12px14px16px18px

Məhəmməd Əmin Rəsulzadə

Şirməmməd Hüseynov
05:04 / 19.11.2011
 
 
Əsərləri Üçüncü cild (1915-1916)
Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
 
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
 
(Əvvəli ötən şənbə saylarımızda)
 
  
Dəlil və sübut arxasında
 
Tiflisdə nəşr olunan “Kavkazskoye slovo” mühərrirlərindən “T.Q.” müctəhiddəki xəstəxanəyə “gedib” də oradakı türk əsirlərinin hallarını görüb yazmışdı: “Əsirlər gözəl keçiniyor, evlərindəkindən daha rahət yaşıyorlarmış”.
Məzkur xəstəxanədəki türk əsirlərinin hallarından razı olduqlarını Tiflis müxabirimiz də təsdiq ediyor. Vəliəlümum imdiki halda xəstəxanələrdəki əsirlər fəna keçinmiyorlar.
Bu xəstəxanədəki türk əsirlərinin halını yazmaq, əlbəttə, öylə dedi-qoduya, nəfi və isbatə dəgər bir məsələ degildir. Fəqət yuxarıda zikri keçən müsyo, oxucularımıza məlumdur ki, məsələyə başqa bir rəng vermişdi. Müctəhiddəki xəstəxanənin təsvirini türk qəzetələrinin nəşriyyatını “təkzib” üçün dərc etmişdi. Bu da müqəddiməsində söylədigi səbətkaranə bir cümləsindən aşkar oluyordu.
Bu müqəddiməsində “T.Q.” hərfləri pərdəsinə bürünən müsyo diyordi ki, “Bakıda çıxan türk qəzetələrində gün yoxdur ki, türk əsirlərinin bizdəki məşəqqətli, qeyri-qabil təhəmmül hallarından şikayət edilməsin”.
Məsələ vazehdir. Məayət bütün mənası ilə movcuddur. Türk qəzetələri yazıyorlarmış ki, Rusiyada türk əsirlərini bilxassə incidiyorlar. Onlara yaxşı baxmıyorlarmış. Bunu da müntəzəm və daima hər günki nəşriyyatlar ilə icra ediyorlarmış. İştə, türk qəzetələrinin guya vaqe olan bir “qərəzkaranə” nəşriyyatı müsyo mühərriri həqiqəti-halı bilməgə vadar eləmiş. Nəticədə işin türk qəzetələri yazdığından başqa bir şəkildə olduğu anlaşılmışdır.
Başqa bir vəqt olsaydı, əlbəttə ki, bu kibi qərəzkaranə yazılara çox da əhəmiyyət verilməzdi. Fəqət imdiki zaman əql və təsəvvürün degil, hiss və həyəcanın hökm elədigi bir zamandır. Ona görə başqa vəqtlərdə zərərsiz ədd olunan hər hankı yolsuz bir vəqtə belə, bu kibi zamanlarda ümidedilməz zərərlər verə bilər. Rus əfkari-ümumiyyəsini təftiş edərkən mühərririn məqsədi də bu olsa gərək.
İştə, buna görə də müsyo “T.Q.”- ni vaqe olan isnadı gərək türkcə qəzetələrin və gərək bəzi rus qəzetələrinin etiraz və təkziblərini mücib oldu.
Mühərririn türkcə qəzetlər haqqında dediklərinə istinad ediyoruz. Çünki iddia elədigi “nəşriyyati-yövmiyə” qətiyyən türkcə qəzetələrində görülməmişdir. Fəqət, bu kərə Tiflisdə nəşr olunan “Zakavkazskaya reç” qəzetəsi tərəfindən sıxışdırılan “Kafkazskoye slovo” mənbəyi göstərmək məcburiyyətində qalmış və nə qədər tühəf ki, göstərdigi mənbə münhəsirən “İqbal”dan ibarət olmuşdur.
“İqbal” 866-cı nömrəsində yazmış imiş ki: “Bəzi qəzetələr türk əsirlərinin nə kibi çətin şərait daxilində bulunduqlarını göstərən bəzi məlumat dərc etdilər”, və “Bakı müsəlmanlarından bir komitə hökumətə müraciətlə istəmiş ki, öz xərcilə türk əsirlərindən ötrü xəstəxanələr təsis edilsin. Məəttəəssüf bu komitəyə cavabi-rədd verilmişdir”.
Bu iki “açıq və aşkar surətdə yazılan fəqərədən əlavə “İqbal”da Kazan qəzetələrindən “Quyaş” və “Yulduz”, Orenburq qəzetəsi “Vəqt” və Krım qəzetəsi “Tərcüman”dan nəqlən 865, 870 və 876-cı nömrələrdə bir çox əsli və mütərcim fəqərələr və məqalələr (?) dərc edilmişdir ki, həpsi “türk əsirlərinin nə kibi çəkilməz şərait təhtində olduqlarını təsvir etməkdə” imiş.
Əvvəla, 866-cı nömrəli “İqbal”da “Qara ilə ağ üzərində” degil “sətirlər arasında olsun belə türk əsirləri haqqında bir kəlmə də yazılmamışdır. Ö.F.Əfəndi “T.Q.” müsyonun müctəhiddəki xəstəxanədə bulunan tabur imamı Lütfüllah və zabit Süheyle bəy əfəndilərlə görüşmədigini zahirə çıxartdığı kibi, yazmış olduğu izahnaməsində dəxi əsla 866-cı nömrəli “İqbal” oxumamış olduğunu dəxi müsyö özü meydana qoyur.
Zatən yalnız 866-cı nömrə degil, göstərilən digər nömrələrdə də mühərririn müddəasını, bəzi “türk əsirlərinin çəkilməz şərait təhtində yaşadıqlarını və ondan şikayəti” isbat edəcək bir sətir belə yoxdur.
“İqbal” 865-ci nömrəsini də (eynən) alıyoruz “türk əsirlərinin həqqində qəzetələrdə bəzi məlumat dərc edilmişdir. Dərc olunan bu məlumatdan əsirlərin halı nə kibi fəna bir yolda olduğu anlaşılıyor idi” – dedikdə məqsədi türkcə qəzetələr degil, haman rusca qəzetələr bilxassə, Tiflis qəzetələri idi. “Fəna hal” dəxi xəstəxanələrdə degil, səhneyi-hərbdən alınıb da bu xəstəxanələrə gətirildikləri zaman vaqe oluyor ki, bu xüsusda “əsirlərin günlərlə ac qalmış olduqlarının, xəstəliklərdən son dərəcə zəhmət çəkdiklərini, paltarsızlıqdan tir-tir titrədiklərini “Kafkazskoye slovo” özü az yazmamışdır”.
İştə, Bakı müsəlman komitəsi degil, Bakı müsəlmanlarından bir cəmiyyət (qruppa, bir heyət)-in istədigi də bu idi ki, bu kibi zavallı bir gündə olan türk əsirlərinə sərih bir müavinəti-tibbiyyə və səhiyyə yetirmək üçün öz xərcinə olaraq yollarda iaşə mərkəzləri sazlasın. Böylə bir müavinətə ehtiyac olduğunu qəzetələrin (türkcə qəzetələr degil) təsviratı kibi səhiyyəyi-əskəriyyəyə mənsub hökumət məmurlarının müraciəti də göstərməkdə idi.
866-degil, 865-ci nömrədə yazılan fəqərə bu ikisindən başqa bir şey degildir.
Zatən “Kafkazskoye slovo”nun təhriflə iqtibas etmiş olduğu fəqərələr dəxi bundan artıq bir şey göstərmiyor. 870 və 876 nömrəli “İqbal”larda digər türkcə qəzetələrdən nəql olunan fəqərələrə gəlincə, onlarda yalançı mühərririn dedigi kibi türk əsirlərinin Rusiya idarəsində keçirdikləri çəkilməz şəraitdən kəza qətiyyən bəhs edilməməkdədir. Bunu oxucular alıb özləri də təhqiq edə bilərlər.
Burada ancaq filan müsəlman xanımının türk əsirləri üçün ianə topladığı, filan cəmaətin türk əsirlərinə papiros, şəkər və bu kibi məlzumat verdigi və filan mollanın türk ölənlərini kəfən və dəfn edib namazlarını qıldığı xəbər veriliyor.
Yoxsa müsyo mühərrircə türk əsirlərinə ianə etmək, onların halını sormaq, onlara əlbisə, papiros və qənd-çay götürüldügünü, ələlümum əhali tərəfindən müavinət gördüklərini söyləmək əsirlərin çəkilməz bir şərait təhtində yaşamalarını elan etməkmidir?
Əlbəttə, degil. Bunu “Kafkazskoye slovo”çılar özləri də çox əla biliyorlar. Çünki ordu üçün əhali tərəfindən vaqe olan ianələri və soldat xəstəxanələrinə xəlq tərəfindən göstərilən himayəni qeyd etdikləri zaman ordunun “çəkilməz bir şərait təhtində” yaşadıqlarını yazarkən ordunun “çəkilməz bir şəraitdə bulunduğunu” yazmış olduqları qətiyyən xəyallarına da gəlmiyor. Bir kimsənin əqlinə də gəlməz...
Qospodin “T.Q.”dən əlavə “K.S.” müdiri özü də bu məsələyə müdaxilə etmiş “müsəlman qəzetələrini müdafiə etməgə lüzum yox. Çünki türk əsirlərinin fəna halda bulunduqlarını yazmışlarsa, qəbahətli bir şey işləməmişlər. Əsir hər yerdə möhtərəmdir və insaniyyət naminə onun halına qalmaq mətbuatın vəzifəsidir. Müsəlman mətbuatı bu vəzifəsini ifa edirsə, kimsə onun başqa bir işdə ittiham etməz” misalında bir mütaliədə bulunduqdan sonra “Zaqafqazskaya reç” vasitəsilə hərflərin yalanını çıxaran “Müsülmanin” cənablarına hücumavər olub onu öz qəzetələrini oxuyacaq qədər kəmsavad olmaq və yaxud tədqiq və təhqiq istedadında olmamaqla ittiham ediyor və ədəbi nəzakətdən kənarə çıxaraq şəxsiyyətə keçmiş və bir rus mühərriri degil, faytonçu və yaxud çəkməkisinə yaraşır bir surətdə sögərək tərəf müqabilinə qəzetə çıxarınca “lülə kabab” bişirməgi tövsiyə ediyor.
Həqsiz olduğu halda bu qədər bir cəsarət göstərmək üçün insan ya sərxoş, ya da ki, cahil olmalıdır.
Pasxa münasibətilə vaqe olan “içgi azadlığı” olmasaydı, biz “K.S.” müdirinin bu cəsarətini ancaq özünün cəhalətinə, türkcə bilməyib də yalnız qurnaz mühərrin tərcüməsinə inandığına həml edərdik. İmdiki halda məsələnin ikisinə də ehtimal vermək olar.
Niş
“İqbal”, 31 mart 1915, №900
 
 
Tühəf – gülünc
Münhəsirən – yalnız
Məlzumat – zəruri olan şeylər
Həml – boynuna qoyma
 
Bakı darülmüəllimini münasibətilə
 
İmdiki məarif naziri İqnatyev mütəvəffi Kasvinin yerinə oturduğu zaman məarifi-ümumiyyəyə bir az azadca nəfəs almaq dövrü gəldigi mülahizəsində bulunanlar çox olmuşdu.
Vəzirin Avropa üsuli-tərbiyə və tərzi-idarəsi tərəfdarı bilnisbə tərəqqipərvər bir zat olub da həqiqi rus ehtiyacına rəayətkar bir idarə adamı olduğu dəxi qəzetələr tərəfindən ayrıca bəyan edildigi kibi, Kasvindən qalan bir çox xarabalıqların bu vəzir zamanında tərhim və təmil olunacağına ümidlər izhar olunmaqda idi.
Hər nə qədər tərəqqipərvər Moskva qəzetələrindən birisinin dedigi kibi İqnatyev tam “məarif bəhari” vücudə gətirəcək “bir gül” degilsə də, hər halda Kasvin bir vədinin sui-öğləqindən çıxmaq üzrə bulunduğumuza bir dəlil ola bilər.
İştə, bu sui-öğləqlərdən çıxmaq üzrə bulunduğumuzun dəlilləri bu günlərdə təşəkkül edən bir çox ürfani yığınlarla vaqe olan bəzi tədbirlərdəndir.
Hər gün qəzetələrdə məarif müdirlərinin müşavirəsi, coğrafiya müəllimlərinin ictimai, tarixşünaslar və tarix müəllimlərinin yığını və bu kibi elmi və ürfani hərəkətlərin zühura gəldigini qəzetələrdə oxuyuruz. Şübhəsiz ki, bütün bunlar hər şeyi ancaq vəzarət masasında və qayəttar bir nöqteyi-nəzərdən baxaraq hazırlayan “kasviliq”ə heç də bənzəmiyor.
Yuxarıda dedigimiz məarif müdirləri müşavirəsində (ki vəzirin öz rəyasəti altında və Petroqradda iniqad etmişdi) movqei-müzakirəyə qoyulmuş maddələr arasında qeyri-rus olan millətlərin dəxi məktəb və məarif işlərinə əhəmiyyət verilməsi və bu məktəblərdə təlim dili olaraq öz ana dillərinin qəbul edilməsi məsələsi qalxızıldığı kibi, müsəlman məktəb və mədrəsələrindəki tədrisatında zəmanə müvafiq bir surətdə islah edilib Rusiyanın digər məktəbləri kibi məlum bir nizam və qaidə altına alınması lüzumi danışılmışdı.
Bu fəqərənin mövcud olduğu bu vəqtə qədər milli məktəblər açmaq haqqında önümüzə çıxan sədləri dağıda biləcəgimiz xüsusunda şübhəsiz ki, az-çox ümid verir və bu günədək milli arzularımızı təşkil edən milli məktəblər vücudə gətirmək üçün yeni təşəbbüslərdə bulunacağımızı təhrik qılar.
Bugünki nömrəmizdə “Tərcüman” rəfiqimizdən nəql etdigimiz məqalə dəxi zatən vəzir cənablarının müsaidəkarlığına etimadən yazılmışdır. Bu xüsusda digər daxili Rusiya türk mətbuatının da kəza bəzi fəqərələr közə çarpmaqda və milli məktəb məsələyi mübrəməsi təkrar mövqei-müzakirəyə qoyulmaqdadır.
Burası vazehatdandır ki, Rusiyada yaşayan qeyri-rus, başqa təbirlə məhkum millətlərin məarif və milli ehtiyacları ancaq rus məarif idarəsinin və ələlümum idareyi-hökumətin başında az-çox tərəqqipərvər zatların bulunduqları zaman nəzəri-etibarə alınıb onlardan ötrü nəfəs çəkmək imkanı hasil oluyor.
Hər nə zaman ki, Petroqrad məhafili-aliyyəsinə imansız və mərhəmətsiz “həqiqi rus millətçiliyi” hakim və nafiz olmuş – o zaman rus ülum və məarifi ilə bərabər qeyri-rus millətlərin dili ilə, dini dəxi sıxışdırılmışdır. Rus xəlqinə vaseh bir məarif, rus elminə geniş bir hürriyyət təmin edən nəzəriyyə Petroqrada hakim olunca biləks, rus darülfünunları, rus edadiləri, rus ibtidailəri ilə bərabər, qeyri-rus milli məktəbləri də kəndilərini sıxmaqda olan məngənənin boşaldığını hiss etmişlərdir.
Kasvi rus darülfünunlarını oyuncaq və naqis bir halə gətirdigi zaman qeyri-rus məktəblərini dəxi mümkün olduğu qədər ruslaşdırmaq politikasının amili etmək istəmişdi.
İmdi isə İqnatyev Rusiya darülfünunlarının əvvəlki hürriyyətini kəndilərinə qaytarmaq və ali ünas məktəbləri olmayan yerlərdə qadınların dəxi darülfünunlara girə bilmələrini təmin etmək istərkən, qeyri-rus məktəblərin ehtiyaclarını da gözədiyor.
Rus hökumət idarəsi bilxassə məarif vəzarətinin təşəbbüsləri Həzrət Yusif zamanında Firovnun gördügü yuxuya pək bənzər. Firovn yuxusunda görmüşdü ki, olduqca bərəkətli və hasilli illərdən sonra yeddi dənə arıq öküz zühur edib bütün məhsullarını yedilər və Misirə aclıq üz verdi.
Rusiya məarif politikası da bu tərtiblədir. Bir zaman bərəkətli və kök illər olur. Məktəblərə vazeh ixtiyarlar verilib xəlq ilə məarif yekdigərinə rabit oluyor. Hər tərəfdə məktəblər və darülfünunlar açılır, sonra baxırsan ki, ac öküzlər çıxdı. Kök və bərəkətli sənələrin vücudə gətirdikləri məhsulları birər-birər yeməgə başladılar.
Hal-hazırda Rusiya məarifinə daraşan ac öküzlərin əkinəcəkdən dəf olunduqları sezilməkdədir.
Bunu bizim Bakı da hiss edər bir halə gəldi. Dünki nüsxəmizdə oxunduğuna görə vəzir Bakıda məhzən rus-müsəlman məktəbləri üçün müəllimlər hazırlamaq üçün bir darülmüəllimin təsisinə icazə vermişdir.
Bakıda darülmüəllimin, həm də müsəlman məktəbləri üçün müəllim hazırlayan bir darülmüəllimin açmaq fikri çoxdan mövcuddur. Daha 1905 və 1906-cı illərdə bu fikir araya atılıb kəmali-ciddiyyətlə müzakirə edilmiş və bu xüsusda hökumət nəzdində az təşəbbüslər olunmamışdır. Fəqət bu vəqtədək məsələnin həll edilmək səmtinə yanaşdığı yox idi. Xəlq tərəfindən rus-müsəlman məktəblərinə qarşı göstərilən tövcə və etibar gündən-günə artmaqda ikən müəllim yetişdirmək üzrə haman Qori seminariyasının müsəlman şöbəsindən başqa bir müəssisə yox idi. Məlum işdir ki, Qori və yaxud bir İrəvan darülmüəlliminlərinin vicudilə böyük Qafqasiya müsəlmanlarının müəllimə olan ehtiyacı rəf olunamazdı.
Gərək “Nəşri-məarif” cəmiyyəti və gərək sair müəssəsati-rəsmiyə və qeyri-rəsmiyyə tərəfindən şəhərlərdə və kəndlərdə açılmaqda olan ibtidai məktəblərdə dərs verməklə məşğul olan müəllimlər tədqiq olunsa, o vəqt Bakı kibi yerdə bir darülmüəllimin təsisini su ilə hava qədər lazım olduğu bila tərəddüd təsdiq olunar.
Zatən darülmüəlliminin Qafqasiya türkləri üçün su ilə hava qədər lazım olduğu Bakı türkcə qəzetələrində dəfələrlə yazılmışdır.
Qafqasiya türkləri arasında bu qədər mətlub olan məarifi-ümumiyyəni təmim etmək üçün bir degil, bir neçə darülmüəllimin təsisinin vacib olduğu şübhə götürməz bir məsələdir.
Binaənileyh məsələnin əsasən təsdiq olunmuş olduğuna sevinərik. İmdi artıq bu xüsusun qövldən-felə gəlməsinə çalışmalı, bir dəqiqə olsun bu xüsusda təxir etməməlidir. Ac öküzlərin zühurini bəkləmədən çalışmalıdır.
Qarelərimizə məlum olduğu üzrə vəzarət Bakı darülmüəlliminin vücudə gəlməsini bəzi ibtidai məsarifinin məhəlcə təmin olunmasına bağlamışdır.
Vəzarətin qoyduğu şərtlər bunlardır:
1. Darülmüəllimin üçün xüsusi bina tikilənə qədər ona müvəqqəti növbəti bir mənzil vermək.
2. Darülmüəlliminin tərtibatı – ibtidaisinin məsrəfini ödəmək.
Darülmüəlliminin kirayəsi ilə pansiyon məsarifi ilədə 10.000 manat hesab edildigi kibi, tərtibati-ibtidaisi üçün də 20.000 manat istənilmişdir.
İstənilən bu şəraitin müvafiq və yaxud kafi olub-olmadığı xüsusinə daxil olmayacağız. Fəqət bu qədər deyə bilərik ki, bu qədər arzu olunan bir müəssənin bir an əvvəl vücudə gəlməsi mənafei-vətəniyyə və milliyyə naminə mətlubdur. Bilaxirə istənilən məsarifin məhəlli mənbələrdən təmini lazım gələrsə, Bakı kibi dövlətli bir şəhərdə birdəfəlik olaraq 20.000 manatla sənəvi 10.000 manat üçün işin müəvvəq qalmasını gözləmək olmaz.
Hər halda şəhər qlasnılarının, bilxassə müsəlman qlasnılarının, öylə də məarifi-ümumiyyə ilə əlaqədar olan dairələrin müqəddəs borclarıdır ki, məsələnin qanuni və idari cəhətlərini nəzərə alaraq heç dayanmadan Bakı darülmüəlliminin açılmasını felən təminə çalışsınlar ki, bu çalışmaları ilə çoxmilyonlu Qafqasiya müsəlmanlarının məarifini axsamaqdan mühafizə edəcəklərdir.
M.Ə.Rəsulzadə
“İqbal”, 3 aprel 1915, №903
 
Mütəvəffi – ölmüş
Mübrəm – mütləq icra edilməli
Məhafil – məclis
Müəvvəq – gecikdirilmiş, təxirə salınmış iş
 
Boğazlar məsələsi
 
Tələsmişlər tərəfindən bu pasxa bayramı üçün yarılıb keçilməsi gözlənilən Dardanel bombardmanının hal-hazırda “yenə başdan olmaq üzrə” yenidən başlandığı məlumdur.
Yeni bir planla başlanıb da daha “Qəmqələ” və “Sədülbəhr” ətrafında və Sarus xəlicində patırdı çıqarmaqda olan bombardmanın nə kibi bir nəticə ilə qurtaracağı bittəbii daha məlum degildir. Fəqət yalnız bombardmanın nəticəsi degil nə kibi bir müvəffəqiyyətlə güzəran etdigini dəxi Çanaqqala “Dardanel” boğazından bir dürlü açılmayan sislərdən (duman) seçib ayırd etmək olmuyor.
Dardanel boğazı böylə top tüstüsü və sislərlə dudi-alud olduğu bir əsnada Bosfor (İstanbul) boğazı da bizim Qara dəniz flotumuzun nümayişlərinə məruz olub qalmış və bu nümayiş ilə Türkiyə bəhriyyəsinin dəxi biləks nümayiş icra etməsini mucib olmuşdur.
Gərək Çanaqqala və gərək İstanbul boğazı ətrafındakı Türkiyə istehkamatı böylə sislər və tüstülərlə örtülü bir takım əsgəri hərəkətlərə məruz və müthiş gəmilərin ağır toplarına qarşı mübarizə etməyə məcbur ikən boğazlar münasibətilə vaqe olan siyasi nəşriyyat haman öz qaidəsilə davam edib durmaqda və yalnız etilafi-müsəlləs dövlətləri degil Amerikaya varıncaya qədər bütün bitərəf dövlətlərin qəzetələrincə belə müzakirə və bəhs olunmaqdadır.
Şübhəsiz ki, boğazlar məsələsi “Şərq məsələsi” deyə məşhur və Osmanlı müqəddəratının həllindən ibarət olan məsələnin özəgini təşkil etməkdədir. Bu məsələdə bütün Avropa dövlətləri degil bütün dünya dövlətləri – bir az fərqlə – hamısı zimdəxəldirlər. Fəqət bu məsələ hər kəsdən ziyadə Rusiyanı əlaqələndirir və Rusiya məsali-siyasiyyəsi arasında baş bir rol oynuyor və oynamışdır da. Rusiyanın bu vaxta qədər türklərlə vaqe olan müharibələri hər nə qədər müxtəlif nam və ünvanlarla vaqe olmuşsa da İstanbula malik olmaq və boğazların hakimi kəsilmək daima Rusiya siyasətinin ənənatə bağlı bir siyasəti olmuşdur.
Daha böyük Petro böyük islahatına başlarkən böyüklükü ilə mütənasib mədəni bir mövqe işğal edə bilmək üçün Rusiyanın Bəhri-mühitə çıxması və aləmi-təməddünlə açıq və xətərsiz bir dəniz vasitəsilə bitişməsini lazım görmüşdü. Bunun üçün də Petroqradın təsisi ilə Rusiya dahisi Avropaya bir “pəncərə” açmaq istədi. Bunun üçün cənubə doğru aqın edib Qara dəniz sahillərini zəbt etmək fikrinə düşdü. Özündən sonra böyük Katerina dəxi onun çızdığı planlara sadiq qaldı.
Hər nə qədər Petroqrad böyük Petronun istədiyi kibi Avropaya qarşı bir “pəncərə” işini görə bilmişdisə də açıq mühitə çıxmaq üçün bir “qapı” ola bilməmişdi. Çünki Baltik dənizi ilə bu dənizi Şimal dəryasına rəbt edən rahrular Almaniya ilə sair Avropa dövlətlərinin əlində olub tam qarşıda da Rusiyanın kölgəsini qılınclayan İngiltərə duruyordu. Bundan əlavə Petroqrada səmt olan dənizlər qışın buzlandığından burası yalnız siyasətən degil, iqtisada da “qapı” olacaq bir məziyyətdə degildir. Halbuki böyük Rusiyanın tərəqqisi daimi surətdə kəndisini Bəhri-mühit ilə rəbt edən su yoluna möhtac idi. Bu böyük ehtiyacı rəf edəcək ən düz yol isə boğazlar ilə İstanbul idi. Boğazlar Rusiyanın “qapısı” idi. “İstanbul ilə boğazlara malik olan şəxs isə Rusiya qapılarının açarlarını özündə bulundurmuş oluyor”.
Rusiya mühərririni-siyasiyyəsinin təbirincə də “rus hökuməti öz evinin açarını başqa əllərdə buraxa bilməz”.
İştə, “öz evinin açarını türklər əlində buraxmamaq” üçün Rusiya Osmanlı dövləti ilə neçə kərə qavğa etdi və bu dövlətin əzəmət və şövkətini qırmaq üçün əlindən nə gəldisə əsirgəmədi. Rus ordusu az qaldı ki, İstanbula girsin. Az qaldı ki, “Novaya vremya” təbirinə görə Ayasofiyanın başına təkrar xaç takılsın. Az qaldı ki, əsrlərdən bəri xristianlıq aləmi ilə müsəlmanlıq aləmi arasında bir ixtilaf alması təşkil edən İstanbul qəti surətdə rus əzəməti-siyasiyyəsi xonçasının bir bəzəgini təşkil eləsin. Fəqət bu qədər fədakarlıqlara rəğmən yenə məqsəd əldə ediləmədi. Yenə “Rusiya qapısının açarı özgələr əlində qaldı”.
Rusiyanı müzəffərkən böylə böyük məqsədinə yetişməkdən mane olan yalnız Türkiyə degil idi. Türkiyə məmanəti qırıldığı zamanlar belə Rusiya öz məqsədinə irəməmiş idi. Rusiyayı durduran və Ayastafanusdan döndərib də Berlin konfransına aparan bu gün müttəfiqləri olmaq surətilə boğazı zorlamaqda olan dövlətlər bilxassə İngiltərə idi. İngiltərə və Fransa hökumətləri Rusiyanın Bəhri-Səfidə çıxmaq hərəkətini durdurmaq üçün yalnız konqrelərdə degil müharibə meydanlarında da Türkiyə ilə bərabər və rus ziddinə olaraq hərb etmişlər və qan tökmüşlərdir. Sevastopol müharibəsində türklərlə müttəfiqən qan axıtmış olan Fransa, ingilis əsgərlərinin qardaş qəbri İstanbulun məzarıstanlarından birini təşkil etməkdədir.
Bəhri-Səfidə çıxmaq Rusiya üçün bir ehtiyac, açıq dəryalarda özündən başqa böyük və əzəmətli bir dövləti çəkə bilməyən İngiltərə üçün isə Rusiyanın açıq dənizə çıkmaları böyük bir təhlükə təşkil edə bilərdi. İştə, bu iki mülahizə daima toqquşmaqda və bu iki toqquşma məşhur rus və ingilis rəqabətini dastanlara dastan etməkdə idi.
Qurnaz ingilislər bir aralıq bütün Avropanı dəxi ruslara qarşı özləri ilə həmrəy edə bilmiş və 73 müharibəsindəki müzəffəriyyətindən sonra Berlin konfransı vasitəsilə Avropa boğazlarının açarlarını türklərə tapşırmışdı. Demək ki, son fədakarlıq dəxi faidə verməmişdi.
Bir aralıq bu müvəffəqiyyətsizliyi görərək rus siyasiləri açıq dənizə çıxmaq üçün boğazlardan sərfi-nəzər edib Əqsayi-Şərqə atlandılar. Fəqət orada da yenə İngiltərə müttəfiqi olan Yaponiya mane oldu və o məşhur şikəstlik üz verdi. Bunun nəticəsində dəxi təkrar buraxılmış əski siyasətə əhəmiyyət verilməyə başlandı.
Bu dəfə Avropanın vəziyyəti dəyişmişdi. İngilislər nəzərində ruslardan daha müdhiş bir rəqib meydana gəliyordu – Almaniya.
Almaniya qorxusu ənənatə müsətənd rus düşmənligi siyasətini yaddan çıxartdırıyordı. İslavlıq aləmi ilə germanlıq aləmi arasında mövcud olub da gündən günə artmaqda olan ziddiyyəti-mənafe ruslar ilə almanların sui-övləqinə səbəb oluyordu. Digər tərəfdən də alman tərəqqiyati-əsgəriyyə və iqtisadiyyəsi İngiltərəni qorkutuyordu. İngiltərənin dənizlərə hakim olması üçün Almaniya böyük bir təhlükə təşkil ediyordu. Berlin konkresində rusları təklədikləri kibi bu kərə də ingilislər almanları təkləməgə başladılar, həm də müvəffəq oldular. Məşhur rus-Fransa ittifaqı və dolayısı ilə də İngiltərə-Rusiya etilafı İran və Tibet məntəqeyi-nüfuzu kibi uyuşmalar hasil oldu. Dünki düşmənlər bu gün dost kəsildilər. Nəhayət bu günki bu qorxunc müharibədə iştə Berlin konkresində ruslara qarşı müttəfiq olaraq rəy verən dövlətlər indi ruslara müttəfiqən almanlara qarşı hərb ediyorlar.
Bu hal rus imperatorları üçün Rusiya qayeyi-amalını təşkil edən İstanbul məsələsinin bu kərə rusların istədigi kibi həll olunması məsələsini bütün ənənati ilə təkrar meydana qoyur. Türkiyənin müharibəyə qarışdığı gündən etibarən bilafərq məslək bütün rus qəzetələri bir ağızdan “İstanbul ilə boğazlar rusların olmalıdır” deyə yazmağa başladılar. Hələ müttəfiq təhriyyə tərəfindən Çanaqqala boğazı bombardman edilməyə başlanınca bu məsələ bütün əsbiyyətilə təkrar başlandı. Siz bir qəzetə tapmazsınız ki, İstanbul məsələsinin rusların olmaqdan başqa məsələnin digər bir surətlə həlli yakınına yanaşsın.
Rusiyanın müttəfiqləri (Fransa və İngiltərə) müharibənin ən böyük ağırlığını dəröhdə etmiş olan Rusiya müttəfiqlərinin bəslədigi bu əmələ qarşı nə kibi bir əlaqədə bulunuyorlar əcəba?
Gərək İngiltərə və gərək Fransa qəzetələri rusların boğazlardakı istəglərini təminə bilatərəddüd razıdırlar. Fəqət bu təminin xarici şəklini təyinə gəlincə Rusiyadakı kibi orada mətin və sırsılmaz bir təsəvvürə təsadüf olunmuyor. Hətta xariciyyə nazirimiz Sazanovun İstanbul və boğazlar haqqında söylədiyi nitqi-məşhurundan belə İngiltərə xariciyyə naziri rəsmi surətdə bəhs edirkən diplomatcasına idareyi-lisan etmişdi... Diplomatca söylənilən bu nitq hətta boğazdakı bombardmanların nə yolda getdigini örtən sis qədər pərdəli bir fikir hasil etdirmişdi.
İngilis və firəng mühərririni-siyasiyyəsi miyanında rusların düşündügü kibi boğazlarla İstanbulun tamamilə ruslara verilməsi tərəfdarı olanlar varsa da məsələyə başqa bir surəti həll düşünənlər də çoxdur.
Bunlarca İstanbul ya küçük və bitərəf bir dövlətin əlində olub da ticarət üçün azad qalmalı, yaxud bütün dövlətlərin iştirakı ilə ümumi bir idarəyə malik bulunmalıdır. Xülasə öylə bir hali-vəz edilməlidir ki, kimsəyə artıq boğazlardan keçmək müşkül olmayıb və heç bir surətlə və heç bir zaman kimsənin yolu bağlana bilməsin.
Fəqət buna Rusiya əfkari-ümumiyyəsi qətiyyən yanaşmıyor. Boğazlarla İstanbul məhz rus əlinə keçməli əks halda günün birində yenə Rusiya qapısını yabançı əllərdə bulunmaq üzündən hasil olan təhlükəyə qarşı Rusiyanın heç bir təminatı yoxdur – diyorlar.
Demək ki, boğazları zorlarkən müttəfiqlər ən müşkil bir mövqedə bulunuyorlar. Həm düşmənin “can alacaq” nöqtəsinə vuruyorlar, həm də müttəfiqlərin əsəbinə toxunub kəndilərini fəzlə həyəcan verişlərə cəlb edəcək bir nöqtəyi qurcalıyorlar.
Əlbəttə, hal-hazırda məsələnin həll olunan bir cəhəti varsa o da cəhəti-əsgəriyyəsidir. Siyasi cəhətinə gəlincə o bittəbii topların atıldığı və əfkarın ğələyanda olduğu bu cidal zamanında degil müharibədən sonra qurulacaq sülh məclisində həll olunacaqdır.
Şübhəsiz ki, rus siyasiləri, rus əfkari-ümumiyyəsinin tələbi vəchilə sülh məclisinə girərkən İstanbul məsələsinə ayrıca bir əhəmiyyət verdirmək istəniləcəkdir. Və heç şübhəsiz ki, bu məsələnin həlli üzərində keçirilmiş olan müharibədəki müvəffəqiyyətlərlə bərabər müharibədən sonra hasil olan müvazineyi-siyasiyyə də icrayi-təsir edəcəkdir.
Ehtimal ki, müharibə vüquatı ilə ondan hasil olan müvazinənin təsiri təvam olur. Bu iki təsirin yek digəri ilə mübariz olmasına da az ehtimal yoxdur.
Hər halda bu bir gələcək məsələsidir.
M.Ə.Rəsulzadə
“İqbal”, 5 aprel 1915, №904 
 
Şirməmməd Hüseynov
 



Bu yazı ( 350 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar