12px14px16px18px

“ÇAY EVİ”NİN AĞ DAMI

Vüqar TOFİQLİ
02:44 / 07.02.2012
80-ci illər kənddə müəllim işlədiyim dövrlər idi. Şəhərə tez-tez gedərdim. Səfər əsasən işlə bağlı olardı. Ya maarif şöbəsinə seminara gələr, ya da “Lenin yolu” qəzetinin redaksiyasına növbəti metodiki məqaləni verərdim. Xeyli müddət idi ki, qəzetlə əməkdaşlıq edirdim. İlk qonorarımda 22 rubl olmuşdu. Pulu poçtdan alanda sevincimin həddi-hüdudu yox idi. SÖZÜMƏ QİYMƏT VERMİŞDİLƏR ...
Şəhərdə işlərimi qutarandan sonra mütləq “Çay evi”ndə nahar eləyərdim. Günorta vaxtı burda müştəri əlindən tərpənmək mümkün deyildi. Gözəl xəngəl və piti verərdilər. Xidmət səviyyəsinə isə söz ola bilməzdi. Yeməyin xərcidə yadımdadı. Hər dəfə yaşıl üçlük ödəyib “Çay evi”ndən çıxardım.
Möhtəşəm idi “Çay evi”. Təəssüf ki, möhtəşəmliyi o vaxt görə bilmirdik...
“Çay evi”nin üzü mərkəzi meydana baxırdı. Lenin meydanına.
Leninin də bəxti Ağdamda gətiməmişdi.
Mərkəzi meydanda sementdən heykəli olsada, üzbəüz “Fərhadın” külüngü dayanırdı. Elə bir görkəm var idi ki, sanki Fərhad indi Leninin dayandığı postamenti elə bil çapacaqdı.
Bütün rayonlarda mərkəzi meydan və prospektlər yalnız “dahi” Leninin adını daşısada Ağdamda “28 aprel” küçəsi adlanırdı. 60-cı illərdə raykomun binasını dəyişsələrdə küçənin adını dəyişmədilər. Beləcə, Mədəniyyət evinin qarşısında olan əvvəlcə Mir Cəfər Bağırovun, sonralar isə Vladimir İliç Leninin heykəli “28 aprel” küçəsini iki yerə böləsi oldu.
“Lenin”in adını daşıyan park da yaxınlıqda idi. Orda da Leninin bir büstü dayanırdı. O da sementdən idi. İldə bir dəfə gümüşü alüminium tozla rəngləyib büstü təzə görkəm verirdilər. Parkdan keçənləri isə yalnız Tağı kişinin kitab mağazası çəkirdi.
Bağ qədim ağaclarla və oturacaqlarla dolu olsada nədənsə adamları maraqlandırmırdı. Hamı bulvara can atırdı. Adı tez-tez dəyişilən parka camaat bulvar deyərdi...
Arteldən keçən yolun Məscidin yanından Mədəniyyət evindək olan hissəsini arada salınmış gül çiçəkliklər iki hissəyə ayırırdı. Zövqlə salınmış gül çiçəkliklərin əhatəsində su fəvvarələri də quraşdırılmışdı. Möhtəşəm bina burada ucaldılacaqdı...
80-ci illərin yadigarlarından idi Çay evi”. Məhşur “Çay evi” nin inşası zamanı heç kim bilmirdi ki, bu iaşə obyekti sonralar şəhərin əsas atributlarından birinə çevriləcək. “Çay evi”nin tikintisi zamanı yüz tona yaxın dəmir metal konstruksiyalardan istifadə edilmiş, binanın mərkəzində üç yüz mm-lik boruya dörd tərəfdən qaynaq edilməklə, dörd mərtəbəyədək ucaldımışdı. Onun iki mərtəbəsində çay, rəngarəng şirələr, üçüncü mərtəbədə isə VİP xidmət göstərilirdi. Birinci mərtəbəsi isə yeməkxana idi...
Bu istiqamətdə apardığımız araşdırmalardan bəlli oldu ki, “Çay evi”nin yaranmasının maraqlı tarixçəsi var. Günlərin birində üzərində Çin Xalq Respublikasının görüntüsü olan bir jurnal AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun diqqətini çəkir. Şəklidə çay evinə oxşar binanın təsviri var idi. O, bu şəkli ilk növbədə Ağdam RPK-nın o zamankı birinci katibi işləyən, yaxın dostu Sadıq Murtuzayevə göstərməyi qərara alır. Bu məqsədlə Ağdama gələn Xudu müəllim görüşdə belə bir binanın Ağdamda inşa edilməsini dostundan xahiş edir. Şəkil Sadıx müəllimin də xoşuna gəlir. Xahiş öz həllinin çox gözlətmir. Sadıx müəllim rayonun imkanlı təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirir və işi Rəşid müəllimə həvalə edir. Rəşid Məmmədov həmin dövrdə Ağdam Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. Həmdə tikiləcək bina gələcəkdə onun rəbərlik etdiyi təşkilatın balansına veriləcəkdi. 1974-cü ildən bu vəzifədə çalışan Rəşid müəllim rayonun bacarıqlı kadrlarından hesab olunurdu. Birinci katibin tövsiyyəsi ilə tikintiyə start verilir. Prosesə rayonun baş memarı Firdövsi İbrahimov da cəlb edilir. Layhənin reallaşdıran şəxslərdən biridə məhz o idi.
Qeyd edək ki, Xudu müəllimin katiblə söhbətində obyektin profili də müəyyən edilmişdi. Obyekt “Çay evi” kimi fəaliyyət göstərəcəkdi. Rəşid müəllimlə söhbətdə oda bəlli olur ki, obyektin inşasına 204 min rubl, reklam işinə üst-üstə 100 min rubl xərclənmişdi. Onun içərisinə balaca əldə toxunma xalçalar döşənmişdi. Tikintinin layihə smeta sənədləri isə “Azərittifaq”ın layihə institutu tərəfindən hazırlandı.
Rəşid Məmmədov: “Çay evi”nin tikintisi zamanı ən mürəkkəb konstruksiyadan istifadə edilirdi. Künbəzin sinkləşdirilmiş dəmirlə vurulması isə bir qədər ləngidi. Onu vura biləcək usta tapa bilmirdik. Nəhayət, Ağdamda məhşur dəmirçi sayılan Mamed kişi bu işi öhdəsinə götürdü. Onun oğlanları da usta idilər. Tez bir zamanda çox ustalıqla onlar öz işlərini başa vurdular. Sonradan Qərvənd kəndində “Künbəz restoranı”nın tikinitisində də dəmirçi Mamedın böyük əməyi olmuşdu.”
26 iyul 1986-cı ildə “Çay evi”nin təntənəli açılış mərasimi olur. Məhz bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi ilə yanaşı, Azərbaycan KP MK mədəniyyət şöbəsinin müdiri işləyən Vəfa Quluzadə də iştirak etmişdi.
Vəfa müəllim bizimlə söhbətində Şuşanı və Ağdamı, eləcədə Qarabağın bütün guşələrini sevdiyini dilə gətirdi. Ağdama gəlişinin əsas səbəbi isə həmin dövrdə keçirilən məhsul bayramı ilə bağlı olduğunu dedi. Özünün də həmin məclisdə çıxış etdiyini qeyd edən Vəfa Quluzadə “Çay evi”nın təkrarolunmaz bir üslubda tikildiyini bildirdi.
“Çay evi”nin açılışı münasibətlə “Lenin yolu” qəzetinin 31 iyul 1986-cı sayında dərc edilən yazıda deyilirdi: “Sov.İKP-nin “Sərxoşluq və alkoqolizmi aradan qaldırmaq tədbirləri haqqında”kı məlum qərarından rayonumuzda rəngarəng tədbirlər həyata keçirilməkdədir. Bu gün istifadəyə verilən “Çay evi” bu baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edir. Zəhmətkeşlərin asudə vaxtının səmərəli, şən və məzmunlu keçməsində “Çay evi”nin rolu əvəzsizdir. ” ...
Ömrü az oldu “Çay evi”nin. Ancaq iyirmi beş ildir dilimizdən düşmür. Demək “Çay evi” hələdə yaşayır. Yaşayır, amma işləmir. “Çay evi” elə bil ox olub batmışdı ermənilərin gözünə. Bütün hikkələrini bu memarlıq abidəsinin dəmirlərini əritməklə çıxmaq istəmişdilər...
Biz isə səbrlə “ÇAY EVİ”NİN AG DAMINI uzaqdan parlayacağı və işləyəcəyi günü gözləyirik...

Vüqar TOFİQLİ








Bu yazı ( 251 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar