12px14px16px18px

Məhəmməd Əmin Rəsulzadə

Şirməmməd Hüseynov
00:23 / 19.05.2012
 
Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
Əsərləri Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
 
(Əvvəli ötən şənbə saylarımızda)
“Ölülər”
Teatro və ədəbiyyatımızda şayani-təqdir bir əsər vücuda gəldi. Tarixi-ədəbiyyatımızda bir vəqə hadis oldu.
Keçən axşam Tağıyevin teatrosunda Mirzə Cəlil cənablarının incə qələmindən çıxan gözəl bir əsəri, “Ölülər” oynandı.
“Ölülər” “Molla Nəsrəddin” məcmuəsinin bir nüsxəyi-digəridir.
“Ölülər” qaranlıq həyatda, cəhalətlə çürüyən mühitdə bitab düşən xəstə vücudumuzu bütün faciələri və acıları ilə açıb aləmə faş ediyor.
Əsərin mövzui “Molla Nəsrəddin”varidir. Xəlqin cəhaləti və sadəligindən sui-istifadə edib də, şeytan ikən mələk cildinə girib də xəlqin ən müqəddəs varlıqlarına, irz və namuslarına belə əl atan şarlatanlardan birisinin “baş piyləməsini” təsvir ediyor.
Qafqasiya şəhərlərindən birisinə Məşhədi-müqəddəsdən bir kağız gəlir. Bu kağızı “həmşəhərlilər”dən birisi yazıyor. Kağızı yazan adam çoxdan ölmüş olduğu halda, Məşhəddə zühur edən müqəddəs Şeyxin duası bərəkətindən dirilmiş olduğunu yazıyor. Özü kibi yüzlərcə adamların dəxi dirildigini xəbər veriyor. Şəhərə küy düşüyor. “Kərbəlayi Fəthəli dirilmiş”. Haman kağızda xəbər veriliyor ki, bu ölü dirildən Şeyx Nəsrullah haman “şəhrə” gələcək. Şeyx Nəsrullah “bizim şəhərə” gələcək – deyə xəlq sevinişiyor. Şəhər istiqbalə hazırlanıyor. Nəhayət, “böyük qonaq” gəliyor, əlindən, ayağından, ətəgindən öpərək Hacı Həsəngilə daxil edilir. Şeyx qondarma ərəbilər, farsi ibarələr və bu kibi, şarlatanlara məxsus olan rənglərlə “ustadlığını” işə veriyor. Zehnlər zatən təsxir olunmaya hazır, ürəklər qəbzəyə keçiyor. Əzb yatmaq günahdır. Şeyxin azarı vardır. Tək yata bilməz. Buna görə də hər gecə bir qız tələb ediyor. Xəlq təbərrik üçün qızlarını verməgə çalışıyor. Şeyx “keyfini çəkiyor”. Ən müəssir bir mənzərə. İnsanın ürəgindən “məlun” səhhiyəsi qopuyor. Nəhayət xəlq yığışıb da istiyor ki, Şeyx “ölü”lərini diriltsin. Səhnə qəbristandır. Kim kimin dirilməsini istiyorsa, desin, Şeyx Əhməd yazacaq – deyə Şeyx Nəsrullah əmr ediyor. Birər-birər yazılırlar. Fəqət sonra yazdıranlar tərəddüd içində qalırlar. Birisi neçün bəs qardaşını yazdırmıyorsan – diyor. O birisi arvadının da dirilməsini istəsin, a, – diyor. Şeyx bu “neçün”lərə cavab istədikdə hər kəs “qoy gedim bir fikirləşim” – deyə “sürüşüyor”lar. Və bu surətlə kimsə fikirləşmədən cəsarətlə “dirilsin” – deyə bilmiyor.
Şeyx Nəsrullah bu surətlə “ömür keçirməkdə” ikən bir teleqraf alınıyor ki, “Kərbəlayi Fəthəlinin dirilməsi yalan imiş”. Bunun üzərinə xəlq həyəcanə gəliyor. Şeyxin qapısına gediyorlar, görüyorlar ki, “Şeyxanə” qaçmış.
Şeyxin müqabili və bütün bu şarlatanlıqlarını açıb da xəlqə göstərmək üçün müəllif “Kefli İsgəndər” rolu yaratmış. İsgəndər Şeyxin qonaqçısı Hacı Həsənin böyük oğludur. Firəngistanda təhsl görmüş. Fəqət həmişə sərxoşdur. Hacısından, kərbəlayısından, əvamından, xəvasından, alimindən, hətta hökumət çinovnikləri olan teleqrafçı ilə mirzəsindən tutub da böyügündən kiçiginə, arvadından kişisinə qədər bütün bu hüşyarlar içərisində ancaq bu “sərxoş”dur ki, əhvalın həqiqətini dərk ediyor və hər bir qədəmdə laübaliyanə istehzalar ilə doğrunu söyliyor.
Son pərdədə Şeyxin hərəmxanəsi göstərilir. Qaçmış, fəqət yerində irzləri hətk edilmiş, gözləri ağlar üç xırda qız qalmışdır. Kefli İsgəndər bu fəci mənzərə müqabilində olduqca mənidar həsbi-halını söyliyor. Həqiqətin acılığı qarşısında böhtə getmiş olan “qara məxluq cahil və anlamaz cəmaətin üzərinə tükürüyor”.
“Bu müsibət tarixin qanlı səhifələrini təşkil edəcək. Bu səhifələri oxuyan nəsli-ati tufu yüzünüzə deyəcəkdir” – diyor. Sonra yıldızları, ayı, günü, təbiəti, bütün millətləri hüzura çağırıyor. Bunlar gəlib də bu əhvalı gördükdə sizə nə deyəcəklər, bilirmisiniz – diyor.
– Ölülər!
Bununla səhnə qapanıyor.     
lll
Əvət, şeyxlərin ölü diriltməsinə inananlar ölülərdir.
Təbii mənası ilə ölmüş olanların ricəti mümkün degil, bu imkanə etiqad isə bir takım şarlatanların “baş piyləmələri”nə səbəb olmaqdan başqa bir işə yaramaz. Fəqət mənən ölü olanlar dirilə bilirlər.
Böylə mənəvi bir ricət üçün mənəvi ölümə səbəb olan mikroblar tapılması, o mikrobları becərən lehməliklər qurutulmalıdır.
“Ölülər” komediyasının qüvvətli bir surətdə burakdığı procektor işığı həyatımızdakı lehməligin bütün pisliklərini açıyor. O qədər aydınlaşdırıyor ki, ən zəif gözlər belə onu görməyə bilməzlər.
Həyati-ictimaiyyəmizdəki lehməligi qurutmaq nöqteyi-nəzərindən “Ölülər” pyesi kibi bir şahkar (şedevr) yazılmamışdır.
“Ölülər”dən hasil olan təsir tamdır və bundandır ki, özünü teatroda saxlaya bilməyən tamaşaçılar dörd qulaq olub da başdan-başa bir diqqət kəsilmişlərdi.
“Ölülər” Mirzə Fətəlinin əsərlərindən sonra həmişə diri qalacaq bir dramadır.
Xəlqin cəhaləti, təəssübü, kor-koranə bəslədigi etiqadına qarşı “Ölülər” qədər heç bir əsər hücum edə bilməmişdir. Bu xüsusda şübhəsiz ki, yalnız mühərririn məharəti degil, zəmanənin də xidməti vardır.
“Kefli İsgəndər”in “Allah var sözüm yox, peyğəmbər var sözüm yox, imam da var sözüm yox, fəqət bu şeyxnəsrullahlar nə diyor” – deyə vaqe olan ətabını bundan 30-40 il əvvəl ancaq kefliliklə söyləmək olardı.
İndi isə bunu kamali-huşyarlıqla mühərrirlər yazıyor, aktyorlar da söylüyorlar.
lll
İlk dramaturqumuz Mirzə Fətəli Axundovu mərhum İsmayıl bəy Qaspirinski 50 illik yubilesi münasibətilə yazdığı bir məqaləsində fransızların “Molyer”inə və rusların “Qoqol”una bənzətmişdi.
Demək olar ki, həcvdə avropalı məsləkinə süluk edən ikinci Axundovumuz Mirzə Cəlil dəxi “Qoqol”un fəzilətkar təsirindən bəhrəmənd olmuşdur. Fəqət “Ölülər”, əlbəttə, “Revizor”un kopiyası degildir. “Ölülər” istedadlıqla, sənətkarlıqla, həyati bilərəkdən və sənətdə bir məqsəd təqib edərəkdən müəlla müsəlman həyatına köçürülmüş bir “Revizor”dur.
lll
Mirzə Cəlil cənabları “Ölülər”i bundan altı il əvvəl yazmışlar. Fəqət bu altı ildə oynatmayıb saxlamışlar və ehtimal ki, bu illər ərzində əsərlərini bəzi təshihlərə məruz qılmışlardır. Çünki tiplərinin tanasübi–ruh və əndamə malik olması, sənət nöqteyi–nəzərindən əsərin kamil bir təsirbəxş etdigi, üslub və yazısının sadə olmaqla bərabər ədəbi, həm də səhnəyə yarar bir tərzdə olması əsərin böylə bir diqqət nəticəsi olduğunu göstərməkdədir.
Altı il degil, altı gündə bir əsər yazıb da səhnəmizi ayan–çayanlarla dolduran “ədib”lərin üz alıb başa çıxdıqları, modaya keçdigi böylə bir zamanda “Ölülər”in zühuri, ədəbi böyük bir faidə verər, – zənnindəyiz.
“Ölülər” klassik bir əsərdir – denilərsə, xəta olmaz.
“Ölülər”in bir əsər olmaq hesabı ilə dəgərlərini bir məqalə ilə təyin etmək mümkün degildir.
Fəqət saymaqla tamam olmayan məziyyətlərə malik bu gözəl əsərin nöqsanlarını göstərmək lazım gəliyorsa, bu xüsusda bir neçə sətrlə işin içindən çıxmaq mümkündür. Hər şeydən əvvəl deməliyiz ki, bu qüsurlar cüziyyatə aiddir. Məsələn, bizcə Kefli İsgəndərin əvvəlcə huşyar olaraq mübarizə etdigi və bu mübarizədə bitab qalıb da özünü laübaliligə və sərxoşluğa vurması göstərilsəydi, təsiri daha müvafiq olurdu, zənnindəyiz. Fəqət eyni zamanda buna da mötərifiz ki, Kefli İsgəndərlə müəllif Şərq zehniyyətindəki xərabati tipini göstərmək və yetirmək istəmişdir ki, “Şeyx Nəsrullahlar ancaq cahil və üqəlası da sərxoş olan bir mühitdə yetişə bilərlər”.
Bir qüsur olmaq üzrə bunu dəxi göstərmək olar ki, fanatik ruhi bir teleqrafçının sözlərilə inandığı Şeyxdən öylə tezcə üz döndərməz. Şeyx xəlqin anlıyamadığı qondarma ərəbcələr ilə “farsi ibarə”lərin bir az çoxca olması da, bir qüsur ədd edilə bilər.
Fəqət, bu kibi xırda nöqsanlar Cavid Əfəndinin dedigi kibi “gözəl bir rəsmin ətrafında gözə çarpan ləkələr qədər təbii görülə bilər”.
lll
Əsərdən olduğu qədər əsəri təmsil edənlərdən də məmnun qaldığımızı, yalnız bizim degil, bütün tamaşaçıların məmnun qaldıqlarını zikr etməliyiz.
Görünüyor ki, Üzeyirbəy truppası həqiqətən də oynadığı əsərə böyük bir ehtiram bəsləmişdir. Bu ehtiram sayəsində idi ki, oyun böyük diriliklə keçiyordu. Rollar su kibi əzbərlənmiş, hər kəs nə rolda olduğunu dərk etmiş idi. Xülasə, yaxşı əsər, oynuyanları da yaxşılaşdırar, həqiqəti bu gün bütün varlığı ilə meydanə çıxmış idi.
Bugünki oyunun qəhrəmani şübhəsiz ki, Mirzə Ağa Əliyev cənabları idi. Mirzə Ağa Kefli İsgəndər rolunu adətən yaradıyordu. Komizm ilə bərabər ciddi bir rol olan bu oyunu Mirzə Ağa həşvüzvaidizm (şarj) olaraq gözəl keçirdi. O kefli ikən nə qədər dərin mənalı bir tip olduğunu pək əla anlamış, anladığı azdır, anlada da bilmişdi.
Şeyx rolunu ancaq Mirzə Əliqulu Nəcəfzadə oynaya bilər. O, qondarma ərəbiləri, o, “ibarətli” farsiləri, o, səngin vəziyyətli Şeyx ədasını öylə nəzərə gəliyor ki, oyuna iştirak edənlərdən ancaq Əliqulu bacara bilərdi.
Kərbalayi Fatimə xala rolunda N.N., Hacı Həsən rolunda Hüseynzadə, Əhməd rolunda Mirzə Muxtar, müəllim rolunda Süheyli çox gözəl idilər. Başqaları da oyunun parlaq, ilişiksiz keçməsinə bacardıqları qədər çalışıyor və müvəffəq də oluyorlardı.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 1 may 1916, № 173                                                       
    
Vəqə – hadisə
Hadis – baş verən, yeni zühur edən
Qəbzə – qulp, ovuc
Əzb – rahat
Totəe – məşuqə, müvəqqəti kəbin
Təbərrük – bərəkət istəmə
Müəssir – təsirli
Məlun – lənətə gəlmiş
Səhhar – cadugar, sehrbaz
Xəvas – əsilzadə
Ariz – şikayətçi
Həmk – rüsvay
Böht – təəccüb, çaşqınlıq
Süluk – rəftar
Mötəref – başa düşmək, anlamaq
Qurama
“Yeni iqbal” münəqqidləri diyorlar ki, “Ölülər”dəki “Kefli İskəndər” kefli degil, huşyar olmalıdı.
Bən də deyirəm ki, gərək huşyar olaydı.
Çünki məlum a, əraq qadağan edilmiş, kefli olmaq çox da faidəli degildir.
Fəqət yenə öz-özümə düşünüyorum ki, xub, İskəndər huşyar olsaydı, səhnənin axırına qədər sağ qalıb da hər kəsə gülə bilərmidi?
“İqbal” idarəsində diyorlar ki, bir əsər nə qədər sənətkəranə yazılsa da, inqilab çıxara bilməz. Fəqət nə edəsən ki, tərs kibi “Ölülər”in çıxardığı ilk inqilab haman “İqbal” idarəsində vaqe oldu.
Orucov diyor ki, “Ölülər” müəllifi gərək idi canlı şəkillər vasitəsilə üsuli-tədrisi, qadın məsələsini, bilməm nəyi, hamısını nəticəsi ilə göstərmiş olaydı.
Fəqət bunu söylərkən görəsən bilirlərmi ki, saət on ikidən sonra teatroda oturmağa cəvaz yoxdur?
Yenə gərək ki, odur diyor ki: Əgər “Ölülər” bizə ruh verəcək olursa, artıq başqa şeylərə ehtiyac qalmıyor.
Fəqət birisi şiddətli bir azara tutulmuş azarlıya sakitlik üçün bir dərman tövsiyə edərsə, bununla artıq o azarlıya başqa dərman, pəhriz, ğəza və tərbiyə lazım olmadığınımı söyləmiş olur?
Qoqol əsərlərindən birisini sonradan bəgənmiyib yandırmış imiş.
Fəqət bu “Revizor”un yaramazlığına, yainki, “Ölülər”in sənətkaranə yazılmadığına bir dəlil ola bilərmi.
Kim bilir, bəlkə də olur.
Niş
“Açıq söz”, 5 may 1916, №177
Ərəq – araq
Cəvaz – icazə
Zemstvo Şurası
Zemstvo Şurasında vücuda gələn əksəriyyət Qafqasiya zemstvo islahatına 1890-cı il nizamnaməsini əsas tutdu.
Gürcü nümayəndələrlə müsəlmanların hamısını kəndi içinə almış olan bu əksəriyyət 1890-cı il nizamnaməsindən yalnız tərtib cəhətini degil, hər bir cəhətini, hər bir xüsusiyyətini almaq meylini göstərir. Bu nizamnamənin ruhuni, əsasını təşkil edən hər hanki bir nöqtəyə əl atmaq istənildikdə əksəriyyət buna qarşı mübarizə ediyor.
Məşvərət məclisinin xüsusi şöbələrində görülməkdə olan bu baxışı məşvərət məclisinin açıldığı gün münasibətilə yazmış olduğu məqaləsində “Z.Reç” mühərrirlərindən “Tun” aşağıdaki 4 maddə ilə bəyan ediyordu:
1) Rusiyanın mərkəzi quberniyalarında mövcud olub və bu günə qədər gözəl nəticələr vermiş (?) olan 1890-cı il nizamnaməsi kamilən Zaqafqasiyaya tətbiq olunmalıdır.
Demək ki, quberniya və uyezd zemstvoları qurulmuş oluyor.
2) Zaqafqasiya zemstvo islahı yer əhlinə istinad etməlidir. Yəni mülkədar olmaq istehqaqi təyin olunmalıdır.
3) Topraq istehqaqının ölçüsü.
Hər bir cəhətcə 90-cı il nizamnaməsinə görə hər uyezd üçün məhəlli mülkdarlıq xüsusiyyətilə təyin olunmalıdır.
4) İslahatın qeyri-qabil təxir olduğuna görə 1890-cı il zemstvo nizamnaməsinin Zaqafqaziyaya tətbiqi həqqində çıxacaq qanun hökuməti-aliyə yolu ilə Dövlət duması nizamnaməsinin 87-ci fəslinə mütabiq əcələ surət də tətbiq olunmalıdır.
Məşvərət məclisinin açıldığı gündə yazılan bu maddələr bu günə qədər dəvam edən ümumi iclas ilə şöbə müzakirələrində görülən danışıqlar və qəzetələrə keçən qərarla da təyid olunmaqdadır.
Knyazlar, bəglər və böyük məmurlardan ibarət olan məşvərət məclisinin çoxluğu bu rəftar ilə şübhəsiz ki, öz ruhuna müvafiq surətdə hərəkət ediyor. Əlbəttə, mülkdarlar, knyazlar və bəglər zümrəsinə mənsub olan ürəfa “yer idarəsinin (zemstvo) yer adamlarına tapşırılması” üçün seçkiləri mülkdarlara münhəsir etmək istiyor.
Fəqət bizcə yer adamı əsil yeri əhya edənlər, yəni yeri əkib-biçən kəndçilərdir. Zemstvo seçgiləri onları işdən uzaqlaşdırmamalı, onları seçgi həqqindən məhrum buraxmamalıdır. Qafqasiyadaki müsəlman çoxluğunu əkinçilər təşkil ediyorlar. Bu hər iki mənaca yer adamıyız: əkinçiyiz – yer adamıyız, mülkdarız – yenə yer adamıyız. Zemstvoyi yer adamına istinad etdirmək lazım gəlsə, bu “adamlığı” ancaq mülkdarlıqda görmək həm səhih, həm də çox faidəli degildir.
Doğrudur, məhz topraq istehqaqi üzərinə qurulan seçgi müsəlman quberniya və uyezdlərində zemstvonun əksəriyyətlə müsəlmanlar əlində olmasını təmin edər. Fəqət eyni zamanda unutmamalıdır ki, kənardan baxanlar cərgəsində müsəlman kəndliləri də qalacaq, həm də əksəriyyətlə qalacaqlardır.
1909-cu ildə vaqe olan məşvərətlərdə Qafqasiyada tətbiq olunacaq zemstvo seçkiçilik istehqaqi üçün topraq sahibi olmaq degil, vergiçilik miqdarının etibara alınması müvafiq görülüyordu.
İmdiki halda topraq istehqaqına rəy verən ələmdarlar o zaman vergi istehqaqı tərəfindən idilər.
Sonra 1890-cı il nizamnaməsinin “kamilən tətbiqi” təbirində qubernatorlar verilən fövqəladə ixtiyarlar da vardır. Bu ixtiyara görə qubernator zemstvoni yalnız qanuna müxalif olduğu üçün degil, məqsədə müvafiq olmadığı üçün də rədd edə bilər.
1909-cu il şuralarında iki sistemli zemstvo istəyənlər bu maddənin dəxi düzəlməsini istiyordular. Onlar diyordular ki, qanuna müvafiq olmazsa, zemstvo qərarını qubernator qoy pozsun. Fəqət məqsədə müvafiq olmamaq ölçüsünü onun xahişinə buraxmaq olmaz, çünki bu surətdə zemstvo mənasını itirib qubernatorun kefinə tabe aciz bir idarə zemstvo halına gələr.
 Bu tənqidi onlar öz xoşuna etmiyorlardı. Bunu Mərkəzi Rusiya təcrübəsindən ögrənmiş, söyləyirlərdi. Çünki bütün tərəqqipərvər Rusiya bunu istiyordu. İmdi də istiyor və istəməlidir də. Fəqət nə kibi bir hal vaqe olmuşdur ki, imdi bu kibi xəlq mənfəətinə və hürriyyət əsasına müvafiq olan tələblərdən də qaçılıyor.
Şuranın qərarları məsələni qəti surətdə həll etməyəcək və buradan nümayəndələr Qafqasiya cəmaətinin əsl mənfəətlərinə və əsl arzularına tərcüman birər vəkillər dəxi degildirlər. Əksər əzası məmurlardan, mumtaz siniflərdən və mülkdarlardan ibarət olan məşvərət məclisində bittəbi xəlqin əvam sinfinin, kəndistan cəmaətinin, liberal təbəqənin amal və nəzəriyyələri, xahiş və duyğuları meydan alamıyor.
Məşvərət məclisinin açılmasından bir gün əvvəl yazdığımız məqalədə biz tipcə 1890-cı il nizamnaməsinə tərəfdar olduğumuzu bəyan etmişdiksə də, başqa xüsuslarda bu nizamnamənin əsasən təshihə möhtac olub da xəlq mənafeini zemstvo hürriyyətini gözləmək nöqteyi-nəzərindən bu təshihlərin 1864 sənəsi nizamnaməsinə doğru getməsi lüzumuni söyləmişdik.
Görünüyor ki, məşvərət məclisi bizim bu arzularımıza iltifat edəcək bir hal və hissiyyatda degildir. Zatən bunu əvvəlcə də təxmin etmək mümkün idi.
Yuxarıdaki tərtiblə, mülkdarların üstünlügü ilə vücudə gələcək bir zemstvonun müsəlmanların, müsəlman xəlqinin faidəsinə müvafiq ola biləcəginə bir nov əql irdirəmiyoruz. Buna mötəqid olan məşvərətdəki ürəfatımız məşvərət məclisindən əvvəl bu xüsusda bizi və xəlqi tənvir etmiş olsaydılar, əlbəttə, daha müvafiq olurdu.
Son posta ilə alınan Tiflis qəzetələrindən görülüyor ki, zemstvo seçgilərində dvoryan dairəsinin (Kurya) 1890-cı il nizamnaməsi mövcibincə baqi qalması məsələsi bu vəqtə qədər kəmali-ittifaqla rəy verməkdə olan əksəriyyətdən də bəzilərinin etirazına səbəb olmuşdur. O cümlədən İbrahim bəy Heydərov buna qarşı çıxmışdır. Komisyonda vaqe olan bu müzakirənin təfsilatını bilmiyoruz. Fəqət “Z.Reç” qəzetəsinə inanılarsa, başqa bir gürcü knyazı çıxmış və əlində ərqam olaraq guya isbat etmiş ki, dvoryan imtiyazını saxlamaqla, biləks demokratik bir iş görülüyormuş...
Fəqət bilmiyoruz ki, zemstvo islahatının 78-ci maddə surətilə, fövqəladə bir yolda xüsusi bir mərhəmət şəklində verilməsi üçün olunan təşəbbüsün faidəsinidəmi məharətli əksəriyyət natiqləri “əldə ərqam olaraq” isbat edə bilərlərmi?
Bizə öylə gəliyor ki, zemstvo əksəriyyəti namüvafiq bir zəmin üzərinə durmuş, bürokratların məmnuniyyətini qazanmaq dilərkən cəmaət müəssisələrinin məhəbbətini qeyb ediyor.
Nümunə olaraq iştə “Russkoye vedemosti” ilə “Reç” qəzetələrinin məqalələri! Hələ “Reç” qəzetəsi qanunun 78-ci maddə mövcibincə keçirilməsi meylində Rusiya əfkari-amməsinə qarşı bir təhqir belə görüyor.
M.Ə.
“Açıq söz”, 8 may 1916, №179
Motəqid – inanan
Əqram – rəqəmlər
Şuradakı ürəfamızın bir xətası
Məlum olduğu üzrə bu günlərdə bitmiş olan Zemstvo Şurası Canişin dəftərxanası tərəfindən çağırılmış nümayəndələrdən təşəkkül ediyordu. Bu çağırılanlar arasında müsəlmanlar əvvəlcə az idi. Sonra bir az artırıldı. Fəqət yenə də Qafqasiya müsəlmanlarının sayı ilə mütənasib bir ölçüdə degildi. Bu şuraya kəndistan xəlqinin nümayəndəsi çağırılmamışdı. Qafqasiya kəndistanının çoxluğunu təşkil edən müsəlman kəndçisi də bittəbii oraya gəlib dərdlərini söyləyə bilmədi. Fəqət nə zərər var – deyə müsəlman xəlqi düşünüyordu. Həmişə cəmaət işlərimizdə pişrov olan ürəfamız oradadır. İş bilənlər, dərd anlayanlarımız çağırılmışlar arasındadırlar. Ona görə də xatircəm ola bilərik ki, bizim ehtiyacımızı söylərlər, etimadımıza layiq olduqlarını göstərərlər. Müsəlman cəmaətinin bu yoldakı düşüncəsinə “Kavkazskoye slovo” qəzetəsi vasitəsilə Hüseyn Minasazov cənabları da tərcüman olmuşlardı. Minasazov fövqüzzikr qəzetədə yazdıqları “Zemstvodakı müsəlman nümayəndələri” ünvanındakı fəqərəsində Əlimərdan bəy Topçubaşov, Məhəmməd Rza Ağavəkilov, İbrahim bəy Heydərov, Xan Xoyski, Əbdüləli bəy Əmircanov və sairələrinin adlarını zikr edərək diyordu ki, müsəlman kəndistan xəlqinin şurada nümayəndəsi yox isə də, bu adamlara inanmaq olar ki, onların da mənafeyini həqqilə gözlər və müsəlman cəmaətinin ehtiyaclarını ehmal etməzlər.
Əcəba, Minasazov cənablarının əzhani-amməyə bir növ tərcüman olaraq bəyan elədigi bu etibar Zemstvo Şurası əsnasında tamamilə isbat edildimi?
İştə, müsəlman xəlqinin həqiqi mənfəətlərini ürəklə gözləyənlərin zehnini məşğul edən bir məsələ.
Məlum olduğu üzrə, Zemstvo Şurasının əksəriyyəti (ki müsəlmanlar da tamamilə bu əksəriyyətə daxil idilər) 1890-cı il nizamnaməsinin eyni ilə Qafqasiyaya tətbiq olunmasını istədi. Bu əksəriyyət tələb elədi ki, məzkur nizamnamədə olan topraq istehqaqı ilə seçkilərdəki təbəqəlik fərqi də eyni ilə baqi qalsın.
Bu tələb təhqiq olunursa, o zaman Zemstvo Şurasındakı ürəfaməza cəmaət və kəndistan xəlqimizin mənafeyini inanmağın nə dərəcədə həqli və ya həqsiz olduğu meydana çıxar.
Topraq istehqaqı demək, o deməkdir ki, zemstvo qlasnılığına seçilmək üçün və ələlümum zemstvo işlərinə yetişə bilmək üçün yerli bir adamın müəyyən miqdar desyatin yeri olsun.
Bəylər və əslizadələrə məxsus imtiyazlı silk və təbəqə dairəsini baqi saxlamaq ağalara artıq hüquq və üstünlük vermək deməkdir.
Bu nə deməkdir?
Əlbəttə, kimsədən ötrü gizli degildir ki, bu, zemstvoyu kəndçilərin vücudundan uzaq saxlayıb da mülkdarların, bəylərin, xanların əlinə vermək deməkdir. Bu, müsəlman kəndçisinin həqq və hüququna müqabil görülmüş bir tədbirdir, öylə bir tədbir ki, Rusiyada ancaq bir irtica nəticəsi olaraq tətbiq edilmişdir. Öylə bir tədbir ki, 1864-cü ildəki zemstvo nizamnaməsində yox idi və buna görə də zemstvolarda xəlq və əkinçi qismi həqiqi rollar oynayordu. Bu tədbirlər Daxili Rusiya zemstvo idarələrini adətən öldürmüş, bütün demokratik Rusiyayı kəndi əleyhinə qalxızmışdır. Bu öylə bir tədbirdir ki, Duma onun əleyhindədir, hökumət də ona bəzi təshihlər əlavə etmək istiyor.
Həqiqətən də diqqət buyurulsun. Mülkdarlar, bəylər, xanlar cəmaətimizin neçədə birini təşkil ediyorlar! Yüzdə iki olarmı? Deyəlim ki, olsunlar. Əcəba, 98 adamın ixtiyarını bir adama vermək doğrudurmu? Əcəba, bütün quberniya    xəlqini müəyyən familiyaların kefinə tapşırmaq ədalətmi? Əcəba, müsəlman nümayəndələri bu xüsusda rəy verirkən saf və səmimi surətdə, təbəqə və sinif fərqi gözləməyib də öz mənfəətlərinin müdafiəsini kəndilərinə inanmış olan xəlqi unutdularmı? Bu əsas üçün rəy verirkən bəylər və xanlar nəslinə mənsub olan ürəfamız bununla başqalarda olduğu kibi aramızda mövcud olmayan sinif və təbəqə qovğalarına doğru bir qədəm atdıqlarını hesaba aldılarmı? Müsəlman kütləsi yeni cünbüşə gəliyor. Bu yeni cünbüşə gələn kütlə öz içindən ağıllı, idraklı, demokratiya doğuruyor, demokratik və liberal fikirli olmaları ilə təfaxür edən məlum ürəfamız zemstvo məsələsində, bilxassə bu maddə həqqində tutduqları tərzi-hərəkətləri ilə bu iki doğmaqda olan qüvvətə qarşı bir sədd çəkdiglərini, onu doğmadan basdırmaq istədiklərini hiss etmədilərmi?
1890-cı il nizamnaməsinin tezliklə Qafqasiyaya tətbiqində Zemstvo Şurasındakı ürəfamız şəhər işlərini inhisar etmiş mütəğəlibələrə qarşı zemstvolarda, kəndlərdə müqabil bir qüvvət çıxarmaq siyasətini işlətmiş və ehtimal ki, bu “böyük xidmət” xatiri üçün nizamnamənin bəy sinfinə verdigi imtiyaza da əl atmaq istəməmişlərdir.
Fəqət “ağac dalındakı meşəni görməyən” bəy ariflərimiz bununla kəndisinə əmanət edilən ziqiymət bir şeyi səhvən və ya əmdən öz malı hesab edib də nəfsi üçün xərcləyən yer məsrəfə bənzədiklərini dərk etmiyorlarmı?
M.Ə.
“Açıq söz”, 13 may 1916, №184
  
B.T. Zemstvo qərarlarını qəzetələr vasitəsilə təqib edərkən zemstvolarda dil məsələsinin müzakirə olunub da o xüsusda bir qərara gəldiginə təsadüf etmədik. Halbuki bu məsələ böyük bir əhəmiyyətə malik idi: çünki qlasnılar öz dillərində danışmaq ixtiyarına malik olmazlar, xəlq öz dili ilə zemstvolara ərizə və ya müraciət edə bilməzsə, bunun nə dərəcədə zərər verəcəgi meydandadır. Fəqət zemstvo nümayəndələrindən şəhərimizə qayıtmış olanlarından aldığımız xəbərə görə bu məsələ zemstvonun ikinci şöbəsində müzakirə olunub və böylə qərara gəlmişdir ki, qlasnılar ana dillərində danışa bilərlər, bəşərtaki danışdıqları ruscaya tərcümə edilsin. Xəlq öz xahişlərini öz dili ilə ərizə yazıb verə bilər, fəqət işlər rusca yazılıb, dəftərlərdə rusca saxlanmalıdır. Hər halda daha səhih və mühəqqəq məlumat əldə edərək bu məsələyə təkrar qayıtmaq fikrindəyiz.
Əzhan – zehnlər
Cünbüş – hərəkət, tərpənmə
Təfaxür – fəxr etçmə
Ziqiymət – bahalı, qiymətli
Əmdən – qəsdən, bilərək 
(Ardı var)
Şirməmməd Hüseynov



Bu yazı ( 317 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar