12px14px16px18px

İtgin övlad

Vüqar Tofiqli
07:18 / 06.03.2012
İyirmi ildir bizi bir-birimizdən ayırıblar. Uşaqlarımız pərən-pərən düşüb. Biri arana pənah aparıb, o biri isə dağda məskunlaşıb. Hər qar yağanda ürəyimiz göynəyir, qaysaq bağlamış yaralara yenidən dağ çəkilir. İyirmi ildir gediş-gəlişimiz kəsilib. Vaxtı ilə özümüzə “dost” saydığımız, süfrəmizin qırağında böyüyənlər bizi görüşməyə qoymurlar...
Zorla ayırsalar da ürəyimiz ayrılmayıb. Hər gün yuxularımızda yanına gedir, saçını tumarlayıb, hər dəfə uşaq nəvazişi ilə əzizləyib qayıdırıq. Beləcə, bir göz qırpımında iyirmi ili yola verdik. Amma daha yuxu görmək istəmirik. Nağıllara da qulaq asmaqdan yorulmuşuq. Eyni nağılı nə qədər eşitmək olar?!.
Şimal qonşularımız uşaqlarına on altı yaşınadək qayğı və qulluq göstərir, tərbiyələri ilə ciddi məşğul olmağa çalışırlar. O yaşdan sonra isə hərə öz yolunu tapıb getməli, valideyninə artıq yük olmamalıdırlar, – deyə düşünürlər. Uşaqlarını gözdən kənara qoymur, onlara toxunanları isə bağışlamırlar. Əvəzini dəfələrlə artıq çıxırlar. Hər əvəzçıxdıqca, bəlkədə qisas aldıqca, sanki rahatlaşırlar. Onların prinsipləri belədir. Əsrlər boyu formalaşmış prinsipdi. Qədim tarixə malik olmasalar da, bu gün “bərkgedən” xalqlardan hesab olunurlar. Özlərini o “səviyyəyə” çatdıra biliblər. Sözləri hər yerdə keçir...
Biz isə ayrı mühitdə böyümüşük. Qədim tarixə və mədəniyyətə malik olduğumuzdan imperiya ideologiyası mənəviyyatımızın bu sahəsinə əl gəzdirə bilməyib. Ömrümüzün sonunadək uşaqlarımız böyüyüb valideyn olsalar belə, gözümüzdə elə uşaq kimi qalırlar. Özləri böyüsələrdə, gözümüzdə böyümürlər.
Biz bir balaca çətinə düşən kimi özümüzü az qala itirir, hər şeyi ürəyimizə salırıq. Çox əzizləyirik uşaqlarımızı. Üstündən meh əsməsinə dözə bilmirik. Qışda altdan-üstdən o qədər geyindiririk ki, paltarın ağırlığından uşaq tərpənə bilmir. Bərkə-boşa salmaq istəmirik övladlarımızı. İstəmirik çəkdiyimiz əzabları, getdiyimiz əzab-əziyyətli yolları uşaqlarımız da gedib bərkisinlər...
İyirmi ildir bu ayrılığa necə dözə bildik, bu qədər ayrı qalacağımıza inanmazdıq?!. Amma dözürük...
İyirmi ildir ayrılmışıq. Uşaqlarımızın dalınca getmək istəyirik. Gedə bilmirik... Bəlkə də getmək istəmirik?! Axır vaxtlar çox mürəkkəb olmuşuq. Tanıya bilmirik özümüzü. Tamam dəyişmişik. Həyatımızı təzadlarla doldurmuşuq...
lll
İlahi hər insana öz kodunu verib. Təkrarlanan, üst-üstə düşən, bölünəsi heç nə yoxdur bu dünyada. Nədən belə olmuşuq? Heç bir iş görmədiyimiz halda bu qədər iddialı və təkəbbürlü olmuşuq. Elə bilirik bizdən yoxdu. İki dəfə artıq salam veriləndə az qala cızığımızdan çıxır, gözümüz ayağımızın altını belə görmür. Elə bilirik dünya bizimdir. Amma birdən ayılırıq ki, dünya tək bizim deyil axı...Nədən belə olmuşuq?! Bilmirəm... Ancaq onu bilirəm ki, kökü olmayanlar, ancaq nəslindən, hansısa olmayan zatdan danışır, əxlaqı olmayanlar isə əxlaqdan həyat dərsi keçir. Kökü olan isə təvazökarlıqdan belə ağzını açmır...
Hamı irəliyə baxır, gələcəyini düşünür. Daha yaxşı yaşamaq üçün plan cızırlar. Amma hərdən arxayada çevrilib baxırlar. Vaxtında kim olduqlarını yaddan çıxarmamaq üçün. Biz isə hələ də keçmiş nailiyyətlərimizi dilə gətirməkdən yorulmuruq...
lll
İyirmi ildir böyüdüb boya-başa çatdırdığımız övladımıza sahib çıxa bilmirik...
Bərkə düşəndə ağlamağı seçirik. Ad çəkməmiş kövrəlirik. Nöhəni birimiz deyir, digərimiz az qala dəm tuturuq. Ağlamaqla özümüzü yüngülləşdirmək istəyirik. Yüngülləşirik. Amma müvəqqəti... Bir müddətdən sonra yenidən ağrılarımız başlayır. Nədənsə, sağalmaq üçün müalicə aparmaq istəmirik. Hər dəfə nəisə bəhanə gətirib özümüzü aldadırıq. Özümüzü aldatmağı təbibə getməkdən üstün tuturuq.
Nə həyata baxışımızı dəyişmək, nə də ki yeniləşmək istəmirik. Daltonik olmuşuq. Hər yeri bir rəngdə görmək arzusundayıq. Uşaqlarımıza söz deməyə çəkinirik. Elə bil hansısa bilinməz günah işlətmişik...
Beləcə iyirmi ili yola verdik...
Deyirlər insan uzağı bir həftəyə yeni mühitə alışır. Uyğunlaşır. İyirmi ildir bu ayrılığa alışa bilmirik. Nə qədər başımızı qatsaq da, amma addım da atmırıq. Bəlkə atırıq – sadəcə yerimizdə addımladığımızdan, addım hesab olunmur?! Çünki addımla addımlamağın arasında xeyli fərq var. Yerində addımladıqca öz ayağının altındakı torpağı eşir, öz-özünə quyu qazırsan. İrəli addımlamaqla, torpaqda ləpirlərinin izlərini qoymaqla, ardınca gələnlərə də cığır açırsan...
Qonşulardan umub küsürük. Amma əbəs yerə, özümüzə güvənməyin vaxtı çatıb.
Övladlarımıza qovuşmaq istəyimiz artıb. Deməli dəyişməliyik. Həyata baxışımızı dəyişməliyik. Təzadlardan qurtulmalıyıq. YENİLƏNMƏLİ VƏ BİR NÖQTƏNİ VURMALIYIQ. Yenilənməklə də arzumuza çatmalıyıq.
Yalnız belə olan halda övladlarımıza qovuşa biləcəyik...
Övladımız isə iyirmi ildir inləyən VƏTƏN torpağıdır.
Vüqar Tofiqli







Bu yazı ( 166 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar