12px14px16px18px

Mübarizə – yolundan dönməməkdir...

Elnaz EYVAZLI
01:58 / 15.10.2011
Heç vaxt müəllim olmaq arzusunda olmamışdım. Ona görə yox ki, müəllimliyi sevmirdim, əsla! Hər peşənin özü aşiqi var. Mən bu peşənin aşiqi olmamışam. Müəllimlərimi çox sevmişəm, elə orta məktəbdə oxuyanda da, tələbə olanda da. Onlar da məni sevib, adamın Allahı var. Pedaqoji Universitetə daxil olanda əvvəl sevindim, sonra yuxudan ayıldım elə bil. Bu nə işdi gəldi başıma?! Axı mən müəllim olmaq istəmirdim. Dedim oxumuram, vəssalam! Hazırlaşıb gələn il verəcəm sənədlərimi. Ali məktəbə qəbul olmaq nədir ki? Bir dəfə etdimsə, yenə edəcəm, əlimdən gələn işdi. Hərə bir yandan düşdü üstümə ki, dəlisən sən. Bu adamların arasında ən ağıllısı və siyasətcili atam oldu: Birinci kursu bitir, gələn il bir də gedərsən qəbula. Elə də elədim, birinci kursu oxudum, ancaq gələn il getmədim qəbula. Bu dəfə də bəzi müəllimlərim mənə məsləhət gördü ki, istəmirsən, olma müəllim. Sən sözün, ədəbiyyatın, dilin içindəsən. Hara gedirsən? Özün də yazıb-pozursan. Dili gözəl öyrən, qoy yazdıqlarını özgələr redaktə etməsin. Sözünü ki əlindən alan yoxdur? Bu fikir lap ağlıma batdı. Ancaq, sən demə, həyatda nə olursa, nə baş verirsə, lazım olduğu üçün baş verirmiş.
Yaxşı müəllimlərim var idi. Çox sevdiyimiz də, sadəcə, hörmət etdiyimiz də, heç sevmədiyimiz də təbii ki. Ancaq bütün ciddiliyinə, sərtliyinə baxmayaraq biz onu çox sevirdik. Buludaxan müəllim oxuyan, oxumayan – bütün tələblərin sevimlisi idi. Heç eşitmədim kiminsə ondan xoşu gəlməsin. O, heç vaxt dərsdə tələbələrlə zarafat etməz, boş-boş söhbətlərə yol verməzdi. Bizim qrupda hamısı qızlar idi. Bircə oğlanımız var idi, o da şəkərbura kimi ayda-ildə bir dəfə görünərdi. Ona görə Buludxan müəllimdə çox sevdiyim və fikir verdiyim bir xüsusiyyət də var idi. Sinfə girəndən, dərs qurtarana qədər gözünü qaldırıb qızların üzünə baxmazdı. Bəlkə də, o zaman çox gənc idi. Adını, hörmətini naxələflərin böhtanından qorumağın yollarından biri də bu idi, nə bilim.

lll
2007-ci ildə ilk kitabım çıxdı. Universitetə gedib bəzi müəllimlərimlə sevincimi bölüşməyi özümə borc bildim. İlk ağlıma gələnlərdən biri də təbii ki, Buludxan müəllim idi.
Bir az gözlədim. Gəldi, nəhayət. Sözün düzü, onun məni tanıyacağı ağlıma gəlməzdi. Gör neçə ildi bitirmişdim ali məktəbi?! Hər il nə qədər tələbə gedir burdan, hamısını yadda necə saxlasın? Otağa daxil olanda gördüm ki, yox, yanılmışam. Belə də ki, söhbət Buludxan Xəlilovdan gedərkən, mən necə unutmaq sözünü dilimə gətirə bildim axı...O heç nəyi unutmur, nə adamları, nə adamların əməllərini.
– Tanıdınız məni?
– Əlbəttə, yazılarını izləyirəm, oxuyuram.
“O, yenə hər şeyə vaxt tapır”, – öz-özümə fikirləşdim.
Mehribanlıqla qarşıladı, təbrik etdi, hal-əhval tutdu. Köhnə dostlar kimi söhbətləşdik. Bir vaxtlar qarşısında zağ-zağ əsdiyim adamla indi dost kimi söhbət edirdim, zarafat deyil aaa...Hə, deməyi unutdum, indi o, həm də fakültənin dekanıdır axı. Olmalı olduğu yerdədir, daha doğrusu, çoxdan olmalı olduğu.
– Ürəyin nə vaxt istəyir, gəl. Burada indi başqa ab-havadır. Hər şey dəyişib.
– Siz bunu əldə edincə nələr çəkdiniz?!
Qəfil başını qaldırıb üzümə baxdı. Həm də çox mənalı və sual dolu baxışlarla baxdı.
– Mənim nələr çəkdiyimi haradan bilirsiniz?
– Niyə bilmirəm, hamımız bilirdik. Sizi necə sıxdıqlarını, necə incitdiklərini görürdük.
– Sizcə, niyə belə edirdilər?
– Düz adamlar, saf adamlar, təmiz adamlar hamısı bu məngənələrdə sıxıla-sıxıla özlərini təsdiq edir. Sizin kimi. Vicdanı təmiz idiniz, tələbənin əlində özünüz yox idi, onlar deyəni demirdiniz, əlbəttə, ona görə, niyə görə olacaq?!
Gözləri yol çəkdi. Fikrə getdi. İllər öncə buna təəccüb edərdim, bəlkə də. O güləndə belə mənə qəribə gələrdi. Evə zəng vurub anamla danışanda da, xəbər verərdim ki, bilmirsən noolub, bu gün Buludxan müəllimi gülən görmüşəm...

lll
Heç yadımdan çıxmaz. Bir dəfə imtahanqabağı mühazirələrin birində həmişəki kimi tələbələrə xəbərdarlıq etdi ki, oxumasanız, qiymət yoxdu. Birdən üzünü dekanın, rektorun, prorektorun tapşıracağı ehtimal olunan tələbələrə tutdu. Həm də dekan deyəndə birinə, rektor deyəndə birinə baxaraq. Yaxşı bilirdi axı kim kimin “adamı”dır.
– Gedin day-daylarınıza deyin: mən heç kimin sözü ilə qiymət-zad yazmayacam! Nə rektor, nə prorektor, nə dekan tapıb göndərməyin üstümə, eşidirsiz?
Bir az var-gəl etdikdən sonra:
– Mən neyniyim, hara gedim? Gedim Robinzon kimi adada yaşayım?! – dedi.
Bircə dəfə, yalnız bircə dəfə Buludxan müəllimə o anda yazığım gəldi. Nə qədər çarəsiz, nə qədər məsum göründü. Əzildikcə məğrurlaşan, sıxıldıqca prinsiplərinin sərhədlərini aşan, genişləndirən bu adam niyə birdən-birə fağırlaşdı? Bəlkə də, istəmədən tələbələrinin xətrinə dəymək qorxusundan?

lll
– Buludxan müəllim, yadınızdadır, bir dəfə mənə nə demişdiniz?
– Nə ?
– Demişdiniz ki, səndən yaxşı müəllim olmayacaq, ancaq yaxşı jurnalist olacaq, söz adamı olacaq.
– Dediyim oldu da, yox? – güldü.
– Həm hə, həm yox.
– Necə ki?
– Mən müəllim də oldum, deyilənə görə, həm də yaxşı müəllim.
– Eləmi? Nə yaxşı...
– Ən yaxşısı odur ki, sizdən öyrəndiklərimi tətbiq edirəm. Elmi başqası da verəcəkdi, ancaq biz sizdən müəllimliyin əqidəsini öyrəndik.
– Bu o deməkdir ki, səni də sıxırlar...
– Ayrı ləzzəti var əqidə üstündə sıxılmağın. Sizi indi lap yaxşı başa düşürəm.
– Eybi yox, sən mərd ol. Əqidəndən, təmizliyindən dönmə.

lll

Radioda veriliş etməyə başladıqdan sonra dərslərimdən bir az soyumuşdum. Bir yandan da öz istəyimə gedən yolun bu qədər yaxın olması məni dərslərimdən lap uzaqlaşdırırdı. Bunu ən tez Buludxan müəllim sezmişdi. Dərslərin birində xəbərdarlıq etdi: “Oxumasan, qiymət yazmayacam, aç qulağını eşit. Eşidirsən, sənə heç yazmayacam”. Bu iradın niyə xüsusi olduğunu başa düşürdüm, incimirdim. Əksinə, bir az da lovğalandım ki, xüsusi olaraq üzünü mənə tutdu. Çünki o, yaxşı bilirdi ki, heç vaxt üstünə kimisə göndərmərəm. Lap qovulsam da, ona minnətə heç kimi göndərməzdim. Bunu ona yaraşdırmazdım.
İmtahandan kəsildim.
– Mən sənə aşağı qiymət yaza bilərəm. Ancaq sənin qəsdən dərslərindən bu qədər soyumağına görə, sənə iki yazıram. Get hazırlaş, təkrarla, gələrsən, öz qiymətini alarsan. Söz verirəm, yazacam.
Həə...Daha gözümə yuxu gedər? Öldüm ölümdən qayıtdım. Bir idman müəllimimiz vardı, xətrimi çox istəyirdi, bacısının addaşı idim deyə, həmişə “bacı” deyirdi mənə. İmtahandan kəsildiyimi bildi, dedi istəyirsən mən danışım onunla. Dedim siz nə danışırsınız, heç vaxt. Özüm alacam qiymətimi. Günah məndədir, özüm də günahımı yuyacam.
Üstündən bir müddət keçdi. İmtahan vermək üçün buraxılışı aldım. Ancaq getməyə ürək eləmirdim. Qaçırdım Buludxan müəllimdən. Bir dəfə dəhlizdə rastlaşdıq. Qaçmağa imkanım olmadı. Çağırdı, yaxınlaşdım.
– O idman müəllimi sənin nəyindi?
Gözlərim bərəldi:
– Heç nəyim.
– Səni çox istəyir ancaq, deyir, bacımdı o mənim.
– ....
– Səni tapşırıb, ancaq bu tapşırıq vəziyyəti daha da ağırlaşdıra bilərdi, başa düşürsənmi? Şənbə günü radioda sənə qulaq asmasa idim. Sən radioda əməlli-başlı veriliş edirsənmiş. Qulaq asdım, çox xoşuma gəldi. Get buraxılışını götür gəl.

lll

Nəfəsim kəsiləcəkdi, sanki. Özümü kafedraya necə çatırdım bilmirəm. Üz-üzə oturduq. Qiymət kitabçamı əlimdən aldı.
– Hazırlaşmışam, sual-cavab edin.
– Bilirdim ki, hazırlaşacaqsan. Başqa cür gözləmirdim. Ancaq səndən heç nə soruşmayacam. Bu qiyməti sənə mən yazıram, sənin istedadına, insanlığına yazıram. Heç kim də mənə heç nə deyə bilməz. Ancaq yadında saxla, ola bilsin səndən müəllim olmadı, ancaq səndən yaxşı yazar olacaq.
Qiymətimi yazıb, kitabçamı özümə qaytardı. Donub qalmışdım. Sanki hər yeni gün bu adamı kəşf edirdim. İndi də hərdən mənə elə gəlir ki, dərslərimdə oturub nəzarət edir. Nəyi isə düz eləməsəm, irad tutacaq. Ərklə danlayacaq.
ADPU-nun filologiya fakültəsində təhsil alan birini tanısam, ilk olaraq onu soruşuram. Bir az da qorxa-qorxa. Deyirəm, görəsən, zaman, vəzifə onu dəyişməyib ki? Birdən xəyal qırıqlığına uğrayaram. Ancaq nə xoş ki, Buludxan Xəlilov elə bizim tanıdığımız, cəsarətinə, savadına, insanlığına görə sevdiyimiz, insanlığa verdiyi dəyərə görə özü də dəyərli olan həmin adamdır. Artıq onun zamandan, vəziyyətdən, vəzifədən asılı olmayaraq dəyişməyən əqidəsi, şəxsiyyəti dəyişməkdən keçdi. Nəinki günlərini, hətta günün saatlarını belə bölüb özünü hərtərəfli formalaşdıran bu adama ancaq qibtə etmək olar. Həftənin müəyyən gününü Milli Kitabxanada olar, müəyyən saatlarda radio kanallarını dinləyər, televiziyada müəyyən verilişləri qaçırmazdı. Soruşanda ki, bütün bunlara necə vaxt çatdırırsınız? Demişdi ki, hərəsinin öz saatı, öz günü var. Vaxtı düz böləndə hamısına çatır.
Zaman keçdikcə insan nələrə görəsə qürur duyur, nələrəsə görə peşman olur. Həyatda atdığıma və atmadığıma görə peşman olduğum iki addımdan biri də budur ki, axır-əvvəl müəllim olacağımı bilsəydim, daha dərinlərə gedərdim. Məhz onun tutduğu elm yolunu tutardım. Hələ də ondan öyrənərdim. Ondan öyrənməli nə qədər mətləblər var imiş. Təəssüf...Özümə görə təəssüf. Ancaq sevinirəm, çünki Buludxan Xəlilov – bizim əziz müəllimimiz bu gün layiq olduğu məqamdadır. Onun əldə etdiyi elmi dərəcələri də, tutduğu vəzifə də – qazandığı nə varsa, özünündür, halaldır, halalıdır. Öz zəhməti, mübarizəsi, dözümü ilə qazanıb çünki. Mübarizə, təkcə döyüşmək deyil axı. Mübarizə davam etmək, yolundan dönməməkdir...

Elnaz EYVAZLI


Bu yazı ( 238 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar