12px14px16px18px

İnsan

Səlahəddin Xəlilovun
01:18 / 03.03.2012
 
İnsan bir kitabdır ki, zaman keçdikcə başqaları tərəfindən səhifə-səhifə oxunur və nə qədər diqqətlə oxunsa da, açılmayan səhifələrin sayı daha çox olur. İnsanın özü isə əksər hallarda öz kitabını oxumaq və dinləmək imkanına malik olmur. O öz nitqi və əməlləri ilə başqaları üçün açılsa da, başqaları tərəfindən oxunsa da, onun içində daha nələr olduğu, sabah nələr etməyə qadir olduğu, bu dünyaya nə kimi bir missiya ilə gəldiyi tam bilinmir.
İnsan dünyaya boş yerdə gəlmir. Ona qədər müəyyən təbii və ictimai mühit mövcud olur. Və bu mühitin öz ruhu (nəfsi), öz meyarları və prioritet maraq dairəsi vardır. Bu mühitə düşən insanlar həmin bu maraqlara xidmət etməyə, öz həyatını həmin bu meyarlar baxımından qurmağa çalışırlar.       
Müasir dövrdə bəşəriyyətin əldə etdiyi ictimai təcrübə və yüksəldiyi intellektual səviyyədən elm, fəlsəfə, din, əxlaq və digər mənəvi dəyərlər sisteminə yenidən baxılmasına, onların insan həyatında rolunun yenidən dəyərləndirilməsinə böyük ehtiyac vardır.
Cəmiyyətin yüksək dərəcədə təşkilatlanmış olduğu bir şəraitdə hər bir insanın fərdi həyatı özündən daha çox, kənar amillərdən asılı olur. İnsan hələ dünyaya gəlməmiş, onun yaşamalı olduğu təbii, sosial-iqtisadi və mədəni-mənəvi mühit artıq formalaşmış olur və bu mühit fərdlə müqayisədə qat-qat böyük miqyaslı proseslərlə bağlı olduğundan xeyli dərəcədə ətalətli və konservativ olur. Onun azacıq da olsa dəyişdirilməsi, bir tərəfdən, böyük daxili enerji, inqilabi təfəkkür və əzm, digər tərəfdən də sosial enerjinin konsentrasiyası, ictimai şüurun yönəldilməsi və idarə olunması – sosial təşkilatlanma tələb edir.
Lakin mühiti dəyişmək zəruridirmi? Daha doğrusu, həmişəmi buna ehtiyac vardır?
İnsan müəyyən zamanda və məkanda dünyaya gəlir. Bu, onun qismətidir. O ya öz taleyi, qisməti ilə barışmalı və mühitə uyğunlaşmalı, ya da mühiti dəyişdirmək kimi çətin bir yola qədəm qoymalıdır ki, bu yol da ancaq daxildən gələn işıqla aydınlaşa bilər.
Mühitə qarşı dayana biləcək, ona alternativ ola biləcək yeganə mənbə insanın daxili mənəvi aləmidir. Sual oluna bilər ki, bəs daxili aləm özü də mühitin təsiri ilə formalaşmırmı? Əlbəttə, mühitin müəyyən bir təsiri vardır. Amma tam əksinə olan bir proses də gedir; mühit özü sosiallaşmış mənəvi potensialdır. İnsanların ideyaları, düşüncə və arzuları öz maddi təcəssümünü tapdıqca, təbiət özü də insanlaşır; ikinci təbiət yaranır. İnsanların ehtiyacına uyğunlaşmış təbiət ictimai münasibətlərin daha dayanıqlı, sabit olmasına şərait yaradır. İnsanın mənəvi həyatı onun maddi varlığı, bədəni ilə bağlı olduğu kimi, cəmiyyətin də mənəvi həyatı maddi mədəniyyətlə, ictimai münasibətlər sistemi ilə sosiallaşmış təbiətlə sıx surətdə bağlı olur. Əvvəlki nəslin ideyaları onun yaratdıqlarının timsalında sonrakı nəsil üçün mühitə, bazisə çevrilir. Bu bazis mürəkkəb, sinkretik sistem olmaqla həm ictimai mühiti, həm sosial-təbii mühiti, həm də mədəni-mənəvi mühiti ehtiva edir. İctimai varlıqla ictimai mühit sıx surətdə bağlıdır. Lakin insan mühitə bağlanmaq məcburiyyətindədirmi?
Özünü dərk etmək, tanımaq, həyatını öz meyarlarına uyğun şəkildə qurmaq heç də bütün insanlara qismət olmur. Neçə-neçə insan bu dünyada həyat sürüb, başqaları ilə ünsiyyətdə olub, başqalarını tanıyıb, onlarla iş birliyi qurub, amma bir dəfə də olsun özü ilə görüşmək, özünü tanımaq və öz seçimi ilə nə isə bir iş görmək şansı olmayıb. Daha doğrusu, bu şans bəlkə də olub, amma o bu şansdan istifadə etmək cəsarətini özündə tapmayıb.
Amma kimə ki, özü ilə ilk dəfə görüşmək nəsib olur, onun keçirdiyi hisslər ürək çırpıntıları və heyrətlə müşayiət olunur. Başqasının istəklərinə və düşüncələrinə soyuqqanlı yanaşmaq, onları tənqidi surətdə nəzərdən keçirmək emosiyasız da mümkündür. Yaxın adamların mövqeyinə, həyat tərzinə biganə qalmaq çətindir. Özünə qarşı biganəlik isə qeyri-mümkündür. Düzdür, insan özünü heç tanımadan rahatca “yaşayır”. Amma əslində kimin həyatını yaşayır? Başqalarının həyatı üçün əlavəyə, vasitəyə çevrilmir ki?
Hegel “Tarix fəlsəfəsi” əsərində diqqəti insanın özünün əslində nə olması haqqında fikirlərin tarixən dəyişilməsinə yönəldir. Misirlilərin bu haqda düşüncələrini ifadə etmək üçün Neyt ilahəsinin məbədində həkk olunmuş məşhur yazını misal gətirir: “Mən o-yam ki, olmuşam, varam və olacağam: heç kim mənim pərdəmi götürməmişdir.” İnsanın özü haqqında bilgisi, özünə münasibəti problemi daha yüksək inkişaf pilləsi olan yunan təfəkküründə daha aydın qoyulur və “özünü dərk et!” şəklində konkretləşir. Hegel bu fikri izah edərək yazır ki, burada söhbət heç də hər bir insanın öz müsbət və mənfi, üstün və zəif cəhətlərini anlamasından getmir. Əsas məsələ ümumiyyətlə insanın özünü dərk etməsidir. Bu mənada özünüdərk Öz-ün, fərdi Mən-in yox, insan ümumisinin dərkidir və tarixi bir prosesdir. Lakin hər bir insanın öz şəxsi həyatında məhz öz fərdi varlığını dərk etməsi problemi də çox önəmlidir. Həm də bu zaman proses daha çox dərəcədə duyğu, hissiyyat müstəvisində gedir, insan həyatının tərkib hissəsi kimi yaşanır.
Özünün əslində kim olduğunu, ürəyindən nələr keçdiyini bilmək imkanı insanı vahimələndirir. İnsanın özü ilə görüşü onun özü haqqında yaratdığı himsiz-bünövrəsiz, təxmini, ufaq obrazın, bəzən mifin dağılması ilə nəticələnə bilər və insanın həqiqi siması özü üçün tam bir yenilik ola bilər. Şopenhauer yazır ki, insandan başqa heç bir varlıq öz mövcudluğuna təəccüb və heyrətlə baxmır. İnsan öz şüurlu həyatını yaşayarkən, öz mövcudluğuna izahat tələb etməyən bir reallıq kimi baxır. Lakin insanın öz Mən-inə kənardan baxmaq imkanı fəlsəfi düşüncələrin əsası olur və məlum olur ki, insanın kortəbii fəaliyyəti çox vaxt onun öz maraqlarının əksinə yönəlmişdir.
Bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü surətdə çəkinir, öz həyat tərzini mövcud sosial normalara, mənəvi prinsiplərə, əxlaqi dəyərlərə uyğun surətdə qurmağa çalışır və əslində nə kimi bir materialla işlədiklərinin fərqinə varmırlar. Lakin bu material insanın istəyindən, arzusundan asılı olmadan irəlicədən verilmiş, başqası tərəfindən yaradılmış bir gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya meditasiya, ya da fəlsəfi reduksiya zamanı mümkün olur. Hər iki halda insan bütün kənar təsirlərdən, sonradan əldə edilmiş keyfiyyətlərdən, cəmiyyətin, mühitin insana təlqin etdiklərindən uzaqlaşmaq, “xilas olmaq” yolu ilə özünə yaxınlaşmağa çalışır. Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq insanın həqiqi Mən-inin realizasiyası kimi həyata keçir.
Lakin insan öz həyat yolunun yeganə qurucusu, özü-özünün tək subyekti deyil. Burada “alın yazısı”nı və yaşadığı dövrün və mühitin təsirlərini də nəzərə almaq lazım gəlir. İnsanın bütün həyatı mühitlə dialoqa və ya mücadiləyə həsr olunur. İnsan, onun yaxın ətrafı, uzaq ətrafı, ictimai mühit, millət, bəşəriyyət – hamısı bir zəncirin halqalarıdır.
Kənar təsirlər arasında insanın genetik koduna, proqramına, missiyasına uyğun gələn, ona təkan verən mütərəqqi amillərlə yanaşı, onu əngəlləyən mürtəce amillər də vardır: “İnsanı aşağı çəkən qüvvələr sərvət və şəhvət, insanı ucaldan – yaradıcılıqdır”.
Başqalarını adətən, əməllərinə görə, yəni gerçəklik müstəvisində tanıyırlar. Özünü isə insan ürəyindən keçənlərlə və imkanlarını düzgün qiymətləndirməklə, yəni niyyət və imkan müstəvisində tanımalıdır.
Belə bir atalar sözü var: “Alim olmaq asandır, insan olmaq – çətin”. Xatırlayıram ki, bəzi alimlər bu sözdən incidiklərini gizlətməyib, hətta televiziyadakı çıxışları zamanı isbat etməyə çalışırdılar ki, alim olmaq çox çətindir, hər adam alim ola bilməz, amma görəsən, atalarımız niyə belə deyiblər? Doğrudan da hər adam alim ola bilməz. Və bu cür yanaşdıqda məhz alim olmağın çətinliyi vurğulanmalıdır. Amma bir şey unudulur ki, bu atalar sözündə “insan” anlayışı “hər adam” mənasında deyil, “kamil insan” mənasında işlədilir. Və əslində bu iki fikri birləşdirərək belə demək daha dəqiq olardı: “Alim olmaq çətindir, kamil insan olmaq isə ondan da çətindir”; çünki onun əlavə şərtləri də var. Bura ilk növbədə yüksək mənəviyyat aiddir ki, buraya da alicənablıq, fədakarlıq, qorxmazlıq, ləyaqət və s. onlarca insani keyfiyyət daxildir və bunların heç biri “alimlik” anlayışında ehtiva olunmur.
Sual tərsinə də qoyula bilər: bəs kamil insan olmaq alimliyi də ehtiva edirmi? Əgər belə olsa idi, onda yuxarıdakı atalar sözünün dəqiqliyi mübahisə obyekti ola bilməzdi, çünki alimlik insanlığın şərtlərindən biri olmaqla ona çatmağın ancaq bir pilləsi olardı. Amma əslində alimlik insanlıq üçün şərt deyil, yəni bu iki keyfiyyət müqayisə oluna bilməyən keyfiyyətlərdir. Necə ki, kamil insan zirvəsinə çatmadan da alim olmaq mümkündür, eləcə də alimlik zirvəsinə çatmadan da kamil insan olmaq mümkündür. Bu baxımdan, hansının daha çətin olması sualı məntiqi baxımdan cavablandırıla bilməz. Əgər statistikaya müraciət etsək, əsl insanlar az olduğu kimi, əsl alimlər də azdır. Amma formal yanaşdıqda və istənilən elmi dərəcəsi olan adama alim dedikdə, bu atalar sözü özünü doğruldur, çünki rəsmi alim olmaq təhsil və təlim sayəsində çoxları üçün əlçatan olan, adi bir hadisədir. Təəssüf ki, müasir dövrdə bu atalar sözü getdikcə daha çox dərəcədə özünü doğruldur. Yəni alim olmaq asanlaşır, əsl insani keyfiyyətlər isə sanki keçmişdə qalır və nisgillə xatırlanır. Məhz buna görə də yeni deyimlər əmələ gəlir: “Yaxşı kişilər yaxşı atlara minib getdilər”. Sanki “kamil insan” axtarışları da daha artıq keçmişdə qalır. Hətta müasir ədəbiyyat da kamil insandan, “müsbət qəhrəman”dan üz döndərir və biz belə qəhrəmanlara ancaq klassik ədəbiyyatda rast gəlirik. Maraqlıdır ki, müasir fəlsəfə də, psixologiya da indi daha dahiliyin, qəhrəmanlığın deyil, anormallığın tədqiqi ilə məşğul olur. Anormallıq sənətin də obyektinə çevrilir və sanki insan azadlığının tapıntısı olur. Başqa sözlə desək, insan azadlığa ona görə can atırmış ki, anormallığın dadını çıxara bilsin. Axı, normativlər, qaydalar, ictimai əxlaq, mənəvi prinsiplər hamı üçün eynidir. Azadlığı nəyin bahasına olursa-olsun, “hamıdan” fərqlənmək kimi başa düşənlər özlərinin buna uyğun fəlsəfələrini də yaradırlar.
Nəyə görə? Çünki kamil insana gedən yolda adamlar bir-birinə yaxınlaşır və zirvədə, hətta üfüqdə eyniləşirlər. Anormallığın isə yolları istənilən qədərdir. Hərə bir cür dəli ola bilər. Hərə qaydanı öz istədiyi kimi poza bilər. Kənaraçıxma insan fərdiyyətinin əlaməti kimi təqdim olunur. Avropa individualizmi Şərqin kamil insan obrazına qarşı qoyulur. Amma halbuki pozitiv fərdiyyət, dahilik normalardan aşağı dığırlanmaq yolu ilə deyil, onların fövqünə qalxmaq yolu ilə əldə edilməlidir. İdeala gedən yol hələ keçilməmiş bir yoldur və onsuz da hər kəs öz izini qoyur və öz cığırını açır. Qəlbin qaranlıqlarına səsləyən azadlıq duyğusu və üfüqdəki, zirvədəki işığa səsləyən azadlıq duyğusu fərqli şeylərdir. Norma harada isə qaranlıqla işıq arasındadır. Normallar alatoranda yaşayırlar. İşıq dəliləri (dahilər) onları işığa, qaranlıq dəliləri (anormallar) isə onları qəlbin işığından azad olmağa səsləyirlər.
Aforizmlər
    
Hər bir insan öz sevgisi qədərdir.
lll
İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir.
lll
Özünü tanımayan insanlar öz həyatlarını yaşamırlar.
lll
Özünü tanımaq heç də hamıya sərf etmir.
lll
Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır.
lll
İnsan var, dərya kimidir: baş vurdunsa, çıxmaq çətindir; insan var, divar kimidir: qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır.
lll
“Mən”dən uzaqlaşdıqca dünya genişlənir, genişləndikcə seyrəlir və yadlaşır.
lll
Ən sərt adamın da içində bir uşaq yatır; sadəcə onu oyatmaq lazımdır.
lll
Odu sevənlər müxtəlif olur; kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə; kimi öz “canını oda yaxmaq” üçün, kimi başqalarını yandırmaq üçün.
lll
Özünü sevənlərin çoxu əslində özünü deyil, özləri haqqında uydurduqları obrazı sevirlər.
lll
Nura qovuşa bilməyənlərin qisməti nardır.
lll
Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır.
lll
İnsanın işığı artdıqca bu fani dünya ona daha qaranlıq görünür.
lll
Yolların ən mübarəki insanı özünə çatdıran yoldur.
lll
Qəlb o zaman geniş olur ki, orada hər yetənə yer olmasın.
lll
Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir.
lll
Ləyaqətsiz adamı təhqir etmək mümkün deyil.
lll
Kamillər – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar.
Müdrik adamın faciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma.
lll
İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır.
lll
İnsanın özünü xoşbəxt hesab etməsi ilə xoşbəxt olması düz, bilikli hesab etməsi ilə bilikli olması isə tərs mütənasibdir.
lll
Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur.
lll
Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uyğun gəlməsidir.
lll
İnsan özündə ən azı rüşeym halında olmayanı başqasında görə bilməz.
lll
Hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar.
lll
Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq.
lll
Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun!
lll
İnsanın mənəvi dünyası əslində dünyadakı mənaların dünyasıdır.
lll
Bu aynada mən ancaq özümü görürəm. Amma bu ayna məndən öncə neçə-neçə sifətlər görüb.
lll
“Gözü ayağının altını seçməyənlər” gec-tez həyatın girdabına düşəcəklər.
lll
Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz.
lll
Pis adamın biliklisi daha təhlükəlidir.
lll
Öz yükünü sakit şəraitdə, günəşli gündə çəkməyənlər qarda-boranda tələm-tələsik çəkmək zorundadırlar.
Əbu Turxanın hikmət dünyası
Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında



Bu yazı ( 206 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar