12px14px16px18px

Vətən dediklərim...

Aydın QACAR
00:07 / 06.03.2010
 
 
 
 
Hər kəs üçün Vətən, sözsüz ki, doğulub ayaq açdığı evdən, məktəbə getdiyi yoldan-cığırdan, deyə, yaza bildiyi “Ata”, “Ana” nidasından başlayır. Kəngərli kəndləri adlı otsuz, susuz çöllərdən ibarət bir bozluq da, mənim kiçik vətənimdi. Bu bozluq təkcə torpağa aid deyil. Kəskin kontinental iqlim insanları da qarsalayıb ütür, bozardıb torpaq rənginə salır. Bir az da peşmanlıq, yarımazlıq çalarları olur üz-gözlərində buranın adamlarının. Bu bozluqda heç vaxt, heç nəyin bolluğuna rast gəlinməz. Acı yovşan qoxusu – vətən iyi kimi assosiasiya olunur.
Kəngərli torpağında örüşə çıxarılan mal-davar bir qarın yem, bir içim su ümidi ilə bütün günü vurnuxur, axtarır və gün batanda ac, yorğun geri dönür – sabah yenidən bu ömrü yaşamaq üçün. Yəqin bu icbari “məşqlərin” nəticəsidir ki, Azərbaycanın digər rayonlarında bəslənmiş qoyun-quzunu bir adam yerə uzadıb rahatca kəsdiyi halda, Naxçıvanda birillik toğlunu kəsmək üçün iki nəfər heyvanın ayaqlarını güclə tutub saxlayır, üçüncü də birtəhər kəsir.
Yeri gəlmişkən, Şərur-Kəngərli zonasının əksər kəndlərində mal-heyvan kəsib-soymaq əsl pintilik, əlkütlük nümunəsidir, çox vaxt da kəsməyə “öldürmək” deyilir. Prosedur belə başlayır: Qoyun, keçi kəsiləndən sonra arxa ayaqlarının birindən dərini deşib, oxlovdan-çubuqdan, bir şey salaraq xeyli zoxmalayır, sonra ağızla bu deşikdən heyvanı üfürüb tulum kimi şişirdirlər. Üfürülmüş heyvanı xeyli ovxalayıb guya soyulmanı asanlaşdırır və bu “yüksək texnika” nümayişini bitirib, yerdəcə axıradək soyurlar. Yalnız soyulmuş cəmdək asılır. Təbii ki, bu prosesdə qəssaba mütləq bir köməkçi də lazım olur ki, ikisi birlikdə, yerin toz torpağı və heyvanın tükü ilə əti tam bulaşdıra, çirkləndirə bilsinlər.
Yadımdadı, qonşu kənddə Moştan adında qəssab, motosikletindən nasosu götürüb başı üzərinə qaldıraraq belə bir nitq irad etmişdi:
 – Qıvraq kəndinin möminləri arxamca danışırlar ki, Moştan partfeyndən vurur, sonra da nəfəsiylə əti üfürüb murdarlayır. Baxın, bu gündən heyvanı soyanda bu nasosla üfürəcəyəm, görək bundan sonra sözünüz nə olacaq!
Və öz tapıntısından ilk növbədə özü cuşa gələrək, əlavə etmişdi ki, bəlkə deyəsiz, Moştanın nasosu da “Ağdam” meşdiyir?! (Yəni içir).
Kəngərli kəndlərini müsbət mənada fərqləndirən görüntülərdən biri isə yemiş-qovun bostanları idi, indi olmasın. Uzunluğu yarım metrə çatan sarı-sarı qovunlar! Bağ-bostan nadincliyi edən cığal kənd uşaqlarının sapsarı uşaq həsrətləri! Hasardan çəpərdən baxıb-baxıb, necə ləzzətlə o yemişlərdən birini qucaqlamaq xəyalına düşərdik... İndi o qovunların özləri də, toxumları da yoxa çıxmaq üzrədir.
 
KƏNGƏRLİNİN SİMVOLU
 
Bir neçə il qabaq Kəngərli kəndlərini ayırıb, rayon yaradandan sonra, rayon üçün loqotip, simvol kimi nə götürüldüyü haqda, doğrusu, məlumatım yoxdu. Ancaq məndən soruşan olsaydı, təklif edərdim ki, Kəngərliyə simvol kimi elə yovşanı seçsinlər. Özü də, ta, botanika kitabında şəkli olan, yaxud başqa rayonlarda bitən- süpürgə boyda – yovşanı yox, elə Kəngərli torpağının özündə bitən sısqa, amma əl-ayaq dəyəndə zəhər tuluğu kimi ətrafı acılayan yovşanı. Düzdü, mənə etiraz edən olar ki, bəs, Kəngərlidə Qarabağlar məqbərəsi dura-dura, niyə yovşanı simvol kimi təklif edirəm?! Səbəb bir neçədi:
Birincisi, o abidə qadının adına tikilib (Elxani hökmdarının arvadı Quti xatunun adına), gərək Hülaki xandan halallıq alına. İkincisi də, yovşan Kəngərlinin bütün kəndlərinə məxsus olan məhsuldu. Həm də strateji məhsuldu. Uzun illər sərt qışlardan camaat məhz yovşanın, təzəyin hesabına çıxıb. Biz tərəflərin qışını isə Allah heç bir bölgəyə qismət eləməsin, betər şeydi! 
HAŞİYƏ: Öz-özümə etiraf edirəm ki, Qarabağlar məqbərəsi Kəngərlidə yox, Əlincə tərəfdə olsaydı, onun təqdimatını: “Azərbaycan qadını şərəfinə ucaldılmış, mədəni irsimizə nümunə ola bilən, qoşa minarəli...” və sairə kəlmələrlə başlayardım. Hələ bəlkə Möminə xatun məqbərəsini də gözünə qatıb, orta əsrlərdən belə, Naxçıvanda qadın hüquq və azadlıqlarından, qadına sayğıdan, sədaqətdən yekə bir fəlsəfi araşdırma da yapardım. Əfsus!...
 
YARSIZ-YARAŞIQSIZ KƏNDİM  
 
Mənə elə gəlir, Naxçıvanın iki fərqli kəndi üzərində dayanmaqla bölgə haqda daha dolğun təəssürat yaratmaq mümkündür: doğulduğum aran kəndi Qabıllı və uşaq vaxtı tez-tez qonaq getdiyim dağ kəndi Qazançı. Elə bayaqdan bəhs etdiyim bütün bozluqlar Qabıllıya aid idi. Məni o kənddən çıxdaş etsələr də, heç vaxt Qabıllının şəninə söz deyib, tərif etməyə bir əlyeri tapa bilməmişəm:
– A kişilər, vətənin çiçəyini qoxlayıb, gülünü dərərlər, bulağına suyuna əyiləllər, çəmənində diz qatlayıb, meşəsinə, quşuna tamaşa edərlər... Ay Qabıllı, sənin nəyindən danışım, axı?! Vətən olanda nə olar, bu vətənin heç bir yar-yaraşığı olmaz? Ay Hüseyn Cəfərov, ay Məmməd, ay Mirqadir, ə, mini-cəhənnəmdi da, kəndimiz! Həqiqəti etiraf etmək nə vaxtdan qəbahət olub? 
Qısası, o Kəngərli kəndlərində yerimir xəyallarım, Qazançı xatirələrim isə yel qanadlıdır, uça-uça gəzir dağı aranı.
 
ƏLİNCƏNİ MƏN SEVİRƏM – HAMININ YERİNƏ
 
Naxçıvan şəhərindən çıxıb, üzü Əlincəyə getməyə başladığım andan içimdə poetik duyğular yaranır, xatirələr – lirik hisslər canıma axır. Əlincə qalası görünən məsafədən, Teymurləngin, Nəsiminin, Nəiminin nəfəsi vurur üzümə, çoxdan itirdiyim səsləri eşitməyə başlayıram...
Həmişə uşaq sadəlövhlüyü ilə düşünmüşəm ki, dünyanın böyüklü-kiçikli bütün kəndləri, şəhərləri içərisində, məni ən çox istəyən – Qazançı və qazançılılardı. Qazançıda “kişi qırığı” sözünü mənə çox ümidlə, əminliklə, inanaraqdan deyərdilər – ironiyasız! Dalımca da “maşallah, maşallah” nidaları səslənərdi mütləq. Tay-tuşlarımdan Məhərrəmə, Əşrəfə baxıb, əlavə edərdilər ki, dağ uşağı palax, lırt olur.
Naxçıvanın bu hissəsinə ərkim var; qədirbiləni sayıram özümü bu dağın-daşın; əziz tuturam hər nişanəsini, adını, tarixini. Ünsiyyətdə olduğum bir çox Əlincəətrafı kəndlərdən olan dostların, yaxınların o yerlərə sevgi paylarını mən götürürəm özümə. Mən sevirəm hamısının yerinə! Bu yerləri öymək, oxşamaq, əziz-ağır tutmaq, laylaya, şeirə bələmək – mənim ərkim, borcum, mənim vəfa-etibar payımdı! Hətta üç kitab müəllifi, şair qəlbli, həssas, kövrək ruhlu Qabil dayı da deyir, bacıoğlu, bu işdə bütün hüquqlarımı sənə verirəm.
Özüm də bilirəm ki, qazançılılar kəndlərini, elə mən Qabıllını istədiyim qədər istəyirlər – nə az, nə çox. Mənim gözümdə isə, Əlincə özü boyda nağıl dünyasıdır.
 
NAĞIL DÜNYASI
 
... Uşaq vaxtı, Qazançıda eşitdiyim sehrli nağıllardakı hadisələrin baş verdiyi yerləri axtarmaq məni çox üzərdi, sualları yağış kimi yağdırardım. Məlikməhəmmədin quyusunun, Koroğlunun Çənlibelinin ünvanını “tələb edərdim”. Canı şüşədə olan divlərin mağaralarının, kahalarının yerini bilmək, tanımaq istəyi məni tərg etməzdi. Cinlərin, əcinnələrin nəyə görə məhz köhnə, xaraba dəyirmana yığılmasının səbəbini nənəmdən dəfələrlə soruşardım, qoca arvadın, huşundan çıxıb, hər dəfə müxtəlif səbəb deməsi, məni cin atına mindirərdi. İşlər bərkə düşəndə qucağısəngər nənəyə nəvənin çəmkirməsi böyüklərin gülüşünə səbəb olardı, “kişi haqlıdır da, deyərdilər, sualına düzgün cavab almaq istəyir. Bu çaylı, çeşməli, dağlı, qalalı kəndin hər cığırında mənim uşaqlığım, məndə isə xatirə qədər ilıq, həzin Əlincə görüntüləri yaşayır. Yaz vaxtı dizə qalxan otun, gülün-çiçəyin içində necə də bəxtəvər görünür buranın qoyun-quzusu, mal-heyvanı... Kəngərlidə yem üçün, tikanlar da dənə-dənə toplanıb yıgıldığı halda, təbiət buraların adamlarını elə tənbəlləşdirib ki, çölün otunu da biçmirlər.
Qazançının gözünün qabağını kəsən dağın-təpənin üstündə, uzağı görən bir qaya var – Ballı qaya. Uşaq vaxtı elə bilərdim, ordan baxsam, Qabıllı görünər. Darıxanda içimdən bir istək havalanar, o Ballı qayanın təpəsinə qonub, ordan kəndimizə baxardı...
Şimşək çaxmasına böyüklərdən belə izahat eşitmişdim ki, Allah buludları qamçılayır və ağladıb yerə su tökür, yəni yağış yağdırır. Mənim də ürəyimdən keçərdi ki, Allahın şimşək qamçısını əlimə keçirib, o Ballı qayanın üstünə çıxım və ordan Qabıllıya namərdcəsinə bir neçə qamçı çəkim, yayın şaqqamasında yağış tökdürüm, od tutub yanan çölü, kövşəni, camaatı sevindirim! Bu möcüzəni mənim etdiyimi bilməsələr də, eybi yoxdu... İndi böyük ağlımla fikirləşirəm ki, əgər Kəngərli mahalının üstündə aylarla, əl boyda bulud olmursa, mən o şimşək qamçımı hansı buluda vurmalıymışam?!  
 
NAXÇIVAN SƏMASININ RƏNGLƏRİ
 
Bu diyarın səması ilin əksər günlərində tərtəmiz, bomboş olur, göyün yeddi qatı görünür. Göz oxşayan bu mavilik fonunda ara-sıra görünən, bəmbəyaz pəmbə bulud topasını insan ağlı, rəssam fırçasından çıxmış kimi qəbul edir. Dağın-daşın rəngi isə, günün saatından, asılı olaraq, tunc-mis rəngindən tutmuş, narıncıya, boza qədər dəyişir. Naxçıvanın hər yerində Günəşi dağın arxasından çıxan, elə dağın arxasında da batan görürsən. Məhz bu məqamlarda səma, dağ-daş ağ-çəhrayı rəngə – yasəmən, şaftalı çiçəklərinin rənginə boyanır.
Naxçıvanda kameraya alınmış yarımca dəqiqəlik, kiçicik bir çəkilişə də televizorda baxanda, orda çəkildiyi bilinir. Elə bil boş havanın da, özünəməxsus çaları var.
Və bu, səbəbsiz, əsassız deyil!
 
NAXÇIVAN LEONOVUN, LAVEYKİNİN GÖZÜ İLƏ
 
Dünya kosmonavtikası tarixində ilk dəfə açıq kosmosa çıxan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Aleksey Leonov qeyd edib ki, kosmosdan baxanda Yer çox qəribə – çəhrayı rəngdə görünür və 1965-də kosmosa ilk uçuşumdan sonra, yerdə o rəngi axtarıb, nəhayət, Naxçıvanda tapmışam. Kosmosdan baxanda Yer, məhz Naxçıvan dağlarının, Naxçıvan səmasının rəngində görünür – çəhrayı rəngdə!
Leonov həm də tanınmış rəssamdı, kosmos mövzusunda olan rəsmlərilə, poçt markaları üçün çəkdiyi əsərlərlə də dünyada tanınır; o, Bəhruz Kəngərlinin, Səttar Bəhlulzadənin Naxçıvanla bağlı rəsmlərinin fotoillüstrasiyalarını özündə saxlayıb, böyük heyranlıqla nümayiş etdirir.
Yaxın dostluq əlaqələrində olduğum digər bir kosmonavt – uşaq qədər saf, səmimi Aleksandr Laveykinlə yaxınlığımız da, Naxçıvan səmasının rəngləri mövzusunda fikirlərlə başlayıb. Moskvada birlikdə bizneslə məşğul olduğumuz zaman Laveykin mənim Naxçıvandan olduğumu bilib, Leonovun yuxarıda yazdığım fikirlərini və özünün də kosmosdan qayıdandan sonra Naxçıvana səfər etdiyini danışdı. Aleksandr 1987-ci ildə 6 aya yaxın kosmosda olmuş, Suriyanın, Sovet İttifaqının Qəhrəmanı adlarını almış, üç dəfə açıq kosmosa çıxmış bir insandı. Kosmos və kosmosda baş verən “ştatdankənar” vəziyyətlər haqqında danışdıqlarını həyəcansız dinləmək olmur. Hələ kosmonavtikanın ilk vaxtlarından qayda belə olub ki, kosmosdan qayıdan kosmonavtlar, proqram əsasında, dünyanın əksər yerlərini gəziblər. Leonovun Naxçıvan haqda söhbətləri Laveykinə də maraqlı gəldiyindən, o da Naxçıvana səfəri öz proqramına saldırıb. Aleksandr mənim dəvətimlə də burda olub.
Ümumiyyətlə, çox şeydə həmfikir, həmxasiyyət olduğumuza, boy-buxunca da bənzərliyimizə, Naxçıvan haqqında tez-tez söhbətləşdiyimizə görə biznes-layihəmizin yardımçısı general Karpuxin hirslənəndə Saşaya ərklə “volosatıy naxiçevanets” – deyirdi. Bir dəfə Londonda çox vacib bir tədbirə – Azərbaycan prezidenti ilə görüşə hazırlaşdığımız zaman, davranışlarımdan narazı qalıb, bu ifadəni mənim də haqqımda işlətmişdi.
Mənim də tez-tez olduğum Moskvadakı “Ulduz şəhərciyi”ndə Laveykin öz yoldaşlarına: “Biz kosmos adamlarının Yerdəki vətəni Naxçıvandı” – deyirdi.
Rus olmasına, Moskvada doğulmasına rəğmən, Aleksandr tamamilə qafqaz tipajlıdı. Anası fiqurlu konkisürmə məktəbinin direktoru olsa da, yoldaşı Natalya evdar qadındı. Ailəsindən ötrü, oğlu Kiril üçün yaşamaq istəyilə, 1994-cü ildə kosmonavtikadan uzaqlaşıb. 1986-da vəfat etmiş atasının- İvan Pavloviçin general kitelini çiynimə salanda, orden-medalların ağırlığından guya “dizim qatlananda”, bu imitasiyama Aleksandr uşaq səmimiliyi ilə elə sevinir, o qədər ləzzət alırdı ki!...(Aleksandrın mərhum atası, Sovet İttifaqı Qəhrəmanı İvan Pavloviçin iştirak etdiyi döyüşlərə “Hərb sənəti ensiklopediyası”nda xüsusi bölmə ayrılıb, haqqında həm bədii, həm sənədli film çəkilib, komandirlik etdiyi aviasiya polkuna 1943-cü ildə məxsusi himn yazılıb).
 
İYİRMİNCİ ƏSR DƏ MƏNİM VƏTƏNİMDİ
  
Yaşadığımız yaxın keçmişi tam qara rəngdə görən “vətənpərvərlər” indi üstünlük təşkil etsə də, mən belə düşünmürəm. Keçmiş Sovetlər dövrünü də vətən sayıram! Konkret bir ölkəni, şəhəri, kəndi yox, zamanın özünü – İyirminci əsri! İyirminci əsr böyük bir nəslin vətəni olub, Sovet İttifaqının yüzlərlə nöqtəsində saysız-hesabsız xatirələri, əlaqələri, həyatının müəyyən anları yaşanıb həmin nəslin. Bunların üstündən birdəfəlik xətt çəkməyə çalışanlar, zənnimcə, elə bugünün də ən pis vətəndaşlarıdı, saxta adamlardı. Sözsüz ki, ictimai-iqtisadi quruluşun dəyişməsi mənəvi mühitdə də izlər, çapıqlar buraxır və bu, təbiidi. Ancaq buqələmun sürətilə dəyişib, keçmişi birmənalı inkar etmək də düzgün deyil. Gələcəyə, keçmişdə qalanlarla indi yaşananları müqayisə edərək baxmağın tərəfdarıyam. Tez-tez keçmişə boylanmağımın, dünənlə bugünü tərəziyə qoyub müqayisə etməyimin səbəbi də budur... Və mənəvi tərəzinin uşaqlıq, xatirə, keçmişlə yüklənmiş gözü, nədənsə, məndə daha ağır gəlir həmişə...   
Aydın QACAR, aydı[email protected]
 



Bu yazı ( 1077 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar