12px14px16px18px

Elm və Akademiya

Səlahəddin XƏLİLOV
01:28 / 17.12.2009
Akademiya özü özünün məqsədinə çevrilməməli, elmin inkişafı üçün vasitələrdən biri olduğunu nəzərə almalıdır.
 
   
 
Elm və praktika
 
Elmin nə dərəcədə səmərəli olması bəzilərinin Azərbaycan ictimai şüuruna yeritməyə çalışdığı beynəlxalq indeksasiya göstəriciləri ilə deyil, onun infrastrukturundakı üç komponent arasında nisbətlə səciyyələnir.
Söhbət fundamental elmin, tətbiqi elmin və təcrübi-konstruktor işinin (bu sonuncu əslində elmin bir sahəsi olmayıb, elmlə mühəndisliyin qovşağında olan fərqli bir sahədir) nisbətindən gedir.
Azərbaycanda elmə ayrılan maliyyə vəsaiti əsasən “fundamental elm” kateqoriyasına aid olan sahələrə sərf olunur. Tətbiqi elmlərə ondan xeyli az vəsait ayrılır. Akademiya çərçivəsində təcrübi-konstruktor işləri, demək olar ki, yox dərəcəsindədir.
Əyanilik üçün bəzi qabaqcıl ölkələrdə bu üç komponentin nisbətinə baxaq: Yaponiyada bu nisbət 14% – 26% – 60%; ABŞ-da: 12% – 22% – 66%-dır. Yəni fundamental elmə nə qədər xərclənirsə, ondan təqribən 2 dəfə çox tətbiqi elmlərə və 4-5 dəfə çox təcrübi-konstruktor işlərinə sərf olunur. Sonuncu halqa bilavasitə istehsalın, iqtisadiyyatın daxili tələbatına uyğunlaşdırılmış və tətbiqi elmlərin bazasında görülən mühəndis-konstruktor işlərini əhatə edir. Buraya yeni texnika istehsalına olan məsrəflər də daxil deyil. Çünki bu mərhələyə texnikanın kütləvi istehsalı yox, təcrübi nümunənin düzəldilməsi aiddir. Əgər bu nümunə sınaqdan uğurla çıxarsa, onda həmin texnikanın (istehsal vasitəsinin) istehsalına başlanır ki, bu da əsasən maşınqayırma sənayesinə aiddir.
Ancaq yeni texnikanın kütləvi istehsalından sonra onun nisbətən yüngül sənaye sahəsində istifadə olunması başlanır və əgər bu yeniliyin tətbiqi iqtisadi cəhətdən daha səmərəli olarsa, alınan gəlir elmin tətbiqi sayəsində əldə olunmuş sayılır. Və yalnız bu zaman elm həqiqətən səmərə vermiş olur. Düzdür, elmin maliyyələşməsi üçün onun nəticələrinin iqtisadi səmərəsini gözləməyə bəzən heç ehtiyac qalmır. Çünki müvafiq sənaye sahəsinin ekspertləri mümkün gəliri qabaqcadan hesablayaraq, elmi-texniki yeniliyi özləri üçün əlverişli qiymətə satın alırlar. Bu iş əsasən patentləşmə və patentlərin satılması yolu ilə həyata keçirilir.
Yaponiya örnəyinin bir aspekti də bundan ibarətdir ki, bizə nisbətən xeyli böyük olan bu ölkə bütün elm sahələri üzrə orta bir səviyyəni saxlamaqla yanaşı, əsas gücü yalnız bir neçə sahəyə yönəldir. Və həmin sahələrdə də dünya miqyasında ön xəttə çıxa bilir və hətta ABŞ kimi bir elm nəhəngi ilə rəqabətə girir. Bizdə isə bu prioritetlər hələ də müəyyənləşmədiyindən sanki kortəbii xarakter daşıyır, kim hansı mövzunu istəyirsə, onu da seçir. Deməli, elm haqqında ümumi söhbətlər aparılmasına baxmayaraq, real iqtisadi səmərə verə biləcək sahələrin və mövzuların müəyyənləşdirilməsi istiqamətində elmi araşdırmalar hələ də aparılmır.
 
Fəlsəfəyə qarşı daha bir həqarət

Təhsil haqqında yeni qanunda təhsillə bağlı elə bir ciddi yenilik gözə dəyməsə də, elm və fəlsəfə ilə bağlı çox kəskin addımlar atıldı.
Əvvəla, elmi fəaliyyət və elmi səviyyənin göstəricisi olan dissertasiya müdafiələri və elmi dərəcələr bütövlükdə və tamamilə təhsilin strukturuna daxil edildi. Yəni elmi dərəcə almış bir şəxs hələ də ali təhsilini başa vurmamış sayılır və ali təhsilin daha yüksək mərtəbəsinə çatmaq üçün yeni bir təhsil pilləsinə-doktoranturaya daxil olaraq təhsilini davam etdirməli və “elmlər doktoru” adını qazanmalıdır. Lakin biz xalis elmi yaradıcılıq prosesinin təhsillə qarışıq salınması üzərində dayanmayaraq, diqqəti başqa, ilk baxışda nəzərə çarpmayan, lakin olduqca mühüm bir məsələyə yönəltmək istəyirik. İndi belə bir durum yaranmışdır ki, alim olmaq istəyənlər bu haqqı iki dəfə qazanmalıdırlar. Əslində sovetlər dövründə də belə idi. Lakin biz guya islahat apararaq Avropa standartlarına yaxınlaşmaq istəyirik. Və buna görə də nə isə bir yenilik edirik. Amma diqqətlə yanaşdıqda məlum olur ki, dəyişən yalnız ad imiş. Əvvəllər “elmlər namizədi” adlanan dərəcə indi Ph.D – “fəlsəfə doktoru” adlanacaqmış. “Elmlər doktoru” isə yenə elə öz yerində qalırmış. Onda sual oluna bilər ki, heç nə dəyişməyibsə, bizi narahat edən nədir? Bizi narahat edən odur ki, bu formal dəyişiklik nəticəsində biz sadəcə olaraq bütün dünyada qəbul olunmuş dəyərlər sisteminə hörmətsizlik nümayiş etdiririk. Belə ki, bütün dünyada (Rusiya və biz istisna olmaqla) elmin tarixən formalaşmış və hamı tərəfindən qəbul olunmuş meyarları vardır. Əvvəllər öz elmi səviyyəsinə görə ən yüksək şəxslərə magistr dərəcəsi verilmişdir. Və bu dərəcə sadəcə təhsil pilləsi kimi deyil, elmi yaradıcılıq səviyyəsinin təsbit olunması üçün verilmişdir. Bu, elmdə ən yüksək ad olmuşdur. Maraq üçün qeyd edək ki, Rusiyada “namizəd” anlayışı məhz magistrliyə namizəd olmağı göstərmişdir. Sovetlərin ilk illərində də bu belə davam etmiş və yalnız “magistr” əvəzinə “elmlər doktoru” termini işləndikdən sonra “magistrliyə namizəd” də “elmlər namizədi” olmuşdur. Lakin Avropada magistrlər arasında da xüsusilə seçilən, ən yüksək elmi nailiyyətlər əldə edən şəxsləri fərqləndirmək üçün yeni, daha yüksək bir pillə düşünülmüşdür. Hər bir elm sahəsinin zirvəsi həmin elmin fəlsəfəsi olduğuna görə bu dərəcə “fəlsəfə doktoru” adlandırılmışdır.
Lakin biz nə etdik? Məhz fəlsəfəyə qarşı bir hörmətsizlik nümayişi olaraq onu elmin aşağı pilləsi adlandırdıq. Ən absurd məqamlardan biri də odur ki, indi bizdə Ph.D dərəcəsi almış şəxslər elmin sonrakı, sən demə, daha mötəbər bir səviyyəsinə qalxmaq üçün təzədən təhsilini davam etdirməli və bunun üçün doktorantura deyilən ali təhsil formasının ikinci pilləsinə qəbul olunub oxumalıdırlar. Təhsil qanununda təsbit olunmuş bu məsələlər bizdə elm ilə təhsil arasındakı ciddi fərqlərin hələ də başa düşülmədiyini göstərir. Bir o çatmır ki, magistraturaya qəbul “testləşdirildiyi” kimi, doktorantura və onun ikinci pilləsi də “testləşdirilsin” və alim hazırlanmasının heç bir ölkədə misli görünməmiş yep-yeni texnologiyaları işə salınsın.
Bunlar hələ sonranın işidir. “Qurudu əzərik, ona da dözərik.” İndi isə bir daha “fəlsəfə doktoru” əhvalatından danışmaq istərdik. Yeni adlandırma sistemi ilə əlaqədar KİV-də maarifçilik işi aparılmadığından bu sahədə terminlər çox vaxt qarışıq salınır. Bəzi jurnalistlər də televiziyada, mətbuatda keçmiş elmlər namizədlərini indi guya yeni adla çağıraraq, onları “fəlsəfə elmləri doktoru” kimi təqdim edirlər. Sən demə, ölkəmizdə hamı elə filosof imiş.
 
Təhsil və elm
 
Məgər oxumaqla, savad almaqla, çox bilməklə alim olmaq mümkündürmü? Elə bu cür yanaşıldığına görə deyilmi ki, dissertasiyalar əsasən müəyyən mövzu üzrə hazırlanmış icmallardan ibarət olur. Axı, elmi fəaliyyət yaradıcı bir işdir və yeni elmi biliklər əldə olunmasına yönəldilmişdir. Təhsil isə artıq məlum olan biliklərin mənimsənilməsi prosesidir. Bu başqa məsələ ki, yaxşı qurulmuş təhsil prosesi yaradıcı təfəkkürü də inkişaf etdirir və gənclər hələ tələbə ikən elmi fəaliyyət mühitinə uyğunlaşdırılırlar.
Lakin təhsilin məqsədi alim hazırlamaq deyil. Təhsil bütün sahələr üzrə ictimai tələbata uyğun mütəxəssislər yetişdirmək üçündür. Ona görə də Qərbdə ali təhsil müvafiq ixtisas üzrə praktik fəaliyyətlə sıx surətdə bağlı olur. Biz isə elə yalnız bilik öyrətmək və tələbələrin başını lazımlı-lazımsız informasiya ilə doldurmaqla məşğuluq. Təbii ki, testlər də elə məlumatlılıq dərəcəsinin yoxlanmasına uyğun hazırlanır.
Gənc kadrların praktik iş keyfiyyətlərinəmi daha yaxşı yiyələnməsi, yoxsa elmi yaradıcılığamı meylli olması yuxarı kurslarda artıq aydınlaşdırılmalı, magistraturaya və doktoranturaya qəbul da məhz elmi yaradıcılıq istedadı əsasında müəyyənləşdirilməlidir. Doktoranturanın ikinci pilləsi deyilən təhsil forması isə ləğv edilməli, Ph.D dərəcəsi almış şəxslərə dünya praktikasına uyğun olaraq müstəqil elmi fəaliyyət üçün sadəcə şərait yaradılmalı, lazım gələrsə onlar müvafiq ixtisas üzrə tanınmış elm mərkəzlərinə ezam edilməlidirlər. Yəni “bütün elm sahələri üzrə bizdə yaradıcılıq mühiti var və biz doktoranturanın ikinci pilləsi deyilən təhsil vasitəsilə yüksək dərəcəli alimlər hazırlayırıq”, – deyə özümüzü aldatmayaq. Unutmayaq ki, dünya elminə inteqrasiyanın mühüm şərtlərindən biri məhz elmi yaradıcılıq ezamiyyətləridir. Xüsusən fundamental elm sahələrində yeganə çıxış yolu budur.
Tətbiqi elmin də bir çox sahələrində də biz hələ uzun müddət dünya praktikasını öyrənməliyik. Ancaq humanitar və ictimai elm sahələrində bütün ağırlıq mərkəzi öz ölkəmizdə olmalı və məhz buna görə də Akademiyanın prioritetləri müəyyənləşdirilərkən bu mühüm cəhət nəzərə alınmalıdır.
 
Akademiyanı necə optimallaşdırmaq olar?
 
Bəziləri öz daxilindəki konservativ ruhdan və Şərq ətalətindən yaxa qurtara bilməyərək, Akademiyada hər hansı ciddi islahatın aparılmasına qarşı çıxmaq, onu elə indiki formatda da saxlamaq uğrunda “mübarizəyə” qalxışır; bu “mübarizənin” metodları isə məlum şablonlardan, şantaj psixologiyasından başqa bir şey deyil: “Ay aman, kimsə Akademiyanı dağıtmaq istəyirmiş...” Bəziləri bir addım da irəli gedərək hər cür ciddi islahat təşəbbüslərini təkcə “Akademiyanı dağıtmaq” kimi deyil, bütövlükdə Azərbaycan elminə, hətta ümumiyyətlə elmə qarşı çıxış kimi dəyərləndirirlər. Əlbəttə, düşünmək olardı ki, elmlə onun sadəcə təşkilati quruluş formalarından biri olan Akademiyanı qarışıq salan belə şəxslərin elmi səviyyələri yəqin çox aşağıdır. Yox-yox, onlar elmlər doktoru, bəlkə hansı isə bir institutun direktoru, bəlkə hətta akademiklərdir. Lakin biz titulları və ya dar ixtisas biliklərini nəzərdə tutmuruq. Bu şəxslər heç şübhəsiz, öz dar ixtisas sahələrində çox böyük alimlərdir. Lakin hansı isə bir ixtisası bilməklə elmin təşkilati strukturu və infrastrukturu barədə hökm vermək olmaz. Çünki elmşünaslıq özü ayrıca bir ixtisas sahəsidir. Bax bizim Akademiyada çatışmayan da elə elmşünaslıq sahəsində bir nəfər də olsun yüksək ixtisaslı mütəxəssisin olmamasıdır. Axı, hər hansı bir konkret sahənin nümayəndəsi, qoy lap böyük nümayəndəsi: riyaziyyatçı, geoloq, ədəbiyyatşünas, hətta fəlsəfəçi bütövlükdə elm haqqında, elm-təhsil, elm-istehsalat, elm-mədəniyyət sistemləri və bu sistemlərin hər birində elmin spesifik yeri və funksiyası haqqında fikir yürütməyə nə dərəcədə salahiyyətlidir?
 Bəs görəsən Akademiya rəhbərliyi niyə kənardan (“kənar” dedikdə biz heç də ölkədən kənarı deyil, Akademiyadan kənarı nəzərdə tuturuq) mütəxəssis-elmşünas dəvət etmir? Niyə bəzi elmi institutların universitet elmi ilə, bəzilərinin isə müvafiq sahə elmi ilə inteqrasiyasından bu dərəcədə narahatdırlar? Akademiyada humanitar və ictimai elmlərin prioritetliyi konsepsiyasının müzakirəsindən niyə belə çəkinirlər?!  
 
Səlahəddin XƏLİLOV
 



Bu yazı ( 816 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar