12px14px16px18px

Bunu ermənilər bacararlarmı?!.

Vüqar Tofiqli
00:49 / 13.03.2012
 
Bu günlərdə virtual məkanda işimizlə bağlı axtarışda olarkən erməni saytlarının birində haqqımızda yazılan məqaləyə rast gəldim. Bizim ötən il keçirdiyimiz layihədən danışılırdı. Yeri gəlmişkən, qeyd edək ki, çalışdığım Söz Azadlığını Müdafiə Fondu (SAMF) turizm ili çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin qalibi olaraq “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsini həyata keçirib. Xatırladım ki, yazı layihənin yekun  təqdimatından bir gün sonra yazılıb.
Erməni müəllifi yazısında bizim təhlillər əsasında verilən rəqəmləri oxucuya təqdim etdikdən sonra özünün iftira dolu mülahizələrini irəli sürür. Əvvəlcə “AZQ” qəzetində erməni dilində nəşr olunan məqalə sonradan rus dilində tərcümə edilərək virtual məkana yerləşdirilib. Beləliklə, gec də olsa, bizim irəli sürdüyümüz təkliflərə, məntiqə söykənməyən münasibətə, fikir bildirməyi özümə borc bilirəm.
Erməni müəllifi iddia edir ki, “Azərbaycan “ictimai”(bu söz dırnaqda verilib) xadiminin nəzər nöqtəsi iki aspektən diqqətimizi çəkdi. İlk öncə onun “qondarma”( redaktə bizimdir) “Dağlıq Qarabağ Respublikasına”, o cümlədən Şuşaya nə aidiyyəti var...”
“Məntiqi yanaşma”nın ikinici hissəsinə keçməmiş birinciyə cavab olaraq bildirməliyəm ki, özgə torpaqlarında məskunlaşmağı və işğalçılıq siyasətini özünə fəxr sayan ermənilər bu torpaqların əzəli sahibləri haqqında bilgilərə malik olmalıdırlar. Azərbaycan vətəndaşı hər zaman çalışdığı sahədə ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparır və ALİ BAŞ KOMANDANIN ƏMRİNİ gözləyir. Bu gün hər bir azərbaycanlı özünü həm zəngəzurlu, irəvanlı, dərəlyəzli, həmdə qarabağlı hesab edir. Demək, əslən elə Qarabağlı olduğumdan bu mübarizədə mən də varam və üzərimə daha böyük məsuliyyət yükünün düşdüyünü də yaxşı başa düşürəm.
Qeyd etməliyəm ki, siz, ermənilər, yeni doğulan uşaqlarınızın az qala bələkdə qulağına “türk sənin düşmənindir” deməklə onu mənən məhvə sürükləyirsinizsə, biz əksinə tolerant olduğumuzu və 30 min gəlinimizin erməni olduğunu danmırıq və həmişə bu faktı bəyan edirik. Siz habelə hər zaman azərbaycanlılara qarşı insanlığa yaraşmayan soyqırım törətməklə qürur hissi keçirirsinizsə, biz ölkəmizə pənah gətirən erməni ailələrinə humanizm prinsipləri ilə münasibət göstərməyi özümüzə borc bilirik...
Mən hələ başqa məqamlara toxunmaq istəmirəm ...
Erməni müəllifinin toxunduğu ikinci məqam: “Qonşu ölkənin rəsmi təbliğat maşını hamını inandırmağa çalışır ki, onillər boyu Azərbaycan Dağlıq Qarabağda yaşayan əhalini yedizdirmiş və saxlamışlar. İndi isə üzə çıxarılan rəqəmlər bu fikrin əksini deyir”.
Erməni müəllif yazır: “Əgər Azərbaycan on illər ərzində Şuşa və ətraf zonalarda fəaliyyətdə olan 100 turizm obyektindən 68 milyon manat gəlir əldə edibsə, sadə riyazi hesablamalar göstərir ki , 1923-1988-ci illər ərzində Dağlıq Qarabağ 4,420 milyard manat (avro) vəsait əldə edib. Əgər bu məbləğin heç olmasa müəyyən hissəsini qaytarmış olsa, bizdə bu məbləği bir sıra iqtisadi və infrasturktur layihələrə sərmayə qoymaqla, qarşılaşdığımız problemləri həll etmiş olarıq”. 
Müəllif sonra yazır: “1988-ci ildə SSRİ Hökuməti tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi bərpasına 400 milyon sovet rublu ayrılmışdı. Belə çıxır ki, Azərbaycan muxtar vilayətə az sərmayə qoymaqla , təkcə turizmdən çox vəsait qazanmışdır”. 
Beləliklə, müəllif sonda belə hesab edir ki, “Azərbaycan bizə “dağımızın qızıl” olacağına hər vəchlə söz verir və inandırmağa çalışır ki, Dağlıq Qarabağa böyük sərmayələr yatıra bilər. Digər tərəfdən belə olan halda “mikroskopik hesablamalar” aparır və böyük itkilərdən göynəyir”...
Erməni mülahizələrinin ikinci hissəsi “maraqlı” görünsədə, hikkə ilə yanaşı nostalji hisslər daha çox sezilir. Qarabağa Azərbaycanın “böyük sərmayələr” yatırması arzusu ilə yaşayan ermənilər dolayısı ilə qondarma respublikanın turizm sektorunun inkişafının Azərbaycanı narahat etdiyini dilə gətirməklə sadəlövləri qıcıqlandırmaq istəmişlər. Bu gün qondarma respublikanın rəhbərliyindən tutmuş, sadə erməniyədək hamısı başa düşür ki, səhv yoldadırlar. Ötən iyirmi ildə nə ermənilərin, nə də onların havadarlarının hansısa bir uğuru olmamışdır. İş elə gətirib ki, onları bu faciə ilə üz-üzə qoyanlar hakimiyyətdə olduğundan sadə xalq açıq şəkildə sözünü deməyə çəkinir. Orta yaşlı erməni yaxşı başa düşür ki, Azərbaycanın tərkibində onlar daha kefi kök yaşayırdılar. Azərbaycan kəndlərində heç bir şərait olmadığı halda, biz humanistlik göstərərək, erməni kəndlərində mini su elektrik stansiyalarınadək istifadəyə vermişdik. Və hamısı da AZƏRBAYCAN vətəndaşının vəsaiti hesabına. Azərbaycan yeganə respublika idi ki, SSRİ büdcəsinə maliyyə almırdı, əksinə özü “töycü” ödəyirdi. Bu faktı erməni ziyalıları, əgər qalıbsa, bilməmiş deyillər.  
Onların səsləndirdiyi fikirlərə diqqət yetirsək görərik ki, Xocalıda, Qaradağlıda və Azərbaycanın onlarca yaşayış məntəqəsində minlərlə günahsız, dinc Azərbaycan vətəndaşını qətlə yetirən erməni silahlıları bu gün hansı üzlə Azərbaycandan hələ bir umub küsür , müharibə şəraitində ölkəmizi Qarabağa sərmayə qoymağa çağırırlar. Azərbaycanın iqtisadi qüdrətinin artması deyəsən, ermənilərin əməlli-başlı diqqətini çəkib?!.
Bir daha erməni müəllifinin diqqətinə çatdırmaq istərdim ki, Şuşada ilk turzim obyekti-istirahət evi kimi 1936-cı ildə azərbaycanlı bəy evlərinin birinin uyğunlaşdırılaraq istifadəyə verilmişdir. Ötən əsrin 60-cı illərinə kimi bəy evlərində fəaliyyət göstərmiş istirahət evlərinin sayı onadək olmuşdur. Şuşanın turizm potensialı 70-ci illərin əvvələrində milli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katib işlədiyi dövrdə   daha sürətlə inkişaf etdirilmişdir. Şuşada mehmanxananın tikintisi, sanatoriya – kurort sisteminin yaradılması öz başlanğıcını 1972-ci ildən götürmüşdü. Demək, biz hesablama aparmaq istəsək, onu ancaq 1972-ci ildən sonrakı illərə şamil edə bilərik. Nəticə etibari ilə turizmdən daxil olan gəlirlərin 1923-cü ildən hesablanması ən azı savadsızlıqdır. Bizim hesablamalarda Şuşa və Ağdamın turizm potensialının il ərzində ortalama rəqəmlə Şuşanın turizm potensialına bir il ərzində təxminən 68.720.500, Ağdamın isə 1.601.500 manat itirdiyi qənaətinə gəlimişdik. Bu rəqəmlər ekspertlərin və mütəxəssislərin rəyi əsasında hazırlanmışdır.
Yeri gəlmişkən qeyd edək ki, erməni müəllifinin yazıda nədənsə 68 milyon manat deməklə, işğal altında saxladıqları Ağdamın turizm potensialını bu rəqəmə daxil etməməsi də maraqlı görünür. Ola bilsin ki, vaxtında Ağdamın işığı onların gözlərini necə qamaşdırıbsa, heyflərini ancaq ad çəkməməklə yanaşı, həm də canlı şəhərə qarşı soyqırım törətməklə əvəz çıxmaq istəmişlər. Dünya tarixindən yəqin erməni müəllifləri də yaxşı tanışdırlar. Berlin, Moskva, Varşava kimi onlarca şəhər son bir neçə əsrdə düşmən qüvvələr tərəfindən dəfələrlə dağıdılsada, indi dünyanın ən möcüzəli şəhərlərindən sayılırlar. 1918-ci ildə məhz erməni silahlıları tərəfindən Bakı əhalisinə qarşı, habelə şəhərə qarşı soyqırım törətsələr də bu gün Bakı Avropanın mədəniyyət mərkəzinə çevrilməsi də göz önündədir.
Yekun olaraq qeyd edək ki, istənilən rəqəmi və ya faktı baş ayaq səsləndirmək olar, amma onu hazırkı dünya ictimaiyyətinə sırımaq olmaz. Artıq heç kəs sadəlövh deyidir. Fransada baş vermiş siyasi olaylardan artıq ermənilərdə dərs götürməlidirlər.
Qarabağın turizm potensialına Azərbaycanın sərmayə qoyması arzusunun tezliklə reallaşacağına isə yüz faiz inanıram və buna əminəm. Bu arzu yəqin ki, səhvlərini başa düşmüş və etiraf etməyi bacara bilən ermənilərin iştirakı ilə də həyata keçirilə bilər. Qeyd edim ki, artıq ölkə mediası Azərbaycan tərəfindən layihənin ilkin konturlarının da cızıldığını xəbər verib. Ölkəmizin siyasi və iqtisadi qüdrəti bu layihənin tezliklə gerçəkləşəcəyinə inamı daha da artırır. Demək, qalır ermənilərin səhvlərini başa düşməsi və onu etiraf etməsi. Bunu ermənilər bacaracaqlarmı?..
Vüqar Tofiqli
 
 



Bu yazı ( 212 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar