12px14px16px18px

Vətən ağrıları və əyalət qayğıları

Aydın QACAR
00:47 / 10.03.2012
 
SİLSİLƏ
1-ci YAZI
 
İÇiMƏ BİR  İSTƏK, BİR MEHR DÜŞÜB...
Yağışdan, leysandan sonra coşub zillənən Əlincə çayı kimi, nədənsə, birdən zilləndi duyğularım! Artıq könül sazımın hansı siminə toxunuramsa, “yurd yeri” çalınır, “boylan, salamat qal, bax, salamat qal” havalanır. Söz demək, deyilmiş sözləri, ifadələri təkrar yaşamaq istəyirəm: – Mənim sinəm deyilməmiş söz yeri, Avdı babam, “Yurd yeri” çal, “Yurd yeri”!
Kükrəyib hayqıran, çaya da, duyğulanan mənə də rəğmən, zehnimdə qala-dağ Əlincə tövrünü pozmadan, sərkərdə əzəməti ilə boy verib durur: – Heç topuğuma da çatmamısız hələ, nə qışqırar, nə bağırarsız, nə ağlar, nə sızlarsız, – deyir. Qaşının birini qaldırıb, öz ucalığından, – “Bu nə səsdi, sən aləmə salmısan, gəl bir görək, özün harda qalmısan” – deyib də, Heydərbaba sayağı səslənər mənə, qala sərkərdəm! Axı hərdən ərk edib Əlincə babanın daş sinəsində daşlaşan duyğuları, hissləri, Əlincə nənənin çay nağıllarını bugünün yaddaşına gətirməyə cəhdlər etmişəm. Uğurlu alınıbsa, haqqı-halalın olsun, ay dədə! Bu Vətən yazılarının Qaraca Çoban sapandında bir atım daş olmaq qayəsindən başqa nə umacağı var ki!
Düzdü, Əlincənin boyundan boy, daş-qaya dözümündən dözüm qoparmaq istəyim olub hərdən. Nə veribsə, nə keçibsə, özü bilir, payı çox olsun! Yarğanında, yastanında, çuxurunda nə qədər uşaq izlərimiz, sirlərimiz qalıb, gizləyib saxlayırsan bu günəcən, etibarın tükənməsin, ay dədə! Sinəndə, kölgəndə, çəpişdən-quzudan çox, özümüz oynaqlamışıq, əlindən-ətəyindən quzuqulağı, yemlik yeyib, daş dizinə baş qoymuşuq.
Kiçik Vətənimlə bağlı ruhumun qatları çoxdu, Vətən anlamında Əlincə qatı, sözdə, poeziyada Məmməd Araz qatı, ömür-gün, zaman-yaşam kəsimində hisslərimə hopmuş kədər, nisgil, xatirə qatı. Bu qatların hər biri mənə əzizdi, doğmadı. Hərdən bu laylarda su kimi süzülüb durulmaqdan, meh-meh əsməkdən, ürək tək döyünməkdən mənəvi rahatlıq tapıram. Bu olayları, yaşamları təkrar-təkrar incələyib sözə, yazıya gətirməkdən doymuram. Tanış bir qoxudan, səsdən, uşaq əyləncələrindən tutmuş, yağ dürməyinin dadınacan, hər şeyi yada salmaq istəyirəm.
Bu dəqiqə, bu an yerimdə, yatağımda uzanıb da, istəyirəm burnuma qatar, vaqon, kupe qoxusu dəysin, otağım, yatağım qatardakı kimi silkələnsin, sürüşsün, qulaqlarımda susmaq bilməyən qatar taqqıltısı eşidilsin, hansısa şəhərin, kəndin, dağın, çayın, sərhəd dirəyinin görüntüsü ilə çatacağım ünvanın, qovuşacağım həsrətin sonuna nə qədər qaldığını hesablayım, üzülüm, darıxım, nigaran qalım. Və arzuma, kəndimə çatanda uçmağa qanadım olmasın... İstəyirəm, yenə də yuxuda, qatarın “azdığını” görüb, hövlank yuxudan ayılım, qaranlıqda alnımı pəncərəyə çırpıb Araza, sərhəd dirəklərinə baxıb təskinlik tapım ki, yoox, bizim qatar heç vaxt “aza” bilməz! “Sərhəddən, çayın üstündən tullanıb o taya, İrana keçməyəcək ki...” – deyib rahatlanım, yıxılıb yatım, səhərin açılmasını, görəcəyim, görüşəcəyim sevincin şirinliyini, dadını yuxuma da gətirim.
...Söz aparanda, adam o qədər uzaqlara gedib çıxır ki, qayıtmaq belə çətin olur. Ancaq yaşanan ömrün hərdən bax beləcə, tanış bir səs, həzin bir musiqi, qoxu, yuxu, xəyal kimi gəlib keçməsi də insanı duruldur, təmizləyir, paklayır. 
 
VƏTƏN RƏNGLƏRİ
 
Ən çox payızın rənglərini sevirəm. Payızın meşə rəngini, yarpaq rəngini, payızdan söz açan sözün rəngini. Payızda rənglər müdrik, duyğulu, düşüncəli görünür, az rənglə çox söz deyə bilir. Payız vaxtı Pirquluda, rəsadətxanın yanında dayanıb aşağıya – sarı gəlinə dönmüş ağaclara, meşəyə, meşənin payız rənginə baxanda, sanki təbiət də öz gözəlliyindən məst olmuş kimi görünür, o anda o rənglərdən sözə naxış vurmaq istəyi yaranır, nəsə yazmaq, demək istəyirsən. Təbiətin gözəlliyi insanın daxilini də gözəlləşdirir, dəyişdirir. Xatirələri köhnə sevgi məktublarını vərəqləyən kimi vərəqləyir, qısa bir zaman kəsiyində yenidən yaşayır və o hisslərə sığınmaq, qovuşmaq istəyində olursan.
Kiçik Vətənim meşədən, ağacdan kasad olsa da, payıza dönəndə arxların, sel-su tutan dərələrin, kanalların həndəvərində, toxumlayan tikana, boz təpələrdə acı yovşana rast gəlmək olur. Elə təəssürat yaranır ki, bu cücərtilər torpağın ağrısı-acısıdır, canından çıxarır beləcə, acı yovşan, növ-növ tikanlar şəklində. İstər-istəməz Şimal, Cənub bölgələrimizin meşələri canlanır gözümdə. Orda dağlar, təpələr palıd, vələs, dəmirağacı biləklidir, fıstıq, şabalıd çörəklidi; bizim Kəngərli kəndlərində isə dağlar, yüksəkliklər dəmirtikanı, yel tikanı, dəvəqarnı, yovşan, südyan, pıtraq qismətlidir. Elə həmən də, dəmirtikanı ağrısını dabanımda hiss edir, kənddə tez-tez işlənən “ayaqyalınlıq da görmüşük, dəmirtikanlıq da” məsəlini xatırlayıb təəccüblənirəm ki, necə yadda qalıb bu ağrı, bu hiss?! Dəmirtikanı noxud boyda olur və bir koldan 50-60 “noxud” səpələnir ətrafa, bərk yerdə dəvənin də ayağı altda qalsa, axsadır. Əgər şəhər adamının ayağına bircə dənə dəmirtikanı batsa, yəqin ürəyi gedər.
Heç sevmədiyim rəng bozluqdu, boz rənglərdi. Bozluq mənə Naxçıvanın hər yerinin, Bakının, Abşeronun çölünün, səmasının simvolu kimi görünür. “Mənim boz Vətənim” başlıqlı bir yazım da var. İstəmirəm nə kiçik, nə də böyük Vətənimi boz rəngdə görüm. Bizdə hələ boz aylar da var, “qara yaz” deyilir bu aylara, mənim aləmimdə beşinci fəsil kimi də qəbul etmək olar bu “qara yaz”ı, boz ayları. Şəhərdən gedən adamı bir günün içində elə ütür, elə bozardıb-qaraldır ki, tanımaq olmur, ələlxüsus da məni! Boz aylarda məni kiçik Vətənə göndərmək, Sibirə göndərməkdi, elə təyyarədən düşüb kəndə çatanacan maşında bozarıram, üz-gözüm, dodaqlarım quruyub-qabıqlayır.
Ancaq Abşeronun gölməçələrlə dolu bozluğuna baxanda, Naxçıvanın bozluğu şükürlüdü. Naxçıvan bozluğunun üstündə göz oxşayan təmiz səma, mavilik var. Bu mavilik fonunda – üfüqdə, “əli qaşında” dayanmış ağappaq pəmbə-bəyaz buludlardan, səmanın gözəlliyindən göz götürmək olmur, baxdıqca dərin, xoş duyğular yaradır. Məmməd əminin “Vətən göyü göylüyündə duruldum” misrası yada gəlir. Naxçıvan səmasının sehrində, cazibəsində sanki Allahın nəfəsi var! Abşeronun isə elə bil səması da xəstədir, iltihablı, bulaşıq, çirkli, yapışqan, tərli, tozlu, tüstülü, bulanıq, nə bilim, bu qəbildən olan nə varsa, hamısından! Nə qədər maşın, nə qədər sıxlıq olar, nə qədər qazıntı, söküntü, heç bir normaya sığmayan, insana hörmətsizlik rəmzi kimi görünən tikinti aparmaq olar?! Yerimək, durmaq, nəfəs almaq, yaşamaq əzabdı Bakıda!.. Heç bilmədim, bu gündəlik ağrılar yazımın ruhuna necə təpildi – rədd olsunlar, qoy!..
Naxçıvanda qarın yağması da çox ülvi, ilahi gözəllik yaradır. Sakit havada yağan qarın sirrinə-sehrinə dalmaq insana məmnunluq gətirir. Lopa-lopa, ulduz-ulduz düşən qar dənələrindən birini gözün görə biləcəyi məsafədən müşahidəyə alıb, ta yerə düşənə qədər izləyə bilərsən. İstəsən, əlini aç, ovcuna düşsün, istəsən, əlinin üstünə qonsun. Üzünlə, gözünlə, kipriyinlə də qarı tuta bilərsən, lap dilinin üstünə də qondura bilərsən, yüngüllüyün, sərinliyin təmasını duymaq üçün. Qarın qaranlıq qış gecələrini sehrli bəyazlıqla dolduran soyuq nəfəsi çox sevdiyim kənd mənzərələrindən biridir. Təbiət bəmbəyaz gəlin paltarı geyəndə, bir rənglə də necə böyük gözəllik yaratmağın mümkünlüyünə heyran qalmamaq olmur. İlk qarın gətirdiyi əhvali-ruhiyyə, təmizlik, dama çıxıb qar təmizləmək, yer üzünün qar təmizliyinə tamaşa etmək, insanın sinirlərinə sığal çəkir, ruhunu oxşayır. Bakıda “qar yağır” demək isə, bu sözü təhrif etməyə bərabərdi. Bakıda qar yağmır, sadəcə, külək qar tozunu sovurur, belədən-belə, elədən-elə, qarın hardan gəlib, hara düşdüyü məlum deyil. Bəlkə də qar kəsib ha, ancaq külək hələ də üfürüb sovurur. Rusiyada oxuyub işləyən bir iş adamı gəlib Abşeronda ağacdan-şalbandan, gözəl bir tikili yapmışdı və elə hey deyinirdi ki, ay qardaş, burda yağış göydən düşmür ey, yandan dənizdən birbaşa evin içinə girir, divarların nəmi qurumur, yağışla birgə palçıq yağır, pəncərəyə, şüşəyə, maşına, paltara, ağaca, yarpağa...
Ancaq bütün bu bozluqlar, otsuz-ələfsiz çöllər, insanı sehrləyən səma, ecazkar meşə rəngləri, artıq nə piyada, nə maşınla hərəkət etməyin mümkün olmadığı şəhər – hamısı, hamısı öz varlıqları, boy-buxunu, aurası ilə Vətəndi! Və... bundan kənarda biz yoxuq, bundan kənarda biz yaşaya bilmirik! Hara getsən, burdan yaxşı olduğuna əminsən, ancaq qalmaq olmur, yaşamaq olmur o başqa yerlərdə. Hansısa görünməz tellər, bağlar geriyə, Vətən adlı bu reallığa doğru çəkir adamı.
***
Bəlkə bugünkü uşaqlara asan olacaq bizə çətin olanlar? Axı bizim qan, gen, dad, göz, qulaq yaddaşımıza hopanlar başqaydı, indikilər başqa. Yəqin bugünün uşaqlarının yaddaşında Vətən – doğum evində verilən rüşvətlə başlayıb, əlifbanın ilk hərfini öyrədən müəllimənin, vicdan ağrısı çəkə-çəkə, gözünün elə hər gün şagirdlərinin kiçik ciblərində, əllərində qalması səhnələri ilə davam edəcək. Bəlkə bugünün uşaqları “Vətən” sözünü kiçik hərflə yazacaqlar, mənim bu abzasda, mövzuya layiq, yazdığım kimi?.. Görəsən, indi məktəblilər “Hardan başlanır vətən?” mövzusunda inşa yazırlarmı?..
Yəqin indiki uşaqlar, Məmməd Araz babaları kimi, “ulduzlara barmaq silkib, daş atdım!” da deyə bilməyəcəklər. Körpəlikdən biləcəklər ki, göy üzü, Ramiz Rövşən əminin dediyi qaydada, daş saxlamır daha! İndi polis əmilər 5 yaşlı qızcığazı da mitinqçi kimi maşına basıb apara bilərlər, “durub göy üzünə daş atan oğlan”ları da. Odur ki, böyüyüb, qorumağa gedəcəkləri Vətənin hər addımında nə ilə rastlaşacaqlarını bilib də, yola hazırlıqlı çıxmağa çalışacaqlar – döş ciblərində neçə növ bit dərmanı, alt paltarın iç üzündə, komandirlərlə “yola getmək” üçün, daha bir gizli cib, dillərində ikrah doğuran, növbətçi, “lazım gəlsə” tezisləri! “Lazım anasıölmüş”ün gəlməsi də, deyəsən, qiyamətə qalıb, axı! Adı seçici siyahılarında, 9 milyonun içində getsə də, deyir, Lazımın üzünü sonuncu dəfə, 20 il qabaq görüblər. Rusiyadakı bir bazarda, pomidor yeşiklərinin üstündə, xəstə yatırmış, biçarə!..
Bunlar bugünkü uşaqların gördükləri, götürdükləri, yaddaşlarına yazılanlardı. Ancaq şükür ki, ümid şöləsini sönməyə qoymayan, “Lazımın gəlməsi”ni gözləməyən Mübariz nümunəsi də var!
Dünənki bizlər üçünsə, hələ də həyatın mənəvi çəkisi öz üstünlüyündə qalır. Elə bu yazı da, bir növ, tərəzinin mənəvi gözü qayğısına qalmaq cəhdidi...
P.S. Lirik notla başladığım yazıya əsgərlikdəki qardaşım uşaqları Orxan, Nemət və Əziz üçün “bit dərmanı” tapıb göndərmək kimi dramatik bir müdaxilə çıxdı ortaya. Baytarlıq aptekindən “Barsaerol” adlı dərmanı tapıb, qardaşım uşaqlarına – əsgərlərimizə göndərincə, ovqatım da, yazımın ruhu da istər-istəməz dəyişdi... 
Aydın QACAR



Bu yazı ( 599 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar