12px14px16px18px

Bir yanıqlı türki

Aydın QACAR
00:58 / 14.04.2012


Ümumi qəbul olunmuş gün, ay, il təqvimindən başqa, adamın bir iç təqvimi də olur. Bu iç təqvimi işə düşəndə insan özünü hansı yaşda, hansı fəsildə hiss edirsə, demək ondan ötrü ilin, günün o vaxtıdır. Təsadüflə, ya hər hansı miflə bağlı olub-olmadığını bilməsəm də, fakt budur ki, yaş kağızımdan tutmuş, ta bugünkü şəxsiyyət vəsiqəmə qədər, hələ də mənim hansısa sənədimdə nə doğulduğum ay, nə də gün göstərilib, hamısında “XX” – “XX” yazılıb. Yadımdadır, Sovetlər dövründə partiya bileti dolduran əməkdaşla aramızda belə bir dialoq da olmuşdu:
– Ay, gün qrafasını boş qoya bilmərik, ilin orta ayını yazıram.
– Bəs pasportda olmayan tarixi yazmaq partiya sənədini saxtalaşdırmaq deyil? – soruşmuşdum.
Sual qadında yaman təşviş, məsuliyyət yaratmış və o sənəddə də ay, gün qrafası boş qalmışdı.
Sözümün canı ondadır ki, indi haqqında danışacağım adam məndən 17 yaş böyük olsa da, ona həmişə böyük ərklə Sən deyə müraciət edirəm və hər ikimiz, iç təqvimimizə müvafiq, özümüzü həmyaş kimi hiss edirik. Qabil dayı ömrü boyu partiya-təsərrüfat işində çalışmış, indi təqaüddə olan və ucqar bir rayonda yaşayan, keçmiş “partnomenklatura” nümayəndəsidir. Təqaüdə çıxıb, qısa vaxtda dörd kitab ortaya qoyana kimi, ən yaxın dostları belə, onun ədəbiyyata, yazmağa meylindən xəbər tutmayıb. Şairliyi, yazıçılığı ilə bərabər, Qabil dayı oxucu kimi də çox yüksək bədii zövqə, ədəbi duyuma malikdi və dördüncü kitabı haqda mənim də fikirlərimi bilmək istəyir. “Yazarlar və onlar haqda tərif yazıları qəbul edilmir” platformasında çox yubandığımı görəndə, yarızarafat-yarıciddi:
– Bacıoğlu, artıq 75 yaşım var, istəyirəm, sənin qeydlərini sağlığımda oxuyum! – deməsi məni möhkəmcə tutdu və həm də tutub çox uzaqlara apardı...

“Özüm eşidə-eşidə
ağlayın məni...”

Yeniyetmə vaxtlarımda kənddə baş vermiş kədərli bir hadisə məni bir müddət yaşımdan da, başımdan da çox-çox böyük olan, fəlsəfi mətləblər haqda fikirləşməyə məcbur etmişdi. 67-ci ildə qonşuya, ölüm yatağında olan, bir xəstə gətirmişdilər, bütün kənd “İsmayıl qayıdıb”, “İsmayılı gətiriblər” deyə-deyə, ona baş çəkməyə axışırdı. O da kəndinin, vətəninin ölənindən-qalanından, böyük acgözlüklə, maraqla xəbər tuturmuş. Deməli, İsmayıl gənc ikən – 37-ci ildə, kənddə baş verən böyük davaya görə uzunmüddətli həbs cəzası alır və o vaxtın qanunları ilə, həbs müddəti bitəndən sonra, “vətən dəyişikliyi” deyilən cəzanı da çəkməli olur, kəndə qayıtmır, başqa yerdə məskunlaşır. Nəhayət, ölüm ayağında olanda yaxınlarına, doğulduğu kəndə aparılmasını, orda ölmək istədiyini bildirir, onlar da bu istəyə əməl edirlər. Dəfn-ehsan prosedurları üçün lazım olacaq məsrəfləri də özü gətiribmiş ki, xeyrində-şərində iştirak etməyə imkan tapmadığı doğma kəndində heç kimə borclu qalmasın. Əslində bu seçimdə, bu qərarda qeyri-adi nəsə yoxdu, adətən, insan son mənzil üçün doğulduğu yeri, yurdu seçir və orda dəfn olunmasını istəyir. Ancaq İsmayıl kişinin istəyində mənim o vaxtkı uşaq ağlım, elə bugünkü böyük ağlım üçün də düşündürücü, qeyri-adi olan bir məqam vardı. İsmayıl kişi ərki çatan qadınlardan qəribə bir xahiş etmişdi: Nənəmdən, Banı xaladan, Gülgəz arvaddan, bacısından, cavan olsa da öz istəyi ilə bu dəstəyə qoşulan Ziloş bibidən və daha kimlərdənsə ibarət bir qrupdan, onu diriykən, qulaqları eşidə-eşidə ağlamalarını istəmişdi!!!
O ağlaşma səsini, qonşu idik deyə, mən də eşidirdim, prosesdən xəbəri olmayanlar da, “yəqin İsmayıl öldü” fikriylə, ora yığılırdılar. İsmayılın bir vaxtlar kəndin say-seçmə cavanlarından olması, igidliyi, arxasınca neçə qızın gözü qalması haqda oxşamalar, ağılar, ağlaşmalar xeyli çəkmişdi. Diri adamın üstündə, ölünü ağlayırmış kimi, ağlaşma səhnəsi qurulması və “ölənin” özünün buna tamaşa etməsi, ağıları dinləməsi, sanki o dünya ilə bu dünyanı bir-birinə qovuşdurur, xüsusən uşaq psixologiyası üçün çox vahiməli, qorxulu görünürdü. Ümumiyyətlə, müsəlman adətlərindən olan, qadınların ölənin arxasınca, görk üçün, uca səslə şəbeh çıxarıb ağlaşma qurmasına heç vaxt müsbət yanaşmamışam. Şəriətlə də, sivil dünya qaydaları ilə də məqbul hesab olunmayan bu adət-ənənəni qeyri-səmimi hesab etmiş və fikirləşmişəm ki, insan dərdini içində çəkməlidi. Ancaq İsmayıl kişi ilə bağlı bu səhnə tamam başqaydı və həmin epizod o vaxt da, bu gün də məni qəribə düşüncələrə qərq edir.
İnsan bütün zamanlarda, bütün yaşlarda şan-şöhrətə, başqalarının tərifinə, sevilməyə, öyülməyə, yaddaşlarda qalmağa meylli olub. Bu ən adi insan istəyi, insan psixologiyasının təzahürüdü. Yəqin, indi də Qabil dayının xahişi ilə İsmayıl kişinin o istəyi arasındakı hansısa yaxınlıq, oxşarlıq keçmişdə baş vermiş həmin epizodu yaddaşıma qaytardı və mən belə bir paralel aparmalı oldum.

Bir yanıqlı qərib türki

Uzaq keçmişdə baş versə də, yaddaşımdan silinməyən İsmayıl kişinin o vaxtkı istəyi ilə Qabil dayının bugünkü xahişi arasında paralellik axtarmağımın səbəbi, mənbəyi, bəlkə də elə mənim özümdədi. Mənim Xoşginabım, Şəngilavam olan Qazançı kəndində Qabil dayı mənim babalı-nənəli, dayılı-daycanılı günlərimdən qalan yeganə və sonuncu payız yarpağıdı... Ondan sonra o yurddan, mən daha bir köynək uzaqlaşacaq, yadlaşacağam. İndi Qabil dayı Əlincə elində mənim üçün – əsasən telefonla, danışıb-dərdləşə bildiyim – yeganə vətən rəmzidi! O, dərin ədəbi duyumu, duyğusu, hiss-həyəcanı, səsinin tembri, vətən rəngində olan sərt, boz görkəmi, duruşu, görünüşü ilə mənimdi; əzizim, yaxınımdı, uşaq ərköyünlüyümün, əziz-ağırlığımın mənbəyi və şahidi olan insanların sonuncusudu! Yəqin, telefonla tez-tez danışdığımızdanmı, ya nədəndisə, elə bilirəm, Qabil dayı heç yana, heç yerə gedəsi deyil, sadəcə məni qorxudur. Yəqin köhnə partiya məmurları hamısı elədir, hərbçilər kimi dəqiqlik sevirlər: söz vermisən, buyur yerinə yetir, yazını yaz, nə “ovqat”, nə “köklənmək”!? Həm də Qabil dayıdan danışmaq, yazmaq, elə bilirəm, elə özümdən danışmaq, özümdən yazmaqdı və odur ki, təvazökarlıq edirəm.
Ancaq Qabil dayıdan sonra içimdə yaranacaq boşluğu da, ondan sonra o kənddə nə görəcəyimi də indidən duyur, görür və kövrəlirəm. Hər sözü, hər misrası mənə doğma olan böyük şairimizin – Musa Yaqubun bir şeirini, türkisini içimdə nəğmə kimi, bayatı kimi dönə-dönə oxuyur, improvizə edir, elə bil Qabil dayının dilindən səslənirmiş kimi, təkrarlayıram:

“Bir də görəcəksən ki, bir ərk yerin yox,
Qalmısan necə yad baxışın altda.
Qəfil görəcəksən çətirim də yox,
Əsirsən bir qərib yağışın altda.
Günəşdə üstünə kölgə salan yox,
Tənhasan, amma heç yada salan yox,
Sönüb səndən ötrü o isti ocaq!
Onda biləcəksən mənim yerimi,
Biləcəksən, o da çox gec olacaq...“

Onda yazacağam sənin könlündən keçən yazını, ay Qabil dayı, onda yazacağam... ancaq çox gec olacaq!

“Onda birdən-birə gözüm dolacaq,
Onda görəcəyəm o yurdda təkəm,
O sözüm, o səsim, o ərkim yoxdu,
Çağrılır, deyilir, adım var, ancaq
Dillərdə şipşirin o dadım yoxdu,
Dərdim var, bu dərdə şərikim yoxdu...
...Yanımda boş qalıb bir sirdaş yeri,
Sızlayır könlümün həmin boş yeri,
Onda biləcəyəm sənin qədrini,
Onda biləcəyəm... çox gec olacaq!”

Onda bir yanıq, bir qərib türki yazacağam Əsəd dayımla sənə– ikinizə birlikdə. Mütləq yazacağam – gec olanda... İndi Musa Yaqub sözünün içindən keçdiyim kimi, onda çox şeyləri öz içimdən, öz sözümdən keçirib ağıya, bayatıya bükəcək və inanacağam ki, sən onların hamısını eşidir, oxuyursan. İnsan belədi da...
Bu da mənim faciəmdi: lap körpə uşağa, nəvəmə belə, dilimin ucunu yandırıb-yaxan, adi bir “can” sözünü üzbəsurət, canlı-canlı deyə bilmirəm. Nə bilim, bəlkə elə dilimi göynədən bu həsrəti, bu sözü deyə bilməməyimdə cəm olub mənim istəyim, mənim sevgim!? Uzaq Amerikadan, darıxdığını bildirən qızıma – Əfsanəyə, danışanda bircə dəfə “qızım“ desəm, bəlkə toxtayar, darıxmaz, bəlkə elə zəng edib ömründə eşitmədiyi bu bircə kəlməni eşitmək istəyir? Ancaq nə yazıq ki, deyə bilmirəm, özüm-özümə divan tutur, əzab verirəm, hansısa lüzumsuz qürurun əlində əsir-yesir qalıram.
Hər şey dəyişir – dostlar da, münasibətlər də, zaman da, yaş da. Mənim içimdən başqa! İstəyimi açıq ifadə edən ən adi söz, ən kiçik etiraf məndə əyilməyə, sınmağa bərabər assosasiya yaradır. Bu hissləri içimdə daşımaq, içimdə saxlamaq daha möhtəşəm, daha bakirə görünür mənə, nəinki dilə gətirmək. Dilə gətirdiyim, ya yazdığım ən mübhəm hisslər belə, elə bilirəm, artıq məndən uzaqlaşır.

lll
Həmişə bu qənaətdə olmuşam ki, sırf kimyaçının, riyaziyyatçının, nə bilim, sırf musiqiçi ya ədəbiyyatçının məhdud bir sahədə nəyəsə nail olmasından danışmaq olar. Ancaq ümumən bu fərdlərin hansısa kəşfinə, öz sahəsində böyük nailiyyətlərinə rast gəlmək mümkün deyil. İxtisasın, peşə sahəsindən asılı olmayaraq, insan təbiətlə, mənəvi aləmlə harmoniyada olmalıdı. Musiqini, ədəbiyyatı, incəsənəti qavramayan, duymayan alim, mühəndis, həkim, elə bilirəm, yaxşı mütəxəssis ola bilməz. Yaxud dəqiq elmlərdən, fəlsəfi biliklərdən xəbərsiz olan musiqiçinin, ədəbiyyatçının da ciddi nəsə yaratmağa iqtidarı çatmaz.
Qabil Abbasın “Qoruya bilmədim özümdən səni”, “Unutmağa gücüm çatmır”, “Ürəyimin səsi” şeir kitabları və sonuncu – “Məhəbbətlə dolu ürək” povesti işıq üzü gördükcə, ilk olaraq, fikrimdən keçib ki, Qabil dayı, yəqin, ən azından, yaxşı partiya-sovet məmuru olub. Əvvəldə qeyd etdiyim kimi, indi bu kitabları təhlil, ya da tərif etmək fikrim yoxdu. Ümumiyyətlə, bu məsələyə müxtəlif münasibət ola bilər. Misal üçün, zəif şeir yazan haqqında: “Neynir e axı, adam öldürmür ki, zəif şeir yazır da...”– kimi yanaşmaq da olar, yaxud pisə pis deyib divara dirəmək, sıxıb suyunu çıxarmaq da. Hikmət Ziya demişkən:

Bir romanın sıxdılar,
çıxartdılar suyunu,
Gördülər suya düşmüş
hekayə olduğunu.

Ancaq vacib olan bu deyil, vacibi, önəmlisi – hər bir insanın daxilində ədəbiyyat, söz, ümumən mənəvi dəyərlər üçün ayrılmış ərazinin olmasıdı. Belə neytral ərazilərə öz evin kimi rahatca daxil olmaq da, orda bardaş qurub oturmaq da mümkündü. Qabil dayının mənəvi dünyası da, mənim tez-tez zəng etdiyim, üz tutduğum, rahatlıq tapdığım ərazilərdən biridir. Həmişə ümid yeri, güman yeri olasan, ay dayı!

Aydın QACAR [email protected]




Bu yazı ( 586 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar