12px14px16px18px

Məhəmməd Əmin Rəsulzadə

Şirməmməd Hüseynov
02:14 / 26.11.2011
 
 
 
Əsərləri Üçüncü cild (1915-1916)
Nəşrin redaktorları:prof. Şamil Vəliyev  və elmi işçi  Samir Mirzəyevdir.
  
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
 
 
(Əvvəli ötən şənbə saylarımızda)
 
Gələcək duma seçkiləri

Şəhər dumaları ilə zemstvolar Rusiyada mövcud kiçik miqyasda birər cəmaət idarələridir. Dövlət duması bütün Rusiyanın həyati-siyasiyyə və ictimaiyyəsinə müdaxilə edər böyük bir xəlq məclisi isə şəhər dumaları da kiçik miqyasda şəhər cəmaəti işlərinə baxan ümumi müəssisələrdir.
Şəhər dumaları hər nə qədər həddi-zatində ancaq şəhər işlərilə məşğul və səlahiyyətləri məhdud birər müəssisələrsə də mənən bundan daha böyük bir mahiyyət və əhəmiyyətə malikdirlər. Şəhər dumaları və şəhər idarələri adətən hökumət ilə Dövlət dumasının kiçik miqyasda birər nümunələridir. Dövlət idarəsi və Dövlət duması idarə və üsuli-intixabi həqqində nə kibi mülahizə və nəzəriyyələr mövcud isə onların eyni şəhər idarə və dumaları həqqində də variddirlər. Dumalar xəlqi intixab üsuluna ögrədir. Cəmaətin arasındaki bacarıqlı və xəlq işini görə bilən adamların zühura gəlib də təcrübə kəsb eləməginə meydan verir. Ələlümum olar ki, şəhər dumaları nümayəndəlik üsuli-idarəsinin kiçik bir təcrübəgahlarıdır.
Bu təcrübəgahlar nə qədər müvafiq, azad və ədalət üzərinə təsis və təşkil olunarlarsa, o dərəcədə də şəhər işləri təbii bir yolda tərəqqi edər, həm də xəlqin tərbiyeyi-siyasiyə və ictimaiyəsi təbii və məmul bir yolda artar.
Buna görədir ki, dövlət idarəsi və Dövlət duması həqqində nə kibi bir üsul və intixab arzu edirlərsə hər hankı bir parti və nəzəriyyəyə tərəfdar olan şəxslər, haman arzularını zemstvolarla şəhərlərə də tətbiq etmək istərlər.
Rusiyanı kəndisində yaşamaqda olan bütün millətlər üçün doğma bir ana halına qoymaq istəyən siyasilər gərək hökumət tərəfindən qanunən təmin olunan hüquqda və gərək əyan məclisi (Dövlət şurası) ilə duma məclisləri intixabatında bütün millətləri müsavi və bərabər görmək istərlər.
Bu müsavat bələdiyyə idarələri ilə şəhər dumalarında da gözədilməlidir. Buna rəayət olunmuyub da şəhər xəlqi “əali” və “ədna” cinslərə bölünərsə o halda şəhərin tərəqqisi bittəbii bir ünsürün ləhinə, digər bir ünsürün əleyhinə olaraq artar ki, bu da heç şübhəsiz müxtəlif millətlərdən təşəkkül edən Rusiyada milliyyət nəzalərinə olduqca meydan verər. Hələ bununla bir kəc siyasətin Qafqasiya və bilxassə Bakı kibi qitələrdə nə kibi bir nəticə verəcəgini uzun-uzadına söyləməgə də ehtiyac yox.
Altı ay sonra Bakı duması gələcək dörd il üçün yeni qlasnılar seçəcəkdir. Şəhər idarəsi imdidən bu seçgiyə hazırlaşmaqdadır. Bu xüsusda məzkur idarənin dumaya təqdim elədigi bir məruzəsi “İqbal” vasitəsilə nəşr olunmuşdu. Bu məruzədə intixablardan əvvəl iki cəhətin müəyyən olunması dumadan istənilmişdir. Bunlardan birisi duma intixabatının texnikası (üsuli-icrası) və digəri isə hüquqi cəhətinə aiddir.
Texnikaya aid olan xüsus qlasnıların bir məclisdəmi, yoxsa məhəllə-məhəlləmi intixab olunmaları xüsusinin təyini məsələsidir ki, bizcə bunun o qədər əhəmiyyəti yoxdur. Çünki, məlum olduğu üzrə, bələdiyyə intixabları olduqca məhdud olub şəhərin müqəddərati həmin bir taqım şəxslərin əlindədir ki, bunlarda əksəriyyətlə mülkdarlardan ibarətdir. Şəhər idarəsinin məruzəsindən anlaşıldığı vəchlə iki yüz mindən ziyadə nüfuzu olan bir şəhərdə iştə bu intixab həqqinə malik olub da seçgilərdə iştirak edən xoşbəxtlərin sayı 1500-dən ziyadə təxmin olunmiyor. İş bu surətdə ikən bittəbii seçkilərin bir yerdəmi yoxsa müxtəlif yerlərdəmi icra olunacağı seçiləcək duma heyətinin kəmiyyətini bir o qədər dəgişdirə bilməz. Komiteyi-icrai təsir edəcək xüsusin təğyir və təbdili isə yalnız Bakı dumasının arzusu və yalnız onun istəməsi ilə həll olunacaq bir şey degilsə də dumanın bu xüsusda vaqe olacaq bir təşəbbüs və arzusu şübhəsiz ki, maddi olmasa da mənəvi bir faidə verə bilərdi. Məqsədimiz şəhər dumaları üsuli-intixabının ümumiləşdirilməsidir. Duma qlasnıları heyətinin kəmiyyətcə dəgişməsi arzu olunarsa imdiki yüksək ləyaqəti-maliyyə üzərinə qurulmuş olan intixab üsuli fəsx olunub, yerinə daha elmi (demokratik) bir üsul tətbiq olunmalıdır ki, bu da şübhəsiz ali hökumət müəssisələri və nəşri-qəvamin yolu ilə hasil ola biləcəkdir.
Rusiya demokratiyası hər bir şeyi müdhiş müharibəyə sərf edən və vətəni müdafiə üçün hal-hazırda hər istədigindən sərf-nəzər edərkən ürəgində yalnız bir amal bəsliyor ki, bu da müharibədən sonra Rusiyanın demokratik üsullar üzrə idarə olunacağı ümidindən ibarətdir. İştə, vətən üçün yaralanan sinələrdə bəslənilən bu ümidlərə ehtiram oluyorsa, o vəqt Rusiya bələdiyyələrinin intixab cəhətindən vaqe olan bu üsulsuzluqları da təshih olunmuş olur.
Şəhər idarəsi məruzəsinin həll etmək istədigi ikinci mühüm cəhət isə əhalinin hüsni-münasibəti üzərinə pək çox ehtirami – təsir edən hüquqi bir məsələdir.
Bələdiyyə qərardadlarında ruslaşdırmaq politikasının ən fəna ən təhqiramiz əlamətini təşkil edən bir maddə vardır. – 44-cü maddə.
Bu maddə mövcibincə “duma qlasnılarından xristian olmayanların miqdarı beşdən bir dərəcəsindən artıq olmamalıdır. Fəqət Qafqasiya şəhər dumalarında isə qeyri xristianlar bütün qlasnı heyətinin yarısından ziyadə olmıyacaqdır”.
İştə, göriyorsınız ki, bu maddə Rusiya xəlqini “cins” və “nacins” olaraq iki hissəyə bölüyor. Xristianlara “cins” bir növdən kibi ayrıca bir üstünlük bəxş olunuyor. Qeyrilərdə qeyri xristianların (müsəlman və yəhudi) ədədi bütün qlasnı heyətinin beşdə birindən bu qədri olmamaq qanun ikən Qafqasiya şəhərlərinin əksəriyyətinə qeyri-xristian (yəni müsəlman) əhalinin çoxluğunu nəzərə alaraq moqənnən bir az insafa gəlir kibi olmuş və buralara məxsus olmaq üzrə bir az şəfqət olaraq qeyri-xristian qlasnıların qlasnı heyətinin təsfi qədər seçilə biləcəklərini caiz görmüşdür.
Böylə bir ədalətsizligin nəticəsi olaraq Bakı kibi bir müsəlman şəhərində sənələrdən bəri duma heyəti xristian əksəriyyəti əlində olduğu kibi, Quba, Şəki, Şirvan və sair bir çox qitələr dəxi növ dumun qəzəbinə gəlmişlərdir.
Fəqət son sənələrin vücudə gətirdigi bəzi tərəqqi və təbəddülat bu bariz ədalətsizligi dəxi bir az ixlal etmiş kibi oldu. Gəncə və Bakı kibi əksəriyyəti müsəlman xəlqindən olan şəhərlər üçün canişin tərəfindən müstəsna bir surətdə 44-cü maddənin qərar verdigi hədd götürülmüş oldu. Gəncə müsəlmanları vaqe olan bu istisnadan kəmalınca istifadə etdilər. Bakı kibi böyük və münəvvər olması icab edə bir mərkəzin müvəffəq ola bilmədigi seçgilər əldə etdilər. Bu gün Gəncə şəhər idarəsi ilə şəhər duması ədalət və insafında rəva gördügü bir halda olub, Gəncə duması, şəhər əhalisinin ədəd və etibari ilə mütənasib qlasnı və idarə heyətinə malik bulunuyor.
Halbuki, Bakı vaqe olan istinadan istifadə edə bilmədi. Müsəlman qlasnıları artımına girən şəxsi-qərəz və uyğunsuzluqlar bələdiyyə seçkilərini gülünc bir hala qoydu və nəhayət isə məlum və məşhur olduğu üzrə 44-cü maddənin canişin tərəfdən təkrarən təzyiqə müncər oldu.
Şübhəsiz ki, bakılı müsəlman qlasnıları tənbih etmək üçün canişin həzrətlərinin vaqe olan bu əks qərarının bir nöqteyi-nəzərdən caiz görər bulur. Fəqət böyük bir xəlqi mühüm və müqəddəs bir haqdan amədəyə məhrum buraxmaq üçün əlbəttə ki, dörd sənə bundan müqəddəm mütaqibəyə Bakıda vaqe olmuş o nüfusuz bir xətayi dəlil tutmaq olmaz. Çünki bu ədalətə də, hökumət dairəyə də müvafiq degildir.
Hökumətimiz vaqe olan bəyannamə və elanları ilə özünün kiçik millətlərin həqqi-həyat və bəqası üçün müharibə etdigini söylüyor. Əlbəttə ki, öylə böyük bir qəlb və ali bir hisslə hərəkət etməkdə olan bir qüvvət xaricindəki məzlum millətləri qurtarmaq istərkən, daxilindəki ədalətsizliklərə də barmaq arasından baxamaz.
Şübhəsiz ki, hali-hərbdə olan bir dövlət üçün bir çox müğləq və hali müşkül xüsuslardan ibarət olan daxili məsələlərlə ciddi və qəti surətdə məşğul olmaq fürsəti olamaz və böylə bir zamanda kəndisindən bu yolda bir takım tələblərdə bulunmaq da artıq olar.
Fəqət 44-cü maddənin Bakı həqqində tətbiq olunmaması kibi cüzi bir tələbdə bulunmaq məsələsinin əvvəlcə də mövcud olan nəzirəyə görə idari bir surətdə həll olunmasını canişin həzrətlərindən istəməkdə əlbəttə ki, öylə bir məhzur yoxdur.
Zatən bunu nəzərə almış olmalıdır ki, əgər şəhər idarəsi dəxi bu məsələni araya salmışdır.
Şəhər idarəsi bu məsələni şübhəsiz ki, qaldırmalıdır. Bu əsnada məzkur məsələnin qaldırılıb da maddeyi-məzkurun tətbiq olunmaması surətilə həll olunması yalnız şəhər işləri nöqteyi-nəzərindən deyil, ümumi Qafqasiya siyasəti nöqteyi-nəzərindən də mühümdür.
Rusiyalılar bilafərq millət və məzhəb müdafieyi-vətən əmrində bulunmuşlardır. Bu ittihadı xələldar edib də araya münafirət sala bilən hər cəhəti haman ittihadi-ənasir xatirinə bir an əvvəl kəsib atmalıdır. Bu nöqteyi-nəzərdən əhalidən bir qismini milliyyəti və dini səbəbinə digərinə mürəccəh tutmaqdan daha fəna, daha müzürr bir şey olamaz. Şübhəsiz ki, bunu bizimlə bərabər tərəqqipərvər və demokratik düşünən bütün xristian vətəndaşlarımız da təsdiq edərlər.
Ümid edəlim ki, dumadakı xristian qlasnılar rus maarifpərvərlərinin tərəqqipərvər və demokratik düşünür qismindən olub da şəhər idarəsi ətrafında verilən məruzənin bu cəhətini Qafqasiya millətlərini biri-birinə uzaqlaşdıracaq bir yolda degil, qeyri-xristianlar nöqteyi-nəzərindən müsbət bir surətdə həll etməkdə müsəlman yoldaşları ilə həmrəy olarlar.
Xristian qlasnıların bu surətlə vaqe olacaq rəftarlarının əhalimizin hüsni-münasibəti üzərinə faydalı bir təsir icra edəcəginə heç bir şübhə edilməz.
Fəqət bu xüsusda ən böyük məsuliyyət yenə müsəlman qlasnılara aid olduğunu bizimkilər unutmasınlar. Bilsinlər ki, onların kiçik məqsəd və niyyətlər ardında olub da öz aralarında uyuşa bilməmələri böyük bir cəmaətin ən böyük mənfəətlərini bərbad edib ən müqəddəs hisslərini təhqir etdiriyor.
M.Ə.Rəsulzadə
“İqbal”, 13 aprel 1915, №911
 
Əali – əlalar, yaxşılar
Ədna – çox rəzil, çox alçaq
Moqənnən – qanunvericilik
 
İran əhvalından bir az

İran üçün keçirməkdə olduğu imdiki zaman olduqca mühüm bir zamandır. İran bütün məhrumiyyətlərinə və bütün səfalətlərinə rəğmən istəmək və iş görmək həvəsinə sahib olar və yaxud, bu xislətdə bir neçə fədakar oğullara malik bulunursa, şübhəsiz ki, ümumi Avropa müharibəsindən hasil olan şəraitdən istifadə ilə kökündən titrəmiş istiqlalını təhkim edə bilər.
Böylə bir məqsədi əldə edə bilmək üçün İran istiqlalının təmininə xidmət edər həqiqi bir politika aparmalıdır. Şübhəsiz ki, böylə bir politika dəxi macəraçuluqlardan mübərra bitərəflik politikasından ibarət olur idi.
Türkiyə ilə Rusiya münasibəti açıq müharibəyə müncər olandan bəri İran hökumətinin bitərəflik elan edib, həqiqətən də öz daxili işlərini islahə məşğul olmaq istədigi görülməkdədir. Fəqət bu istəməklə bərabər İran bütün aləmi sarsıtmaqda olan vaqeələrin təsirindən də tamamilə kənarda qalamıyor. Nasıl da qala bilər ki, vüquat yalnız hüdudlarında vaqe olmaqla qalmayıb İran qələmrovi daxilinə belə sirayət etməkdə və bitərəf İran topraqları iki düşmən üçün qanlı meydanlar təşkil etməkdədir.
 İran hökuməti şahın təxtə çülusundan sonra daxilən nüfuzunu artırmaq üçün üçüncü dəfə olaraq məclisi-millinin dəvətinə lüzum gördü. Əvvəlki məclislərə təhtitlə naqis bir surətdə olsa da, məclisi inşad etdi. İki əvvəlinci məclislərin keçirmiş olduqları təcrübə üçüncü məclis üçün böyük bir dərs təşkil etməli idi. Məclis sarsılmaz və möhkəm-cəmaət nümayəndələrinin etimad və etibarlarına malik – dövlət heyəti vücudə gətirib də işlərin islah və icrasını ondan istəməli idi.
Əvvəl nəzərdə deyəsən ki, bu məclis öylə də yaşamaq istədi. Vətənpərəstligi, namusi-siyasiyyə və şəxsiyyəsi ilə məşhur olub da İranın ən alim olmasa da, ən şərəfli və namuslu bir ricalından tanınmaqla da məruf olan Müstövfi Əlməmaliki iş başına gətirtdi. Avropa müharibəsində bitərəf qalmaq şərtilə İranın istiqlali-daxiliyyəsi ilə hakimiyyəti- milliyyəsinin təminini məzkur heyət öhdəsinə buraxdı.
Müstövfi Əlməmalik İran siyasi cərəyanlarından ingilis qəzetələrinin təsbirinə görə “ifrad millətpərvər” məsləkinə mail ricaldan ədd olunduğu üçün təbiətilə ingilis-rus etilafını xoşlamıyanlardan olduğu məlum idi. İranda mövcud siyasi nəzəriyyələr miyanında hər nə surətlə olursa-olsun, “Firdovsi vətəninin “Şahnamə”də təsvir olunan müstəqil və müqtədir bir hal ilə yaşaması” üçün rus-ingilis məntəqeyi-nüfuzu ədd olunan tordən (ayədən) xilas olmasını tələb edən bir nəzəriyyə İran demokrat sinfi arasında olduqca böyük bir nüfuza malikdir. İran demokratları İran şəraiti daxilində hər cəhətcə bərbad məmləkətin vəqtinə bilnəsibə aməd bir təşkilatını vücudə gətirmişlərdi. İkinci məclis zamanı demokratlar məclisin açılışını təşkil etdikləri halda, malik olduqları intizam və təşkilat sayəsində ümuri-məmləkətə təsirsiz degillər idi. Bir aralıq demokrat Hüseynquluxan Nuqabın da xariciyyə naziri sifətilə iştirakı ilə yenə Müstovfi Əlməmalikin rəyasəti altında bir İran kabinəsi təşkil olunmuşdu ki, buna hətta “demokrat kabinəsi” diyorlardı. Bunları zikr etməkdə məqsəd Müstovfi Əlməmalikin İran siyasi məsləklərindən nə tərəfə mail olduğunu bir dərəcəyədək təyin etmək və bu məsləkin İranın bir rəhmayətkarları ədd olunan rus və ingilis hökumətləri nəzərində nə kibi bir tələqqiyə uğraya biləcəgi həqqində bir fikir hasil etdirməkdir.
İştə, Müstovfi Əlməmalik kibi rus-ingilis mənatiq nüfuzuna xoş nəzərlə baqmayan bir şəxsin İran sərkarində bulunması (məzkur dövlətin elan etdigi bütün bitərəfliklərinə rəğmən) London ilə Petroqradı əndişəyə salıyordu. Bittəbii özlərini bu əndişədən xavatircəm bulundurmaq üçün İranda böyük və qüvvətli siyasi və iqtisadi təşkilatə malik bulunan etilaf dövlətləri lazım olan tədbirlər inqazından aciz bulunmazlar idi. Bulunmadılar da.
Türklərin Təbrizə daxil olub da təkrar oradan çıxmaq məcburiyyətində qalmaları və Qafqasiya hüdudundan Sarıqamış vaqeələrinin zühuri və nəhayət Dardanel boğazının bombardmanı İran məclisi ilə “ifrat millətçilərə” də təsir etmiş oldu. Bu sırada indiki Müstovfi Əlməmalik də istefa etdi.
Müstovfi Əlməmalikin istefasından bərlisan təəssüf bəhs edən İran qəzetələri müşarileyhin İran istiqlalını təhkim üçün icra etmiş olduğu xidmətlərini sayarkən Azərbaycandan Şücaüddovlə Səməd xanın əzlini, vəliəhdin Təbrizə göndərilməsini, belçikalı maliyyə məmurlarının amerikalılardan qalma fövqəladə ixtiyarlarının təslimini və candarma təşkilatının fəaliyyətini və məclisi-milliyyənin iftitahını, kəndisinin parlaq müvəffəqiyyətlərindən ədd ediyor və onun yerini tutan Müşirəldövlədən dəxi o yolda hərəkət eləməsini tələb ediyorlar idi.
Müşirəldövlə cənabları dəxi bitərəflik elani ilə işə daxil oldu. Başqa dürlü də olamazdı. Fəqət Müşirəldövlənin aparacağı bitərəfliklə Müstovfi Əlməmalikin gözlədigi bitərəflik arasında böyük fərq bulanlar mövcud idi. Məntiq də böylə bir fərqin olmasını icab etməz degildir. Birisi gəlib, digəri gedirsə, şübhəsiz ki, gələn ilə gedən arasında bir fərq olmalıdır. Bu fərqi təyin etmək istərkən bəziləri Müşirəldövlənin Moskva darülfünunda təhsil etigini bir çox zaman Rusiyaya siyasi xidmətlərdə bulunduğunu və oranın xəddi-zatində etedalpərvər bir zat olduğunu nəzərə alaraq bu dəfəki, hökumətin etilaf hökumətləri belə razı burakacaq bitərəflik təmiminə çalışacağını təxmin ediyorlardı. Halbuki, “N.V.” kibi qəzetələr bu kabinetin təşkilindən sonra dəxi İran haqqında vaqe olan nəşriyyatlarından vaz keçmədilər və “Şir və Xurşid” məmləkətinin bitərəfligini həqiqi bir surətdə təmin etmək üçün Tehrandaki Türkiyə – alman – Avstriya səfarət heyətlərinin tərd və təbyidini tələbdə israr edib durdular. Digər tərəfdən də İran hökuməti ölkədən bir az məəttəl təriqlə olsa da, öz siyasətini aparmaqda davam etdi. Bitərəfligi saxlamaqda etilaf dövlətlərindən müavinət istəyərək bu müavinətin məzkur dövlətlərin qoşunlarını İrandan çıxarmaq surətilə faidəbəxş olacağını izhardan çəkinmədi.
Etilaf əleyhinə görünən bu kibi hərəkətləri ilə bərabər Tehran hökuməti digər tərəfdən Türkiyə dövlətinin bəzi təərrüzlərinə düçar oldu.
Qəsri-Şirin, Girmanşah kibi İranın (bitərəf məntəqəsində mövcud olub da rus və ingilis əsakiri nizamiyyəsindən xali olan yerlərə Osmanlı nizamiləri keçdilər. Hər nə qədər Bağdad valisinin İran personalına vaqe olan mübasasətə nəzərən bu hal Hüseyn Rauf bəgin özbaşına icra etmiş olduğu “mövsif bir vaqeə” isə də yenə İran əhval və siyasəti üzərinə təsirsiz qalamaz, hətta qalmamışdır belə.
Dün varid olan teleqraflardan anlaşıldığına görə Müşirəldövlə kabinəsi Girmanşah vaqeəsi haqqında lazım gələn tədbirləri görməkdən aciz qaldığından istefa vermişdir.
Etedalpərvər Müşirəldövlənin kabinəsinin bu surətlə istefası ilə bərabər Tehrandan digər bəzi xəbərlər dəxi alınmışdır. Varid olan bir xəbərdə deyilir ki, Tehranda əlavə seçkilər təmin olunaraq məclisə 5 nəfər məbus intixab olunmuş və bu dəfə ki, intixablarda demokratlar qazanmışlardır. Demokratlara Türkiyə və alman tərəfdarlıqları deyə bitərəf ayrıca bir izah da dəxi olunur.
Demokratlara bəlkə bir əməli-nəzərdən Türkiyə və alman tərəfdarı demək doğru olur. Fəqət həddi-zatında onlar hər şeydən əvvəl İran tərəfdarıdırlar və bu tərəfdarlığı da etilaf dövlətləri əleyhinə olmaqla bərabər diyorlar ki, nəticə etibarilə teleqrafın izahı doğru çıxıyor.
Bu iki vaqeəni yeni demokratların Tehran intixablarında qazanmaları ilə Türklərin Girmanşah tərəflərindəki təərüzlərini yanbayan qoyub da bir az düşündükdə Müşirəldövlə kabinəsinin mütləq gərək daxili və gərək xarici nüfuzlar nəticəsində süqut etdiginə inanmaq lazım gəlir.
Demokratlarla İran üləmasının türk tərəfdarlığı həqqində rusca qəzetələrdə məbzulən görünən xəbərlər doğru isə, o halda gözləmək olar ki, hökumət başına təkrar Müstövfi Əlməmalik və yaxud o məsləkdə birisi gələcək, yəni İran bitərəfligi etilaf nöqteyi-nəzərindən bir az əndişəli bir hal ala biləcəkdir.
Fəqət böylə bir siyasətin icrası üçün İran təşkilati-siyasiyyə və nizamiyyəsi bəslik edərmi?
Əlbəttə yox!
İş bu halda ikən İrana qalan yeganə bir təsəlliyat var ki, o da həqiqi bir bitərəflikdən ibarət olub mütləq İranın siyasi və iqtisadi ittihadi-istiqlalını təmin üçün bir an qəflət etməyərək çalışmaqdan və bunun üçün dəxi bütün milli qüvvətləri səfərbər hala qoymaqdan və mövcud olan bilcümlə milli təşkilati-təbiiyyə və siyasiyyəyi birləşdirməkdən və bir daha kabinə böhranlarına meydan verməməklə bütün tam mənası ilə həqiqi bir bitərəflik saxlamaqdan ibarətdir...
M.Ə.Rəsulzadə
“İqbal”, 14 aprel 1915, №912
 
 
Tərd – qovma, uzaqlaşdırma    
Müşir – müşavir, məsləhətçi     
Təbzulən – bolluca
Təbid – sürgün etmə
 
Yenə darülmüəllimin həqqində

Bakıda açılacaq darülmüəllimin məsələsi keçən bir məqaləmizdə əsasən alqışlanmış və bu məsələnin bir an əvvəl vücudə gətirilməsini təşviq etmişdik.
İmdi bu ürfan məsələsinin nə kibi bir ehtiyacı dəf üçün hazır olunması və nə kibi bir proqrama malik bulunması lazım olacağı cəhətindən bir az bəhs etmək istəyiriz.
Bakı şəhər duması təhtində vaqe məkatib şöbəsi rəisi İonesyanın Tiflisə gedib Qafqasiya məarif müdiriyyəti-ümumiyyəsi ilə görüşdükdən sonra hasil olan məlumatından anlaşıldı ki, açılacaq darülmüəllimin əvvəlcə qəzetələrə düşdügü kibi yalnız rus-müsəlman məktəbləri üçün degil, rus-müsəlman və rus-erməni məktəbləri üçün müəllimlər hazırlamaq vəzifəsi ilə mükəlləf olacaqdır. Demək ki, Bakı darülmüəllimini müsəlman və erməni şöbələrinə malik bulunacaqdır.
Məsələnin böylə bir şəkil alması, əlbəttə ki, zati-məsələni dəyişdirəcək bir mahiyyət alamaz. Müsəlmanlara məxsus bir darülmüəllimin yoxsa da, hər halda müsəlmanlar üçün müəllimlər hazırlayacaq bir darülmüəllimin vücudə gəliyor deməkdir. Doğrudur ki, rus-müsəlman məktəblərinin müəllimə olan ehtiyaclarını münhəsirən müsəlman müəllimləri hazır edən darülmüəllimin dəxi dəf edə bilməzdi. Təsis olunacaq darülmüəllimin şərikli olursa, bittəbii ehtiyacın çox az bir hissəsinə çarə edilmiş olub, deməkdir.
Fəqət külli-çarəni tələb edərkən cüzi əlacdan imtina etmək dəxi mətlub olmasa gərək. Burası hər halda məarif komisyonu və şəhər idarəsinin həll edəcəgi bir məsələdir ki, bu xüsusda daha nə kibi qəti bir qərarə gəldikləri bizcə bəlli degildir.
Bu məqaləmizdə biz məsələnin üzünü degil, digər bir lövhəsini mütaliə etmək istiyoruz.
Bakı darülmüəlliminin idari və mali cəhətindən ümdə bir cəhəti vardır ki, o da məzkur məktəbin proqram və hədəfidir.
Bu məktəb milli məktəblər üçün müəllimlər, mürəbbilər yetişdirəcək. Surəti-zahirdə Qori darülmüəllimini ilə İrəvan darülmüəlliminləri də bu məqsəd və bu hədəflə təsis olunmuşlardır.
Fəqət bu ilki darülmüəlliminin fariqül-təhsilləri olan seminaristləri tədqiq etsəniz, milli bir məktəbin mürəbbisi olmaq məziyyətindən nə qədər uzaqdırlar. Seminaristlər miyanında həqiqi millət müəllimi olaraq yalnız o kəslər zühur ediyor ki, darülmüəlliminə girərkən türkcədən az-çox biligi olub və müsəlman həyat və məarifi ilə bir az da olsa, aşinalığı olmuş, yoxsa seminariya qurtaran əfəndilər ana dilindən və türkcə üsul və qəvaidindən olduqca piyada və aciz olaraq müəllimlik diplomu alıyorlar və bittəbii öhdələrinə məhvəl olunan vəzifəni biarzui-ümumiyə uyğun bir surətdə yola verə bilmiyorlar. Seminaristlərdən olunan şikayət və mövcud seminariyalara qarşı ibraz olunan ədəmi-məmnuniyyət zatən bir məsələdir.
Rus-müsəlman məktəbləri müsəlman cəmaəti arasında ibtidai məlumat nəşr etmək üçün təsis olunmuş bir növ xəlq məktəbləridir. Burası xəlqə iki növ məlumat və iki növ tərbiyə vermək məcburiyyətindədir:
1) Dövlət dilinin təlimi və 2) vətəndaşlıq hissinin tərbiyəsi və milli dilin tədrisi ilə milliyyət və din sevgisinin təlqini.
Rus-müsəlman məktəbləri mümkün olduğu bir hüdud daxilində öz şagirdlərini qövmiyyət və milliyyətini, dilini və dinini sevər, eyni zamanda da təbəə olduğu dövlətə qarşı yabançı bulunmaz adamlar hazırlamalıdır. Yaxud bu fikir və tərbiyələri təhsilə yarar məvad yaratmalıdır. Digər bir təbirlə müsəlmanlara məxsus olan ibtidai məktəblər mədəni bir həyatın sefayəsini təşkil edən milliyyət, dəyanət və məişət əsaslarını möhkəmləndirən tərbiyə və təlimlərə müqtədir olmalıdırlar.
Böylə bir məktəb vücudə gəlmək üçün müəllimin yalnız üsuli-cədidə aşina olması kafi degildir. Burada üsuli-təlim ilə bərabər müəllim şagirdlərinin dili ilə dininə də kəmalincə aşina olmalı və bu iki amilin (yəni dil ilə dinin) keçirmiş olduğu tarix və ənənatı da olduğu kibi bilməlidir. Yoxsa öz millətinin ehtiyacati-diniyyəsindən bixəbər və öz dilinin, əvamnasın ədəbiyyəsindən qafil bir müəllimin nə özündə həyəcanlı bir hissi-milli olur, nə də öylə həyəcansız bir müəllim kəndi şagirdlərinə arzu olunur milli bir tərbiyə bəxş edə bilir.
Bizə deyə bilərlər ki, istədiginiz müəllimləri hökumət tərəfindən təsis olunan darülmüəllimlərdən ala bilməzsiniz. Bu xüsusda milli bir darülmüəlliminə ehtiyacat vardır. Böylə bir etirazda heç şübhəsiz ki, bir çox hisseyi-həqiqət vardır. Məəmafihə bir az səy olarsa, mümkündür ki, açılacaq Bakı darülmüəllimini də bu arzu olunur bir halə qoymaq mümkün olmasa da, mətlubinə yaxın bir halda bulundurmaq olsun. Bundan ötrü lazımdır ki, məzkur darülmüəlliminin milli tədrisatına ziyadəcə əhəmiyyət verilib orada keçiləcək tədris həqiqətən də hədəfə isabət edəcək bir halda olsun. Məsələn, bənə öylə gəliyor ki, bu darülmüəllimini qurtaracaq əfəndilər türkcə üsul və qəvaidini, türk ədəbiyyatının tarixini, türk və müsəlman tarixinin ədvari-mühümməsini seminariyada ögrənərək çıxmalı və şəriyətdən əsaslı məlumat almalıdırlar.
Böylə bir məqsədi əldə etmək üçün də yalnız gözəl proqramlar tərtib edib də qalmaqla olmaz. Bu gözəl proqramı tətbiq edəcək ustadlarda lazımdır ki, açılacaq darülmüəllimində bulunsunlar. Demək ki, darülmüəlliminin proqramına fövqəladə əhəmiyyət verildigi kibi idarə və müəllimləri heyətinə də bir o qədər, bəlkə də daha ziyadə əhəmiyyət verilməlidir.
Yuxarıda məmul görülən proqramı tədris etmək üçün layiqli adamlarımız bulunduğu kibi, o proqramın tədrisinə lazım olan vəsaiti də bulundurmaq imkan xaricində degildir. Yetişir ki, bu hissəyi-səddə bir istək olsun və yetişər ki, bu istəgi iqbal edib də təşviq etsinlər və müqabilinə maneələr və əngəllər çıxarmasınlar.
Ancaq səmimi bir arzu ilə təsis olunub da milli məktəblərin həqiqi və təbii ehtiyaclarını təmin üçün hazırlanmış bir darülmüəllimindir ki, Qafqasiya ibtidai məarifini aksamaqdan xilas edər, yoxsa Bakı darülmüəllimini də Qori və İrəvan seminariyaları kibi olarsa, bundan hasil olan faidə gözləndigi qədər olmaz və “su yenə körpüdən o tərəfdə qalar”.
M.Ə.Rəsulzadə
“İqbal”, 15 aprel 1915, №913
 
Sefayə – üçayaqlı
Ədvar – dövrlər
(Ardı var)

Şirməmməd Hüseynov
 



Bu yazı ( 367 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar