12px14px16px18px

Fərhad Metesiz iki il

Elnaz EYVAZLI

HİCRANA MƏKTUB

11:29 / 20.08.2011
Səndən utanmasaydım, deyərdim günlər çox tez keçir. Deyərdim, iki il necə keçdi heç bilmədim. Ancaq səndən utanıram. Çünki bilirəm ki, bu iki ilin hər gün, hər saat, hər dəqiqəsini əllərinlə öldürmüsən, gözlərinlə ağlamısan, dilinlə söymüsən, lənətləmisən. Yorulub əldən düşənədək. Bu iki ildə gecələrin nə qədər əzazil, rəhmsiz, qəddar olduğunu sən bilirsən, sən. Balaların bilməsin, görməsin deyə, gündüzləri gülmüsən, ağlamaq, ürəyini boşaltmaq üçün zaman seçmisən gecələri. Çiyninə götürdüyün yükün ağırlığına heç Nizaminin Fərhadı tab gətirməzdi, nəinki sənin Fərhadın.
Saçlarını hörə-hörə ağlamısan qızının, üzü o yanadır, görməz deyə. Lay-lay deyə-deyə balaca Metenə, tökmüsən gözünün yaşını şirini yuxularına. İki ildir qaçmağa yer axtarırsan bu körpə, məsum, sual dolu baxışlardan. Hara qaçacaqsan, hara? Dörd göz səni ayaqlarından zəncirləyib həyata, qaçmaq istəsən geri dartar, dartınsan yıxar da səni. Nə qala bilirsən, nə gedə...sənə getmək rahat gəlir, geridə buraxdıqlarına qalmağın. Bilirəm, bacım, bilirəm. Bilirəm ağlamaq, göz yaşı tökmək dərd deyil. Dərd göz yaşı tökməyə, ağlamağa haqqının olmaması, yerinin olmamasıdır. Fürsət axtarışına, imkan axtarışına çıxarsan ağlamaq üçün. Kimsə görməsin, bilməsin, dərdin başqaları üçün adiləşməsin deyə.
İki il öncə hamı səninlə olduğunu dedi, içi mən qarışıq. Hamımız səndən üzüqarayıq, hamımız. Biz sənin dərdinə dərman ola bilmədik, bilməzdik. Heç kim onun yerini verə bilməzdi. Heç buna cəhd də etmədik. Sən də qınama bizləri, qurban olum. Həyatın, lənətə gəlmiş həyatın qanunları var. Heç bir yerdə yazılmayan, möhürsüz, imzasız qanunları. Torpağın üzü soyuqdur deyirlər. Kimin üçün soyuq olduğunu demirlər ancaq. Bir dəfə doğulur insan həyata. Nə yazıq...İstədiyin kimi yaşamaq düşmür qismətinə. Ya sevgini tapa bilmirsən, ya tapdığını itirəsi olursan. Hər ikisi çəkilməzdir. Bilirəm, sən indi geriyə baxa bilmirsən, kim qaldı ki orda? Xatirələr, xatirələr...Xatırladıqca yaran sızlayır, ürəyin göynəyir. Hayqırmaq, bağırmaq, çığırmaq, “Niyə, niyə, niyə belə oldu!!!” – deyib qıy vurmaq istəyirsən, deyilmi? İrəliyə baxmaq? İrəlidə bir QADIN həyatı yox artıq. Ana var, bir əzabkeş, təkbaşına iki körpəylə qalmış ana. Unundub sığallı tellərini, mənalı baxışlarını, ləyaqətinə, namusuna, arına bürünüb bir ömür yaşamaq var. Baxşlardan qaça-qaça, söz-söhbətdən yaşmana-yaşmana yaşamaq.
Sənə bir cüt əmanət qalıb bu dünyada. Sevdiyin kişidən, sevgindən əmanət. Baxışlarında Fərhadı görəcəksən hər an, yerişlərini onunkuna bənzədəcəksən. Güləndə diksinəcəksən, “dodağın qaçanda atana oxşadın,” – deyə. Qəhqəhə çəkəcəklər, “atan da belə gülərdi,” – deyəcəksən. Bilirsənmi həm də niyə? Çünki Fərhad səni özündən diksindirmədi, dalınca gözün qaldı, bir cüt mənalı gözün.
Ayağını yerə möhkəm bas. İçindəki ağırlığa tab gətirmək nə qədər çətin olsa da, qamətini əyilməyə qoyma. Sənə dikilən, səni həyata bağlayan o gözləri unutma...
Sənin adın Hicrandır. Adının yükünü çəkmək düşdü qismətinə. Çək bir ömür bu hicranı, çək, bacım.
İki il də belə getdi. Fərhadsız iki il. Xatirələrlə, sevgi ilə, göz yaşı və ağrı ilə dolu iki il. Sənin uzalı qalan əllərindən öpürəm...
Elnaz EYVAZLI



Bu yazı ( 305 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar