12px14px16px18px

“Sadəcə gedişin deyil yoxluğun...”

Elnaz EYVAZLI
10:22 / 14.08.2010
 
 
 
 
Artıq bir ildir ki, Fərhad Mete aramızda yoxdur. Lakin mən hələ də onun haqqında tutarlı, Fərhadın özünə layiq, ürəyimi boşalda biləcək bir yazı yaza bilməmişəm. Onsuz da nə yazsam, Fərhadın gözəl xüsusiyyətlərini, onun insanlığını ifadə etmək iqtiradında olmayacağımı bilirəm. Amma hər halda...
Biz Fərhadla BSU-nun Yaradıcılıq fakültəsində tanış olmuşduq, 2008-ci ildə. Öz intellekti, çox dərin mütaliəsi, bir az da, yox, yox... çox çılğınlığı ilə diqqətimi çəkdi Fərhad. Zaman keçdikcə hamı bir-birinə yaxınlaşır, isinişirdi. Sözün düzü, mənim üçün burada qaynayıb-qarışmaq bir qədər çətin idi. Çünki bəzi tələbələrdən fərqli olaraq, bura mənim ikinci ali məktəbim idi. Yəni ilk dəfə deyildi ki, tələbəlik görürdüm. Ona görə bir qədər də adi idi mənim üçün. Lakin Fərhad öz fərqli səviyyəsi ilə mənim diqqətimi çəkirdi. Mənə elə gəlirdi ki, o, çox yaxşı insandır, ondan yaxşı, etibarlı dost olar. Axı bu qədər kitab oxuyan, bu qədər sözə sahib olan insandan başqa nə gözləyə bilərdim ki?! Nə yaxşı ki, yanılmamışdım. Getdikcə qrupdakı uşaqlardan ilk olaraq Fərhadla yaxınlaşdıq. O zaman Fərhadı bu qədər tanıyan da yox idi, yəni bir qələm adamı kim. Doğrudan da, yanılmamışdım. O, mənim düşündüyümdən də artıq gözəl insan imiş. Əsl azərbaycanlı kişisinə məxsus yaxşı cəhətləri özündə birləşdirən bu cavan oğlan öz mərdliyi, şən olduğu qədər də ciddiliyi ilə diqqəti çəkməyə bilməzdi.
Fərhad ailəli idi, onun iki gül balası var. Özünün də nə yaşı vardı ki... Özü demişkən, tayları hələ evlənməmişdi. Amma onun böyük ürəyində nə boyda övlad sevgisi var idi. Balalarını nə qədər sevirdi...Bir az uşaqlardan danışan kimi deyirdi ki, Səbişdən ötrü darıxdım, gedirəm evə. Sonra ikinci övladı, özü demişkən, əsgər balası anadan oldu. Oğlu doğulan gecə zəng etdi. Telefonu açan kimi qışqırdı:
– Əsgər gəldi! Əsgər!
– Başa düşmədim, ay Fərhad. Əsgər kimdi, nə əsgər?
– Əsgər gəldi, bibisi! Oğlum oldu!
İlahi! Necə sevinirdi! Az qalmışdı ki, ağlasın. Bəlkə də ağlamışdı, nə bilim.
Fərhad etibarlı dost idi...Bir dəfə ciddi problemlə üzləşmişdim. Özümü çox pis, gərgin hiss edirdim. Qrupda bu halı Fərhaddan başqa heç kim başa düşmədi. Mənə yaxınlaşıb: “Kim bacımın kefinə dəyib?” – dedi. Əvvəl heç nə demək istəmədim, əl çəkmədi. Hər şeyi olduğu kimi danışdım. Elə təsəlli, ürək-dirək verdi ki, danışdığıma peşman olmadım. O günlərdə ən azı bir gündə 3-4 dəfə mənə mesaj göndərir, hər dəfə də zarafatla: “Kimisə öldürmək lazım deyil ? ”- yazırdı. Bilirdim ki, həm mənə dayaq olduğunu bildirmək, həm də kefimi açmaq istəyir.
Sonuncu dəfə iyul ayında Gənc Ədiblər Məktəbinin növbəti tədbirində gördüm onu. Fərhad bu görüşdə mənə çox qəribə təsir bağışladı. Biz zalda oturmuşduq. Bir az sonra Fərhad gəldi. Sözün düzü, heç onu gözləmirdim.Eşitmişdim ki, işlə bağlı şəhərdə yoxdu. Haradan gəldi, özünü necə çatdırdı bu görüşə, məəttəl qaldım. İçəri keçib özünəməxsus mehribanlıqla hamı ilə bir-bir əl görüşdü, səs-küyü bir anın içində zalı başına götürdü. Mən yuxarı başda oturduğumdan heç növbəsi çatana oxşamırdım. Fərhad oturmaq istəyəndə məni gördü. Belini dikəldib düz durdu. Əlini başının üstünə qaldırıb nümayişkaranə şəkildə, bir az da hündürdən:
– Elnaz Eyvazlıya eşq olsun! Sənin əllərindən öpürəm, qızıl insan!- dedi. Mat qaldım. “Sağ ol”u güclə, ancaq özümün eşidəcəyim tərzdə dedim. Ona nə olmuşdu? Bu müddət ərzində ilk dəfə idi ki, Fərhad mənə soyadımla, bu formada müraciət edirdi. Özü də sanki son dəfə idi...
Növbəti tədbirdə iştirak edə bilməmişdim. Çəkiliş olmuşdu, televiziyada xəbərlərdə baxdım tədbirə. Fərhad da orada idi, lap yaxından göstərdilər. Vəssalam. Bu da Fərhadı gördüyüm sonuncu kadr.
Bir həftə sonra nələr olacaqdı? Bunu kim bilə bilərdi ki?!
Avqustun 10-u idi. Səhər saat 10 olardı. Fərhaddan zəng gəldi. Həm sevindim, həm də narahat oldum ki, görəsən, nə olub ki, belə tez zəng vurub. Telefonu açdım. Səsi də nəsə dalğın təsir bağışladı mənə. Elə bil, doğrudan da, nəsə olmuşdu. Amma danışandan sonra rahat oldum. Heç nə yox imiş, sadəcə, deyirdi ki, bu gün Salam müəllimin ad günüdür, bir zəng vurub onu təbrik elə. Salam müəllimin ad günü olduğunu bilmirdim. Fərhaddan eşidincə, təbii ki, təbrik edəcəyimi deyib sağollaşdıq. Salam müəllim telefona cavab vermədi. Bir neçə dəfə zəng edib, xeyli gözlədim, lakin yenə cavab vermədi. Heç Fərhadla söhbətimizdən onca dəqiqə keçməmişdi. Düşündüm ki, bəlkə, Fərhad zarafat edirmiş, heç Salam Sarvanın ad günü-filan deyilmiş, amma sonra: “niyə belə zarafat etsin ki?”- deyib Fərhada zəng etdim. Telefonunu söndürmüşdü. Otaqda o baş-bu başa var-gəl etdim. Nəsə özümdə deyildim. Dalbadal Fərhada zəng etdim, amma alınmadı ki, alınmadı. Bu bizim sonuncu söhbətimiz oldu...
Hamı ordaydı, dostlar, tanışlar, qələm yoldaşları – hamı onu yola salırdı son mənzilə. Təkcə mən yox idim, lənətə gəlsin, yolum uzaq olduğundan onunla vidalaşa bilmədim, bilmədim! Dəhşət ağır idi bu ağırlıqda yükü tək çəkmək. Evdəkilərin sarsıntısı, üzgünlüyü qiyabi tanışlıqdan, insani hisslərdən irəli gəlirdi. Evdə o qədər danışmışdım ki, Fərhaddan... Hamı çox pərişan idi. Amma mən Onu şəxsən tanıyan dostlardan heç olmasa birinin yanımda olmasını istəyirdim. Bu yükü Ona “məktub” yazmaqla üstümdən atdım, bir az. Əminəm ki, bu, Fərhadla bağlı yazılan ilk yazı idi Onun ölümündən sonra. Avqustun 13-ü, hamı dəfndə olanda yazdım bu şeiri.
Onun kitabını vərəqləyirəm. Buradakı şeirlərin çoxunu Onun öz səsində dinləmişdik. İndi də oxuyanda öz səsində gəlir bu şeirlər qulağıma: öz səsində, öz intonasiyasında. O, şair idi: duyğulu, dolu, istedadlı. Üzdən, bəlkə də, hər şeyə biganə, soyuqqanlı, şən görünən, amma daxilən çox dərin düşünən, hər şeyi özünə dərd edən Fərhad.
Onun şeirlərində çox qəribə bir ölüm duyğusu var. Sanki əvvəldən öz taleyinin necə olacağını, ömrünün bu qədər qısa olacağını duymuşdu. Amma kimdən və haradan? Yaratdığı başqa obrazların dilindən də olsa öz taleyini çatdırmaq istəyirdi bizə, oxucuya. Ay aman, niyə bəs onda hiss etmədik bunu? Ölümündən sonra bu məqamları axtarmağa başladıq?
Bu sənət, söz aləmində hərə bir yol axtarır fərqlənmək, özünəməxsus olmaq üçün. Fərhad ən kəsə, ən qısa yolu seçdi. Bu, heç birimizin ağlına gəlməzdi.
Bəli, O, gələcəyi daha dəqiq bilirdi. Ona görə özünü bu qədər sevdirdi, sevdirdi ki, boşluğunu həmişə hiss edib, yoxluğuna yanaq Onun. Necə də alındı...necə də bacardı bunu. (Amma mən, yenə də bölüşə bilmədim bu ağrını, ürəyimdən çıxara bilmədim bir ildir onu didən tikanı).
Son mənzilə ilk məktub
 
FƏRHAD METEYƏ
 
Salam, dostum, necəsən?
Eşitdim mənzilini dəyişmisən gecə sən.
Sən, bir azdan – deyirdin – ölüm dəyişəcək yerini,
Keçəcək divarın o biri üzünə”.
Amma tez dəyişdi,
Bu nə işdi?
Eşitdim, darıxdım,
pəncərəni açdım laybalay.
Qulağıma səs gəldi,
lay-lay balam, a lay-lay.
Adını çəkib çığırmaq istədim, çığıra bilmədim.
Sən deyən kimi pıçıldadım ismini.
 
Quşlar gəldi,
əvvəlcə adının baş hərfini,
sonra qalan hərflərini alıb apardılar.
Necə ki mələklər apardı cismini.
Özünü aldılar əlimizdən,
sözlərini, xatirələrini atdılar üstümüzə.
Yalvardıq- yaxardıq, özünü qaytarın ,
heç nəyini istəmirik deyə.
Baxmadılar üzümüzə.
“Sadəcə gedişin deyil yoxluğun ...”
Baxıram pəncərədən,
heç nə yerində deyil.
Hər şey ağ-qara.
Suallar beynimi dəlir,
niyə? nə vaxt? hara?
Həyat dəyişdi yerini,
hər şeydən ölüm qoxusu gəlir...
Sən dönən deyilsən bizə,
biz sənə doğru gəlirik.
Demirəm haçan,
geci-tezi var bir az.
Görüşənədək.  
Elnaz EYVAZLI
 



Bu yazı ( 525 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar