12px14px16px18px

Bələdiyyələrin xidmət sahələrində hansı problemlər var?

Vüqar Tofiqli
02:29 / 04.03.2010
 
BƏLƏDİYYƏLƏRƏ ƏLAVƏ SƏLAHİYYƏTLƏR,  MALİYYƏ İSTİQAMƏTLƏRİ VERİLMƏLİDİR Kİ, ONLAR YERLİ ƏHƏMİYYƏTLİ MƏSƏLƏLƏRİ MÜSTƏQİL HƏLL EDƏ BİLSİNLƏR
 
 
Çoxsaylı problemlərlə üzləşən Azərbaycan bələdiyyəsi onillik fəaliyyəti dövründə bir sıra irəliləyişə və uğura imza ata bilib. Bu sahədə əsas nailiyyət yerli özünüidarəçilik sisteminin cəmiyyətdə idarəetmə stukturu kimi tanınması olub. Odur ki, artıq cəmiyyətin hər bir üzvündə mənasından asılı olmayaraq, bələdiyyələr haqqında bilgi formalaşıb. Ötən dövrün təhlili də göstərib ki, 10 il ərzində bələdiyyələr ərazilərində az da olsa konkret addım ata biliblər. Lakin bələdiyyə institutunun imkanlarını nəzərə alsaq, görərik ki, bu qurumların təmsilçiləri ötən illər ərzində daha çox iş görə bilərdilər. Bir şərtlə ki, qeyd olunan orqanların fəaliyyətinə müvafiq icra orqanları tərəfindən hər hansı maneələr yaradılmamış olsun.
Qeyd edək ki, ötən dövr ərzində fəaliyyəti ilə seçilən və cəmiyyətdə müəyyən nüfuz sahibi olan bir sıra bələdiyyələr xidmət sahələri yaratmaqla, həm əhaliyə əlavə xidmət göstərməyi bacarıblar, həm də büdcə vəsaitlərini artırmaq istiqamətində iş görə biliblər. Bu istiqamətdə apardığımız tədqiqatlara görə, 2002-ci illə müqayisədə 2005-ci ildə bələdiyyələrin xidmət sahələrinin saxlanmasına ayırdıqları vəsaitlərin ümumi büdcə xərclərində tutduğu yer 5,0 %-dən 9,5 %-dək artıb. Sonrakı illərdə artım səviyyəsi yüksələrək 14-15 %-ə çatıb. Adıçəkilən sahədə fəaliyyət əsasən kommunal xidmət sahələrinin yaradılması ilə bağlı olub. Bütövlükdə, ümumi çəkilən xərcin yalnız 12-15 %-i isə məhz digər xidmət sahələrinin təşkilinə yönəlib. Bu gun Qusar bələdiyyəsində, Gəncənin Kəpəz və Nizami, Siyəzən bələdiyyəsində və adıçəkilən rayonun bir sıra bələdiyyələrində, habelə paytaxtın Səbail, Nərimanov, Nəsimi, M.Ə.Rəsulzadə, Biləcəri, Əmircan və Zabrat bələdiyyələri kommunal xidmət sahələri yaratmaqla bərabər digər xidmətlər də formalaşdıra biliblər. Hazırda Səbail bələdiyyəsi Nəqliyyat xidməti yaratmaq məqsədilə müəssisə yaradaraq, müəssisənin fəaliyyəti üçün 8 “KamAZ” markalı yük avtomoibili və 10 “Azsamand” markalı minik avtomobili alaraq icarəyə verib. Bələdiyyə bu prosesin reallaşdırılmasında müvafiq orqanların maneələri ilə üzləşsə də proqramı həyata keçirə bilib. Bunun nəticəsində də bu gün 20 nəfər işlə təmin olunub. Nəsimi bələdiyyəsi isə əhaliyə mərasim xidmətinin göstərilməsi məqsədilə iki mərasim dəsti alaraq əhalinin istifadəsinə verib. Bununla həm bələdiyyə büdcəsinə əlavə vəsait cəlb olunub, həm də bir neçə nəfər işlə təmin edilib. Ötən dövrün təhlili göstərir ki, bu istiqamətdə vətəndaş cəmiyyəti sektoru da aktiv fəaliyyət göstərib. Belə ki, 2005-ci ildən indiyə qədər “Aran Humanitar Regional İnkişaf” İctimai Birliyi fəaliyyət göstərdiyi ərazilərdə (Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Goranboy, Tərtər) bələdiyyələrin xidmət sahəsinin yaradılmasına maddi və texniki yardım edib. Adıçəkilən sıralamada Bərdə rayon Qaradəmirçi –1, Xanərəb və Ağcabədi rayonunun Gələbədinli bələdiyyəsində aqrotexniki, Goranboy rayonunun Cinliboluslu bələdiyyəsində daşınan mağar dəsti və digər bələdiyyələrdə də müvafiq xidmət sahələri yaradılıbdır.
Bu xidmət sahələrinin fəaliyyəti nəticəsində bələdiyyə büdcəsi xeyli gəlir əldə edib, əhali üçün daha az vəsaitə yüksək keyfiyyətli iş görülüb, həmçinin də bir neçə nəfər işlə təmin olunubdur.
AVCIYA, “Multimedia İnformasiya sistemləri və texnologiyaları” İctimai Birliyi, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, Azad İstehlakçılar birliyi və digər QHT təmsilçiləri də müxtəlif istiqamətlərdə aparılan layihə çərcivəsində bələdiyyələrə əlavə xidmət sahələrinin yaradılması ilə bağli ciddi addımlar atıblar.  
Mövzu ilə əlaqəli apardığımız tədqiqatlar zamanı bəzi məqamlar da bizə aydın olub. Bu bələdiyyələrdə əlavə müəssisələrin yaradılmasında bir sıra süni çətinliklərin yaradılmasıdır. Misal olaraq qeyd etmək yerinə düşər ki, Astara bələdiyyəsi 2007-ci ildə təsis etdiyi müəssisəni qeydiyyatdan keçirə bilməyib. Əhaliyə nəqliyyat xidməti göstərməli olan həmin müəssisə ilə bağlı proses uzun müddət həll edilməmiş qalıb. Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi isə 2002-ci ildə kreditlə inşa etdirdiyi Asfalt zavodunu iki ildən sonra baglamağa məcbur olub. Belə ki, əhaliyə güzəştli qiymətlə asfalt təklif edən bələdiyyə nəticədə işçilərinin əməkhaqqını verə bilməyib və müəssisə rentabellik qabiliyyətini itiribdir. Yəni büdcə təşkilatları tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi müəssisənin debitor borclarını artırıb ki, bu da nəticədə müəssisənin bağlanma zərurətini yaradıb. Bundan əlavə Nəsimi bələdiyyəsi aldığı “Qazel” markalı sərnişin mikroavtobusunu əhalinin istifadəsi üçün marşrut xəttinə buraxılmasında icra orqanının maneəsi ilə üzləşmək məcburiyyətində qaldığı üçün avtomobili bir müddət istifadədən sonra satışa çıxarıbdır.
Göründüyü kimi, bürokratik əngəllərin yaradılması bələdiyyələrə yerli büdcəyə əlavə maliyyə vəsaitinin cəlb etmək məqsədinin qarşısını alıb. Məhz elə bu səbəbdəndir ki, bir sıra bələdiyyələr müvafiq resurslara malik olsalar da əlavə xidmət sahəsini yaratmağa meylli olmurlar. Digər bir səbəb bələdiyyənin göstərdiyi xidmətin bazarda rəqabət qabiliyyətli olmamasıdır. Belə ki, istər nəqliyyat sahəsində, istər kənd təsərrüfatı sahəsində bələdiyyənin təklif etdiyi xidmətin səviyyəsi fərdi müəssisələrin və ya dövlət orqanlarının təklif etdiyi xidmətlərlə rəqabətə davamlı olmur və bələdiyyənin bəzən bazar qiymətlərindən də aşağı qiymətlərlə təklifi vətəndaşlar tərəfindən qəbul olunmur.
Real vəziyyətdən çıxış yolu kimi nəyi təklif etmək olar:
1. Paytaxtda və iri yaşayış məntəqələrində əhaliyə kommunal xidmətlərin gostərilməsinin bələdiyyələrə verilməsi məqsədəuygun sayılmalıdır. Yəni bu gün istər paytaxtda, istərsə də regionlarda bələdiyyələr zibil tullantılarının daşınmasında iştirak edirlər. Qarşılığında isə əhalidən xidmət haqları müvafiq icra orqanı tərəfindən yığılır. Qeyd edilməlidir ki, icra orqanının topladığı vəsaitin xərclənməsində hər hansı şəffaflıq təmin olunmur. Yəni əhaliyə bu barədə məlumat verilmir. Nəzərə alsaq ki, kommunal xidmətlərin saxlanmasına külli miqdarda büdcə vəsaiti ayrılır. Bu istiqamətin bələdiyyələrə ayrılması məhz həmin büdcə vəsaitlərinin qənaətinə səbəb ola bilər. Sadəcə əsas məsələ bu məqamın qanunvericilik çərçivəsində həlli daha münasib sayıla bilər.
2. Hazırda yerlərdə fəaliyyətdə olan tibb məntəqələrinin saxlanması və istifadəsinin bələdiyyələrə verilməsi də bələdiyyənin həm səlahiyyətinin artmasına, həm də vəsaitin daxil olmasına səbəb ola bilər. Yəni adı pulsuz, lakin bir çox hallarda pullu xidmət göstərən poliklinikalar və feldşer-mama məntəqələri bir sıra xidmətləri pullu göstərməklə yerli büdcəyə əlavə vəsait cəlb edə bilərlər. Nəzərə alsaq ki, bələdiyyə qanunvericiliyi buna imkan və şərait yaradır. “Bələdiyyələrin statusu haqqında” AR Qanununa görə, icra orqanı hər hansı səlahiyyəti bələdiyyəyə verərsə, onda həmin layihənin həcmində maliyyə vəsaiti də ayırmalıdır. Demək, qanunun bu məqamında konkretlik olsa, yəni bu məqama düzəliş edilərsə yerli büdcənin vəsaitləri də artmış ola bilər.  
3. Bu gün Azərbaycan ordusunun NATO standartlarına keçdiyini nəzərə alsaq və hərbi komissarlıqların ləğvinə diqqət yetirsək, onda fəaliyyəti ləğv olunan komissarlıqların bəzi qalan funkisiya və səlahiyyəti bələdiyyələrə verilə bilər. Qeyd edək ki, xarici ölkə təcrübəsində artıq bu məqamlar öz əksini tapıb. Bu sıraya gənclərin informasiya məlumat bazasının, habelə əsgəri xidmətdən qayıtmış gənclərin işlə təmin olunması ilə bağlı məşğulluq məsələsinin bələdiyyələr tərəfindən həyata keçirilməsinı də bura əlavə etmiş olsaq, onda həm bələdiyyənin səlahiyyətinin artırılması ilə yanaşı, əhaliyə müəyyən xidmətlərin göstərilməsini həyata keçirməklə yerli büdcə vəsaitlərinin artmasına şərait yaradacaq.   
4. Əhalinin marağında olan sahələrin inkişafı, doğum-ölüm və nikah proseslərinin hamısının bələdiyyələrə verilməsi də həyata keçirilə bilər. Qeyd edək ki, dünyanın hər yerində belədir. Bir çox Avropa və MDB ölkələrində adiçəkilən sahələr qanunvericilik qaydasında yerli orqanların səlahiyyətinə aid edilib. Bu səlahiyyətlər Azərbaycanda çox təəssüf ki, hansısa səbəblərdən digər qurumlara verilib. Fikrimizcə, VVAQ və bu sahəyə yaxın olan idarələr birbaşa bələdiyyələrin səlahiyyətində olmalıdır. Qeyd olunan sahələrin bələdiyyələrə verilməsi yerli orqanda əlavə xidmətin yaranması deməkdir.
5. Bələdiyyə müəssisələrinin yaradılmasında mövcud problemlərin aradan qaldırılması üçün ayrıca qanun layihəsinin hazırlanması və Milli Məclis tərəfindən qəbul edilməsi problemin bir dəfəlik aradan qaldırılmasına imkan verə bilər. Qanun layihəsində işçilərin sosial təminatından tutmuş, müəssisənin yaradılmasınadək bütün hüquqi tərəflər qanunda öz əksinin tapmalı və bu istiqamətdə mövcud olan maneələrin qarşısı qanuni yolla alınmalıdır.
Beləliklə, yerli özünüidarəetmə orqanı kimi bələdiyyələr tam fəaliyyət göstərməli və öz ərazisində yaşayan insanların problemlərini həll etməyə qadir olmalıdır. Bunun üçün yerli orqanın xidmət sahələri yaradılmalıdır. Lakin prosesin həyata keçirilməsi üçün bələdiyyələrə yuxarıda sadalanan həm əlavə səlahiyyətlər, həm də maliyyə istiqamətləri verilməlidir. Belə olan halda Azəbaycan bələdiyyələri yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst həll etməklə müəyyən nüfuz sahibi ola biləcəklər.    
 
 
Vüqar Tofiqli Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti
 



Bu yazı ( 577 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar