12px14px16px18px

ORALARDA KİMLƏR VAR:SƏHİFƏNİN QONAĞI RAMİZ ORSƏR

Tofiq ABDİN

“AYDIN” HAQQINDA BƏZİ AYDINLIQLAR –2

13:09 / 05.05.2012
Aprel ayının 19-da unudulmaz tənqidçi,siyasi xadim və türkoloq Aydın Məmmədovun ölümünün ildönümü idi. Bu nədənlə Azərbaycan Tərcümə Mərkəzində onun anılması saatları yaşandı. Mərkəzin sədri, yazar Afaq Məsud, mərkəzin əməkdaşları şair Zakir Fəxri,yazar Saday Budaqlı, bu sətirlərin müəllifi, “525-ci qəzet”in əməkdaşları, yazar Yaşar,baş redaktor müavini yazar Yusif Rzayev və Mərkəzin əməkdaşlarından İlham Feyzullayev olmaqla bir anma mərasimi keçirildi. Təbii ki, hər kəs öz xatirələrini danışdı və Aydının bütün həyatının türk dünyasına həsr edildiyi və məmləkətimizdə türkoloq kimi tanınan ilk yaradıcılardan biri olduğu vurğulandı. Söhbət əsnasında İlham bəy bu gözəl və unudulmaz ədəbiyyatçı haqqında şəkili bir şairin, hamımızın tanıdığı gözəl qələmi sahibi Vaqif Aslanın poeması olduğunu dedi və həmin poeama haqqında yazar Ramiz Orsərin bir yazısının bu vaxta qədər çap olunmadığını da söylədi. Məni maraq götürdü və həmin poema haqqında olan o yazını İlham bəydən aldım, onu öz səhifəmdə şair Ramiz Orsərin icazəsiylə çap etməyi düşündüm.Əlavə olaraq bunu da deyim ki,qəzetin baş redaktoru Rəşad Məcidə bu təşəbbüsə etiraz etmədiyi üçün təşəkkür edirəm. Tofiq Abdin

Kefli İsgəndərin monoloqlarından Aydının monoloqları daha kəskin, daha tutarlıdır. Əgər İsgəndər avamlıq və cəhalət girdabında boğulub çabalayanlara müraciət edirdisə, Aydın oxumuşların, “intilgentlərin”, “başbilənlərin” böyük rus imperiyasının yerlərdəki partbiletli “antenna qulaqların” və “qramafon dillərin”, hörümçəkdən də məharətli “torquranların” eyni zamanda onu sevən və ona güvənən, imdad diləyən, günün işığında özünə xilaskar, qurtuluş yolu axtaran məzlum kütlənin qarşısında da çıxış edirdi.
Aydın İsgəndərdən həssasdır, ətrafında baş verənlərə reaksiyası da gözlənilməz və qətidir. Həm də Aydın milli konsensus ideyasının yaradıcısı və daşıyıcısıdır. Həm də bu yöndə liderdir. Yönsüz “başbilənlər” Aydından xalqla öz aralarında körpü kimi istidafə etdilər.
Aydın bir məqaləsinə belə bir ad vermişdi “Yorulmuş atları güllələyirlər”...
Elə Vaqif Aslanın “yeriyən akademiya” adlandırdığı Yaşar Qarayev “Aydın” poeması haqqında yazdığı “Epitafiya, yaxud baş daşına oxunan mahnı...”1 məqaləsində yazırdı.
“Tarixi- bioloji evolyusiyanın hər canlıda, mənəvi tərəqqi tarixinin hər ziyalı taleyində təkrarı barədə elmi-nəzəri qənaət mövcuddur. Məcnundan və Kefli İsgəndərdən, müsibətli Fəxrəddindən və dərdli Fərhaddan bir əlamət Aydının həm təbiətində, həm də tərcümeyi-halında var idi”.
Məcnun taleyinin Aydın taleyindəki təkrarı daha ictimai olduğu qədər də ibrətamizdir.
Qeyisi Məcnun eləyib bomboz ərəb çöllərinə salan qaragözlü, qaratelli Leylisinə olan məhəbbətinin qara müstəvidə sərgilənməsidirsə, Aydını Məcnun eləyən kökə bağlılığı, türk qövmünün birliyinə sədaqəti, vətənə məhəbbəti, onu azad, müstəqil görmək istəyidir. Türmədə məhbus dostları arasında və ekran-efirdə kamera qarşısında, çalışdığı Akademiyada Rəyasət heyətinin iclaslarında, Milli Məclisdə, görüşlərdə xitabət kürsüsündə, mitinqlərdə tribunada, ayrı-ayrı zümrədən olan adamlarla söhbətlərdə onu içindən bulaq kimi qaynadan özünün və mənsub olduğu xalqın, böyük türk qövmünün azadlığına və birliyinə təşnə olması idi.
Məcnunun məhəbbəti ilə Leyli arasında dövrün mənfur adət-ənənəsi, cəhalət və şəriət stixiyası, nəhayətdə onların daşıyıcısı və uporu olan, həm də öz qızının xoşbəxtliyinə qarant axtaran Leylinin atası idisə, Aydının məhəbbətinə, arzularına buxov salan maskalanmış rus imperializminin, onun yerlərdəki “parçala, hökm sür” siyasəti və bu siyasətin mənfur icraçılarının ikiüzlülüyü arxasında gizlənən qəddarlığı idi.
Sən azadlıq deyirsən, qadan alım,
o varsa,
İynənin ucu boyda ümid yeri olarsa,
Məni qurban de ona.
Çilə qızıl qanımdan iki şaqqa
bölünən
Bəxtsiz Azərbaycana!”
Aydını arzularına aparan yol-arzularının Azərbaycanı tankların, topların, raketlərin və onlardan da amansız və qəddar rus cəlladlarının niyyətlərinin burulğanında idi.
Kremlə zəng eləyib, ləliyib ağlamayın,
Hamı bilir bizə bu, Kremlin qərəzidir.
Türkə qərəz eyləmək onların mərəzidir.
və yaxud:
Safonov dedi: “Dostlar,
Bilirsinizmi nə var?
Mən deyim, ağzınızdan qaçırmayın
siz ancaq.
Deputat da oyuncaq,
general da oyuncaq.
Bir çox hərbi hissələr
mənə tabe deyildir.
Ha özünü çax, öldür.
Bizə əmr verilmir saqqallını tutmağa,
Bataqlıqdır hər tərəf,
çalışsan qurutmağa,
Özünü qurudarlar.
Hopp eləyib udarlar.
Mərkəz əmr eyləyib ki,
ermənini başa sal,
Türkü yolundan azdır,
ağzını dağ-daşa sal.
Fövqəladə vəziyyət
rayonunda komendant
Təyin ediblər məni,
Vallah, hər gün, hər saat
Məndən səlahiyyətli cürbəcür erməni
Mənə də əmr eləyir Mərkəz vasitəsilə.
Dağlıq Qarabağda fövqəladə vəziyyət rayonunun komendantı general Safonovun dilindən deyilənlər Mərkəzin iç üzünü astarına çevirməklə yanaşı, ermənilərin onların əlində Azərbaycana, türkə qarşı bir alət olduğunu göstərir.
Aydın türkün böyüklüyünü dərk etdikcə, vətəninin ruslarla farslar arasında “qumara” qoyulduğunu, indi isə xalqının yalın əllə böyük rus imperiyasının hərbi arsenalına və canlı qüvvəsinə arxalanaraq gündən-günə genişlənən erməni təcavüzünün genişləndiyini daha dərindən və yurddaşlarından, qandaşlarından ayıq və sayıd başla iti ağlı və fəhmi ilə dərk etdikcə Məcnunlaşır. Onu bu Məcnunluğu boz ərəb çöllərinə yox, yollara salır. Bu yollar onu arzularına doğru aparsa da, bir donuz balası cismani ömrünə “nöqtə qoyur”.
Gördülər yoldan keçən bir donuz balasını.
(70 ildir çəkirik donuzun bəlasını)
Beləcə, xalqına məhəbbətilə Məcnunlaşan Aydının ömrü xalqının, el-obasının yaddaşında əfsanəyə, Vaqif aslanın qələmində dastana- “Aydın” poemasına çevrildi.
Dövlət orqanlarının “yaddaşında” isə sürücüyə qarşı qaldırılmış bir ittihamla kodlaşdı.
“Xalq istəyir ki, sevdiyi şəxslər həmişə gözünün qabağında olsunlar: tribunada, ya dar ağacında – fərqi yoxdur” – Aydın xalqının azadlığa qovuşduğunu görə bilməsə də, onun bu arzusunu yerinə yetirə bildi.
Yuxarıda adını çəkdiyimiz məqaləsində Yaşar Qarayev yazırdı: “Universal humanitar nəzəri hazırlıq, təhlil və proqnoz fəhmi həm tarixi –coğrafi uzağı, həm də çağdaş cari yaxını bir yerdə görən, nişan verən fasiləsiz ağıl və baş, sinir və intellekt fəaliyyəti, impulsu birinci qəbul etmək, kompyuterdən də sürətli beyin hesabları aparmaq- Aydın belə məqamlardan yaranan, üst-üstə cəm olan qəribə möcüzə, ədəbi-elmi fenomen idi”.
Azadlığın şirinliyini dərk etməsi və ona can atması onun Aydının milli faciəsinə çevrildi.İndi xalqımızın başının üstünü alan bəlaları hamıdan əvvəl görməsi və xəbər verməsi də onun faciəsi ilə sonuclandı.Böyük imperiyanın əlində girov, əsir qalan Qarabağa “bizimdir” deyənlərə ilk olaraq haqqı anladan “yetmiş ildir ki, heç Azərbaycan bizim deyil”- həqiqətini başa salması onun faciəsinin atributlarından biri idi.
Aydının limitli və icazəli azadlıqdan imtinası sovetlər ölkəsini – o vaxtkı ittifaqı, hətta dünyanın özünü belə “məhbəs” elan etməsi, zindan adlandırması onun fani dünyada –uzaq Qax-Zaqatala yolundakı tənha ceviz ağacının siluetinə və simvoluna çevrilməsi arasındakı maddi məsafəni çevrələdi.
Xalq hərəkatının vüsət aldığı, ictimai-siyasi proseslərin gedişində Azərbaycanın çalxalandığı, yeni siyasi liderlərin meydana atıldığı, burunlarından uzağı görmədikləri, özlərindən qeyri “başbilən” tanımadıqları, millətin yaşamaq haqqının gün-gündən çətinləşdiyi, cəlb edildiyimiz amansız müharibədə həm torpaqlarımızın, həm də vətəndaşlarımızın itirilməsi dövründə –ilk dəfə milli liderimizin, ulu öndərimizin –Heydər Əliyevin parlaq bədii obrazını Vaqif Aslan yaratdı. Heydər Əliyevin parlaq surəti şair dostum tərəfindən poemada həssaslıqla seçilən və böyük məhəbbətlə qələmə alınan bədii lövhələrlə əks olunur:
Heydər Əliyevə də böhtan atdıq cürbəcür,
MK-ya hər nə əksən, yenə yalan cücərir.
Biz kimik? – Bir qarışqa. O kimdir? –Bir nəhəngdir.
Ona sataşmaq özü cəfəngdən də cəfəngdir.
Sən kimsən Polyaniçko? –Mərkəzin vuran qolu.
Bəs mən Vəzirov kiməm?-Mərkəzin aciz qulu.
“1988-1989-cu illərdə Respublika mətbuatı H.Əliyevi tənqid etməklə məşğul idi”, –şairin də qeyd etdiyi kimi, bu yolla xalqı çaşbaş salır, onu gedən proseslərdən kənarlaşdırmağa çalışırdılar.
Bu vaxt çıxdı irəli,
Xalqın keçmiş rəhbəri.
O vaxt bu rəhbər özü xalqa şərəf, şan idi.
Siyasi büroda da on bir nəfər üzvdən
Üçü müsəlman idi.
Brejnev, Andropov, Çernenko,
Qorbaçovun
Üzlərini görən kəs.
Nə oldu birdən-birə,
anlaşılmaz oldu bəs?
Böyük rus şovinizmi, erməni diasporu,
Anbaan, pillə-pillə,
Yol açdıqca Kremlə
Bizim türk dünyasına hördü
hörümçək toru.
Bütün bu torlar mərkəzin qazanında bişən, onun mətbəxində-siyasi büroda hazırlanan “menyunun” tərkib hissəsi idi.Şairin qənaətində “tor toxuyanların” coğrafi məkanı, həm də ələkçiyə (Moskvaya) qıl verənlərin sırası da genişdir.
Paris, London, Vaşinqton,
Moskva planında,
“Əvvəl Heydər Əliyev,
sonra Dağlıq Qarabağ”,
Sözü yazılmış idi.
Türkə dərindən-dərin quyu qazılmış idi.
Büro iclasındaca elədilər sözü bir,
Pensiyaçı adıyla qəfəsə salındı şir.
Mərkəzin bu mənfur planlarının həyata keçirilməsində “sapı özümüzdən olan baltalar” da səfərbər olundu və bütün gücü ilə işə salındı.
Sonra da söz gəzdi ki,
Azərbaycan büsbütün,
Yalanlar ölkəsidir.
Bayraqlar diyarıdır, planlar ölkəsidir.
Gəzsən də qarış-qarış,
bir sözü sağ adam yox,
Hamı üzü qaradır, heç üzü ağ adam yox.
Ulu öndərin böyüklüyü önündə kiçik və cılız görünənlərin əllərinə girəvə düşdü, əslində, mərkəz onların paslı dillərinə açar saldı.
Böyüklər hırıldayıb dedilər ki, düzdü bu,
Xalq dedi: “Boş sözdü bu”.
Xalq özü seçkilərdə
deputat seçdi onu,
Ən uca zirvələrdən,
ən dərin dərələrə Yuvarlanan oğlunu.
Xalq özü həsrət idi həmən
o ötkəm səsə.
Ucaldıqca həmən səs xalq gəlirdi həvəsə.

Tofiq ABDİN,
[email protected]
tofigabdin.com



Bu yazı ( 337 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar