12px14px16px18px

Zövq oxşayan “zaman oğrusu”

Elnura CAVADZADƏ
01:32 / 15.03.2012
 
Məndən soruşanda ki, hansı şəhəri yaxşı tanıyırsan, deyirəm İspaniyanın Valyadolid şəhərini. Yol yaddaşımın zəif olduğunu bilənlər təəccüblənməsinlər deyə, əlavə edirəm ki,çünki Valyadolidə özüm getməmişəm, hörmətli Elçin Hüseynbəyli aparıb. “Azərbaycanlı Don Juan” roman-ekskursu ilə. Bəli, Elçin Hüseynbəyli! Onun haqqında çoxdan yazmaq istəyirdim. Bəhanələri sevmədiyim üçün, demirəm ki, vaxt az idi. Çünki vaxtın da çox olmağa vaxtı olmur. Düzü, gözləyirdim! Nəyi? Burada demək istədiklərimi özüm üçün dəqiqləşdrməyi. Çünki bədii əsər yazıçının yaradıcılıq imkanları, səviyyəsinin göstəricisi olduğu kimi, onu seçən oxucunun da intellekt və zövqünün təcəssümüdür. Mənə elə gəlir ki, əgər yazıçı bir əsərlə oxucunun vaxtını oğurlayıb, zövqünü oxşamaqla yanaşı onu ovsunlaya bilirsə, bu onun istedad, bacarıq, ən nəhayət güclü qələminin məharətidir. E.Hüseynbəyli də bir əsərlə mənim sevimli yazıçıma çevrildi. O qənaəti formalaşdırdı ki, bu yazıçı mənə aiddir. Yaxşı nə yazırsa, mənimçün yazır və ya o,ümumiyyətlə pis heç nə yazmır! Mən E.Hüseynbəylini cəmi bir dəfə görmüşəm – AYB-də. Sadə, müasir yazıçı ədabazlığından uzaq bir insan təsiri bağışlamışdı mənə. Böyük şair Ə.Tudənin çox sevdiyim misralarını xatırladım: “Kim görmək istəsə yaxından məni, Şeirimi oxusun, şeirim özüməm”. Mən də yazıçımla əsərlərində daha yaxında tanış olmuşam. “Tut ağacı boyunca” “Yovşan qağayılar”ı seyr etmişəm. “Balıq adam”ları görüb “Cənab XXI əsr”lə barışmağa məcbur olmuşam. “Şah Abbas”a qalmayan dünyanın “İki nəfər üçün oyun”larında məğlub olmuşam. Onun əsərlərində nələr yoxdu ki? – Mənim millətim qəhrəmandır, ömrü at belində keçir, qılıncı əlindən yerə qoymur, amma dostu ilə düşmənini ayıra bilmir; İnsan gücünü göstərənə qədərdir, onda hamı ona düşmən olur; Şərqlilər qızılı altlarına yığıb saxlayanda, qara torpağa basdıranda qərblilər onu silaha xərcləyirdilər – Elçin Hüseynbəylinin el üçün qızıla bərabər fikirləri...
Cəmiyyətin özü belə ikiüzlüləşir indi. İnsanlar bütün sahələrdə bir-birinin xətrinə dəyməmək, bir-birinə yarınmaq prinsipi ilə fəaliyyət göstərirlər. Elçin Hüseynbəyli bu qənaətdədir və onunla tamamilə razıyam. İndiki zamanda hər hansı ədəbi nümunə haqqında doğru və səmimi sözü sadə oxucu deyir. Tənqidçilər yəqin ki, inciməzlər. Biz son zamanlar ədəbi tənqidlə təhqirin yerini səhv salırıq. Nə isə, bu başqa mövzunun söhbətidir. Yazıçının qüdrəti ona dəlalət edir ki, oxucu əsərdə özünü tapsın. Hekayə, yaxud romanın səhifələri məhz onun fikirlərinə ayna tutsun. Həm də onu maarifləndirsin, xalqına, dövlətinə, onun şərəfli keçmişinə sevgi aşılasın, mənəvi-əxlaqi baxışlarına sirayət edə bilsin. Qələm yazıçının əlində o zaman sehrli çubuğa çevrilir ki, oxucu baş verənlərin həqiqət və ya bədii təxəyyül məhsulu olduğunun ayrıcında qalsın. Bütün bu aspektlərdə mənim yazıçım istedadlı, qələmi sehrlidir. Eyni zamanda tarixin mühüm bilicisidir. Deyirlər, yazıçı çox yazmalı, amma tələsməməlidir. E.Hüseynbəylinin də yaradıcılığının əsas istiqamətləri bu prinsipə əsaslanır. “Romanı yazmaq üçün 100-ə qədər əsər oxudum, kimsə mənim romanımda oxşar və tanış ifadələr görsə, çaşmasın. Kim idi Oruc bəy, ispanların don Xuan adlandırdıqları iranlı (azərbaycanlı) don Juan. Mən onu bilmək üçün tələsmədim. Hövsələ ilə onun ardınca getdim”. Bu sətirlər yuxarıdakıların isbatıdır. Bədii əsərdə mövzudan sonra ikinci vacib məsələ dil və yazıçının fərdi üslubudur. Elçin müəllimin aydın, səlis və maraqlı təhkiyəsi onun kitablarını sanki canlandırır. “O nədir ki, dili yoxdur, danışır” tapmacasının açması mənim üçün Elçin Hüseynbəylinin əsərləridir. Çexovun təbirincə, hərbi gəmidə olduğu kimi, yaxşı hekayədə də artıq heç nə olmamalıdır. “Don Juan”ın müəllifi də Astaradan başlayıb, İspaniyanın Valyadolid şəhərinədək bizi hərbi gəmidə səyahətə apardı. Yol boyu 21-ci əsrdən 400 il əvvələ elə ustalıqla boylandı ki, Şərqlə Qərb, islam və xristanlıq, tarixilik və müasirlik paradoksal müstəvidə oxucuda xoş səfər təəssüratı yaratdı. Bizi onunla bərabər İranla yaxın tanış etdi, Ərdəbildə Şeyx Səfi məqbərəsinin təmirə dayanmış, müsafirlərindən utanan yazıq görkəmi ürəyimizi sıxdı. İspaniyada divarlarına yüz illərin çəkişmələri, qalibiyyət və məğlubiyyət nidalarının həkk olunduğu sarayların ağır havasından sonra artıq “Vətəndəyik” dedik. Vətəndə isə onu yazdıqlarına görə sevirlər. Xoş taleyi insana Tanrı, yaman taleyi isə fələk verir və hər iki halda bu hədiyyə təmənnasızdır deyən möhtərəm yazıçım, Allah oxucu sevgisini Sizdən əsirgəməsin! Çünki mənim yanaşma tərzimlə siz bu təmənnasız sevgi fonunda zəngindən zənginsiz! Çünki “Elçin Hüseynbəyli alnında yazılanlara görə yazıçıdır. Elçin Hüseynbəyli kağızda yazdıqlarına görə yazıçıdır” – bunu isə Anar deyib, ondan dürüst deməyəcəyik ki?!
Elnura CAVADZADƏ
filologiya elmləri namizədi
 
 
 



Bu yazı ( 342 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar