12px14px16px18px

Mahirin Kəlbəcərdə qalan ürəyi...

Elşad EYVAZLI
00:20 / 11.04.2012
“Torpaqlarımızın müdafiəsi uğrunda 20 mindən artıq Şəhid vermişik” ifadəsi ilə heç zaman razılaşmamışam. İndi də bu fikri qəbul edə bilmirəm. Mən “ən azı bundan yüz dəfə, min dəfə çox Şəhid vermişik” düşüncəsindəyəm. Axı torpaqlarımız uğrunda canlarından keçən kişilərin hər birinin içində minlərlə gerçək kişi qeyrəti var idi. Bunu kim dana bilər ki...
Bu gün həmin kişilərdən olan Mahirin torpağa tapşırıldığı gündür. 1993-cü ilin 10 apreli...
Mahir torpaqlarımızın müdafiəsinə könüllü qoşulan Vətən oğullarından biri idi. O, Bakı Ali Ümumqoşun Komandirləri məktəbini bitirəndən sonra təyinatla Kuybışevə – indiki Samaraya göndərilmişdi. Qarabağ müharibəsi başlayanda məzuniyyət adıyla birbaşa cəbhəyə yollandı. Uzun bir döyüş yolu keçdi, doğulduğu Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid oldu. Halbuki, Mahirin qardaşı Əlövsət Ağalarovun hər cür imkanı var idi ki, onu ön cəbhəyə buraxmasın...
Amma mən onu da bilirəm ki, Mahirin ön cəbhədə olmasını ən çox elə Əlövsət Ağalarov istəmişdi.
Hər il bu vaxtlar Əlövsət Ağalarovun yanında olmağı özümə müqəddəs borc bilirəm. Amma heç zaman buna nail ola bilməmişəm. Tək mən deyil, bütün dostları bunu istəsə də, belə vaxtlarda Əlövsət Ağalarovla görüşə bilmirlər. Səbəbi gün kimi aydındır. O, bu günlərdə tək olmaq istəyir. Dərdləri ilə baş-başa qalır... Bəlkə də hamımıza təsəlli verən bu adam necə yandığını, Kəlbəcərsizlikdən nələr çəkdiyini, qardaş itkisindən necə qovrulduğunu dostlarına göstərmək istəmir.
Düz üç gündür Əlövsət Ağalarova zəng edirəm, görüşmək istədiyimi deyirəm... Hər dəfə deyir ki, başı çox qarışıqdı, aprelin 10-dan sonra... Hər şey aydındır... Həmişəki kimi...
Aprelin 8-i... Mahirin Şəhid olduğu gün...
Dostum Namiqlə zəngləşdik. Mahirin uyuduğu Şəhidlər Xiyabanına, onu ziyarətə getdik...
Ancaq aldığımız qərənfilləri öncə onun məzarı üstünə qoya bilmədik. Mahirin başdaşından boylanan şəkli buna imkan vermədi. Ətrafdakı Şəhid məzarlarının üstündə qərənfil yox idi. Mahir öz baxışlarıyla bizə diqtə edirdi ki, öncə bu qərənfilləri onun Şəhid dostlarının məzarı üstünə qoyaq. Səmimi şəkildə deyim ki, bunu öncədən düşünməmişdik. Ancaq ixtiyarsız olaraq Mahirin uyuduğu sırada olan bütün Şəhidlərimizin məzarı üstünə qərənfil düzdük. Elə bil bundan sonra Mahirin baxışları dəyişdi. Bayaqdan Şəhid məzarından boylanan nisgilli, narahat baxışlarda indi sanki bir razılıq əlaməti sezilirdi.
Namiqlə bu sehrin sirrini sonradan anladıq. Məhz ona görə yazının əvvəlində bildirdim ki, “torpaqlarımızın müdafiəsi uğrunda 20 mindən artıq Şəhid vermişik” ifadəsi ilə heç zaman razılaşmamışam. İndi də bu fikri qəbul edə bilmirəm.
Bax, torpaqlarımızın müdafiəsi uğrunda belə oğulları itirmişik...
Mahirin döyüş yoluna bələd olan adam kimi bilirəm ki, o, komandir olsa da, döyüş yoldaşlarına məhz belə münasibət bəsləyib. Hətta Laçının mühasirəsi zamanı özü bir həftə ac qalıb, öz “payok”unu əsgərlərə verib. Bunu sonradan onun əsgərləri danışırdılar. Bu isə öz-özünə yaranan bir məsələ deyil. Kökdən gələn bir şeydir.
Keçən il bu zamanlar Yaponiyada sunami baş verəndə bir məsələnin şahidi olduq. Yaponiyada çörək növbəsinə duran insanlar özlərinə düşən ərzağın hamısını almaqdan imtina edirdilər. Səbəb onu göstərirdilər ki, birdən onlardan sonra növbədə dayananlara çatmaz. Buna qibtə etdik. “Bizdə belə şey heç zaman mümkün olmaz deyə” içi mən qarışıq hər birimiz düşündük.
Amma Mahir nümunəsi də var. Mahir nəinki həyatda ikən özü ac qalaraq ona düşən ərzaq payını əsgərlərə verdi, hətta cismən bizdən ayrıldığı zaman kəsiyində də məzarının üstünə qoyacağımız qərənfilləri dostlarının məzarı üstünə qoymağımızı diqtə etdi.
Bunu düşündükcə millət vəkli Əli Hüseynlinin heç zaman yadımdan çıxmayacaq bir söhbətini oxucularla da bölüşmək məncə yerinə düşər. Ümumi dərdlərimizdən danışırdıq, çatışmazlıqlarımızı müzakirə edirdik. Əli Hüseynli dedi ki, insan mərd, dəyanətli, kişi olmaq istəyirsə, mütləq çətinliklər görməlidir. Bildirdi ki, qartalı başının üzərində deyil, ayağının altında uçan görən insanda əyrilik, namərdlik, cılızlıq ola bilməz. Və sonda da qeyd etdi ki, bütün bunları yaşatmaq üçün biz mütləq torpaqlarımızı azad etməliyik. O dağlarda yaşamalıyıq.
Ola bilsin ki, yeni fikir deyil. Amma bu düşüncəni gerçəkləşdirmək bizə çox lazımdı.
Min illərdən üzü bəri süzülüb gələn bu ifadənin bariz isbatlayıcısı Mahirdir!!!
Qartalı ayağının altında uçan görən insan Mahir kimi olmalıdır.
Mahirdən söz düşəndə adam çox ümidli, Kəlbəcərə qayıdacağına tam əmin olur.
Özümüzə qayıtmaq üçün mütləq Kəlbəcərə qayıtmalıyıq. Bunu həm də Şəhidlər Xiyabanında uyuyan Mahirin nisgilli baxışları diqtə edir. Hər birimiz o diqtənin müntəziri olmalıyıq...
Yaşamaq istəyiriksə, başqa yol yoxdur!!!
Elşad EYVAZLI






Bu yazı ( 191 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar