12px14px16px18px

Məhəmməd Əmin Rəsulzadə

Şirməmməd Hüseynov
11:04 / 12.05.2012
Nəşrin redaktorları:prof. Şamil Vəliyev  və elmi işçi Samir Mirzəyevdir.
Əsərləri Üçüncü cild (1915-1916)

Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

(Əvvəli ötən şənbə saylarımızda)


Molla Nəsrəddin

Avamın da, xəvasın da, kişinin də, arvadın da, böyügün də, kiçigin də tanıdığı bir ad!
Molla Nəsrəddini bütün Şərq tanıyor. Şərqi tanımayanlar da tanıyorlar.
Bu şöhrət, 1906-cı ilin aprelindən (“Molla Nəsrəddin" zihurundan) daha əskidir. Xacə Nəsrəddin, Molla Nəsrəddin, Nəsrəddin Babay, İranda da, Turanda da, ərəblərdə də, əcəmlərdə də, mərufdur. Xülasə, İslam Şərqi "Molla"nı biliyor. Onun duzlu hekayələrini, ibrətli təmsillərini dillərdə dastan ediyor.
Bəli, Xacə Nəsrəddin məşhur xəvas, məqbul alimdir.
1906-cı ildə, Tiflisdə, zəmanə qiyafəsinə bürünüb də həftəlik gülgü qəzetəsi şəklində çıxması ilə "Molla" tazə bir həyat, yeni bir şöhrət qazandı.
Xacə Nəsrəddin nə dərəcədə məruf idisə, “Molla Nəsrəddin" də o dərəcədə məşhur oldu.
Xacə Nəsrəddini İslam Şərqinin dühasi, xəlq dühasi yaratmışdı. “Molla Nəsrəddin"i isə Azərbaycan türklərinin dühası, məzhəkədəki məharətləri vücuda gətirdi.
Şəxsi bir məxluq olan 2-ci “Molla"nın növi bir məxluq olan birinci Molla qədər xəlqcə məruf olması şübhəsiz ki, xəllaqinin, daha doğrusu, xəllaqlarının, fövqəladə olmasa, böyük bir məharətə malik olduqlarını göstərir
lll
Şərq istibdadi İslam aləmini qaplamışdı. Azad söz, hürr fikir bəsləmək müşkül olmuşdu. Şairlərin yazdığı mədhiyyə, filosofların düşündügü təbəsbəs, mühərrir və münəqqidlərin qələmi isə tərif və tövsifə müxtəs olub qaldığı zamanlar - doğru sözlər, şiddətli tənqidlər, azad fikirlər ancaq istehza təriqi ilə "təlxəkliklə" söylənə bilmişdir.
Xacə Nəsrəddinin iştə vücudi zəruri olan böylə bir təlxəklikdən ibarət idi.
1905-ci il Rusiya həyatında dərin bir inqilab vücudə gətirmişdi. Bu inqilabdan Rusiya müsəlmanları, əzcümlə Azərbyacan türkləri də mütəəssir olmuşlardı. Ciddi qəzetələr təssis olunmuş - yeni duyğular, sağlam nəzəriyyələr, parlaq fikirlər tərvic olunmaq istənilmiş, heyrət və qaranlıqda qalan cəmaətimiz hürriyyət və işıqlığına çıxarılmaq istənilmişdi. Zülmə, hüquqsuzluğa, əsarət və səfalətə baş əgən azəriləri milliyyət və bəşəriyyət fikirlərinə tərəf çəkmək, onları əski bütlərə sitayiş bəlasından qurtarıb da tazə allahlara, qızdırıcı atəşlərə ibadət etdirmək lazım gəliyordu. Bunun üçün də yeni bir atəşgədə, hürriyyət məbədi tikilmək istənilirdi.
Fəqət mümkünmü?
Sabit bir həqiqət şəklinə girmiş olan köhnə batillərdən tikilmə hasarlar əsil həqiqət şüai təşkil edən yeni fikirlərə hayil oluyordu.
Burada müvəffəqiyyətlə bənnalıq edə bilmək üçün məharətli bənna qədər, qüvvətli və bacarıqlı bir külünkçiyə də ehtiyac vardı.
Hürriyyətin, hürrəndişligin məbədi, şübhəsiz ki, xürəfatın, əbatiligin bütxanəsi yerində tikilməli idi. Buna görə birincisinin tikilməsi, ikincinin yıxılmasına bağlı idi.
Bu vəzifəyi kim görəcəkdi?
“Təlxək" Molla Nəsrəddin?
lll
Təxrib vəzifəsini "Molla Nəsrəddin” kamali-müvəffəqiyyətlə görüyordu. O yakıcı, yıkıcı istehzasını köhnəligi təmsil edən nərsə və kimsələrdən əsirgəmiyordu. Ən qüvvətli hücumunu gözübağlı təəssübə, fikir və təsəvvürdəki əsarət və təhəmmülsüzligə tövciyə ediyordu. Ölü fikirlər, ölgün məişətlər onun diri xəndələrinə məruz qalaraq intibah qəhqəhələri doğuruyordu. O ağlanacaq hallara gülüyordu. Güldürərək ağladıyordu. O, hətta ağlamağa da gülüyordu. Çünki ağlaya-ağlaya yaman günlərə qaldığımızı yaxşıca dərk etmişdi.
İran təsiri ilə Azərbaycan türklərinin həyati-mənəviyyəsi haman il boyu ağlamaqdan ibarət olub qalmışdır.
“Çox gülən çox ağlayar” - deyərlər. Fəqət “çox ağlayan çox gülər” - denilsə də, doğru çıxar.
Azərbaycan ədəbiyyati-milliyyəsi əksərən məzhəkə şəklinə girmişsə, bunun səbəbi ibtidai ədəbiyyatımızın haman mərsiyyədən ibarət olduğudur: məzhəkənəvislik, mərsiyyənəvisligə bir növ intiqamdır. Başqa türk qövmlərinə nisbət Azərbaycan türklərinin dühası məzhəkəyə daha mahir isə, bunun səbəbi iştə əsrlərcə ağlargözlü qaldığındandır. Biz çox ağlamışıq. Ona görə də çox gülüyoruz.
Molla Nəsrəddin mənalı gülüşləri, dərin istehzaları ilə tutqun qəlblərimizi açıyor, ağlaya-ağlaya fəci bir şəklə girmiş simamızda bir növ müvazinə hasil ediyordu.
Müvəffəqiyyətin səbəbi də burada idi.
lll
Bu hər zaman belə olur. Bir mühit həyatının narəva olduğunu, etiqadlarının, nəzəriyyələrinin çürüklügünü hiss etməgə başlarsa, o zaman bunlara qarşı vaqe olan həcvləri sevər, onlardan bir təşviqəlb hasil edər. Kəndisini təzyiq edən qüvvətlərin məğlub olduğunu hiss edərək zəhərxəndələrlə gülməgə və bu vasitə ilə özündə bir qüvvət görməgə başlar. Məfkurəsi sabit bir həqiqət şəklinə girmiş olan batil fikirlərin çəngalindən xilas olar. Hürrəndişlig hasil olur.
Fikrin azad olması, fərdin xarici təsirlərdən, təəssüflərdən xilas olub da əhatəli bir əql və tənqidedici bir nəzərə malik olunması hər hanki bir tərəqqinin ilk zamini, birinci amildir.
Bu hürrəndişligdir.
Nafiz istehzaları, qəhqəhəli gülüşləri ilə əski fikirləri, köhnə binaları, batil həqiqətləri yıxması ilə “Molla Nəsrəddin” mühitimizin ən çox möhtac olduğu bu “hürrəndişlig”in tövlidinə xidmət ediyordu.
Ən böyük xidməti, ən böyük məziyyəsi də bu idi.
lll
Mədəni həyatımız, milli tərəqqilərimiz üçün bu qədər əsaslı bir xidmət görmüş olan “Molla”nın təsisindən indi on ildir keçiyor.
Möhtərəm Məhəmmədquluzadə cənablarının Bakıya kağız almaq üçün gəldikləri və çoxdan bəri yazmış olduqları “Ölülər” komediyasını dəxi Bakıda səhneyi-tamaşayə qoydurmaq istədigi münasibətilə “Molla” haqqında danışılır. O xüsusda bəzi şeylər yazılır. Bu yazılarda Mollanın ən böyük xidmətlərindən birisi də dilinin sadəligi, xəlqin anladığı bir dildə yazdığı göstərilir. Şübhəsiz ki, “Molla Nəsrəddin”in yazıları Azərbaycan məzhəkənəvisliginin şahkarıdır. Xəlqin anladığı bir dildə yazması ilə bərabər “Molla”nın dili eyna zamanda da ədəbi idi. Molladan sonra çıxan başqa gülgü qəzetələrimiz də sadə yazmışlardır. Fəqət bunlar heç bir zaman Molla qədər sənətkarlıq, onun qədər ədəbilik qüdrətinə haiz olmamışlardır.
“Molla Nəsrəddin”in sadənəvisligindən bəhs olunduğu zaman bir məziyyət olaraq ancaq burasını göstərmək olar. Yoxsa, sırf sadə yazması kəndisindən ötrü böyük bir fövqəladəlik sayılamaz. Çünki gülgü qəzetəsi olduqdan sonra başqa cürə də ola bilməzdi. Olduqca sadə mövzulardan bəhs edib də əvam bir mühitə xitab edən gülgü qəzetəsi ciddi və yüksək bir üslub işlədirsə, özü-özünə zidd getmiş olurdu.
lll
Yazılarının əksəri xəlq tərəfindən əzbərlənmiş, zərbülməsəl yerinə keçmiş olan “Molla Nəsrəddin” əsasının dörd rükni-mühümmi vardı. Məcmuənin müdiri möhtərəm Cəlil Məhəmmədquluzadə ki, “Molla Nəsrəddin” imzası ilə baş məqalələr yazardı. Milli şairimiz mərhum “Sabir” “Hophop” imzası və parlaq həcv və həzlləri ilə “Molla”ya iştirak edirdi, Ömər Faiq Əfəndi ki, məcmuənin ictimai və siyasi yaşayışımıza təəllüq edən kiçik, fəqət, ötgün fəqərələrini tərtib edərdi. Molla Nəsrəddinin rəssamı ki, işlədigi karikaturalar, xəlq elədigi tiplərlə adətən məcmuəni yalnız müsəlman mətbuatı aləmində degil, beynəlmiləl mümtaz bir halə qoyurdu.
Molla Nəsrəddin asari-nəfisəmizdən olmaq üzrə vücudu ilə həqiqətən də iftixar oluna bilər. Asari-mədəniyyəmiz arasında “Molla əmi” ən böyük qiymətə malik dəgərli bir asardır. “Molla”nın kolleksiyonlarının vəqtilə ən ziqiymət asari-ətiqə hökmünə keçəcəginə şübhə yoxdur.
lll
“Molla” bir boyuna dörd il dəvam elədi. Sonra tətilə uğradı. Bədə dirildi. Yenə sürünclu bir uyğuya daldı. Hər kəs öldü - deyə düşündü.
Uyğuya dalmadan dəxi “Molla”nın gözlərində çaşqınlıq, başında dəngəsərlik əlaməti vardı. Hətta bir çoxlarınca öylə sərsəm bir halda qalmaqdansa, uyuması daha əvəli idi.
“Molla”nın bu müvəqqəti tətilinə səbəb nə idi? Gözəl surətdə nəşr olunub da ümumin rəğbətini qazanmış və dörd il dəvam edərək bütün İslam Şərqində, qismən də bütün mədəniyyət aləmində məşhur olan bir məcmuə necə oldu da ki, təmini-həyat edəmmədi.
Burasının bir təfsili-təhlilini ədəbiyyat tariximizi yazan münəqidlərə vagüzar edəlim də, uzun uyğu keçmiş ola, deyəlim.
lll
“Molla” imdi gərnəşiyor. Oyanmaq istiyor.
Tarix təkrardan ibarətdir - deyərlər. Bu kərə də öylə oluyor. 1906-cı ildəki fövqəladə əhval “Molla Nəsrəddin”i cəmaət təsəvvüründəki müxəyyəl şəkildən çıxarıb da həqiqi bir məcmuə halına qoydu. 1916-cı ildəki aləmşümul gurultu dəxi xəstə döşəginə yatmış olan “Molla Nəsrəddin”i əhya ediyor.
Molla Nəsrəddinin sərmayəsini qüvvətləndirmək üçün Mirzə Cəlil Məhəmmədquluzadə cənablarının “Ölülər”i aprelin 29-da səhneyi-tamaşaya qoyulacaq.
Usta Zeynal, İranda hürriyyət hekayələrinin sənətkar mühərririnin qələmilə bundan beş-altı il əvvəl yazılmış olan “Ölülər” həqqində çox eşitmişik. “Ölülər” məşhur rus məzhəkənəvisi Qoqolun əsərləri qədər mahiranə yazılmışdır deyənlər var.
Mövzusi İsfəhandan çıxan bir Şeyxin Qafqasiyadaki xəlqin cəhalət və əvamlığından nə surətlə istifadə etdigini bəyan ediyor. Şeyx xəlqi o qədər təsxir ediyor ki, hər kəs onun ölüləri diriltməsinə inanıyorlar. Fəqət eyni zamanda xəlq o qədər əxlaqsız və çürükdür ki, Şeyxin təklifinə qarşı kimsə cürət edib də bənim atamı, qardaşımı, yaxud filan əqrabamı dirilt demək cəsarətini göstərə bilmiyor. Çünki dirildər də kəndisi ilə hesablaşmağa başlar - deyə ehtiyat ediyor.
Görünüyor ki, 1916-cı il Azərbaycan türkləri üçün bir Şeyx işi görəcək, “Molla Nəsrəddin”i dirildəcəkdir.
Fəqət bunun üçün lazımdır ki, oxucular “Molla Nəsrəddin”in dirilməsindən qorxmasınlar. Onun təkrar uykusundan qalxıb da gəlməsini canüdil ilə istəsinlər.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 22 aprel 1916,
166.

Xəvas - əsilzadə
Təbəs - pozulmuş, pis
Mövsif - tanıtma
Müxtəs - məxsus
Batil - yalan, həqiqətə zidd
Hayil - əngəl
Xəndə - gülüş
Rükn - dayaq, istinadgah şəxs
Təəlluq - xas olan
Övla - daha yaxşı
Müxəyyəl - xəyalat

Zemstvo Şurası

Hələ yetişməmisiniz!
Qafqasiyalıların zemstvo istədiklərində haman aldıqları cavab budur.
Gəlin görək necə zemstvo istəyirsiniz - deyə hökumət imdi artıq özü zemstvonun Qafqasiyaya lazım olduğu etiqadına gəlmişdir.
Əlahəzrət Canişinin vaqe olan məxsus dəvətinə görə yarın aprelin 26-da yığışacaq məşvərət məclisi iştə Zaqafqasiyaya nə cür zemstvo müvafiq olduğu həqqində fikrini söyləyəcəkdir.
Məlum olduğu üzrə yarınki məclisin etibar və heysiyyəti ancaq şurəvidir, oradakılar məsələni qəti surətdə həll degil bu yaxud o şəkildə həllinin müvafiq olduğu həqqində fikirlərini açacaqlarıdır.
Yarınki məclis bir məşvərət məclisi olmaq əsəbilə olsa da, Qafqasiya əfkari-amməsinin tamamilə tərcümani hesab oluna bilərmi? Əlbəttə, bu xüsusda çox mübahisə etmək olar. Demək olar ki, burada nə kəndistan xəlqinin, nə əməlinin, nə Qafqaziya türklərinin, nə mətbuatın və nə də sair geniş xəlq müəssisələrinin lazım olduğu qədər nümayəndələri var. Bununla bərabər inkar etmək də olmaz ki, bu şurada müxtəlif mənfəətlərlə, ayrı-ayrı cərəyanların düşündügi, zemstvo həqqində bəslədikləri arzular söylənəcək və bu söylənən sözlər heç şübhə yoxdur ki, bir takım heyətlərin əfkarına tərcüman olacaqdır.
Məlum olduğu üzrə Qafqasiyada öylə bir millət, sinif və silk tapılmaz ki, əsas etibarilə zemstvonun əleyhində olsun. Bu kibilər yalnız yerli xəlqin yarasızlığına köhnə bir etiqad bəsləməkdə olan əski qafalı məmurlar arasında tapıla bilər ki, böylələri də ayaqları altındaki toprağın yumuşaldığını, əlbəttə hiss edərlər.
Qafqasiyaya zemstvo idarəsi lazımdır. Burada iki rəy ola bilməz, bilxassə bu rəy yarınki şurada ola bilməz. Fəqət Qafqasiyaya nə cür zemstvo lazımdır?
- Burada rəylər müxtəlifdir. Başlıca olaraq bu ixtilaflar iki mühüm və biri-birinə müariz nəzəriyyələri doğurmuşdur. Nəzəriyyələrdən birisi Qafqasiya üçün üç mərtəbəli bir zemstvo üsuli-idarəsi təsəvvür ediyor ki, bu, qismən imdi Daxili Rusiyada düşünülməkdə olan xırda zemstvo vahidləri və əsasi üzərinə bina olunub da qismən də sırf Qafqasiyaya məxsus olmaq üzrə mütəvəffa Voronsov-Daşkov cənabları tərəfindən təsəvvür olunan ümumqafqasiya vilayət zemstvosundan ibarətdir. Bu nəzəriyyəcə Qafqasiyanın idari təqsimatı da qovmiyyət etibarilə bölünməli, hər millətin mümkün olduğu qədər özünəməxsus bir zemstvo təşkilatı vücudə gətirməlidir.
Bu nəzəriyyənin tərəfdarları əksəriyyətlə erməni məhfilləri ilə mətbuatıdır.
Buna müariz olan nəzəriyyə isə zemstvo təşkilatını sırf məhəlli ehtiyacat üçün vücudə gətirilmək istənilən yerli bir idarə kibi təsəvvür edərək, buraya milliyyət və siyasət daxil etmək fikrindən kəndisini uzaqda saxlıyor. 1890-cı il qərardadi mövcibincə Daxili Rusiyada hökmfərma olan zemstvo qaidələrinə əsas etibarilə əl dəgilməyib də o surətlə vilayətimizə tətbiq edilməsini tələb ediyor.
Bu nəzəriyyə sahibləri ümumqafqasiya vilayət zemstvosunu qəbul etmiyorlar. Çünki diyorlar, zemstvo hər şeydən əvvəl yerli bir idarədir. Mərkəzi və daimi bir idarə isə buna siyasi bir rəng verib, eyni zamanda da işə mərkəziyyət daxil ediyor. Halbuki zemstvo idarəsi ədəmi-mərkəziyyət əsasına bağlanmışdır. Vilayət zemstvosu yerinə böylə düşünənlər, bəzi ümumi məsələlərin həlli üçün zemstvo yığınları təsəvvüründədirlər. Böylə düşünənlərcə Qafqasiya zemstvosu iki mərtəbəli olmalı, zemstvo quberniya təşkilatına razı olub, 1890-cı il qəaradadına bəzi islahat tələb etməklə baqi qalmalıdır.
Bu nəzəriyyə ələümum gürcü məhfilləri ilə müsəlman ürəfası tərəfindən müdafiə olunmaqdadır. 1909-cu ildəki quberniya şuralarının əksəri dəxi bu üsula tərəfdar çıxmışlardı.
Qafqasiya millətlərinin ancaq biri-birinə kömək etmələri, birisində olmayan qüvvətin o birisinin qüvvəti ilə təşkil olunmasındaki faidəyi nəzərə alaraq biz dəxi ikinci nəzəriyyənin hal və ovzaə daha müvafiq olduğunu qəbul edəriz.
Fəqət bununla bərabər Qafqasiyada tətbiq olunacaq zemstvo idarəsinin mütləqa demokratik əsaslar üzərinə qurulmasını tələb edər. Böylə olmazsa, zemstvodan gözlənilən faidə tamamilə əldə edilməz - deyə etiqad edəriz.
Qafqasiya zemstvosu təşkilat və idarə təqsimati etiabrı ilə, varsın, 1890-cı il qərardadına müvafiq olsun. Fəqət o qərardaddaki mülkdarlara, verilən nüfuz qubernatorlara verilən böyük ixtiyar Qafqasiyada olmasın.
Qoy Qafqasiya zemstvosu 1864-cü il qərardadına doğru gedib, əsil cəmaət müəssiəsi olsun. Buna görə də lazımdır ki, yarınki məşvərət məclisi seçgiçilik istehqaqının azadılması və mümtaz sinifərin mumtaz olmaması tərəfində olsun.
Qoy qubernatorlar zemstvo idarələrinin qərarlarını yalnız qanuna müğayir gördükləri təqdirdə rədd etmək ixtiyarına malik olsunlar. Yoxsa “məqsədə müvafiq görmədikləri” tədbirləri də rədd edə biləcək böyük və hədsiz bir səlahiyyətə malik olurlarsa, yeni doğmaqda olan Qafqasiya cəmaət idarəsi qubernatorların keyfinə tabe bir müəssisə olmaqdan xilas ola bilməz.
Qafqasiyanın müxtəlif cins və milliyyətlərdən ibarət qovmlər məcmui olduğu nəzərə alınsın da, qoy Qafqasiyaya tətbiq olunacaq zemstvolarda yerli dillərə əhəmiyyət verilsin. Qlasnılar öz dillərində rəylərini söyləyə bilsinlər. Xəlq öz dərdini öz yazısı ilə yazıb zemstvo idarələrinə verə bilsin. Qoy Qafqasiya zemtsvolarının səlahiyyəti daha geniş olsun, xəlqə hüquqi müavinət edə bilsin, məktəblərə yalnız maddətən degil, mənən də kömək edə bilsin. Su nizamatının tərtib və tənzimi onun əlində olsun.
Xülasə, əsasən ikimərtəbəligini mühafizə etməklə bərabər, Qafqasiya zemstvosu demokratik əsaslara, milli ehtiyaclara, yerli mənfəətlərə xadim ola bilər. Yarınki məclis verəcəgi məşvərətləri ilə Qafqasiya zemstvosunun böylə demokratik və beynəlmiləl bir halə vəz edilməsinə icrayi-təsir edə bilərsə, bizim gümanımıza görə vəzifəsini hüsni-ifa edə bilmiş olacaqdır.
Qoy məşvərətə iştirak edən ağalar müdafiə edəcəkləri müxtəlif nəzəriyyə və mənfəətlərin fövqündə ümumi və müştərək bir Qafqasiya həmvətənligi ilə mütəhəssis olub, aralarında çıxan ixtilafda bu ali hissi özlərinə mürşid qərar versinlər. Böylə işıqlı və rəhbər bir ulduza malik olurlarsa, o zaman şübhəsiz ki, doğru yoldan çıxmaz, çıxılmaz yollara girməzlər.
Bu vəqtə qədər zemstvo həqqində bizə vədlər çox verilmiş. Məşvərətlər də olunmuşdur. Bu məşvərət özü ədədcə üçüncüsüdür. Ümid edəlim ki, artıq sözdən işə keçiləcək və bu axırıncı məşvərət olacaqdır.
Yaxşı yol!
M.Ə.Rəsulzadə
”Açıq söz”, 25 aprel 1916, 168

Müariz - etiraz edən
Mütəvəffa - vəfat etmiş
Məhfil - məclis
Vəz - qoyma, təyin etmə
Mütəhəssis - hiss edən
Anlaşılması lazım bir nöqtə
Deyirsiniz ki, zemstvo lazımdır. Diyorsunuz ki, cəmaətə faidəsi var. Diyorsunuz ki, məktəb açacaq, yol çəkəcək, su gətirəcək, həkim qoyacaq, azarxana qayıracaq. Bunlar hamısı gözəl, hamısı da yerində.
- Ancaq…
- Nə ancaq?
- Ancaq o ki yenə xərc artacaq, vergilərimiz yenə çoxalacaq.
Onsuz da xəlq tədhik üzündən təngə gəlməkdə, verginin ağırlığından şikayət etməkdədir. Məlum a, zemstvonun idarəsi olacaq, evi olacaq, adamı olacaq, bunlara məvacib veriləcək, bu xərclərin hamısını da xəlq verəcək degilmi?
- Öylə - O halda zamanın böylə ağır bir çağında, bahalıqda, vergilərin çoxluğunda bir də tazə xərc açmaq müvafiqmidir?
İştə, zemstvonun lüzumi münasibətilə anlaşılması lazım olan bir nöqtə, bir nöqtə ki, əvamca böyük bir əhəmiyyətə malikdir.
Əvvəla burasını bilməli ki, faidəli şeyə xərclənən pulun bir qəpigi də boşa getməz. Məktəbə, həkimə, yola və bu işləri idarə edən idarələrə xərc olunacaq pulun müqabilində kəndistanın gözü açılacaq, yolu rahatlanacaq, bədəni sağalacaq. Kimsədən ötrü örtülü bir şeymidir ki, bunların düzəlməsi ilə də xəlqin çalışqanlığı artacaq, işi düzələcək, ona görə də mədaxili çox olacaqdır?...
Biz əhvalımızı düzəltmək üçün bir iş başlayırız. Bir dükan açır, yainki, bir bağ salmaq istiyoruz. Şübhəsiz əvvəl əmrdə bunun üçün bəzi məsrəflər görüyoruz. Dükan tutuyoruz, qəfəsə qayıtdırıyoruz. Yer alıyor, koma salıyor, əmələ çalışdırıyoruz. “Nisyə” faidə üçün “nəqd” maya qoyuruz. Neçün? Çünki başladığımız işin nəticə etibarı ilə faidəli olduğunu biliyoruz.
Hətta zemstvo bundan da asandır. Çünki Qafqasiyada bu vəqtə qədər zemstvo idarələri olmamışsa da, zemstvo vergisi olmuşdur. Bizdən həmişə zemstvo vergisi alınmış və imdi də alınmaqdadır. İntəhası bu zemstvo adı ilə alınan məbləğlər çinovniklər əli ilə xərcləniyor. Ona görə də faidəli və gərəkli bir surətdə sərf oluna bilməyib istənilən nəticəni verə bilmiyor.
Məsələn, bəzi kəndlərdə xəstəxanələr açılmış, bəzilərində alayarımçıq məktəblər qonulmuş, bəzilərində həkimlər təyin olunmuş, quberniya və bəzi uyezdlərdə qaramal həkimi (baytar) və fəlahət alimləri (aqronomlar) qoyulmuşdur. Bunlar hamısı haman cəmaətdən yığılan zemstvo məbləği ilə görülmüşdür. Bu zemstvo məbləği də az degildir. Bittəb zemstvo idarələri açıldıqda bu pullar zemstvolara veriləcək işin ibtidasında bəlkə də bu məbləğlər bəslik edəcək və xəlqi tazə vergilər verməgə məcbur etməyəcəklərdir.
Sözümüzün qüvvəti üçün rəqəmlərə rücu edəlim: “Z.Reç” mühərririnin istixraci ilə son üç il smetasına görə Qafqasiya quberniya zemstvolarının mədaxili bu fəqərə ilə təsəvvür olunur:
Tiflis quberniyası: 1269452 manat
Kutaisi quberniyası: 561699 manat
İrəvan quberniyası: 730078 manat
Gəncə quberniyası: 965343 manat
Bakı quberniyası (şəhər ilə): 2060506 manat
Bu hesablar imdiki halda Daxili Rusiyada işləyən zemstvo idarələrinin mədaxili ilə tutuşdurulursa, o zaman görülür ki, yerdən-gögə qədər fərq vardır. Çünki 1903-cü il hesabına görə Daxili quberniyaların əksərinin zemstvo büdcəsi 2 milyon manatdan artıq idi. Hətta büdcələri 4-5 milyon manata varanlar da var idi. Fəqət yaddan çıxarmamalıdır ki, bu zemstvoların ömrü əlli ildir və bu müddətdə şübhəsiz ki, artmış, böyümüş, tərəqqi etmişlərdir. Fəqət, bununla bərabər bəzi quberniyalar var ki, onların 1903-cü ildəki büdcələri bir milyon yarımdan az idi. 1868-ci ildə Daxili Rusiya zemstvolarından ən böyük quberniyaların büdcəsi 140 min, 233 min və 297 min manat miqdarında idi. Hələ 1864-cü ildə zemstvo qurulan bütün 30 quberniyadaki zemstvoların məcmu gəlirləri 2 milyon 2 yüz min manatdan artıq degil idi. Bu təcrübəyə görə Qafqasiya zemstvolarının əvvəl illərdə əllərinə veriləcək gəlirlə əsasları qoyula biləcək və xəlqi tazə bir taqım vergilərlə hürkütməyəcəklərdir. Əlbəttə, vəqtin bahalığı, zamanın dəgişməsi nəzərə alındıqda 7 milyon bu qədər əhalisi olan böyük bir məmləkətin məhəlli ehtiyaclarına yetişə bilmək üçün yuxarıda göstərilən məbləğ kifayət etməz. Fəqət işlərini yaxşı idarə edən sahibkarlar həmişə ayaqlarını yorğanlarına görə uzadarlar, qənaətlə iş görərlər. Zatən istənilmə belə Qafqasiyanın bütün ehtiyacları birdən-birə görülə bilmiyəcəkdir.
Yuxarıda göstərilən məbləğ bu vəqtə qədər hər il xəlqdən alınırdı və xəlq üçün də çinovniklər əli ilə, fəqət bacarıqsız olaraq xərclənirdi. İmdi bu pullar cəmaətin öz idarəsi tərəfindən xərclənəcək.
Burada anlaşılması lazım gələn ikinci bir məsələ araya gəlir ki, xub zemstvolara quberniya və zemstvo idarələri lazım olacaq. Bunlar da artıq xərc istəyəcək.
Bəs bu xərclər haradan alınacaq? Bu sualın cavabını yuxarıda zikr etdigimiz mühərrir aydın bir surətdə izah ediyor. O, bu xüsus üçün hesablar və rəqəmlərlə misallar gətiriyor. Məsələn, Tiflis quberniyasının smetasına görə 1.269.452 manat mədaxili və 1.013.021 manat məxarici var. Diyor ki, arada 256.431 manat bir fərq qalmış oluyor ki, bu fərq hər halda bir quberniya ilə 9 uyezd idarəsi təşkilatının xərcini ödəyə bilər.
Bu hesaba baxanda Bakı quberniyasının halı daha da yaxşıdır. Çünki Bakı quberniyasının zemstvo vergisindən artıq 1.300.000 manatı bu vəqtə qədər Qafqasiyanın sair quberniyalarına sərf olunuyordu. Halbuki imdi böylə olmayacaq. Bu məbləğdən bir qədərini bu quberniya və altı uyezd zemstvo idarəsi məsarifi üçün lazım yüz min manat qədər bir məbləği çıxsaq belə, yenə 1.200.000 manat qədər bir məbləğ qalıyor ki, bu vəqtə qədər olduğu kibi başqa quberniyalara getməyib Bakı quberniyasının öz zemstvosunda qalacaq. Və quberniyanın ehtiyaclarına sərf olunacaqdır. Demək ki, bu vəqtə qədər zemstvo ehtiyacatı üçün Bakı quberniyasından 2 milyondan artıq pul yığıldığı halda, bura ehtiyacatına ancaq bir milyon qədər bir şey sərf olunuyordu. Halbuki zemstvo təşkilatından sonra buraya 2 milyondan artıq bir məbləğ sərf olunacaqdır.
Digər Zaqafqasiya quberniyalarının əhvali-maliyyələri bir az başqa cür isə də, hər halda, onlar da ilk illərdə ayaqlarını yorğanlarına görə uzadacaq bir haldadır.
Anlaşılmasına lüzum gördügümüz nöqtə iştə burası idi ki, zemstvo təşkilatının başımıza yeni vergi bəlaları açması xəyali qoy heç bir ğafil zehnləri qarışdırmasın. Çünki zemstvo gəlincə haman tazə vergilər gəlməyəcək. Bəlkə biləks bu vəqtə qədər verib də lazımınca faidəsini görmədigimiz vergilər öz adamlarımızın əlilə öz ehtiyaclarımıza sərf olunacaqdır.
M.Ə.
“Açıq söz”, 28 aprel 1916, 171
Fəlahət - əkinçilik, ziraət
(Ardı var)
Şirməmməd Hüseynov




Bu yazı ( 241 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar