12px14px16px18px

ORALARDA KİMLƏR VAR:XOCALI QURBANLARI

Tofiq ABDİN

XOCALIDA BİR GECƏ...

15:17 / 25.02.2012
Türkiyədə ən nüfuzlu qəzetlərdən biri olan “YENİASYA” (internet saytı www.yeniasya.com.tr bizdə bir çox məqamlarda NURÇULAR adıyla tənqid olunan bir ortamın üstünlük verdiyi,amma heç də qaraguruhçu olmayan bir qəzet) nüfuzlu qəzetlərdən biri hesab olunur.Türkiyədə yaşadığım illərdə bu qəzetdə uzun zaman yazılarım çap olundu və bu qəzetin əməkdaşlarını hələ də sayqıyla yad edirəm.Və onların da bizim məmləkətə simpatiyasını bilirdim. Həmin zamanlarda mən HOCALI hadisəsi ilə bağlı bir səhifə çap etdirmişdim.Sonra daha bir yazı yayınlatdım.Bunu xüsusi olaraq vurğulamaq istəyirəm: Mən bilən “XOCALI SOYQIRIMI” İFADƏSİ 1993-cü İLDƏ İLK DƏFƏ MƏNİM YAZIMDA TÜRK MƏTBUATINDA GÖRÜNMÜŞDÜR.
Tarixin dərsləri unudulursa tarix həmin dərsləri yenidən yaşamağa məhkumdur. İnsanlarıyla birgə. Tarix dərs və ibrət alınaraq yaşanmalıdır məncə. Amma bəzən elə olur ki, tarixin dərsləri və ibrət alınacaq şeylər unutulmadan belə,bəzi şeyləri təkrar yaşamağa məcbur olunur. Bunun ən dəhşətli nümunəsi:

XOCALI FACİƏSİ VƏ SOYQIRIMI

Sabah Güneş öyle parlak doğacak ki,
Sanki gecə hiçbir felaket yaşanmamış gibi
Ketlin Ferrier,
İngilis müğənnisi.
Oxuduğu mahnıdan
Dünyanı lərzəyə gətirən və Ermənilərin iç üzünü dünyaya göstərən Xocalı faciəsi Azərbaycan torpağının bu ağılsız müharibədə aldığı ən unudulmaz yaralardan biridir.
Xocalı soyqırımı unudulmaz hələm-hələm...
Unudulmaz, qan yaddaşı olan millət tərəfindən...
Tarix belə şeyləri yaşamışdır və insanlar da tarixlə birgə yaşamışdır belə şeyləri. Amma insanlar dərs almamışlar belə şeylərdən, belə faciələrdən ki, onu yenidən təkrar edirlər.
Bu faciənin ağırlığını və acılığını bəzi türk qəzetləri dünyaya çatdıra bildilər o zaman.
... Mən bu sətirləri yazan zaman bu faciədən artıq bir xeyli vaxt keçirdi. Amma bu faciəni əks ətdirən bir foto var ki, hər gecə mənim yuxuma girir və hər gecə olmasa da, zaman-zaman onun acısını yenidən yaşayıram.
Bu bir şair sözü deyil. Bu bir poetik cümlə də deyil. Bu acı bir həqiqətdir.
Bu yaşanılmaz bir həqiqətdir.
O fotoda əks olunan hadisə və onun altında yazılan sözlər bir millətin acizliyini və gücsüzlüyünü bir sənəd kimi əks etdirir.
Mən o fotonu hər dəfə xatırlayanda arvadımın və uşaqlarımın üzünə dik baxa bilmirəm. Başım köksümə əyilir.
Uşaqlarımın və arvadımın bu fotodan heç xəbəri də yoxdur bəlkə. Amma neyləyim ki, bu foto başımın üstündən bir Demoklis qılıncı kimi asılmışdır.

TARİXCƏSİ BELƏDİR
BU FOTONUN :

Moskvada çap olunan “Moskovski novosti” qəzetindəydi. Sanki jurnalist də, bu şəkli çəkən də qabaqcadan hazırlanmış bu soyqırımı bilirmiş.
Bu rus jurnalist və bu fotonu çəkən fotomüxbir Ermənilərlə birlikdə bir tanka minərək Xocalıya gəlmişlər.
Jurnalist öz gözləriylə görmüş bu qırğını və anlatmış bu olanları :
“4-5 nəfər əlləri arxadan bağlı olaraq torpağa çökdürülmüş. 4-5 əsgər də əllərində avtomatla onların başının üstünü kəsdirmişlər. Bu əsgərlər, əlləri bağlı adamların önündə xoruzlanan əsgərlər ermənilərdir. Namərdcəsinə gülürlər. Bu soyqırım, bu faciə gecə gec saatlarda olsa da,foto çox təmiz çəkilmiş və sanki bunu qəsdən belə montaj etmişlər və sanki bunu azəri türklərinə olan nifrətlərini ifadə eləməyin bir yolu olaraq düşünmüşlər, dünyaya duyurmaq üçün, dünyaya meydan oxumaq üçün.
Fotoqrafın altında dəhşətli sözlər yazılmış. Eynən budur o sözlər:
“BU ADAMLAR MƏHSƏTİ TÜRKLƏRİDİR. İNDİ BUNLAR KİMDİR? BU ADAMLAR ÜÇÜN BİR QAB BENZİN İSTƏDİK AZƏRİLƏRDƏN. AZƏRİLƏR VERMƏDİLƏR. BUNLAR BİR QAB BENZİN QƏDƏR DƏ QİYMƏTLİ DEYİL. ”
Bəli, beləcə yazılmışdı fotonun altında...
Bu nifrət hardandır bu ermənilərdə?
Əslində,kim tərəfindən deyilərsə deyilsin və söylənilirsə söylənilsin,bu sözlər insanlıq adına bir ləkədir.
Yuxuma girər o foto...
Qulaqlarımda səslənər o sözlər...
Uşaqlarımın gözlərinin içinə baxa bilmirəm.
Həmən o xoruzlanan ermənilər, rusların xəyanətinə sığınıb xoruzlanan erməni əsgərlər,bir az sonra əsir düşəndə dillərini bir qarış çıxarıb yalvaracaqlar və biri-birilərini satacaqlar.
Bunları da biz televiziyalarda çox gördük. Bu müharibədə onlara kömək eləyən rusları da, satmağa qalxan ermənilər sadəcə kim olduqlarını göstərdilər dünyaya...
Onlar insan deyil, bəlkə də bir “manqurtdurlar”...
Ya elə,ya belə. XX yüz ilin sonlarında törədilən bu vəhşi faciənin iştirakçıları olan ermənilər bu azərilərə və bu türklərə nədən belə nifrət edirlər hələ də...
Bu vəhşilik hardandır?
... Bir zamanlar çox böyük bir demokrat olaraq tanınan Erməni yazıçısı Qrant Matevosyanın bir hekayəsi var. Bu hekayədə belə yazır, Qrant Matevosyan:”bizim kənd bir türk kəndi ilə qonşu idi. Türk insanları bizim kəndə bal satmağa gələrdilər. Dədələrimiz türklərdən bal alardılar. Türk insanları getdikdən sonra dədələrimiz həmən balı əvvəlcə itə yedirirdilər, sonra biz yenə də qorxa-qorxa yeyirdik o balı. Əgər it ölməsəydi yeyərdik o balı... ”
Bu bir erməni yazarının fikridir. Bizim günlərin yazarının fikri.
Bunu oxuyan erməni uşağı necə ola bilər, əcaba?
Bir atalar sözünü xatırladım: “Gedər xəncər yarası, getməz söz yarası”...
İzahata bir ehtiyac varmı?
... Yuxuma girər hər gecə o foto...
Türkcəsi:”YeniAsya” qəzeti, 27 sentyabr 1993.

XOCALIYA GEDƏN YOL “QARA YANVAR”dan KEÇDİ


1.

Bütün ömrümüzə dağıldı Yanvar
Bütün ilimizə dağıldı Yanvar
Yanvarın soyuğu əriyəmədi
yayın istisində
qızmarında da
bütün qapıları bağladı Yanvar
işə bax
ağlaya bilməyən belə ağladı
adam-adam gülüş əksildi dodaqlardan
içindən ağlayan oldu
özü göz yaşında boğulan oldu
güllədən diksinib ölənlər oldu
güllədən diksinib doğulan oldu
azğın adamların gözündən çıxan
azğın güllələr
Yanvarın yağışı, qarı yerinə
Yağdı, nə yağdı
biçdi adamları
güllələr daraq-daraqdı
gecə yaralandı, il yaralandı
Vətən yara aldı,el yara aldı.
Haçansa, haçansa bitmişdi bu Ay
yetmiş il illərin aralarında
itmişdi bu Ay
Bu Ayı görürdük
oxşatmayırdıq
onu bəxtimizdə aramayırdıq
Yanvara ayların Hirsi dağıldı
Ürəklərdə yara qaldı Yanvar adlı.
Oğlum,qızım –
bu dünyanın üzü belə getsə əyər
biz də qalsaq yata-yata
qorxuram ki,
bu Yanvarın
qan qoxulu isti ucu
sizdən sonra gələnlərə gedib çata.

2.

Bakıda Yanvar qırğınında
beynəlxalq aləmdə qadağan olunmuş
5.45 kalibirli güllələrdən istifadə olunub.
“Komsomolskaya Pravda” qəzetindən.

neçə ildi yol gəlirmiş bu Güllə
neçə dildə yol gəlirmiş bu Güllə.
gündüzdən keçə-keçə
gecədən keçə-keçə.
cavandan keçə-keçə
qocadan keçə-keçə
sağalmayan yaraları tanış Güllə
sağalmayan yaraları tanış lülə
tuşlayan da tanışdı
tuşlanan da tanışdı.
bu Güllənin yarasıyla
kimlər necə barışdı.
Allahım,
neçə ildi yol gəlirmiş bu Güllə
atan qorxusundan sapsarı olub
bu Güllə Allaha sarı olub.
Allahından düşüb güllə
bu Güllə cavan da deyil
bu Güllə necə qarıyıb
ürəklərdə batır səsi
axı bizə tanış idi
bu Güllə də, atan da
Bir Allahım
sənə görə inandıq
bəs sən demə Allahsızmış atan da.
bu Güllənin qara rəngi al qan oldu
itdi azadlığın içində Güllə
batdı azadlığın içində Güllə
axtarsaq, axtarsaq tapmarıq onu
gərək ki tapaq
yoxsa inanıram nəvəm yazacaq
neçə ildi yol gəlirmiş bu Güllə
bu güllə də tanışdı
o lülə də.
bir milləti al qanına boyayan
işıq donlu qara rəngli o Güllə də.
tuşlayan da tanışdı.
tuşlanan da.

3.

qaranlıq gecədə bitən zəmiydik
güllərlə biçilərək əyildik
indi bənövşəyə oxşarımız var
biz belə deyildik ,belə deyildik
bu Yanvardan o yanası yoxdu ki...

isti – isti tökülən qan donmadı
biz görmüşdük nə vaxt isə bu anı
demişdilər,inanmışdıq anam hey
bu inamla çöllər qana boyandı
bu Yanvardan o yanası yoxdu ki...

unutmağı peşə bilən el varmı
bayrağımla sarıdılar yaramı
gizli-gizli saxlanılmış qatlarla
gətirdilər bu günümü, varammı
bu Yanvardan o yanası yoxdu ki...

mənim balam, nə düşmən ol,nə unut
bu ağrını nə car elə, nə də ud.
harda isə bu gün durub yenə də
aldanma ki, sən Nəbisən,ya Qorqud
bu Yanvardan o yanası yoxdu ki...

azadlığa gedən yolda təkcəsən
hap-gop ilə tovlanma gəl təkcə sən
ölmək üçün hələ vaxt var,zaman var
ölmək asan AZAD olsa bu Vətən
bu Yanvardan o yanası yoxdu ki...
Tofiq Abdin
18.01.1991

Tofiq ABDİN,
[email protected]
tofigabdin.com





Bu yazı ( 536 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar