12px14px16px18px

Məhəmməd Əmin Rəsulzadə

Şirməmməd Hüseynov
04:15 / 04.02.2012
 
Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
Əsərləri Üçüncü cild (1915-1916)
 
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
 
(Əvvəli ötən şənbə saylarımızda) 
 
İcmali-əhval
 
Böyük müharibə arayı o qədər qarışdırdı, böyük Avropa dövlətlərinin müvazinələrini o qədər alt-üst etdi ki, axırda Yunanıstan ilə İran kibi kiçik dövlətlərin tutacağı xətti-hərəkətlər belə dünya siyasətindən ötrü böyük bir əhəmiyyət qazanmış oldu.
Almanlar bolqarlarla birləşib də Serbiyayi sənələrdən bəri kiçik qüvvətilə böyük qüvvətlərə müqabil durmaq məcburiyyətində qalan zavallı Serbiyayi İstanbul yolu üzərindən qaldırdıqdan və bu surətlə Berlin ilə İstanbulu birləşdirdikdən sonra düşmüş olduqları müharibədən bir dərəcəyədək çıxmış olacaqlardı.
Almanların İstanbula yol açmalarının məna və əhəmiyyətindən çox danışılmışdır. Bu əhəmiyyətli vəzifələrinin ifası üçün alman siyasiləri əvvəlcə Yunanıstanı bitərəf qalmağa, sonra da İranı öz siyasətlərinə tabe etməyə diqqət vermişlərdi. Yunanıstan Serbiyaya kömək edərsə, Balkandakı alman icraatını müşkülata düşürəcəkdi. İran da Hindistan və Əfqanıstana olacaq səfər yolunu açmaqla Almaniyanın Şərqdəki intriqalarını asanlaşdıracaqdı.
Bolqariya və Yunanıstanda ciddi qədəmlər və feli hərəkətlər göstərməmiş olmaları ilə böyük xəsarətlərə düçar olan etilaf dövlətləri İran həqqində vəqti itirmədilər və az qala alman və Türkiyə tərəfinə keçmiş olan İran hökumətini nümayiş etdirdikləri qüvvət sayəsində öz əllərinə aldılar. Son həftə içərisində İrandan gələn xəbərlər iştə etilaf dövlətlərinin bu xüsusda əldə etdikləri müvəffəqiyyətlərini təyid edən bir taqım xəbərlərin vürudu ilə ayrılmış oldu. Bundan əvvəlki həftədə İrandan həyəcanamiz xəbərlər gətirmiş olduğu halda, keçən həftəki teleqraflar tamamilə təskinavər xəbərlər verdilər. Fəqət bu sükutun daimi olub da intizar olunmayan bəzi hadisələrin çıxmayacağına bel bağlamaq olarmı?
Bu suala qarşı əhvali-hazirədən son dərəcə məmnun olan rəsmi məhfillər belə tamamilə xatircəm degildirlər və buna görə də Kerçdə dayanmış olan rus ordusuna geri çəkilmək əmri verməkdə əcələ edilmiyor. Həm həqiqətən də əhval tamamilə intizar dövründən çıxmış degildir. Çünki məmləkətdə iki müariz firqənin mövcud olub da birinin alman-türk, digərinin rus – ingilis tərəfdarı olduğu aşkardır. Alman səfiri İsfahana çəkilmiş, Osmanlı səfiri də hala Qumda oturaraq İrandakı ümidlərindən tamamilə əl üzməmişdir. Digər tərəfdən də cənubi İranda İngilis konsulları rəsmi adamlarının həbsə alındığına aid xəbərlər eşidilməkdədir. İsfahanda adətən cəbbəxanə, topxanə, hətta ayroplanlara malik olan almanlar heç bir ixtişaş çıxarmadan qəzaya razı olacaq və bu qədər məsarif və əməklə əldə etdikləri şahi düşmənləri ilə müsafihədə görürkən qısqanmıyacaqlarmı?...
Bu suallara nəzəriyyə degil, həvadis və vaqiələrə dayanaraq cavab vermək üçün keçən həftə öylə bir sərih məlumat verməmişdir.
Etilaf dövlətləri İranda ciddiyyətə təvəssül etdikləri kibi son zamanlarda Yunanıstan üzərinə də icrai-təsir etmək istədilər. Burada bir tərəfdən Fransa vəzirlərindən Yunanıstan mühibbi olmağına məşhur “dəni qoşun”un Yunanıstana gəlməsi, digər tərəfdən də İngilis ricalından məşhur Lord Kiçnerin Səlanikə vürudi və bunların vürudu ilə Yunanıstan kralı ilə ricalı arasında vaqe olan müsahibələr bütün dünyanın diqqəini cəlb etdi. Digər tərəfdən də etilaf dövlətləri Yunanıstan sularında nümayişi-bəhriyyə qərar verərək kəndisini iqtisadən abluğə altına almaqla təhdid etdilər və Maltada durmaqda olan İngilis-Fransa bəhriyyəsinə səfərə amadə olmaq üçün əmrlər verildi. Etilaf dövlətlərinin bu kərə Yunanıstandan istədikləri cəbrən müharibəyə qoşulmasını tələb üçün olmayıb, müharibə Yunanıstan torpağına keçərsə, müttəfiq əskərlər ilə Serbiya əskərlərinin təxliyəyi-silahlarını istəməməsini təmin üçün idi.
Məlum olduğu üzrə Serbiya əskəri özünə faiq olan qüvvətli bir ordunun qabağında davam gətirməyib çəkilə-çəkilə Yunanıstan hüduduna sıkılıyor. Yunanıstan da serblər torpağına girərlərsə, arxalarından Bolqarlar da girirlər-deyə serbləri öz torpağında təxliyəyi-silaha məcbur edəcəgini bildirmişdi. Bu bəyanı ilə bərabər Vilhelmin yeznəsi 15 firqədən ibarət olan yunan ordusunu müttəfiq əskərlərin keçirdikləri Səlanik xətti ardına yığışdırmışdır. Bu hal şübhəsiz ki, etilaf siyasilərini qorxuduyordu. Həm həqiqətən də qorxmalıdır, çünki günün müşkül bir dəqiqəsində alman zabitləri tərəfindən idarə olunan Ələn ordusu serblərlə qeyri Avropa səkərlərindən ötrü olduqca mühüm bir təhlükə təşkil edə bilərdi. İştə bu təhlükəni heç olmasa rəf etmək üçün etilaf dövlətləri bir yandan yumuşaqlıq və məhəbbət, digər tərəfdən də cəbr və şiddət göstərərək Yunanıstandan tələb ediyorlar ki, Səlanik xətti tərəfindən əskərlərini oradan çəksin, dəmir yol ətrafındakı yerləri etilaf ordularına vagüzar eləsin. Serbiya ordusunu torpağına keçdigi təqdirdə təxliyəyi-silahə məcbur etməyəcəgi həqqində söz versin. Bütün bunlara müqabil isə etilaf dövlətləri Yunanıstanın bu güzəştlərdən dolayısı düçar olacağı xəsarətləri təzmin ediyorlar.
Yunanıstan hökuməti vaqe olan bu tələblərə razı olacaqmı? Bu xüsusda varid olan xəbərlər daha vüzuhdan məhrumdurlar. Hər halda yunan siyasətində mühüm bir rol oynayan Kralın “dəni qoşun”la müsahibə etdigi əsnada siyasətdən əsla söz açmadığını xəbər verən qəzetəçilər Kralın başqa bir fikirdə olduğunu iddia ediyorlar.
Hər halda keçən həftə zərfində Yunanıstan olduqca mühüm günlər keçirdi, baqalım bunun nəticəsi nə olur?...
Müharibə meydanlarında öylə şayani-etina bir təbəddül vüqu bulamamış, daxili siyasət həvadisləri arasında Tiflisdə şura etməkdə olan məkulat şurasının iniqadı ilə dumanın açılacağı xüsusunda başlanan tədarüklər şayani-əhəmiyyətdir.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 13 noyabr 1915, №34
 
Məhfil – məclis
Müariz – etiraz edən, qarşı çıxan
Cəmiyyəti-xeyriyyənin on illigi
 
Bundan tam on il əvvəl bu günün mislində imdi Nikolayevski küçədə möhtəşəm bir binaya malik, Rusiyanın müsəlmanlarla sakin olan hər tərəfində, bilxassə Qafqasiya hərb meydanında hərbzədə olan müsəlman vilayətlərində nam və şöhrət qazanmış, Qafqasiyanın müsəlman xeyriyyə işləri üçün faidəli bir mərkəz şəklini almış olan Bakı müsəlman cəmiyyəti-xeyriyyəsi təsis edilmişdir.
Qafqasiya müsəlmarları daha əvvəlcə cəmiyyəti-xeyriyyə üçün müsaidə istəmiş, müvəffəq ola bilməmişlərdi. 1905-ci ildə ilk müsəlman cəmiyyəti olmaq üzrə iştə Bakı cəmiyyəti-xeyriyyəsi rəsmən meydanə gəlmiş oldu. Bakı dumasının zalındakı kəsrətli və gurultulu təsis cəmiyyəti ehtimal bakılılardan bir çoxunun yadındadır.
Bakı cəmiyyəti-xeyriyyəsinin on illigi, eyni zamanda da Bakı müsəlman cəmiyyətinin cəmaət işlərinə qarışmalarının on illigi deməkdir. Buna görə də bu xüsusa əhəmiyyət vermək məcburiyyətindəyiz.
Bakı müsəlman cəmaət işlərində daimən başda olan Hacı Zeynalabdin Tağıyev cənabları burada dəxi sərxeyl olub cəmiyyətin nizamnaməsindən göründüyü kibi müəssislər cüzində: mərhum Həsən bəy Məlikov, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, İsmayıl bəy Səfərəliyev, mərhum Hacı Aslan Aşurov, İsa bəy Hacınski, Kamal bəy Səfərəliyev, Əbdülxaliq Axundov, Məhəmməd Rza Ağa Vəkilov, Həsən bəy Ağayev, Kərbəlayi Nəcəfqulu Sadıqov, Kərbəlayi İsrafil Hacıyev, Həsən Ağahüseynov, Mirzə Əsədullayev, mərhum Əsəd bəy Səlimxanov, Ağabala Tağıyev, Əsədulla Əhmədov, mərhum Hacı Həsən Atamalıyev və Nəcəf Əmiraslanov cənabları gəliyorlar.
İlk cəlsədə münaqişə və gurultusuz olmuyaraq əksəriyyət ara ilə: Hacı Zeynalabdin Tağıyev sədarətə, İsrafil Hacıyev müavinligə, Hacı Mustafa Rəsulov xəzinədarlığa, Əhməd bəy Ağayev katibliyə və İsmayıl bəy Səfərəliyev, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədovlar da idarə əzalığına seçilmişlərdir.
Bu idarə heyəti (Əlimərdan bəydən başqa) hər ildə bir dəfə intixab təzələnmək nizamnamə ilə lazım ikən 1907-ci ilə qədər qalmış və bunun səbəbi də cəmiyyətin köhnə protokollarından anlaşıldığı vəchilə xəzinədarın hesabnaməsi hazır olmadığından iləri gəlmişdir. 1907-ci ildə sədarətə yenə Hacı cənabları, müavinliyə Ağa Musa Nağıyev, katibliyə Mehdi bəy Hacınski, idarə üzvülüklərinə Məhəmməd Cavad Sadıqov, Hacı Mirhəsən Ağa və Əsədulla Əhmədov cənabları seçilmişlərdir. 1911-ci ildə üçüncü seçgi vüqua gəlmiş, bu seçgidə sədarətə Ağa Musa, müavinliyə Mirzə Əsədullayev, katibliyə Mehdi bəy, xəzinədarlığa Əli bəy Aşurbəyov, idarə üzvləri cüzində Həsən Ağa Həsənov cənabları seçilmişlərdir. 1313-də imdiki idarə seçilmişdir ki, sədr Mirzə Əsədullayev, müavin Məhəmməd Həsən Hacınski, xəzinədar Fətulla bəy, katib Mehdi bəy, idarə üzvləri də Mirzə Həbib Mahmudbəyov, Ağa Hüseyn Tağıyev və Əli Heydər Babayev cənabından ibarətdir.
Cəmiyyəti-xeyriyyə müfəttişliginə on ildən bəri Kərbəlayi Mirza Ağa Yusifxanov cənabları seçilə gəlməkdədir ki, cəmiyyətin on illiyi ilə onun da on illik xidməti bitmiş oluyor deməkdir. İnfisalsız olmaq uzrə Mehdi bəy cənabları da Əhməd bəydən sonra bu günə qədər katiblik vəzifəsinə ifa ediyorlar.
Cəmiyyəti-xeyriyyənin nizamnaməsindən görünən məqsədi “Fəqir və möhtac müsəlmanlara kömək etmək, məktəblərdə oxuyan fəqir uşaqlara müavinət göstərmək, naxoş və qoca müslümə və müsəlmanları himayə etmək, yetim və fəqir uşaqlarını sənət məktəblərinə vermək” kibi ümuri – xeyriyyədir.
Bu məqsədin ifası yolunda cəmiyyət on ilin ərzində nə etmiş, nə cür eləmiş, nə qədər üzvü olmuş, nə qədər ianə yığmış, nə qədər paylamış, bütün bunlar həqqində müntəzəmən məlumat vermək üçün məəttəəssüf çap olunmuş bir əsər tapılmadı. Çünki bugünki günə qədər cəmiyyət gördügü işlər həqqində hesabnamə nəşr etməmişdir. Bununla belə oxucuların marağını təskin etmək üçün biz cəmiyyətin mövcud olan köhnə protokollarını arayıb-araşdırdıq. cəmiyyəti-xeyriyyə müfəttişi möhtərəm Mirzağa Yusifxanovun məlumatına müraciət etdik, nəhayət, bu səfərlik bir məlumat təhsil edə bildik:
Cəmiyyət idarəsi on ilin ərzində ancaq qırxa yaxın iclas etmişdir. Halbuki, nizamnaməyə görə bu qədər müddətdə heç olmasa, ayda bir hesabı ilə 120 iclas etməli idi. Bu on ilin içində illər var ki, heç iclas edilməmiş gedir.
Cəmiyyətin gördügü işlərdən şayani-ehtiram və diqqət olanı ancaq Nikolayevski küçədə Ağamusa Hacıyevin ianəsi ilə mərhum oğlunun adına salınan möhtəşəm bina ilə (bu bina 300 min rublə yaxın oturmuşdur) hər il qurban bayramında görüş məclisi tərtib etdirməsidir. Müharibə zamanının icabi olan imdiki fəaliyyətdərə gəlincəyə qədər bunlardan başqa öylə böyük gözə görünən bir işi yoxdur.
On il zərfində cəmiyyəti-xeyriyyə fəqirlərə 4 mindən ziyadə para verdigi kibi yoxsul şagirdlərə də ancaq 1500 manatlıq qələr əl tutmuşdur. 1911-ci ildə bərk qış olduğu zaman 5000 manat qiymətində 600 put un paylamış, 1914-cü ilin də də 504 fəqirə bir dəfə olaraq 277 manat vermişdir. Daimi olaraq da 29 fəqirə ayda 140 manata yaxın bir məbləğ verməkdədir.
cəmiyyətin protokolları arandığı zaman gözə çarpan bəzi qəryələri bitərəf bir müvərrix sifətini saxlamaq üçün qeyd etməliyiz: əvvəlinci məclisin (1905 dekabr 20) anlaşılıyor ki, Hacı Hacıbaba Haşımov mərhumdan birisinin irs davası varmış (məəttəəssüf katib bu birisinin adını göstərmiyor) cəmiyyətə müraciətlə övraq və sənədlərini təqdim eləmiş ki, cəmiyyət o xüsusda Haşımovla anlaşsın. Bu xüsus Hacı Mustafa Rəsulova həvalə olunmuş. Sonrası artıq məlum degildir. Halbuki, bu “anlaşma” nəticəsində cəmiyyət özü böyük faidə edəcəkmiş. Haman ildə martın 14-də iniqad edən 3-cü idaryei-cələsənin Əhmədbəy Ağayevin xəttilə yazılan protokolunda oxuyuruz ki, “bədə cənab sədr ...... tərəfindən cəmiyyəti-xeyriyyə bəxş olunan neft yeri barəsində yazılan məktubi oxudu. Məclis kəmali-imtinan təşəkkür ilə bu bəxşeşi qəbul edib cənab Əsədulla Əhmədovu vəkil etdi ki, bu yeri natarius vasitəsilə təhvilə alsın”. Artıq bunun təhvilə alınıb alınmadığından protokollarda bir əsər də yoxdur. Ancaq 3-cü cələsinin protokolları kənarında məda ədlə yazılmış bir haşiyə var ki, bundan da neft yerinin o zaman o qədər də qiyməti olmayıb bu gün yüz minlərə dəgən Qara dayıda (Şubani) vaqe Mirdadaş arvadının (ki molla Hüseynin qızıdır) irsi olduğu aşkar olduğu kibi. Adının yeri ağ qalan kağız yazanın da Hüseyn bin Molla Hüseyn bin Molla Dəşdi olduğu ögrənilir.
Yenə o ilin aprelin 12-də iclas edən 5-ci iclasın protokolundan xolera ilə mübarizə üçün toplanan 3500 manat bir ildən ziyadə Əlimərdan bəy Topçubaşovda qaldığı ilə bu pulun kəndisindən mütaliyə edilməsinə qərar verildigi anlaşılır. Fəqət bu pul hesabının Əlimərdan bəy cənabları tərəfindən cəmiyyətə verildigi dəxi sonra gələn qeydlərdə göstərilmişdir.
1906-cı il oktyabrın 21-də yazılan protokoldan görülüyor ki, xəzinədarın hesabnaməsi hazır olmadığından idarə iclasi-ümumini təxirə salmışdır. Bu hesab bu günə qədər də verilməmişdir.
Əlbəttə, yuxarıda sayılan rəqəmlərlə göstərilən həqiqətlər Bakı cəmaət xadimlərinin, cəmiyyəti-xeyriyyəni inhisar etmiş olan böyük ünvanlı ağaların üzlərini ağardacaq bir halda degildir.
Yuxarıda cəmiyyəti-xeyriyyənin on illiyi Bakı müsəlmanlarının cəmaət işinə qarışmalarının on illiyidir dedik. Bu meyarla bütün cəmaət işlərimiz üçün cəmiyyəti-xeyriyyənin on illik işi demiyəlim, ətaləti, əlbəttə, fəna bir nümunə təşkil edər! Fəqət unutmamalıdır ki, Bakı müsəlman cəmaət işləri ancaq cəmiyyəti-xeyriyyə dairəsində degil, bundan başqa Nicat, Nəşri-məarif, Səadət və Səfa kibi digər cəmiyyətlər dəxi təsis olunmuşlar ki, onların hər halda mizandan daha əyarlı çıxacaqları güman olunur.
Hər nə isə, böyük müharibənin aləmləri sarsan gurultusu, nəhayət, istər-istəməz uyuşmuş müsəlman aləminə, bilxassə, Bakı müsəlman cəmiyyəti-xeyriyyəsinə də təsir elədi. Heç bir fənalıq bu qədər ki, zəminində bir yaxşılıq olmasın. Öylə də Kars, Ərdəhan faciələri bütün müsəlman cəmaətində bir hərəkət hasil elədi və bu hərəkətə başçı olmaq vəzifəsi də Bakı müsəlman cəmiyyəti-xeyriyyəsi öhdəsinə üşdü və demək olar ki, on ilin təlafisi haman bir ildə çıxdı.
Hazırda cəmiyyəti-xeyriyyədə Kars, Ərdəhan yetimlərindən ötrü bir yetimxanə, Batum və Kars tərəflərində hifzi-səhiyyə müavinət heyətləri mövcud olduğu kibi, yaralı saldatlar üçün də bir lazaret vardır.
On ilin on mini ötməyən cəmiyyət büdcəsi imdi bəlkə də 403 yüz minə baliğdir.
İmdiki fəaliyyəti ilə şübhəsiz, böyük və milli iş görüyor. Fəlakətə uğramış zavallı qardaşlarına göstərdikləri müavinət də vasitə olmaq surətilə Bakı cəmiyyəti-xeyriyyəsi imdi yeni halda bütün Rusiya müsəlmanlarını birləşdirmək yolunda şayani-ehtiram böyük bir xidmət göstəriyor. Fəqət, yaxşı dost olmaq vəzifəsini ifa surətilə deməliyiz ki, məəttəəssüf cəmiyyət on ildən bəri təkrar edə bilməkdə olan böyük və əsaslı bir səhvini imdi də təkrar ediyor. Bu səhv haman iclasi-ümumiyyəyi nəzəri-etinayə almamaq və gördügü işlər və məsərrəf həqqində fikri-əmmayi işıqlandırmamaqdan ibarətdir.
Cəmiyyəti-xeyriyyə işlərini idarə edənlər bilməlidirlər ki, cəmaət işi ancaq cəmaət ilə görülməlidir. Böyük-böyük işləri fövqəladə məsərrəflər görə biliyor, artıq məsuliyyətlər bu yönə götürülüyor. Halbuki, bir dəfə olsun iş sahibi olan iclasi-ümumi çağırıb da onunla bu xüsusda məsləhət olunmuyor. Görüləcək işlərin təhri, xərclənəcək pulların smetası üçün onun icrasına ehtiyac göstərilmiyor. Bu gün ehtimal ki, cəmiyyəti-xeyriyyə müdirləri nəzərində boş bir rəsmiyyətçilikdən ibarət olan bu xüsus cəmiyyətin ən böyük bir xətasını təşkil ediyor. Əgər mətbuat qədər cəmiyyəti-xeyriyyə idarəsi özü dəxi bu on illik sənəyi-dövriyyəyə əhəmiyyət versə və bu gün bu vəqtə qədər üzünə həsrət qaldığımız iclasi-ümumini çap olunmuş bir hesabatı ilə mümtaz etsəydi, başlanmış böyük bir fəaliyyətin hər bir tərəfi və müvəffəqiyyətin ən böyük zamanı olan həqiqi bir əsasə bağlamış olardı!...
Cəmiyyətin işləri idarəsində olanlara böylə mühüm bir vəzifə tərtib etdigi kibi cəmaətimizin məarifmənd qisminin öhdəsində dəxi daha böyük bir vəzifə vardır.
On illik ərzində cəmiyyətə üzv yazılmış olanları yığsanız, bir neçə ondan o yana keçməz. Halbuki, cəmaətimizin diri bir cəmaət olub da, məarifməndləri cəmaət və millət işlərində həvəsli olsalardı, bu ədəd başqa bir hal alardı.
1905-ci ilin hərəkəti daş kibi hərəkətsiz olan cəmaətimiz arasında imdiki naqis və azil cəmiyyətləri fücudə gətirdi isə, ümid etməlidir ki, 1915-ci ilin dünyalar sarsan hərəkəti də bizi bu azil və naqis cəmiyyətlərin əsasını daha fəzl və daha kamil bir yolda islah etmək yoluna salar. Fəqət bunun üçün əhli-ürfanın oyanıq olub da qonulmuş olan xüsusiyyətlərindən çıxmaları əlzəmdir!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 15  noyabr 1915, №35
 
Kəsrət – çoxluq
Sərxeyl – başçı
Övrəq – vərəqələr
Təlafi – əvəzinə ödəmə
Tərh – layihə
 
Bu işləri kim görsün?
 
Bugünki sayımızda həssas cavanlarımızdan Talıblı cənablarının “Atalara xitab”ını dərc ediyoruz. Talıblı hökumət edadilərində müsəlman şagirdlərin milli tərbiyədən məhrum bir halda buraxıldıqlarından hasil olan acı nəticələri suzişli bir ifadə ilə bəyan etdigindən sonra bu xüsusda ataların öhdəsində böyük bir vəzifə, ağır bir məsuliyyət görüyor. Həm həqiqətən də öylədir. Oğullar kəndi mühitlərinə biganə, öz millətlərinə yabançı, tərbiyə və hazırlığı naqis birər qeyri-təbii tiplər olurlarsa, onlar bu halları ilə atalarının işlədikləri günahın cəzasını çəkmiş oluyorlar.
Bizdən əvvəlki nəsil milli tərbiyənin nə olduğunu bilmiyordu. Buna görə də o zamanlarda xəlqin təəsübi, mollaların təkfirinə baxmayaraq, nə olursa-olsun elmin cəhlə üstün olduğu nəzəriyəsilə övladlarını məktəblərə verən atalar bizim qədər məsul degildirlər. Fəqət bizim zamanımız özgədir. Biz mətbuata malik bir dövrdə, məarif cəmiyyətləri mövcud olan bir zamandayız. Bir zamadayız ki, keçmiş nəslin tərbiyə qüsurundan hasil olan eyblər gözümüz qabağında olub övladlarımız, cavanlarımız bizi oyanmağa dəvət ediyorlar. Böylə gurultulu və oyanıq bir zamanda da yatarsaq, qiyamətə qədər yatacaq bir halda olduğumuzu isbat etmiş olacağız.
Bu gün Talıblı cənabları fəryad qoparıyor. Bir neçə gün əvvəldə rövzəxanlarımızdan biri minbər üstündən bu xüsusi işıqlandırmışdı. Keçəndə “Bir moizə münasibətilə” yazdığımız məqalədə biz də ağlımıza gələn tədbirdən bəhs etmişdik.
Möhtərəm zatlardan birisi bu mövzudan bəhs açaraq diyordu ki, çox yaxşı, zəhmət çəkilir, yazılır, fəqət bu yazıları kim tətbiq etsin, kim çalışsın ki, yazılan bu gözəl tədbirlər səhrada bağrılan bir səda olub qalmasın.
Həqiqətən də böylədir. Dövlət dumasındakı vəkillərimiz vasitəsilə hökumətə bildirməlidir ki, edadi məktəblərin proqramları təshih olurkən yerli dil və ədəbiyyatlarının qədr və əhəmiyyəti də gözədilsin. Edadi məktəblərə müraciət edərək Gəncə üsuli ilə tələb etməlidir ki, türkcə ilə şəriət dərsi qeyri dərslər kibi icbari bir şəkil alsın: məaşının artığını təmin etmək surətilə tələb etməlidir ki, edadi məktəblərinin türkcə müəllimliginə işini bilər, sənətini anlar, şərəf və heysiyyatını saxlar adamlar təyin olunsun. Bunlar hamısı çox əla... Fəqət bu işləri kim görsün?
İştə öz-özünə qalxıb da cavab istəyən bir sual!
Şəhərimizdə məarif cəmiyyətləri olmasa idi, bəlkə də bu sualın cavabı bir az müşkül olurdu. Allaha şükür ki, şəhərimizdə məarif işləri ilə xeyrinə baxan beş cəmiyyətimiz var. Bunlar arasında “Nəşri-məarif” cəmiyyəti vardır ki, əsl vəzifəsi məarif yaymaqdır. Edadi məktəblərdəki milli dərsləri yoluna qoydurmaqdan artıq “Nəşri-məarif”in görəcəgi vacib və lazım bir təşəbbüsü varmı? Neçün cəmiyyət bu xüsusdaki təkliflərə qarşı laqeyd qalıyor, neçün hər tərəfdən qalxan sədalara qulaq vermiyor?
“Nəşri-məarif”dən keçdikdən sonra “Nicat” da qədim məarif cəmiyyətimizdəndir. “Nicat”ın olduqca fəal və işıqlı bir sabiqəsi vardır. Oxumaq və oxutmaq işlərimizi nizama salmaq üçün “Nicat” cəmiyyəti vəqtilə Qafqasiya müsəlman müəllimlər ictimai dəvət etmək kibi mühüm qədəmlər atmış bir cəmiyyətdir. Keçmiş “Nicat” üzvlərinin ibtidası ünas məktəbləri ilə sair ibtidai məktəblər və məktəb xaricində biligi yaymaq işində az-çox himmətləri görülmüşdür. Əcaba, edadi məktəblərindəki tədrisati-miliyyə üçün görüləcək tədbirlərə təvəssül edə bilməzmi?
“Səfa” cəmiyyəti ilə “Səadət”ə mənsub olanların da bu xüsusda mütəəssif olduqlarını görmüş, eşitmişik.
Xülasə, hər kəs mütəəssif, hər kəs bunun görüləcək bir iş olduğuna qanedir. Yalnız zəngi pişiyin boynundan asacaq birisi tapılmıyor.
Bizə öylə gəliyor ki, bu zəng məarif cəmiyyətlərinin, hətta hamısı da degil, birisinin bir az qeyrət və təşəbbüsü ilə asıla biləcək yüngül bir şeydir, yalnız istər ki, bir az himmət, bir az da həmiyyət olsun!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 16 noyabr 1915, №36
 
İran üsyan içində
 
İrandan gələn xəbərlər Şiri-Xurşid məmləkətində felən iki hökumətin hökm sürdüyünü göstərməkdədir.
Bu hökumətlərdən birisi İran rəsmi hökuməti olub, digəri də Tehrandan yüz kilometro uzaqda olan Qumdaki “müdafiəyi-islamiyyə” komitəsidir.
Rəsmi hökumət kəndisinin rus və ingilis hökumətlərinə mail bir bitərəflik elan etmiş olduğu halda, Qum komitəsi elanən Almaniya ilə Türkiyə tərəfinə keçib, onların rəhnümalığı ilə hərəkət etməkdədir.
Şah Tehrandan çıxmış olsaydı, rəsmi İran hökuməti ələnən rus və ingilis dövlətlərinə qarşı düşmənanə bir vəziyyət almış olacaqdı. İran hökuməti ilə aramızda baş tutan etilaf felən böylə bir müharibənin qabağını saxlamış oldu. Fəqət həqiqətə hələ diqqət edərsək, bu müharibə heç də dayanmamış, biləks qeyri-rəsmi bir surətdə olsa da, başlanmışdır. İran böyük nizami bir qüvvətə malik olsaydı, şah ilə hökumətinin bu ya o tərəfdə olmalarının böyük bir əhəmiyyəti olardı. Məəttəəssüf İran böylə bir nemətdən məhrumdur. Bu məhrumiyyət var ikən İranda rol oynayan qüvvət İran əhalisi üzərinə icrayi-nüfuz edə bilən qüvvətlərdir.
Gərək sənələrdən bəri İran hökuməti ilə üləması arasında olan mübarizə və gərək neçə ildən bəri davam etməkdə olan inqilab İran cəmaəti arasında iki böyük qüvvəti xəlqə tanıtmış və sevdirmişdir. Bunlardan birincisi mülkədar olmayan üləma ilə ikincisi də məclisdir. Kərbəla və Nəcəf müctəhidləri ilə məclisin məmləkət üzərində şahdan da, hökumətdən də böyük nüfuzları vardır. Hal-hazırda bu nüfuzun ikisi də Qum hökuməti tərəfində, dolayısı ilə də almanlarla türklərin əlindədir.
Kərbəla və Nəcəf müctəhidlərinin şiəlikdə adətən Papanın katoliklikdəki nüfuzu qədər əhəmiyyəti vardır. Hələ bunların İran əvamı üzərindəki təsirləri təsvir olunacaq bir halda degildir. Etilaf diplomatları tərəfindən incidilmiş olan bunlar son zamanlarda tamamilə türklərin tərəfinə keçdilər. Bu xüsusda Petroqradda çıxan “B. V.” qəzetəsi də təəssüflə bəhs etmişdir.
Bu surətlə dini millətpərəstlik qüvvəti almanların tərəfində olduğu halda, tərəqqipərvər və avropavari millətçilik və vətənpərvərlik hissiylə ruhlanan demokratlar da o tərəfdədirlər. Şah Tehrandan çıxmaq əzmindən vaz keçdisə də, 30-a qədər demokrat məbuslar, başda məşhur Süleyman Mirzə olduğu halda, haman Tehranı tərk etdilər. İştə, bu Süleyman Mirzə hal-hazırda türk və almanlarla bərabər olaraq “müdafiəyi-islamiyyə” komitəsini idarə etməkdədir.
Bu gün qismi-məxsusimizdə dərc olunan xəbərlərdən anlayacaqsınız ki, Həmədanda candarmalarla İran kazakları arasında baş verən qarğın ilə Şirazda ingilis məmurlarının tutulması vaqeələri ilə başlayan əks hərəkətlər imdi artıq bir üsyan şəklini almışdır.
cənubi İran halə üsyandadır. Bu üsyanı yatırtmaq üçün İran bizzat aciz olsa gərək. O halda rus və ingilis dövlətləri ilə müəyyən bir qərara gələcək olan İran hökuməti şübhəsiz ki, istər-istəməz qədim hamiləri və imdiki dostları olacaq iki dövlətin müsəlləh qüvvətinə ərzi-ehtiyac göstərəcəkdir ki, bu surətlə də iki müariz İran partiyasının arxasında iki düşmən heyəti mövcud olacaq və beləliklə İran felən dünya müharibəsinə qarışacaqdır.
Türkiyə – alman amilləri ilə İran millətlərinin din və milliyyət əsasları üzərinə vaqe olan təhrikləri İran əhalisini bilxassə cənubiləri öylə bir hala gətirmiş ki, bu halın ancaq faiq bir qüvvət qarşısında təslim olunacağı bütün əlaimi ilə görülməkdədir. Tehranın xaricindəki daralüməarəllərindən birində qışlamaq niyyətində olan Şah etilaf diplomatları ilə müzakirə edərək vəqt ötürməkdə ikən, kəndisinə müariz bir vəziyyət alan qüvvətlər durmadan çalışıyorlar. Kirmanşah, Soltanabad, Həmədan və Kəşan kibi nöqtələr adətən birər düşmən yatağı və birər sovqəlceyş istinadgahları halına gətirilərək Qumdakı ərkani-hərb tərəfindən hərəkətə gətirilirlər. Digər tərəfdən də Avstriya səfiri ilə Osmanlı səfiri Tehrana daxil olmuşlardır.
Görünüyor ki, bu səfirlər hələ Tehran hökuməti ilə Şahdan qəti ümid etməmişlərdir. Siyasi məmur olmaqdan ziyadə əskəri bir general olan Prins (rəis) inqilab komitələri ilə əskərlərinin idarəsi üçün xaricdə qalmış digər iki yoldaşını siyasət üçün Tehrana qaytarmışdır. Görünüyor ki, məmləkətin əksər qüvvəsini əldə etmiş olan almanlar, hər nə cür olsa da, rəsmi İran hökumətini dəxi əllərindən çıxarmaq istəmiyorlar.
Fəqət, biri-birinə nəqiz olan bütün bu əhvaldan doğru olaraq bir nəticə çıxarmaq mümkündür ki, o da istər Şah bu tərəfdə qalsın, istər o tərəfdə – hər halda dünya səhneyi-hərbində vuruşmaqda olan iki düşmən heyətinin İranda da üz-üzə gələcəklərindən İranın da Avropa müharibəsinə qarışmış olacağından ibarətdir.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 19 noyabr 1915, №39
(Ardı var)
 
Şirməmməd Hüseynov
 



Bu yazı ( 238 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar