12px14px16px18px

Ağdamlı – “bazarlı” günlər...

Vüqar Tofiqli
07:33 / 04.04.2012
80-ci illərdə bazar ərazisindəki obyektlərin bir qismi sökülərək, yerində ən müasir üslubda ticarət obyektləri inşa edildi. Bazar ərazisi, küçələr bağlanaraq piyadalar üçün işlək vəziyyətə gətirildi. Bir nömrəli məktəbin qarşısında müasir aptek binası (“Tələtin apteki” kimi tanıdığımız mərkəzi aptek – əslən Quzanlı kəndindən olan Tələt Əliyev nəzərdə tutulur- V.T.) və məşhur ticarət passajı fəaliyyətə başladı. Burada onlarca mağaza fəaliyyətdə idi. Passajda aparılan bəzək işləri o dövrdə ən yüksək dizaynla aparılmışdı. 80-ci illərdə Əzizbəyov küçəsində maşın yolu bağlanmış və küçənin ortasında cərgə ilə İslam Hacıyev küçəsinin tininə kimi sıra ilə mağazalar var idi. Mahmud və Arifin işlətdiyi “xoztovar” mağazası, Axundov Hüseynin və Məmmədova Teybənin sənaye mallar mağazasından sona qədər ardıcıl olaraq milis məntəqəsi, “DOSAFF”ın tiri gəlirdi. Sonra tədarük idarəsinin qəbul məntəqəsi, Yasəmin mağazası, dərzi sexi, Qamboyun ayaqqabı təmiri sexi, Mürşüdün sənaye mallar mağazası, Bəhlulun qızıl mağazası bu sırada idi. Elman və Sahibin parça mağazası, “Qastranom” və Rəfiqənin çörək mağzası sıranı tamamlayırdı. Bundan əlavə həmin ərazidə olan 1 nömrəli məktəbin qarşısında abadlıq işləri həyata keçirilmişdi. Məktəbyanı sahələrdə isə istixanalarlar quraşdırılmışdı. 2013-cü ildə 130 illiyini qeyd edəcək məktəbin zəngin tarixi vardır. Ağdamın iqtisadi inkişafa qədəm qoyduğu bir vaxtda rayonun ticarət şəbəkəsinin özündə cəmləşdirən və rayon camaatı arasında “raypo” deyilən, Ağdam Rayon İstehlak Cəmiyyətinin İdarə Heyətinin sədri işləmiş Rəşid Məmmədovun müstəsna rolu vardır. Haşiyə: Rəşid müəllimlə görüş təyin edəndə məqsəd və məramımı tam açıqlamamışdım. Hazırda çalışdığı məkanda günün ikinci yarısı görüşəsi olduq. Görüşdük. Bir xeyli kənddən-kəsəkdən danışdıq. Mətləbə keçəsi oldum. Nəhayət məqsədimi açıqladım. Rəşid müəllim bir anlığa tutuldu. Bir qədər də kövrəldi. Elə bil xəyalən Ağdamı, yaşadığı Rəcəb Gözəlov küçəsindəki mənzilini, işlədiyi yerləri dolanıb gəldi. Görüşümüz təsirli alındı. Söhbətin şirin yerində Rafiq müəllim gəldi (Rafiq Əliyev professor, fəlsəfə elmləri doktoru – V.T.) “Gəl Rafiq müəllim, tanıyırsan,- deyə muraciət etdi,- Tofiq müəllimin oğludu, sənin riyaziyyat müəlliminin”-deyə Rəşid müəllim dedi... Rafiq müəllim özünəməxsus şəkildə fəaliyyətimi qiymətləndirdi. Mənim üçün gərəkli olan bir sıra tövsiyyə də verməyi də unutmadı. Ötən əsrin 70-ci illərin birinci yarısınadək Ağdamda ticarət şəbəkəsi zəif inkişaf etmişdi – deyə Rəşid müəllim söhbətə başladı: – “Yenilik hiss edilmirdi. Hətta təşkilatın özünəməxsus inzibati binası belə yox idi”. Qeyd edək ki, 1974-cü ildə Ağdama Həsən Əliyevin birinci katib işlədiyi dövrdə Rəşid Məmmədov “raypo”ya sədr təyin edilir. Məqsəd vəziyyəti dəyişmək, ölü zonaya çevrilmiş bir sahəni diriltmək idi. O dövrdə rayonun ticarət dövriyyəsi 24 milyon rubl təşkil edirdi. R.Məmmədovla söhbətimizdən bəlli oldu ku, sədr işləldiyi 13 illik dövrdə bu rəqəm 87 milyon rubla çatıb. Xatırladaq ki, qonşu rayonların- Ağcabədi və Bərdənin birgə dövriyyəsi yuxarıda qeyd olunan rəqəmə yaxınlaşmırdı. Ağdamın əmtəə dövriyyəsi bütövlükdə Dağlıq Qarabağın 5 rayonundan təxminən 14 milyon rubl çox idi. Ona görə də həmişə ermənilər Ağdamın “paxıllığın” çəkir və Rəşid müəllimin əleyhimə Moskvaya ardıcıl olaraq yazardılar. Guya Bakı Ağdama özününkü kimi baxır, amma Dağlıq Qarabağa ögey münasibət bəslənilir. Ona görə də Ağdamda belə bir inkişaf var, amma Dağlıq Qarabağda bu inkişaf yoxdur. Amma heç kim demirdi ki, Ağdam 70-ci illərdə heç bir iqtisadi bazaya, hətta inzibati binaya malik deyildi. Ağdam İstehlak Cəmiyyəti sonralar regionun əsas ticarət bazasına çevrildi. 124 kəndin hər birində müasir üslubda mağazanın istifadəyə verilməsində, üç mərtəbəli univermaq və ikimərtəbəli restoranın inşasında, uzunluğu 250 metrə yaxın və 70 mağazanın yerləşdiyi məşhur ticarət pasajının istifadəyə verilməsi R.Məmmədovun fəaliyyəti dövründə olmuşdu. Tikintisi zamanı ən yeni texnologiyalardan istifadə edilən “Ticarət passajı”nın inşasına o dövrdə ən yüksək məbləğdə – iki milyon rubl ətrafında vəsait xərclənmişdi. Univermağa 350-400 min rubl xərc çəkilmişdi. Ticarət passajında ən çox pul aparan reklam və dizayn işləri idi. Tavandakı lövhələr alüminiumla döymə üsulu ilə vurulmuşdu. Rəşid müəllimin özünün də etiraf etdiyi kimi, bu işləri o yalnız birinci katib işləyən tanınmış ziyalı Sadıq Murtuzayevin şəxsi təşəbbüsü və ya razılığı edə bilərdi. Bu məsələdə isə Rəşid müəllimə daim yaşıl işıq yanırdı. Qeyd edək ki, Ağdamın İstehlak Cəmiyyətinin 367 obyekti var idi. Respublikada Azərittifaq sistemində olan 68 kənd rayonları arasında Ağdam RİC-dən böyük təşkilat və böyük əmtəə dövriyyəsi olan təşkilat yox idi. Yevlaxdan tutmuş Qubadlıya qədər, bir tərəfdən Beyləqan,İmişli, Tərtər, Goranboy və digərləri hər şənbə, bazar günləri hamısı bazarlığa Ağdama gələrdilər. Çünki Ağdamda mal qıtlığı yox idi. SSRİ-nin bütün şəhərlərindən adamları göndərib mal gətizdirirdilər. Rəşid müəllimin qənaətincə, harada qıtlıq olsaydı belə, Ağdamda qıtlıq olmazdı. Ona görə deyirdilər ki, nə istəsən Ağdamda tapa bilərsən. Bu işlər elə tənzimlənirdi ki, hansı şəhərə gedirdilər, orada Ağdam var idi. R.Məmmədov: “Qeyd edim ki, Ağdamın yenilənməsində S.Murtuzayevin rolu əvəzsizdir. Çünki mən o istifadə edilməmiş qalan Gön-dəri kombinatını ala bilməzdim, idarə müdiri idim və birincinin göstərişi vacib idi. Həmin kombinatın hardasa 2 hektar yeri var idi. Orada gözəl iki mərtəbəli, içərisi parketli, mərmərli bir idarə binası tikdirdim və yanında ikimərtəbəli qonaq evi, ona bitişik isə restoran inşa etdirdim. Eyni zamanda artezian qazdırıb, həyətdə olan ağacların dibinə su çəkdirdim, həyəti gül-çiçəyə döndərdim. Azərittifaqın o zamankı sədri Çingiz Həsənov Ağdama gəldi və orada ona bildirdim ki, idarəyə gələn tərəfə asfalt çəkdirməkdə çətinlik çəkirəm. Birinci katib gələcək, ondan xahiş edin bu asfaltın çəkilməsinə yardımçı olsun. Bu hardasa 1983-cü ilin söhbətidir. Sadıq Murtuzayevə zəng elədim və bildirdim ki, Çingiz müəllim gəlib və dərhal dedi ki, gəlirəm. Onların da çox yaxın münasibətləri var idi. Sadıq müəllim idarəni gəzdi və bir balaca zarafat da etdilər ki, bura daha yaxşıdır. Elə zarafatın arasında Çingiz müəllim dedi ki, gələndə bu yolla gəldiniz, o da təsdiqlədi. Gördünüz də yol nə vəziyyətdədir... Səhərisi günü o yola bütünlüklə asfalt döşənməsinə başlandı. Özümdə o yolun kənarında yaşamışam və yol köhnə çörəkbişirmə yerinə gedib çıxırdı. Sonra mən bu çörək zavodunun yenisini tikdirdim və sutkada 50 ton çörək bişirmək imkanına malik idi. Planlaşdırma vaxtı Bakıya gəlib, Çingiz müəllimdən xahiş edirdim ki, Ağdama 10 ədəd mağaza, baza, restoran tikmək üçün pul ayrılsın. Ağcabədiyə 1 obyekt düşəndə, Ağdama 10-u düşürdü. Ona görə Ağdam inkişaf etmişdi, şənbə, bazar günləri 20 rayonu qəbul edə bilirdi. Bəzən maşını saxlamağa yer olmurdu. Ağdamın bir şənbə gününün dövriyyəsi o biri rayonların 15 günlük dövriyyəsinə bərabər idi. O illərdə ticarət sistemində 3200 nəfərə yaxın adam çalışırdı. Ştatdankənar işlətmək olmurdu, hamı rəsmi şəkildə çalışırdı. Misal üçün, mən 250 manat maaş alırdımsa, onunla 4 qutu yağ və ya 250 kiloqram qənd ala bilərdim. “Jiquli” maşının biri 5500 rubl idi, sonra 7500 rubl oldu. Bütün bunlardan sonra 14 il ticarətdə olmağıma baxmayaraq, keçdim Taxıl Məhsulları Kombinatına. Həmin müəssisə Azərbaycanda ikinci taxıl kombinatı sayılırdı. Sutkada 50 tonluq çörək zavodu, sutkada 800 tonluq qarışıq yem zavodu, sutkada 250 ton un üyüdən dəyirman, 100 min ton tutumu olan elevator imkanı var idi kombinatın. Oranın hardasa 20 hektardan çox ərazisi var idi”. Burada bir məqamı da qeyd etmək yerinə düşər. Keçmiş sovet dönəmində inşa edilən ticarət obyektlərinin layihə-smeta sənədlərində qiymət aşağı göstərilirdi. Səbəb kimi mərkəz tərəfindən xüsusəndə Azərbaycanda böyük maliyyə vəsaiti tələb edən layihənin təsdiqinə imkan verilməməsi ilə əlaqələndirilirdi. Ancaq bütün manelərə baxmarayaq bizmkilər onların da dilini tapmışdılar. Moskvada oturan bəzi partiya yetkililəri daim aşağı səviyyəli layihələrə vəsaitin ayrılmasını tövsiyyə edirdi. Bunu nəzərə alan Ağdam rayon rəsmiləridə layihə-smaeta sənədlərində vəsaitin həcmini azaldır və bununla da məsələni həll etmiş olurdular. Artıq vəsaiti isə başqa istiqamətlərdən və kolxozlardan köçürürdülər... Beləliklə, AĞDAM BAZARININ AYRI BİR ABU HAVASI VAR İDİ... Ağdam bazarı haqqında geniş materialı hazırlamaq istəyində olanda bu qədər geniş araşdırma alınacağına inanmazdım. Bir çox adamlarla, əsasən də bazarda çalışan yoldaşlarla görüşdüm. Bəzi mənbələrə baş vurdum. Hamının “doktur” deyə müraciət etdiyi İnqilab həkimin söylədikləri real olduğundan bu tədqiqatda məhz onun söylədiklərinə üstünlük verdim. Tədqiqatda demək olar ki, bütün dükan-bazar əhlinin adı hallanır. Bəzilərinin soyadlarının yada düşmədiyindən sadəcə adları ilə verilib... Bu da tarixdi. Tariximizi bilmək isə hər birimizin borcudur... İnanırıq və buna qəti əminik ki, bu gün bütün dükan-bazar əhlinin hər biri Ağdamlı – “bazarlı” günlərə qayıtmaq eşqilə yaşayır. İlahi o eşqi və ümidi BİZLƏRƏ ÇOX GÖRMƏSİN...
Vüqar Tofiqli





Bu yazı ( 239 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar