12px14px16px18px

Hara gedir bu qatar: ömrün qatarı...

Aydın QACAR
01:25 / 27.02.2010



(Ovqat)


Qatarlar bizim yeniyetməliyimizin, tələbəliyimizin simvolu olub – hərəkət simvolu, ayrılıq, görüş, həsrət, vüsal, darıxmaqlıq simvolu! O vaxt qatarlar istək yükü, arzu, sevinc, mehr, məhəbbət yükü daşıyardı – şəhərdən kəndə, kənddən şəhərə. Biz idik o yüklər, sevgi məktubları kimi, hərə bir ünvana paylanırdı; qız istəyənlər isə iki ünvana tələsirdi. Çox da deyildik, cəmi beş-altı məktub – həm də çox idik bir balaca kənd üçün!
Bakıdan kəndə gedəndə az qala hər dayanacaqda Məmməd dirsəyi ilə kupenin divarına vururdu, yəni: “Tərpən! Yeri!” Düşüb arxadan itələməyə də hazır idi qatarı! Qayıdanda isə: “Ona baxx... gör nə uçur, gələndə ölə-ölə gəlirdi” – deyib gileylənirdi qatardan – gedəndə “qırmızı”, qayıdanda “qara poyez” dediyi qatardan!
Qabaqdakı vaqonlara bilet alardıq ki, “onlar daha tez çatacaq”, düşməyə bir saat qalmış kəsdirərdik çıxışı. Naxçıvanı keçər-keçməz, sərhəd dirəklərini sayıb, Şahtaxtı stansiyasına neçə dirək qaldığını hesablayar, həyəcanımızın sərhədinə, sonuna dirək-dirək tələsərdik...
Zamanın ölçü vahidlərinə fikir verin: vaqon-vaqon, dirək-dirək! Bu gün əlavə edərdim, ürək-ürək, xəlvətdə dolub boşalan göz-göz – Məmmədin, Muxtarın, Kinyazın timsalında. Mən “gavır” idim ağlamırdım, Əzimin də hissiyyatı yoxudu, bərkə düşəndə əcaib avazla, yava-yava: “Deyir, ayrılma məndən... Deyir, ayrılma məndən...” oxuyurdu.
Elə bilirəm, o vaxtkı bütün görüşlərin savabı, bütün ayrılıqların babalı, qatarların boynunda qalıb – hansı çox olub, hansı az – hər ikisi halalı olsun...
Etiraf edim ki, orta məktəbin Bakıda oxunan iki ili, kövrək qanadlarımızı kifayət qədər bərkitsə də, yeniyetmə qəlbimizdə “Araz boyda şırım” açmağı da unutmadı.
Araz boyu ilan kimi əyilən, burulan yollarda şütüyən qatarlar, gecə vaxtı fit verəndə qəribə səs efekti yaradar, həssas qəlbləri daha sürətlə döyünməyə, çırpınmağa vadar edərdi. Hara tələsirdi görən bu qatarlar, gecənin bağrını yara-yara... ömrün qatarları?!
Hə... əvvəllər Bakıdan kəndə gedəndə “yerimək bilməyən”, stansiyalarda “çox dayanan” qatarlar, sonralar başqalaşdı. Arzuların ünvanı dəyişdikcə qatarlar da dəyişdi... Və təkcə qatarlar yox!
Bizim adlarımızın qabağındakı məktəbli sözü də, kimində boy atıb, böyüyüb tələbə, kimində sınıb, sıxılıb əsgər sözləri ilə əvəz olundu. Məsafə, zaman vahidləri də: dirək-dirək, ürək-ürək deyil, fizikadan yaxşıca bildiyimiz vahidlər sistemi ilə ölçülməyə başladı.
İnstitutun birinci kursunda oxuyanda, biz internat uşaqlarına ən çox təəccüblü görünən, rayonlardan olan digər uşaqların darıxması idi. Bu mərhələni biz artıq arxada qoymuşduq deyə, özümüzü suda balıq kimi hiss edirdik. İnstitutda da bir qrupda oxuduğumuz Muxtara deyirdim ki, indi bizim bu biri uşaqlardan fərqimiz, o vaxt internatda mənimlə sizin aranızda olan fərq kimidi. Gülürdü ki, həə... o vaxtı bizim dərddən boğazımız qovuşanda sənə həsəd aparırdıq, elə bilirdik, dünyada səndən xoşbəxt adam yoxdu, deyirdik, kaş sənin kimi daşürək olaydıq. Məndə də insaf olmayıb o vaxtlar, heç indi də yoxdu deyəsən, bəzi məqamlar istisna olmaqla. Görürdün əl-üz yuyulan yerdə-filanda, yenicə ürəyini boşaldıb gələn Muxtar oturar-oturmaz, başlayırdım ki, bilirsiz, Muxtar darıxmır ey, intəhası, yadına düşür ki, indi kənddə böyük uşaqlar onun qardaşını təkləyib döyüb-eləyirlər, ona görə narahat olur... və başqa bu kimi sözlər ağzımdan çıxar-çıxmaz Muxtarın gözlərindən yaş leysan kimi ələnirdi.
Qəribədir, bəzən adama elə gəlir ki, elə dünya da sən yaşdadır: sən darıxırsansa, elə bilirsən, hamı darıxır, instituta girmək həsrəti səni üzürsə, deməli, hamı bu intizardadı, ilk sevgini yaşayırsansa, sanırsan, bütün dünya bu həyəcan içində əsir! Yaxud ilk dəfə oxun daşa dəyirsə, deməli, sənə elə gəlir, bütün aləm sarsıntı içindədir. Əgər bütün macəraları arxada qoyub, ev-eşik qayğısı ilə yaşayırsansa, dünya da cavanlığın daşını çoxdan atmış kimi görünür, sanki heç bir macəra, roman axtarmaq həvəsində olan yoxdu daha.
Və bütün bunları yaza-yaza düşünürəm, nə yaxşı ki, belə deyil... nə yaxşı, hər bir uşaq, yeniyetmə, cavan ömrü ilə hər şey yenidən başlanır, yenidən yaşanır, yenidən təkrarlanır... Nə yaxşı ki, “Dünya köhnə dünya” olsa da, “Sevgiləri, gülüşləri, çiçəkləri təzədir”... Sözsüz ki, hər bir insan öz yaşadığı həyatın, dövrün, mühitin aurasını, ab-havasını cismində, canında, təbiətində yaşadır və bunlara uyğun da insan münasibətləri formalaşır. Bizim nəslin keçirdiyi uşaqlıq, yeniyetməlik, gənclik bizə çox maraqlı gəlir, bir yerə yığışanda, olanları xatırlayıb yada salmaqdan, deyib-gülməkdən yorulmuruq. Hərdən bu olayları qələmə almaq, yazıya gətirmək istəyim də olur, amma... Amma eləmirəm bunu: xatirə janrı çox zaman zəiflik, kövrəklik əlaməti sayıldığı üçün. Təsadüfdən-təsadüfə, dilimin ucunu göynədən hisslərin kağız, qələm, söz həsrəti mənə güc eləyəndə, nəsə yazıram. Elə bu yazı da həmən qəbildəndir. Çoxdandır, ürəyimdən xəbər verən bir yazıya rast gəlmədiyim, oxumadığım üçün içimdə bir boşluq yaranıb, darıxıram.
Mən Sözün divanəsiyəm, özündə kövrək, ecazkar bir kədər, həzin bir nisgil yaşadan ikicə misra şeir, bir qulaq nəğmə, əl boyda bir mənzum yazı üçün dünyanın o başına getməyə hazıram! Məni yoldan çıxaran məqamların da ünvanı dəyişib elə bil. İndi söz, xatirə məni daha tez yoldan çıxarır. Sözə uyub yatmaya da bilərəm, günlərlə evdən bayıra çıxmaya da. İndi yıxılanda da gözətçidən xəlvət çıxdığım “Qızlar yataqxanası”nın balkonundan yox, sözdən, sözün eyvanından yıxılıram. Bir şey var ki, sözdə, xatirədə yanlış yaşamların da daha acısı unudulmuş, şirini qalmış olur. Xatırlananlar olduğundan daha gözəl, daha dadlı görünməyə başlayır...
Xatırlayanda, yada salanda ki, o qaynar çağlarımızda nəfəsimizlə neçə saçlar, neçə ipək tellər qarsalanıb, yellənib, gözlərimizdə neçə gözəl güzgülənib; dildə-dodaqda neçə qızın göz yaşının dadı, istisi, nəmi, sevinci kədəri, ümidi qalıb, xoşbəxt olub, xoşbəxt edib... duyğulanıram, bu günlə müqayisə edirəm. Görürəm ki, Əli Kərim təbirincə, gənclikdə biz sevərdik “susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi; iynənin ucu boyda işığa həsrət qalan göz işıq sevən kimi...” İndi isə “rahatca bardaş qurub kabab üstən sərin su pis olmaz deyən kimi...” sevirlər kimlərsə. Bu sevgi ilə qəbul olunmaq kimi qane edir?... Özümüzümü, yox! Tərəf-müqabilimi, bəlkə də. Niyə hər şey beləcə asanlaşıb. Maşın, bağ, görüş üçün ayrıca ev, deformasiya olunmuş, maddiyyat üzərində qurulan əxlaq qaydaları... Müqayisə edir və hər dəfə də bu günə “yox, yox, yox!” – deyirəm. Gözüm keçmişdə qalıb! Təkcə yaşa görə yox. Ümumilikdə, sovet cəmiyyəti daha ədalətli idi, hamı eyni start xəttindən başlayırdı, dar macalda arxanda dövləti, qanunları görürdün.
Əlimizdə çiçək dəstəsi, sinəmizdə alışıb yanan ürəklə neçə-neçə qatarın, neçə-neçə sarışın gözəlin yolunu gözləyirdik: sevgidən başqa təmənnası olmayan Sovet gözəllərinin! O vaxt əsgərin kəmərini, çəkməsini silib parıldatması da kifayət idi qız qabağına çıxmağa.
Bir də qatarlarla bağlı hərdən yuxularımda, çox böyük sarsıntılar keçirirəm; bəlkə də nə vaxtsa həyatım bahasına başa gələcək sarsıntılar! Real həyatdan fərqli olaraq, yuxuda özüm-özümə, elə bu dəqiqə dinlədiyim nəğmənin sözlərində deyildiyi kimi: “Bir sönən ocağın külünə yanma, Ömrünün ayına, ilinə yanma...”, ya da “Baxma, o qatarın dalınca baxma... baxma!...!” – deyə bilmirəm.
YUXULARIMIN QATARI
Həyatda çox xoşladığım, xidmətindən məmnuniyyətlə istifadə etdiyim qatarlar yuxularımda mənim üçün işgəncə alətidir. İkinci onillikdi bu yuxular məni təqib edir, əvvəllər daha intensiv idi, sonralar ayda-ildə bir görünməyə başladı. Hər dəfə də eyni səhnə, eyni epizod:
– Yuxuda Onunla getdiyimiz qatar hansısa dayanacaqda dayanır, nə üçünsə düşürəm və qayıdıb minə bilmirəm, gecikirəm. Ya araya sürətlə şütüyən başqa qatar düşür, ya dayanacaqda nəsə aldığım yerdə çönürəm ki, bizim qatar tərpənib, qaçıram qatarın dalınca, qaçıram, bağrım çatlayana kimi, yuxudan ayılana kimi.
Əksər epizodlarda sənəd, pul, paltar qatarda getdiyindən heç nəyə imkanım olmur. Dil bilməyən, dükan-bazar tanımayan, qorxaq, ağürək kənd qızı neynəyəcək, hara gedəcək, vahiməsi məni basır. Yuxuda özümü qınayıram ki, axı mən niyə əvvəldən bunu təlimatlandırmamışam ki, belə bir hadisə baş versə, nə etməlidi. Mən indi nə bilim o hansı dayanacaqda düşə bilər, bəlkə axıra qədər gedib, orda gözləyər? Bəlkə qorxudan qatar gedə-gedə özünü atar! Vurnuxmağa, çabalamağa, nəsə etməyə çalışıram, ürəyim dayanana kimi, yuxudan ayılana kimi.
Bəzi yuxularımda isə elə qatarda rastlaşıram Onunla. Solmuş, soluxmuş, nimdaş görkəmdə... Deyirəm, sən ölmüşdün axı, gör neçə il bundan qabaq?!
Yazıq-yazıq: “Yoox..., – deyir, – sən düşdün, qatar tərpəndi da... yadında deyil?... “
Yuxuda deyirəm ki, yadımdadı, ancaq elə bilirdim, mənim qatardan qalmağım yuxuda olub, yuxuda, yuxuda... yu-xu-daa...” Özümü ora-bura çırpır, “stop kranı” çəkib qırır, qatarı saxlayıram, “bir adam bunu çəkə bilməzdi?!... deyib bağırıram, qabağıma çıxanı vurub-yıxır, “qoymayacağam qatar tərpənə, – deyirəm, – qalın bu yolun ortasında...” Və bu qatara gecikmək epizodu ilə, ürəyim beynim parçalanır, əvvəlki yuxularda keçirdiyim sarsıntılarla bərabər, qısqanclıq, peşmanlıq hissləri də iti caynaqları ilə ürəyimi didib-dağıdır. “Mən niyə yaşamışam” – deyib, özümü öldürmək, kəsib-doğramaq, hər şeyi dağıtmaq istəyirəm ki, bu qədər vaxtda mən niyə onu “öldü” bilib dalınca getməmişəm, axtarmamışam. Ürəyim qısqanclıqdan, peşmanlıqdan partlama həddində ikən yuxudan ayılmışam. Qan-tər içində olduğum, ürəyimin, elə bil ağır guppanla asfaltı döyərlərmiş kimi, dəqiqədə bəlkə də 300 dəfə guppagupla sinəmi, beynimi dağıtdığının və ölümlə mənim aramda bircə saniyə qaldığının şahidi olmuş... bütün bunların yuxu olduğuna şükür etmişəm.
Nə bilim, vallah... həyatda yuxularımdakı kimi aciz deyiləm. Hətta lazım olduğundan daha sərt və realistəm bəlkə də. Hər kəs istənilən mənəvi problem yaşaya bilər. Zəiflik örnək olmamalıdı. Əzm, iradə bunların fövqündə dayana bilməkdi. Reallıqda qatara yubanmaq texniki baxımdan nə böyük problemdi, yüz variantla özümü çatdıra bilərəm. Yaxud həyatda müxtəlif hadisələrin şahidi oluruq – kiminsə evi, ailəsi yanıb, uşağı oğurlanıb, avtomobil qəzasına düşüb, bıçaqlanıb, özündə, ya da əziz adamında sağalmaz xəstəlik aşkarlanıb... Heç kim bunu özünə götürmür, fikirləşmir ki, bu hadisə onun da başına gələ bilər. Belə yanaşma, sözsüz ki, səhvdir, hamının başına hər şey gələ bilər. Üstünlük tədbirli və iradəli davranmaqla, hər şeyə hazır olmaqla ölçülməlidir. Özümü həyatın hər bir sınağına hazır sayıram, yuxularımla bağlı etiraflara görə heç kim məni qınamağa tələsməsin. Etiraf, səmimiyyət, sadəcə, insana rahatlıq, yüngüllük gətirir, mənim də etiraflarım bunun üçündür. Həm də kağız-qələm qarşısında qeyri-səmimi olmaq mümkün deyil, müəllifin ruhu istər-istəməz yazılarına köçür. Söz, yazı qəlbin, duyğuların güzgüsüdür, hər kəs öz yazdıqlarına oxşayır fikrini ona görə tez-tez təkrarlayıram. Bir də müşahidə etmişəm, ən böyük incəliklə də olsa, sözə yazıya gətirilən hiss, həyəcan artıq əvvəlki bakirəliyini itirmiş olur. Mən də azad olmaq istəyirəm bəzi duyğulardan, qoy qatarlar yuxularımdan keçməsin daha, divan tutmasın mənə, elə bu yazını başlayanda kompüterin özündən səsləndirdiyim, Flora xanımın möcüzəli Səsi kimi: “...Uzaqdan, yaxından keçər bu qatar, Gecələr yuxumdan keçər bu qatar, Gülsəm, gülüşümü doğrayar, biçər, Ah çəksəm, ahımdan keçər bu qatar...”
Rels üzərində, dəmir yola bağlı olsalar da, əvvəlcədən bilmirsən, sonda səni hansı dalana, hansı küncə dirəyəcək qatarlar, indi bu yazıda məni dirədiyi kimi. Necə çıxım bu labirintdən?! Yəqin əvvələ – ilk dəfə qatara mindiyimiz günlərə qayıtmaqla.
Hə... sonuncu qatarın nə vaxt gələcəyi bilinməsə də, ilk qatarın gəlişi lap elə bugünkü kimi yadımdadı...
ÖMRÜN İLK VƏ...
SON QATARI
1969-cu ildə ilk dəfə qatara minir və ilk dəfə Bakıya gedirdik. Qatar bizi – balaca, gözdən iraq, həmişə yarımsəhra ömrü yaşamış, boz bir aran kəndindən alıb yeni aləmə aparırdı. Vaqona,əlimdə çamadan, birinci mən qalxıram, bələdçi qadın arxaya – o biri qapıya tərəf çəkilir ki, içəri keçim. Vaqondan başım çıxmadığı üçün qapılardan hansını seçməli olduğumu bilmir və bələdçinin üstünə gedirəm:
– Alə, məni minəcəksən? Keç içəri dəəə! – deyə bağıran bələdçi məni orta qapıya tərəf yönəldir. Sonra o biri uşaqlar minir, qadın isə üzünü bizi yola salan atama tutub, lağ-lağısını davam etdirir. Atamın, biz eşitməyək deyə, yavaş səslə bələdçiyə: “Sən dayan hələ, bir ildən sonra onlar səni doğrudan minəcəklər, o vaxt məni görsən, şikayət eləmə” – deməsi də, bələdçi qadının ucadan verdiyi, məni təəccübləndirən cavabı da yadımda qalıb... Və beləcə, bizi kənddən “alıb, getdi o qatar, göydə bircə ovuc tüstüsü qaldı...”
O illər kəndimizin tarixi üçün görünməmiş hadisə baş verirdi, səkkizinci sinfi bitirəndən sonra üç qız Naxçıvanda pedaqoji texnikuma qəbul olunmuş, beş oğlan isə, 9-10-cu sinifləri oxumaq üçün, Bakıya – 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbə gəlirdik. Məktəbin dördmərtəbəli binasını görən Alcəfər əmi gəlib danışmışdı: “Məktəb deyil e, institutdu! Qabıllının yarısı boyda! Baxanda adamın papağı düşür...”
Bütün kənd bu fərəhi yaşayırdı.
Mübaliğəsiz demək olar ki, kəndin intibahı bizimlə başlayıb. Bizə qədər məktəb dördillik olduğundan, oğlanlar hər gün 5 kilometr məsafəni qonşu kəndə piyada gedib qayıtmaqla orta məktəbi bitirə bilərdilər, qızlar üçün isə bu mümkün olmadığından, ümumiyyətlə oxuya bilməyiblər. Bizim kənddə heç bir idarə binası, poçt şöbəsi, xəstəxana, çayxana, dəlləkxana, dərzixana... və başqa “xana”lar olmayıb, “doxdurxana”dan başqa. “Şoş yolu” (asfalt) da kənddən aralı keçib. Kənddən rayona, şəhərə gedən, üstünə “Qabıllı” yazılmış avtobus da görməmişik. Nə coğrafi, nə siyasi-iqtisadi, hətta hərbi xəritələrə belə, Qabıllının adı düşməyib, yəqin heç Allahın xəritəsində də bu ad yoxdu.
O vaxt kəndin feldşeri, ilk “ziyalısı” olan əmim Xəlilin şikayətləri, səyləri ilə məktəb səkkizillik olur və biz – ilk beşincilər 6-cı, 7-ci, 8-cilər olmaqla kənddə natamam orta təhsil alırıq. Kəndlərə əvvəl radio, sonra elektrik xətti də biz məktəbli olan illərdə çəkilir. Cəmi iki sinif otağından ibarət səkkizillik məktəb, 1987-ci ildə yeni tikilmiş məktəb binası ilə əvəz olunub və orta məktəb yaranıb.
Biz 5-ci sinifdə olanda, fizika-riyaziyyat üzrə pedaqoji institutu yenicə bitirib qonşu kəndlərdə dərs deyən, Qabıllının ilk ali təhsil almış nümayəndəsi Səfəralı müəllim, böyük həvəslə bizə də riyaziyyatın sirlərini öyrətməyə başlayır.
Bizə dərs dediyi vaxtlarda Səfəralı müəllim, alim olmaq üçün Bakıya imtahan verməyə də getmişdi. Onda aspirantura sözünü bilmirdik, ancaq bilirdik ki, alim olan bizim oxuduğumuz, ya da hələ heç oxumadığımız kitablar kimi, qalın-qalın kitablar yazır. Yazır da yox, “bağlayır” deyirdilər. “Qabıllıdan da Lomonosov çıxa bilməsi və kitab bağlaması” bizə çox möcüzəli görünürdü. Ancaq Səfəralı müəllimin bütün rayonda ən bilikli “fizmat” müəllimi olması, bu möcüzəni yaşayacağımıza ümid verirdi. Ən azı elə Səfəralı müəllimin adının qabağında, başa düşmədiyimiz o “fizmat” sözünə görə möcüzə mütləq baş verməli, Qabıllıdan çıxan adam da paytaxtda oturub qalın-qalın kitablar bağlamalı idi.
...Səfəralı müəllim Bakıya köçməyinə köçdü, ancaq əfsuslar olsun ki, o vaxt biz bu möcüzəni yaşaya bilmədik. Və nəinki o vaxt, heç bu günə kimi də adının qabağında elmlər namizədi yazılan qabıllılı, hələ peyda olmayıb, zühur etməyib. Mən 1976-cı ildə institutu bitirəndə kəndin ali təhsil almış 5-ci adamı idim.
Elə bilirəm, həyata vəsiqə alan hər yeni nəsil özündən əvvəlkilərdən bir boy ağıllı olur. Bizim vaxtımızda uşaqlar elə bivec işlərlə məşğul olurdular ki... Konfet kağızı, paltar düyməsi, spiçka qutusunun üzü kimi şeylər toplayıb, onları udub-uduzmaq üstündə bir-birimizin az qala qanını içirdik. Kor İsmayılın nə şalvarında, nə də qışda pencək-palto əvəzinə üst-üstə geydiyi 5-6 köynəyində bircə dənə düymə olmazdı ki, yaxasını dartıb saxlasın, əti görünməsin – hamısını qopardıb uduzardı.
Kənddən aralı keçən asfalt yolun çəkilişinə çınqılı bizim Bayquş dərəsindəki çaylaqdan daşıyırdılar. Yayın şaqqamasında maşının arxasınca qalxan tozun, maşını da, ətrafı da görünməz edib yaman günə qoyduğu vaxt, qaçıb yük maşınlarının arxasından sallanar, “şoş” yoluna qədər “kef elərdik”. Sonra toz içində, dəyirmanın donuzluğuna girib-çıxmış kimi, piyada qayıdardıq kəndə. Sərhəd boyunca şütüyən uzun-uzun qatarlara təpənin üstündən baxıb dəmir yoluna yaxın kəndlərin uşaqlarına qibtə edərdik ki, onlar istəsələr, qatarların da arxasından sallanıb, “kef eləyə” bilərlər. Vaqonun içərisinə minmək isə heç ağlımıza da gəlməzdi.
...Qatara minmək rəhmətlik əmcanımın arzusu idi. Dəmir yoluna yaxın kövşənlərdə, dırmıqla küləş yığanda, tikan biçəndə (çöldən ot biçə bilmək xoşbəxtliyi bizim kəndlərə aid prosedur olmayıb), bir hovur oturub əlinin, ayağının tikanını-pıtrağını təmizləyən əmcanım yoldan ötən qatarlara baxıb, həsrətlə deyərdi ki, Allahın altında, olasan o “poyezin” içində... Canın qurtara bu işlərdən... pəncərənin qabağında oturub, əlini də dayayasan üzünə, baxasan bu dünyaya. Sonra da gözləri yol çəkər, əlavə edərdi ki, yəni o günü görəcəyikmi – siz oxuyub instituta girəsiz, işləyib ev-eşik, yurd-yuva qurasız, biz də “poyezə” minib, gələk yanınıza?...
İki il öncə əmcanımın dəfninə gedəndə bu sözlər yadıma düşdü və istər-istəməz Salam Sarvanın iki misrasını xatırladım:
Durub tullanasan bir çəpər üstdən,
Düşəndə görəsən, yer üzü yoxdu!
Elə təyyarədə bir yazı da qaraladım – “Əmcanımın qatar nisgili”. Bir-iki gün də cibimdə saxlayıb sonra atdım... Arzuları qismən çin olmuşdu əmcanımın. Təyyarə ilə Bakıya, Sumqayıta da gəlmişdi, qulluğunda da durmuşduq, protez də düzəltdirmişdim ona. Ancaq qatarın pəncərəsi qabağında oturub, əlini üzünə qoyaraq bu dünyaya baxa bilmək həsrəti rəhmətliyin gözündə qaldı! Salamın çəpər üstdən tullanmaqla yer üzünü itirmək, arzusu kimi (insafsız heç olmasa hasardan, divardan da tullanmır ki, iddiası şücaətinə adekvat olsun)... Çünki artıq iyirmi ildir, Naxçıvandan Bakıya qatarlar gəlmir. Bakıdan gedib orda qalan vaqonların sınıq pəncərələrində isə qaranquşlar yuva qurub – payızda köçüb gedir, yazda yenə öz yuvalarına qayıdırlar... Təzədən yuva dağıdası deyilik ki... Həm də artıq, o qatarın pəncərəsi önündən dünyaya baxmaq istəyən də yoxdu.
Hə... bizim nəslə məxsus ömür qatarlarının qırılıb yolda qalanı da, mənzil başına çatanı da oldu – həyatda olduğu kimi! Artıq bizi aparacaq qatarlar da finişə yaxınlaşır, takkatuk çoxalıb, son mənzilə az-çox qalsa da, konturlar görünür...
...İndi heç kimi gözləmirəm, özüm getmək istəyirəm, boxçam qoltuğumda, yola çıxmışam, səmti seçmədən, ömür qatarının nə vaxt gələcəyini bilmədən, sonuncu qatarın sonuncu vaqonu ilə, “nə udduq, nə uduzduq bu yolda” fikirlərilə...
P.S. Yazını bitirsəm də, “bir ötən sevgini unuda bilmək, könlümü səsiylə ovuda bilmək” istədiyim Flora xanımın səsinin sehrindən hələ çıxa bilməmişəm. Sərlövhənin yanında “sənətinə, şəxsiyyətinə rəğbət bəslədiyim Flora Kərimovaya” epiqrafı qoymaq bir az pafoslu çıxa biləcəyindən, bunu etmirəm. Ancaq çox istərdim, Flora xanımın səsinə və ürəyinə biçilmiş “Bu qatarın dalınca baxma” (musiqisi Mobil Babayevindir) və “Bağışla” adlı iki qərib şərqinin təsiri ilə qələmə aldığım bu kiçik yazı elə Onun o ecazkar, möcüzəli səsinə ithaf kimi qəbul edilə... Nələr yoxdu bu səsdə!...
Aydın QACAR [email protected]




Bu yazı ( 1256 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar