Məhəmməd Əmin Rəsulzadə
Şirməmməd Hüseynov
03:09 / 28.01.2012
Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
Əsərləri Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
Hicrətdən 1334
Bu gün sənəyi-hicriyyənin 1334-cü tarixinə giriyoruz.
İl başlarında dönüb də arxaya baxmaq və gedilən yolu təxmin ilə ondaki macəraları xülasə etmək bir adətdir. Bu adət üzrə biz də ötüşməkdə olan 1333-cü sənəyi-hicriyyəyə baxaraq, bütün islam aləmini böyük müharibə icabi olaraq müsibətlər, əndişələr içində görəcək, sair millət və dövlətlərlə bərabər onları da böyük sıxıntılar, böyük fəlakətlər içində bulacağız.
Bir tərəfdən Rusiya, Fransa və İngiltərə dövlətlərinin təbəələri olmaq, digər tərəfdən də müharib bir millət təşkil etmək surətilə müsəlmanlar Avropada zühur edən qitalə bitərəf bir tamaşaçı olaraq qala bilmədilər. Onların qanı müxtəlif millətlərin qanına qarışıb dünyanın əski qitələrini islatdı.
Hələ rəsmən bitərəf qalan islam məmləkətləri dəxi dünya müharibəsinə qarışmadıqları halda keçən ilin verdigi ğələyanlardan, müharib dövlətlərin icra etdikləri təhriklərdən özlərini qoruya bilmədilər.
Müharibənin dəhşətlərindən bir çox qanlı faciələr hasil oldu.
Keçən ilin tarixində pək çox olan faciələr Rusiya müsəlmanlarından bir şöbə təşkil edən Kars və ətraf müsəlmanlarını da kənarda buraxmadı. Fəqət yalnız Kars faciəsimi? Yalnız müsəlmanların başına gələnmi? Bütün dünya bir faciə, bütün islam aləmi bir dəhşət içində degilmi?
Bu gündən etibarən islam aləmindən böyük bir hissəsi bir şəhidin xatirəsi olmaq üzrə matəm saxlıyor.
Bizimki böylə gəlmiş. İl başları hər millətdə, hər yanda bir sevinc və bir fərəhlə qarşılanarkən biz də:
“Mahe məhərrəm oldu, məsərrət haramdır” hökmünə daxil olmuşdur.
Məsərrət haramdır. Çünki böyük bir fədayi-həqq – bu ayda zülm və ğədərə uğramış, bu ayda həqq və bir səbəb naminə özünü fəda eləmişdir. Buna görə də onun fədakarlığını müttəzikr olub əqidə və məslək səbati üçün kəndisindən bir ibrət almaq lazımdır. Bu lüzumi gözətmək üçündür ki, böyük şairimiz Füzuli:
“Təcdidi matəm şəhida nəfsiz degil” – demiş, bu matəmin “şərinə bir ehtiram” olduğunu da əlavə etmişdir.
Əvət, ehtiram. Ehtiram və ədəb dairəsində bir matəm. Əlbəttə, böylə bir matəm nəfsiz degil. Yoxsa məqsədsiz, mənasız bir surətdə ağlayıb da, ağlamaqdan bir məqsəd, bir əməl vücudə gətirmək bizdə qəhrəmanlıqlarına məftun olduğumuz şühədanın təqdir edilən səbat və müqavimətləri kibi dəgərli xislətlər degil. Ətalət və sənklik kibi qorxaqlıq təbiəti hasil edər.
Rovzəxanlar ağlamağı böyük bir fəzilət ədd edərlər. Əlbəttə ağlamaqda da fəzilətkar bir xütbə yox degildir. Fəqət cəsarətlə oxucularıma demək istiyorum ki, mənasız, məqsədsiz bir surətdə ağlayıb gözdən olmaq, ağlamağı məqsəd edib bütün dünya ehtiyaclarına göz yummaqda zərrə qədər faidə yoxdur.
Məhərrəmlik matəmlərində ədəb və ehtiramə rəayət etmək məzlumani-Kərbəlanın zahiri məzlumiyyətlərinə ağlamaqla bərabər, onların mənəvi və ruhani qalibiyyətlərinin mənasını dərk ilə ruh və cəsarəti-mənəviyyəcə şühədayi-Kərbəlani birər nümunə ittixaz etməli və içində bulunduğumuz böylə bir zamanda yaşamaq üçün öylə bir ruha möhtac olduğumuzu unutmamalıyız.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 28 oktyabr 1915, №21
Məsərrət – şadlıq
İran böhran içində
Artıq Türkiyə və Bolqarıstanda olduğu kibi özünü bir əmri-vaqeə qarşısında görmək istəməyən Rusiya – ingilis diplomatiyası neçə zamandan bəri çevrilməkdə olan alman-türk intriqalarına İranda bir intəha vermək üçün Qəzvin ordusunun Tehrana tərəf yeriməsinə lüzum görmüşdür. Qəzvin ordusu da Yenki imama qədər hərəkət etmişdir.
Müntəzəm rus ordusu müqabilinə çıxarılacaq bir qüvvəyə malik olsaydı, İranın Kərəc ərazilərində istehkamlar yapmağa başladığı xəbərlərini bəlkə də eşidirdik. Fəqət almanlarla türklər şaye olan xəbərlərə görə hər nə qədər fəaliyyət göstərmiş və hər nə qədər İrana tüfəng, top və pülemyotlar gətirmiş olsalar da, dərmə-çatma qüvvələrlə müntəzəm bir nizami qüvvətə qarşı duramazlar. Buna görə də müntəzəm bir əskərə malik olmayan Tehran hökuməinin müsəlləh olaraq Qəzvin ordusuna müqabil duracağını düşünmək nə ağla, nə də məntiqə gəlməz!
Zatən sonra gələn teleqraflarda məclisin müzakirəsi həqqində verilən xəbərlər çüzində də göstəriliyor ki, millət vəkilləri məsələlərinin sülh ilə həll olunacağına ümid bəsliyorlar.
Oxucularımız bilirlər ki, İran hökuməti rus və ingilis səfarətlərinə mühacirətlə özünün bitərəflik saxlamasından ötrü məzkur dövlətlərlə müzakirəyə amadə olduğunu bildirmişdi. Rus və ingilis dövlətləri də böylə bir müzakirəyə girişəcəklərini, yəni İran etilaf dövlətlərinə mail bitərəflik saqlarsa, əvəzində nələr ala biləcəgini danışmağa hazır olduqlarını kəndisinə bəyan etmişlərdi. Fəqət bir şərt qoymuşlardı ki, İran 1907-ci sənəsində bağlanmış olan rus-ingilis əhdnaməsinə təzədən baxılmasını tələb etməsin.
Əsl məsələ də burasındadır: məlum olduğu üzrə məclisin İran mətbuatının əfkari- ammənin İranda az-çox bir təşkilata malik olan demokrat firqəsinin bəslədikləri müəyyən bir əməl varsa, o da həmən bu əhdnamənin təzədən baxılmasından ibarətdir.
Məşrutəçi iranlılar məmləkətlərinin nüfuz məntəqələrinə bölünməsinə bir dürlü razı ola bilmiyorlar. Onlar bu əhdnaməni daha imza edildiyi zaman protesto etmiş və bu günə qədər də məzkur əhdnamənin vücudini rus və ingilis diplomatiyasının naümidliginə rəğmən məmləkətlərinin istiqlalı ilə mənafi görmüşlərdir. İranlılar hər zaman çalışmışlar ki, kəndi məmləkətlərinin 1907 əhdnaməsinin “vəsayət”indən qurtarsınlar. Çox ehtimal vardır ki, Balkandakı-Almaniya-Bolqar-türk müvəffəqiyyətinin təsiri ilə Almaniya-türk təhrikatına qapılan İran hökuməti bitərəfligi həqqində başlıyacağı müzakirələrini əsl bu nöqtədən də başlamaq istəyəcək, bəlkə də istəmişdir. Və şübhəsiz ki, İranı bu yolla qatı bir şərt qoymaqdan mane etmək Almaniya əfsunu ilə xəyallanan qafaları bir az huşa gətirmək üçün Qəzvin ordusunun Tehran üzərinə yeridilməsində faydalar görülüyor. Ordunun Tehrana gəlməsi ilə İran hökuməti həm bitərəfligi həqqində vəz edəcək şərtləri etidal üzrə tərtib edər. Həm də Almaniya və Türkiyə təhrikatı əleyhinə görəcəgi iqdaməti təxir etdirməz.
Fil-həqiqə İran hökuməti məşhur olduğu kibi, Almaniya və Türkiyə ilə gizli bir ittifaqnamə ilə əlaqədar isə, Qəzvin ordusunun Tehrana gəldiyi təqdirdə Rusiya və İngiltərə dövlətlərinə düşmən olan səfirlərlə bərabər şah ilə hökuməti dəxi Tehranı tərk ilə cənubi İrana çəkilmək məcburiyyətində qalacaq.
Teleqraflar Tehrandan çıxmaq məsələsi xüsusunda şah ilə hökumətin əvvəlcə tərəddüddə olduğundan xəbər veriyorlardı isə də son alınan xəbərə görə şah Almaniya macəraçuluğuna aldanmayaraq Tehranda qalmasına qərar vermişdir. Fəqət bütün övraq və sənədatını Amerika konsulxanasında gizlədib də təbəələrində bir çoxlarının Sultana göndərmiş olan Almaniya-Türkiyə və Avstriya səfarətxanaları ilə bərabər demokrat məbuslardan firqə rəisi Süleyman Mirzə ilə sair iranlılar dəxi Tehranı tərk etmək niyyətində imişlər.
Petroqraddan alınan məlumata görə şah və yaxud hökumətin Tehrandan çıxmalarını diplomatiyamız haman İran hökumətinin Almaniya nüfuzuna düşməsi kibi tələqqi edəcəkdir. Fəqət bir iki məbus ilə bərabər neçə firqə adamının bu yoldakı hərəkətləri, əlbəttə, İran hökumətinin qəti bir meyli kibi tələqqi ediləməz. Petroqradda dünki gün saət ikidə İranın qəti cavabı gözlənilirmiş. Fəqət bu sətirləri qaraladığımız ana qədər bu cavab həqqində bir məlumat alınmamışdır. Yenki imam da əmr bəkləməkdə olan bu cavabın nəticəsinə bağlıdır. Şahın Tehrandan çıxmağa qərar verdigi xəbəri doğru isə, (ki, doğruluğuna çox ehtimal vardır) İran hökumətinin müvafiq bir cavab verəcəginə ümid etmək olar.
Hər halda İran bir taqım mühüm günlər keçirməkdədir. Bu mühüm günlər bizi ümumi Avropa müharibəsinin yeni bir səhnə fəcaəti qarşısında bulunduracaqmı?
Bu kibi mövqelərdə iranlılar diyorlar ki, “Şəbastənəst tacizayəd səhər”*.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 2 noyabr 1915, №26
Vəsayət – qəyyumluq
Tələqqi – qiymətləndirmə
* Gecə hamilədi, səhərə nə doğacaqdır məlum degil
Müftilik məsələsi
Tarixi-hicrinin tazələnməsi münasibətilə yazmış olduğu məqaləsində şimallı türkcə rəfiqlərimizdən “Quyaş” qəzetəsi keçən sənə hicriyədə Rusiya müsəlmanlarının başına gələn xüsusi bədbəxtliklər cüzində Bayazidovun müftiligə təyin olunmasını da saymışdı.
Qafqasiya meydan hərbinə yaxın olan Kars və Ərdəhan müsəlmanlarının fəlakətə uğramaları bütün Rusiya müsəlmanlarının həyatına toxunmuş və Rusiya müsəlmanlığının ən uzaq guşələrinə qədər bu məsələ təsir etmiş, hər tərəfdən ianələr gəlmişdi və imdi də gəlməkdədir. Kars və Ərdəhan fəlakətlərindən Rusiyada çıxan bütün türkcə qəzetələr aylarla bəhs edib durmuş, hər tərəfdə ianə komitələri təşkil olunmuşdu. Bütün bayramlar, ictimalar həp karslıların müsibətini azaltmaq yolunda istedə olunmuş, hər sinif, hər təbəqə bu məsələdə özünü əlaqədar göstərmişdi. Kars və Ərdəhan məsələsi adətən mühüm bir məsələ təşkil edib Rusiya müsəlmanlarından ötrü milli bir məsələ şəklini almışdı. Bu məsələnin Rusiya müsəlmanları həyatında nə qədər müəssir bir məsələ olduğu hər kəscə məlumdur və bu məlumluqdandır ki, imdi də Bakı cəmiyyəti-xeyriyyəsinə ianələr axıb gəlməkdə və bu ianələrin arası bir dürlü kəsilməməkdədir.
“Quyaş” qəzetəsi Bayazidovun müftiligə təyinini iştə müsəlmanların ən riqqətli hissiyyatlarına toxunan bu məsələ qədər böyük bir bədbəxtlik, milli talesizlik ədd ediyor.
Zahirdə müqayisə bir az biyəd görülsə də, həqiqət halda Bayazidovun müsəlman əfkari-ümumiyyəsinə rəğmən müftilik kibi böyük və ruhani bir mənsəbə təyin olunması Kars faciələrindən daha az bir bədbəxtlik degildir.
Rəisi-ruhani hər millətin ehtiramını qazanmış bir şəxs olmalıdır. Bütün millətlərlə bərabər müsəlmanların dəxi amalı-milliyyətlərindəndir ki, ruhani rəisləri onların öz tərəfindən seçilsin. Onlar bu arzularını dəfələrlə izhar etmişlər. 1905-ci sənələrindən bəri müsəlmanlar hər münasibətlə buna şiddətlə möhtac olduqlarını bəyan etmiş və neçə kərə vaqe olan müsəlman ictimailəri milli ruhani ehtiyaclar həqqində tərtib verdikləri maddələrin başına iştə rüəsayi ruhaniyyənin kəndi tərəflərindən seçilməsi maddəsini qoymuşlardır. Bütün Rusiya müsəlmanlarının ilk ictimailərini təşkil edən Nicni-Novqord ittifaqi-müsliminin bu tələbi vəz elədigi kibi, sonra yığılan bütün ictimailər (siyezdlər) dəxi onu təyiddən geri qalmamışlardır. Hələ Rusiyada çıxan bütün müsəlman qəzetələri bu maddədə müttəhid olub bir ağızdan ruhanilərin seçki ilə təyini Rusiya müsəlmanlarının ixtilaf götürməz böyük bir əməli kibi tərvic etmişlərdir.
Müfti Soltanovun vəfatı münasibətilə bu məsələ təkrar bütün xüsusiyyəti ilə qalxmış və müsəlman əfkari-ümumiyyəsi üçün müzakirə olunacaq bir məsələ təşkil etmişdi. Əlbəttə, mətbuat seçki məsələsi lüzumundan bəhs etməklə bərabər madam ki, bu əsasi-qanuni bir yolda daha qəbul edilməmişdir, artıq felən tətbiqinə göz örtmək məcburiyyətində idi. Rusiya müsəlman əfkari-ümumiyyəsi, əlbəttə, biliyordi ki, Soltanovun yerinə təyin olunacaq müfti müsəlmanların öz seçkiləri ilə intixab olunacaq həqiqi millət nümayəndəsi olmayacaq. Çünki böylə bir səadəti görmək daha gəlməmişdir. Fəqət hər halda müsəlmanlar ümid edərlər ki, zamanın əhəmiyyəti və müsəlmanların bu əhəmiyyətli zamanda göstərdikləri vətəndaşlıq ləyaqətləri nəzərə alınaraq, heç olmasa, hökumət müftiligə təyin edəcəgi adamı intixab edərkən əfkari-ümumiyyəni nəzərə alar, xəlqin etimad və etibar elədigi namizədlərdən birisini təyin etməgə əfkari-ümumiyyəyi istiqbal edər.
Fəqət həqiqəti-hal müsəlmanların intizarı ilə o qədər mütəzar çıxdı ki, Orenburq müftiliginə yalnız xəlqin etimadına məzhər olmayan bir zat degil, Axund Səfa Bayazidov kibi müsəlmanların nifrətini qazanmış bir şəxs təyin olundu. Həm də bu təyin o qədər acələ ilə vaqe oldu ki, müsəlmanlar bu xüsusda müəyyən bir fikrə gəlmək imkanı belə bulamadılar. Fəqət Bayazidovun həqqində müsəlmanlar arasında iki fikir ola bilməzdi. Müvafiq bir namizəd intixabında bir rəyə gələ bilməsə də, müsəlman əfkari-ümumiyyəsi Bayazidovun əleyhinə çoxdan birləşmiş idi. Bunun üçün də Səfa Axundun müftiliyə təyini doğrudan-doğruya müsəlman əfkari-ümumiyyəsinə qarşı bir zərbə təşkil ediyordu.
Müsəlmanların ən əziz bəslədikləri əməllərinə, onun üçün də ən müqəddəs bildikləri hisslərinə toxunan bu zərbə heç şübhə yoxdur ki, Kars fəlakəti kibi maddi bədbəxtliklərdən mənəvi, daha böyük bir bədbəxtlikdir.
Məlum olduğu üzrə Bayazidovun müftiliyə təyini özgə dinlər departamanı rəisi Minkinin səy və ictihadı ilə olmuşdu. Vaxtilə Dövlət duması əzaları, müsəlman ziyalıları və sair heyətlər Bayazidovun müftiliyə münasib olmadığını hökumət dairələrinə bildirmişlərsə də, faidə verməmişdi.
“Quyaş” qəzetəsinin verdigi məlumata görə imdiki daxiliyə vəziri Xvostov müfti Bayazidovun qulluqdan çıxarılması ilə müsəlman əfkari-ümumiyyəsinin razı salınmasına çalışacağı vədini vermiş imiş. Bununla bərabər müfti həqqində yazdığı məqaləsindən dolayı min manat cəriməyə düçar olan “Turmuş” qəzetəsi dəxi bu cəriməyi verməkdən azad edilmişdir.
Bayazivodun bu günlərdə Petroqrada gedib səfərinin uzun çəkməsini dəxi bu məsələ ilə əlaqədar görüyorlar. Yuxarıda zikri keçən Minkinin dəxi istefa etmiş olduğundan güman olunurmuş ki, Bayazidovun əzl olunub yerinə müsəlman əfkari-amməsinin etimadını qazanmış birisi təyin olunsun.
Rəfiqimiz “Yeni iqbal”ın qeyd etdigi kibi müsəlman dəva vəkillərinin hüquqlarını genişləndirmək babında səy etmiş olan daxiliyə vəziri Xvostov ehtimal ki, bu məsələdə də müsəlman əfkari-ümumiyyəsini istiqbalə lüzum görür.
Fəqət müsəlmanların bu kibi bədbəxtliklərə düçar olması və ruhani rəislərinin təyini minkinlərin degil, daima öz arzu və meylləri üzərinə intixab olunması və bu ruhani və milli məsələnin hər dürli təsadüflərdən məhfuz qalması üçün müsəlman ruhanilərinin ittixab və təyini məsələsi əsasən islah olunmalıdır ki, bədbəxtliyin kökü qazılmış olsun!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 4 noyabr 1915, №28
Əzl – işdən çıxarma
Bir moizə münasibətilə
29-cu sayımızda təkyələrdən birində məşhur bir rövzəxanımız tərəfindən irad olunan moizənin bir fəqərəsi nəql edilmişdi. Ruznamələrdə hətta çox keçib də bu dəfə minbərdən söylənilmiş bu fəqərə üstündə bir az dayanmaq istiyoruz.
Mətləb əldə olmaq üçün Axundun söylədigi fəqərəyi məsələn nəql etmək məcburiyyətindəyiz. Axund demişdi ki:
“Cahil, dünyadan bixəbər, zəmanənin istədigini dərkdən aciz, dünyadaki vaqeələrin güzaranından ğafil, elmi yalnız bir taqım övrad və zikrləri təsbihləməkdən ibarət bilən şəxslərdən, ey cəmaət, sizə faidə gəlməyəcək. Bu vəqtə qədər bu taifə, bu cahıl sərf olub da alim keçinən ağalar sizi tərəqqidən saxlamış, bədbəxt etmişlərdir. Bunlardan bir şey gözləmək əbəsdir. İstiqbalımızı bunlardan payi minbərdə oturan gimnazist və riyalistlərə xitabən istəyiniz, ümidinizi bunlara bağlayınız!... Bunlardır bizi xilas edəcək bilgi namizədlər, bunlardır gələcəgimizin ümidləri. Xoş güzəranlığımız dünyadakı rifah və səadətimiz bunların idrakından, bunların zəmanə biligi ilə silahlanmış əzm və qeyrətlərindən asılıdır.
Söylənilən mədhiyyələrdən şagirdlərin sinələri qürur hissi il əqabarmaqda, qulaq asan sair əzadarların ürəkləri dəxi “uçeniklər”ə qarşı böyük bir məhəbbətlə dolmaqda ikən Axund bir az nəfəs almış və sonra bir əfsus çəkərək demiş ki:
– Fəqət bunlardan da o qədər faidə yoxdur, çünki bunların tərbiyə və təlimləri öylə bir əsasdadır ki, ögrəndikləri elm və fünunlar arzu olunan faidəni vermiyor, bu da oradan çıxıyor ki, bunlar ana dilini bilmiyor, ədəbiyyatlarını anlamıyor, dinlərini, tarixlərini ögrənmiyorlar. Böylə qalınca bittəbii gözlənilən faidəni də vermiyorlar. Axundun inteligentlərimizin tərbiyəsi xüsusunda söylədikləri şübhəsiz ki, bir həqiqətdir, söylənə-söylənə və ruznamə səhifələrindən minbərə qədər çıxan acı həqiqətlərdən bu həqiqət bu gün bir çoxlarımızı düşündürməkdədir.
Edadi məktəblərdən əl çəkəcək (keyfləri istədiyi kibi təşkilinə malik degildir – diyə) onları baykot edəcək bir halda degiliz. Öz başımıza edadi məktəblər təsis edib də orada milli dərslərə əhəmiyyət verdirəcək bir hal və hüquqda da degiliz, o halda nə etməliyiz?
Bunun çarəsini dərk edə bilmək üçün əvvəla edadi məktəblərdə türkcə ilə şəriət dərsinin nə halda olduğunu bilmək gərək. Bütün edadilərdə bu iki dərs ilə onları oxutduran müəllimlər də vardır.
Fəqət bu dərslərin sair dərslər qədər nə də bu müəllimlərin digər müəllimlər qədər əhəmiyyəti var. Sair edadi müəllimləri yaxşı məvacib alıb özləri də hökumət qulluğunda hesab olunurkən türkcə və şəriəti-islamiyyə müəllimləri nə o məvacibi ala bilərlər, nə də hökumət qulluğunda sayılarlar. Başqa dərslərdən şagird zəif olursa, nizamən bir klasdan o biri klasa keçirilmiyor. Halbuki il uzunu türkcə ilə şəriət dərsindən qaçan şagirdin ağlına belə gəlmiyor ki, bu dərslərdən ötrü bir il klasda qalıb vaxt itirəcək.
Məlum işdir ki, vase məlumata malik olub da adam kibi ruzigar keçirmək istəyənlər türkcə müəllimligi kibi az maaşlı bir sənətə əgilmiyorlar. Buna görə də əksərən edadi məktəblərin türkcə müəllimləri iqtidarsız adamlar olur, iqtidarlılar olursa, o da ancaq fədakarlıq edərək aza qənaət etmək məcburiyyətində qalır. Uşaqlar da görüyorlar ki, müəllim ciddiyyət göstərmiyor. Müəllimlər şurası onlardan müəyyən bir bilik istəmiyor. Ona görə onlar da tənbəlləniyorlar. Fəqət sonra bu tənbəllikdən peşiman oluyorlarsa da heyhat ki, fayda vermiyor. Bakı gimnaziyasını bitirmiş bu kibi peşimanlara çox təsadüf olunur. Şübhəsiz ki, onlar öz tənbəlliklərinə heyfislənərkən müəllimləri ilə ana-atalarının da bu xüsusdaki qeydsizliklərini şiddətli təbirlərlə söyləməgi unutmuyorlar.
Nədir bunun çarəsi? Nə vasitə ilə etmək olar ki, edadi məktəblərin türkcə və şəriət müəllimləri layiqli adamlar olsun və nə cür etmək olar ki, türkcə şəriət dərsi də başqa dərslər kibi ciddiyyətlə oxudulsun?
Bunun çarəsini gəncəlilər görmüşlərdi, başqa yerlər, bilxassə Bakı bu xüsusda gəncəlilərə təqlid edə bilər.
Gəncənin işlərinə bələd olanlar deyirlər ki, Gəncə gimnaziyasında övladları olan müsəlman atalar məktəb idarəsindən öncə türkcə müəlliminin maaşının artırılmasını tələb eləmiş, veriləcək maaşın fərqini də cəmaət pulundan təmin etmişlərdir. Bu qəbul edildikdən sonra layiqli müəllim tapmaq məsələsi həll olunmuş, ondan sonra məktəb idarəsindən istəmişlər ki, onların övladı türkcə və ya şəriyət dərsindən zəif olursa, onlarla başqa dərslərin hökmündə rəftar edilsin. Bu cəhət də qəbul edilmişdir. Nəticə dəxi gözləndiyi qədər parlaq çıxmışdır. Gəncə edadilərini bitirən müsəlman “uçenik”lər artıq öz ədəbiyyatından bixəbər, ana dilini bilməz və şəriətini anlamaz, yarımçıqlar degil, tam istənilən adamlardır, gəncəlilərin bu işi o qədər müsəllim olunmuş ki, bir çox atalar türkcədən zəif olan uşaqları üçün fransızca, ruscadan olduğu kibi xüsusi müəllimlər tutmağa belə məcbur olmuşlardır. Bunun sayəsində Gəncədə türkcə də müqtədir cavanlar mövcud olub aralarında ümidi-istiqbal təşkil edən fəal və ruhlu şəxslər də çoxdur.
Gəncə çarəsini Gəncədən daha əvvəl Bakı tətbiq etməməli idimi?
Bir çox məarif cəmiyyətlərinə, bir çox milyonerlərə, bir çox ağalara, bir çox mətbuata, bir çox ali təhsil görmüş inteligentlərə malik olan Bakı bir Gəncə qədər təşəbbüs göstərməz. Qafqasiyanın mərkəz ürfanı adını daşımaq iddiasında olan bu “mənfəətxanə” milli mənfəət üçün ikinci dərəcə bir şəhər qədər dirilik və həyat əsəri göstərməzsə mərkəzlik və sərxeyilik məqamına malik olarmı?
Bakı əhda edadilərindən bəzilərində bərəkət versin ki, müəllimlərin zəhməti sayəsində az-çox bir tərəqqi görülür. Fəqət mühüm bir qisminin bərbad bir halda olduğunı görər, həmişə müəllimin dərs əvəzinə klasa gəlib də dərsdən başqa hər şeylə məşğul olduğu haqqında uzun-uzadı hekayələr eşidər. Fəqət təşəbbüsümüz sadə “ah vay”- dan oyana keçməz, bəs degilmi bu qəflət, bəs degilmi bu müsahimə?
Həyati-milliyyəmiz üçün görüləcək ən lüzumlu işlər artıq manei-tərəqqi deyə daimən “məzəmmətlədiyimiz” rövzəxanlar tərəfindən təbliğ olunmağa başladı.
Bu kibi xüsuslarda qabaq səfdə olmaları lazım gələn ariflərimiz hələ “öz işlərinə” məşğul halda uyğudan ayılmayıb, bir dirilik əsəri göstərmiyorlar. Fəqət xüsusi mənfəət uyğusuna dalmış olan bu adamlar işi o yerə yetirməməlidirlər ki, rövzəxanlar etdikləri tənə imdi özləri nişan olsunlar!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 10 noyabr 1915, №31
Vase – geniş
Təkyə – məhərəm mərasiminin
keçirildiyi yığıncaq
Övrad – virdlər, əzbərlər
Bayramlar məsələsi
Türkcə rəfiqlərimizdən birisi ruhani ehtiyaclarımızdan birisi olmaq üzrə bayramlar məsələsini də ortaya sürüyor.
Bayramlar məsələsi həqiqətən də Qafqasiya müsəlmanlarından ötrü rəfi lazım böyük bir ehtiyac şəklini almışdır. Əlbəttə, Rusiya müsəlmanlarının böyük vətənin sadiq bir vətəndaşı olmaq hesabı ilə Rusiyalılığın icab etdigi hər bir vəzifəyəi maddi və mənəvi hər bir məsuliyyəti qəbul etməgə hər zaman mühəyya olduqları kibi, imdi də hazırdırlar. Dövlətin yovmi-təsisi, xanədani səltənətə məxsus olan günlər rusiyalılığın bayramı olduğundan heç şübhəsiz ki, bu günlərdə müsəlmanlarda sair vətəndaşları ilə bərabər işlərini tətil edib, bu günlərə məxsus olan mərasimi əda edərlər və etməkdə borclarıdır. Çünki bu vətəndaşlığın lazım gətirdigi bir vəzifədir. Fəqət rusiyalılığa məxsus olan bayramlarla bərabər müsəlmanlara, ruslara məxsus milli və dini bayramlar da tutulur. cümə günü dükanı bağlamaq məcburiyyətində qalan bir müsəlman qurban, novruz, ramazan, aşura, məstikəm kibi özünəməxsus olan milli və dini günləri tətil etdigi kibi, eydi-fəsix, oruc, İsa, nüzuli-İsa, qızıl yumurta, xaçi-şuyan və sair bir çox xristian bayramlarını dəxi saxlamaq məcburiyyətindədir. Hələ bunlar bəs degilmiş kibi, müsəlman alış-verişçi həftədə iki gün dükan bağlamağa icbar edilir. Yekşənbə günləri də kəndisini ticarət etməgə qoymurlar, cümə günü də.
Rusiya dünyanın ən çox bayram saxlayan məmləkətlərindən biri, bəlkə də birincisidir. Fəqət Rusiya müsəlmanları bütün rus bayramlarından əlavə öz bayramlarını dəxi bilməcburiyə saxladıqlarından, demək olar ki, dünyanın ən çox bayram saxlayan millətidir.
Şurayi-dövlət əzalarından bir heyət Rusiya xəlqinin çox bayram etdiginə diqqət edərək bunun iqtisada, məmləkətə zərər yetirdigini, bilxassə, bu zamanda zərər verdigini düşünərək 78-ci maddə mocibincə nəşr olunacaq bir qanun ilə bayramları azaltmaq tədbirini təklif ediyorlarmış. Fəqət rus bayramları, rus xəlqinin iqtisada mucib olursa, onlar qədər vergi, onlar qədər rüsum verən, fəqət onlardan daha çox bayram saxlamaq məcburiyyətində qalan müsəlman tacirinin halı öz-özlügündə aşkar olmazmı?
Bayramların çoxluğu rus xəlqinə maddi zərər verərsə, müsəlmanların maddi olduğu kibi, mənəvi və ruhani ziyanlarına da mövcib oluyor. Çünki ruhinə, hissinə, əqlinə və qəlbinə bir şey verməyən, bir gündə işini boşlayıb da veylən sərgərdan gəzən bir adamın nə kibi bir ruh pozğunluğuna tutulduğunu, nə kibi qeyri-mənus adətlərə uymaq məcburiyyətində qaldığını düşününüz! Bir rus dükançısı xaçı suya salan günü dükanı bağladıqda maddətən gördügü ziyanı o gün aldığı dini və ruhani faidə ilə əvəz edə bilər. Fəqət bir müsəlman o gün özünə hanki bir faidə ilə təsəlli versin?..
canişin həzrətləri Şeyxülislam həzrətlərinə ruhani ehtiyaclarımızın rəfinə mühəyya olduqları həqqində bəyanatda bulunmuşlardı. Bu gün aramızda hökmü-fərma olan bayram qanunlarının ilqası işinə o ruhani ehtiyaclarımızdan birini təşkil etməkdədir. Burasının islahını kəndilərindən ümid etmək, əlbəttə, məntiqsizlik olmaz. Bilxassə ki, bu bayram məcburiyyətləri ələlümum bir taqım məhəlli qərardadlar və icbari-nizamnamələr surətilə tətbiq oluna gəlməkdədir.
“Ehtiyaclarınızı söyləyiniz” sözünə müxatib ruhanilərimiz ehtiyaclarımızı ərz edərkən bu bayram maddəsini dəxi tərtib edəcəkləri maddələrə, əlbəttə əlavə edə bilərlər. Fəqət bunun həllini yalnız ruhanilərimizdən gözləmək əbəsdir. Çünki bunlar ruhani ehtiyac olmaqla bərabər, maddi ehtiyacdır da. Çünki bu ədalətsizlik yalnız ruhaniyyət və mənəviyyətimizi degil, ciblərimizi də sıxışdırıyor. Buna görə də alış-verişçilərimiz yığışıb lazım gələn məqamlarına ərizələr verə bilər və bu tərtibin kəndilərdən ötrü zərərli olduğunu isbatən dəgişməsini tələb edə bilərlər. Vəqtilə bazar əhli şəhər qlavasına müraciətlə “yekşənbə” günü tətilinin müsəlmanlardan ötri məcburi olmamasını istəmişlərdi. Fəqət yalnız bir-iki istəməklə iktifa etməməli, təkrar təşəbbüsdə bulunmalıdır.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 12 noyabr 1915, №33
Yövm-gün
Mənus-adət və vərdiş edilmiş
Müxatəb-xitab olunan
(Ardı var)
Şirməmməd Hüseynov
Bu yazı ( 347 ) - dəfə oxunmuşdur