12px14px16px18px

Ağ bayraqlı qonşular....

Vüqar Tofiqli
09:56 / 14.02.2012
1987-ci il idi. Bizim üçün hər şey öz axarınca gedirdi. Növbəti ildən başımıza gələcək bəlalardan xəbərsiz, xoşbəxt yaşayırdıq... Hələ bilmirdik ki, torpaqlarımızın iyirmi faizini itirəcək, neçə-neçə faciələrlə üzləşəcəyik. Bizim bütün bunlardan xəbərimiz olmasa da, amma xəbərdar olanlar var idi. İtaətkar kadrlar xalqı ayıq salmaq əvəzinə, onu uçuruma aparan siyasət irəli sürür, heç ağıllarına belə gəlmirdi ki, özləri də uçurumun astanasındadırlar...
Hələ 1987-ci il başa çatmamışdı. Nədənsə o illər bu şəhərə “Spanakert” deyərdik. Xankəndi şəhərinin keçmiş sovet dönəmindəki adı belə səslənirdi. Xankəndinə girişdən çöl yolla Şuşaya gedən yolun üstünün Xanbağı olduğunu bilirdim. Amma Xankəndini isə çox gec eşitdim. Tələbə olarkən...
O illərdə elə bir ağdamlı kişisi yox idi ki, onun yolu “Spanakertə” düşməmiş olsun. Ya bazara məhsulunu satmağa, ya da iş dalınca gedərdilər. Bəzi insanlar isə “çox ciddi məsələlərin həlli yollarının” axtarışına çıxardılar. Günorta üstü gününü “Damcı bulağı”nda keçirənlər isə, yüzdə yüz axşamı “Spanakertdə” keçirməliydilər. Elə bil bu xəstəlik xroniki hal almış və uzun müddət davam edirdi. Bu səbəbdən idi ki, heç kim ermənilərin Ağdama nə hücumunu, nədəki atəş açmalarını gözləmirdi. Buna o dövrdə inanmaq çətin idi. “Nətər olsa aralarında “özümüzünkülərdə” var. Oğul ataya nətər qıya bilərdi,”-deyə düşünənlərdə az deyildi...
Mən isə konkert iş dalınca gedirdim...
lll
Xankəndinə getməliydim. “Məktəbdə dərslər başlayacaq, sonra vaxtım olmayacaqdı”- deyə, (Həmin vaxt Ağdamda Quzanlı kənd orta məktəbində müəllim işləyirdim – V.T.) fikrimi qətiləşdirmişdim. Qarşıdan isə “Oktyabr inqilabı”nın 70 illiyi gəlirdi. Gedişimi bayramdan əvvələ salmalıydım. Necə olsa “bayramı” evdə keçirməliydim axı...
“Azadlıq günəşini bütün ellərin üstünə saçan” bayram yetmiş dörd il qeyd olunsa da heç bir kəsə azadlığı daddıra bilmədi...
Səhər saat doqquzda “Sayuztrans”da “İkarus”da özümə yer tapıb əyləşdim. Qırx dəqiqədən az keçmiş mənzilbaşına çatmışdım. Qarşıdan “möhtəşəm inqilabın” yubiley ildönümü gəlsə də, Xankəndi avtovağzalında bayram əhval-ruhiyəsi hiss olunmurdu. Hamının çöhrəsinə nə isə sirli bir qəzəb hissi hopmuşdu. “Oktyabr”dan daha çox bəhrələnən ermənilər olsa da, onlar belə “əziz bayramı” nədənsə ürəklə qeyd etmirdilər...
Sarğısı dəyişdirilmiş mühərrikləri erməni ustasından alıb, yenidən taksi ilə avtovağzala gəldim. “İkarus” yarım saata yola düşəcəkdi. Bir saata “Sayuztrans”da olmalıydım. Kəndə isə avtobus saat iki də çıxacaqdı.
Fürsətdən istifadə edib yaxınlıqdakı mağazalara baş çəkdim. Yenilik yox idi. Ərzaq mağazalarında xeyli boşluq var idi. Yalnız yaxınlıqdakı beşmərtəbənin birinci mərtəbəsindəki kitab mağazasını “dolu” gördüm. Kitabların əksəriyyətinin rus dilində olması məni təəcübləndirmədi. Belədə olmalıydı axı... Azərbaycan dilində kitablara rast gəlməsəm də, erməni müəlliflərinin həm rus, həm də öz dillərində xeyli kitabları satışda var idi. Satıcı qız Azərbaycan dilini bilsə də (buna heç şübhəm yox idi) mənimlə rus dilində danışmağa üstünlük verdi. Beləliklə, iki rus müəllifinin kitabını alıb “İkarusa” əyləşdim. Bu mənim Xankəndinə sonuncu səfərim oldu...
lll
Sövet dönəmində məktəblərə qış tədarükü üçün odun verərdilər. Yerli maarif şöbələrində bölgü tutular və yay aylarında məktəb direktorları odun paylarını mütləq gətirməliydilər. Atam da məktəb direktoru olduğundan yayda məktəbə odun gətirməyi özünün vəzifə borcu yox, daha çox vətəndaş borcu hesab edirdi. Şagirdlərin qışda soyuqda qalmasını özünə bağışlaya bilməzdi. Həqiqətən atam qanunlara həmişə hörmət və ehtiramla yanaşıb. Bu gün yaşı səksənə çatsa da yenə də öz fikrində qalır...
1984-ci ildə Mardakert (Bu şəhərin adının Ağdərə olduğunu da bilmirdim) Meşə təsərrüfatı idarəsinə cavan bir ermənini rəis qoymuşdular. Heç nə edə bilməsə də, sonda sənəddə nöqtə-vergül tapıb, bir bəhanə ilə gələn azərbaycanlıları get-gələ salır, daha doğrusu, “süründürürdü”. Bu halı bizə qarşı da etdi. Nəhayət, sənədi yazdırıb meşəbəyi ilə danışıb, vaxt təyin etmək üçün atamla Madagez kəndinə gedəsi olduq. Kəndin yolu Tərtər şəhəri istiqamətindən keçirdi. Kənddəki Tərtər çayının üzərində qurulmuş mini su elektrik stansiyasını görəndə gözlərimə inanmadım. Bu stansiya üç erməni kəndini enerji ilə təmin edirdi. Kəndin yollarına asfalt salınmışdı. Küçələr işıqlandırılmış, səkilərdə düzəldilmişdi. Bizdə isə o vaxtı az-az kəndlərdə belə şəraitə rast gəlmək olardı. Bir həftə ərzində həm Koladay kəndindən, həmdə Madagezin üst hissəsində – beş ailədən ibarət olan kiçik Gülüstan kəndinin meşələrindən odun gətirə bildik...
lll
Koladayın gözəl, əvəzsiz Turşsu bulağı var idi. Vaxtı ilə yayda burada alaçıqlar əlindən tərpənmək olmurdu. Biz orada olanda alaçıq qurmağa heç kimə icazə vermirdilər. Meşəbəyinin sözlərinə görə, kənd sovetinin erməni əsilli sədri belə qərar vermişdi...
Sonralar başa düşdüm ki, ermənilər xeyli vaxt idi ki, öz məqsədlərinə çatmaq üçün addımlar atıb, alt qatda ciddi işlər görüblərmiş. Amma bizə heç nə çatmırdı. Bütün bu baş verənlər barədə isə bizi başa salan belə yox idi...
Qəti əminliklə demək olar ki, ermənilər indi peşmançılıq hissi keçirirlər. Axı, orta ağdamlı kişisinin aylıq büdcə gəlirinin müəyyən hissəsi “Spanakertin inkişafına” xərclənirdi. Bu minvalla davam etsəydi şəhər daha yüksək inkişaf yolu keçə bilərdi...
İndi isə “Spanakert” tənəzzül dövrünü yaşayır. Və bu tənəzzül yalnız ağbayraqla Azərbaycana üz tutduqdan sonra dayana bilər...
Onları bu addımı atmağa həm də KEÇMİŞ XATİRƏLƏRİ məcbur edə bilər...
Amma bağışlanan düşməndən dost olarmı?!...
Vüqar Tofiqli




Bu yazı ( 206 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar