12px14px16px18px

ORALARDA KİMLƏR VAR:SƏHİFƏNİN QONAĞI RAMİZ ORSƏR

Tofiq ABDİN

“AYDIN” HAQQINDA BƏZİ AYDINLIQLAR –3

11:03 / 12.05.2012
Aprel ayının 19-da unudulmaz tənqidçi,siyasi xadim və türkoloq Aydın Məmmədovun ölümünün ildönümü idi. Bu nədənlə Azərbaycan Tərcümə Mərkəzində onun anılması saatları yaşandı. Mərkəzin sədri, yazar Afaq Məsud, mərkəzin əməkdaşları şair Zakir Fəxri,yazar Saday Budaqlı, bu sətirlərin müəllifi, “525-ci qəzet”in əməkdaşları, yazar Yaşar,baş redaktor müavini yazar Yusif Rzayev və Mərkəzin əməkdaşlarından İlham Feyzullayev olmaqla bir anma mərasimi keçirildi. Təbii ki, hər kəs öz xatirələrini danışdı və Aydının bütün həyatının türk dünyasına həsr edildiyi və məmləkətimizdə türkoloq kimi tanınan ilk yaradıcılardan biri olduğu vurğulandı. Söhbət əsnasında İlham bəy bu gözəl və unudulmaz ədəbiyyatçı haqqında şəkili bir şairin, hamımızın tanıdığı gözəl qələmi sahibi Vaqif Aslanın poeması olduğunu dedi və həmin poeama haqqında yazar Ramiz Orsərin bir yazısının bu vaxta qədər çap olunmadığını da söylədi. Məni maraq götürdü və həmin poema haqqında olan o yazını İlham bəydən aldım, onu öz səhifəmdə şair Ramiz Orsərin icazəsiylə çap etməyi düşündüm.Əlavə olaraq bunu da deyim ki,qəzetin baş redaktoru Rəşad Məcidə bu təşəbbüsə etiraz etmədiyi üçün təşəkkür edirəm. Tofiq Abdin

Şair müşahidəsi, onun qənaəti və qələmə aldığı reallıq xalqın istəyi ilə üst-üstə düşür. Şair öz qəhrəmanını hazır ədəbi qəhrəman kimi təqdim etmir. Onu həm ağıl, idrak, söz meydanında, həm siyasətdə, həm də xitalətdə əsl cəngavər kimi göstərir, onun "döyüşə-döyüşə" söz güllələrindən mətanətlə yayındığını, ətrafında yaradılmış süni bataqlıqlardan həssaslıqla yan keçdiyini ustalıqla qələmə alır. O vaxt H.Əliyevin qənaəti belə idi:
"Qarabağ bizimkidir deməklə əda ilə,
Qarabağı qaytarıb erməni verməz bizə".
"Bir sual verim sizə",-
Deyib durdu birisi:
"Məgər siz deyildiniz orden, medal hərisi?"
"Güllə yox, medal taxdım
mən xalqımın döşünə
Bələd deyilsən, balam, zəmanənin işinə".

Vaqif Aslan ulu öndəri sadəcə boğazdanyuxarı tərifləmir, çox mürəkkəb ictimai-siyasi proseslərin gedişində, onun ən qaynar nöqtəsində qaragüruhun ona qarşı təşkilatlanıb üzünə qabardığı bir vəziyyətdə də əyilməzlik, qətiyyətlilik və əsl liderlik keyfiyyətləri ilə vəhdətdə tərənnüm edir. Şairin vicdanı, məslək və məramı da həm açıq, həm də dolayısı ilə keçmiş rəhbərin haqqın müdafiəsinə qalxır.
Hal-əhval tuta-tuta kənd başına yığışdı,
Bir ağızdan soruşdu:
"O nə cür sessiyadı, o nə cürə çıxışdı?
Ağsaqqal sözüydümü,
Dediyi düz idimi?
Nə yazıçı, nə şair-
Katib, rəis və sair-
Qarabağa getməyə əgər etmirsə ürək,
"Qarabağ bizimkidir",
-söyləmək nəyə gərək?
Ləflənən paya kimi yellənib qazı-qazı,
Vertolyotdan danışır parlament ədəbazı.
Basıb-bağlayır hələ mindirib minməyindən,
Bir kərə söz salmayır heç yerə enməyindən
Enməyə xoşu yoxmuş
Bizim deputatların.
İndi bildik, yiyəsi kimdir, fəxri adların əsəbləri tarıma çəkilmiş şairin dağ çayı kimi qayaların daşından sellənən ilhamı haqq söyləyənləri dinləyəndə, onların dilindən eşitdiklərini yazanda ilhamı da Mildə, Muğanda sakit-sakit axan Ana Kür kimi sevincini ellərlə bölüşmək istəyir və buna nail olur.
Bəxtiyar qan elədi, onu bəxtiyar olsun,
Bir gün sonra olsa da,
Çox şeyi saldı yada.
Kürsünü ,kreslonu durub şahid çəkdi o,
Bu dünyada təkdi o.
Dedi: "Siz deyildiniz
o vaxt ona baş əyən?
Qabağından qalanı qarpıb ikiəlli yeyən?
Əldə bir stəkan çay növbəyə düzülən siz,
Dul qalmış arvad kimi, əzilib-büzülən siz!
Ayağını, əlini necə yalayardınız!
Qovardı, getməzdiniz,
quyruq bulayardınız.
Bu bər-bəzəkli salon, bu çil-çıraqlı tavan
On dörd il dayanmadan
Sizlərə şahid olub.
Sizin ucbatınızdan o kişi şəhid olub.
Vaqif Aslan qanıyla, canıyla haqqın-xalqın tərəfindədir. O böyük kişinin H.Əliyevin obrazını yaradarkən qələmini ürək qanına batırıb, ürəyinin səsini eşidir, o səsin xalqın səsi ilə həmahəng, eyni olduğunu duyur və duyğularını qələmə alır.
1991-ci ildə xalq cəbhəsinin hər yanda yüyənsiz at oynatdığı bir dövrdə Heydər Əliyevin - vətən, xalq cəfakeşinin bədii obrazını yaratmaq, kəfənini çiyninə salıb öz ayağı ilə hökmdarın hüzuruma getməyə bənzəyirdi. Ancaq Vaqif Aslanın ulu öndərə olan sevgisi haqqın təntənəsinin təzahürü kimi "Aydın" poemasında kodlaşdı. Şair ayrı-ayrı parçalarda çox uğurlu "şahmat deşikləri" ilə tarixi gerçəkliyi kövrək olduğu qədər də sərt və iti qələmi ilə incələyə və tarixin yaddaşına yaza bildi.
Vaqif Aslan şair-vətəndaş missiyasını yerinə yetirdi. Yazdıqlarını qoltuqlayıb qapılar ağzında növbələrə yazılmadı. Bu onun məram və amalından çox uzaqdır.
Vaqif Aslan poeziyası yarınmaq istəyən poeziya deyil, xalqa xidmətdə olan, sevgi dolu poeziyadır. Şair ulu öndərə olan əbədi sevgisini bu poemanın yazılma tarixindən çox-çox sonralar yazdığı "Böyüklük" şeirində bir daha yaradıcılıq tərcümeyi halına yazdı, bu sevginin əbədi və dönməz olduğunu kövrək misralarının yaddaşına köçürdü.
"Aydın" poemasının bir özəlliyi və gözəlliyi də ondadır ki, ilk dəfə Vaqif Aslan bədii ədəbiyyatda tarix obrazını yaratdı. Şairin dərin tarixi bilgilərə malik olması, ictimai-siyasi prosesləri yaxından izləməsi, SSRİ adlı tarixi-coğrafi məkanda həyata keçirilən siyasi gedişlərin səbəb və nəticəsinə, onun mahiyyətinə bələdliyi və dərin müşahidəsi ona tarixi gercəkliyin ağrı və acılarını -həqiqəti pıçıldayan tarix obrazı yaratmağa imkan verir.
Dolaşır hər tərəfdə qara-qara kölgələr,
Soyuldu soğan kimi baltikyanı ölkələr.
Ya çeçen, inquş olsun,
Ya yakut, tunquş olsun,
Başqırd olsun, ya balkar
Mərkəzə nə dəxli var?
Tiflisə - 8 Aprel,
Bakıya - 20 Yanvar,
Bizlərə düşən budur
Mərkəzin bölgüsündən
Sovetlər ölkəsində.
Yaşar Qarayev məlum məqaləsində göstərir ki, "bütün əsər boyu şair özü -əzabkeşliyi, qeyrət-dərd yanğısını qəhrəmanla bölüşən "yaman gün", çətin yol yoldaşına çevrilir və bizə iddiaya əsas və haqq verir ki, əbədiyyətə qovuşan Aydına son anda ən böyük sədaqəti iki şəxs göstərdi: müştərək ölümü onunla qoşa qarşılayan axirət bacısı -Dilarə xanım və bu poemanı ilk dəfə qəbrə, məzara oxuyan, onu göz yaşı ilə baş daşına yazan axirət qardaşı- Vaqif Aslan!"...
Əlbəttə, poemada verilən tarixi faktlar əsərin lirizminə təsir etmir, əksinə müəllif ideyasının açılmasına, yaratdığı obrazların mükəmməlliyinə və onların tarixi böyüklüyünə, oxucu yaddaşında heykəlləşən tarixi qəhrəmanın silueti və simvoluna çevrilirlər.
"Aydın" poemasının dili əsl ədəbi dildir. Poemada bir-birini əvəzləyən bədii təsvir və ifadə vasitələri oxucunun könlünü oxşayır, onun bədii zövqünə öz müsbət enerjisini verir və dörd fəsli özündə birləşdirən ovqat yaradır.
Ağaclar yaralandı,
Budaqlar paralandı.
Üzü dənizə doğru şəhidlər sıralandı.
Torpağa da, daşa da verib əzab-əziyyət,
Bakıda tuğyan etdi fövqəladə vəziyyət.
Şairin səmimiyyəti poemanın hər bir misrasından boy verir.
Göstərmir televizor, ...indi qandınmı niyə?
Tıncıxdım, Allah haqqı, bir az çıxım eşiyə.
Sətiraltı mənalar misraların fikir yükünü daha da artırır, oxucunu da dərin-dərin düşünməyə, ictimai-siyasi arialda baş verənləri saf-kürük etməyə səfərbər edir.
Nəyə görə belədir?
Türkərin xoruzunu məhkəməyə çəkirlər
Yerevanda bir toyuq qalırsa yumurtadan"
Poemanın dili tərtəmiz, canlı xalq danışıq dilidir. Şair bəzən yeri gəldikdə dialekt sözlərindən çox məharətlə istifadə edir. Düşünürsən ki, məhz bu söz belə də deyilməliydi.
Vaqif Aslan "Aydın" poeması ilə Aydına sözdən abidə ucaltmaqla bir vətəndaş şair kimi, özü də ədilli-dədilli-böyük bir şair kimi də özünü təsdiqlədi.Vaqif Aslanın yaratdığı vaxt -tarix və Mərkəz obrazları da ədəbiyyatımızda yeni obrazlar olmaqla bərabər "Aydın" poemasının ictimai-siyasi, ədəbi-bədii dəyərini də qat-qat artırır.Qardaşım, qələmdaşım Vaqif Aslana söz-sənət meydanında daha böyük yaradıcılıq uğurları və sağlamlıq arzularıyla!
P.S: Vaqif Aslan Aydın Məmmədov şəxsiyyətinə olan sevgisini dost-yoldaş sədaqətini 1992-ci ildə qələmə aldığı "Kötük" adlı dörd pərdəli, 16 şəkilli tragikomediyasında da Asif surətini yaratmaqla bir daha təsdiqlədi. Aydın Məmmədov özü öz həyatını üç mərhələyə ayırırdı. Məhz "Kötük"dəki Asif surəti Aydın Məmmədovun həyatının ikinci mərhələsini özündə ehtiva edir.
Şəki şəhəri.


Tofiq ABDİN,
[email protected]
tofigabdin.com




Bu yazı ( 301 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar