12px14px16px18px

Elmin min bir gecəsi və Cinin lampası

Səlahəddin XƏLİLOV
12:38 / 17.06.2010
 
Elm işıq saçar, lampasının yağı olsa
Əbu Turxan
 
 
 
Qulun Cinlə əvəzlənməsi
 
“Min bir gecə”dən bir mənzərə: Qara, heybətli qulların çiynində bir kəcavə, kəcavədə ipək pərdələr arxasında nazənin bir xanım...
Problem bundan ibarət idi ki, bu gözəl kəcavənin altındakı bu heybəti, görəsən, necə gizlətmək olar? Necə etmək olar ki, kəcavə hərəkət eləsin, amma qullar görünməsin?
Böyük, gözəl sarayın divarları arasında da eyni problemlər var idi. Kübar, dəbdəbəli məxluqlar qara işləri görmək üçün deyildilər. Qara işlər üçün qara qullar var idi. Amma onlar öz işini elə görməli idilər ki, qonaqlar gələndə gözə görünməsinlər: onları harada isə gizlətmək problemi var idi...
Min bir il və min bir gün keçdi. Və insan özünə xidmət etmək üçün yeni-yeni vasitələr tapdı. Ən başlıcası Cini lampadan çıxartdı və bütün təbiəti özünə qulluqçu etmək əmrini verdi. Amma ilk vaxtlarda təbiətin qulluqçuluğu yenə də qara, heybətli qulları xatırladırdı. İndi kəcavəni mühərrikin üzərinə qoymağa başladılar. Amma o da qara tüstü buraxırdı və onu heç cür gizlətmək olmurdu.
Adamlar vaqonlarda, xüsusi lüks kupelərdə özlərinə daha yaxşı rahatlıq düzəltdirdilər, amma yenə də qara-quradan xilas ola bilmədilər: vaqonların qabağında yenə də həmin qara, heybətli, ağzından pis iy gələn, nəfəsi tüstülü qul var idi.
Daha neçə min bir gecələr keçdi, parovoz teplovoz oldu, teplovoz elektrovoz oldu – getdikcə qulun heybəti azaldı, adamlar daha heybətli oldular. 
 
Cinin yenidən lampaya salınması
 
Daha min bir il və min bir gecə ötdü, şahlıq dövrü getdi, yerinə demokratiya gəldi. Əvvəl şahların, xaqanların qabağında rəqqasələr oynayardı, mütrüblər və təlxəklər dilxoşluq edərdi, camaat isə işlə məşğul olardı. Demokratiya gəldi və Cindən tələb etdi ki, indi rəqqasələr gərək hamının qarşısında oynasınlar, mütrüblər də elə hamı üçün çalıb oynasın, xüsusən də təlxəklər... Cin bu tapşırıqdan vahiməyə düşdü. Yuxusuz gecələr keçirdi və, nəhayət, bu təlxəkləri və mütrübləri çoxaltmağın və hamının yolunda büsat qurmağın yolunu tapdı. Televizorlar meydana çıxdı və hərə öz evində və öz kreslosunda və ya taxtında əhlikef xaqan rolunu oynamağa başladı. Rəqqasələr ekranda, adamlar kresloda, hərə bir rol oynadı. İşləri isə yenə Cin görürdü. Amma adamlar onun işindən yenə də narazı idi. Televizorların ekranı kiçik, özü çox böyük, qara və bədheybət idi, göstərdiyi də elə ağ-qara rəngdə. Cin yenə də min bir gecə düşündü və tapdı: indi ekranlar böyük, televizor özü isə kiçik idi. Özü də rəngarəng göstərirdi. Amma adamlar yenə bir şeydən narazı idi: televizorun iş qaydalarını camaata izah etmək və lampanı sığallamağı yada salmaq üçün Cin özü hərdən bir ekrana çıxırdı, adamlar isə mütrübdən başqa heç nə görmək istəmirdilər. Axı Cinin ekranda nə işi var? O getsin işi ilə məşğul olsun. İş isə lap çox idi. Məsələn, insanlar haqq-hesab əməliyyatını, yazıb-pozmağı da Cinə tapşırmışdılar. O da elektron hesablama maşınları düzəltmişdi. İndiki nəsil onu heç görməyib. Deyirlər, böyük bir otağa da sığmırmış: qara və bədheybət... yenə tapşırıq gəldi. Cin yenə min bir gecə yatmadı. Və personal kompüterlər düzəltdi: kiçik, incə, sən təkcə düymələri bas. Amma adamlar onu özü ilə daşımağa əziyyət çəkirdilər. Ona görə də Cin notbuklar düzəltdi, amma adamlar yenə narazı qaldı. Çünki kompyuterdə işləmək üçün yenə Cinin köməyi lazım gəlirdi. Viruslar da təkcə Cindən qorxurdular. Adamlar isə istəyirdi ki, Cin biryolluq bütün işləri düzəldib yox olsun. Ona görə də lampaya heç yağ da tökmürdülər.
 
Cinin tənbəlləşdirdiyi insan onun lampasını necə yağsız qoydu?
 
Bəli, insanlar indi daha Cinin payına qənaət edir, onun lampasını silib parıldatmağa da ərinirdilər. İnsan özündən ağıllısını görmək istəmirdi. Ona sərf edirdi ki, Cin heç azadlığa çıxmasın və gözə də görünməsin. Ona görə də Cini elə lampada saxlayıb ağzını da qapatdı. Lakin Cinin yaratdıqları yavaş-yavaş cırlaşmağa və sıradan çıxmağa başladı....
Və adamın yadına haradansa “Qızıl balıq” nağılı düşdü,  tez lampanı sürtüb Cinə bir az azadlıq vermək istədi. Amma onun nəfəsi eşidilmirdi. Görünür, Cini diriltmək üçün bir başqa Cinə ehtiyac var idi. Çünki adamın özünün əlindən daha heç bir iş gəlmirdi.
 
 
Səlahəddin XƏLİLOV
 



Bu yazı ( 520 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar