gərək unçu Skoblevin izharından anlaşılır ki, bu gün – sabah Bakı dəxi çörəksizlik bəlasına mübtəla olacaq. Çünki əhli-xeyrənin təxmininə görə Bakıda olsa-olsa, ancaq 10 günlük qədər un vardır. Bakını doydurmaq üçün gündə 70-80 vaqon məkulata ehtiyac varkən, Rostov vaqon komitəsinin qərarınca Bakıya ancaq 100 vaqon veriliyor ki, bundan 70-80-i də neft daşımaq üçündür. Deməli, Bakıya ancaq 30 vaqon məkulat gələ bilər.
Əlbəttə, məsələ olduqca mühümdür. Bunu əsaslı surətdə həll edə bilmək üçün ümumi dövlət qərarı lazımdır. Bu da bəzi qlasnıların söylədikləri vəchlə əsaslı və ümidli bir surətdə ancaq dövlətin ümidli əllərdə olması ilə həll oluna bilər. Fəqət quru ehtiyac, quru çarələrə də möhtacdır. İştə, quru çarə olmaq üzrə Bakı duması bir neçə maddədən ibarət bəzi tədbirlər ittixazına qərar verdi. Oxucularımız bu maddələrin nədən ibarət olduğunu qismi-məxsusumuzda bularlar.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 15 oktyabr 1915, №11
Məkulat – azuqə
Xeyrə – xeyirxah
Polşa müsəlmanları
Müharibə Daxili Rusiya müsəlmanlarını yeni bir ehtiyac ilə dəxi üz-üzə gətirmişdir. Məlum olduğu üzrə İçəri Rusiyadakı irqdaşlarımız saldat gedirlər. İmdiki halda Volqa Boyu tatarları ilə Krım əhalisindən sayı yüz minlərə yetişən müsəlmanlər rus saldatları ilə bərabər vətənin müdafiəsi yolunda müharibənin hər qism şiddət və zəhmətlərinə qatlanıb qanlarını axıdıyorlar. Buna görə də bütün Rusiyada olduğu kibi Şimal türklərində də bir ev yoxdur ki, əzasından birini və ya bir neçəsini itirməklə dağıdar olmasın. Əlbəttə, vətən uğrunda fəda olan bu adamların köməksiz qalmış ailələri, dağılmış yurdları ucundan hasil olmuş ehtiyaclar, bir araya gəlib də mili bir ehtiyac hökmünü almışdır ki, şimallı qardaşlarımız onunla məşğul olmaq məcburiyyətindədirlər. Bu ehtiyacı nəzərə alaraq vaxtilə mərkəzi Petroqradda olmaq üzrə müharibədən zərər görən müsəlmanlara müavinət edən müvəqqəti komitə üçün müsaidə alınmış və əksər şəhərlərdə bu komitənin şöbələri təsis olunmuşdu. Bu komitə gərək idarə miyanında olan müsəlman saldatlarının ehtiyacı və gərək onların arxada qalan ailələrinin dərdinə qalmaq niyyətilə vücudə gəlmişdi.
Şimali qardaşlarımız imdiki zamanda ikinci bir məsələ ilə də məşğuldurlar. Polşanın, Qaliçiyanın və ələlümum Qərb vilayətlərinin düşmən əlinə keçməsi ilə Rusiya böyük qaçqınlar seli müqabilində qaldı. Düşmən təkməsi altından əzilən quberniyaların xəlqi içəriyə doğru qaçmağa başladılar. Lehistanlılarla yəhudilərin bu yolda nələr çəkdikləri, başlarına nələr gəldigi qəzetələrdən məlumdur. Fəqət bu bəla seli müsəlmanları da hissəsiz buraxmamış. Əski zamandan bəri Polşa və Litvada yaşayan müsəlmanlar vardır. Bu müsəlmanlar da qaçmaq məcburiyyətində qalaraq qaçqınlığın bütün zəhmət və əzablarına məruz qalmışlardır.
Polşa müsəlmanları əslən tatar cinsindəndirlər. Bunlar vəqti ilə Polşa padşahlığında əsgərlik xidməti görmüş və Lehistanın düşmənləri ilə icra elədigi müharibələrdə kəndisinə müavinət üçün göndərilmiş və Lehistan panlarının vaqe olan arzularına görə orada qalıb da artıq geri dönmək istəməyən igid tatarların nəslindəndirlər. Sair müsəlman vilayətlərindən uzaq düşən bu müsəlman türklər vəqtilə dillərini də unutmuş, tamamilə mühitə qarışıb getmişlərdir. Polşa tatarları türkcə bilməzlər. Yalnız dincə zahiri bir əlaqə ilə islam aləminə mərbut qalmışlardır. Müsəlmandırsa, Lailahə iləllah kəlmeyi-təbiyyəsini hala zikr edib duruyorlar. Qürbətdə qalmaq surətilə Allahın ən böyük neməti olan dinlərini unutmaq bədbəxtliyinə mübtəla olan bu müsəlmanlar imdi də məmləkətlərində olan digər həmşəhəriləri kibi qaçqınlıq səfalətinə uğramışlardır. Şimal türkləri (tatarlar) bu əsrlərdən bəri ayrı düşən qardaşlarının dərdlərini səmimi bir surətdə bənimsəmiş, kəndilərini qardaşca istiqbala qərar vermişlərdir. Moskvada, Kazanda, Orenburqda və s. yerlərdə məxsus komitələr təsis olunaraq ianələr toplanmış və Qərb quberniyalardan gələn qaçqın müsəlmanları istiqbal etmişlər. Onlara yer-yurd bulmuş, dərdlərinə qalmışlardır. Hər tərəfdən qaçqın Polşa müsəlmanları üçün ianələr toplandığı Şimalı türkcə qəzetələrdə görünüyor. Bunların kədərli halları həqqində mütaliələr yazılıyor. Qafqasiyada çıxan türkcə qəzetələrdən ötrü Kars hərbzədələrinin halı nə isə adətən Polşa müsəlmanlarının bədbəxtliyi şimaldakı rəfiqələrimizdən ötrü odur. Şimallı rəfiqələrimiz Polşa müsəlmanları ilə sair müsəlmanlar arasında baqi qalan müsəlmanlıq camiəsinin cüzi bir əlamətini belə göstərdiklərini bu əlaqə üçün kafi göriyorlar. Milli məktəb o yanda qalsın, rusca olsun belə, əqaid və şəriət tədrisatından məhrum bulunan bu Qərb müsəlmanları bittəbii dini ədəb və əqayid həqqində olduqca səthi məlumata malikdirlər. Fəqət bununla bərabər müsəlmanlıqlarından əl çəkib də xristianlıq qəbul etməmişlər, “Əl-həmdülillah müsəlman qalmışlardır”. “Vəqt” qəzetəsində Polşa müsəlman qaçqınlarından bir mollanın halı təsvir olunuyor. Bu təsvirdən görünüyor ki, tatarca bəzi dualar hala Lehistan müsəlmanları arasında baqidir. Fəqət onlar özləri bu duaların öz qədim ana dilləri olduğunu bilməyib tatarcanı ərəbcə sanmışlardır. “Vəqt” mühərriri bu qədərlik zəif bir rabitənin belə baqi qaldığını “itmiş” bu qardaşlarımızın təkrar “bulunması” üçün böyük bir nemət sayıyor.
Polşa müsəlmanları tarixi bir bədbəxtliyə uğradıqlarından, nə kibi bir halda olsalar da, türk və müsəlman olduqları üçün böylə fəlakətli bir günlərdə bütün Rusiya müsəlmanlarının müavinətini gözləmək həqqinə malikdirlər. Onlara müavinət etmək yalnız maddi ehtiyaclarını rəf etmək üçün degil, onların Qərb ruhunda yenidən qardaşlıq və doğmalıq hissini oyandırmaq üçün dəxi vacib və lazımdır.
Sibiryanın ta uzaq bucaqlarından Qafqasiya dağlarını aşan istimdad fəryadlarına ləbbeyk dedilər. Qafqasiya cəbhəsində duçari-ğədər olan müsəlmanların faidəsinə sərf olunmaq üçün qəpik-qəpik topladıqları pullarını göndərdilər. Gözləməlidir ki, Volqa Boylarından gələn “əlqiyas” nidaları da Qafqasiya dağlarının yüksək şahiqələrinə dəgərək əksi-nida verir.
Bizə öylə gəlir ki, Bakı müsəlman cəmiyyəti-xeyriyyəsi bu xüsusda ilk qədəm götürüb idarəsindəki məbləğdən bir miqdarını polşalı müsəlman qaçqınlara sərf olunmaq üzrə müvafiq gördügi Şimal cəmiyyəti-xeyriyyələrindən birinə göndərərsə, ona kimsə etiraz etməz!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 16 oktyabr 1915, №12
Bugünki günlər
Tam bundan on il əvvəl bugünki bir gün idi. Vətənimiz Rusiya keçirməkdə olduğu böyük imtahanların kiçik bir mislini keçirmiş və xarici düşmənlə çəkişdigindən sonra daxili bəzi islahati-əsasinin elanını lazım görmüşdü. Əvət, 17 oktyabr fərmani-aliyəsinin xəbəri bugünki gün Bakıya çatmışdı. Bu günü xatırlayanlar söz, ictimai, ittifaq, mətbuat və şəxs azadlığını təmin edən fərmanın xəlq arasında hüsula gətirdigi şadlığın dərəcə və göstərişlərini, əlbəttə, unutmamışlardır. Çünki bu kibi vaqeələr bütün cüziyyatı ilə insan ömrünün axırına qədər unudulmayan şeylərdir. Bugünki gün bütün Rusiya seviniyordu. Bütün demək olmasa da, cəsarətlə Rusiyanın böyük bir qismi seviniyordu – demək olar. Seviniyordu çünki Rusiyanın əzəmətini, tərəqqi etməsini, mədəni olub da sair Avropa millətləri kibi ayaq tutub tərəqqi yoluna düşməsini hüriyyətlərin payidar olmasında görüyordu. Bugünki gündə söylənilən nitqlər Mancuriya səhralarında məğlub olan qüvvətin rus milləti olmayıb, rus həqsizliyi olduğunu söyləyir və artıq məğlub olmamaq üçün xəlqin azad olmasına lüzum göstəriyorlardı. Rus xəlqi fərmani-ali mocibilə kəndisinə verilən hüriyyətlər sayəsində məmləkətin idarəsinə qarışacaq, cəmaətin etimad və etibarına malik milli hökumət vücudə gətirəcək, arada mövcud olan bütün haqsızlıqlar qalxacaq, Rusiya bütün əksikliklərini düzəldəcək həqiqi bir məşrutiyyət qazanacaqdı.
Rusiyada sakin olan bütün millətlər, bütün siniflər seviniyordu. Hüriyyəti-vicdan elan olunduqdan, imnsanın hüquqi qəbula keçdikdən sonra bittəbii məzhəb və milliyyət üzündən təzyiqata uğrayanlar olmayacaq və böyük Rusiyada yaşayan qeyri-rus xəlqlər də milliyyətlərinin bəqa və tərəqqisi üçün su və hava kibi lazım olan təbii müsaidələri alacaqlardı.
Böylə idi rusiyalıların intizarı, böylə idi 1905-ci il oktyabrının 17 və 18-nin zehnlərə yerləşdirdigi ümid.
Fəqət bu sevinc günləri çox çəkmədi, keçdi. O gündən bu günə qədər tam on ildir. Bu günə qədər fərmani-alidə vəd olunan hüriyyətlər haman bir arzu halında qalmaqdadır. Mətbuat qanunu bu günə qədər meydana gəlməmiş. Hürriyyəti-şəxsiyyə hala idarəyi-ürfuyələrə qurban olunmaqda, ictimai və ittifaq azadlıqları da onların kökündə.
Bu böylə olmaqla bərabər, böyük hüriyyət vaqeəsi, Dövlət dumasının intixabı və bunun ətrafında vaqeə olan hadisələr nəticəsiz və faidəsiz dəxi qalmadı, xəlq az da olsa, məşrutiyyət həyatına ögrəşməgə başladı. Az da olsa, milli təşkilatın vücudu hiss olunaraq xəlq bu yolda tərbiyə olundu.
Böyük Avropa yanğını çıxdı. Məmləkət tarixində misli görülməmiş bir imtahanə tutuldu. Yalnız hökumətlərin intizamı, qoşunun qüvvəti degil, əxlqin təşkilat və təşəbbüsünün də qələbə üçün vacib və lazım olduğu meydanə çıxdı. Yarımçılıq, hürriyyətlərin təmin elədigi yarımçıq təşkilatın bu müharibədə göstərdigi vətənpərəstlik əsərləri bildirdi ki, Mancuriya imtahanından bu böyük miqyasda faidəsində olmaq istəmiyən Rusiya nə böyük xəta eyləmişdir. Rus mətbuatı ilə rus xəlqinin əfkarını idarə edən şəxslərin düşüncələri araşdırılırsa, xarici düşmənə qalib gəlmək üçün Mancuriya imtahanından sonra təyin olunan çarələrdən, yəni daxili islahat ilə etimada şayan milli bir hökumət vücudə gətirməkdən Rusiyanın azadlığından başqa bir çarə görülmiyor.
Ənid və cəsur düşməni ancaq müttəhid və azad rus milləti sındıracaq.
Məhəlli rəfiqlərimizdən birinin dedigi kibi, “ümumdünya yanğınının alovları içində islahat dövrindən əvvəl olan çürük parçalar yanacaq, onun yerində isə yenə bu atəşlərin içərisindən yeni Rusiyanın maddəsini təşkil edən saflanmış mədən parçası çıxacaqdır ki, bundan on il əvvəl elan olunan əsasların sözdən işə keçməsinə imkan verəcəkdir”.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 18 oktyabr 1915, №13
Ənid – inadcı, tərs, höcət
İki yol ayrıcında
Güman olunuyor ki, artıq Balkan müharibələrinə diplomasi vasitələrlə kömək edib Serbiyanı o surətdə xətərdən çıxarmaq fürsəti qalmamış. Fəqət hər nə qədər ilk nəzərdə məsələ böylə isə də, batində dördlü etilaf dövlətləri Yunanıstan ilə Rumaniyadan tamamilə əl üzüb oturmamışlardır. Almaniya – Avstriya – Bolqariya – Türkiyə orduları müqabilində dögüşmək məcburiyyətində qalan kiçik Serbiyaya lazım olan müavinəti yetirmək üçün müttəfiqlərin fürsəti yoxdur. Bu fürsətsizlik İtaliyanı Balkanlara qoşun göndərməkdən saxladı. İngiltərə göndərdigi qüvvələrdən artıq bir qüvvə göndərə bilməyəcəgini Laksudvanın ağzı ilə əvam məclisində söylədi. Əksəriyyətlə fransızlardan ibarət olan Salonik desantı (sudan quruya çıxarılan qoşun) da bittəbii düşmənin böyük qüvvətinə müqabil qoyulacaq qədər degildir.
Bu surətlə ən ümidli çarə Yunanıstanı Serbiya ilə əvvəla ittifaqnaməsinə əməl etməgə vadar eləmək və Romaniyanı da dörtlü etilaf faidəsinə olaraq müharibəyə atdırmaqdır.
İki yol ayrıcında mütərəddid qalan bu iki Balkan hökumətlərində hala bir münarizədir gediyor və bu tərəddüdlərin günlük halını təsvir edən teleqraflar bir gün böylə, o biri gün də öylə bir xəbər gətirməklə zehnləri məşğul ediyorlar.
Yunanıstanın siyasətcə nə kibi iki od arasında yandığını keçənlərdə bir məqalə ilə izah etmişdik. Yunan bir tərəfdə İtaliyayi, digər tərəfdən də Bolqariyayı görərək hər iki yana yanaşmaqdan qorxuyor. Buna görə də faidəni bitərəflikdə bularaq dörtgözlə müharibənin keçirdigi səmtlər və halları güdüb duruyor. Yunanıstanın bu tərəddürlü halı tarixin əcib bir halını meydana gətirmişdir. Bir tərəfdən bitərəf qalan Yunanıstan, digər tərəfdən torpağından keçən müharibələr müqabil dustanə bir vəziyyət saxlayır.
Romaniyaya gəlincə, əhval başqa bir şəkil almaqdadır. Serbiya əhvalı fənalaşdıqca, Balkan davaları qızışdıqca, Romaniya siyasəti də itiləşir və biri-birilə çəkişməkdə olan daxili partiyaların münasibətləri qızışıyor. Əsl iki yol ayrıcında qalan siyasət Romaniyanın siyasətidir.
Bütün Balkan padşahları kibi Hühinslurn xanədanına mənsub olan nemes kral başında olan almanpərəstlərlə bərabər Almaniya tərəfində olub var qüvvə ilə çalışıyorlar ki, hal-hazırda iş başında olan Bratyanu hökumətini salıb, yerinə almanpərəst bir kabinə qoysun. O biri tərəfdən də bütün müxalif firqələr başında köhnə vəzirlərdən Fliyesko, Takyenosko olduğu halda məmləkətdə böyük və gurultulu bir propaqanda çıxarıb, hər nə cür olursa-olsun dövlətinin dörtlü etilaf lehində olaraq işə qarışmasını tələb ediyorlar. Böyük Romaniya amalı bəsləyən müxaliflər Transilvaniya və Buqavina kibi və əhalisi sırf rumın olan əyalətləri əlində bulundurduqca Avstriya dövlətini öz milli müttəfiqlərinin düşməni hesab edərək, indiki fürsətdən istifadə ilə vətənin ayrı düşən o iki qitəsini almaq üçün zamanın yetişdigini iddia ediyorlar.
Bratyanu özü paytaxt qəzetələrinin təsdiqinə baxılırsa, dörtlü etilafa mail bir adamdır. Fəqət kabinəsində həmcinslik yoxdur. Vəzirlərdən bir neçəsi almanpərəstdirlər. Buna görə də imdiki Romaniya hökuməti o siyasəti ixtiyar etmək iqtidar və qətiyyətindən uzaq bir iradəsi qeyri-müəyyən bir heyətdən ibarətdir.
Fəqət bu iradəsizlik çoxmu çəkəcək? Vaqiələr bir ildırım surətilə getməkdədir. Müharibələrin surəti və müharibə meydanlarının vüsəti artdıqca məlum işdir ki, iki yol ayrıcında dayanıb da hankı tərəfə gedəcəgini bir növ kəsdirə bilməyən Romaniya saətin əmredici təsirinə bu yollardan birinə yönələcəkdir.
Bu gün etilafçıların, bir gün də almançıların müvəffəqiyyətini xəbər verən teleqraflar son günlərdə Romaniya müxalif firqələrin hərarətli təşəbbüslərindən, hətta küçə qovğalarına qədər çıxdıqlarından xəbər gətirdikləri halda, o biri tərəfdən də kralın alman tərəfdarı bir kabinə təşkili fikrindən olduğunu bildiriyorlar.
Şübhəsiz ki, Romaniyanın gedəcəyi yolu müxaliflərin istədiklərindən ziyadə dava meydanında üz verən təbəddülat təyin edəcəkdir. Buna görə də dörtlü etilaf dövlətləri siyasi təşəbbüslərlə bərabər Balkan müharibələrinin əskəri cəhətinə əhəmiyyət verməli və bütün qüvvələrilə almanları dəf edə bilməsələr də, hücumlarının şiddətini saxlamalıdırlar ki, iki yol ayrıcında qalanlara düşünmək imkanı qalsın.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 19 oktyabr 1915. №14
(Ardı var)
Şirməmməd HüseynovBu yazı ( 363 ) - dəfə oxunmuşdur