12px14px16px18px

Yer – Göy, Zaman – Məkan

Səlahəddin Xəlilovun
11:32 / 31.03.2012
Əbu Turxanın hikmət dünyası

Yerlərə baxıram bağçalı, bağlı,
Göylərə baxıram, qapısı bağlı...

Səməd Vurğunun bu məşhur misralarında “göylər” dedikdə, əslində nə nəzərdə tutulur?
İnsan nə üçün dua edərkən üzünü yerə yox, göyə tutur? Axı, Allahı göydə axtarmaq elə yerdə axtarmaq qədər sadəlövh bir təsəvvürdür.
Lakin göyün bəlkə başqa, məcazi bir mənası da vardır? Şərq və Qərb simvolikalarına görə, göy və yerin sətiraltı mənası nədən ibarətdir? Göy sadəcə həndəsi məkan, yaxud uzaqlara bir işarədirmi, yoxsa nə isə daha dərin bir mənanı ifadə edir? Göy bəlkə elə mənəvi dünyanın ifadəsidir? Bütün elmi nailiyyətlərə baxmayaraq, hələ də bir sirr olaraq qalan, “qapısı bağlı” olan elə məhz mənəvi dünya, ruh aləmi deyilmi?
Yoxsa, doğrudanmı insanın əsas məqsədi göylərə qalxmaq, uzaq planetlərin və ulduzların sirrini öyrənməkdir? Yoxsa, uzaqlara gedən yol fırlanıb insanın özünə qayıdır?
İnsan üçün öz bədəninin quruluşunu bilmək, kainatın quruluşunu bilməkdən daha maraqlı olmalı deyilmi? Lakin insan nəyə görə çox vaxt öz bədənində gedən fiziki və bioloji proseslərə etinasızlıq göstərdiyi halda ətrafdakı hadisələrə xüsusi diqqət göstərir, onların mənasını öyrənməyə çalışır? Nəyə görə öz bədənini mənimsəmək təbiətin, kainatın mənimsənilməsindən daha maraqlı olmur?
İnsan üçün bədən sadəcə təbiətin bir hissəsi və təbiət qanunlarının daşıyıcısı olmaqla maraq kəsb edir. Bəs insan öz iç dünyasına öz bədəni vasitəsilə deyil, hansı yolla daxil olmalıdır?
Bəlkə İ.Götenin dediyi kimi, insan özünü doğrudan da ancaq dünyanı dərk etdiyi dərəcədə dərk edə bilər?
Min illərin fəlsəfi düşüncələri, nəhayət, belə bir qənaətə gətirir ki, insanın hissi dünyadan uzaqlaşaraq, öz iç aləminə çəkilməsi də, onun dünyaya yaxınlaşmaq, bu dünyanın ahəngini, qanunauyğunluqlarını daha dərindən öyrənmək təcrübəsi də – fərqli istiqamətdə gedən proseslər olsa da, əslində eyni məqsədə xidmət edir. Fikir məkanı da həndəsi məkan kimi əyilir və özündən ayrılmış insan yenidən özünə qayıdır.
İnsan dünyanı öyrəndikcə, yaşadığı hissi dünyanın dərinliklərinə nüfuz etdikcə özündən uzaqlaşmır, başqa bir yolla yenə özünə qayıdır. İnsanı özünə qaytarmalı olan yollardan biri Şərq, digəri Qərb yoludur. Bu yolların hansı daha optimaldır? İnsan özünü öyrənmək üçün bu dünyaya yaxınlışmaq, yoxsa əksinə, ondan uzaqlaşmaq dilemması ilə üzləşmir.
Artıq neçə əsrlərdir ki, insan onu əhatə edən aləm haqqında, hissi dünya haqqında məqsədyönlü şəkildə biliklər əldə edir və dünyanı öz maraq dairəsinə uyğun surətdə dəyişdirməyə çalışır. Bu Qərb təfəkkürünün “anlamadığın şeyə sahib ola bilməzsən” (İ.Göte) prinsipinə uyğun olan bir seçimdir. İ.Göte bu məqamda məhz bir qərbli kimi fikir yürüdür. Bir şərqli isə “ürəyimə yatmayan mənim deyil”, – deyərdi, anlamağı yox, duymağı, sevməyi önə çəkərdi. Şərqliyə görə, dünyanın dərki və əməli surətdə dəyişdirilməsi insan üçün kənar bir hadisədir və onu özündən uzaqlaşdırır. Özünə yaxınlaşmaq, özünü tapmaq üçün insan hər cür təcrübi və rasional biliyin təsirindən xilas olaraq ancaq qəlbinin səsini dinləməlidir.
Ömür məhdud, dünya fanidir.
İnsan zaman və məkanca məhdudluğunu aradan qaldırmaq üçün lokal mühitin təsir dairəsindən çıxmaq, sonsuzluğa, əbədiyyətə qatılmaq, onun ayrılmaz tərkib hissəsinə çevrilmək istəyir. Lakin insan ancaq çox qısa bir zaman intervalında dünyada gedən proseslərin iştirakçısı olur və bir çox hadisələrin əvvəlini və sonunu görə bilmir. Ancaq baş vermə müddəti insan ömrünə nisbətən kiçik olan hadisələr bütöv halda müşahidə oluna bilir.
Qalan hadisələr onun üçün haradan gəlib, haraya getdiyi məlum olmayan gizli, qaranlıq axınlardır. Ancaq bütövün mahiyyətini dərk etmək mümkün olduğundan, daha böyük müddətli proseslər insan üçün qaranlıq qalır. (Düzdür, ictimai təcrübə insanın köməyinə gəlir və o, öz ömrünü bəşəriyyətin tarixi təcrübəsi hesabına artırmağa çalışır. Yəni ömür keçmişə doğru interpolyasiya olunur. Lakin bu müddət də dünyanın yaşı ilə müqayisədə çox kiçik olduğundan, insan bu dünyada qonaq olmaq sindromundan xilas ola bilmir).
İnsan ömrü keçmişə və gələcəyə doğru uzanaraq bütün zamanı ehtiva etməyə çalışır. Bir insan ömründə mümkün olmayanı onun əvəzinə sonrakı nəsillər – bəşəriyyət yerinə yetirir. Lakin insan ömrü bəşər tarixi müqabilində nə qədər kiçikdirsə, bəşər tarixi də kainat ömrü müqabilində o qədər kiçikdir.
Əbədiyyət mühitdə yox, insanın içindədir. Sonsuzluq, tükənməzlik ideya aləminə, insanın mənəvi dünyasına xasdır. Cismən məhdud olan insan mənən tükənməzdir.
Əbədiyyətə qovuşmaq istəyənlər bəşər tarixinə deyil, ruhun, mənəvi varlığın qədimliyinə və ölməzliyinə bel bağlamalıdırlar.
İnsan bədəni dünyanın, kainatın bir zərrəsi olsa da, insan ruhu dünyanı, kainatı ehtiva etmək qüdrətində imiş! Bunu bədənə yox, ruha tapınanlar daha yaxşı bilirlər. Cismani ehtiyaclar üçün yox, ruhani ehtiyaclar üçün yaşayanlar, dünyanı ruhun işığında seyr edənlər daha yaxşı bilirlər.
İnsan dünyadan, onun nemətlərindən nə isə tapıb yeyə bilər. Lakin nə qədər çox yesə də yeyə bilmədikləri daha çox olacaqdır. Qarın doyacaq, göz doymayacaqdır. Nə qədər pul toplasa, əmlak toplasa bunlar dünya müqabilində sonsuz kiçik olacaq; onun gözü yenə başqalarının əlində qalacaqdır. Yığdığı əmlak, var-dövlət onun özündən daha çox yaşayacaq, onun özünə qalmayacaqdır. Müdriklərin dediyinə görə insanın bu dünyadan aparacağı bir kəfən olacaqdır ki, əslində heç onu da apara bilməyəcəkdir.
Bəs onda insan nə üçün çalışır?
Deyirlər ki, harada isə ikinci bir dünya – “o dünya” var ki, insan məhz onun naminə yaşamalıdır. Həmin “o dünya” sonsuz və əbədidir. İnsana bu fani dünyada həyat ona görə verilib ki, “o dünya”sını qazana bilsin; Ya əbədi məşəqqət, ya əbədi sevinc, şad-xürrəm həyat.
Lakin başqa qisim müdriklər əbədi səadət naminə çağdaş səadətdən imtinanı qəbul etmirlər. Əgər bu dünyanın əsas fəaliyyət kredosu heyvani nəfs üzərində qələbədən, naz-nemətə və ləzzətə uymamaqdan ibarətdirsə, onda bu cür könlü tox, gözü tox insan üçün əbədi ləzzət idealı nə dərəcədə məqbuldur?
Ömər Xəyyamlar diqqəti məsələnin məhz bu cəhətinə yönəldirdilər. Mollalar isə onların “o dünya” haqqındakı dini təlimə şəkk gətirdiklərini iddia edirdilər.
Başqa qisim müdriklər də olub ki, onlar bu dünyadakı sevinc və səadəti o dünyadakına qarşı qoymamış, sadəcə olaraq həqiqi böyük sevincin və sevginin mənasını daha düzgün müəyyənləşdirməyə, cənnətdə təsvir olunan könül rahatlığını da elə bu dünyada ikən tapmağa cəhd göstərmişdilər. Bu müdriklər həyatın mənasını və dünyanın mahiyyətini də kənarda, fani dünyanın naz-nemətində deyil, öz mənəvi-ruhani varlıqlarının hikmətində, sirli-sehrli aləmində axtarmışlar. “Özünü dərk et!” – deyən Sokrat da “mənəm həqq, həqq məndədir”, – deyən Həllac da, “quyuya su tökməklə, sulu olmaz”, – deyən dədələr də fani dünyanın tərəf müqabili kimi könül evini, mənəvi aləmi qəbul etmişlər.
“Bu dünya”ya alternativin insanın iç aləmində axtarılması heç də “o dünya” ideyasının inkarı kimi anlaşılmamalıdır. Sadəcə olaraq sonsuz və qeyri-müəyyən olan “o dünya”nın, əzəli-əbədi olan iç dünyası ilə, mənəvi aləmlə, ruhla ilişgisini anlamaq lazımdır.
“O dünya”nın alternativ fiziki məkan kimi başa düşülməsi səhvdir.
Fiziki zaman və məkan mənəvi dünyanın atributları deyil. Axı, o dünyada bədən yaşamayacaq, ruh yaşayacaq.
Ruh təkcə bu dünyanın deyil, “o dünya”nın da daşıyıcısıdır. Gələcəkdə sakini olacağımız dünyanın daşıyıcısı! Bu günlə gələcəyin eyniyyəti!
Mənəvi zamanın, ruhani zamanın ənənəvi zaman anlayışından fərqi!
İnsanın dünyaya münasibətinin və ya daha doğrusu, dünya ilə qarşılıqlı əlaqəsinin üç fərqli forması vardır ki, bunları Əbu Turxan aşağıdakı kimi ifadə edir:
1. Dünyanı dərk edə bilmək üçün ondan ayrılmaq lazımdır.
2. Dünyanı duya bilmək üçün dünyanın ahənginə qatılmaq lazımdır.
3. Dünya ilə tam olmaq üçün insan dünyanı sevməlidir, çünki ancaq sevgi bütövləşdirir.
Əbu Turxan fəlsəfəsinə görə, hər şeyin üç varlıq dərəcəsi vardır: “Ən aşağı səviyyədə şey özlüyündə mövcuddur. Daha yüksək pillə onun insan şüurundakı mövcudluğudur. Ən ali pillə isə Allahın dərgahındakı mövcudluqdur”. Təsadüfi deyil ki, “biz cismani aləmdəki şeyləri, hadisələri mənimsəyərkən onları şərəfləndirmiş oluruq”.
Hər hadisənin əsasında bir mahiyyət, bir ideya dayanır. Artıq hazır hadisələrə baxdıqda adama elə gəlir ki, o elə həmişə belə olmuşdur. Lakin hər bir hadisə nə vaxtsa yaranmışdır və yaranma mərhələsindən stabil, dayanıqlı mərhələyə keçmişdir. Sonra isə dağılma və yeniləşmə mərhələsinə keçəcəkdir.
Zamanca dayanıqlı olmaq insanların ömrünə və ya daha doğrusu, müşahidə müddətinə nəzərən şeyin, hadisənin öz halını saxlamasıdır. Biz bəzən yaranma və yox olma proseslərini müşahidə edirik, bəzən də aralıq bir mərhələni, bizə stabil görünən bir mərhələni, nisbi mənada invariant sayılan bir vəziyyəti müşahidə edirik.
Yaşadığımız həyat keçmişlə gələcəyin arasındadır.
Amma harasındadır? Axı istənilən zaman intervalı özü də keçmişə və gələcəyə bölünə bilər. Bu bölgünü sonsuz davam etdirsək “indi” – sürəkliliyi olmayan bir an kimi başa düşülür ki, o da əslində hər hansı real məzmunun daşıyıcısı deyil. Çünki heç bir hadisə limitdə sıfıra bərabər olan sonsuz kiçik zamana sığışa bilməz. Hadisənin baş verdiyi zaman müddəti lokal – sonlu, an isə sonsuz kiçikdir. Belə olduqda müəyyən bir mənanı ifadə etməsi üçün “indi”nin başqa bir tərifi verilməlidir. “İndi”yə pay qalmadığından onu bir az keçmişin, bir az da gələcəyin payından ayırmaqla konstruksiya etmək olar. Bunun üçün isə “yaxın keçmiş” və “yaxın gələcək” məfhumları daxil edilməli və onlar bir “indi” məfhumunda birləşənə qədər sıxılmalıdır.
Deməli, “indi” keçmişlə gələcək arasında olmaqdansa, əslində yaxın keçmişlə yaxın gələcəyin sintezidir. Dərindən araşdırdıqda isə “yaxın” kəlmələri də atılmalıdır, çünki hər bir indi əslində bütün keçmişlə bütün gələcəyin təmas nöqtəsi kimi dəyərləndirilə bilər. Fiziki məkan və zamanın araşdırılması tarixi qədimdir. Sosial zaman ancaq son əsrdə tədqiqat obyektinə çevrilmişdir. Fərdi və universal zamanın qarşılıqlı əlaqəsi, məkana müxtəliflik, zamana eyniyyət prizmasından baxılması isə Əbu Turxanın həyat fəlsəfəsində nəzərdən keçirilir.
“Obyektiv reallıq”dan insan müstəvisinə, subyektiv aləmə keçdikdə isə keçmiş və gələcək baş vermişlərin yaşantısı ilə baş verəcəklərin istəyi kimi üzə çıxır. Başqa sözlə, “indi” yaşantı ilə istəyin, duyğu ilə iradənin sintezindən ibarət olur. Bir az böyük zaman intervalında götürdükdə keçmiş – xatirələrdə, gələcək isə arzularda, planlarda “yaşayır”. Bunların “indi”yə dəxli olmadığı aydındır. Amma yaxın keçmişin ifadəsi olan yaşantılar və yaxın gələcəyin istək – hər ikisi hələ canlıdır və məhz “indi”nin strukturuna daxildir. Artıq baş vermiş hadisənin təəssüratı hələ keçməmişdir, mən bu hissi yaşayıram. İnstinkt səviyyəsinə, cismani səviyyəyə enmiş arzu – canlı istəkdir və mən bu hissi də yaşayıram. Deməli, “indi” daha çox dərəcədə hissin canlı olması ilə bağlıdır. Bir il bundan əvvəl baş vermiş hadisə də, əgər onun haqqındakı təəssüratlar canlıdırsa, deməli “indi”dir. Bir saat bundan əvvəl baş vermiş hadisə isə, əgər daha yaşanmırsa, yəni onun təəssüratı itibsə və ancaq hafizədə – fikir faktı kimi qalırsa, bu – keçmişdir.
Məhəbbətin də strukturunda keçmişi və gələcəyi ifadə edən məqamlar fərqləndirilə bilər. Bu, keçmişdə qalmış, tarixə çevrilmiş məhəbbət, daha doğrusu, psevdoməhəbbətdir, çünki əsl məhəbbət heç vaxt ölmür.
Bir var “məhəbbətin tarixçəsi” soyuq fikir müstəvisində, cansız xatirə kimi, – elə bil məhəbbətin nə vaxtsa olub-olmadığı şübhəlidir. “Məhəbbətin tarixçəsi” sıcaq xatirələr və iztirabla, və nəhayət, vüsal anlarının canlı yaşantıları kimi – bunlar “yaxın keçmiş”dir.
Bir də var məhəbbət – istək kimi, cəhd kimi, məqsəd kimi... bunlar “yaxın gələcək”dir. Məhəbbətin “indi”si geniş planda xatirələrlə arzuların, dar planda isə təəssüratla istəyin vəhdətidir.
Belə bir atalar sözü var: “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər”. Biz onun təhlilini başqa bir kontekstdə vermişik. İndi isə onu zaman və məkana aidiyyət baxımından nəzərdən keçirək. Çox gəzmək müxtəlif məkanlarda olmaqdır; yəni məkan geniş olmalıdır. Oxuyan isə bir yerdə oturub oxuyur (yer, məkan onun üçün önəmli deyil), amma min illərdən bəri başqalarının təcrübələri, çıxardığı nəticələrlə tanış olur. Yəni başqalarının hesabına həm məkan, həm də zaman o qədər genişləndirilmiş olur ki, özü gəzən heç vaxt bu qədər məlumat əldə edə bilməz.
Belə bir cəhət də nəzərə alınmalıdır ki, insan gəzməklə məkanın eyni bir andakı mənzərəsini görə bilməz. Çünki hər bir səyahət zaman keçidi ilə müşayiət olunur. Ona görə də müəyyən bir zaman anında məkanın xəritəsini çəkmək istəsək, bunu bilavasitə etmək mümkün deyil. Tarixə çevrilmiş müşahidələr sonradan konkret zamanlara görə rekonstruksiya olunmalıdır.
Məkan – bir andır. Zaman – diskret anlardan yaranan davamlı prosesdir. Yəni məkanların bir-birini sürətlə əvəzləməsi prosesidir. Bu, bir növ multiplikasiya filmində və ya ümumiyyətlə filmlərin çəkilişində statik mənzərələrin sürətli əvəzlənməsi nəticəsində bütöv prosesin alınmasını xatırladır. Şəkillər lokal məkana uyğun gəlir. Məkanların əvəzlənməsi bütöv prosesi verir ki, bu da zamanın keçməsi kimi başa düşülür.
Zaman məkanların əvəzlənməsidir.
Ən sadə hərəkət forması olan mexaniki hərəkət cismin məkanda yerdəyişməsi kimi izah edilir. Cisim mərkəz kimi götürüldükdə, buna məkanın (mühitin) dəyişilməsi kimi də baxmaq olar. Yəni cisim fəzada (astronomik məkanda) nisbi yerini dəyişmir, amma zaman hər halda keçir; bir məkan – mühit başqası ilə əvəzlənir. Mexanikada və ya həndəsi təsəvvürlərə görə, əgər cisim (nöqtə) yerini dəyişməyibsə, deməli hərəkət etməmişdir və ya başqa sözlə, zaman keçməmişdir. Lakin hərəkətin yerdəyişmədən fərqli formaları da vardır. Bu, ilk növbədə cismin öz daxili hərəkətidir. Bəs bu halda məkanın dəyişməsi necə başa düşülür? Bu bir sualdır. Digər tərəfdən, mühitin dəyişməsini cismin qeyri-bircins məkanda yerdəyişməsi kimi də nəzərdən keçirmək olar.

Aforizmlər

Dünya vahid bir ideyanın təcəssümü olmasaydı, bu qədər bütöv və ahəngdar olmazdı.
lll
Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur. Amma onların eyni kitab olduğunu çox az adam dərk edir.
lll
Qaranlıq işığın yoxluğundan, kölgə işığın çoxluğundan törəyir.
lll
Yalnız işıq var, qaranlıq işığın yoxluğudur.
lll
Kölgəni yox edə bilmək üçün günəş öz zirvəsinə qalxmalıdır.
lll
Günəş qüruba endikcə, kölgə böyüyür.
lll
Günəşin başı o tərəfdəki işıqlı həyata qarışmasaydı, bu tərəfi qaranlıq bürüyə bilməzdi.
lll
Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər.
lll
Alovda nur yoxsa, nurda alov var.
lll
Yer özü də göyün ənginliyindədir; göydən yerə baxa bilsən.
lll
Yaşadığımız dünya ona görə fani və naqisdir ki, burada xalis heç nə yoxdur; işıq qaranlıqla, əql nadanlıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır.
lll
İnsan bu fani dünyada daim yol gedir ki, nəhayət, onun cazibəsindən kənara çıxsın. Amma bu, ona ancaq ömrün sonunda müyəssər olur.
lll
İnsan ancaq yaranmaq məqamı çatmış olan şeyi yarada bilər.
lll
Mahiyyətlər heç vaxt itmir; zaman keçdikcə müxtəlif libaslarda yenidən üzə çıxır.
lll
Nizam öncə xaosun bətnində olur və ancaq üzə çıxdıqdan sonra biz onu görə bilirik.
lll
Hadisələr üçün müxtəliflik, mahiyyətlər üçün eyniyyət və sabitlik səciyyəvidir.
lll
Təbiət ancaq qaydalardan ibarət olsaydı, darıxdırıcı olardı. İnsanın hərdən bir möcüzələrə də ehtiyacı vardır.
lll
İnsan həqiqəti öyrənmək üçün təbiətin dilini öyrənir.
lll
Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır.
lll
Zülmət çoxaldıqca ömrü qısalar.
lll
Bütövləşmək əzmində olan yarımçıq dağılmaq ərəfəsində olan bütövdən daha dəyərlidir.
lll
Bir fəsil başqa fəsil üçün bir fasilədir.
lll
Dünyanı dərk edə bilmək üçün insan əvvəlcə dünya ilə bir tam halına gəlməlidir.
lll
Dünya ancaq insan qəlbinin hənirtisi ilə canlanır.
lll
Dünyanı tam halında yaşamaq olmur; o çiçək-çiçək, damla-damla yaşanır.
lll
Özünüdərk dünyanın dərkindən keçir.
lll
Dünya onu anlayanlarındır.
lll
Dünyanın ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur.
lll
Dünyanı dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır.
lll
Böyük dünya kiçik dünyadan böyük deyil.
lll
Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur.
lll
İnsan dəyişdikcə dünya da onun üçün dəyişmiş olur. Müxtəlif inkişaf səviyyələrində insan öz dünyasını hər dəfə yenidən qurur.
lll
İnsan o vaxt xoşbəxt olur ki, iç dünyası ilə içində yaşadığı dünya uyğun gəlsin.
lll
Heç bir təmas yoxdursa, alışan təkcə özünü yandırar.
lll
Dünya bizdən öncə yazılmışdır. Amma bəzən o bizə ağ vərəq kimi görünür və başlayırıq onu yenidən yazmağa; neçə gözəlliklər bizim cızma-qaranın altında qalır!
lll
Dua: Vaxtın bərəkətli olsun.
lll
Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt çatmayacaq.
lll
Vaxtsız çiçək açan arzular bar verməz.
lll
İnsan gələcəyə öz keçmişinin çiynində gedir.
lll
Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır.
lll
Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır.
lll
Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar.
lll
Təxəyyül hadisələri zaman və məkan məhdudiyyətindən azad edir.
lll
Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş.
lll
İnsan oğlu hər gün çarmıxa çəkilir; keçmiş ayaqları pərçimləyir, gələcək isə əllərindən tutub dartır.
lll
Müasirlik zəmanəyə bənzəməkdir.
lll
Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır.
lll
Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir.
lll
Yaxındakı köz uzaqdakı Günəşdən daha betər yandıra bilər.
Prof. Dr. Səlahəddin  Xəlilovun təqdimatında






Bu yazı ( 139 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar