Məhəmməd Əmin Rəsulzadə
Şirməmməd Hüseynov
03:30 / 20.01.2012
Əsərləri Üçüncü cild (1915-1916)
Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
Milliyyət və bəşəriyyət
Keçən il “Milli dirilik” ünvanı ilə yazmış olduğum məqalələrdə mədəniyyəti-bəşəriyyənin ayrı-ayrı millətlərin mədəniyyətindən hasil olma bir məcmui olduğunu və hər bir milliyyətin bəşəriyyət mədəniyyəti sərgisinə əsli və ziqiymət şeylər bağışladığını, bir milliyyətin məhv olması ilə yalnız o millətin degil, bütün bəşəriyyətin də itirdigini söyləmiş və bu yolda 6-7 məqalə yazmışdım. Bu kərə Petroqrad mətbuatından “P.Vedomosti” qəzetəsində yuxarıdakı ünvan altında, Dövlət duması əzalarından Aleksandrov bu mövzuda bir məqalə yazmışdır ki, eynilə aşağıya dərc edilməsini faydasız görmədik. Aleksandrov diyor ki:
“Milli hissiyat ilə milliyyət fikrinin idrakı hər hankı bir mədəniyyəti-bəşəriyyənin yalnız əsası degil, hərəkət etdirən bir amilidir də, heysiyyəti-bəşəriyyə ayrı-ayrı degil şəxslərin bir yerdə köməklikləşərək şərik-müştərək bir təşkilata malik olduqları qədər ayrı-ayrı millətlərin də kömləşmələrindən ibarətdir. Ayrı-ayrı şəxslərdə təqdir olunan xasiyyət başqa insanlarla şərik olduqları xasiyyət olmayıb biləks kəndilərinə məxsus olan icad qüvvəsidir; yəni o şeydir ki, ancaq o onu bacara bilər. Əlbəttə, bu hal insanların bir yerdə olub da bərabər çalışmalarına mane olmaz, əslinə də baxanda insan da bəzinə təqdir olunan şey başqalarına bənzədigi degil, haman bənzəmədigidir, bir adamdaki şəxsiyyəti öldürmək, elm, sənət və bəlkə də hər bir icad və xilqəti öldürmək deməkdir. Bu düstur bir adam həqqində dürüst olduğu kibi, milliyyət həqqində də dürüstdür. Hər bir millət kəndisinə məxsus bəzi əsli xasiyyətlərə malikdir. Milli icad qüvvəsi hər bir millətin səlahiyyəti və sənəti deməkdir. Dünyadaki icad qüvvəsi millətlərdəki icadın məcmuidir və hər bir millət kəndisi üçün olduğu qədər bütün bəşəriyyət üçün də çalışıyor. Milli icad və yaradışın ən yüksək göstərişi olan dahi həmişə millidir. Fəqət onun icad etdigi şeylər yalnız kəndi millətinə məxsus olmayıb, bütün bəşəriyyəindir də. Dostayevski ilə Tolstoy olduqca millidirlər. Fəqət eyni zamanda onlar şəksiz Servantes, Göte qədər bəşəridirlər. Çünki hər bir millət kəndisi üçün nə qədər çalışırsa, bir o qədər də bəşəriyyət üçün çalışmış oluyor. Bir milləti məhv etmək – mədəniyyəti-bəşəriyyənin müvazinəsini pozmaq və onu mədəniyyətə qiymətdar nüsxələr bəxş edən mühüm faidəli bir tərəqqi amalından məhrum etmək deməkdir. Ruslar olmasaydı, Tolstoyla Dostayevski də olmazdı. İtalyanları tarixdən silsəniz, Milan kilsəsini, Rafaeli, Luqardı və İtalyan mədəniyyətinin bilcümlə əsərlərini dəxi silmək məcburiyyətindəsiniz. Tarixin təcrübələri ilə bərkiyən əqlin ən böyük tələbləri ilə böyük ədalət bir adamın digər bir adam tərəfindən, o dərəcədə bir millətin digər bir millət tərəfindən təzyiq olunmasını mən edər. Bütün insanların hüquqən müsavi olmaları ilə, bütün millətlərin azad və müstəqil yaşamalarının lüzumu iştə buradan zühur ediyor.
İnsan olduqca mütəfərriddir. Fəqət onun bir fərd olaraq yaşaması insanların ictima və siyasətcə bir yerdə ictima ilə yaşamalarına mane degildir. Öylə də milli həyat, milli məhəbbət, öz xəlqi ilə özününkülərinə yavuqluq hissi başqa millətlərin istimdadını münkər olub onlara ədavətə səbəb olmaz. Biləks öz millətini sevən həqiqi bir millətpərəst başqa millətlərin hüquq və hissiyyatına da hörmət edər. Kəndi millətinə qarşı bəslənilən hər hansı məhəbbət ancaq başqa mədəniyyətləri sevərkən və onlardan çıxan gözəl nəticələri əxz edərkən hasil oluyor.
Milliyyət dövlətdən çox böyükdür. Hətta demək olar ki, milliyyət dövlətdən daha dərin və daha şümulludur. Milliyyətlər bəzən olur dövləti ğeyb edərlər, sonra yenidən onu qazanarlar. Fəqət dövlət millətdən daha geniş, daha vüsətlidir. Bəzən bu vüsət o qədərdir ki, onun daxilində bir çox milliyyətlər birləşib böyüyürlər və bundan dövlət heç də zəifləşmiyor. İngilis, Amerika və İsveçrə “dövlətxanə”ləri göstəriyor ki, orada bir çox millətlər azadlıqla yaşaya bilərlər və bir qorxu olduğu zaman yan-yana olaraq dövləti müdafiə də ediyorlar. Fəqət bu ancaq o zaman mümkün olur ki, hər bir millət dövlət daxilində özünü öz evində kibi hiss eləsin və o zaman mümkün olur ki, dövlətin əsası digər millətləri bir millətin xatiri üçün sıxmaq degil, bütün millətlərin bərabərliyi ilə hürriyyəti üzərinə qurulmuş olsun. Bərabərligə hürriyyət müxtəlif millətləri siyasi bir millət şəklində birləşdirə bilər. Zülm, cəbr və haqsızlıq isə dövlətin üzvlərini biri-birindən ayrıyor. Araya nifaq salıyor, dövləti zəifləşdiriyor və cəbr edənlərlə cəbr olunanların ikisinin də əxlaqını pozuyor. Bu nöqteyi-nəzərdən bir millətin digər millət tərəfindən cəbrə uğraması dövlətin vücudində öylə bir qanqren təşkil ediyor ki, bunun hər tərəfə səhm yeridib dövlətin bütün vücudini çürüdüyor. Yəhudilərin Rusiyadaki haqsızlıqları (yalnız yəhudi haqsızlığımı?) Rusiya dövlətinin möhlik bir yarasıdır. Bu öylə bir qanqrendir ki, hər zaman Rusiyanı məhv etməklə təhdid ediyor. Yəhudi məsələsini sağaltmaq – bir çox mülahizələrlə Rusiya vücudini, Rusiya dövlətini sağaltmaq deməkdir. Bu məsələni sağaltmağın isə yeganə çarəsi vardır ki, o da yəhudiləri dəxi hüquqda müsavi görməkdən ibarətdir. Rus mədəniyyəti-milliyyəsini təhdid edən nə yəhudidir, nə də başqa birisi. Bunu təhdid edən başqa şeydir. Rusiyayi təhlükəyə salanlar əsrlərdən bəri onun ehtiyacını, rus xəlqinin ehtiyacını nəzərə almıyanlardır. Rusiyayı təhdid edən haman rus dövləti özüdür ki, əsrlərdən bəri millətin maddi və mənəvi əhvalını düzəltmək üçün heç bir iş görməmişdir. Rus həyatının bütün şadlıqlarına meyxanə onda da dövlət meyxanəsi əvəz olduğunu görüncə rus milləti naminə utanmamaq əldə degildir... Meyxanə, cəhalət, savadsızlıq, əkinciligin ibtidai bir halda olması, yolsuzluq, kəndlərdə mədəni müəssisələrin yoxluğu, siyasi əsarət sayəştə rus mədəniyyətinin əsil düşmənləri. Milləti söylədigim bu əqrəblərdən xilas ediniz, o vəqt görəcəksiniz ki, iki nəsil sonra rus xəlqi nə olacaq. O zaman onu kimsə qorxutmaz: nə polyak, nə yəhudi, nə də Rusiyada mövcud olan o 120-yə qədər millətlər ondan ötrü bir təhlükə təşkil etməzlər”.
M.Ə.
“Açıq söz”, 21 oktyabr 1915, №16
Münkər – inkar olunan, qəbul edilməyən
Şumul – əhatə etmə, şamil olma
Səhm – hissə
Acaralılar və karslıların işi
Oxucular bilirlər ki, yerləri dava meydanı təşkil edən Qafqaz müharibə meydanındaki müsəlmanlar yalnız talanıb çapılmaq, yer-yurdlarından avara düşmək, soyulub bir soğana dönmək surətilə degil, bunların hamısından daha böyük, daha ağır bir bəlaya dəxi düçar olmuşlardı. Əvət, hər şeyləri fənayə gedən bu zavallıların “namusi-vətəniyə”ləri də ləkədar olmuşdu. Acariya ilə Kars ətrafı müsəlmanlarını düşmən qoşunu tərəfinə keçmək və Rusiyaya xəyanət etmək kibi böyük bir günahla ittiham ediyorlardı. Bir zaman bütün Rusiya qəzetələri bu xəyanətdən bəhs eləmiş, durmuşlardı.
Batum məhkəməyi-əskəriyyəsi 49 ardanuclu acarlıyı məhkəməyə cəlb edərkən onları cinayət qanunnaməsinin 108-ci maddəsi mucibincə ittiham etmiş idi. Bu maddə dövlət və vətənə xəyanət edənləri cəzalandırmaq üçündür.
Məhkəmə işə başlarkən bütün Rusiya onun verəcəyi qərarı böyük bir maraqla gözləməgə başlamışdı. Bu xüsusda ən çox əlaqədar olanlar gürcülərlə Qafqasiya müsəlmanları idi. Çünki acaralılar birincilərin qan, ikincilərin də din qardaşıdırlar. Onların öhdəsinə sabit olacaq vətən xəyanəti şübhəsiz ki, gürcülərə də, müsəlmanlara da rəva olmayacaqdı.
Batum məhkəməsi bu qədər həyacanlarla gözlənilən qərarını verdi. Məhkəmə əsnasında keçən müzakirələr göstərdi ki, Acariyada müharibə meydanı olmaq bəlasına gələn bədbəxt yerlərdə zühuru təbii olan bəzi şuluqluqlardan başqa bir xəyanət əsəri vaqe olmamış, ordunun birisi gəlmiş, o birisi çəkilmiş, sonra çəkilən dönmüş, gələn getmiş, orada bir hökumətsizlik, başlı-başınalıq dövrü, bir hərci-mərc hasil olmuşdur. İştə, bu zaman çətəçiligə gedənlər də tapılmış, hökumətsizlikdən faydalanmaq qəsdilə qonşularının mal və əmlakına təmah edən cinayətkarlar da bulunmuş, arabir düşmənin israrı qarşısında səbat göstərə bilməyən qəlbi zəiflər də görülmüşdür. Yoxsa bəzilərinin təəssüf, bəzilərinin də ədavətlə gözlədikləri “vətən xəyanəti” bir əmri-vaqe şəklini almamışdır.
Batum məhkəməsi əsasən bu böyük töhmətdən acaralıları xilas etdi. Fəqət müttəhimləri qismən dava zamanı düşmən ordusuna istər-istəməz daxil olduqları (çünki hər iki təqdirdə qanunun hökmü birdir) qismən də qarətkirlik və çapavulda bulunduqlarından kimisini edama, kimisini da katorqaya məhkum etdi. Fəqət məhkumların cəzalarını yüngülləşdirmək üçün canişini-ali hüzuruna əfv ərizələri vermək üçün dəxi kəndilərinə imkan verdi.
Acaralıların mühakiməsi bu surətlə qurtardığı kibi karslı müsəlmanlardan 20-sinin Türküstan ordu məhkəməsi tərəfindən vaqe olan mühakiməsi də bitmişdir. Kars mühakiməsi də vətən xəyanəti ittihamını rədd etmiş, hətta müttəhim olan müsəlmanların türklərə ciddi bir surətdə kömək etmələri də sübut edilməmişdir. 20 adamın arasından ancaq 8-i türklərə qarşı cüzi bir təvəccöh göstərdiklərindən naşi dördər və iki şər katorqaya məhkum edilmiş, qalanı bəraət qazanmışdır.
Demək vaxtı ilə cəsusluq, sirr vermək, yol göstərmək kibi böyük cinayətlər ittihamı altında qalıb da, bu ittihamlar sayəsində bir çox cəza və bəlalara düçar olan Kars həvalisi müsəlmanlarının rəsmi bir mühakimə müvacihəsində bu kibi töhmətlərin hamısından pak və mübərra olduqları meydanə çıxdı* (iki sətir senzor tərəfindən pozulub-Ş. H.)
Sədaqət müsəlmanların ayrılmaz sifətidir, ona görə də aqillərin həyəcan və ğələyanda olduqları zaman nəşr olunan bu kizb və böhtanlar müsəlman xəlqini narahat etmiş idisə də, novmid qılmamışdı. Çünki onlar çox yaxşı biliyordular ki, həqiqət arandığı zaman xəcalət onların həmcinsləri degil, həmcinslərini ittiham edənlərə aid olacaq! Öylə də oldu. Əskəri mühakimələr müsəlmanları üzərində asılı olan ümumi xəyanət məsələsinə bənzər bir şeyi tapmadıkları o yanda; müsəlmanlardan ayrı-ayrı şəxslərin belə cəza qanunnaməsinin 108-ci maddəsilə məhkumiyyətini dəxi rəva görmədi. Şübhəsiz ki, bu qərarlar bütün Rusiya əfkari-ümumiyyəsi ilə bərabər lazım gələn dövlət dairələrincə də diqqət və etinayə alınacaqdır.
Vətən xəyanəti ittihamını rədd edən bu məhkəmə qərarlarını faidəli gördügümüz qədər Kars, Ərdəhan müsəlmanları faciəsində dəxli və nüfuzu olanların dəxi divani-ədalət hüzurunda cavab verəcəklərini görmək istərdik?
M.Ə.Rəsulzadə
“Açıq söz”, 22 oktyabr 1915, №17
Balkan əhvalı
Etilaf kabinələri və sülh xəbərləri
Bu həftə yuxarıdakı üç hal və şayənin güzarişi və dedi-qodusilə keçdi. Uzun zamandan bəri vaqe olan Bolqariya siyasətinin şübhənak olduğuna və almanların Balkan səfərini gizləməyib bir aydan bəri o fikirdə olduqlarını qəzetələri vasitəsilə söyləyib durmaqda olmalarına rəğmən Bolqariya çıxışı dördlü etilaf dövlətlərindən ötrü intizar olunmaz bir vaqeə halını aldı.
Alman generalları ilə Bolqariya boyurdları Serbiya toprağında bir-birinə qovuşub zəfər və qələbə nəşəsilə öpüşüb qucaqlaşarkən, dörlü etilaf dövlətlərinin siyasətcə başçısı sayılan ingilis hökuməti Serbiyaya lazım gələn müavinəti göndərmək üçün hala təhiyyə və tədarükdə olduğunu söyləməkdən və almanların qabağı Serbiyada degil, Bolqariyada saxlanacağından daha münasib bir bəyan tapmamışdı.
Balkan siyasətində dörulü etilaf
Dövlətlərin böyük məhfilləri ilə həmişə münasibətdar olmaqla məşhur olan “Tayms”, “Tan” və “Novoye vremya” kibi qəzetələr ilə London, Paris və Petroqrad kabinələrində bəzi təbəddülat vaqe olacağı xəbərləri də aranı doldurdu. Hətta Petroqrad həqqində daha şaiyə halında qalan bu xəbər London və Paris kabinələrindən ötrü bir əmri-vaqe şəklini aldı. Müttəfiqlər hadis olan yeni hallar məvvacihəsində daha mətin və daha qüvvətli kabinələrə möhtac olduqlarını hiss etdilər və bu səbəbdən dolayı etilaf hökumətlərində həqiqi səbəbləri elan olunmuyan bəzi istefalar vücudə gəldi. Bu yolda ən çox nəzər-diqqəti cəlb edən Fransa kabinəsinin fəal əzasından xariciyə vəziri Dolqasonun istefası idi. Dolqasonun məşhur tərifi “Dolqasə demək hərb deməkdir” təbiri ikən, onun böylə mühüm bir zamanda iş başından çəkilməsi zehnlərə bir çox şəkk və şübhələr ariz ediyordu. Çox çəkmədi ki, Vyuyani kabinəsinin mövqei dəxi mütəzəlzəl oldu və haman Fransa kabinəsi istefayə gedib müharibənin ibtidasında baş vəzir ikən almanların Parisə yaxınlaşdıqları nəticəsində istefaya getməkdə yerini müstəfa Vyuyaniyə tərk etmiş olan Birbiyan gəldi.
İngilislər dəxi öz hökumətlərindən razı degildirlər. Bu narazılığı rəf etmək üçün ingilis ricali-hökuməti kabinəsi daha mütəcanis və daha qüvvətli əllərdə bulundurmaq qəsdindədirlər. Yaxında ingilis kabinəsi əzasından Edvard Karsonun istefası münasibətilə ingilis kabinəsinin dəxi bəzi təbəddülata uğrayacağı kabinədə olan vəzirlər sayının azalacığa ilə ən müqtədir və qüvvətli tanınmış olan Lord Kerzon, Çerçil və sairlərinin kabinədə qalacaqları söylənib gediyordu. Qəribəsi budur ki, İngiltərənin deleqasisi olan xariciyyə naziri Edvard Gireyin də çıxacağı, qalacağı məsələsi müzakirə olunmaqdadır.
Müttəfiqlərimizin Fransa ilə İngiltərənin böylə külli və cüzi kabinə böhranlarına məruz qaldıqları bir zamanda bizim kabinədə dəxi bəzi dəyişiklər olacağını teleqraflar xəbər verdi. Baş vəzir Kromıkinin rütbəsi qraflığa yüksəlib kəndisinə Almaniyada olduğu kibi kanslerlik veriləcək və xarici işlərini görmək üçün sabiq İstanbul səifri carikov dəxi ona müavin təyin olunacaqdır – deyə bir xəbər çıxmışdır. Bu xəbərlə bərabər xariciyə nazirimiz Sazanov kabinədən çıxacağı ilə sair bir neçə vəzirlərin də dəyişəcəgi təxmin olunuyor. Nəzərə öylə gəliyor ki, Petroqrad kabinəsinin məruz olacaq təqdiri ilə Fransa və İngiltərə kabinələrində görülən hallar arasında bir münasibət vardır. Fəqət olduqca mənidar görülən bu siyasi hallar etilaf dövlətlərinin bu vəqtə qədər aparmış olduqları siyasətin dəyişəcəginə bir dəlil və əlamət təşkil edərlərmi?
Yeni təyin olunan Fransa baş vəziri Biryan (ser Edvard Kirey) çəkdigi teleqraf ilə üç müttəfiq paytaxtlarda rəsmən verilən bəyanata görə səbat müqavimət və müharibəyi axıra qədər davam etdirməkdən ibarət olan siyasətin dəgişməyəcəgini bildirməkdədir. Zatən hala müqavimət və səbat vəsilələrinin təhiyyəsilə məşğul olan etilaf dövlətlərinin təhiyyəsilə məşğul olan etilaf dövlətlərinin bir Balkan müvəffəqiyyətsizligi ilə siyasət dəgişəcəklərini gözləmək bir az tələsmişlik olardı. Kabinələrdəki təbəddülat rəsmi məhfillərə yaxın olanların təkidatına baxılacıq olursa – məmləkətlərin daha mətin, daha qüvvətli və daha mütəcanis kabinələrə möhtac olduğundan iləri gəlmişdir, başqa bir şey degildir.
Etilaf dövlətləri bu surətlə bir yandan mühümmati-əskəriyyələrinin ihzari, digər tərəfdən də siyasi təşkilatlarının tazələnməsi surətilə yeni qüvvətlər və yeni tədbirlərə təvəssül edərkən Podstam sarayı dəxi düşünüb-daşınmaqdadır.
Hohensollern xanədanının 5 yüz minlik yövmiyəsi münasibət ilə teleqraflar imperator Vilhelmin Berlinə gəldigini və Podstam sarayında alman rical dövlətinin böyük bir şura əqd etdiklərini xəbər veriyor. Bu şurada Almaniyanın düşmənlərinə təklif edəcəgi sülh şərtləri guya qərarlaşdırılacaq imiş. Qərarlaşdırılacaq olan sülh şərtləri sonra Amerika rəisi-cümhuri Vilson və ya Roma Papası tərəfindən etilaf dövlətlərinə veriləcəkdir.
Sülh xəbərlərini təkid edəcək rəsmiyə bənzər bir xəbər daha alınmışdır. Şaye olan xəbərlər ancaq bəzi müxbirlərin oradan-buradan qapdıqları şeylərdir. Fəqət bu oradan-buradan qapılan şeylər dəxi bir taqım mənidar əlamətlərdən xali degildirlər.
Fəqət bu xüsusda müəyyən bir fikir və mülahizə yürütmək üçün əhvalın daha ziyadə aşkara çıxmasına intizar etmək məcburiyyətindəyiz.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 23 oktyabr 1915, №18
Müstəfa – seçilmiş, bəyənilmiş
Məhfil – yığıncaq yeri, toplanmış heyət
Hadis – baş verən, üz verən
Məvvac – sabit olmayan
Haris – hifz edən
Hohensollern – alman imperator
dinastiyası
Bugünki seçkilər
Bahalıq Rusiyanın günlük məsələlərindən ən mühümmüni təşkil ediyor. Bahalığın mühüm və dövlətcə nəzərə alınacaq böyük səbəbləri vardır. O səbəblərə təəllüq edən nöqsanların islahına hökumət və dövlət özü baxmalıdır.
Fəqət bu kibi işlərdə cəmaətin öz fəaliyyəti və öz iş görməsinin faidəli olduğu da şübhəsiz degildir. Məlumdur ki, bahalığın səbəbləri arasında alış-verişçilərin təəmkarlığı ilə əhalinin əlbirligi və intizamla mübarizə etmək imkanından ari olduğunun dəxi böyük dəxli vardır. Daha bundan bir il müqəddəm satıcıların ehtikarına, malı saxlayıb da qəsdən baha satmaqlarına qarşı ciddi bir tədbir olmaq üzrə Qafqasiya hökuməti-aliyəsi bir taqım icbari qərardadlar nəşr etdi. Bu icbari qərardadlarca malı münasib qiymətindən yuxarı satanlarla malları anbar edib də münasib bir vəqt gözləyən möhtəkirlər məsuliyyətə alınmaq və üç aya qədər həbs və 3000 manata qədər cərimə ilə qorxudulurlardı.
Fəqət təcrübə göstərdi ki, bu icbari qərardadın tətbiqi yalnız polisdən gözləmək istənilən nəticəyi hasil etmiyor. Əvvəla satıcıların bahaçılığını tutmaq və ikincisinə də bu bahalığı ədalətlə təhqiq etmək mümkün oluyor. İştə bu xüsusda əhalinin müəyyən təşkilata möhtac olduğu göstəriliyordu. Nəhayət oktyabrın 15-də Bakı qorodonaçalniki Bakı cəmaətini qəzetələr vasitəsilə Bakı bələdiyyə rəisi zalına dəvət etdi ki, bahalığa qarşı tədbirlər görmək üçün əhali öz arasından bir təşkilat vücudə gətirsin.
Bunun təfsilatı “Açıq söz”də yazılmışdı. Bu təfsilat məhəllə əhli komitələrindən ibarət olub, sonra bu məhəllə komitələrinin nümayəndələrindən ibarət bir mərkəzi komitəyə malik olacaq. Məhəllə komitələrinin vəzifəsi 1)Əhalinin məvaddi-zərurətdən nə qədərinə möhtac olduğunu təyin 2) məvaddi-zərurətə (çörək, qənd, ət, buğda, un kibi müəyyən dərəcədə lazım olan şeylər) mövcudiyyətin miqdarını anlamaq 3) məvaddi-zərurətin gəldigi ilə getdigini bilmək. Məzənnədən xəbər tutmaq 4) məvaddi-zərurətin məhəll və nöqtəyə lazım olan vasitələri aramaq 5) məvaddi-zərurətin məhəlcə neçəyə başa gəldigini ögrənmək 6) kənardan gətirilən məvaddi-zərurətin bazar qiymətini bilmək 7) mənzil kirayəsi həqqində məlumat toplamaq və məlumatı müzakirə eləmək vasitəsilə məvaddi-zəruriyyə ilə ev kirayəsinin adi qiymət və şəraiti aşkar etməkdir.
Şübhəsiz ki, böylə bir məqsədlə təşkil olunacaq əhali məhəlli komitələrində “hüsni-niyyət” mövcud olarsa, bahalıq işində xəlqə böyük köməkləri dəyəcəkdir.
Əhali komitələri bu surətlə məsələni ətraflıca ögrənib də məvaddi-zərurətin həqiqi qiymətini bildikdə həm xəlqə kömək edə biləcəklər, həm də bəzən şübhə üzərinə “bahaçılıq” – deyə başlanmış xırda alış-verişçilərin dadına yetişəcəklərdir.
Əhali komitələri bir növ polisə ilə xəlq arasında hökmi-vaqe olub həm xəlqə kömək edəcək, həm də polisənin işini yüngülləşdirəcəklərdir.
Aşağıda qorodonaçalnik cənablarının bu xüsusdaki bəyannaməsi ilə, məhəllə komitələrinin intixab olunacaq yerlərini və seçkinin vəqtini yazıyor və əhaliyə tövsiyə ediyoruz ki, bu seçki yerlərinə getsinlər və ən çox etimad etdikləri doğruluq və sədaqətlərini tanıdıqları adamları məhəllə komitələrinə seçsinlər. Qoy öz xamlıqlarından, cəmaət işinə qarışmış olmadıqlarından qorxmasınlar, bu qorxu mövcud olduqca hamılıqda mövcud olacaq işin özü kömək də gətiriyor.
Bu gün cavanlarımızın, az-çox cəmaət işi görüb də təcrübəsi olanlarımızın boynuna bütün bir vəzifə gəliyor. Onlar bu günü heç də qəflət və kəhalətə girməməlidirlər. Bu yığınaqlara getməli, seçkilərdə iştirak etməli və təcrübəsizlərə seçkinin qaidəsini göstərməlidirlər.
Bu xüsusda bilxassə müsəlman cavanları çalışmalıdırlar. Çünki məəttəssüf məsələnin anladılması və seçkilərdən əvvəl vaqe olan elanlar (təşkilat komisyonu seçildikdə də imdi əhali komitəsi seçildikdə də) sərf olduğundan şəhərin müsəlman xəlqi bu xüsusi ehtimal ki, hələ layiqincə bilmiyor. Ona görə də bilənlərimizin öhdəsinə böyük bir məsuliyyət gəliyor.
Baqalım bu məsuliyyət altından cavanlarımız nə cür çıxacaqlar.
Hər halda xəlqin ən çox möhtac olduğu bir məsələ ilə əlaqədar olan bu seçkilərə getməklə dünyada yaşamaq fikrində olduğumuzu bildirməli, elə etməliyiz ki, həyati məsələlərə laqeyd degiliz.
Əvət, laqeyd olmayalım. Çünki laqeydsizligin nəticəsi bahalıq və aclıqdır.
Hər şeyi hökumətdən və yaxud şəhər ataları olan qlasnılardan gözləmək, hər şeydə özünə etimad etməyib “qəyyumun” tədbirinə sıxılmaq ancaq şəxsiyyətlərini azad istəməyən “zəif”lərin işidir. Özünü vətənin, məmləkətin müqəddəratında şərik bilən əhli-vətən böylə düşünə bilməz. O, öz iqtidar və öz bacarığına da inanar.
İştə, çalışalım, mümkün qədər “rəiyyət”lik hissiyyatından qurtarıb da “vətəndaşlıq” istimdadında olduğumuzu göstərəlim.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 25 oktyabr 1915. №19
Ürəksiz doktor
Oxucularımız qismi-məxsusimizdə dəva vəkili Baykovun “Kaspi” idarəsinə yazmış olduğu bir məktubu oxuyacaqlardır.
Bu məktub müsəlmanlar arasında ən məşhur olan doktor Əbdülxaliq Axundovun ürəksizligini göstərir əcib bir əhvaldan bəhs ediyor. Xəlqi mümkün qədər ölümdən qurtarmaq sənəti icabi olan doktora müraciət ediyorlar ki, sənin müsəlmanını məhkəmədə ölüm cəzası təhdid ediyor. Sənin yarım saət zəhmət qəbul edib də qədəmi-əziz etmək onu bu ölümdən qurtara bilər. Gəl bir insanın həyatına bais ol. Fəqət doktor müştərilərinin çox olduğunu bəhanə ilə özünün ürəksiz olduğunu isbat edərək qəti surətdə məhkəməyə gəlmək istəmiyor. Fəqət sonra bu ürəksiz doktoru ünf ilə, hökumət əmrilə gətirdirlər ki, gəlsin məhkəməyə lazım olan tibbi – şəhadətini versin.
Bu hal ilk baxışda xüsusi bir iş kibi görülür. Fəqət bunun ümumiyyət nöqteyi-nəzərindən olduqca böyük əhəmiyyəti vardır. Doktorun bu hərəkəti doktorluğa yaraşmayan mərhəmətsizligi heyəti-ictimaiyyəmizin xəstəliyini də bir dərəcəyədək göstərir. Başqalarının mərəzlərini tədavi etməklə məşğul olan alim bir şəxs böylə xudbinlik mərəzilə xəstə olursa, böylə xudbin şəxslər tərbiyə edən mühitimizin də xəstəliginə hökm vermək caiz olar. Əbdulxaliq Axundov cənablarının mütəxəssis və alim bir doktor olduğunu təqdir etməklə bərabər özümüzün əlaci-naləzir bir hisseyi-heyət olmadığımızı da göstərmək, bu hərəkəti bütün vücudumuzla protesto etmək bütün oxumuşlarımızın, ələlxüsus doktorlarımızın borcudur.
Nədir bu hal, nədir bu kəndi xüsusi mənfəətlərinə qərq olub da yaxınlarının ah və istimdadına laqeydlik:
Biz yəqin ediyoruz ki, əgər Əbdülxaliq əhvalı öz “müştərilərinə” bildirsə və onlardan yarım saət vəqt alsaydı heç də qiyamət qopmaz, kimsədə protesto etməzdi. Nasıl ki, sonradan qorodonaçalnik cənablarının əmrilə gəldigi təqdirdə qiyamət qopmadı.
Bu xüsusda bir mütaliə yazmaq niyyətində ikən qəzetələrdə “Ana və uşaq” namində böyük bir kitabi ilə məşhur olan Zuvqun vəfat etdigini paytaxt qəzetələrində oxuduq. Zuvqun hifzəlsihhə və uşaq bəsləməgə aid olan bu gözəl kitabını Rusiyada tanımayan ürfanlı bir ailə yoxdur. Bu kitab 1.000.000 dan ziyadə nəşr edilmişdir. İştə xəlqə bu qədər böyük bir faidə yetirən Zuvqun ömründə aclıq çəkiyormuş. Onun nə surətlə ehtiyac içində qaldığını “Don” mühərrirlərindən birisi olduqca müəssər bir surətdə təsvir ediyor. Çünki bir milyonlarca satılan kitabından özünün gördügü fayda ancaq 10.500 manatdan ibarət olmuş, qalan faidəsini naşirlər görmüşlərdir.
Öz ömrü ehtiyac içində keçən Zuvq məzkur kitab ilə ehtimal ki, minlərcə həyata bais olmuş: fəqət doktorluğun sayəsində böyük bir mülkədar olmuş bizim Axundov cənabları bir insanı, bir müsəlmanı mühəqqəq ölümdən qurtarmaq zəhmətinə də qatlanmaq istəmiyor.
Nə böyük təzad!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 26 oktyabr 1915, №20
Ünf – zor
(Ardı var)
Şirməmməd Hüseynov
Bu yazı ( 450 ) - dəfə oxunmuşdur