12px14px16px18px

Elm – insan – cəmiyyət

Səlahəddin XƏLİLOV
02:15 / 06.01.2010
 
 
Elmmi insana, insanmı elmə xidmət etməlidir?!
Əbu Turxan
 
 
 
Humanitar sahə və humanitar elmlər
 
Akademik Ramiz Mehdiyevin noyabr müşavirəsindəki çıxışından və məlum məqaləsindən sonra “humanitar və ictimai elmlər” mövzusu aktuallaşmışdır. Amma nə üçünsə hamı bu iki elmi istiqamətdən birlikdə, sanki vahid bir şeydən danışırlarmış kimi, bəhs edirlər. Halbuki, biz müvafiq elm sahələri qarşısında qoyulan vəzifələri daha konkret dərk edə bilmək üçün bu sahələrin özünə də diferensial yanaşa bilməli, onları fərqləndirməliyik.
Humanitar və ictimai elmlər ilk baxışda nə qədər yaxın görünsələr də, əslində xeyli dərəcədə fərqli mahiyyət və məzmuna malikdirlər.
Digər tərəfdən də, bir var humanitar elmlər, bir də var ümumiyyətlə humanitar sahə.
İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu və idealları – humanitar sahənin əsas predmetidir. Tarix, bədii ədəbiyyat, incəsənət də humanitar sahəyə aiddir. Bu başqa məsələ ki, göstərilən humanitar hadisələrin hər birinin öz elm və fəlsəfə səviyyəsi də vardır. Tarix, tarixşünaslıq (“tarix elmi” – bəzən sadəcə “tarix” də deyilir; yəni hər iki məna eyni sözlə ifadə olunur) və tarix fəlsəfəsi, bədii ədəbiyyat, ədəbiyyatşünaslıq (filologiya) və ədəbiyyat fəlsəfəsi (aşağı yarusda bu sahə “ədəbi tənqid” kimi məlumdur), incəsənət, sənətşünaslıq və sənət fəlsəfəsi (estetika), din, dinşünaslıq və din fəlsəfəsi, mənəvi tərbiyə, pedaqogika və etika geniş planda götürdükdə humanitar sahəyə aiddir. Son vaxtlar daha inteqrativ bir elm sahəsi kimi insanşünaslıqdan, bəzən də antropologiyadan bəhs olunur. Mənaları eyni olsa da, bu iki tədqiqat istiqamətində bəzən fərqli məzmunlar qruplaşdırılır.  
Sovet dövründə insan özü də ilk növbədə sosial varlıq kimi götürüldüyünə görə, insanşünaslıq da cəmiyyətşünaslığın içərisində əridilmişdi. İnsan fərdiyyətinin önə çəkilməsi daha çox dərəcədə Qərb dünyası, kapitalist ölkələri üçün səciyyəvi idi. Ona görədir ki, humanitar təfəkkür də, insan haqları mövzusu da, irsiyyət məsələləri də, fərdi-psixoloji problemlər də daha çox Qərbdə öyrənilirdi. İnsanın sosiallaşması hətta bədii ədəbiyyatda da öz əksini tapmışdı. İndi kommunist ideologiyasından ayrıldıqdan sonra, qarşımızda duran vəzifələrdən biri də insanşünaslığı bərpa etmək, fərdin cəmiyyətdə itmək, fərdiyyətini itirmək təhlükəsinin qarşısını almaqdır. 
Din də humanitar sahəyə aiddir. Çünki insanın mənəvi aləmi ilə bilavasitə bağlıdır. Lakin müxtəlif dinlərdə bu bağlılıq bir qədər fərqlidir. Məsələn islamda dini etiqad ilk növbədə fərdə aiddirsə, xristianlıqda kilsələr insanla Allah arasında vasitəçilik missiyasını üzərinə götürərək dini ictimailəşdirmişlər. Ona görə də, islam aləmində ilahiyyat və dinşünaslıq əsasən humanitar sahəyə aid olsa da, xristian dünyasında cəmiyyət sferasına aiddir. Amma islamda da hər bir fərd üçün nəzərdə tutulan həyat tərzi və davranış qaydaları (fiqh) dini yönlü dövlətlərdə cəmiyyət və dövlət səviyyəsində təsbit olunmaqla hüquq sisteminin əsasını təşkil edir və beləliklə ictimailəşmiş olur.
İstənilən halda bütün dinlər həm humanitar, həm də cəmiyyət sferası ilə sıx surətdə bağlıdır.
Tarix də həmçinin. Tarix özü və tarixlə tərbiyə daha çox humanitar sahəyə aid olsa da, tarixşünaslıq və tarix fəlsəfəsi daha çox ictimai elmlərə aiddir.
Eləcə də fəlsəfə. Bir çox təsnifatlarda fəlsəfə humanitar sahəyə aid edilir. “Özünü dərk et” prinsipindən çıxış edildikdə, bu doğrudan da belədir. Amma insan fəlsəfəsindən fərqli olaraq tarix fəlsəfəsi daha çox dərəcədə ictimai yönlüdür. Yəni onun predmetini insan yox, cəmiyyət; fərdi ruh yox, ictimai ruh təşkil edir. İnsanın özünüdərki, millətin özünüdərki və nəhayət, bəşəriyyətin özünüdərki fəlsəfənin strukturunda fərqli səviyyələrdir.
Göründüyü kimi, biz humanitar və ictimai elmlər bölgüsündə insan və cəmiyyət bölgüsünə əsaslanırıq.
Lakin sual olunur ki, insan problematikasına onun fiziki varlığı, bədəni ilə bağlı məsələlər də aiddirmi, yoxsa ancaq mənəvi aləm, onun iç dünyası nəzərdə tutulur? Belə ki, bəzi təsnifatlara görə, insan bədəni bir təbiət hadisəsi olmaqla, təbiətşünaslığın predmetinə daxil edilir. 
Əslində isə insan bədəni, bir tərəfdən, təbiətə aid olsa da, digər tərəfdən, onun əməli fəaliyyəti və mənəvi-ruhani aləmi üçün də mühüm oynadığına görə, həm də humanitar sahəyə aiddir. Bu mənada insanın fiziki sağlamlığına xidmət edən səhiyyə sistemi və idman da humanitar sahəyə aid edilə bilər. Maraqlı haldır ki, səhiyyə özü insana xidmət etməklə humanitar mahiyyət daşısa da, təbabət bir elm sahəsi kimi humanitar elmlərə deyil, daha çox dərəcədə təbiətşünaslığa aiddir. Lakin son dövrün praktikası göstərir ki, təbabət hər halda sadəcə təbiət elmi kimi qəbul edilə bilməz, çünki burada insan ruhu, psixikası ilə və deməli, ümumiyyətlə, humanitar sahəylə sıx bağlılıq vardır.  
 
Elm: insandan kainata və geriyə – insan rifahına
 
Elmə humanitar sahə kimi baxılması da orta əsr Şərq ənənələrinə məxsus bir düşüncədir. O vaxt elm hikmətin, müdrikliyin bir əlaməti, aspekti kimi başa düşülürdü və çox vaxt dini düşüncənin hüdudları daxilində nəzərdən keçirilirdi. (Elmin din çərçivəsində nəzərdən keçirilməsinə hətta bu gün də rast gəlmək mümkündür.) Orta əsrlərin xristian və islam sxolastikaları da ilahiyyat çərçivəsində elm və fəlsəfə yaratmaq təşəbbüsləri idi. 
Maraqlı haldır ki, islam dünyasında da, xristianlıqda da elmin institutlaşması dini təsisatlar daxilində baş vermişdir. Şərqdə dini təhsil almağın vasitələri olan mollaxanalar, mədrəsələr həm də dünyəvi biliklərin öyrənilməsinə xidmət etmişdir (bu sırada Nizamiyyə məktəbləri xüsusi qeyd edilməlidir). Şərq (İslam) dünyasında elm və ali təhsilin əsası dini savaddan başlandığı kimi, Qərbdə də ilk universitetlər: Bolonya, Oksford, Kembric, Sorbonna – hamısı kilsədən çıxmışdır.         
Amma Yeni Dövr bütün sahələrdə olduğu kimi, elmə münasibət məsələsində də paradiqmanı dəyişir. Daha doğrusu, müasir mənada elm məhz bu dövrdə formalaşmağa başladı. Kapitalizm cəmiyyəti heç də yalnız ictimai-iqtisadi sahədə yeni bir quruluş forması olmayıb, həm də düşüncə tərzinin, mədəniyyətin və elmin yeni keyfiyyət mərhələsinə qədəm qoymasını təmin etdi. Elmin yeni mahiyyətdə və təşkilati formada sanki yenidən yaranması da XVII əsrdən başlayaraq həyata keçdi. O, ictimai istehsal prosesində mühüm bir halqaya çevrilməklə sonrakı bir sıra inqilabların: sənaye inqilabı, elmi-texniki inqilab, informasiya inqilabı və s. təməlini qoydu.
Biz isə hələ indi-indi kapitalizm quruluşuna keçirik. Daha doğrusu, bu keçid prosesinin ən azı bir mühüm aspekti: yeni iqtisadi münasibətlərə keçid artıq başa çatmışdır.
Bunun əsas göstəriciləri iqtisadi sahədə dövlət monopoliyasının əksər sahələrdə ləğv edilməsi, böyük miqyasda özəlləşmə prosesinin həyata keçirilməsi, xırda və orta biznesin xüsusi çəkisinin artması, torpağın özəlləşdirilməsi, inşaat sektorunun, kənd təsərrüfatının, xidmət sahələrinin və hətta sənayenin böyük qisminin özəl sektora keçməsi, maliyyə sistemində özəl kapitalın rolunun artması, maliyyə oliqarxiyasının yaranması, xarici investisiyanın cəlb edilməsi və s. bu kimi proseslərin böyük vüsət almasıdır. Yəni indi ölkəmizdə sosialist deyil, sosial yönümlü kapitalist ictimai-iqtisadi münasibətləri bərqərar olmuşdur. Lakin Azərbaycanda kapitalizmə keçid yeni dövr Avropasındakı proseslərdən köklü surətdə fərqləndiyinə görə, Qərb dünyasında yaranmış iqtisadi nəzəriyyələrin tətbiqi bizdə özünü doğrulda bilməz. Azərbaycanda və digər MDB ölkələrində təxminən eyni istiqamətli bir proses gedir: sosializmdən kapitalizmə keçid. Bu, tarixdə analoqu olmayan bir prosesdir. Həm də biz digər MDB ölkələrindən irəlidə olduğumuza görə. Bu prosesin elmi-nəzəri təhlili də bizim iqtisadçı alimlərin üzərinə düşür. Bunun üçün hətta təkcə iqtisadçıların yox, ictimai elmlərin bir sıra əlaqədar sahələrin birgə səyləri tələb olunur. 
Bütün bu proseslər zəruri surətdə elmə münasibətin də dəyişilməsinə, elmin də bir zinət sahəsi olmaqdan çıxıb, istehsal və kapital amilinə çevrilməsinə gətirməlidir.
Lakin bu proses təbii yolla getməli, yoxsa hansı isə daha böyük islahatların nəticəsi kimi ortaya çıxmalıdır? Bir şey aydındır ki, bu sahədə böyük islahatlar qaçılmazdır. Çünki ölkəmizdə ictimai-iqtisadi proseslərin daxili məntiqi və dinamikası tələb edir. Əks təqdirdə, paradoksal bir hal yaranmış olar: iqtisadi sahədə biz yeni – kapitalist münasibətləri sisteminə keçdiyimiz halda, elm sahəsində hələ də köhnə sosialist strukturlarını və münasibətləri saxlamış olarıq. Bizcə, ölkəmizdə bu proseslər AMEA-dan yan ötərək baş verir. Müdafiə Sənayesi Nazirliyi, Rabitə və İnformasiya texnologiyaları Nazirliyi və s. yeni hökumət qurumlarında “elm-istehsalat” birliklərini xatırladan məqsədyönlü elmi-texnoloji proseslər gedir. Bu proseslər ölkəmizdə getdikcə genişlənəcəkdir, amma AMEA-nın öz müstəqilliyini qorumaq naminə bu proseslərdən kənarda qalması ölkəmizin sürətli inkişafının təmin olunmasına xidmət etmir.
 
Elm: mənəvi və praktik meyarlar
 
Məgər atom bombasını da, nüvə silahını da və onları daşımaq üçün yaxın, orta və uzaq məsafəli raketləri də alimlər düzəltmədilərmi? Ya, ola bilsin ki, bilavasitə düzəltmədilər; onda belə deyək: bütün müasir silahlar alimlərin kəşfinə istinad etməklə ixtiraçılar, konstruktorlar və mühəndislər tərəfindən düzəldilmirmi? Və bu işlərin arxasında ümumbəşəri bir elmi fəaliyyət sistemi dayanmırmı? Və bu qlobal sistemin formalaşmasında bir çox günahsız ölkələrin günahsız alimlərinin payı da yoxdurmu?
Bəzən bizimkilər ümumiyyətlə elmin, abstrakt elmin inkişafı prosesində bu və ya digər dərəcədə iştirakları ilə fəxr edirlər. Onlar ancaq müstəqil elm haqqında, yeni elmi biliklər haqqında düşünürlər. Bəs bizim ixtiraçılar, konstruktorlar və müasir elmi nailiyyətləri tətbiq etmək səviyyəsində olan mühəndislər harada və necə hazırlanır?
Böyük elmin dəyirmanına su tökməyə çalışırıq, amma bu dəyirmanın kimin üçün üyütdüyünü və hazır məhsullardan kimin faydalandığını, yaxud əksinə, kimin başında çatladılacağını bilirikmi? Alim deyə bilər ki, bu daha mənim işim deyil, bunu da qoy bir başqası düşünsün. Amma bu “bir başqaları” kimdir və onlardan bizdə varmı? Bax bu məqamda texnokrat alimlərin yadına salmaq istəyirik ki, bu “başqa məsələlər” məhz ictimai elmlərin predmetinə daxildir. Təhsil – Elm – Texnika – Texnologiya – Sənaye – İstehlak malları zəncirində hər bir mərhələnin tam müstəqil bir dəyər olmayıb həmin böyük zəncirin tərkib hissəsi olmaqla, müəyyən ideoloji yönə malikdir. Bu ideoloji yönü müəyyənləşdirən, cəmiyyətin makrostrukturunu, daxili proseslərin qarşılıqlı nisbətini təhlil edən onların müvafiq beynəlxalq proseslərlə qarşılıqlı əlaqəsini öyrənən və dövlət üçün təkliflər paketi hazırlayan da məhz ictimai elmlər olmalıdır.
İndiyədək ictimai elmlər öz üzərinə düşən bu məsul vəzifələri yerinə yetirməyibsə, bu o demək deyildir ki, bu elmlərə ehtiyac yoxdur. Biz təbiət elmlərindən real iqtisadi səmərə gözlədiyimiz kimi, ictimai elmlərdən də dövlətin strateji inkişaf xətti üçün elmi-metodoloji baza rolunu oynamaq və ictimai praktikaya xidmət etmək mənasında səmərəlilik gözləyirik. Lakin əlbəttə, ictimai gerçəklik və dövlət siyasəti ilə müvafiq elm sahələri arasında əks-əlaqə sisteminin yaradılması təkcə elm adamlarından asılı deyil. Bunun üçün müvafiq dövlət orqanlarının və ictimai qurumların da təşəbbüs göstərməsi tələb olunur.
Səlahəddin XƏLİLOV



Bu yazı ( 887 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar