12px14px16px18px

Ağdam bazarı...

Vüqar Tofiqli
10:06 / 28.03.2012
Ağdamın bazarı dörd tərəfdən: “Abu”nun univermağı istiqamətində İslam Hacıyev küçəsi, yuxarıdan keçmiş 6 nömrəli məktəb tərəfdən Süleyman Sani Axundov, Ticarət passajı istiqmətində Lenin küçəsi (sonralar bu küçənin adını dəyişib Ağdamın vətənpərvər oğlu Eldar Bağırovun adını ölümündən sonra verdilər- V.T.), 1 nömrəli məktəbin yan tərəfindən isə Əzizbəyov küçəsi kəsirdi. Ümumiyyətlə bazarın ərazisinin böyük bir hissəsi məhz bazara və dəmirçilərə aid idi.
Bazara uşaq baxçası tərəfdən, yəni Eldar Bağırov küçəsindəki girişdən neft dükanı ilə başlayırdı. İzzət və Müzəffər 40 ilə yaxın idi ki, burada ağ neft satışını həyata keçirirdilər. Həmin hissədə sağ tərəfdə Validənin və Nəzərin sənaye malları köşkü, Ofelyanın isə ərzaq köşkü fəaliyyət göstərirdi. Sıralamada Hadı Məmmədovun qiyməti ucuzlaşdırılmış mallar mağazası, Cahid və Əsriyan Eyvazovun birgə işlətdiyi sənaye mallar mağazası, Musanın köşkü, Abuhəyat Ələkbərovanın həyat yoldaşı Abbasi Məcidin şüşə qablar mağazası, əvvəl Babaşov Mamedin, sonra isə İzzətoğlu Familin çalışdığı mağaza gəlirdi. Bu arada mərkəzi poçtun filialı da var idi. Filialda həmçinin şəhərlərarası danışıq məntəqəsi fəaliyyətdə idi. Filialı isə Surxay işlədirdi. Yaqub Həsənovun şüşə qablar mağazası, Nizami Məhərrəmovun parça mağazası, Arif Həsənovun ayaqqabı mağazası, Vaqif Həsənovun parça mağazası bu sırada idi. Yanvar Qasımovun mağazası, Zabuta Abbasovanın mağazası sıranı tamamlayırdı. Sıranın sonunda isə Ovçular cəmiyyətinin tiri var idi. Tiri Aslan (yerli sakinlər ona Astan deyərdilər) kişi idarə edirdi. Tirin yanında isə Çingizin qəlyanaltısı əhaliyə xidmət göstərirdi. Bu sıranın arxası dəmirçilərin sırası, qarşı tərəfində isə tərəzi ambarı və bazarın müdiriyyəti üçün inzibati bina var idi. İnzibati binada müdriyyət, mühasibatlıq, sahə müvəkkili, mal həkimi, sanitar həkimi və laboratoriya yerləşirdi. Bundan əlavə tərəzi ambarının qarşısında İlqar Fərəcovum 25 saylı ərzaq mallar mağazası və İsa, Baba və Yelmar Abdullayevin işlətdiyi parça mağazasıda bu sırada idi.
Bazara İslam Hacıyev küçəsi tərəfdəki girişdən sağda bazarın mehmanxanası fəaliyyətdə idi. 12 nəfərlik nömrəsi olan mehmanxanada yaşayış üçün minimal şərait var idi. Burada əsasən qonşu rayonlardan bazara məhsul gətirənlər qalırdı. Onun yanında Əfqanın apteki, süd və süd məhsulları pavilyonu həmin istiqamətdə idi. Əfşanın ərzaq mağazası, Malikin balıq mağazası da burada idi.
Sonra həmin sıranı 14 gözdən ibarət mağazalar şəbəkəsi davam etdirirdi. Burada Qədir Quliyevin ayaqqabı, Fərari Ataşın sənaye köşkü, Adışirin, Şəmil və Abbasın dərzi və papaqçı dükanları, habelə Zeynalov Əhlimanın, İfrat Vəzirovanın, Fikrətin təsərrüfat mallar mağazası, Qiyas Əliyevin ərzaq mağazası, Şəfiqənin ətriyyat mağazası yerləşirdi. Həmin sırada Zeynalova Süsənin ərzaq mağazası və Bəbir Cəfərovun ət dükanı da var idi. Qarabağın el ağsaqqalı mərhum Seyid Lazım ağa da məhz həmin dükanın qarşısında əyləşərdi. Cəmilə Abbasovanın köşkü, Əyyub kişinin komission mağazası, Yusif Yusifovun süd dükanı, Bayramın sənaye mallar mağazasıda sıranı tamamlayırdı. Sonrakı sırada yeddi dükan var idi. Qasımova Bəstinin və Məmmədova Mahirənin ərzaq, Həsənov İsfəndiyar, Ağayev Səməd və Həsənov Zakirin ət dükanları, Hacıyev Eldarın parça dükanı və Naibovun ucuzlaşdırılmış mallar mağazası da burada idi. Sıralamada Haqverdiyev Alışın parça dükanı, Məmmədov Elmanın və Məmmədov Namiqin ayaqqabı köşkləri, Bağırov Teymurun ət dükanı (sui-qəsd nəticəsində öldürülmüş Ali Sovetin deputatı Eldar Bağırov və Milli Qəhrəman Allahverdi Bağırovun atası), Pənahın ət dükanı da bu sırada yerləşirdi. Burada Vaqif və Adilənin sənaye mağazası, Orucov Elmanın sənaye mallar mağazası da var idi. Baytar apteki Xuramanın ətriyyat dükanından sonra gəlirdi.
Bundan sonra məişət xidməti kombinatına məxsus obyektlər sıralanırdı. Zərgərlər sırasında müxtəlif vaxtlarda Sabir, Rüstəm,Yusif, Əmir, Yavər, Mamed, Zahid, Fəxrəddin çalışırdılar. Bu sırada həmçinin saatsaz Davud, Şəmil və Şakir kişinin dərzi dükanı, habelə papaqçılar sırasında müxtəlif illərdə Hüseyn, Zahid, Vahid, Qabil, Həbib, Məşədi Cümşüd, Aydın Sadıqov və İsfəndiyar fəaliyyətdə idi. Dərzi Ağalar, Teymur, Yəhya, Behbud, Bilguşə xanım, Yusif, Ağca, Mürvət, Sərvət, Cabbar, Aslan və Bəylər də bu ərazidə idilər. Ərazidəki yaşıllıqda şənbə-bazar günləri xalça və gəvə satışı həyata keçirilirdi. Burada həmçinin şəkililərin yaylıq sexi və ambarı, habelə şəhər ticarətinin 2-ci böyük ambarıda yerləşirdi. Ərazidə yunun alışı və satışı da həyata keçirilirdi. Burada Əhəd Əhmədovun “xoztovar”ı var idi. Bazarın ortasında isə “polka”lar və pavilyonlar quraşdırılmışdı. Onlar Köçərli Xalidənin çayxanası, Abbasov Bəhramın ət dükanı, Vahidin komission dükanı, Əvəz və Rəcəb Həmzəyevlərın ət dükanı da həmin pavilyonlarda idi.
İslam Hacıyev küçəsindən sol tərəfə isə bazarın taxıl satışı məntəqəsi idi. Bura nəzarəti Müzəffər Quliyev icra edirdi. Burada Nadir Kərimovun ət satışı məntəqəsi də var idi.
S.S.Axundov küçəsi ilə bazar arasında İslam Hacıyev küçəsinin sol tərəfi “Ford” Fuadın maşın sexi ilə başlayıdı. Mahir maşın ustası olan Fuad kişi Ağdama 70-ci illərdə ilk limuzin-“Ford” markalı maşın gətirmişdi. Məhz ona görə ona Ford Fuad deyərdilər. Abdal Qəhrəmanın bərbərxanası da burada idi. Bundan sonra sırada “çolpa” satılan yer, sonra isə “Abu”nun univermağı gəlirdi. 1960-cı ildə istifadəyə verilən univermaq ikimərtəbəli idi. Xatırladım ki, “çolpa” satılan yerin ərazisi böyük olduğundan bəzən kənar respublikalardan Ağdama gələn sirk attraksionları həmin ərazidə məskunlaşırdılar.
Univermağın sağ tərəfində isə vaxtilə karvansaray olan hissədə sonralar müasir üslubda 30-dək dükan istifadəyə verildi.
İslam Hacıyev küçəsinin bazara S.SAxundov küçəsindən gələndə yolun sağ tərəfində Əkbər Cəfərovun “zapçast” mağazası, İrandan mühacirət etmiş Demokrat partiyasının (İran Fəhlə Partiyası rəhbəri Adampuri Qulam) qərargahı yeləşirdi. Sonra ikimərtəbəli yaşayış binası, ondan sonra isə Kərrarın çayxanası, dəmirçi Bağırın mağazası, bazara giriş isə Eyvazov Heydərin un mağazası ilə başlanırdı.
Əzizbəyov küçəsinin bazarla üzbəüz hissəsində Ağdam Rayon Sığorta İdarəsinin yeni inzibati binası yerləşirdi. İdarənin yan-yörəsində 15-dək ticarət köşkü quraşdırılmışdı. Əzizbəyov küçəsi ilə Lenin küçəsinin kəsişməsində Salmanoğlu Sabirin ərzaq dükanı, Nizami Qurbanovun ikimərtəbəli univermağı, Məmişin qəlyanaltısı və “Raypo”nun un anbarı var idi. Ambarın satıcısı Manaf Əmirov idi. Əzizbəyov küçəsi ilə Lenin küçəsinə doğru getdikdə yolun sol tərəfində Hacızadə Hüseynin dükanı, Vaqifin radio-televizor satışı dükanı, İbrahim Allahverdiyevin yeməkxanası , Zakirin ”xoztovar” dükanı, Aydının qalenteriya dükanı var idi.
Lenin küçəsinin S.S.Axundovun kəsişməsindən bazara tərəf isə Şuragilin mənzili, sonra ikimərtəbəli yaşayış binası, sonra isə Sayimə Firudinovanın uşaq baxçası gəlirdi.
Əkbər Cəfərovun “zapçast” mağazasının yanında Süleyman Sani Axundov küçəsi istiqamətində 43 saylı Səyyar Mexanikləşdirmə Dəstəsinin ərazisi yerləşirdi. Əvvəllər Abbas bəyin məktəbi olmuş, sonradan 6 nömrəli məktəbin binasıda həmin ərazidə yerləşirdi. Ondan sonra Lenin küçəsi ilə kəsişməyədək yaşayış evləri var idi.
1959-cu ilin avqustundan 2011-ci ilin sentyabr ayınadək bazarda ət-süd stansiyasının rəisi işləmiş, rayon baş sanitar həkimin köməkçisi İnqilab Məmmədovun bazar barəsində söylədiklərindən:
“Abu”nun univermağının sağ tərəfində leytenant Museyibin “zapçast” mağazası, sol tərəfində 40- 50-ci illərdə karvansaray olub. Sonradan bir müddət mal bazarı kimi də fəaliyyət göstərib. Bir müddətdən sonra dəmirçilərin yerinə köçürülüb. 60-cı illərdən isə mal bazarı şəhər ətrafına köçürülmüş və onun yerində isə dəmirçilər, misgərlər, boyaqçılar çalışdılar. Boyaqçılardan İlyas, Loğman daha fəal idilər. Dəmirçilərin sırasında dəhrə-balta düzəldən erməni Davud, elektrik Əli, dəmirçi Şəmil Allahverdiyev, həmçinin Arif, Sabir, Həzi, Məhəmməd, İslam, Qoca, Kamal, Elman, Vidadi, Allahverdi, Pərviz Sadayoğlu, Mehralı, qaynaqçı Ramiz və İlyas,o cümlədən sandıqayıran Əlibala və Ramiz, qalayçı Kamal, dəmirçi Aydın Zeynalov, dəmirçi Sabir, Əhməd, Rəhbər də bu sırada idilər. Qalayçı Qurban, Nağı kişi, Boğu Məmmədov, dəmirçi Bağır və sandıqqayıran Arifdə dəmirçilərin sırasında çalışırdılar. Dəmirçilər arasında müxtəlif illərdə nalbəndlər Firidunoğlu Əli, Elman, Qaraş, Rəhim də çalışmışlar”.
Fəaliyyəti dövründə bazarda mal həkimi kimi Fərman Nərimanov, Əyyub həkim, tibb elmləri namizədi Abbas Haqverdiyev, Musa Bəxtiyarov, Xavər həkim, Mehman Eyvazov çalışmışlar.
Xatırladaq ki, İnqilab həkimdən əvvəl bazarda səhiyyə işçisi kimi Kamal Əfəndi, Əyyub İsmayılov, Bahadur Kərimov çalışıb.
Bazarın içərisində Həsən Haqverdiyevin və Yusif Əli Quliyevin çörək dükanları, Asif Quliyevin, Fərman Quliyevin ət dükanı, Məmədov Hüseynin və Məmmədov Nərimanın sənaye mallar dükanı var idi. Bu ərazidə bazarın çöl tərəfindən uşaq aləmi mağazası da fəaliyyət göstərirdi.
Bazarda həmçinin Möhü Qasımovun qəzet köşkü də var idi. Həmin ərazidə Çimnaz və Cəmilənin ərzaq köşkləri də var idi. Bazarda komision ticarətində öz yeri var idi. Həmin arada Camal kişinin Bəşirin, Səmayənin, Asifin köşkləri habelə Şöhlətin ət dükanları da var idi.
Bazarda çayçıların da xüsusi yeri var idi. Bu sıraya çayçı Mürşüd Quliyev, Qəzənfər Quliyev, Demokrat Məmmədbağırın adlarını çəkmək olar. Bazarda bunlarla yanaşı bərbərxanalar da var idi. Vəli, Ənvər, Məmiş, Xasay, Aşot, Qara, Məhəmməd,Səfər, daşdan tikilmiş müxtəlif yerlərdə inşa edilmiş bərbərxanalarda çalışırdılar.
Bazarda Məhişin, Səmədin və Şəmil çəkməçi sexləri var idi. Həmin sırada Mahmudun “xoztovarı da” fəaliyyətdə idi. Şirniyyat sexlərində isə Bəylər və Xankişi İsmayılov qardaşları, şirniyyat sırasında daha sonra Ziba, Sabir, Qədir, Əmir, Ədil, İbrahim, İsmayıl, Məmədbağır və Qara Mustafanın köşkü var idi. İnqilab həkimi dediklərinə görə, 60-70 ci illərdə bazarda baş vermiş yanğından sonra Abbasi Rövşən, Mebel Şükür və Əlişin mağazası 1 nömrəlinin qarşısına köçmüşdülər.
Abuhəyat Ələkbərova isə sovet dövrünün tanınmış biznesmeni, o vaxtki dillə desək alverçisi idi. Onun idarə etdiyi ikimərtəbəli univermaq isə 1960-ci illərdə inşa edilmişdi. Sonradan Abuhəyat Ələkbərova şəhər istehlak cəmiyyətinin sədri vəzifəsində çalışıb. Həyat yoldaşı Abbasi Məcidin də mağazası var idi. Bacısı Azərbaycan dili və ədəbiyyat müəllimi olan Pəriş Ələkbərova uzun müddət təhsil sahəsində metodist və inspektor vəzifəsində çalışıb.
Neft satılan budka tərəfdən bazara girişdən suyu qurumuş hovuz var idi. Yuxarıda qeyd edildiyi kimi, hovuz 50-ci illərin sonlarında istifadəyə verilmişdi. Hovuz baxımsızlıq ucbatından bərbad vəziyyətə düşmüşdü. Nədənsə, məhşur alverçilərdə məhz hovuzun ətrafında daim hərəkətdə idilər. Alverçilərin də “çəkili”ləri bazarda gəlməzdilər. Onların xüsusi adamları müştərini tapıb evlərə gətirib “hörməti”ni alırdı....
Beləliklə, bazara sistem elə qurulmuşdu ki, hamı hərəkət etməli və pul qazanmağa məcbur idi. Pulu qazana bilməyənlər isə özü-özünə sıradan çıxırdı...
Vüqar Tofiqli





Bu yazı ( 128 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar