12px14px16px18px

Vətən ağrıları və əyalət qayğıları

Aydın QACAR
16:25 / 16.03.2012
 
SİLSİLƏ
2-ci YAZI
 
NAXÇIVANIN KƏND MODELİ

Belə bir Şərq pritçası var: “Allah insanı palçıqdan düzəldəndən sonra əlində bir az işlənməmiş palçıq qalır.
– Sənə daha nə düzəldim? – soruşur Allah.
– Mənə xoşbəxtlik düzəlt, – insan cavab verir.
Allah heç nə demir və qalan palçığı insanın ovcuna qoyur.
İndi Naxçıvan kəndləri təzədən yapılır, sakinlərin ovuclarına da xoşbəxtlik palçığı qoyulur, ancaq kəndin xoşbəxt olması, deyəsən axı, nə kənddə yaşayanlardan, nə də hakimiyyətdən asılıdır?!
Bir kəndin timsalında, bu suala işıq tutmağa cəhd edək. 
           
KƏNDƏ DÖVLƏT QAYĞISI

Bütün zamanlarda gözdən iraq, könüldən uzaq olmuş bir kəndin bu günü haqda yazacaqlarıma ya heç kim inanmayacaq, ya da ən azından təəccüb edəcəklər. Doğulduğum Qabıllı kəndi indi qiyafəsini elə dəyişib, elə gözəlləşib, tanımaq olmur! Magistral yoldan kəndə geniş asfalt yol salınıb, kənd içində yol qıraqları başdan-başa hasarlanıb, suvanıb, səliqəylə rənglənib, hamıya eyni formada dəmir darvaza qoyulub (bu məqamı yadda saxlayaq!), məscid təmir olunub, kəndin mərkəzində idarə binası, mağaza, tibb məntəqəsi, telefon qovşağı, polis məntəqəsi (!) tikilib. Kənd içində, “keçmişin qalığı” olan klub, çayxana və oturacaqlar da olsa, elə bilərsən, İsmayıllının Nikitin kolxozunda – İvanovka kəndindəsən. Kənd içinə çıxanda, yaxud əsas küçə ilə aşağı-yuxarı gedəndə harda olduğunu kəsdirə bilmirsən.
Sovet vaxtından bu günəcən təmir görməyən məktəb əsaslı təmir olunub, müasir istilik sistemi və yeni avadanlıqla təchiz edilib, məktəb yoluna, ərazisinə asfalt döşənıb. Kənddə 50 il əvvəl basdırılmış elektrik dirəkləri və transformator dəyişdirilib, müasir dirəklər estetik qaydada düzülüb, kəndin təbii su mənbəyi Böyükbulağın üstü götürülüb, örtülüb, suyu arxdan, boruya keçirilib. Keyfiyyətli qaz, elektrik təminatı isə, Bakıdan fərqli olaraq, Naxçıvanda çoxdan mövcuddur. Hələ Bakıya nümunə olacaq telefon işini demirəm! Bütün Naxçıvan Muxtar Respublikası vahid şəbəkədə birləşdirilib, kənddən-kəndə, rayondan-rayona, şəhərlərarası, tarif ödəmədən, pulsuz, birbaşa zəng edə bilirlər. Bakı-Sumqayıt arasında isə telefon əlaqəsi hələ də ödənişlidi! Halbuki bu şəhərlər artıq fiziki-coğrafi olaraq bir-biri ilə çoxdan birləşib. Nümunə üçün deyim ki, nəinki bütün ABŞ-da, hətta Kanada ilə ABŞ arasında da telefon danışıqları birbaşadır, pulsuzdur!
Qabıllı sevincim düz başa düşülsün deyə, özümün bizim dövrə aid olan köhnə yazılarımdan bir iqtibas gətirmək istəyirəm: “Bizim kənddə heç bir idarə binası, poçt şöbəsi, hətta poçt qutusu, xəstəxana, çayxana, dəlləkxana, kitabxana, dərzixana... və sair və ilaxır “xana”lar olmayıb, təkcə bir feldşerdən ibarət “doxdurxana”dan başqa. “Şoş yolu” (asfalt) da kənddən aralı keçib. Kənddən rayona, şəhərə gedən, üstünə “Qabıllı” yazılmış avtobus da görməmişik. Nə coğrafi, nə siyasi-iqtisadi, hətta hərbi xəritələrə belə, Qabıllının adı düşməyib, yəqin heç Allahın xəritəsində də yoxdu bu ad...”
Yuxarıda sadaladığım abadlıq işləri ictimai dillə desək, kəndə dövlət qayğısı, qabıllıların təbirincə isə, “Allah atasına qəni-qəni rəhmət eləsin Vasif Talıbovun, yazığı gəldi, Qabıllını da ağ günə çıxartdı!” kimi ifadə olunur. Bu yazı ilə mən də Vasif müəllimə, kənarda yaşayan qabıllıların minnətdarlığını çatdırıram!
Asfalt icad olunandan bu günəcən ilk dəfədir Qabıllının yolu, küçəsi asfalt görür! Bizim kənddən o yana yaşayış məntəqəsinin olmaması, kəndə “kor bağırsaq” missiyası verib və təbii ki, heç olmasa hansısa rayona, şəhərə görə bizim də yolumuzun ola bilməsi ehtimalını heçə endirib. Əvvəllər kənd uşaqlarının asfaltla-qırla ilk təması quru bitum tikələrini, böyüklərdən xəlvət “qara saqqız” adıyla çeynəmələri olub. Hələ uşaqlar bir yana, Bəhlul kişi arvadı Fatmanı Qıvraqdan gətirəndə “qara saqqız”ı da ağzında gəlmişdi, kişi öləndən sonra Fatma ağzında bir batman həmin “saqqız”la da geri qayıtdı. Ancaq uşaqların ən böyük həsrəti, nisgili, “qır saqqız” yox, bu qırdan düzələn “şoş” yolu və o yolda ləzzətlə araba sürmək istəyi, yanğısı olub! İçərisindən “şoş” yolu keçən kəndlərin uşaqlarına, konkret olaraq qonşu Qıvrağa həmişə həsəd aparmışıq.
 
QABILLININ SU DƏRDİ

Neçə əsrdən bəri Qabıllıda dünyaya göz açan hər kəsin ilk eşitdikləri “su-cuvar davası”, “su “nobatı”, ən çox çəkdikləri su dərdi, su həsrəti olub. Kəndin yeganə su mənbəyi olan Böyükbulağın suyu, Sovetlər dağılana kimi, əvvəlcə kolxoz-sovxozun kənddən 3-5 dəfə böyük olan əkin sahələrinin suvarılmasına yönəldilər, sonra camaatın həyətyanı sahəsinə verilərdi. Yayın cəhənnəmində, 40-50 gündən sonra su növbəsi gəlib çatanda isə artıq hər şey yanıb-sovrulmuş olardı. Yazdan əkən, becərən kənd adamı hər dəfə olduğu kimi, yenə də haqqı-bemuzd, əli boş, süfrəsi göyərtisiz, tərəvəzsiz qalardı. Ümumiyyətlə, Naxçıvan insanı, sosial problemlərlə yanaşı, ömrü boyu təbiətin də çeşidli acıları, sərtliyi ilə üzləşməli olub, mal-heyvanı ot-ələfə, arısı gül-çiçəyə tamarzı qalıb. Çöllərə baxanda, bir-birinə söykənmiş, saysız-hesabsız boz təpələr məndə, çox vaxt insan dərdləri kimi assosasiya olunub.
Qabıllının əbədi su dərdi, gün-güzəranı, sabahı ilə bağlı düşüncələrim özümdən, vaxtdan, hətta yaşdan da asılı olmadan həmişə məni kənd adamının ümumiləşdirilmiş surəti olan Əyyub əminin üstünə gətirib. Elə bilmişəm o kəndi də, orda canını diri-diri torpaqda yandırıb-yaxan Əyyub əmini də eyni ana doğub... Yəqin əvvəl kənd doğulub, sonra elə ordaca oda, istiyə bələnib o yalın torpağın üstünə atılmış bu adam. Mən gözümü açandan Onu – o “Lenin fəhləsi”ni gecə-gündüz kolxoz torpağında əli-ayağı düyünlü-qabarlı işləyən görmüşəm. Döyənək olmuş əlinin qabarını, çatını, iynə-sapla çuval gözəyirmiş kimi gözəyib-tikib, qurtarar-qurtarmaz, düşüb torpağın canına. Başlayıb susuzluqdan, istidən, elə öz əl-ayağı kimi quruyub cadar-cadar olmuş torpağın altını üstünə, üstünü altına çevirməyə.
Elə bilmişəm, Qabıllının su dərdini Əyyub əminin köynəyinin boğazından qoynuna salıb düymələyiblər. O düymənin xirtdəkdən aşağı bircəciyinin açıldığını görən olsa, yaxud tutaq ki, Əyyub əmini qısaqol köynəkdə ya görmək, ya təsəvvür etmək mümkün olsa, onda Qabıllının da su dərdinə əlac tapılacaq. Məəttəl qalmışam ki, görəsən, Allah bu camaatın ah-naləsini, istəyini eşitmir?! Hətta dilə gətirməkdən qorxub-xoflansam da, ürəyimdə fikirləşmişəm ki, kaş Allahın özünü ikicə günlüyə gətirib Əyyub əmi ilə mərküzə salalar, onda bilər bu kəndin camaatı nə çəkir... Ən ağır əmək aləti olan mərküz yəqin Əyyub əmidən sonra yoxa çıxar, ancaq muzey eksponatı kimi gərək bir nümunə saxlayalar. İndi oğlu Afətin, qəbiristana da ehsanat kimi su çəkdirməsi Əyyub əminin ömrü boyu kərdilərdə, şırımlarda “su” deyib yanan, qovrulan istəyinə, arzusuna sərin su səpmək kimi bir şeydi! Halal olsun! Sağlığında “su” deyib ün təpdi, heç olmasa qoy indi ruhu şad olsun kişinin. Kəndlərdə qəbristana ağac əkmək adəti yoxdu, yəqin su olmadığına görə, ancaq Əyyub əminin qəbiri üstə bir-iki ağac əkmək savab olardı. Ömrü boyu kolxozda-sovxozda manqa başçısı olub, tütün sahələrində Fərhad kimi külüng çalan, günün altında yanıb-qovrulan bu torpaq-zəhmət adamının, heç olmasa gorda yeri kölgə, sərin olsun.
Əyyub əmi ilə işləməyin çətinliyi, ağırlığı, hər bir şitilin, kolun, yarpağın üstündə necə əsməsi ilə bağlı kənddə o qədər söhbətlər var, yazılsa bir kitaba sığmaz:
– Görüşməyə getmişəm, deyirlər, aşağıdadı, yer belləyir. Təəccüblənirəm ki, yayın cırcıramasında bu nə vaxtın yer belləməyidi, payız deyil, yaz deyil. Təndirin başında çörək yapan, istidən-bürküdən tıncıxan Sura əmcanı yana-yana qayıdır: “Balaa!... icəşirr!... torpağa icəşirr!... İndi o gilliyi külünglə qazmaq olmur, o belinən belləyir! İcəşir torpağa! Özü Qəcərdi (Qacar), canı təndir dəmiridi, yorulmur, bezmir, xəstəlik bilmir, ağrımaq bilmir, bizi qırıb batırır, bala! Bircə gün kolxoz işindən möhlət verib, çörək yapaq, özü də bekar durmur, gedib təzə torpaq belləyir, torpaq artırır. Budu, ay yarımdı su nobatı gəlib çatmır, neçə illik ağaclar quruyur gözümüzün qabağında, neynirəm o torpağı”.
Elə bu dəm qışqırıq qopur: “Suraaa... bura bir tikə zəqqum (çay-çörək) gətirin daaa, gərək deyəm?! Deməli, gəlib yarım saat kölgədə nəfəs dərməyi, rahat bir tikə çörək kəsməyi də özünə rəva bilmir...
Kənddən gətirib, Bakıda baxçamda əkdiyim qızılgül kollarına o qədər su verirəm ki, boyları 3-4 metrə çatıb. Deyirəm, qoy Qabıllıda su həsrətilə qovrulmuş əcdadlarının ruhu şad olsun! Elə bil burda yarpağından su daman o kolların fərəhini, sevincini görür, duyur və bundan mənəvi təskinlik tapıram.
Bütün qabıllılar kimi, sudan söz düşəndə mən də qısa danışa bilmirəm, uzunçuluq etsəm də, rezüme verib bitirim ki, kəndin əbədi su dərdi də qismən həllini tapıb. Əvvəla, kolxoz olmadığından Böyükbulağın suyu indi ancaq camaata işləyir. Bir neçə il qabaq isə, dövlət kəndə suvarma üçün nasosla vurulan su da çəkib və bir artezian quyusu da vurulub. Nasosla vurulan su, kənd rəhbərlərinin kəramətindən asılıdır, gələ də bilər, gəlməyə də, artezian suyu isə 25 evə daim axır.
Bakıda təbabət və paltar tikişi sahəsində kiçik biznesləri olan iki həmkəndlimizin kənddə gördükləri xeyriyyə işi də təqdir olunmalıdı. Cavan olsalar da, oruc tutan, namaz qılan, imanlı, inanclı iki halal iş adamı – Füzuli və Afət də kənddə hərəsi bir artezian quyusu qazdırıb, 55 evi içməli su ilə təmin ediblər. Afət kəndin xeyir-şər çadırına da lazımi əşyalar alıb. Sağ olsunlar, böyük savabdı, Allah işlərini avand eləsin!
Deməli, 80 evə daim su axır və bu su, içməklə yanaşı, həm də rahatca hər evin 5-3 lək tərəvəz əkməsinə bəs edir.

KƏNDİMİN ASFALT ÖMRÜ

Yanımıza şapalaq vurub, çubuq “at”ların “yalmanına yataraq” yüyürdüyümüz küçələri bu gün abad, yaraşıqlı görmək doğrudan çox xoşdu! Görəsən indiki uşaqlar da bizim kimi çubuq “at” gəzdirirmi... Hər halda, ağac atlarda olmasa da, “şoş” yolunda “şarikovoy” araba sürüb gəzmək xoşbəxtliyi bugünkü uşaqlara nəsib oldu.
İndi nəinki uşaqlar, elə Qabıllıda yaşayanların hamısı bundan sonrakı ömürlərini “şoş” yolunda sürəcəklər, mübarək olsun! Qoy sürsünlər sürə bildikcə! Ancaq gərək bərk sürməyələr, kamera qeydə alır və mütləq kəmər də taxalar; “şoş” yoluna köhnə, vaxtı keçmiş, Sovet markalı ömürlə də çıxmaq olmaz, həm də hərə öz ömrünü sürə bilər, yanına adam götürmək olmaz, “xaltura” sayılır, gərək lisenziyan olsun. Bir də, bilirsiz nə var – “nə olar, nə olmaz”ı Naxçıvanda yaşayanlar özləri yaxşı bilirlər, kənardan “mız qoymağa” ehtiyac yoxdu.
Yol düzəldilən ərəfədə kənd rəhbərləri, kəndbaşılar camaatı xəbərdar ediblər ki, yol hazır olandan sonra mal-davarı “şoşun” üstünə çıxarmağa icazə verməyəcəyik, camaat da qalıb neyləyim-necə eləyimdə! Sonra razılığa gəlinib ki, malı-davarı olan hər evdən aylıq pul yığıb, bir adam tutsunlar və həmin adam “şoşa” çıxan heyvanların arxasınca göz olub yerə düşən qığı-peyini isti-isti götürsün və beləcə, kompromis tapılıb, Qabıllı əhli xoşbəxt olub.
Doğrusu kəndin “şoş”unda mən də bir “şarikovoy” araba sürmək istərdim. Mirqadirə demişəm, birini düzəltdir, qıvraqlıların acığına, gələk sürək. Uşaqlıqdan həsrətini çəkdiyimiz asfalt yolda araba sürə bilmək nisgili gözümüzdə qalmasın. Deyib, hələ gözlə, öyrənək görək, olar ya yox, bəlkə heç olmaz!? Allah onun da huşunu kəssin, necə ki kəsib, birdəfəlik yadında qalmır, nə olar, nə olmaz, hər dəfə gərək soruşa. Ümumiyyətlə, Mirqadir kimilərin ucbatından axırda “olar” feilini götürüb qırmızı kitaba salacaqlar, təkcə “olmaz” qalacaq! Belə eləsələr, “kiçik torpaq”da yaşayanlara daha qibtə edən olmayacaq...
Aydın QACAR



Bu yazı ( 713 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar