12px14px16px18px

Tarixçilərin səhvi

Səlahəddin XƏLİLOV
02:16 / 10.03.2010


Kant tərəfindən irəli sürülən vahid planetar dövlət ideyası, Hegelin ümumdünya-tarixi təfəkkür ideyası, K.Yaspersin “məhvər zaman” təlimi və başqaları ictimai zəruri inkişaf tendensiyasını ifadə etməklə fərddən millətə, millətdən bəşəriyyətə gedən yolun qanunauyğunluqlarını, mahiyyətini izah edir. Bu yolun bir məntəqəsi olan dövlət də əksər mütəfəkkirlər tərəfindən ictimai sazişin nəticəsi kimi izah olunub. Yəni, insanlar cəmiyyəti daha yaxşı idarə etmək üçün ictimai təşkilatlanmanın optimal formalarını axtarır və müxtəlif ictimai-siyasi inkişaf mərhələlərində həmin inkişaf səviyyəsinə adekvat olan idarəçilik formaları tapılır. Bu məntiqlə bütün bəşəriyyət miqyasındakı vahid idarəçilik sistemi də ictimai sazişin nəticəsi olmalıdır. Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq hüquq normaları məhz bu məntiqdən doğub. Bu proses, əlbəttə, qloballaşma adlandırıla bilərdi, lakin belə olmayıb. İndi qloballaşma adı ilə təqdim olunan tendensiya nəzərdən keçirdiyimiz bəşər tarixinin məntiqi davamı kimi ortaya çıxmır. Ona görə də bu iki proses fərqləndirilməlidir.
Əvvəlcə, aydınlaşdırmaq lazımdır ki, mahiyyəti etibarilə ümumbəşəriləşmə, ictimai qloballaşma olan real tarixi inkişaf prosesi, fərddən bəşəriyyətə gedən yol fəlsəfi ədəbiyyatda öz əksini hansı terminlərlə tapıb. Şübhəsiz ki, ilk növbədə sivilizasiya termini ilə! Hətta sözün etimologiyasından da göründüyü kimi, söhbət ictimailəşmədən, fərd müstəvisindən ictimai toplum, cəmiyyət müstəvisinə keçiddən gedir. Və məhz sivilizasiya insanların birləşməsindən, birgə əməli fəaliyyətdən doğan yeni enerji potensialının daşıyıcısı olur. Yəni, toplumun gücü fərdlərin gücünün cəmindən çox olur. Və fərdlər təbiətlə, dünya ilə qarşılıqlı münasibətində bu yeni güc potensialından istifadə etməyə başlayır.
İnsan özünü hələ dünyadan, təbiətdən ayırmadığı vaxtlarda o, bütöv idi. Özünü təbiətə qarşı qoyduqca, ayrıldıqca, bu bütövlükdə boş sahələr yaranmağa başladı. Və bu boşluq insanın zehni və əməli fəaliyyəti ilə əsrlər boyu damla-damla yeni məzmun, yeni mahiyyətlə doldurulmuş oldu.
Dünyanı bir küll halında duyan, hiss edən insan onu rasional düşüncə ilə anlamaq üçün hissələrə ayırdı. Bütöv dünya parça-parça oldu, hadisələr toplumuna çevrildi. İnsanın məni də parçalandı və yenidən rekonstruksiya olundu. Pozulmuş intuitiv ahəngin yeni rasional ahənglə əvəzlənməsi üçün neçə-neçə minilliklər ərzində insanın rasional quruculuq fəaliyyəti lazım gəldi.
Rasionallaşma, dünyaya seyrci münasibət, dünyanın məntiqi dərki insanı özündən ayırıb, bütövlüyündən məhrum edib, təbiətin, maddi dünyanın qoynuna atdı. Mifik dünya, əsrarəngiz dünya, poetik dünya buz kimi soyuq ağlın təmasından çatladı, hissələrə ayrıldı.
Bu bölünmə hissi idrakın hökmü ilə həyata keçirildi. Yenidən bütövləşmək, ayrı-ayrı parçaları və rakursları ortaq məxrəcə gətirmək, hissələrin arxasında tamı görmək, hissi obrazların arxasında həqiqəti sezmək və nəhayət, haçandan-haçana bütövlükdə dünyanın elmi mənzərəsini yaratmaq uğrunda idrak mücadiləsi neçə min illər ərzində davam etdi. Lakin insan yenə də bütövləşə bilmədi.
Bir insanın rasional quruculuq fəaliyyətindəki məhdudluq, lokallıq bütövlüyün əldə olunması naminə daha çox insanın birgə fəaliyyətinin, daha doğrusu, fəaliyyətlərinin birləşməsini tələb edirdi. Sivilizasiya bu missiyanı da öz üzərinə götürdü.
İnsanların intellektual fəaliyyətinin cəmiyyət miqyasında birləşdirilməsi... Əməli fəaliyyət sahəsindəki səylərin birləşdirilməsi, əmək bölgüsü və bölünmüş əməli fəaliyyətlərin inteqrasiyası, birgə yaradıcıq səyləri ilə yaranan elmi nəzəriyyələr, kəşflər və onların tətbiqinin nəticəsi olan texniki qurğular, maşınlar, sex, manufaktura, fabrik, zavod, avtomatlaşmış istehsal müəssisələri – bütün bunlar sivilizasiyanın mühüm cəhətləridir.
İnsan idrakı ilə bölünmüş təbiətin insan ideyaları əsasında yenidən birləşməsi nəticəsində ikinci təbiət yaranır. Bütün bu fəaliyyətlərin, bütün bu intellektual yaradıcı proseslərin subyekti insandırmı? Yox, belə bir subyekt olaraq bəşəriyyət özü götürülməlidir.
Bəli, ümumbəşərilik sivilizasiyanın mahiyytindədir. Bəşəriyyət hələ özünü bir tam kimi tanımadığı dövrlərdən, qeyri-aşkar şəkildə ayrı-ayrı fərdlərin fəaliyyətinin arxasında dayanaraq maddi istehsal prosesini, elmi-texniki tərəqqini, informatizasiyanı, bir sözlə, sivilizasiyanı yaradırdı.
Düzdür, bir çox hallarda bu böyük ictimai birlik, bu böyük ümumbəşəri qüvvə məhz planet miqyasına gəlib çatmayıb, lokal və regional sivilizasiyalar mövcud olub. Lakin bizcə, onların da subyekti yarımçıq bəşəriyyətlər yox, məhz bəşəriyyət özüdür.
TARİXİN SƏHVİ
Şərq və Qərb sivilizasiyalarının münasibəti və nisbəti məsələlərini diqqətlə öyrəndikdə, dinlərin və sivilizasiyaların əlaqəsinə elmi-tənqidi nəzər saldıqda, aydın olur ki, bir tərəfdən islam və xristianlığın, digər tərəfdən Şərq və Qərb sivilizasiyalarının yeri sanki dəyişik düşmüşdür. Əslində biz bu “sanki”ni sadəcə elmi etika və tarixə hörmət xətrinə yazırıq. Analitik baxımdan isə elə “sanki”siz də belədir.
Dinlərin elmi-fəlsəfi təhlili göstərir ki, Şərq təfəkkürünə ən çox uyğun gələn – xristianlıqdır. Qərb təfəkkürünün təməlləri isə dinlər içərisində ancaq islamda müşahidə olunur. Biz Əbu Turxanın “bütün dinlər Şərq hadisəsidir” tezisini qəbul etsək də, hər halda sonuncu din olan islamda Qərb təfəkkürünün rüşeymlərini görməmək mümkün deyil.
Belə ki, dinlər insandan bir qayda olaraq fərd kimi bəhs etdikləri halda, yalnız islam dinində toplum-cəmiyyət anlayışı önə çəkilir, ictimailəşmə və deməli həm də sivilizasiyanın təməl şərtləri dini müstəvidə öz əksini tapır.
Söhbət dinin öz ictimailəşməsindən getmir. Yenə də Əbu Turxanın sözləri ilə desək, “ictimailəşmiş din artıq din deyil”. Və dinlər içərisində ən çox ictimailəşən, kilsə qiyafətində cəmiyyətin və hətta dövlətin işlərinə qarışan da tarixən məhz xristianlıq olmuşdur. Biz dində insan, təbiət və cəmiyyətə diferensiallaşmış münasibəti nəzərdə tuturuq.
İslam, bir tərəfdən, şəxsi etiqad, məslək məsələsini önə çəkməklə insanla Allah arasında vasitəçiyə ehtiyac duymur. Yəni burada da şəxsin, fərdin mənəviyyatı əsas götürülür. Lakin digər tərəfdən də, məsuliyyət təkcə şəxslərin yox, bütövlükdə qövmün, icmanın üzərinə qoyulur. Bu ikinci cəhət təəssüf ki, islam ilahiyyatçılarının və filosoflarının nəzərindən qaçmış, ancaq İbn Xəldun (1331-1404) onun üzərində işləməklə yeni elmi istiqamətin, gələcək Qərb düşüncəsinin təməlini qoymuşdur. Təəssüf ki, müsəlman dünyası islamdan qaynaqlanan bu möhtəşəm təlimə sahib çıxa bilməmiş, onu nə ictimai praktik fəaliyyətdə, nə də elmi-fəlsəfi tədqiqatda nəzərə almamış, müxtəlif təriqətlərin və bir sıra başqa amillərin təsiri altına düşərək ictimai tərəqqinin böyük asfalt yoluna çıxmaq üçün bu böyük ideya sərvətindən yararlana bilməmişdir. Ancaq bir neçə əsr keçdikdən sonra Avropa elmi və ictimai həyatda xristianlıqdan imtina etdikdən və ona alternativ bir dünyagörüşü qurmağa başladıqdan sonra bu ideyalar yenidən gündəmə gəlmiş, ictimai inkişafın nisbi obyektiv bir proses olaraq qanunauyğunluqları araşdırılmış, sosial fəlsəfənin, sosiologiyanın inkişafı sayəsində insan zəkasının təbii-tarixi prosesi dəyərləndirmək və onun sükançısına çevrilmək şansından istifadə edilmişdir. Nəticədə yeni bir sivilizasiyanın, indi Qərb sivilizasiyası adlandırdığımız böyük tarixi prosesin inkişafına misilsiz bir təkan verilmişdir.
Amma bu həmin prosesdir ki, ideya təməli islam dəyərləri üzərində İbn Xəldun tərəfindən qoyulmuşdu. Və əgər müsəlman dünyası bu xətti rəhbər tuta bilsə idi, din və elmin, ruh və intellektin, vəhy və məntiqin ayrılmasına ehtiyac qalmayacaqdı və sivilizasiya bəşəriyyəti ruhi-mənəvi boşluğa və qarşıdurmalara doğru sürükləməyəcəkdi.
Müasir dövrdə Qərbin süqutundan, mənəvi böhrandan, deqradasiyadan çox yazılır. Həm də şübhəsiz ki, “od yanmasa, tüstü çıxmaz”. Səbəb nədir? İdeologiyadamı boşluqlar var; dinlə ideologiyanın münasibətindəmi, yoxsa hakim dinlə sivilizasiya arasındakı uyğunsuzluq belə bir sonuca gətirir?
Qərbin müəyyən bir dövr ərzində irəli getməsi ancaq xristianlığın təsirindən azad olmaq sayəsində mümkün olmuşdur. İslam Şərqinin geri qalmasının isə səbəbləri, əksinə, həqiqi dindən uzaqlaşmaq, dini təhrif etmək, özgələşməkdir.
Tədqiqatlar göstərir ki, Qərb sivilizasiyası elmi dünyagörüşü üzərində qərar tutaraq bu istiqamətdə böyük inkişaf yolu keçsə də, dünyaya monist baxışa olan daxili tələbat üzündən həmişə korluq çəkib. Təməlində rasional düşüncə və elm dayanan bu böyük sivilizasiya sanki ruhsuzluq əzabı yaşayıb. Və çəkməkdə davam edir.
İndi elə bir məqam gəlib çatıb ki, Qərb dünyası xristianlığı ancaq simvolik olaraq saxlayır, əslində isə dini bütövlükdə və tamamilə elmlə əvəz etmək sayəsində əldə etdiyi yeni dəyərlər sisteminin ruhi-mənəvi çatışmazlıqlarını kompensasiya etmək üçün yollar axtarır. Amma onu həqiqətən tamamlaya biləcək mükəmməl bir dini-mənəvi sistemin (islamın) nə vaxtsa yanlış obrazını yaratdığına görə, indi bu tarixi səhvi düzəltmək üçün özündə iradə tapa bilmir.
İndi Qərb, bir tərəfdən, həqiqi islama münasibətinə yenidən baxmalı olmaqla bərabər, digər tərəfdən, nə vaxtsa özünün də fəal iştirakı ilə formalaşmış psevdoislami dəyərlərin təsirindən yaxa qurtarmağın yollarını axtarır.
Səlahəddin XƏLİLOV




Bu yazı ( 623 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar