Məhəmməd Əmin Rəsulzadə
Şirməmməd Hüseynov
13:07 / 07.01.2012
Nəşrin redaktorları:
prof. Şamil Vəliyev
və elmi işçi
Samir Mirzəyevdir.
Əsərləri
Üçüncü cild
(1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
İmdiki əhdlər
Bolqariyanın Serbiya ilə müharibə halında olduğu rəsmən elan olundu və Makedoniya çətəçiləri haman Serbiya torpağına saldırdılar.
İkinci Balkan müharibəsindən sonra Serbiya ilə Bolqariya arasında mövcud olan ittifaqnaməyə görə bolqarlar əllərində silah olaraq Serbiyayi müdafiə etmək məcburiyyətində ikən teleqraflar bunun əksini göstərən bir xəbər gətirdilər. Yunan özünün Serbiyaya kömək etmək məcburiyyətində olmadığını söyliyor.
Diyor ki, Yunanıstan ilə Serbiya arasındaki ittifaqnamə balkanlılar arasında çıxacaq müharibəyə aiddir. İmdiki halda isə Serbiya üzərinə yalnız Bolqariya degil, Almaniya və Avstriya qüvvələri dəxi gəliyor. Buna görə də Yunan hökuməti özünü adətən Serbiyaya kömək etmək məcburiyyətində görmiyor.
İnsanın bir şeyə meyli olmadıqda heç bir əhdnamə onu bu işə vadar edəməz. Çiy süd əmmiş insan oğlu verdigi sözü anmaq qəsdinə düşüncə hər zaman bir bəhanə tapar. Yunanıstanın bəhanəsi də şübhəsiz ki, öylə çiy süd əmmişlərin bəhanəsindəndir. Fəqət dünki nüsxəmizdə “İki od arasında” ünvanı ilə nəşr etdigimiz mütaliəni oxumuş olanlar bilirlər ki, Yunanıstan bu surətlə hərəkət etmək üçün çox da haqsız degildir. Əlbəttə, Yunanıstan istərdi ki, Bolqar kimi bir düşməninə qarşı Serbiya kimi təbii bir müttəfiqindən məhrum olmasın. Fəqət nə etsin giriftar olduğu tərəddüdlü hal və övza onu bu yolda qəti bir hərəkətdə bulunmaqdan saxlayır.
Hissiyyat və vicdan heç şübhəsiz ki, Yunanıstanı müttəfiqi Serbiyaya kömək etmək tərəfinə çağırıyor.
Fəqət hazırdakı əhval ilə maddi mənfəət onu böylə bir “risq” etməkdən saxlıyor.
“Siyasətdə hissiyyat yoxdur” sözü ağızlarda məşhurdur. Böyük müharibədəki təcrübələrlə ağızlarda gəzən sözlər arasından ən doğru çıxanı şübhəsiz ki, bu sözdür.
Bir kərə diqqət edilərsə, görüyoruz ki, əhdindən qaçan yalnız yunan degildir. Bu böyük müharibə zatən başdan-ayağa əhdi-şikənliklərdən ibarət degildirmi?... Alman ordusu dəmir ayağını Belçikanın zəif sinəsi üzərinə qoyarkən özünün də imza etmiş olduğu Belçika bitərəfligini təmin edən əhdnaməyi “bir kağız parçası” deyə yırtıb atmadımı? Fəqət siyasi düşünülüb də hissiyyata qapılmasaq, bu işi ilk dəfə olaraq yalnız almanlarmı yapdılar? Bütün Avropa Türkiyə tamamiyyəti-mülkiyəsini təəhhüd etməmişmidi? Sonra Ədirnəyi bolqarlara vermiş olan böyük dövlətlər Ənvər Paşanın təkrar oraya girməsilə özlərini bir əmri-vaqe qarşısında sanmadılarmı? Balkan məsələsində imdiki halda belə dil-dodaq çeynəyən İtaliya dövləti otuz iki ildən bəri müttəfiqi olan Avstriya və Almaniyaya qarşı elani-hərb edərək üçlü ittifaqdan çıxmadımı?
Bütün əhdi-şikənliklər icra olunurkən baxırsan ki, bir bəhanə bulunur. Əhdnamənin maddeyi-məxsusəsi arzu olunur bir yolda təfsir olunaraq icra olunan haqsızlığa xüsusi bir həqqaniyyət rəngi verilmək istənilir.
Dövlət ilə xəlq arasında mövcud olan yazılı qanunlar, qanuni-əsasilər üçün deyirlər ki, onlar bir məmləkət daxilində olan müxtəlif qüvvələrin biri-birinə qarşı tənasübündən hasil olan müvazinənin fotoqrafiləridir. Məmləkətdə qüvvətlərin tənasübi dəgişdimi, qanunlar da dəgişməlidir. Xoşluqla dəgişilməzsə, haman bir ixtilal və inqilabla dəgişər. Eyni qaidəni dövlətlər arasında olan münasibətlərlə əhdnamələrə də tətbiq etmək olar. Əhdnamələr dövlətlər arasında mövcud olan əskəri və siyasi qüvvətlərin müvazinəsini göstərir birər əkslərdir.
Müvazinə dəyişincə şübhəsiz ki, o əkslərin qiyməti də düşəcək. Yunanıstanın Serbiyaya qarşı göstərməkdə olduğu əhdsizlik də iştə dəgişilməz olan bu qanunun yeni cilvəsindən başqa bir şey degildir.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 6 oktyabr 1915, №4
Xristian olmayan dəva vəkilləri
həqqində
Rus və xristian olmayan Rusiya təbəələrindən ötrü Rusiya qanunlarında bir çox hədd və hüdudlar qoyulduğu və xristian olmayanların bəzi həqlərdən məhrum qılındığı məlumumuzdur.
Bu məhrumluqlardan birisi də xristian olmayan dava vəkillərinə aiddir. Keçənlərdə Dövlət dumasının müsəlman fraksiyası ilə bərabər bəzi müsəlman heyətləri daxiliyyə nəzarətinə müraciətlə müsəlman vəkillərini bir çox müşkilata salan bu həddin müsəlmanlar üzərindən götürülməsini tələb etmişlərdi. Bu günlərdə Petroqrad agentəsi vasitəsilə gələn bir teleqrafdan anlıyoruz ki, ədliyyə vəziri hüzurunda iclas edən bir məclisdə yəhudi və müsəlman vəkillərinə aid olan bu məsələ müzakirəyə alınıb bu xüsusda müəyyən bir qərar veriləcəkdir.
İş burasındadır ki, imperator ikinci Aleksandr zamanında məhkəmələr həqqində nəşr olunan nizamnaməyə görə darülfünunun hüquq şöbəsindən qurtaran zatlar millət və məzhəb fərqi olmadan dava vəkilligi silkinə girmək istədikləri təqdirdə okrujnoy sudlarda və ya prisyajni cəmiyyətlərə ərizə verərək o surətlə təsdiq olunarlardı. Fəqət Rusiya ali idarələrində hökmü-fərma olan ruslaşdırmaq politikası və yəhudi əleyhdarlığı təsirilə sonradan bu nizam təğyir olundu.
1889-cu ildə böylə bir qərar verildi ki, xristian olmayan millətlərdən vəkillik silkinə girmək istəyənləri gərək ədliyyə vəziri özü bizzat təsdiq eləsin. Bu qanunun nəşrindən məqsəd ələlümdə yəhudi vəkillərin ədədini əskiltmək idi. Necə ki, bu qanundan sonra vəzirə müraciət edən yəhudi hüquqşünaslarının cüzi bir qismi təsdiq edilər. Edadi məktəblərdə oxuyan yəhudi uşaqlarından ötrü prosent göstərildigi kibi burada xristian vəkilinə müqabil ancaq beş yəhudidən artıq təsdiq olunmamaq şərtdir.
Fəqət ibtidada yəhudilər əleyhinə hazırlandığı iddia olunan bu qanun nəticə etibarilə müsəlmanları da, xristian olmadıqları üçün haman təzyiq etməgə başladı. Son zamanlar ali məktəbləri bitirməkdə olan cavanlarımız arasında hüquqyunumuz da gündən-günə artır. Fəqət bu din ayrılığı güdən qanun əhalinin hüququnu müdafiəyə hazırlanan cavanlarımızı haman sıkmaya başlıyor. Biçarə cavanlar aylar və bəzən illər ilə gözləyərək qalmalıdırlar, tainki vəzarət tərəfindən vəkillikləri təsdiq olunsun.
Fəqət xristian olmayan hüquqşünaslar bu təsdiq məsələsindən başqa dəxi bəzi ixtiyarsızlıqlara düçardılar ki, bunların hamısı şübhəsiz ki, hüquq üzərinə müstənd bir məmləkətdə olmasın gərək.
Ədliyyə nəzarətincə müzakirəyə qoyulan bu məsələnin nə yolda həll ediləcəyi məlumumuz degildir.
Fəqət hazırki əhvalın təsiri və zamanın göstərdigi təcrübə bəlkə məsələnin arzu olunur bir surətdə həllini ədliyyə vəzarətində əql-əqlə verən məşrutəçilərə təlqin edər.
M.Ə.
“Açıq söz”, 7 oktyabr 1915, №5
Müstəmənd – zavallı, yazıq
Ehtiyaclarımız
“Müsəlmanların ehtiyacı nə isə bana söyləyiniz!” – deyə böyük knyaz Nikolay Nikolayeviç həzrətləri görüş əsnasında Şeyxülislam həzrətlərinə iltifat etmişlərdir. Zatən Biləcəridən keçərkən kəndilərini istiqbal edən müsəlman nümayəndələrinə də izhar buyurmuşlardı.
Bu münasibətlə bir az ehtiyaclarımızdan danışmaq istiyoruz.
Qaranlıq və avamlıqda qalan xəlqimizin işıqlanıb da zamanın tərəqqisi ilə münasib bir yaşayışa layiq olması yalnız müsəlmanların degil, hökumət və dövlətin də mənfəətləri iqtizasındadır. Keçirdigimiz böyük imtəhanlar zatən bu xüsusda şübhə yeri buraxmadı.
Xəlqin işıqlanması üçün ibtidai məktəblərin artması və bu məktəblərin mümkün olduqca xəlqin ruh və adəti ilə müvafiq olması heç şübhəsiz ki, ən əvvəlinci şərtdir. Demək ki, ən birinci ehtiyacımız ibtidai məktəblərin artması və milliləşməsidir. Bunun üçün də bu məktəblərin proqramları düzəlib artmaqla bərabər, idarələri də öylə bir əsasa bağlanmalıdır ki, xəlq ilə əlaqəsi və cəmaət arasında hörmət və etibarı olan cəmiyyətlərlə münasibətdar olsun.
Fəqət xəlqi həm təsis olunan bu məktəblərə rağib qalmaq, həm də məktəb yaşında olmayan xəlqi həqiqi mədəniyyət və tərəqqi nemətindən məhrum etməmək üçün ruhaniyun qismini tərbiyə etmək lazımdır. Kəndlərimiz, hətta şəhər və qəsəbələrimiz mütəəssib və burnunun o tərəfini görməyən çox kərə də əxlaq degilən şeydən uzaq bulunan cahil mollalar əlində olduqca, məktəblərin kamili-müvəffəqiyyəti şübhəlidir. Demək ki, mollaların qiyməti-şəxsiyyələri xəlqimizin tərəqqi və təməddünü nöqteyi-nəzərindən böyük bir əhəmiyyətə malikdir. Şübhəsiz ki, yeni elmlərdən bəhrəsiz, dünya və aləmdən xəbərsiz olan bir molla yeni üsul məktəbləri özünə rəqib görüyor və xəlq arasında köklənmiş avam fikirliləri tərvicinə ruhani bir zövq duyur. Ehtimal bunların arasında xəlqi olduğu bərbad halında saxlarkən ən səmimi düşünənləri və gördüyü işləri ən müqəddəs bir əmr sayanları da yox degildir. Həqiqətən də intihası köhnə sxolostik məktəb fəlsəfəsinə müəyyən aydınlanmış bir molla hardan bilsin ki, zaman artıq ölmüş, getmiş qədim Yunan filosofları ilə degil, kantların, nisşelərin duyğu və düşüncələri ilə yaşamağa üz qoymuşdur.
Bu surətdə xəlqi zülmətdən nura çıxarmaqda olan zamana kömək etmək üçün xəlqin üzərində böyük təsiri olan mollaları aydınlandırmağa səy etmək borcumuzdur. Bunun üçün də ali ruhani bir darulmüəllimin təsisi şübhəsiz lazımdır. Demək saf əsasları, elmin ən lüzumlu binalara və zamanın ən gərəkli ehtiyacları üzərinə dayanan faydalı bir proqramına təsis olunan bu darülmüəllimin idareyi-ruhaniyəmizə lazım olan mollalar yetişdirəcək, buradan çıxacaq mollalar məlumdur ki, artıq halvaxorluqdan və “əməleyi-mövtiyə”likdən xilas olaraq həqiqi xəlq müəllimi və mollası olacaqlardır.
Fəqət mollanın cəmaət nəzərində etibarı və əhəmiyyəti olmaz və cəmaət onu sevməzsə, öylə bir molla nə qədər alim və fazil də olsa, öhdəsinə tapşırılan işi yaxşılıqla görə də bilməz. Buna görə də mollalar və ruhani rəislərlə xəlq arasında mənəvi bir rabitə bulundurmaq üçün ruhanilərin cəmaət tərəfindən intixabı böyük və kəskin bir ehtiyac halını almışdır.
Fəqət gərək darülmüəllimini-ruhaniyyənin təsisi və gərək xəlq tərəfindən seçilən mollaların, yenə xəlq tərəfindən seçilmiş idarei-ruhaniyyə tərəfindən maaşlarının verilməsi üçün müəyyən bir gəlirimiz olmalıdır.
Bu gəlir də yox degildir. Məlum olduğu üzrə Qafqasiyadaki müsəlman mövqufələri istifadə olunmayıb əmanət surətilə xəzinədə yatıyor. Mövqufənin və idarə və məsrəfi müsəlmanlar tərəfindən seçilən idareyi-ruhaniyyələrə verilərsə, darülmüəlliminin də xərci mollaların da maaşı təmin edilmiş olur.
Yuxarıdan bəri zikr etdiklərimizi xülasə edərsək ehtiyaclarımız aşağıdakı dörd maddə şəklini alar:
1. İbtidai məktəblərin yayılması və milliləşməsi.
2. Ali mədrəsəyi-ruhaniyyə (Darülmüəllimin).
3. Ruhanilərimizin cəmaət tərəfindən intixabı.
4. Mövqufəti-islamiyyənin özümüzə qaytarılması.
Şübhəsiz ki, burada bəyan etdiklərimiz maddələrin hər biri bəlli-başlı bir mövzu olub əsaslı bir şərh və bəyana möhtacdır.
Hələlik bu qədər.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 9 oktyabr 1915, №6
Rağib – rəğbət göstərən
Bahalıq və qəhət
Müharibənin ayrılmaz yoldaşları: bahalıqla qəhət. Bütün dünyaya ərzaq verən böyük Rusiyanı bu gün bahalıq və ərzaqsızlıq əndişəsi tutmuşdur. Daxiliyə vəziri Xvostov qəzetələr vasitəsilə vaqe olan bəyanatında bahalıq və ərzaqsızlıq məsələsini dövlətin həll edəcək ən birinci məsələsi yerində qoymuş, həm həqiqətən də öylədir. Petroqrad, Moskva və sair böyük şəhərlərdə imdiki halda çörək, qənd, cövhəri – neft, odun və sair zəruri maddələr adətən tapılmayır. Çörəkçi dükanlarının qabağında xəlq məşhur rus xanəndəsi Şalyapinin konsertinə bilet alan kibi cərgəyə duruyorlar. Adama iki girvənkədən artıq çörək satılmayır. Bir əmələ adətən bir gün çalışıb da ikinci gününü çörək almağa sərf etməlidir. Movskada, Petroqradda adamları olanlar bayramlıq tövhə olaraq yaxınlarına iki girvənkə qənd ilə 5 girvənkə neft cövhəri göndərməyi ən münasib görüyorlar.
Tiflis dəxi böyük Rusiya şəhərlərinin kökünə düşməkdədir. Burada da çörək, qənd və neft cövhəri yavaş-yavaş asari-ətiqə hökmünə giriyor.
Əcəba, böyük şəhərlərdə tapılmayan bu şeylər Rusiyada qurtarmışmı? Yox. Qəzetələrdə oxuyuruz ki, Moskvada çörək tapılmadığı halda, Ufa quberniyası buğdanın əlində acizdir. Putu 50 qəpiyə nerəyə aparacağını bilmiyor.
İrana bələd olanlar biliyorlar ki, qış gəlincə daima şəhərlərdə çörək azalır. İl yoxdur ki, çörəkçi dükanlarının qabağı imdi Rusiyada olduğu kibi cəmaətlə dolmasın. Bunun ən ümdə səbəbləri İranın yolsuzluğudur. Çox oluyor ki, Təbriz acından yarı torpaqla qarışıq çörək yemək məcburiyyətində ikən, məsələn, Sərab firovanlıq içində dolanıyor.
Nədir yolları qar basmışda karvan gələ bilmiyor. Bundan istifadə edərək möhtəkir ambardarlar da ambarların ağzını bərk qapayorlar.
Məlum işdir ki, hər hankı mədəni bir dövlətdən dəmir yollarını götürsəniz, halı İranın halına bənzər. İştə, müharibə bizi bu xüsusda görünüyor ki, İrana çatdırmışdır.
Doğrudur, dəmir yolları xarab edilməmiş, aradan qalxmamışdır. Fəqət müharibə ehtiyaclarına işlədigindən malü-ticarə daşımaq üçün bir növ yox olmuş deməkdir. Yol məsələsi tənzim olsa və lazım olan şeyləri daşımaq üçün vasitə bulunarsa heç şübhəsiz ki, çaar ətrafı meşə olan paytaxtlar odunsuz qalmazlardı.
Fəqət görünüyor ki, hər şeyi müharibə zamanının fövqəladəliyi ilə izah etmək də o qədər doğru degildir. Petroqrad qəzetələrində oxuyuruz ki, daxiliyə vəziri Xvostov diqqət edərək ögrənmiş ki, Petroqrada gələn vaqonlar ərzaqdan əvvəl başqa az lazım olan şeylər daşıyorlar. Demək idarəsizlik və sui-müamilə məmləkətə yolsuzluqdan da çox zərbə vuruyor.
Müharibə zamanından istifadə ilə milyoner olanların ədədi gündən-günə artıyor. Adları-sanları bəlli olan möhtəkirlər dövlətləndikcə dövlətləniyorlar. Müəyyən şəxslərin başına adətən altun yağıyor.
Hökumət hər zaman bahalığa qarşı tədbir görmək istərkən görülüyor ki, xırda tüccarlardan başlıyor. Çörəkçilərə təksa qoyulur, halbuki, unçular gundən-gunə kisənin üstünə gəliyorlar.
Şübhəsiz ki, bu hala intəha vermək imkan daxilində olmasa da bunu şəddindən saxlamaq mümkündür. Fəqət cəsarət və qüvvət istər ki, yalnız ticarət aləminin zəifləri degil, qüvvətliləri də tənbehə olunsunlar.
Dəmir yollarını tənzim və zəruri maddələr satan böyük tacirlərin qiymətlərini təhqiq etmək surətilə hökumətin bu xüsusda, əlbəttə işə bir köməgi dəgə bilər. Fəqət ən çox bu cəhətləri düşünüb də çarəsinə qalan yenə cəmaət özü və cəmaət müəssisələri olmalıdırlar.
Bakı bu vəqtə qədər yuxarıda təsvir olunan yoxsulluqları görməmişdir. Fəqət bu günlərdə görülən əhval yaxında bizim də böylə bir günə mübtəla olacağımızı göstəriyor. Unçular gün yoxdur ki, qiymətin üstünə gəlməsinlər. Artıq çörəkçilərə də un satmaq istəmiyorlar, bəzi dəgirmanlar adətən buğdasız qalmışlardır. Qismi-məxsusimizdə yazıldığı vəchlə Skoblev Rostovdan teleqraf çəkərək bildiriyor ki, Bakıya ərzaq və buğda göndərmək üçün vaqon vermiyorlar. Hələ su yolu Hacıtərxan bağlandıqdan sonra bu cəhət daha şiddətli bir surətdə hiss olunacaq. Bu cəhəti şəhər idarəsi çoxdan düşünməli, çarəsinə baxmalı idi.
Fəqət şəhər tərəfindən seçilən ərzaq komissiyonunun bu yolda gördügü təşəbbüsdən yeganə bir əsər olaraq ancaq əlli vaqon un aldığı qəzetələrdə görüldi.
Hər halda gərək şəhər idarəsi, gərək hökumət adamları Bakının qışını nəzərə alıb, burasını ərzaq tərəfindən təminə var qüvvələrilə çalışmalıdırlar. Bakı xəlqinin mənafeyindən əlavə Bakı neftinin bütün dövlətcə olan əhəmiyyəti dəxi bunu tələb etməkdədir.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 11 oktyabr 1915, №7
Müsəlman dəva vəkilləri həqqində
Dün alınan teleqraflardan anlaşılır ki, daxiliyə vəziri Xvostovun pişnəhadına görə, ədliyə vüzarəti tərəfindən bütün okrujnoy məhkəmələrə əmr olunmuşdur ki, bundan sonra müsəlman dəva vəkillərini başqa vəkillərlə bərabər olaraq vəkilligə qəbul eləsinlər.
Bu məsələ həqqində neçə zamandan bəri vüzarətlərdə şura olunurdu. Bu şura münasibətilə “Açıq söz” dəxi bəzi məlumat vermişdi. Məsələ bundan ibarət idi ki, hüquq şöbəsindən qurtaran cavanların vəkillik silkinə daxil olmaları sadə bir ərizə verməgə bağlı ikən, müsəlman vəkillərini xristian olmadıqları üçün ədliyə vəziri özü qəbul etməlidi.
Qeyri-xristian vəkillər üçün böylə hüdud təyin edərkən hökumət adamları düşünüyorlar ki, bununla rus məhkəmələrini qeyri-xristianların istilasından saxlasınlar. Fəqət əslində hüquq üzərinə qurulan bir məmləkətdə çəkilməyən böylə bir əsas belə müsəlmanlara gəlincə bir məntiqsizlik təşkil ediyordu. Çünki 25 milyonluq xəlqə nisbətlə sayları 30-a varmayan müsəlman vəkillərinin rus məhkəmələrini istilasından bəhs etmək əlbəttə, gülünc idi. Fəqət nə edərsən ki, gərək məmləkətdə və və gərək mənsub olduqları millət və cəmaət arasında hüquq əsaslarını nəşr etmək istəyən bir çox cavanlarımız bu gülünc məntiqin fədası olub vəkillik silkinə hazırlanmıyorlardı. Bu gün hüquqşünaslarımız barmaqla sayılacaq dərəcədə azsalar, səbəbi iştə bu idarə sıkıntısıdır.
İmdi görünüyor ki, məmləkətin böylə mühüm bir zamanda daxili əhvalın gözəl surətdə idarəsi üçün daxiliyə vəziri müsəlman vəkilləri həqqində mövcud olan bu haqsızlığın qalxmasına lüzum görmüş və bunu ədliyə vüzaratından istəmişdir.
Hər hankı bir məmləkət, qələmrovunda yaşayan bütün təbəələrində həqiqi və səmimi vətəndaşlıq hissiyyatı bəsləmək üçün əhalisini hüquqlu və hüquqsuz qismlərə bölməməlidir. Bunu hökumətlər və idarələr həqqində mövcud tərəqqipərvər nəzəriyyələr qəbul etdigi kibi, hər bir nəzəriyyədən daha müəssər və daha qüvvətli olan zaman da isbat etdi. Sağlara mənsub olmasına nisbətlə parlaq bir proqramla meydana çıxan Xvostov görünüyor ki, zamanın göstərdigi ehtiyacları az da olsa nəzərə almaq niyyətindədir. İştə, neçə zamandan bəri həlli düşünülüb də hər zaman həll olunmaz bir surətdə qalan yuxarıdakı məsələnin həlli dəxi bu niyyətin mövcud olduğuna bir dəlildir. Vəzir cənabları bu niyyətlərində ciddiyyət göstərib müsəlmanları təzyiq edən digər bir çox idari haqsızlıqlardan daha azad edərsə, həm məmləkətə, həm də müsəlmanlara böyük xidmət etmiş olar.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 12 oktyabr 1915, №8
Qələmrov – idarəsi altında olan
Müəssir – amil, iş görən
Berlin – Bağdad
Birinci Balkan müharibəsi qurtarmışdı. Türklər basılmış, kiçik Balkan dövlətlərinin qurtu ulamışdı. Qalibiyyət nəşəsi ilə sərməst olan balkanlılar böyük Balkanıstandan dəm vuruyorlardı. İslav aləmi ilə üçlü etilaf bayram tutuyordu. Çünki almanların Asiyanı səğiriyə tərəf icra etmək istədikləri axıntının önü alınmışdı. Çünki irəlidə üçlü etilafın böyük bir rüknünü təşkil edəcək “Balkanistan” vücudə gəlmişdi. İşin böylə bir nəticə ilə qurtaracağını bir növ xəyala gətirməyən alman siyasiləri həmən əl-ayağa düşmüş, Balkan ittifaqını pozuşdurmağa qoyulmuşlardı. İkinci Balkan davası çıxmış, islavlıq və xristianlıq naminə birləşən balkanlılar öldürdükləri şirin dərisi üstündə qovğa çıxarmışlardı. Bu qovğa “Balkanıstan”ın böyük və qüvvətli bir rüknünü təşkil edən Bolqarıstan əzilmiş, kiçilmiş və Bukreş müahidənaməsincə illərdən bəri bəslədigi əməllərindən və ilk müharibədə sərf etdigi əməklərindən ayrılmaq surətilə sinəsi dağlanmışdı.
Bu dəmlərdə idi ki, bəzi alman mühərrirləri dövlətlərinin göstərdigi zəifi tənqid edib Türkiyəyi əldə silah olaraq müdafiəyə çıxmadığı üçün gərək Almaniya və gərək Avstriya siyasilərini qamçılayorlardı. Onlar Balkan müvazinəsinin pozulması ilə Avropa müharibəsinin çıxacağını mühəqqəq görüyor və bunu təxir etdirməkdən bir faidə gözləmiyorlardı. Bunun üçün də Berlin ricalini cəsarətsizlikdə ittiham ediyorlardı. Daha o zamanlarda idi ki, alman mühərrirlərindən birisi “Berlin – Bağdad” adı ilə bir kitab nəşr etmişdi. Bu kitabında alman siyasi mühərriri nemes dövlətlərinin Avropanın mərkəzində vaqe olmaqla müşkül bir mövqedə qaldıqlarını söyliyor və gündən-günə böyüməkdə olan Almaniyanın dünyanı bölüşmüş olan qüvvətli qonşular ortasında hasarlanmış bir surətdə qaldığını təsvir ediyordu. Balkanıstan ittihadından və Türkiyənin zəif düşüdügündən sonra nemes dövlətlərinin dörd tərəfini düşmən sarmış oluyor – deyə məzkur alman mühərriri Bismarkın “Almaniyanın vəzi öylədir ki, bir top atmadan basıla bilər?” sözünü təkrar ediyordu.
Böylə çar ətrafından mühasirədə qalmaq dəhşətindən titrəyən mühərrir, kitabının böyük bir fəslində etilaf dövlətləri ilə ittifaq dövlətlərinin maddi və əskəri qüvvətlərini biri-biri ilə tutuşdurub Almaniya üçün qorxuyordu. Müttəfiqimiz İtaliyaya inanmaq mümkün olmaz diyordi ki, bu mühərrir peyğəmbərlik edərək ən müşkül bir zamanda İtaliyanın nemsə dövlətlərindən ayrılacağını qərib bir surətdə xəbər veriyordu. Fəqət eyni zamanda İtaliyanın lazım olan vəqtdə Almaniya və Avstriyadan ayrılan cağından o qədər təlaş etməyərək məzkur alman mühərriri biləks, hər nə qədər tez olursa, İtaliyadan sərfi-nəzər etməyi öz siyasilərinə tövsiyə ediyor: bunun yerinə Türkiyə ilə ələni bir ittifaq bağlamağı ciddən təklif eliyordu.
1913-cü ildə yazılmış olan bu kitabın sahibi ümumi Avropa müharibəsində etilafa qarşı çıxarılacaq ən təbii ittifaq-alman-macar-türk ittifaqını buluyordu. Almaniya siyasiləri Türkiyə ilə əl-ələ verdikdən sonra aradakı Balkan dövlətlərindən ibarət olan haili qaldırmalı və İstanbula yol açaraq böyük “Berlin-Bağdad” hökuməti vücudə gətirməlidir. Berlin ilə Bağdad bilavasitə biri-birinə vəsl edilərsə, o zaman nemes dövlətləri kəndilərini sarmış olan düşmən həlqəsindən qurtarmış olarlar. O zaman Türkiyə möhtac olduğu təşkilat qüvvəsini Almaniyadan, Almaniya da gərəgi olan təbii maddələri Türkiyədən alaraq, mütəqabilən faidə görürlər.
Berlin-Bağdad siyasətindən bəhs edərkən məzkur mühərrir bu planın vücudə kəlməsilə İngiltərənin də, Rusiyanın da, Fransanın da Şərqdəki nüfuzlarına böyük zərbələr endiriləcəgini söyliyor və Almaniya üçün bundan böyük, bundan doğru və bundan irəli bir siyasət olmayacağını dəlillər və sübutlarla göstəriyordu.
Kəndisindən bəhs olunan alman mühərririnin İtaliya həqqində söylədigi ilə təfsilinə girişmək istəmədigimiz digər bir çox mülahizələri on beş aylıq müharibə əsasında həmən görülmüş oldu. Bilxassə İtalya həqqində söylədigi bütün cüziyyatı ilə doğru çıxdı. İştə, ən zor qüvvəsini Serbiya üstünə yığıb da İstanbula doğru yürüməkdə olan alman ordusunun məqsədi iştə bu Berlin-Bağdad siyasətini sözdən işə keçirmək üçündür.
Berlini Bağdada vəsl etmək üçün düşünən yalnız qəzetə mühərriri degil, Almaniyanın ən binam əskərləri də bunu düşünmüşlərdir. Keçənki sayımızda Türkiyə ordusunu islah edib də hal-hazırda dəxi türk ordusunda bulunan “Müsəlləh millət” əsərinin sahibi Fon-der-Qolç paşanın bir layihəsi dərc edilmişdi. Bu layihə dəxi yuxarıda zikr olunan kitab kibi eynilə “Berlin-Bağdad siyasəti” ruhu ilə yazılmışdır. Bakalım ruzigar bu qədər ümidlər bəslədikləri İstanbul səfərinə almanları müvəffəq edə biləcəkmi?...
İstədiklərinə müvəffəq olurlarsa, o zaman heç şübhəsiz ki, almanlar düşündükləri kimi Berlini Bağdada vəsl edərək bir çox müvəffəqiyyətlər əldə edəcək və bulunduqları mühasirə halından doğrudan da qurtaracaqlardır.
Fəqət Berlinin bilavasitə Bağdada gələcəginin nə demək olduğunu yaxşıca dərk edən müttəfiqlər şübhəsiz ki, bütün qüvvətini almanların bu fikirlərini əqim buraxmağa sərf edəcəklər.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 13 oktyabr 1915, №9
İslav – slavyan
Vəzi – duruşu
Çar – dörd
Ələni – açıq
Hail – əngəl, maneə
Vəsl – qovuşma
(Ardı var)
Şirməmməd Hüseynov
Bu yazı ( 305 ) - dəfə oxunmuşdur