12px14px16px18px

Akademiya və akademiyalar

Səlahəddin XƏLİLOV
01:52 / 29.04.2010


Akademiyalar – təhsil müəssisəsi kimi

Dövlət idarəçilik orqanlarının, nazirlik, komitə və şirkətlərin elmi əsaslar üzərində çalışa bilməsi üçün onların nəzdində müvafiq sahə elmlərinin yaradılmasına və onların fəaliyyətinin müvafiq nəzəri tədqiqatlarla əlaqələndirilməsinə böyük ehtiyac var. Lakin təəssüf ki, bəzi nazirliklər və dövlət komitələri öz nəzdlərində müvafiq elmi qurumlar yaratmaq əvəzinə, təhsil müəssisələri açırlar. Yəni hərə özü üçün kadr hazırlığını da öz üzərinə götürməyə çalışır. Biz ali təhsilli kadrların bu və ya digər nazirliyin, müvafiq fəaliyyət sahələrinin spesifikasına uyğun olan əlavə praktik bilik və vərdişləri mənimsəməsi üçün ixtisasartırma kurslarının açılmasını və bu kursların məhz müvafiq sahə elminin (elm-istehsalat birliyinin) nəzdində açılmasını məqsədəuyğun hesab edirik. Lakin bunun əvəzinə hər hansı bir nazirlik bakalavr hazırlayan təhsil müəssisəsi açmaq fikrinə düşürsə, bunu müasir tələblərlə heç cür əlaqələndirmək mümkün deyil. Axı, maşınqayırma, nəqliyyat, gömrük işi, təhlükəsizlik sistemi, polis, digər hüquq-mühafizə orqanlarının öz spesifik fəaliyyəti olduğu kimi, təhsil də spesifik bir sahədir. Və onun da öz elmi-metodoloji bazası olmalıdır. Hər bir idarə, hər bir praktik fəaliyyət sahəsinin icra orqanı özü üçün ali məktəb açacaqsa, onda dövlətin təhsil şəbəkəsi, çoxsaylı dövlət universitetləri nə üçündür? Biz hələ özəl universitetləri demirik.
Belə düşünmək olardı ki, hər hansı bir nazirlik kadr seçərkən, öz nəzdindəki ali məktəbin məzunlarına üstünlük verəcək. Amma dövlət qulluğuna qəbul qaydaları buna yol vermir. Axı, bakalavr səviyyəsində təhsil üçün dar ixtisaslaşma bilikləri və praktik-əməli vərdişlərdən daha çox, ümumi dünyagörüşü, humanitar mədəniyyət, müvafiq sahənin fəlsəfi və metodoloji əsasları öyrədilməlidir. Bunları kim öyrətməlidir? Hər bir nazirlik humanitar və ictimai elmlər sahəsində də özünün tədris-metodiki bazasınımı yaratmalıdır? Daha yaxşı olmazmı ki, ixtisaslaşmış Akademiyalar fəaliyyət sahəsinin əsasən elmi-metodiki təminatı ilə məşğul olsunlar və kadr hazırlığına ancaq magistratura səviyyəsində başlasınlar?
Sahələr üzrə yüksək ixtisaslı kadr hazırlığında vəziyyət ürəkaçan olmasa da, nə yaxşı ki, Avropa standartlarına uyğun olan gözəl nümunələr də var. Daha doğrusu, hələlik tək bir nümunə vardır. Biz Xarici İşlər Nazirliyinin bu sahədəki praktikasını nəzərdə tuturuq. Neçə il öncə bu Nazirliyin də nəzdində müvafiq Akademiyanın açılmasına və burada həm bakalavr, həm də magistr səviyyəsində tələbə hazırlığına icazə verilməsinə baxmayaraq, Ali Diplomatiya Akademiyası işə bakalavr hazırlığından başlamayıb, əvvəlcə müvafiq elmi-metodiki baza yaratmaqla məşğul olub və ancaq bundan sonra nazirliyin öz işçiləri üçün ixtisasartırma kursları açıb, nəhayət, magistratura pilləsində tələbə qəbuluna başlayıb. Niyə? Niyə digər nazirliklər icazələrini alan günün səhərisi elə ilk addımlarını bakalavr hazırlığı səviyyəsində atdığı halda, ADA buna tələsmir və ya heç ehtiyac da duymur? Çünki ölkəmizdə Bakı Dövlət Universiteti başda olmaqla, neçə-neçə ali məktəblərdə müvafiq humanitar sahələr üzrə bakalavr hazırlığı həyata keçirilir. Və kadrları elə onların arasından seçmək imkanı olduğu üçün, əsas diqqət məhz diplomatik fəaliyyətin özəllikləri ilə bağlı xüsusi biliklər üzərində qurulmuş magistratura pilləsinə və ixtisasartırma kurslarına yönəldilir.
Akademiyalar – ixtisaslaşmış elmi mərkəzlər kimi
AMEA heç də bütün sahələr üzrə elmi mərkəz rolunu oynaya bilməz. Məsələn, tibb elmləri sahəsində əsas elmi mərkəz haradadır? AMEA tibb elmlərini necə koordinasiya edə bilər?
Məgər statusuna görə “Tibb Universiteti” əslində məhz Akademiya deyilmi? Və bu Tibb Akademiyası məzmun və funksiyasına görə “Təhsil-Elm-İstehsalat (baxılan halda – səhiyyə)” birliyi deyilmi? Bunu hansı isə dolayı yollarla AMEA ilə necə əlaqələndirmək və tibb elmini necə AMEA-dan koordinasiya etmək olar? Rektorun eyni zamanda AMEA-da müvafiq bölmənin akademik-katibi seçilməsi ilə iş düzəlirmi?
Yaxud başqa bir sahəyə baxaq: Aviasiya Azərbaycanda nisbətən yeni bir sahədir və onun elmi bazası da son illər ərzində yaranmaqdadır. Amma bu elmi baza harada yaranır: AMEA-da, yoxsa Milli Aviasiya Akademiyasında? Şübhəsiz ki, sonuncuda. Bu baxımdan, Milli Aviasiya Akademiyası da bir “Təhsil-Elm-İstehsalat” mərkəzi deyilmi və müvafiq sahə elmlərini də özündə birləşdirmirmi?
Yaxud AMEA-dan da əvvəl mövcud olan Dövlət Neft Akademiyasının funksiyalarına nəzər salaq. Məgər bu akademiya neft sənayesi və onun elmi-riyazi əsasları sahəsində əsas elmi mərkəz deyilmi? Daha doğrusu, bütün məqsəd bu akademiyanın əvvəlki şöhrətini qaytarmaq və onu getdikcə daha çox dərəcədə təhsil müəssisəsinə çevrilməkdən xilas edərək, “Elm-Təhsil-İstehsalat” mərkəzi kimi formalaşdırmaqdan ibarət olmalı deyilmi? Bu qurumun Neft Şirkəti ilə əlaqələri məhz elmi-texniki yaradıcılıq aspektində daha da gücləndirilməli deyilmi? Və o, müvafiq sahə elmlərinin mərkəzi bazası olaraq qalmalı deyilmi? Yoxsa biz onu da AMEA-dan koordinasiya edəcəyik?
AMEA öz əsasnaməsində real imkanlarından və gerçək missiyasından fərqli olan funksiyaları da öz üzərinə götürübsə, biz sahə elmlərinin olub-qalan potensialını da tükətməyəmi çalışmalıyıq?
Yaxud hüquq sahəsinə baxaq. BDU-nun hüquq fakültəsində və bu sahədə ixtisaslaşmış akademiyalarda, neçə onilliklər ərzində fəaliyyət göstərən kafedralar və yüksək ixtisaslı professor-müəllim heyəti olduğu halda, artıq formalaşmış bu elmi mərkəzlərə AMEA nəzdində alternativ yaratmağa ehtiyac varmı? Onsuz da AMEA-da “İnsan hüquqları” üzrə ayrıca bir institut fəaliyyət göstərir. Üstəlik Fəlsəfə İnstitutunu hüquqlaşdırmaq siyasəti hansı ehtiyacdan irəli gəlir?
Yaxud Mədəniyyət və İncəsənət Universitetini müvafiq sahədə “Elm-Təhsil-İstehsalat” birliyi kimi formalaşdırmaq və bu məqsədlə AMEA-nın müvafiq institutu ilə inteqrasiya aparmaq mümkün deyilmi?
Suallar çoxdur, sadəcə olaraq sovet dövründən qalmış ənənəvi strukturları eynən saxlamaqla aparılan hər hansı bir islahat vahid dövlətçilik mövqeyindən həyata keçirilə bilməz. Çünki islahatlar zamanı hər bir qurumun deyil, bütövlükdə dövlətin maraqları önə çəkilməlidir.
Bir məqamı da xüsusi qeyd etməyə ehtiyac var ki, belə fundamental islahatlar kimlərinsə ixtisar olunmasını, işsizlik yaradılmasını deyil, əksinə, hər bir işçinin öz fəaliyyət istiqamətinə uyğun dövlət qurumunda çalışmasını nəzərdə tutur.

AMEA-nın fərqi nədədir?

AMEA-nın mahiyyəti, struktur və funksiyaları haqqında tənqidi mülahizələri “ümumiyyətlə AMEA lazımdırmı?” sualına çevirmək və bu sualdan antitez kimi yararlanmaq istəyənlərin isə nəzərinə çatdırmaq istərdik ki, AMEA nəinki sadəcə olaraq lazımdır, həm də daha mötəbər, daha nüfuzlu bir təşkilat kimi lazımdır. Unutmaq olmaz ki, bunu ulu öndərimiz Heydər Əliyev də dönə-dönə deyib və ölkəmizdə elmin inkişafı üçün təminat yaradılması zərurətini xüsusi qeyd edib. Prezident İlham Əliyev də bu xətti davam etdirir. Yəni AMEA-nın qalıb-qalmaması məsələsi gündəmdə yoxdur. Söhbət onun statusundan, strukturundan, funksiyalarından, prioritetlərindən gedir. Məsələnin optimal həlli üçün Akademiyanın mahiyyəti önə çəkilməlidir.
AMEA ilk növbədə, dünya praktikasına uyğun olaraq, bütün elm sahələrində ən yüksək nailiyyətlər əldə etmiş böyük alimlərin – akademiklərin ictimai birliyidir. Düzdür, Azərbaycanda bu ictimai birlik dövlət büdcəsindən maliyyələşir və bu fakt ölkəmizdə elmə qayğının bariz ifadələrindən biridir. Bu himayə ilk növbədə onun binalarının və maddi-texniki bazasının dövlət tərəfindən əvəzsiz verilməsində, AMEA-nın həqiqi və müxbir üzvlərinə yüksək məvacib ayrılmasında və bir sıra başqa imtiyazlarda özünü göstərir.
Bu yüksək nüfuzlu təşkilat ölkəmizdə təkcə elmin yox, ümumiyyətlə mədəniyyətin, təhsilin, mənəviyyatın inkişafı naminə öz sanballı sözünü deməli, dövlətimizin apardığı böyük quruculuq işinə, həyata keçirdiyi strateji xəttə dəstək verməlidir. Və ümid edirik ki, Akademiyanın nüfuzu hər mənada artacaq və o digər akademiyalarla tədqiqat sahələrini bölüşməyə çalışmayaraq, bir növ onların fövqündə duran quruma çevriləcək.
İslahat və müzakirə tələb edən isə ilk növbədə AMEA-nın nəzdindəki elmi-tədqiqat institutlarıdır. Bizcə, onların çeşidinə və funksiyalarına yenidən baxılmalı, “Elm-İstehsalat” və “Təhsil-Elm-İstehsalat” birlikləri ilə inteqrasiya variantları nəzərdən keçirilməlidir. Belə bir islahatdan sonra AMEA əsasnaməsində nəzərdə tutulan koordinasiya rolunu, mərkəzləşdirici funksiyasını yerinə yetirə biləcəkmi?
Nə qədər paradoksal görünsə də, AMEA öz üzərinə götürdüyü əlaqələndici missiyasını ancaq bu zaman, dublyor qurumlardan xilas olmaqla, öz işini ancaq aparıcı, prioritet sahələr üzərində, elm təşkilatçılığı istiqamətində qurmaqla yerinə yetirə bilər. Çünki bu halda “özümünkü” və “başqasınınkı” olmayacaq və akademiklər birliyi bütün sahələrə eyni ucalıqdan baxa biləcək.
AMEA-nın – akademiklər birliyinin indiki şəraitdə arxa plana keçmiş, lakin əslində ən mühüm funksiyaları da ancaq bu zaman hərəkətlənə bilər. Həmin funksiyalar, məsələn, bunlardır:
Azərbaycanda aparıcı elm sahələrinin müəyyənləşdirilməsi və təsnifatı, elmi standartların və tələblərin müəyyənləşdirilməsi – bu məqsədlə AMEA-nın nəzdində Elmşünaslıq institutunun yaradılması;
Universitet elmi və sahə elmlərinin, ixtisaslaşmış akademiyaların, “Elm-Təhsil-İstehsalat” birliklərinin elmi fəaliyyət istiqamətlərinin ümumi mənzərəsinin yaradılması və elmi işlərin koordinasiyası;
Ölkəmizdə nüfuzlu elmi jurnalların fəaliyyətinin və nəşrinin təşkil edilməsi;
Öz həqiqi təyinatından uzaqlaşaraq bir dilçilik qurumuna çevrilmiş Terminologiya komitəsinin fəaliyyətinin canlandırılması, bütün ixtisas sahələri üzrə ən görkəmli mütəxəssislərin bu işə cəlb olunması;
Koordinasiya şuralarının formal şəkildə deyil, gerçək fəaliyyətinin təşkil olunması və “ictimai əsaslarla” fəaliyyət praktikasından uzaqlaşaraq, bu iş üçün yetərli dərəcədə ştat və vəsait ayrılması;
Elmi tədqiqat layihələrinin dəyərləndirilməsi və bu işin təşkilində Elmin İnkişaf Fondu ilə sıx əlaqə yaradılması.
İş prosesində, şübhəsiz ki, neçə-neçə yeni istiqamətlər ortaya çıxa bilər. Əsas məsələ isə mərkəzləşdirmə və koordinasiya funksiyalarının sözdə deyil, işdə həyata keçirilməsi və bu sahələrin institutlaşmasıdır.

Səlahəddin XƏLİLOV




Bu yazı ( 578 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar