12px14px16px18px

Röya və gerçək

Səlahəddin XƏLİLOV
00:22 / 15.12.2009


Televiziya elə adamlardan həzz almağa imkan verir ki, onları heç kəs evinin kandarına da buraxmaz.
D.Frost
Efir görüntüləri və gerçək həyat:
kim kimə daha çox təsir edir?
Televiziyada görünənlər də əslində bir röya yox, gerçək həyatın, ictimai şüur səviyyəsinin göstəricisidir. Televiziya ilə cəmiyyət arasında həm düz, həm də əks əlaqə vardır. Yəni TV bir tərəfdən, cəmiyyəti əks etdirir, burada baş verən hadisələri və onların əsasında dayanan arzu və niyyətləri, məqsəd və idealları, səy və cəhdləri, orta şüur səviyyəsini, təfəkkür mədəniyyətini, ümumi ictimai tendensiyaları ifadə edir. Digər tərəfdən də cəmiyyətə əks-təsir göstərərək onu yönəldir, istiqamətləndirir, onun inkişafına və ya tənəzzülünə xidmət edir. Başqa sözlə desək, televiziyada göstərilənlər təkcə bizim ictimai reallığımızı deyil, həm də kimlərinsə bu reallığı necə görmək arzusunu ifadə edir.
Hər nə baş verirsə o, real bir ictimai tələbatın ifadəsidir. TV rəhbərləri də efirin məzhəkə və pop-şou ilə dolmasının səbəbini ictimai rəy və sosial sifarişlə izah etməyə çalışırlar. Amma bir var tamaşaçının tələbatı, bir də var efirə çıxmaq istəyi və bu istəyin arxasında duran hansı isə təmənnalı tələbat.
“Ağlamayana süd yoxdur”. Efirdə görünmək kimə daha çox lazımdır? Bir yazıçıya, alimə, ziyalıya TV-də çıxış nə verə bilər? Düzdür, ziyalı o adamdır ki, o özü üçün bir fayda güdməyərək xalqına xidmət etməyə çalışır. Lakin dünya praktikasında bu çıxışa görə ona hər halda qonorar da verilir. Yəni, maddi maraq da olsun deyə. Bizdə isə belə praktika olmadığına görə, ziyalı TV-də görünmək üçün xüsusi canfəşanlıq etmir. Öz abırına qısılaraq nə vaxt dəvət olunacağını gözləyir. Toy müğənnisi üçün isə efirdə görünmək bir reklamdır və bu reklam ona “milləti maarifləndirmək” üçün deyil, real biznes üçün hava-su kimi lazımdır. Öz əsas məqsədinə çatmaq, populyarlıq qazanmaq üçün onlar, hətta “mənəviyyat dərsi demək” kimi ağır bir yükü də öz üzərlərinə götürürlər.
Bəli, deməli TV-də yaranmış vəziyyətin təməlində doğrudan da bir tələbat dayanır. Amma ictimai tələbat yox, toy biznesinin tələbatı. Lakin televiziyada maarif və mənəviyyatın şou-biznes tərəfindən üstələnməsinin başqa səbəbləri də vardır ki, bunlardan da ən əsası qloballaşmanın arxasında duran ideologiyanın transmilli biznes simasında, reklam sifarişçisi qismində işə müdaxilə etməsidir.
Lakin biz bu dəfə diqqəti qlobal dünyanın maraqları məsələsinə deyil, virtual dünyanın “yeni mənəviyyat” röyası ilə gerçək mənəvi prioritetlər arasındakı mübarizəyə yönəltmək istəyirik.
Röya olmasaydı, bəzi gerçəklər yada düşməzdi?!
Son vaxtlar mənəviyyatla bağlı söhbətlər əsasən televiziya verilişlərinin tənqidi təhlili kontekstində yada düşür. Atalar demişkən, hər pis şeyin bir yaxşı tərəfi də olarmış. Görünür mənəviyyatımızın yada düşməsi, gündəmə gəlməsi üçün onun bu dərəcədə alçaldılması, gecə-gündüz televiziyada əks-təbliğata məruz qalması lazım imiş.
Röya olmasaydı, bəzi gerçəklər yada düşməzdi. Düzdür, falabaxanlığı da, ekstrasensliyi də, röyaların yozulmasını da yada salan yenə elə televiziya kanallarıdır. Amma mən televiziyada sərgilənən həyatdan oyanıb gerçək həyata üz tutmağı tövsiyə edərdim. Onda görərdik ki, mənəviyyatımız heç də efirdə göründüyü dərəcədə aşınmayıb, adət-ənənə də abır-həya da gerçək həyatda hələ qalmaqdadır. Amma televiziya və internetin, virtual həyatın gerçəyə müdaxiləsi getdikcə intensivləşir və təəssüf ki, mənfi təsirlər müsbəti üstələyir və bəzən dözülməzlik həddinə çatır.
Röyanın yaxşı cəhəti odur ki, sabah gerçək həyatda doğrudan-doğruya baş verə biləcək bir hadisəni öncədən görürsən və sanki sənə bir xəbərdarlıq olunur. Və başlayırsan düşünməyə...
Bunları düşünərkən, yadıma çoxdan unudulmuş bir rəvayət düşdü.
Röyada bir səhra və ya “kim isə
əndazəni aşmasa, cəza yada düşməz?!”
Şərdə də bir xeyir var
(Atalar sözü)
Bir ərəb rəvayətinə görə, bir qadın yuxusunda səhrada tək-tənha olduğunu görür. Və haradansa quldurlar peyda olub onun qarşısını kəsir və bütün qiymətli şeylərini və üst paltarını əlindən alırlar. Bu zaman alt paltarının da çox gözəl olduğunu görüb onu da qarət etmək istəyirlər. Amma röyada da olsa alt paltarını çıxarmağa cəsarət etmir, bu qərarda müəyyən tərəddüd göstərirlər. Uzaqdan keçən bir qocanı səsləyib ondan bir məsləhət istəyirlər. Qadın yalvarış dolu nəzərlərini qocaya dikir. Qoca isə bir yerə baxır, bir göyə və deyir ki, ürəkləri necə istəyir, elə də etsinlər. Quldurlar əllərini qadının paltarına uzadan kimi bir şimşək çaxır, bir tufan qopur və aləm bir-birinə qatışır. Ara sakitləşdikdən sonra qadın gözlərini açıb görür ki, quldurlar yerlə yeksan olmuş və bir o, bir də qoca salamat qalmışdır. Qadın təəccüblənir və soruşur ki, axı bu quldurlar Allahın qəzəbinə rast gəldisə, bəs sənə niyə bir şey olmadı? Axı onlar heç olmasa tərəddüd edirdilər. Sən isə məni biabırçılıqdan xilas etmək əvəzinə, hər şeyi onların öhdəsinə buraxdın.
Qoca belə cavab verir: Qızım, həmin məqamda mən göyə baxdım və gördüm ki, zülmün ərşə çatması üçün cəmi bir qarış qalır. Əgər onlar bu son qəddarlığa qərar verməsəydilər sənin bütün zinətlərini də aparıb rahatca gedəcəkdilər. Amma mən düşündüm ki, zülm ərşə çatsa, onlar cəzalarını alar və sənin də hər şeyin özünə qayıdar. Görürsən ki, belə də oldu.
Yaxşı ki, bu bir röya imiş. Amma doğrudanmı TV məkanında haqqı bərpa etmək üçün mütləq o bir addımın da atılmasını gözləməliyik?!
Bizim gerçək həyatımız bəzən röyaları və virtual məkanın görüntülərini necə yozmaqdan, necə nəticə çıxarmaqdan və nə kimi bir qərar verməkdən asılı olur.
Elm adamları, televiziya və mənəviyyat
Alimlər ən ağıllı adam hesab olunurlar. Düzdür, atalarımız “alim olmaq asandır, insan olmaq çətin”,- demişdir. Amma alimliyə gedən yol qismən insaniləşməyə də xidmət edir. Bununla belə, elm və mənəviyyatı eyniləşdirmək olmaz.
Efirdə yaranmış vəziyyət təkcə alimlərə yox, bütün cəmiyyətə təsir edir. Bu vəziyyətin dəyərləndirilməsi də elmi bir məsələ olmaqdan daha çox, milli ruh, milli qeyrət və mənəviyyat məsələsidir. Bununla belə, cəmiyyət alim sözünə daha çox inanır və mötəbər elm kürsüsündən deyilən sözün xüsusi çəkisi də daha böyükdür.
Bu yaxınlarda AMEA-da televiziya verilişləri və milli-mənəvi dəyərlərimizlə bağlı ciddi narahatlıqların müzakirəsinə həsr olunmuş geniş iclas keçirildi və burada çıxış edən çox hörmətli bir akademik televiziya kanallarındakı eybəcərliklərdən hərtərəfli danışaraq, yaranmış vəziyyətin geniş təhlilini verdi. Konkret ad çəkməsə də, bəzi müğənnilərin televiziyada apardıqları verilişlər haqqında söhbətdə tənqid hədəfinin kimlər olduğu əslində bəlli idi. Heç bir abır-həya gözləməyən, həddindən artıq açıq-saçıq geyinən və bununla kifayətlənməyərək efirdən abırsızlığın təbliğinə cəhd göstərən bu müğənnilər və onlara efir vaxtı verən TV kanallarının başbilənləri tənqid olunurdu. Lakin görünür, bu mövqe bizim akademiklərin yekdil fikri deyildi. Çünki cəmi bir neçə gün əvvəl başqa bir akademik həmin müğənnini tərifləmiş, həm də təkcə onun səsinin yox, verilişlərinin də pərəstişkarı olduğunu bəyan etmişdi.
Deməli, nəinki ictimai fikir haçalanır, hətta ən yüksək elmi fikrin ifadəçiləri arasında da müəyyən bir fərq vardır. Görünür, elmin mötəbər mövqeyi də plüralizm dalğalarının təsirinə məruz qalmışdır.
Baş verənlər televiziyanınmı, ictimai şüurun və mənəviyyatınmı, yoxsa Akademiyanınmı səviyyəsini göstərir, deyə bilmərəm, amma istənilən halda bu rəy müxtəlifliyi bir röya deyil, gerçəklikdir. Deməli, bu dəfə hər şey bizim yozumumuzdan yox, seçimimizdən asılı olacaqdır. Görəsən, zaman bu iki fərqli akademik mövqeyindən hansına üstünlük verəcəkdir?!
Nə yaxşı ki, bu yaxınlarda mətbuatda yüksək rütbəli dövlət rəsmisinin bu vəziyyətə konkret münasibəti açıqlanmışdır. Və ümid yaranır ki, nəhayət, milli mənəvi maraqlar kimlərinsə biznes maraqlarını üstələyəcək, bütün sahələrdə olduğu kimi, bu sahədə də aydın bir dövlət xətti nümayiş etdiriləcəkdir.
Səlahəddin XƏLİLOV




Bu yazı ( 764 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar