12px14px16px18px

Rəsul Rza poeziyasına dair üç qeyd

Səlahəddin XƏLİLOV
01:19 / 21.05.2010
 
Elə bir zaman gəlmişdir ki, 
ağılla “duymaq” cəhdləri   ürəklə
anlamaq cəhdlərini üstələyir.
Əbu Turxan
 
 
Səməd Vurğun, Rəsul Rza və fəlsəfi poeziya
 
Sovet dövründə milli fəlsəfi fikrə təhlükə mənbəyi kimi baxan ideologiya Azərbaycan ədəbi fikrində o qədər dərin kök atmışdı ki, ayrı-ayrı hallarda şairlər mahiyyətləri, ümumiləri tərənnüm etmək “iddiasına” düşdükdə, ədəbi tənqid hətta onların şöhrətindən, nüfuzundan çəkinməyərək, kəskin mövqe tutmuş, onları “fəlsəfəçilikdə” günahlandırmışdır.
Lakin XX əsr Azərbaycan poeziyasında bu tabunu pozmaq meylləri də güclü olmuşdur. Səməd Vurğun da, Rəsul Rza da bütün “fəlsəfəçilik” ittihamlarına baxmayaraq, vaxtaşırı konkretlikdən ümumiyə, mahiyyətə doğru addımlar atmış və fəlsəfi poeziyanın gözəl nümunələrini yaratmışdırlar.
Düzdür, Səməd Vurğunda fəlsəfilik tamam başqa üslubda və istiqamətdə, Rəsul Rzada isə xeyli fərqli formada özünü göstərir. Lakin formalar fərqli olsa da, məğzi eynidir: poeziya fəlsəfi qata yüksəlir. Səməd Vurğun fəlsəfə mərtəbəsinə poetik vüsət qanadlarında qalxır. Rəsul Rza isə mahiyyət dünyasına təhlil və düşüncə qapısından keçir. Lakin heç biri bu mərtəbədə həmişəlik lövbər salmır və yenidən hissi dünyanın konkret yaşantılarına qayıdaraq axıradək öz şair missiyalarını yerinə yetirirlər.
 
Əmin ər-Reyhani, Rəsul Rza və rənglərin fəlsəfəsi
 
XIX əsrin axırları, XX əsrin əvvəllərində yazıb yaratmış görkəmli ərəb mühacir şairi Əmin ər-Reyhani “Bəsirət gözü” əsərində yazır: “Bir sanskrit aforizmi “Gözlərə görmə qabiliyyətini qəlb, qəlbə isə Öiva verir”, – deyir. Sufi ivang Allahla əvəz edərək bunu qəbul edir. Ona görə, rənglər gözlə necə görünürsə, qəlbdə də elə müvcuddur. Lakin dövrümüzün hansı elm və incəsənət xadimi bir rənglər nəzəriyyəsi inkişaf etdirib? Onlar yalnızca məsələnin maddi və fiziki tərəfini diqqətə alırlar. Onlar rəngləri ancaq gözlərlə görürlər.
Əlamətdar haldır ki, rənglərin qəlbdə yaranan, adi gözlə görünməyən təəssüratlar ilk dəfə məhz Azərbaycanda şeirləşdi. XX əsrin görkəmli şairlərindən olan Rəsul Rzanın sanki Əmin ər-Reyhaninin çağırışına cavab olaraq məşhur “Rənglər” silsiləsini yazması dünya ədəbi-bədii prosesinin bütövlüyünə dəlalət edir. Və Əmin ər-Reyhani də sanki artıq yazılmış olan bu şeirlər silsiləsinə münasibətini bildirir: “Şəxsən mən, mövzunun maddi tərəfini görməkdən çox, onun haqqındakı fikirləri eşitməyi üstün tuturam. Doğrudan da, sırf qəlb və zehinlə əlaqəli olan şeylər var.”
 
Rəsul Rza, Elçin və sözün yeni fazası
 
Bəli, Rəsul Rza yaradıcılığında fəlsəfilikdən söhbət düşən kimi rənglər silsiləsini yada salırlar. Bu barədə gedən böyük ədəbi-fəlsəfi mükalimələr hələ də zehinlərdən silinməmişdir. Amma tənqidin diqqətindən sanki yayınmış olan, rənglərin kölgəsində qalan daha rəngarəng fikirlər də vardır.  
 
Dünyanın söz ehtiyatı
nə azdır, nə az!
Elə şeylər var ki,
sözlə anlatmaq olmaz.
Gərək özün görəsən,
duyasan.
Fikrinə toplayıb
ürəyinin başına qoyasan
isinsin,
əl vuranda
köklənmiş sim kimi dinsin.
 
Şeirin birinci hissəsində “duyğu sözdən daha zəngindir” həqiqəti ifadə olunur. Amma bu fikir ilk baxışda nə qədər “məsum” görünsə də, Azərbaycan poeziyasında sözün qüdrəti haqqında qərarlaşmış başqa bir həqiqətlə, yumşaq desək, uzlaşmır. Çünki ənənəvi poeziyada duyğu da, fikir də həmişə sözün kölgəsində qalmışdır. Əlbəttə, klassik poeziyada söz həm də logos mənasında işlədildiyindən elə bir ziddiyyət yoxdur. Lakin ədəbi tənqiddə söz sözü diferensiallaşdırılmadığından bu məna xüsusi vurğulanmamış, söz fikir və duyğudan fərqli müstəvidə, onların yalnız ifadəçisi kimi başa düşülmüşdür. Yəni klassikada sinkretik söz (loqos) anlayışı haqqında yüksək pafosla deyilənlər adi danışıq dilindəki sözə şamil edilməklə fikrin və duyğunun payı mənimsənilmiş olmuşdur.    
İkinci fikir bədii-poetik yaradıcılığın çox mühüm bir cəhətini əks etdirən fəlsəfi ideyanın bədii yolla ifadəsidir. Əslində, biz bu barədə yazmışıq. Təbii ki, şeirlə yox, fəlsəfi esse kimi. Mən fikri duyğuların sıxlaşıb formaya düşməsi kimi, bərkimiş, kristallaşmış, buzlaşmış hiss kimi izah etmişəm. Və əksinə, fikir buxarlananda yenidən seyrəlir, qəlibdən çıxır, duyğulaşır, azad nəfəs alır, bir düşüncə hadisəsindən bir könül hadisəsinə çevrilir. Amma biz bu esseni Rəsul Rzadan yarım əsr sonra yazmışıq, həm də bədii yaradıcılığın deyil, fəlsəfi-estetik araşdırılmaların nəticəsi olaraq. Və yalnız təsadüfən Elçin Əfəndiyevin “Seçilmiş əsərləri”nin 7-ci cildini vərəqləyərkən oxuduğum bu kiçik şeir parçasında mənim uzun-uzadı izah etməyə çalışdığım bir mətləbin obrazlı şəkildə qısa və yığcam deyilişinə rast gəldim.  
Elçin bu şeir haqqında yazır: “Əsrlər keçir, insan təfəkkürü dünyanın elmi dərkində səsdən iti sürətlə inkişaf edir, məsafələr işıq illəri ilə ölçülür, nüvə protona və neytrona parçalanır və nə yaxşı ki, belə bir zamanda, elmi-texniki inqilab dövründə Azərbaycan poeziyası, Rəsul Rzanın bu şeirindəki kimi, sözlə – saysız-hesabsız sözlərlə ifadə olunmayanı belə duymaq və duydurmaq əzmindədir”. Paradoks da özünü elə bunda göstərir ki, “duydurmaq” üçün şairin yenə də sözdən başqa silahı yoxdur. Lakin bu söz daha o sözdən deyil. Bu söz artıq “ürəyin başında isinmiş”, “köklənmiş” sözdür. Necə ki, nəyi isə nəyə isə hazırlamaq üçün, yetişdirmək üçün “islağa qoymaq”, “duza qoymaq” lazım gəlir. Yəni söhbət hissin yetişməsindən, “dəyməsindən” və ancaq bundan sonra “dərilməsindən” gedir.
Bəli, bir tərəfdə ənənəvi sözün qüdrəti, o biri tərəfdə sözlə ifadə oluna bilməyən, sözün potensialından kənara çıxan, sözə sığmayan duyğuların mübhəmləri. Və bu mübhəmləri də işıqlandıra biləcək yeni ifadə vasitələri. Bu yeni – yenə də sözdür. Lakin sözün ənənəvi olmayan yeni imkanları üzə çıxır. Daha doğrusu, fikrin yeni çalarları ifadə olunur. Şairin dediyi kimi, “duyğu fikrə toplanıb ürəyin başında isidilir” və ancaq bundan sonra söz üçün əlçatan olur. Burada istər-istəməz Əbu Turxanın hisslərin ağıl vasitəsilə modulyasiyasına dair təlimi yada düşür: Hiss uzaq məsafələrə fikrin qanadlarında gedir.
 
 
Səlahəddin XƏLİLOV
 



Bu yazı ( 519 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar