12px14px16px18px

Vətən ağrıları və əyalət qayğıları

Aydın QACAR
11:34 / 31.03.2012
SİLSİLƏ
3-cü YAZI


DƏMİRDARVAZA QABILLI

Keçmiş dastanlarda, söhbətlərdə tez-tez işlənən Dəmirqapı Dərbənd ifadəsindən yaman xoşum gəlir, yeri düşən kimi bu ifadəni işlətmək ləzzətini fövtə vermirəm. İndi şükürlər olsun ki, Qabıllı başdan-başa dəmir darvazalı olub və Mirqadirvari bir sual beynimə girib çıxmır, deyirəm, görəsən kəndimə “Dəmirdarvaza Qabıllı” desəm, olar ya olmaz? Vallah elə dilimə yatır ki!
Açığı, Mirqadir tapşırıb ki, bura bax, Naxçıvana aid bir şey yazanda mənim adımı çəkmə, bildin?! Düzdü, onun ömür boyu əlinə qəzet, institutu qurtarandan bu yana isə, kitab deyilən şey dəyməyib, ancaq kimsə oxuya bilər də. Mən istəyirəm, acıqcan Mirqadirin şeir oxunan məclisdə çəkilmiş bir şəklini də bu yazıda verəm. Şeir oxuyana, qəzet oxuyana qulaq asanda onun sifətinə gələn məna, ən yaxşı halda, Bakı qəbiristanlıqlarında dolaşan “gülyığanlar”ın sifətindəki ifadə ilə eyni olur. “Gülyığanlar” ağlaşanların durub getməsini gözlədikləri kimi, o da eləcə şeirin bitməsini gözləyir.
Bir də ki, “Qabıllı” və “Mirqadir” kəlmələrinin hansısa yazılı mənbəyə düşmə ehtimalı 0,00-a bərabərdi. Bu adları hardasa yalnız mən çəkə bilərəm və çəkirəm də, çünki biri kiçik Vətənim, biri də uşaqlıq dostumdu, onları həyatımdan silsəm, həm yazılarımda, hən də həyatımda böyük bir boşluq yaranar. Axırda statistika aparıb, neçə dəfə Qabıllı və neçə dəfə Mirqadir ifadələrini yazıya gətirdiyimi deyəcəyəm. İndi kompüter imkanlarından istifadə edib hesablayırlar ki, məsələn, Quranda “gün” sözü 365 dəfə təkrarlanıb. Yaxud Puşkinin lüğətində 21.000 söz olub, yazdığı 400.000 sözün 1000-ni 380.000 dəfə təkrarlayıb. Yeri gəlmişkən, ən məhdud söz lüğətinə malik olanlar saatlarla konspektsiz çıxış edə bilən, tanıdığımız məhşur siyasətçilərdi.

KƏND TƏNBƏLLƏŞİB

Dəvə – şüurlarda səhra, susuzluq, dözümlülük simvolu kimi yer tutub və belə bir səhnə təsəvvür etsək ki, 5-10 dəvə sinəsinə qədər qalxmış yaşıl otun, çiçəyin, çayın, suyun kənarında otlayır, yatır, durur, qayğısız, işsiz veyillənir, ağzı hara düşdü gedir... Və bircə aylıq belə həyatdan sonra həmin dəvələrin belinə ağır yük vurub, göydən də, yerdən də od yağan, o susuz səhraların əzabına qatlaşmağa məcbur etmək mümkündürmü?
İnsan da belədi, işdən zəhmətdən soyuyub, bir qədər rahatlıq – indiki deyimlə komfort – görəndən sonra, əvvəl qatlaşdığı, qəbul etdiyi əziyyətlərə, zəhmətlərə daha yovuşmur, yovumur. Əvvəllər təndir yandırıb çörək yapmağı ruzi-bərəkət, evdarlıq kimi qəbul edən kənd qadını indi bu işi görmək istəmir. İmtina etməyə o qədər bəhanə tapılır ki: yanacaq yoxdu, un bahadı, təkəm, köməyim yoxdu, təzyiqim çoxdu, çörək yapan vaxtım keçib və sair. Bir sözlə: Kənd tənbəlləşib!!!
Mən hərdən köhnə zəhmət adamlarının – ömür boyu kolxozda briqadir olmuş, zirək, dilli-dilavər briqadir Əlinin, kəndimizin Cahandar ağası hesab etdiyim Qurban dayının indi nə işlə məşğul olduqları, kəndin bu günü ilə bağlı nə düşündüklərini bilmək istəyirəm. Yeri gəlmişkən, bizim nəslin oxucusunun düşüncəsində dərin iz qoyan “Dəli Kür” romanı da, onun müəllifi mərhum İsmayıl Şıxlı da mənim təhtəlşüurumda Vətən rəmzi kimi assosasiya olunur və istər-istəməz onların prototiplərini də öz kəndimizdə görürəm. Bu baxımdan kəndimizin ilk ziyalısı, sevimli müəllimim Səfəralı müəllimi də fiziki cəhətdən böyük yazıçımız İsmayıl Şıxlıya bənzədirəm.

PUL YANĞISI

İndi puldan başqa elə bir arzusu istəyi də yoxdu kənd adamının. Nədən danışsan, sözü pulun üstünə gətirirlər, neyləsinlər, hər şey var, puldan savayı. Əvvəllər su deyib ün təpən kənd, indi pul deyib, oyum-oyum oyalanır, sən demə, pulsuzluq susuzluqdan betər yandırırmış. Odur ki, kəndlər tezdən oyanmır daha, heç xoruzlar da o başdan səs-səsə vermir, çünki onlar da kənd sakinləri kimi azalıb, seyrəliblər. İtə verilən yemək də indi xərc sayıldığı üçün daha it saxlayan yoxdu. Kənd bizim yeznə Qərib kimi elə hey yatır, ta günün nə vaxtınacan. Kəndlərin əvvəlki gur həyatı Sovet rejiminin çökməsi ilə sönübdü, ənənəvi sağmaq, əmizdirmək, mal ötürmək, davar yola salmaq azalıb, seyrəlib, təndir yanmır, çörək yapılmır, kolxoz yox, fəhləlik yox...
Tez durmaq – axşamdan yatan dərdi tez oyatmaq, gecə ümidini tez heçə endirməkdi indi, insan düşüncəsində, mənəviyyatında, ruhunda o qədər çatlar yaranıb ki. İndi canlılar içində elə ən ucuz olanı da insandı: yemi olsa, süd verən inək, yumurtlayan toyuq, öz işsiz, pulsuz, perspektivsiz sahibindən gərəkli görünür. Əgər yüzminlərlə təzə iş yeri açıldığı deyilən Bakıda iş tapılmırsa, əyalətin ya rəhbəri, ya vətəndaşı nə etsin? Kənd adamına kütləvi tənbəlliyin, laqeydliyin, ümidsizliyin hakim kəsilməsi də təbii görünür.

NAXÇIVAN ŞƏRQİN  QAPISIDI...

Mən hərdən özümü Naxçıvandakı icra strukturlarının yerinə qoyub fikirləşirəm: iş yeri, dolanışıq, kəndə maraq və sair, yaratmaq üçün daha nə etmək olar? Açığı, əlac görmürəm ki, deyəm, mən olsam, belə edərəm. Yeganə irad mühitin sərtliyinə ola bilər, bütünlükdə o da şərtidir və kənd üçün prinsipal əhəmiyyət kəsb etmir. Mühitin sərtliyi əsasən zorən iməcliyə cəlb olunan büdcə təşkilatlarının sızıltısında, iniltisində duyulur. İlk baxışdan fikirləşirsən: olmazmı işsiz kənd adamlarından briqadalar yaradıb, daimi işə, ştata götürməklə Naxçıvanda aparılan yaşıllaşdırma işlərinə birdəfəlik əncam çəkilə? Məlum məsələdir ki, Naxçıvan iqlimində 20 illik ağac da bircə yay nəzarətsiz, susuz qalsa, yanıb məhv olacaq. Böyük əzm, iradə bahasına 15-20 ildi aparılan yaşıllaşdırma nə üçün iməclikdən asılı qalsın, bu iş sivil müstəvidə yoluna qoyulmasın!? Lakin iməclik anatomiyası ilə dərindən maraqlananda anladım ki, “iməcliyə gəlməyən bizdən deyil” prinsipi ilə, il boyu keçirilən bu tədbir həm də, süpürgəçidən nazirə qədər, büdcədən məvacib alan hər bir kəsə dövlət qulluqçusu, yəni rəsmən qulluqçu olduğunu hər gün xatırlatmağa hesablanmış texnologiyadır, bu, “mehriban Sovet adamı”nın ildə bir dəfə çıxdığı “Lenin iməcliyi” deyil. Hə, bu da sənə yeni Şərq müdrikliyi. Olsun, babam, olsun, nə deyirik, “Vostok delo tonkoye”, Naxçıvan da ki Şərqin qapısıdır!

“SƏNİN OLSUN,SƏNİN OLSUN”

Azərbaycanın coğrafi baxımdan təcrid olunmuş bir bölgəsi, ucqarı, mənim kiçik Vətənim haqqında olan bu yazı, bu düşüncələr, bu gəzişmələr, hansı məqamdasa obyektiv, hansındasa subyektiv ola bilər. “Kiçik torpaq”dan əvvəllər də yazmışam. Əsas bu deyil! Məni təəccübləndirən, heyrətləndirən əsas məqam budur ki, bölgədəki neqativ məqamlar da, təbii problemlər də, bu dəfə mənə o qədər ağrısız, o qədər mərhəm, öz səhvim, öz qüsurum kimi göründü və bundan mən özüm də çaşdım. Birdən dərk etdim ki, yeganə bir detal, yeganə bir ədalətli yanaşma məndə illər boyu toplanmış neqativ emosiyanı heçə endirib. Bəs bu fikri doğuran hansı məqam oldu? Məni primitivlikdə, sadəlövhlükdə günahlandıran olacaqsa da deyəcəyəm, bu da mənim həqiqətimdi! Yadınızdadırsa, yazının əvvəlində “darvaza məsələsi”ni yadda saxlamağı və bu məqama qayıdacağımı vurğulamışdım.
Mən bu darvaza jestini ölkənin sərvətindən, varından bir damlanı, bir dəni də hakimiyyətin minnətsiz-sünnətsiz bilavasitə vətəndaşın ovcuna qoyması kimi qəbul etdim. Bütövlükdə, şəxsi həyətlərə yeni darvaza qoymaq, cəmi 20-30 darvazanın xərcini çəkmək dövlət üçün böyük bir xərc-xəracat deyil. Qabıllının bu başından – Nər İrbahımdan tutmuş, o başına – Matan Əliyəcən darvaza qoyulan evlərin çoxunda yaşayan da yoxdu. Ancaq bu məqamda, bu yanaşmada bölgə rəhbərinin, məmurun, onun simasında dövlətin vətəndaşa qayğısı, diqqəti, insana yenməsi var, insanı yenməsi yox! Vətəndaşı hər şeydən ucuz, urvatsız tutması yox! Televiziya ekranlarından səkkiz manat əlli qəpiklik əməkhaqqı-təqaüd artımını vətəndaşa “böyük qayğı” kimi car çəkmək yox.
Vətəndaş şairimiz Musa Yaqub bir şeirində deyir:

Ən böyük dərd budur ki,
Sünbül-sünbül tarladan
Bir dən sənin olmasın.
Adın vətəndaş olsun,
Vətən sənin olmasın.


Qoy rüşvətsiz əlini ağdan qaraya vurmayan Bakı məmurları da, bəyənmədikləri əyalətin müsbət nümunəsindən faydalansınlar. Vətənin “sünbül-sünbül tarlasından bircə dəni” də onun vətəndaşına qıysınlar. Şübhəm yoxdu ki, o zaman bütün əhali mənə qoşularaq, həmin məmurlara üz tutub xorla “o yığdığınız milyonlar sizin olsun, sizin olsun” mahnısı oxuyar, “o sənin dünya şöhrətin, o sənin “halal” sərvətin, sənin olsun, sənin olsun” – deyər.
Eh... ağzının dadı qaçsın bu siyasətçilərin, siyasi mövzuların! Yazımın dadını qaçırıb, ruhuna, ahənginə xələl gətirdilər.

KƏDƏRLİ NOTLAR

Adətən darıxanda, darıxmaq istəyəndə, ilk olaraq uşaqlıq, kənd, ötən günlər yada düşür və xəyalən də olsa o illərə qayıtmaq istəyirsən. Mən də gənclikdə, tələbəlikdə olduğu kimi, darıxmaq istədim və həm də, bizim olan Vətən üçün darıxmaq istədim. Ancaq dərk etdim ki, abadlaşıb, gözəlləşmiş kənddə, artıq bizi xatırladan çox az şey qalıb və əslində kənd bizi özündən daha bir köynək uzaqlaşdırıb. Kənd abadlaşandan sonra yerləri də bilinməyən, qocaman, dünyagörmüş “Fərhadın tutu” da, kölgəsində neçə nəslin oturub gün keçirdiyi ağsaqqal “Qara ağac” da, hətta o ağacın altındakı “Tağı əminin daşı” da Vətən idi bizim üçün; qocalıb qarıyıb, köhnəlib, ömrü başa vurdular, ağaclar da insan kimi ölüb getdilər. Daha uşaqlar sərçə kimi yayda “Fərhadın tutu”na daraşmayacaq, indi orda bizim olan, uşaqlığımızı xatırladan heç nə qalmayıb. Ağlım alqış desə də, qəlbim kədərlənir, “bu kənd, bu küçə artıq mənim deyil, artıq bizim deyil” kimi kövrək notlar ruhuma hakim kəsilir. Ancaq bu, ürək ağrıdan, ruh incidən kədər deyil, eləcə ömrün o tayı üçün nostalgiyadı.
Ağrıdan, düşündürən tərəf kənddə yaşamağın çətinliyi və çıxış yolunun görünməməsidir. Həm də kənd üçün mümkün olan hər bir şərait yaradılandan sonra bu sual çıxır ortaya: bəs sonra? Qabıllının bütün istəkləri həyata keçib, hər şey var, ancaq... Ancaq o qazdan, o elektrikdən istifadəyə pul yoxdu, pul qazanmağa iş yoxdu. Naxçıvan iqlimində təsərrüfatdan, torpaqdan pul qazanmaq mümkün deyil. Üstəgəl, kənd adamı tənbəlləşib, daha səhra-dəvə ömrü yaşaya bilmir, yaşamaq istəmir. Əslində kolxoz-sovxoz-sovet dövründə də kənd camaatının əli pul görmürdü, ya nisyə, ya nəğd aldığı ancaq çay-qənd olardı, ona da deyinərdilər, “bu çay-qənd bizi dağıtdı” deyərdilər. Əyyub əmi şirin çayla, bir yumurta ilə bütün günü çalışardı. İndi tələbat başqadı axı. Təəssüflənirəm, fikirləşirəm, gediş-gəliş asan olsaydı, Bakıda yaşayan 5-10 imkanlı adam öz kəndində, ata ocağında da nəsə tikər, yaradar, 5-10 gün qalıb həm öz aurasını dəyişər, həm də sıxıntı çəkən 5-3-adama həyan ola bilərdi. Əfsus ki, Naxçıvan kəndləri bundan da məhrumdu. İşsiz, pulsuz kəndin gələcəyi haqda nikbin düşünməksə çox çətindi...
Aydın QACAR
[email protected]



Bu yazı ( 461 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar