12px14px16px18px

“Buta”nın zərif sevinci

Elnaz EYVAZLI
00:42 / 08.12.2010

Dəhlizdə dayanıb qonaqları gözləyən Müsəllim Nəsənov narahatlığını gizlədə bilmirdi. Zarafat deyil, səkkiz aydır davam edən bir layihənin yekunu kimi ərsəyə gələn antologiyanın təqdimatında kifayət qədər zəhməti keçən şəxsin həyəcanını başa düşməmək olmaz. O, Rəşad Məcidlə söhbət etsə də, bir gözü qapıdaydı. Mənimlə görüşdükdən sonra: “Bu xanımlar harda qaldı, görəsən, axı biz hamısına məktub göndərmişik, hamısını dəvət etmişik,“ – dedi. Amma çox keçmədi ki, yavaş-yavaş hamı yığıldı və tədbir başlandı. Bu bizim altı aydan bəri səbirsizliklə gözlədiyimiz tədbir idi. Ona görə də içəri daxil olan xanım yazarlar çatan kimi “Buta”nı görməyə can atırdılar. Bu həmin “Buta”dır ki, altı ay öncə, nəinki ona nələrin daxil olacağını, hətta adını belə, birlikdə düşünmüşdük. Bu ilin iyun ayında Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən amerikalı, türkiyəli və azərbaycanlı gənc qadın yazıçıların iştirakı ilə yaradıcı yazı üzrə seminarlar öz işinə başlamışdı. Seminarların əsas məqsədi Azərbaycan, türk və amerikalı gənc qadın yazıçılar arasında ədəbi mühitin müzakirəsi, ədəbi əlaqələr arasında körpü yaratmaqdan ibarət idi. Seminarlar “Pasifik Luteran” Universitetinin müəllimi, şair Əlison Məndvil (ABŞ), şair, ssenarist Melida Tüzünoğlu (Türkiyə) və mədəniyyətlərarası təlimçi Nigar Kazımovanın (Azərbaycan) rəhbərliyi ilə keçirildi. Seminarda yaradıcı yazı üzrə təlimlər keçirilib, hər üç ölkənin qadın yazarlarının yekun ictimai qiraətləri təşkil olunmuşdu. Azərbaycanlı qadın yazarlardan Mahirə Abdulla, Mehriban Vəzir, Narıngül Babayeva, Həyat Şəmi, Rəbiqə Nazimqızı, Sevinc Mürvətqızı, Sima Ənnağı, Nuranə Nur, Elnaz Eyvazlı, Günel Eminli, Ülkər Nəsibbəyli, Nihalə Quliyeva, Əfsanə Laçın, Jalə İsmayılovanın qatıldığı seminarın yekununda layihə çərçivəsində adıçəkilən iştirakçıların əsərlərindən ibarət “Buta” toplusunun nəşri müzakirə edilmişdi. Bir həftə davam edən seminar ərzində qadın yazarlar müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi, poeziya, nəsr və publisistika sahəsində fərdi söhbətlər aparıb, yaradıcılıq və ailə məsələləri, qadınlar və liderlik, qadın və karyera, qadın və nəşr problemlərini müzakirə etmişdilər. Qeyd edək ki, seminar Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadınlar, ədəbiyyat və cəmiyyət” layihəsi çərçivəsində keçirilmişdi. Layihənin rəhbəri ictimai birliyin sədri və ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Şəhla Nağıyeva layihənin gələcəkdə inkişaf etdirilərək ABŞ-da, Gürcüstanda və Türkiyədə keçirilməsinin də nəzərdə tutulduğunu qeyd etmişdi: “İkinci mərhələdə layihəyə gürcü yazıçıların da daxil edilməsi və bu səpkili seminarların ABŞ-da da keçirilməsi nəzərdə tutulur. Bu tipli seminarların gələcəkdə Türkiyədə, Gürcüstanda da təşkil etməyi düşünürük, –deyən birlik rəhbəri qurumun missiyasına uyğun olaraq Norveç və digər ölkələrin ədibləri ilə əlaqələrin yaradılması, birgə tərtib olunmuş kitabların çap edilməsini planlaşdırdıqlarını da diqqətə çatdırmışdı. Artıq həmin layihə çərçivəsində nəzərdə tutulmuş müasir Azərbaycan, Amerika, Türkiyə qadın yazarlarının nəsr və poeziya nümunələrini özündə cəm edən toplu işıq üzü gördü. Topluya sözügedən seminara dəvət olunmuş qadın yazıçıların əsərləri daxil olub. Onu da qeyd edək ki, topluda əsərlər müəlliflərin nüfuzuna və ya əsərlərinin dəyərinə görə deyil, tamam təsadüfi prinsiplə – Əlison Məndəvilin redaktə prosesində düzdüyü qayda ilə sıralanıb. Kitabda müəlliflər haqqdında məlumat və ədəbi nümunələr həm Azərbaycan, həm də İngilis dillərində verilib. Onu qeyd edim ki, bu tərcümələri Şəhla Nağıyeva və onun yetirmələri Leyla Alverdiyeva və Rasim Bağırov edib. Çox nəfis və milli çalarları özündə əks etdirən bu toplu həyata keçirilən layihənin ilkin mərhələsi üçün uğurlu nəticə hesab oluna bilər. Dekabrın 4-də Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində keçirilən təqdimat mərasimini “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədr əvəzi Rəşad Həsənov açaraq, bu ilin yayında keçirilən məlum seminar haqqında danışdıqdan sonra “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə söz verdi. Rəşad müəllim də öz növbəsində iştirakçıları təbrik etdi, fikirlərini bölüşdü. Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva da iştirakçıları təbrik etdi və bildirdi ki, belə layihələrin həyata keçirilməsi Azərbaycanın dünyada tanınmasına bir təkandır. Təşkilatın rəhbəri Şəhla xanım Amerika Birləşmiş Ştatlarına səfəri ilə əlaqədar iştirak edə bilməsə də, Vaşinqtondan internet vasitəsilə bizə qoşulub öz sevincini və təəssüratlarını bölüşdü. Seminar iştirakçılarını təbrik edən Şəhla xanım bu işdə onlara yardım edən hər kəsə, xüsusilə də, Açıq Cəmiyyət İnstitutu – Yardım Fonduna, Azərbaycan Dillər Universitetinə öz təşəkkürünü bildirdi. Amerika Birləşmiş Ştatlarının Sietl şəhərindən Əlison Məndəvil ve Fransada yaşayan seminar iştirakçısı Aysel Novruz da bizə “qoşuldular”. Bu layihənin tərifəlayiq cəhətlərindən biri də bu idi ki, burada ayrı-ayrı ədəbi qurumları təmsil edən qadın yazarların qələmə aldıqları yaradıcılıq nümunələri yer alıb.
Elnaz EYVAZLI [email protected]



Bu yazı ( 410 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar