12px14px16px18px

“Zərif çərşənbə”də fəlsəfə notları

Səlahəddin XƏLİLOV
00:08 / 24.11.2009
 
      ANS TV-nin orijinal formatdakı “Zərif çərşənbə” verilişinin aparıcıları özləri zərif olsalar da, toxunduqları məsələlər bəzən fəlsəfi ağırlığı ilə diqqəti cəlb edir. Əbu Turxanın aşağıdakı misraları yada düşür:
 
Çevrilər pıçıltı, həzinlik, şəfqət
Ulu bir qüvvəyə... Bil ki, həqiqət
Üzdə zərifdirsə, dərində azman,
 
      Son sözü düz sözə verəcək zaman!
      Axırıncı verilişdə görkəmli bəstəkarımız Firəngiz Əlizadənin düşüncələri timsalında biz zərif cinsin təkcə zərif musiqi yaratmaq deyil, həm də ağır yaradıcılıq prosesinin fəlsəfi yükünü də daşımaq qüdrətinin şahidi olduq.  
      Onun musiqisi Avropanı necə fəth edir? Bəlkə o bir Avropa düşüncəsinin və duyğularının məhsuludur? Bu sual ilk ağıla gələn sualdır və bəsit düşüncənin məhsuludur. Belə ki, heç kim qərblilərin özündən daha çox qərbli ola bilməz. Bu gün Qərb onu təkrarlayan bir şeyə deyil, özündə olmayan və özünü tamamlamağa imkan verən bir şeyə möhtacdır: ədəbiyyatda da, fəlsəfədə də, musiqidə də!
      Firəngiz xanım da əslində qərblilər üçün yeni bir mənəvi-estetik ovqatı – Şərq ruhunu ifadə edir. Sadəcə olaraq bunu ən müasir Qərb musiqi texnikası və metodikasının vasitəçiliyi ilə edir. Başqa sözlə desək, bizim milli ruhumuz Qərbin dilində danışmağa başlayır və ona görə də onlar üçün bu dərəcədə anlaşıqlı olur.
      Əbu Turxanın dediyi kimi, Şərq ruhu ilə Qərb ruhu ancaq zirvədə – fəlsəfi qatda birləşir.
      Musiqinin də fəlsəfi qatı var.
      Firəngiz Əlizadənin əsərləri də Üzeyir Hacıbəyovun bütün yaradıcılığı kimi, Qara Qarayevin “Yeddi gözəl”i, Fikrət Əmirovun və Niyazinin simfonik muğamları, Soltan Hacıbəyovun “Karvan”ı kimi insanı fəlsəfi düşüncələrə sövq edir.
      Mən musiqişünas deyiləm, Firəngiz xanımın yaradıcılığını da nə üçün sevdiyimi anlamaq və izah etmək mənim üçün çətindir, o ki qala bu barədə nə isə yazmaq...
      Amma yazmaq qərarına gəldim. Firəngiz xanımın musiqi dünyasından yox, fəlsəfi dünyasından! Buna səbəb də məhz onun haqqında bəhs etdiyimiz “Zərif çərşənbə” verilişindəki çıxışı oldu. Burada o öz fəlsəfi dünyasını musiqi yaradıcılığının dili ilə deyil, adi danışıq dilində, necə deyərlər, söhbət əsnasında ifadə etdi. Dediklərinin fəlsəfəyə aidiyyəti olduğunu bəlkə heç ağlına da gətirməyən görkəmli bəstəkarın öz musiqi yaradıcılığı haqqındakı fikirləri mənim diqqətimi ona görə çəkdi ki, bu deyilənlər nəinki hansı isə bir fəlsəfi tədqiqat üçün empirik baza, faktiki material ola bilərdi, – əslində bu da az önəmli deyil, lakin bu deyilənlər həm də öz yaradıcılıq prosesini dərk etməyə çalışan, onu sadə dildə ifadə edən və bu zaman necə çətin bir fəlsəfi problemin izahına qalxışdığının heç fərqində də olmayan səmimi bir etiraf idi.
      Həmin fikirlər fəlsəfi terminlərlə ifadə olunsaydı, onların elmi-fəlsəfi dəyəri daha aydın görünərdi. Lakin bu, təbii ki, Firəngiz xanımın işi deyil. Necə ki, bədii yaradıcılıqdan yazan bir filosofun bilavasitə özünün bədii əsər yaratması şərt deyil, eləcə də yaradıcı şəxs bu prosesin məğzini nəzəri özünüdərk səviyyəsində açmaq məcburiyyətində deyil. Lakin bədii yaradıcılıqla fəlsəfi təfəkkürün görüşünə böyük ehtiyac var. Belə görüşlər heç də həmişə baş tutmur. Bəstəkarlar da digər sənətkarlar kimi ictimaiyyətə yaradıcılıq prosesini deyil, onun son məhsulunu çatdırırlar. Proses özü isə çox vaxt gizli qalır.
      Lakin bizim bugünkü söhbətimiz “Zərif çərşənbə”dən başlamışdır. Və biz konkret olaraq Firəngiz xanımın üç fikri üzərində dayanmaq istəyirik.
      Həmsöhbətlərin “Siz nəyə görə bədii filmlərə musiqi yazmırsınız?” sualına cavab verən Firəngiz xanım bəstəkarın psixoloji-estetik əhvalının “hazır məhsulla” deyil, yaradıcılıq prosesinin özü ilə həmahəng surətdə formalaşması zərurətini qeyd etdi.
      Heç bir filmdə insan taleyinin alternativ yolları və bunların arasından seçim edən bədii qəhrəmanın öz taleyini yaratmaq əzmi tam ifadə olunmur. Çünki filmlərdə ancaq yollardan biri öz əksini tapa bilir. Qəhrəmanın səhnə taleyini müəyyənləşdirən qərarların verilməsi üçün istifadə olunan mənəvi-intellektual resurs səhnə arxasında qalır. Bəli, hazır film və yaradıcılıq prosesi müxtəlif hadisələrdir və böyük sənətkarlar bunun fərqini çox gözəl bilirlər. Sənətkarın iç dünyası da məhz yaradıcılıq prosesində üzə çıxır. Bu məqamda Firəngiz xanımın vurğuladığı ikinci fəlsəfi fikir yada düşür: “Mənim öz iç dünyam vardır və bura heç kim daxil ola bilməz”. Sənətkar məhz öz iç dünyasını ifadə edir. Lakin gözəl sənət əsərinin yaranması üçün bu iç dünyası kifayət qədər saf və zəngin olmalıdır. Dünyagörüşü məhdud olan, ya da mənəviyyatca təmiz olmayan insan böyük əsərlər yarada bilməz. İndi psevdosənətlə çoxları məşğul olur. Onların “yaratdıqları” çox vaxt ya plagiat, ya da ən yaxşı halda kompilyasiya olur. Sənətə nə isə yeni bir ideya, yeni nəfəs gətirmək, onu özünəməxsus, orijinal bir istiqamətlə zənginləşdirmək hər adama müyəssər olmur. Bunun üçün əvvəlcə fərdi mənəvi aləmin unikallığı və orijinallığı tələb olunur. Mükəmməl texnikaya yiyələnmək yüksək təhsil sayəsində də mümkündür. Amma dünyanın ən nüfuzlu universitetlərində və ya konservatoriyalarında təhsil alan insan da əgər öz dünyagörüşünə və fərdi mənəvi aləminə görə orijinal deyilsə, sənətdə də yeni yol aça bilməz. Firəngiz xanımın qərblilərdən geri qalmayan yüksək musiqi təhsili onun avropalılardan fərqli və əslində daha zəngin mənəvi aləmini, “heç kimin daxil ola bilmədiyi öz iç dünyasını” avropalıların anlaya biləcəyi müasir musiqi dilində ifadə etməyə imkan verir.
      Lakin insanın mənəviyyatca zəngin və orijinal olması və üstəlik müasir yaradıcılıq texnologiyasına yüksək səviyyədə bələd olması da böyük sənət əsərinin yaranması üçün hələ yetərli deyil. Böyük fəlsəfi dünyagörüşü, zəngin və saf mənəviyyatı olan şəxslərin hamısı heç də həmişə yaradıcılıq məqamına yüksələ bilmir. Bunun üçün üçüncü bir amil də tələb olunur. Ruhun qanadlanması, iç aləminin aşıb-daşması və bunlara vəsilə ola biləcək əlavə bir qığılcım da lazımdır. Sənətkar ancaq müəyyən bir məqama yüksələrkən yarada bilir. Buna Şərq fəlsəfəsində ilham, vəcd, kəşf məqamı deyilir. Maraqlıdır ki, məhz bu cəhət marksist-leninçi fəlsəfədə, digər materialist təlimlərdə yaradıcılığın mühüm amilləri sırasına daxil edilmir, yaxına buraxılmırdı. Ona görə də Azərbaycan fəlsəfi fikrində bu məsələ hələ indi də kifayət qədər öyrənilməmişdir. Bəs Firəngiz xanım yaradıcılıqdan bəhs edərkən bu məqamı necə ifadə edə bildi? Bax, bu yerdə o bizim üçün maraq doğuran üçüncü fəlsəfi fikri özünəməxsus tərzdə ifadə etdi. O, fəlsəfədə işlənməyən “coşmaq” kəlməsinə müraciət etdi. Bu söz yaradıcılıq prosesi üçün bayaqdan bəri izah etdiyimiz üçüncü amili çox gözəl açdı. Mürəkkəb bir fəlsəfi fikrin çox sadə, el dilində ifadəsi! Mən Şərq fəlsəfəsi tarixçilərindən təsəvvüfdə belə bir terminin olub-olmadığını soruşdum. Sən demə, sufilər “şataha” (ərəbcədən tərcüməsi aşıb-daşmaq, coşmaq imiş) felindən yaranmış “şathiyyat” terminindən istifadə edirlərmiş. Önəmli olan budur ki, duyğu orqanları ilə xaricdən, hissi təcrübədən alınan qavramlardan fərqli olaraq, insan xaricə deyil, daxilə, iç dünyasına müraciət etdikdə və bu dünyanın gizli, qaranlıq qatlarına endikdə burada ilişib qala da bilər. Buna xəyala dalmaq deyirlər. Lakin bir də var ki, hansı isə böyük bir enerjinin, təkanın sayəsində iç dünyası dalğalanır, aşıb-daşır və sən də bu dalğaların üzərində işıqlı dünyaya qayıdırsan. Amma artıq “dolmuş” halda, dərin qatlardan gələn ərməğanla birlikdə.
      Xarici təsir yaradıcı insanın öz daxili dünyasına enməsi üçün bir stimul olduğu kimi, daxildən intixab edilmişləri yenidən xarici dünyaya qaytara bilmək üçün də xüsusi bir qabiliyyət tələb olunur. Filosoflar buna fəlsəfi təfəkkürün və terminlərin köməyi ilə, sənətkarlar isə öz bədii yaradıcılığı sayəsində nail olurlar. Hegel “Estetika haqqında mühazirələr”ində “təxəyyülün gücü” və “fantaziya” anlayışlarından istifadə edir və əsaslandırmağa çalışır ki, sənətkar üçün passiv təxəyyüldən aktiv fantaziya səviyyəsinə qalxmaq tələb olunur. Diqqəti belə bir cəhət cəlb edir ki, biz bir qayda olaraq “fantaziya” anlayışını elə “təxəyyül” kimi tərcümə edirik. Amma Hegel fəlsəfəsində fantaziyanı təxəyyüldən fərqləndirmək və bu fərqin nədən ibarət olduğunu aydınlaşdırmaq cəhdi göstərilir. 
      Hər hansı bir fikrin ifadəsi üçün ən əsas şərt terminlərin düzgün seçilməsidir. Bu məqamda, Hegel kimi bir dahi də terminoloji çətinliklə üzləşir və ya tərcümə zamanı rus dilinin zənginlik dərəcəsi buna imkan vermir. Hər halda əsas məsələ iç dünyası ilə xarici dünya arasında münasibət məsələsidir. Hegel yazır: “İnsan fikirləşmədən öz içində yaşayanları aşkar edə bilməz”. Lakin “fikirləşmək” sözü, bizcə, yerinə düşmür və insanın özünü anlaması üçün şərt olsa da, ifadə etməsi üçün şərt deyil. Bədii yaradıcılıqda sənətkar öz iç dünyasında yetişmiş olan hansı isə nisbi müstəqil ideya, struktur və ya ahəngi çox vaxt birbaşa – düşünmədən ifadə edir. Şərq fəlsəfəsində buna bədahətən yazıb-yaratmaq deyilir. Filosof sənətkar isə bədahətən yaratdıqlarını fikir səviyyəsində də dərk edir. Bu, bədii təxəyyüllə fəlsəfi təfəkkürün ittifaqı və ya vəhdət məqamıdır.  
      Hegel yazır: “Bununla biz demək istəmirik ki, sənətkar dində də, fəlsəfə və incəsənətdə də hər şeyin universal əsasını təşkil edən həqiqi başlanğıcı fəlsəfi fikir formasında mənimsəməlidir”. Biz də bunu demək istəmirik. Amma biz sadəcə bunu vurğulayırıq ki, qeyri-şüuri səviyyədə ifadə və təlqin olunan duyğuların həqiqi siması və əxlaqi-mənəvi yönü ancaq onların fəlsəfi şərhi sayəsində açılır. Və sənətkar öz yaradıcılığına özünüdərk səviyyəsində yanaşa bilirsə, bu zaman sənətin milli ruhun ifadəçisinə çevrilmək şansı yaranır. Bəstəkar Firəngiz Əlizadənin “Zərif çərşənbə”dəki söhbəti onun məhz özünüdərk səviyyəsində yazıb-yaratdığını bir daha sübut etdi.
 
 
Səlahəddin XƏLİLOV
 
 



Bu yazı ( 964 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar