12px14px16px18px

Söz əmanəti

Aydın QACAR
10:45 / 10.09.2011
         
Yazmaq, bir tərəfdən hisslərin qarşısında əyilmək, etiraf etmək, xərclənmək olsa da, başqa bir tərəfdən içimlə çölümü tarazlayır və duyğulu, daxilən zəngin insanlarla aramda körpü, təmas nöqtəsi, mənəvi yaxınlıq vasitəsi olur. Mən duyğularımı, fikirlərimi ancaq yazıya, sözə əmanət edə bilirəm və yazmaq mənəvi tələbata çevriləndə yazıram. 
Nədən yazıramsa yazım – poeziyadan, sevgidən, ayrılıqdan, sözün özündən – üzüm, qibləm həmişə sözə tərəf olur, hətta yazı tamam başqa mövzuda olsa da, orda sözə xüsusi sevgi mütləq görünür. Mənim üçün söz də canlıdı, onun da insan kimi canı-qanı, səsi-nəfəsi, ərköyünü-şıltağı, sözəbaxanı, sərti, tərsi var. Mən sözün içindən keçəndə də, söz mənim içimdən keçəndə də İlahi bir sevgi yaşayıram. Təbii ki, yazı prosesində bəzən, fikrin ağırlığından sözün gözlərini döyən vaxtlar da olur. O zaman sözlər yerində oturanacan dönə-dönə yun kimi yuyulur, daranır, əlçim-əlçim əyrilib ip olur, yumağa dönür, ilmə-ilmə, hana-hana toxunub cümlə, misra, yazı şəklinə düşür. Mənim qəlbimə ən kəsə, birbaşa yol da sözdən keçir, söz məni tutdusa artıq canımda, qanımdadı, onunla yaşayıram. Söz göynəyi də hər hansı hadisənin edə biləcəyi təsirdən daha güclüdü. Sözə sığınmaqdan, söykənməkdən duyduğum məmnunluğu, tapdığım rahatlığı heç yerdə, heç kimdə tapa bilmərəm. Sözün sığal çəkdiyi nəinki sevgi, istək, hətta həsrət, kədər, ağrı-acı da doğmadır, mənimkidir. Yəqin elə söz bitəndə də, həyat dediyimiz dövrə qapanacaq. İpəkqurdunun hördüyü barama düyçəsi qapanan kimi. Və son ah çəkiləcək! Düşünürəm, yəqin insan həm də o vaxt bitib tükənir ki, artıq həyata, insana sevgisi, deməli sözü tükənir.

Ruhum diksindi
   
Sevməyə, sevgidən, sözdən söz salmağa isə, həmişə bəhanə tapılıb.
Belə bəhanələrdən biri də qəfildən, heç bir təlatüm gözləmədiyim bir yaz günündə telefonuma mesaj kimi daxil olub ruhumu diksindirdi. Sadə bir dərman var, xalq arasında “tüstülü iynə” deyirlər, venaya vurulur və o andaca xəstəyə elə gəlir ki, od tutub yanır, ətrafda olanlardan onu yelpikləməyi tələb edir. Mesajı oxuyan andan mən də, “tüstülü iynə” vurulmuş adam kimi, qızışmağa, tüstülənməyə başladım – ilk sözdən, ilk təmasdan sinirlərim qarsalandı, ovqatım ani dəyişdi, kiçicik bir şeir parçası çəkib apardı məni uzaqlara, elə bildim, bu iki bənd şeir “o dünya”dan gəlib. Ancaq yox, mesajı 3-5 günlüyə kəndə gedən qızlarım yazmış və göndərdikləri şeirə qısa bir sual əlavə etmişdilər: “Ata, bu sənə tanış gəlir?”
Şeir özü, doğrudan da, “O dünya”dan idi və düz, bir qərinə əvvəl yazılmış məktubdan götürülmüşdü! Ancaq necə?!... “Gəlincik” deyə müraciət olunan, 15-16 yaşlı nişanlı qıza yazılmış o məktubları, Onun vəfatından sonra, özüm öz əllərimlə yandırmışdım, axı!?...

Qızlarım dən səpir duyğularıma
   
Ömrümü-günümü, duyğularımı sevib-seçdiyim poeziya parçalarına bükmək həvəsi məndə lap yeniyetməlik çağlarımdan olub, hissləri, münasibətləri şeirə tutmaqdan zövq almışam. Bu mənə ənənəvi oxşamadan, əzizləmədən daha üstün gəlib, həm də bununla sevdiyim poeziya nümunələrini həyatıma gətirmişəm. Fikrimi, istəyimi “sevirəm”lə yox, eləcə həmin istəyə-arzuya boy verən şeirlə ifadə etmişəm.   
   
Sönməz eşqə, həvəsə,
              Təklikdə düşünərkən
Bir mehriban nəfəsə
              Ehtiyacım var mənim.
Mətləbimi, fikrimi
              Söz demədən duyana,
Mənim ehtiyacımı
ehtiyacı sayana
              Ehtiyacım var mənim..
   
Əfsus ki, şeirin müəllifi indi yadımda deyil.
Özümə gələndən sonra zəng edib bu sürprizin mənbəyini araşdırmaq istərkən, qızlar artıq bir-birinə aman vermirdilər danışmaqda. Əfsanə deyirdi, eşitmişdim sənin anaya yazdığın məktubları o vaxtlar Esi xala oğurlayıb xəlvətdə oxuyurmuş və özümə söz vermişdim ki, Azərbaycana gələndə kəndə gedib, bu haqda məlumat yığacam. Və... Esmiranın yaddaşında qalan bu yuxarıdakı şeiri onun dilindən köçürüb, məni təəccübləndirir, heyrətə gətirirlər. Əfsanə şeiri və başqa məlumatları xalasından necə aldığı haqda üyüdüb-tökürdüsə, böyük qızım, söz, poeziya xiridarı olan Natiqə isə, eşitdiklərindən qürurlandığını və atasının gənclikdə də “necə mükəmməl cavan olmasından” duyduğu məmnunluğunu izhar edirdi, “maşallah”ın üçü bir qəpik olmuşdu...
Sözsüz ki, sevgi – bütün təzahürlərdə – ehtirama, təqdirə layiq olan ali anlayışdı, sevmək – Tanrıya yaxın olmaqdı. Ancaq heç vaxt qadına-qıza bəsit formada “sevirəm” deməmişəm. Ən böyük hiss-həyəcan daşıyıcısı olan bu söz mənə adi formatda çox bayağı, primitiv görünüb – indi tez-tez işlənən, çeynənmiş “milli mentalitetimiz” ifadəsi kimi. İçimdə sevmişəm: kişi kimi – qadınları, ər kimi – xanımımı, ata kimi – övladlarımı, dost kimi – dostlarımı. Hətta dərdimi-kədərimi də, nisgilimi-nigarançılığımı da sevmişəm. Heç vaxt qüsursuz görünmək istəyində də olmamışam, “həyatda qətiyyən sevgi adamına oxşamamağım” da vurğulanıb, ünvanıma “sənə sevgi yaraşan qədər heç nə yaraşmır”, “kədərin də ən gözəlini seçirsən” tipli mesaj-komplimentlər də səslənib.
Və nə gözəl ki, sevginin də, sözün də ömrü bizim ömrümüzdən çox-çox uzundu. O mesajdan sonra neçə gündür, xəzan ovqatındayam, tərpənirəm, xatirə yarpaqları ələnir yerə. Hamısı da söz istəyir, sığal-tumar, oxşanmaq istəyir...
                  
Ağrını ağrı ilə unutmaq
   
Hə... unudulması mümkün olan çox şeyləri unuduruq, mümkün hesab etmədiyimizi isə zaman unutdurur. Ancaq elə şeylər var ki, onu unutdurmağa nə zamanın gücü çatır, nə də özümüzün. Hisslər, münasibətlər illərin doğanağından keçib dəyişsə də, hər şeyin izi qalır –pozitiv və ya neqativ. Kiçik bir mesajın – bir zərrə qorun, bir ahın, nəfəsin istisi, hərarəti üzü üzlər görmüş kişini ani qarsalayıb ütürsə, demək heç dəyişilməyən şeylər də var. Təbiətin yaratdıqları bir-birinə təsir etdiyi kimi, insan münasibətləri də həm bir-birinə, həm də ətrafa təsir göstərir.
İndiki internet, telefon, mesaj əsrindən fərqli olaraq, ötən əsrin 70-ci illərində əsas ünsiyyət vasitəsi məktublar – əsgər, tələbə, sevgi məktubları idi və mütləq əksəriyyəti də “əvvəla salam, salamdan sonra zəhmət çəkib...”lə başlayır, hava haqqında məlumatla bitirdi. Həmin illərin məktəblisi, tələbəsi kimi öz məktublarımın da bu şablonda yazılıb-yazılmadığını deyə bilmərəm, çünki qalmayıb, ancaq nişanlı kimi yazdıqlarım saxlanmışdı, hətta evli olduğumuz müddətdə məndən də ciddi-cəhdlə gizlədilirdi (!?)
...Ən son anında, 29 yaşlı ananın ərinə əmanəti, vəsiyyəti, deyəcəyi, tapşıracağı da 4 körpəsi yox, o məktubların yeri olub!
Sayı çox deyildi – gənc mütəxəssis kimi təyinatla işə başladığım zavodda, nəzarət-ölçü cihazlarına salınan kiçik damalı rulon kağızlara yazılmış cəmi 11 məktub! Ancaq uzundular, hər məktub 8-10 metr uzunluğunda kağızlara yazılmışdı. Kino lentinə bənzəyən bu kağızlardan, o vaxt yataqxanada qaldığımız otağın divarı boyunca da yapışdırıb, üstünə şəkillər və M.Arazdan, Anardan, Ə.Əylislidən, Ç.Aytmatovdan misralar, sətirlər yazmışdım. Məktəb illərində hind filmləri qəhrəmanlarının bu kağıza oxşar lent qırıqlarını da kitabların arasında saxlayardıq, yadımdadı. Yəqin kino lentinə bənzəyən bu kağızlara maraq da elə o nostalgiyadan qaynaqlanıb.
...Bu təfərrüatlar yəqin, yazının “faciə pafosunu” azaltmaq üçündü, məktublara qayıtmaq istəyirəm!
Bahar nənəmdən uşaq vaxtı eşitdiyim bir söhbət yadımda qalmışdı: danışmışdı ki, divar qonşumuz, həm də qohumumuz olan İmmi bibinin keçmişdə cavanca qardaşını zəhərləyib öldürmüşdülər və o vaxt özü də gənc olan bacı qoşa hörüklərini kəsib qardaşının meyitinin üstünə atmışdı. Uşağın qandığı qədər, nənəmdən soruşmuşdum ki, niyə bəs, bilmirmiş ki, saçı kəsik qıza pis deyərlər? – Bilirmiş, deyə nənəm izah etmişdi, – ancaq elə etməsəydi, bağrı çatlayardı!... 
Onun ölümündən sonra, özümün 15 il əvvəl yazdığım məktublarla üz-üzə qalıb, böhran keçirdiyim günlərdə, nənəmin uşaq vaxtı danışdığı o hadisə yadıma düşdü və anladım ki, mən də bu məktubları qurban verməliyəm, İmmi nənə hörüklərini qurban verən kimi. Və o məktublarla vidalaşarkən yaşadığım hisslər bir növ – sevmədiyim, köhnə patriarxal adət olan – cavan oğul ya qardaş meyidi üstündə qadının saç kəsməsi kimi yaşantılar idi. Keçirdiyim sarsıntıya baxmayaraq, mən verdiyim qurbanın qiymətini, dəyərini elə o vaxt da bilirdim! Bilirdim ki, o məktublar həyatımızın, taleyimizin hansısa məqamlarını özündə yaşatmaqla bərabər, ədəbi-bədii dəyərdən də məhrum deyil. Ancaq bir ağrı ilə digərini unutmaq istəyirdim: Ora apardım... və nəhayət... tam vidalaşma olsun deyə, yandırdım. Yandırdım söz əmanətini, yandırdım – fikirlərimi, hisslərimi, duyğularımı, mehrimi, istəyimi, ağrılarımı! Yüngülləşmək üçün, unutmaq, yaddan çıxarmaq üçün...
    
Dənə gedib, yaşmağı salıram
          
Onun ölümü ilə mən də ilk dəfə yoxluğun, boşluğun içindən keçdim. Ölümün fəzilətini, fəlsəfəsini, xofunu, ağrısını, sarsıntısını, fiziki-mənəvi mahiyyətini canımda, cismimdə, taleyimdə yaşadım. Tarazlıq, harmoniya pozulsa da, içimdə pozuldu, çöldən müvazinətim itmədi. İndi, özüm bu yazılarla o zirehi dağıdır, hisslərin çölə çıxmasına rəvac verirəm. Düşünürəm ki, insanın fiziki ömrü bitsə də, mənəvi ömrü, yəqin elə yazıya, sözə çevrilməklə, əzizlərinin yaddaşına, qəlbinə hopmaqla yaşayır.
Yazmağın məziyyətini isə, hələ o vaxtlar, nişanlı kimi məktublar yazarkən duymuşdum. Ümumiyyətlə ədəbi mühit mənə həmişə doğma ərazi olub – istehsalat, təsərrüfat, texniki imkanlarım qədər. Ancaq mənim fikrimcə, ədəbi yaradıcılıqla sidq-ürəklə məşğul olmağa yalnız hər şey sahmana düşəndən sonra başlamaq lazımdır. Gündəlik həyatda, ən kiçik məişət problemi belə varsa, ədəbi yaradıcılığa, mənəvi yaşama dərindən baş vurmaq olmur. Bugünkü nizamım, həyat düzümüm mənəvi ərazidə daha çox olmağıma imkan verir. Və qızlarımın mesajı da bir növ, mənim sözlərimə sığa bilən mövzulara dən səpmək oldu. Hisslər, xatirələr hər tərəfdən uçub tökülüşdülər üstümə. Adi halda, o hisslərin üzündən yaşmağı, niqabı götürməyə gücüm, tarım çəkilmiş duyğuların başını buraxmağa cəsarətim çatmazdı.
O mesajdan sonra, neçə gün elə hey öz içimlə əlləşirəm: Evdə qapalılığıma çoxdandı təəccüblənən olmasa da, bağçamda təndir başında, tünlük vaxtı balaca qızım Fəridə yaxınlaşıb məni silkələyir ki, ata, nolub, hirslisən?!
Gülürəm ki, hirsli deyiləm, duyğuluyam!
– Həə... mən də elə demək istəyirdim...
Yəqin o qədər dolmuşam, artıq kənardan da hiss edilir, deməli, yağıb boşalmaq lazımdı. Və beləcə, bu yazını qaralamaqla, bir mesajın, iki bənd şeirin məndə doğurduğu hissləri dilə gətirir, söz əmanətini saxlaya bilməməyimə bəraət qazandırmaq istəyirəm.                             
   
Sözün içindən keçirəm
   
Bir də ki, niyə də hisslərimizə, həyəcanlarımıza söz ömrü verməyək, itkilərimizi, ağrılarımızı ipə-sapa düzməyək?! Axı zamanla müqayisədə insan ömrü, doğrudan da, budaqdan asılmış xəzan yarpağının ömrü qədərdi. Musa Yaqub demişkən:
   
O sonuncu yarpaq-
Mənəm yellənən
Hələ o budaqda ləngiyir ömrüm.
Boğazı tıxanıb, ağzı lillənən
Bir payız arxıdır – təngiyir ömrüm.
         
Həmişə belə olub: hansısa hiss, həyəcan yaxamdan tutub, məni tərpədəndə, təngidəndə təklənib, tənhalaşıb, sözün üstünə qaçmışam. Əlbəttə, bu tənhalıq taledən, məişətdən gələn tənhalıq, yalqızlıq kimi başa düşülməməlidi. Bu, müqəddəs, ülvi tənhalıqdı, məncə! Sözə qovuşmaqdı, sözə sığınmaqdı! Söz, poeziya isə, mənə həmişə sığınacaq verib. Mən bu halı sevirəm, dağ-daş olmayanda, ən azından səhər ertədən boş stadionda, yuxarı sırada dayanıb, əhvalıma uyğun bir-iki bənd poeziya nümunəsi xatırlamaqla ovqatımı istədiyim səmtə kökləyə bilmişəm.
Yəqin hamı belədi, ürəyində bir ayrılıq həsrəti çəkəndə “Mənə sevib ayrılmağa bir qadın verin” demirmi Vaqif Səmədoğlu? Çünki bu ayrılıqdan bir sevgi şeiri doğulacaq; İçində vətən hissi qəribsəyəndə yaşamağa qürbət istəmirmi? Çünki bu qürbətdə bir gözəl vətən şeri yazılacaq.
– Ürəyimdən bir yol keçir
Və bu yoldan bir şeir...
   
söyləyir şair. O şeirə qovuşmaq üçün baş götürüb getmək, bu yollarda yol azmaq, dəmir çarıq dağıtmaq istəyi söz adamı üçün ali duyğudu, müqəddəs yanğıdı. Və bu yanğıdan, bu istəkdən doğan təklik, dərvişlik fiziki təklik deyil, Tanrıya, Sözə qovuşmaq, ən dahi söz ustalarının da hələ sözdən nə qədər aşağı dayandıqlarına heyrətlənməkdi.
Mənəvi dağ – ata saydığım M.Arazın vəfatı ilə bağlı “Başın sağ olsun, vətən” adlı başsağlığı-esse yazmış və duyğularımın çırpıntısı, ağısı, bayatısı olan bu yazıda Məmməd əminin bir vəsiyyətinə üstüörtülü toxunmuşdum: “Səngərtəpədən bir ovuc torpaq istəmişdi son mənzildə üzünü qoymağa, qəbir daşında bircə misrasının yazılmasını vəsiyyət etmişdi – misradakı “o” əvəzliyini “bu”ya dəyişməklə – vəssəlam!” Düşünmüşdüm ki, vəsiyyətin vaxtından qabaq açıqlanması düzgün olmaz, yaxud bunu ailə üzvləri Gülxanım müəllimə, İradə xanım edə bilər. Qəzetdə yazı gedəndən sonra, yalnız bircə nəfər – qızım Natiqə zəng etdi ki, ata, açıq yazmadığın o misra “Bu daş altda Məmməd Araz yaşayır”dı, düzdü?! Və tapıntısından duyduğu böyük fərəhlə şeiri dedi, seçimin sadəliyinə, gözəlliyinə heyrətləndi.

Gülüm, bir də görüşünə
                                         yubansam,
Adımı tut, harda dağlar
                                       dumansa.
Gözünü sıx, hansı daşda
                                       su yansa,
O daş altda
                     Məmməd Araz yaşayır!
   
Gərək sözə, şeirə o qədər yaxın olasan ki, onlarla kitabı olan şairin, bir misrasında bir-iki hərfin dəyişməsini duya biləsən – sözü içindən keçirmək, sözün içindən keçə bilmək budur!
Ümumiyyətlə, istər poeziya, istərsə də nəsr olsun, sözün insana doğma gələn yatımı var, bax belə: “...sonra başını aşağı salıb hündür boyuyla ayağa qalxır, peşman addımlarla qapıya sarı yeriyir, otaqdan dinməz-söyləməz çıxıb hayanasa gedir... Mənsə onun, bu dərdiylə üzünü tutub gedə biləcəyi yerin olmadığını bilirəm.” Afaq Məsudun bir yazısından götürülmüş bu abzasda, “hündür boyuyla ayağa qalxmaq”, “hayanasa getmək” ifadələrində dünyanın şeiriyyəti, sehri var, belə yazılarla təmasda olmağın özü də elə sözün içindən keçmək deyilmi?!
Və mən də bu yazıyla, bu xatırlamalarla Sözə daha bir köynək yaxınlaşmaq istədim... 

Aydın QACAR
[email protected]
 



Bu yazı ( 588 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar